Məhkəmə qərarları › İş №2-2(102)-93/2025

Ali Məhkəmə Qərar — İş №2-2(102)-93/2025

17.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-93/2025 17.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Səfərov Tunar Zahid oğluna qarşı iş üzrə QƏRARİ Açar sözlər: daxili linzinq, müqavilənin ləğvi ilə bağlı tələblər Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Məmmədli Bəhram Məmməd oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Səfərov Tunar Zahid oğluna qarşı “müqaviləyə xitam verilməsi, daşınmaz əmlakın təhvil verilməsi, müqavilə üzrə borcun ödənilməsi və s.” tələbinə dair kommersiya işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiy a Kollegiyasının 2024-cü il 31 oktyabr tarixli 2-2(103)-1028/2024 nömrəli qətnaməsindən cavabdeh T.Səfərov tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. Səfərov Tunar Zahid oğlu (bundan sonra – “T.Səfərov”) tərəfindən "xxxx" MMC-yə (bundan sonra – “MMC”) ünvanlanmış 2023-cü il 17 iyul tarixli ərizədə Bakı şəhəri, Nəsimi rayonu, Ənvər Qasımzadə küçəsi, ev 72, mənzil 97 (yeni qaydalarla: AZ1007 ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakı (bundan sonra – “mənzil”) almaq niyyətində olduğunu, bununla bağlı 100.300 manat vəsaitə ehtiyacı olduğu, bu vəsaitin ona lizinq şərti ilə maliyyələşdirilməsini xahiş etmiş və qeyd olunan əmlakın icarəyə verilmək məqsədilə alındığı və icarədən əldə olunan gəlir lizinq öhdəliklərinin ödənilməsinə yönələcəyi, b undan başqa öz sahibkarlıq fəaliyyətindən də əldə olunan gəlirlərdən lizinq öhdəliklərinin ödənişinin aparılacağı qeyd olunmuşdur.

2. MMC ilə T.Səfərov arasında 2023-cü il 17 iyul tarixli D135 nömrəli daxili lizinq müqaviləsi bağlanmışdır.

3. MMC ilə Cavabdeh1 (bundan sonra – “Cavabdeh1”) arasında 2023-cü il 17 iyul tarixli D135 nömrəli zaminlik müqaviləsi bağlanmışdır.

4. Mənzil 24 aylıq lizinqlə T.Səfərovun xeyrinə yüklü edilmişdir, hüququ yüklü edilən şəxs MMC-dir (ƏMDK DƏDK və RPHŞ-nin 2023-cü il 17 avqust tarixli çıxarış).

5. MMC ilə T.Səfərov arasında bağlanmış daxili lizinq müqaviləsinə əsasən mənzilin lizinqə verilmək məqsədilə alınması üçün 59.000 ABŞ dolları həcmində vəsait ayrıldığı, aylıq ödənişin 23 ay ərzində hər ay 2.315 ABŞ dolları və 24-cü ay 26.799 ABŞ dolları müəyyən olu nduğu, T.Səfərov tərəfindən öhdəliklər lazımi qaydada yerinə yetirilmədiyi və lizinq üzrə gecikmə və hesablanmış cərimələr mövcud olduğu, lizinq alan bu günə qədər ümumilikdə 18.520 ABŞ dolları ödəniş etməli olduğu, lakin müqavilə bağlandığı tarixdən onun tərəfindən cəmi 6.357 ABŞ dolları ödəniş edildiyi, hazırda daxili lizinq müqaviləsi üzrə 12.163 ABŞ dolları əsas məbləğdən və 8.673 ABŞ dolları hesablanmış cərimə olmaqla, cəmi 20.836 ABŞ dolları borc mövcuddur (MMC-nin 2024-cü il 29 mart tarixli 0123/24 nömrəli arayışı).

