Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-2(102)-933/2025 17.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının ərizəçi Ərizəçi maraqlı şəxs Maraqlı şəxs qarşı iş üzrə QƏRARİ Açar sözlər: ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, vergi borcu Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qəribov Bəhman Fərhad oğlunun məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Ərizəçi Ərizəçi maraqlı şəxs Maraqlı şəxs qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə xüsusi icraat qaydasında ərizəsi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il ## ####### tarixli *-*(***)- ***/**** nömrəli qətnaməsindən ərizəçi tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. Iş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat
1. Ərizəçi (bundan sonra – “ərizəçi”) ərizə ilə məhkəməyə müraciət edərək maraqlı şəxs Maraqlı şəxs (bundan sonra – “maraqlı şəxs”) Dövlət Sosial Müdafiə Fonduna 2 118,83 manat, Icbari Tibbi Sığorta Fonduna 17,73 manat, “xxxx” MMC-nin Işsizlikdən Sığorta Fonduna 159,81 manat, Icbari Tibbi Sığorta Fonduna 639,24 manat, Dövlət Sosial Müdafiə Fonduna 3 953,19 manat olmaqla, ümumilikdə 6 888,79 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün maraqlı şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Ərizə belə əsaslandırılmışdır ki, vergi ödəyicisinə yaranmış borc məbləğinin dövlət büdcəsinə ödənilməsi barədə xəbərdarlıq edilsə də, borc ödənilməmişdir.
3. Şirvan Kommersiya Məhkəməsinin 2025-ci il ## ###### tarixli e-*-*(***)-****/**** nömrəli qətnaməsi ilə ərizə rədd olunmuşdur (hakim – N.Misirzadə).
4. Məhkəmə qeyd etmişdir ki, “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatlardan maraqlı şəxsin mülkiyyətində əmlak(lar)ın olduğu görünür. Belə ki, ərizəçi tərəfindən maraqlı şəxsin mülkiyyətində əmlak(lar)ın olması və vergi orqanı tərəfindən məhkəməyə müraciət etməmişdən əvvəl borcun ödənilməsinin təmin edilməsi üçün hansı tədbirlər görməsi barədə məhkəmənin təklifinə müsbət cavab verilməməsi, onu deməyə əsas verir ki, vergi orqanı tərəfindən maraqlı şəxsin ölkədən getmək hüququnun məhdudlaşdırılmasının zəruriliyi kifayət qədər əsaslandırılmamışdır.
5. Həmçinin vergi orqanının məhkəməyə müraciət etməmişdən əvvəl borcun ödənilməsinin təmin edilməsi üçün hansı tədbirlər görməsi də iş materiallarından müəyyən olunmamışdır. Halbuki ərizəçi tərəfindən Vergi Məcəlləsində nəzərdə tutulan digər tədbirlərin tətbiq edilib-edilməsi və onların tətbiqinin nəticə verməməsi barədə sübutlar təqdim edilməli və yalnız bundan sonra ölkədən getmə hüququnun məhdudlaşdırılmasının tətbiqinin zəruriliyi əsaslandırılmalıdır.
6. Ona görə də məhkəmə hesab etmişdir ki, hazırkı vəziyyətdə maraqlı şəxsin ölkədən getmək hüququnun məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib deyil.
7. Məhkəmə mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 12 (İ hissə), 71 (İ və II hissələr), Vergi Məcəlləsinin 23.1.15-3, 65 və 89-cu, Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 355-5.1 və 355-7.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
8. Ərizəçi apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv və ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il ## ####### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər: T.Kərimov – sədrlik edən və məruzəçi, Q.Əliyev və C.Imanov).
10. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslandırıcı və nəticə hissəsi ilə razılaşaraq apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, qanunvericilikdə vergi öhdəliyinin təmin edilməsi ilə bağlı vergi orqanlarının səlahiyyətli olduqları məcburiyyət tədbirlərinin seçilməsi zamanı “növbəliyə” riayət edilməsi barədə hər hansı müddəa nəzərdə tutulmamışdır. Lakin belə bir müddəanın olmaması, ilkin mərhələdə istənilən növ məcburiyyət tədbirinin tətbiq edilməsi imkanı kimi qiymətləndirilməməlidir. Çünki hüquqi dövlətin ali prinsiplərindən biri olan mütənasiblik prinsipinin tələbinə görə hüquqa müdaxilənin yolverilən hesab edilə bilməsi üçün onun qanuni məqsədə yönəlməsi özü-özlüyündə kifayət deyildir, bu zaman həm də müxtəlif maraqlar arasında ağlabatan və ədalətli tarazlığa da əməl olunmalıdır.