6. T.Səfərova 24 ay müddətinə 59.000 ABŞ dolları dəyərində olan mənzil lizinqə verilmiş, 10.808 manat ödəniş edilmişdir (2024-cü il 26 iyul tarixli arayış). İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

7. MMC (bundan sonra – “iddiaçı”) 2024-cü il 4 aprel tarixində iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə T.Səfərov arasında bağlanmış daxili lizinq müqaviləsinin ləğv edilməsi (müqavilənin etibarlılığı məsələsinə qiymət verilməklə birlikdə), 1 Saylı Bakı Ərazi idarəsi tərəfindən lizinq obyekti olan əmlak üzərində cavabdehin (T.Səfərov) adına qeydə alınmış lizinqin dövlət qeydiyyatının (lizinq yüklülüyünün) ləğv edilməsi və ödənilmiş 192 manat məbləğində dövlət rüsumunun və lizinq və zaminlik müqavilələrinə əsasən hesablanmış 8.673 ABŞ dolları məbləğində cərimə borcunun T.Səfərov və Cavabdeh1 (bundan sonra – birlikdə "xxxx") tutulması və lizinq obyekti olan mənzilin boşaldılaraq MMC-yə təhvil verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

8. İddia əriz əsi yuxarıda qeyd olunan işin halları ilə əsaslandırılmışdır, əlavə olaraq qeyd olunmuşdur ki, daxili lizinq müqaviləsinin 3.1-ci bəndinə əsasən, lizinq ödənişləri müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavə 1 ilə müəyyən olunmuş qrafik üzrə həyata keçirilməli idi. Müqavilənin 4.2.6-cı bəndinə əsasən, lizinq alan lizinq ödənişlərini gecikdirməmək öhdəliyini üzərinə götürmüşdür. Həmin Müqavilənin 5.2-ci bəndinə əsasən isə, lizinq ödənişi vaxtında edilməzsə, lizinq alan gecikdirilən hər gün üçün qalıq məbləğin 0.1 faizi məbləğində cərimə ödəməlidir. Lizinq müqaviləsinin 6.1.4-cü maddəsinə görə lizinq alan lizinq obyektindən istifadə üçün lizinq ödənişlərini ödəmə müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin lizinq obyektini mübahisəsiz qaydada geri almaq hüquq u vardır. Cavabdehlərə dəfələrlə şifahi xəbərdarlıq və yazılı bildirişlər edilməsinə baxmayaraq heç bir nəticə əldə edilməmiş, müqavilə üzrə öhdəliklərini yerinə yetirməkdən imtina etmişdirlər.

9. Cavabdeh T.Səfərovun nümayəndəsi məhkəməyə izahat ərizəsi ilə müraciət edərək bildirmişdir ki, T.Səfərov ilə iddiaçı arasında daxili lizinq müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən lizinq alanın ilkin maliyyə öhdəliyi 59.000 ABŞ dolları müəyyən edilir. Lizinq alanın məcmu öhdəliyi son ödəniş tarixinədək bu müqavilənin ayrılmaz hissəsi olan 1 nömrəli əlavənin tərtibi metodikasına uyğun olaraq hesablanacaq məbləğdə ödənilir. Həmçinin müqavilənin 2.1-ci bəndinə əsasən bu müqavilənin müddəti 24 ay təşkil edir. Müqavilənin 2.2-ci bəndinə əsasən müqavilənin müddəti müqavilə im zalandığı gündən etibarən başlayır və tərəflər öz öhdəliklərini tam yerinə yetirənə qədər 2025-ci il 16 iyul tarixinə qədər qüvvədə olur. Hazırda iş üzrə iddia ərizəsi onunla əsaslandırılıb ki, T.Səfərov iddiaçı ilə arasında bağlanmış daxili lizinq müqaviləsi üzrə öhdəlikləri yerinə yetirməyib, bunun nəticəsində lizinq verənə 8.673 ABŞ dollar məbləğində cərimə borcu yaranmışdır. Nəzərə alınmalıdır ki, lizinq müqaviləsi əsasında 59.000 ABŞ dolları məbləğində lizinq götürülüb və həmin lizinq müqaviləsi üzrə lizinq təşkilatına müvafiq ödənişlər həyata keçrilib. Lakin ödənilmiş pullara dair həmin pulların əsas borca və ya faiz borcuna silindiyini, eləcə də faiz borcunun hansı əsasla yarandığını müəyyən etmək mümkün deyil. Lizinq obyekti olan mənzil 2015-ci ildən T.Səfərovun anası X1 adına olmu şdur. 2015-ci il tarixdən hazırkı vaxtadək həmin mənzildə T.Səfərov ailə üzvləri ilə birlikdə yaşayır. Yəni mənzil əslində elə T.Səfərovun mülkiyyətində olmuş (çıxarış əlavə edilir), lakin maddi vəziyyətinin çətin olması səbəbindən “Eldar” adlı şəxsdən pul alaraq mənzili müvəqqəti onun adına rəsmiləşdirmişdir. Sonradan həmin şəxsin pulunu ödəməkdə çətinlik yaranmış və nəticədə iddiaçıdan pul götürərək həmin “Eldar” adlı şəxsin borcunu bağlamışdır. Eyni zamanda hazırkı əqd yalan əqd olmaqla əhəmiyyətsizdir. Əslində tərəflər arasındakı münasibət ipoteka və kredit müqaviləsi olmuşdur. Ona görə də həmin əqdi əhəmiyyətsiz əqd hesab etməklə, əslində nəzərdə tutulmuş əqdin qaydalarının tətbiq edilməsi xahiş edilmişdir.

10. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 5 avqust tarixli e-2-2(113)-2871/2 024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, daxili lizinq müqaviləsinin 2024-cü il 29 mart tarixində ləğv olunmuş hesab edilməsi, lizinq obyekti olan mənzil T.Səfərov tərəfindən boşaldılaraq iddiaçıya təhvil verilməsi, mənzilin üzərində T.Səfərovun adına 2023-cü il 17 avqust tarixində qeydə alınmış lizinqin dövlət qeydiyyatının (lizinq yüklülüyü) ləğv edilməsi, cavabdehlərdən müştərək qaydada daxili lizinq müqaviləsi üzrə 926 ABŞ dolları məbləğində (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla Azərbaycan manatı ekvivalenti ilə) dəbbə pulu və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 136 manat tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir (hakim – G.N amazova).

11. Məhkəmə daxili lizinq müqaviləsinin ləğvi ilə bağlı qeyd etmişdir ki, müqavilənin ləğvi zamanı tərəfin iradə ifadəsinin təfsirində həmin ifadənin həqiqi məzmunu və hüquqi niyyət təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Bu mənada yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motivin də nəzərə alınması zəruridir.

12. İşdə olan elektron xəbərdarlıq məktubundan da göründüyü kimi iddiaçı 2024-cü il 29 mart tarixində müqavilə üzrə borcun ödənilməsini və müqavilənin ləğvi barədə cavabdehə müraciət ünvanlamışdır.

13. Məhkəmə qeyd etmişdir ki, həmin müraciəti etməklə iddiaçı iradəsini hərəkət və rəftarı ilə ifadə etmiş, müqavilələr müvafiq olaraq birtərəfli qaydada lə ğv edilmişdir. Ona görə də məhkəmə hesab etmişdir ki, daxili lizinq müqaviləsi 2024-cü il 29 mart tarixindən ləğv edilmiş hesab olunmalıdır.

14. Bundan başqa, daxili lizinq müqaviləsinin 5.4-cü bəndinə əsasən lizinq ödənişi vaxtında edilməzsə, lizinq alan gecikdirilən hər gün üçün məcmu maliyyə öhdəliyi qalığı məbləğinin 0,1 faizi həcmində cərimə ödəməlidir.

15. İş materialları ilə müəyyən olunur ki, lizinq müqaviləsi üzrə sonuncu ödəniş 2023-cü il 11 dekabr tarixində edilməsinə baxmayaraq lizinq verən (iddiaçı) iddia ərizəsi ilə 2024-cü il 4 aprel tarixində müraciət etmişdir. Həmçinin, cavabdehlər də lizinq müqaviləsi üzrə cəmi 4 dəfə ödəniş etmiş, öhdəliklərini lazımı qaydada icra etməmişlər.

16. Məhkəmə gecikdirilən lizinq məbləğini, iddiaçının həm əmlak, həm də bütün diqqətəlayiq mən afelərini nəzərə alaraq hesab etmişdir ki, ödənilməli dəbbə pulu məbləğinin lizinq müqaviləsi üzrə 926 ABŞ dolları həddində müəyyənləşdirilməsi ağlabatan və ədalətlidir.

17. Lizinq obyektinin qaytarılması və qeydiyyatın ləğvi ilə bağlı məhkəmə bildirmişdir ki, daxili lizinq müqaviləsinin 1.3-cü bəndinə əsasən, bu müqavilənin qüvvədə olduğu müddət ərzində lizinq obyekti lizinq verənin mülkiyyətində olur və müqavilə üzrə öhdəliklər müqavilənin 1.2-ci maddəsinə müvafiq olaraq tam yerinə yetirildikdən sonra lizinq obyekti lizinq alanın mülkiyyətinə keçir.

18. Həm mülki qanunvericiliyin, həm də tərəflər arasında bağlanmış lizinq müqaviləsinin şərtlərinə əsasən lizinq obyekti üzərində mülkiyyət hüququnun lizinq verəndən lizinq alana keçməsinin əsas şərti lizinq alan tərəfindən bütün lizinq ödəni şlərinin aparılmasıdır.

19. Məhkəmə qeyd etmişdir ki, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəməməmiş, lizinq müqaviləsi üzrə öhdəliklərini əhəmiyyətli dərəcədə pozmuşdur. Lizinq verən müqaviləni birtərəfli qaydada ləğv etsə də, iddia tələbi ilə lizinq obyekti olan əmlakların alınması üçün sərf olunan vəsaiti, yəni əsas məbləği tələb etmir, yalnız cərimə pulunu tələb edir. Belə olan halda, iddiaçı lizinq obyekti olan əmlakları tələb etməkdə haqlıdır. Ona görə də məhkəmə hesab etmişdir ki, iddia tələbi mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi hissəsində əsaslıdır.

20. Məhkəməyə təqdim edilən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür k i, mənzil iddiaçının mülkiyyətində olmaqla T.Səfərovun xeyrinə yüklü edilmişdir. Məhkəmə lizinq müqaviləsinin ləğv edildiyini və lizinq əmlakının iddiaçıya qaytarıldığını nəzərə alaraq hesab etmişdir ki, mənzil üzərində T.Səfərovun adına 2023-cü il 17 avqust tarixində qeydə alınmış lizinqin dövlət qeydiyyatı (lizinq yüklülüyü) ləğv edilməlidir.

21. Məhkəmə cavabdehin nümayəndəsinin yazılı izahatında göstərdiyi argumentlərini (bax §9) əsassız və sadəcə cavabdehin müqavilə üzrə uzərinə götürdüyü öhdəliklərini icra edilməməsinə görə yaranmış nəticələrdən yayınmaq məqsədi ilə verildiyini hesab etmişdir. Belə ki, cavabdehin birinci arqumentinə (ödənilmiş pullara dair həmin pulların əsas borca və ya faiz borcuna silindiyini, eləcə də faiz borcunun hansı əsasla yarandığını müəyyən etmək mümkün de yil) dair məhkəmə qeyd etmişdir ki, iddiaçının məhkəməyə təqdim etdiyi sənədlərdən görünür ki, cavabdeh tərəfindən bu müddət ərzində cəmi 4 ödəniş edilib və ödəniş məbləğləri üzrə də müqavilə və qanunvericilik normalarına əsasən silinmə aparılmışdır. Bundan əlavə, hazırkı iddia ərizəsi ilə iddiaçı nə əsas, nə də ki, faiz borcu tələbini irəli sürməmişdir (dəqiqləşmə ərizəsi ilə tələb həmin hissədə azaldılmışdır). Cavabdehin nümayəndəsinin iddiaya etirazının ikinci argumenti müqavilənin əhəmiyyətsiz olması ilə bağlıdır. Lakin, bu hissədə də məhkəmə qeyd etmişdir ki, tərəflər arasında bağlanmış müqavilənin etibarsızlığı ilə bağlı hər-hansı hal müəyyən edilmir.

22. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 399.1-399.3, 421.2, 462.1, 467, 748-1.8, 748-1.12.4, 748-2.5, 748-5-ci; KMP “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 29 mart tarixli Qərarına; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.1, 14.2, 77.1, 119 və 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

23. Cavabdeh T.Səfərov həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

24. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 31 oktyabr tarixli 2-2(103)-1028/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəm əsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir (sədrlik edən – Z.Şirinov, hakimlər – L.Əliyeva və T.Mahmudova).

25. Məhkəmənin mövqeyi onunla əsaslandırılmışdır ki, işin yuxarıda qeyd edilən halları işdə olan müqavilə və digər sübutlarla təsdiq edilmişdir.

26. Birinci instansiya məhkəməsi iddianı qismən təmin etmiş, lizinq müqaviləsinin ləğv olunmuş hesab etmiş, cərimə məbləğini azaltmış, lizinq obyektinin boşaldılaraq təhvil verilməsi və lizinqin dövlət qeydiyyatının (lizinq yüklülüyü) ləğv edilməsi nəticəsinə gəlmişdir.

27. Cavabdeh T.Səfərov apellyasiya şikayətində lizinq müqaviləsinin uydurma əqd olmasını, əslində müqavilənin borcunun təminatı niyyəti ilə bağlandığını bildirmişdir.

28. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdeh əqdin əhəmiyy ətsizliyi halına istinad etsə də, müvafiq sübutları məhkəməyə təqdim etməmişdir. Yalnız cavabdehin izahatı əsasında əqdin etibarsızlığı müəyyən edilə bilməz. İş materialları əksinə əqdin etibarlı olmasını göstərir. Ona görə təmin edilmiş iddia tələblərinin rədd edilməsi üçün əsaslar yoxdur.

29. Belə olan halda, kollegiya hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

30. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni MM-in 337.1, 337.3, 337.4, 340.1, 399.1-399.3, 421.2, 747.1, 748-1.12.4, 748-2.5-ci; MPM-in 14.2, 77, 88-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

31. Cavabdeh T.Səfərov kassasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi, işin yenidən apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

32. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci hissəsi üzrə Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsi həqiqəti müəyyən etmək əvəzinə, qanunvericiliyin tələblərini ciddi şəkildə pozaraq qanuna zidd qətnamə çıxarmışdır. Belə ki, məhkəmələrə təqdim olunan sənədlərdən də göründüyü kimi, mübahisə obyekti olan mənzil elə əvvəlindən cavabdeh T.Səfərovun mülkiyyətində olmaqla uzun illərdir onun və ailə üzvlərinin istifadəsində o lmuşdur. Mübahisə obyektinin cavabdehin mülkiyyətində olmasına dair çıxarışı məhkəməyə təqdim etməyimizə və işin faktiki halları barədə məlumat verməyimizə baxmayaraq məhkəmələr iddiaçının əsassız və qanunsuz iddia tələbini qismən təmin edərək cavabdehlərin hüquqlarını pozmuşdur. Cavabdeh T.Səfərov ilə iddiaçı arasında bağlanmış daxili lizinq müqaviləsi formal baxımdan bütün tələbləri yerinə yetirsə də, tərəflərin əqdin bağlanmasından əvvəlki, əqd bağlanan dövrdə və ondan sonrakı davranışları onu müəyyən edir ki, əslində iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilənin bağlanmasının əsas niyyəti lizinq münasibətləri deyil, tərəflərin borc öhdəliyinin icrasını təmin etməyə yönəlmişdir. Eyni zamanda məhkəmə gedişatı zamanı cavabdehin iddiaçıya ödədiyi məbləğlər nəzərə alınmamışdır. Buna b axmayaraq, iddiaçı əsassız varlanma niyyəti ilə cavabdehlərdən qanunsuz olaraq pul tələb etmişdir.