11. Məhkəmə kollegiyası mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 12 (İ hissə), 71 (İ hissə), 73 (İ hissə), “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına dair * saylı Protokolun 2-ci, Vergi Məcəlləsinin 16.1.1, 23.1.15-3, 65 və 89-cu, MPM-in 355-5.1, 355-7.1 və 355-7.3-cü maddələrinə, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X2 (X1) şikayəti üzrə bəzi normativ hüquqi aktların Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 2017-ci il ## ### tarixli qərarına istinadla əsaslandırmışdır.
12. Ərizəçi kassasiya şikayəti verərək həmin qətnamənin ləğv və ərizənin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
13. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü, Vergi Məcəlləsinin 16.1.1, 23.1.15-3, 77.1, 77.3 və 78.1-ci maddələri üzrə - vergi orqanı vergi ödəyicisinin aidiyyəti bank hesablarına alınmalı sərəncamları göndərmiş və iş materiallarına da bununla əlaqədar alınmalı sərəncamları sübut kimi əlavə etmişdir. Məhkəmənin istinad etdiyi vergi ödəyicisinin bank hesabında vəsaitin olmaması barədə sübutun əlavə edilməməsi hissəsinə münasibətdə qeyd olunmalıdır ki, bununla bağlı qanunvericiliyə uyğun olaraq vergi ödəyisinin bankında hər hansı vəsait olduqda və ya sonradan vəsait daxil olduqda bank avtomatik olaraq həmin vəsaiti uyğun məbləğdə müvafiq hesaba tutur və bununla bağlı banklara qanunvericiliyə uyğun olaraq məsuliyyət də nəzərdə tutulmuşdur. Bu da o deməkdir ki, vergi orqanı qeyd edilən üsulla vergi ödəyicisinin dövlət büdcəsinə olan öhdəliyini daha tez təmin etmiş olur. Vergi orqanı vergi ödəyicisinin müvafiq bank hesabarına sərəncamlar qoysa da görünür ki, həmin hesablarda vəsait olmamış və bununla əlaqədar vergi orqanı Vergi Məcəlləsində nəzərdə tutulmuş qaydada vergi öhdəliyinin təmin üsullarından biri kimi vergi ödəyicisinin ölkədən çıxışına müvəqqəti məhdudlaşdırma ilə bağlı ərizə ilə məhkəməyə müraciət etmişdir.
14. Bundan başqa məhkəmənin istinad etdiyi şəxsin əmlakının üzərinə ixtisaslaşdırılmış açıq hərracdan satılması məqsədilə həbs qoyulması, yaxud kifayət qədər belə əmlakların mövcud olmamasına dair rəsmi məlumatların olmaması hissəsinə münasibətdə vurğulanmışdır ki, Vergi Məcəlləsində vergi ödəyicisinin dövlət büdcəsinə olan borc öhdəliyinin yerinə yetirilməsi üsulları kimi, vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək və ya vergi ödəyicisinin əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəməyə müraciət etmək ardıcıllığı nəzərdə tutulmamışdır. Yəni vergi orqanı vergi öhdəliyini təmin etmək uçün qeyd olunan təmin üsullarından biri və ya hər ikisi ilə əlaqədar məhkəməyə müraciət edə bilər. Belə ki, vergi öhdəliyinin qanunvericiliklə müəyyən olunmuş müddətdə yerinə yetirilməməsi kifayət edir ki, vergi orqanı bu hüququndan istifadə edərək məhkəməyə müraciət etsin. Məhkəmənin sadaladığı məhdudlaşdırıcı tədbirlərdən hər hansı birini seçərək tətbiq etmək vergi orqanının hüququdur və bununla bağlı qanunvericilikdə hər hansı ardıcıllıq və ya növbəlilik müəyyən edilməmişdir. Məhdudlaşdırıcı tədbirlərdən bu və ya digərinin seçilməməsi ilə bağlı vergi orqanının rəsmi sənəd təqdim etməsinə dair qanunverici tərəfindən imperativ norma müəyyən edilməmişdir.
15. Eyni zamanda ərizəçi tərəfindən borcun alınması istiqamətində tədbirlər görülmüş, ərizə üzrə tələb olunan borc məbləğləri barədə ilkin olaraq 2024-cü il ## ###### tarixində vergi orqanının borc bildirişləri göndərilmişdir. Eləcə də maraqlı şəxsə müvafiq bildirişlər göndərildikdən sonra borc ödənilmədiyindən ona 15 gündən sonra SMS göndərilmişdir. Yaranmış borc məbləğinin ödənilməsi yenə də vergi ödəyicisi tərəfindən təmin edilmədiyi üçün bildiriş göndərildikdən 60 gün sonra ona ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət edilə biləcəyi barədə SMS göndərilmişdir. Eyni zamanda borcun alınması üçün təsirli vasitələrdən biri olan maraqlı şəxsin bank hesablarına sərəncamlar qoyulmuşdur. Qoyulmuş sərəncamlar nəticəsində borcun alınması mümkün olmadığından borcun ödənilməsinin təsir tədbiri kimi ölkədən getmə hüququnun məhdudlaşdırılması ilə bağlı məhkəməyə ərizə ilə müraciət edilmişdir. Məhkəmə ərizəni təmin etməyərək dolayısı ilə vergi ödəyicisinə vergi borcunu ödəməməyə imkan yaratmış, ərizəçini vergi borcunun ödənilməsi üçün təsirli vasitələrinin birindən və ən vacibindən məhrum etmişdir. Göründüyü kimi hazırkı iş üzrə inzibati orqanın borclu hüquqi şəxsin rəhbəri barədə tətbiq olunmasını istədiyi məhdudiyyət tədbiri qanuni olmaqla yanaşı, həm də çatmaq istədiyi məqsədə mütənasibdir. Belə ki, maraqlı şəxsin ölkədən getmək hüququnun məhdudlaşdırılması ilə bağlı məhkəməyə müraciət edərkən vergi ödəyicinin dövlət büdcəsinə borcunun olması kimi mühüm amil əhəmiyyət kəsb edir.
16. Məhkəmə dəlil kimi “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatlardan maraqlı şəxsin “mülkiyyətində əmlak(lar)ın olduğu göstərmişdir. Bununla bağlı Mülki Məcəllənin 52.1 və 52.2-ci maddələrinə istinadla qeyd olunmuşdur ki, məhdud məsuliyyətli cəmiyyətlər, səhmdar cəmiyyətləri kimi hüquqi şəxslər öz öhdəliklərinə görə yalnız öz əmlakı ilə cavabdehdir. Bu prinsipi formalaşdıran əsas fikir ondan ibarətdir ki, hüquqi şəxs təsisçilərindən və rəhbərliyindən asılı olmayan müstəqil subyektdir. Rəhbər şəxslər isə hüquqi şəxsin adından çıxış etsələr də, hüquqi şəxs tərəfindən götürülmüş öhdəliklərin birbaşa daşıyıcısı hesab olunmurlar. Bu səbəbdən həmin hüquqi şəxslərin borcunun ödənilməməsi halında kreditorlar yalnız hüquqi şəxsin əmlakı hesabına tələblərin ödənilməsini tələb edə bilərlər. Rəhbərin şəxsi vəsaitləri, daşınmaz və daşınar əmlakı bu öhdəliklərin icrası üçün hədəf ola bilməz.
17. Qeyd edilən hal məhkəmə tərəfindən nəzərə alınmamış, hüquqi şəxsin borcuna görə onun icra orqanının rəhbərinin şəxsi əmlakının siyahıya alınmalı olması qənaətinə gəlinmişdir.
18. Məhkəmə işə baxarkən qeyd edilənləri nəzərə almamış, mütənasiblik prinsipinə birtərəfli yanaşmışdır. Məhkəmə qətnaməsinin tətbiq edilən hüquq bölməsindən göründüyü kimi qətnamə tamamilə birtərəfli və yalnız maraqlı şəxsin hüquqlarının müdafiəsinə yönəlmiş qanunvericilik normalarına əsaslanmış, maraqlı şəxsin üzərinə vəzifə qoyan maddi hüquq normalarına isə ötəri toxunmuşdur.
19. Mövcud təcrübə göstərir ki, borcların vergi ödəyicisinin əmlakı hesabına ödənilməsi kifayət qədər vaxt və inzibati resurs tələb edən tədbirdir. Belə ki, siyahıya alınması mümkün olan əmlakın müəyyən edilməsindən həmin əmlakın özgəninkiləşdirilməsinə qədər olan çoxsaylı mərhələlərin keçilməsi həddindən artıq vaxt, eləcə də əlavə subyektlərin iştirakını (hərracın təşkilatçısı kimi çıxış edən müvafiq orqan və ticarət şəbəkələri) tələb edir və bir sıra hallarda yekunda əmlak satılmamış qaldığı üçün mülkiyyətçiyə qaytarılır. Göründüyü kimi bu tədbirin vergi öhdəliklərinin məcburi icrası vasitəsi olaraq önə çəkilməsi inzibati imkanların qənaəti prinsipi ilə qəti şəkildə uzlaşmır. Bundan fərqli olaraq ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması olduqca çevik, nəticəyönümlü, qənaətli, təsirli, yəni daha optimal bir vasitədir. Həmin tədbirin tətbiqi prosesinə sərf olunan vaxt və əldə edilən nəticə arasındakı nisbət digər üsulların analoji göstəricisi ilə müqayisəolunmaz dərəcədədir.
20. MPM-in 88, 175, 217 və 355-5.1-ci maddələri üzrə - mübahisəli qətnamə qanuni və əsaslı deyil. Belə ki, məhkəmə kollegiyası tərəfindən qərar qəbul edilərkən işdə olan sübutlar düzgün araşdırılmamış, ərizəçi tərəfindən verilmiş sübutlara düzgün hüquqi qiymət verilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
Kassasiya baxışının hədləri
22. Apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır (MPM-in 403 və 416-cı maddələri).
23. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq
24. Azərbaycan Respublikasının Konstitusiyasının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 71. Insan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı İ. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. II. Insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. ...”
“Maddə 73. Vergilər və başqa dövlət ödənişləri İ. Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. ...”
25. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 16. Vergi ödəyicisinin vəzifələri 16.1. Vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır: 16.1.1. qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək; ...”
“Maddə 23. Vergi orqanlarının hüquqları 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: ... 23.1.8. qanunla müəyyən edilmiş hallarda vergi ödəyicisinin hesablaşma, valyuta və digər hesablarına həbs qoyulması barədə məhkəmədə iddia qaldırmaq, bu Məcəllə ilə müəyyən edilmiş qaydada vergi ödəyicisinin əmlakının siyahıya alınması üçün tədbirlər görmək; ... 23.1.15-1. hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması (əmlak satışı ilə bağlı olmayan ümumi qaydada iddia), yaxud hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinin təmin olunması məqsədi ilə vergi ödəyicisinin siyahıya alınmış dövlət əmlakının, habelə digər daşınmaz əmlakının və dəyəri 5000 manatdan artıq olan daşınar əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakının isə ticarət şəbəkələrində satılması barədə məhkəmədə iddia qaldırmaq və məhkəmə qərarları üzrə həmin əmlakların satışını qanunvericiliyə uyğun olaraq təşkil etmək; ... 23.1.15-3. Vergi orqanlarının vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək hüququ vardır. ...”
“Maddə 65. Vergilər üzrə borcların alınması qaydası 65.1. Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə vergi orqanı bu Məcəlləyə müvafiq olaraq hesablanmış və ya yenidən hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının 5 gün müddətində ödənilməsinə dair vergi ödəyicisinə bildiriş göndərir. …”
“Maddə 89. Əmlakın siyahıya alınması 89.1. Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. …”
26. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 355. Ərizənin verilməsi ... 5-1. Vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir.”
“Maddə 407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər ... 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.”
“Maddə 416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.”
“Maddə 418. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv edilməsinin əsasları 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. 418.2. Bu Məcəllənin 386-cı maddəsində göstərilən hallarda maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir. 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.”
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi).
28. Göründüyü kimi işin faktiki hallarını araşdıran birinci instansiya məhkəməsi vergi borcunun alınması ilə bağlı VM-in 65 və 89-cu maddələrində nəzərdə tutulmuş digər tədbirlərin görülməsi, lakin nəticə verməməsinə dair sübutları təqdim etmək üçün ərizəçiyə məktub göndərmiş, lakin sonuncu bununla bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.
29. Buna baxmayaraq Elektron Məhkəmə Informasiya Sistemindən maraqlı şəxsin mülkiyyətində əmlaklar olduğu müəyyən edilmişdir.
30. Belə olan halda işin faktiki hallarını araşdıran aşağı instansiya məhkəmələri göstərmişdir ki, maraqlı şəxsin mülkiyyətində əmlak(lar)ın olması və vergi orqanı tərəfindən məhkəməyə müraciət etməmişdən əvvəl borcun ödənilməsinin təmin edilməsi üçün hansı tədbirlər görməsi barədə məhkəmənin təklifinə müsbət cavab verilməməsi, onu deməyə əsas verir ki, vergi orqanı tərəfindən maraqlı şəxsin ölkədən getmək hüququnun məhdudlaşdırılmasının zəruriliyi kifayət qədər əsaslandırılmamışdır. Ona görə də, hazırki vəziyyətdə maraqlı şəxsin ölkədən getmək hüququnun məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib deyil.
31. Kollegiya apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır, ərizəçinin kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğvi üçün əsas hesab etmir.
32. Maraqlı şəxsin vergi borcunun ödənilməsi üçün görülən tədbirlər qanuni olmalı, legitim məqsəd güdməli, demokratik cəmiyyətdə zəruri olmalı, mütənasiblik meyarına cavab verməli, yəni dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. Maraqlı şəxsin dövlət büdcəsinə ödənilməmiş borcunun olması, onun hüquqlarının vergi orqanı tərəfindən əsassız məhdudlaşdırılması üçün səbəb ola bilməz.
33. Hazırkı qəbildən olan işlərin həllində vergi orqanları və məhkəmələr tərəfindən mütənasiblik prinsipinin (görülən məhdudlaşdırma tədbirinin gözlənin nəticələrə adekvat olması) gözlənilməsi mühüm əhəmiyyət kəsb edir və hər bir halda belə məhdudiyyətin tətbiq edilməsi mütənasiblik meyarına cavab verməlidir. Lakin mütənasiblik prinsipi üzrə qiymətləndirmə formal şəkildə deyil, ümumi məyarlar və hər bir konkret işin bütün xüsusiyyətləri nəzərə alınmaqla aparılmalıdır. Digər tərəfdən qanunvericilikdə vergi öhdəliyinin təmin edilməsi ilə bağlı vergi orqanlarının səlahiyyətli olduqları məcburiyyət tədbirlərinin seçilməsi zamanı “növbəliliyə” riayət edilməsi barədə hər hansı müddəanın nəzərdə tutulmaması ilkin mərhələdə istənilən növ məcburiyyət tədbirinin tətbiq edilməsi imkanı kimi qiymətləndirilməməlidir. Çünki, hüquqi dövlətin ali prinsiplərindən biri olan mütənasiblik prinsipinin tələbinə görə, hüquqa müdaxilənin yolverilən hesab edilə bilməsi üçün onun qanuni məqsədə yönəlməsi özözlüyündə
34. kifayət deyildir, bu zaman həm də müxtəlif toqquşan maraqlar arasında ağlabatan və ədalətli tarazlığa da əməl olunmalıdır.
35. “X2 (X1) şikayəti üzrə bəzi normativ hüquqi aktların Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2017-ci il ## ### tarixli Qərarına əsasən, mütənasiblik prinsipinə riayət olunmasını təmin etmək üçün məhkəmə qanunvericiliyə uyğun olaraq işə baxarkən, hər bir konkret halda məhdudiyyətin müəyyən olunmasının əsaslarını, borclunun buna qarşı etirazlarını öz daxili inamına görə qiymətləndirməli, işi hərtərəfli, tam və obyektiv araşdırmalı, məsələ ilə bağlı öz nəticələrini müvafiq məhkəmə aktında əsaslandırmalıdır.
36. Bununla bağlı, Avropa Məhkəməsinin bir sıra qərarlarında da göstərilmişdir ki, hərəkət azadlığı hüququnu məhdudlaşdıran hər hansı tədbir qanuna uyğun olmalı, Konvensiyaya dair * saylı Protokolun 2-ci maddəsinin 3-cü bəndində qeyd edilən legitim məqsədlərdən birini güdməli, demokratik cəmiyyətdə zəruri olmalı, yəni mütənasiblik meyarına cavab verməlidir (məs. Battista Italiyaya qarşı (Battista v. Italy), № *****/**, 2014cü il # ###### tarixli qərarı; Xlyustov Rusiyaya qarşı (Khlyustov v. Russia, 2013), № *****/** 2013-cü il ## #### tarixli qərarı). Avropa Məhkəməsinin mövqeyinə görə, müdaxilə “təcili ictimai ehtiyaca” cavab verirsə, xüsusilə qanuni məqsədə mütənasibdirsə və onu əsaslandırmaq üçün milli hakimiyyət orqanları tərəfindən verilən səbəblər “müvafiq və yetərli”dirsə qanuni məqsədlər üçün “demokratik cəmiyyətdə zəruri” hesab olunur. Vətəndaşın ümumi maraqları ilə hərəkət azadlığı hüququ arasında ədalətli tarazlığın olubolmaması məsələsi işin bütün xüsusiyyətlərinə görə nəzərə alınmalıdır.
37. Işin faktiki halları ilə bağlı dəlillərə dair qeyd edilir ki, MPM-in 407.2 və 416.1-ci maddələrinin birgə təfsirinə görə kassasiya şikayətində işin hallarının sübut olunmaması, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlı dəlillərə istinad edilə, kassasiya instansiyası məhkəməsi isə belə dəlilləri yoxlaya bilməz.
38. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə MPM-nin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir.
39. Odur ki, iş üzrə qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
40. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qərara alır:
Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il ## ####### tarixli *-*(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.