33. MM-in 355.1 və 355.2-ci maddələri üzrə - Hazırkı iş üzrə cavabdehin öhdəliklərini dərk etməyinə baxmayaraq, iddiaçı işin faktiki hallarını məhkəmədən gizlədərək əhəmiyyətsiz əqdə əsasən cavabdehi çıxılmaz vəziyyətdə buraxır. Apellyasiya instansiya məhkəməsi işə baxarkən işin obyektiv və hərtərəfli araşdırılması ilə bağlı heç bir hüquqi hərəkətlər etməmişdir. İddiaçı ilə cavabdeh arasında bağlanan 2023-cü il 17 iyul tarixli müqavilə üzrə cavabdeh tərəfindən öhdəliklərin hansı məbləğdə icra edilməsini müəyyən etmək üçün müvafiq mühasibatlıq ekspertizası təyin etməli olsa da, məhkəmə burada da çəkişmə prinsipini də pozmuşdur. Cavabdeh T.Səfərov qanunda nəzərdə tutulan və haqqı olan əmlakda n əsassız olaraq məhrum ola bilməz, eyni zamanda iddiaçının qanunsuz tələbi nəticəsində maddi ziyana düşə bilməz. Bu səbəblə həmin qətnamə mübahisələndirilməli və kassasiya instansiyası məhkəməsi tərəfindən tam və hərtərəfli araşdırılma aparılaraq kassasiya şikayətinin təmin olunması zəruridir.

34. MPM-in 9.3-cü maddəsi üzrə - Apellyasiya məhkəməsi qətnaməni çıxararkən maddi və prosessual normaları tətbiq etməmiş, iş üzrə heç bir araşdırma aparmadan, yalnız birinci instansiya məhkəməsinin qətnaməsində qeyd olunanları sadalamaqla işə hüquqi qiymət verməmiş və iddiaçının əsassız söz toplusundan ibarət iddia ərizəsini əsas tutaraq qətnamə çıxarmışdır. Bununla da, məhkəmə baxışının çəkişmə və digər prinsiplərini ciddi şəkildə pozmuşdur. Apellyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qət naməsindən görünür ki, iddiaçı və onun nümayəndəsi etirazını yalnız iddia ərizəsində qeyd olunanlara əsaslanmış, apellyasiya şikayətinin əsassız olmasına dair heç bir sübut və s. təqdim edə bilməmişdir. Buna baxmayaraq apellyasiya instansiya məhkəməsi iddiaçının rəsmi mövqeyini nəzərə almadan, onların sözlərinə istinad etməklə iddia edilən tələbin təmin olunması qənaətinə gəlmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

35. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək aşağıdakılar bildirmişdir: 1) Kassasiya şikayətində qeyd edilir ki, məhkəmə cavabdeh tərəfindən öhdəliklərin icra edilməsinin həcmini müəyyən etmək üçün müvafiq mühasibatlıq ekspertizası təyin etməli idi, lakin bunu etməmiş və çəkişmə prinsipinin tələbini pozmuşdur. Bununla bağlı qeyd edirik ki, cavabdeh tərəfindən hər aylıq ödənilməli olan lizinq ödənişlərinin məbləği müqavilədə göstərilmişdir. Məhkəməyə müraciət edilən tarixə qədər onun tərəfindən ödənilmiş lizinq ödənişlərinin məbləğinə dair həm arayış, həm də bank hesabından çıxarış təqdim edilmişdir. İddiaçı tərəfindən ilk öncə məhkəməyə müraciət edilərkən cavabdehlərdən (lizinqalan və zamindən) 20.836 USD məbləğində ümumi borcun tutulması xahiş olunsa da, sonradan iddia tələbinə dəqiqləşdirilmə verilmiş və yalnız 8.673 USD məbləğində cərimə borcunun tutulması xahiş olunmuşdur. Hansı ki, bu məbləğdən də cəmi 926 USD məhkəmə tərəfindən təmin olunmuşdur. MM-in 467-ci maddəsinə əsasən, cərimənin (dəbbə pulunun) son və qəti məbləğini müəyyən etmək məhkəmənin səlahiyyətindədir. Yəni, hesablanmış cərimən məbləğinin tutulmalı olan hissəsini n müəyyənləşdirilməsi üçün məhkəmə ekspertizasının təyin olunmasına ehtiyac yox idi. Birinci instansiya məhkəməsinə cərimənin hesablanma qaydasına dair arayış da təqdim edilmişdir. Başqa sözlə, cavabdeh tərəfindən edilmiş ödənişlərlə və onların silinmə qaydası ilə bağlı hər hansı bir mübahisə mövcud olmamış, cərimənin məbləğinin müəyyən olunması üçün ekspertizanın təyin edilməsinə zərurət qalmamışdır. Ekspertizanın keçirilməsinə məhz xüsusi bilik tələb edən sualların cavablandırılması zamanı ehtiyac yaranır. Hazırkı işdə isə cavablandırılması xüsusi bilik tələb edən hər hansı bir sual olmamışdır. Məhəkəmə təqdim edilmiş sübutlar əsasında işin hallarını və cavabdehlərdən tutulmalı olan məbləği düzgün müəyyən etmişdir. 2) Kassasiya şikayətində qeyd edilir ki, mənzil cavabdehin mülkiyyətində olmuşdur, lizinq müqaviləsi formal xarakter daşıyır, bağlanmış müqavilənin bağlanmasının əsas niyyəti lizinq münasibətləri deyil, tərəflərin borc öhdəliyinin icrasını təmin etmək olmuşdur. İlk olaraq qeyd edirik ki, iş materiallarına əlavə edilmiş reyestrdən çıxarışdan da görünür ki, lizinq obyekti satıcı - X2 mülkiyyətində olmuşdur. Yəni, iddiaçı tərəf olaraq, biz daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyinə güvənmiş və məhz reyestrdəki məlumatlara əsaslanaraq alqı-satqı müqaviləsi bağlamışıq. Həmçinin, bağlanılan müqavilələr formal xarakter daşıya bilməz, çünki bizim niyyətimiz məhz lizinq müqaviləsinin bağlanması olmuşdur. Mülki hüquqda müqavilələrin etibarlılığı bir prezumpsiyadır, yəni bağlanılan müqavilələrin etibarlı olduğu ehtimal edilir. Ona görə də bunun əksini idd ia edən tərəf (hazırkı işdə cavabdeh) mütləq qaydada müqavilənin etibarsız olmasını sübut etməlidir. Lakin cavabdeh tərəfindən bu halı təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. 3) Kassasiya şikayətində qeyd edilir ki, “eyni zamanda məhkəmə gedişatı zamanı cavabdehin iddiaçıya ödədiyi məbləğlər nəzərə alınmamışdır. Buna baxmayaraq, iddiaçı əsassız varlanma niyyəti ilə cavabdehlərdən qanunsuz olaraq pul tələb etmişdir". Yuxarıda da qeyd edildiyi kimi, məhkəmədən lizinq obyektinin geri qaytarılması və yalnız hesablanmış cərimənin cavabdehlərdən tutulması xahiş olunmuşdur. Cavabdehin etdiyi ödənişlər aşağı instansiya məhkəmələri tərəfindən nəzərə alınmış və yalnız 926 USD məbləğində cərimə borcunun tutulması qət olunmuşdur. Burada hər hansı əsassız varlanma baş verməmişdir, lizinqalan tərəfindən lizinq ödənişlərinin iki aydan artıq ödənilməməsi halında lizinq obyektinin lizinqverənə geri qaytarılması MM-nin tələbidir və məhkəmələr də bu tələblərə riayət edərək qanuni qərar qəbul etmişdirlər. Kassasiya baxışının hədləri

36. Apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır (MPM-in 403.1 və 416-cı maddələri).

37. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instans iyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

38. Azərbaycan Respublikasının aşağıdakılar nəzərdə tutulur: Mülki Məcəlləsinin müvafiq müddəalarında “Maddə

337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.... 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığ ı andan etibarsızdır....” “Maddə

340. Uydurma və yalan əqdlərin etibarsızlığı 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir”. “Maddə

399. Müqavilənin qüvvəsi 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 399.2. Tərəflər müəyyənləşdirə bilərlər ki, bağladıqları müqavilənin şərtləri onların müqavilə bağlanana qədər yaranmış münasibətlərinə də tətbiq edilir. 399.3. Müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin q urtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır....” “Maddə

421. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əsasları... 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur....” “Maddə

747. Lizinq müqaviləsi 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur....” “Maddə 748-1. Lizinq müqaviləsi iştirakçılarının hüquq və vəzifələri... 748-1.12.4. lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə....” “Maddə 748-2. Lizinq zamanı mülkiyyət münasibətləri... 748-2.5. Maliyyə lizinqi zamanı lizinq obyektinə mülkiyyət hüququ, əgər maliyyə lizinqi müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, bütün lizinq ödənişlərinin verilməsi şərti ilə müqavilə müddəti başa çatmazdan əvvəl lizinq alana keçir.”

39. Azərbayc an Respublikasının Mülki müddəalarında aşağıdakılar nəzərdə tutulur: Prosessual Məcəlləsinin müvafiq “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

40. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulma sı və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

41. Kassasiya şikayətində qeyd olunmuşdur ki, tərəflər arasında lizinq müqaviləsi bağlansa da, əslində iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilənin bağlanmasının əsas niyyəti lizinq münasibətləri deyil, tərəflərin borc öhdəliyinin icrasını təmin etməyə yönəlmişdir. Həmçinin lizinq obyekti əvvəllər də kassatorun və ailəsinin istifadəsində olmaqla onun mülkiyyətində olmuşdur.

42. Məhkəmə kollegiyası kassasiya şikayətinin bu dəlilinə münasibətdə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində bununla bağlı ətraflı şəkildə qiymətləndirilmə aparılaraq doğru maddi hüquq norması tətbiq edilmişdir. Məh kəmə kollegiyası da bu mövqe ilə razılaşır və əlavə qiymətləndirmə aparılmasına ehtiyac yoxdur.

43. Kassatorun digər dəlili isə apellyasiya instansiyası məhkəməsinin ekspertiza təyin etməməsidir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən edilmiş ödənişlərlə və onların silinmə qaydası ilə bağlı məhkəmə ekspertiza təyin etməsinə haqlı olaraq hüquqi zərurət görməmişdir. Kassator da aşağı instansiya məhkəmələrində bununla bağlı etiraz etməmiş, ekspertiza təyin edilməsi ilə bağlı vəsatət verməmişdir. Ona görə bu dəlil də əsassızdır.

44. Məhkəmə kollegiyası, həmçinin iddiaçının kassasiya şikayətinə qarşı etirazına münasibətdə qeyd edir ki, həmin məsələlərə bu qərarın yuxarı paraqraflarında mövqe bildirildiyindən onun əlavə qiymətləndirilməsinə zərurət yoxdur.

45. Qeyd e dilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya məhkəməsi iş materiallarında olan sübutlar əsasında hüquqi qiymətləndirməni qanunvericiliyin tələblərinə əsasən düzgün aparmış və qanunvericiliyin müddəalarını işin hallarına münasibətdə düzgün tətbiq etmiş, cavabdeh T.Səfərovun kassasiya şikayətində göstərilən dəlillər isə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsas ola bilməz. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti isə əsassız olduğundan təmin edilməməlidir.

46. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Səfərov Tunar Zahid oğlunun kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyas iya Məhkəməsinin Kommersiya kollegiyasının 2024-cü il 31 oktyabr tarixli 2-2(103)-1028/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar