Məhkəmə qərarları › İş №2-2(102)-99/2024

Ali Məhkəmə Qərar — İş №2-2(102)-99/2024

06.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Tap
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-99/2024 06.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı iş üzrə Açar sözlər: xidmət müqaviləsi, öhdəliyin pozulması və ya lazımınca icra olunmaması Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlunun məruzəsi ilə, hakimlər Dadaşov İlqar Ağababaş oğlu və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə pulun tutulması” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 30 oktyabr tarixli 2-2(105)-132/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. Təmsilçi İddiaçı ilə sifarişçi Cavabdeh arasında bağlanmış 2022-ci il 24 avqust tarixli 38-22 nömrəli Gömrük təmsilçiliyinə dair xidməti müqaviləyə əsasən sifarişçi onun hesabına idxal, tranzit və digər gömrük prosedurları altında olan mallara və nəqliyyat vasitələrinə aid müşayiət sənədlərində olan məlumatlar əsasında broker xidmətlərinin göstərilməsini sifariş verib təmsilçiyə razılaşdırılmış xidmət haqqı ödəməyi, təmsilçi isə sifarişçinin tapşırığı ilə broker xidmətləri göstərməyi öz öhdəsinə götürür.

2. Müqavilənin: - 1.3-cü bəndinə əsasən, göstərilən xidmətlərin adları, miqdarı və qiyməti hazırkı müqavilənin tərkib hissəsi sayılan qiymətlərin razılaşdırılması protokolu № 01-də göstərilir; - 4.1.1-ci bəndinə görə, təmsilç i müqavilədə nəzərdə tutulan xidmətin vaxtında və lazımınca icra edilməməsi üçün məsuliyyət daşıyır, həmçinin gömrük sənədlərinin vaxtında və düzgün doldurulmamasına görə məsuliyyət daşıyır; - 4.1.2-ci bəndinə görə, tərəflər arasında bağlanmış müqaviləyə əlavə Protokol № 01-ə əsasən sifarişçidən tələb olunan zəruri sənədlər toplusu təmsilçiyə vaxtında tam təqdim edildiyindən etibarən sifarişçiyə məxsus yükün 16 iş saatı (istirahət və bayram günləri daxil deyil) ərzində bütün müvafiq gömrük əməliyyatlarından keçirilməsi və sifarişçinin ünvanına çatdırılmasına görə təmsilçi məsuliyyət daşıyır. 3. 2022-ci il 24 avqust tarixli 38-22 nömrəli xidmət müqaviləsinə dair “Qiymətlərin razılaşdırma protokolu”ndan (Əlavə 1) görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMM-ə qısa və yük gömrük bəyannaməs inin tərtibi və gömrük rəsmiləşdirilməsi xidmətlərinin həyata keçirilməsi nəzərdə tutulmuş, qiymətlər müvafiq olaraq 35 və 200 manat müəyyən edilmişdir.

4. İddiaçı MMC tərəfindən Cavabdeh MMM-ə: - 542,40 manat dəyərində xidmətlərin göstərilməsi ilə əlaqədar 2022-ci il 12 sentyabr tarixli EBCD seriyalı 614482 nömrəli; - 271,20 manat dəyərində xidmətlərin göstərilməsi ilə əlaqədar 2022-ci il 14 sentyabr tarixli EBCD seriyalı 826833 nömrəli; - 271,20 manat dəyərində xidmətlərin göstərilməsi ilə əlaqədar 2022-ci il 16 sentyabr tarixli EBCD seriyalı 966735 nömrəli; - 542,40 manat dəyərində xidmətlərin göstərilməsi ilə əlaqədar 2022-ci il 29 sentyabr tarixli EBCG seriyalı 136982 nömrəli; - 940 manat dəyərində xidmətlərin göstərilməsi ilə əlaqədar 2022-ci il 24 oktyabr tarixli EBCH seriyalı 66336 8 nömrəli; - 1.717,40 manat dəyərində xidmətlərin göstərilməsi ilə əlaqədar 2022-ci il 15 noyabr tarixli EBCJ seriyalı 208589 nömrəli; - 2.350 manat dəyərində xidmətlərin göstərilməsi ilə əlaqədar 2022-ci il 29 noyabr tarixli EBCK seriyalı 122598 nömrəli; - 3.280 manat dəyərində xidmətlərin göstərilməsi ilə əlaqədar 2022-ci il 12 dekabr tarixli EBCL seriyalı 026961 nömrəli; - 4.465 manat dəyərində xidmətlərin göstərilməsi ilə əlaqədar 2023-cü il 6 yanvar tarixli EBCM seriyalı 506052 nömrəli; - 4.935 manat dəyərində xidmətlərin göstərilməsi ilə əlaqədar 2023-cü il 19 yanvar tarixli EBCN seriyalı 281271 nömrəli; - 7.050 manat dəyərində xidmətlərin göstərilməsi ilə əlaqədar 2023-cü il 13 fevral tarixli EBCO seriyalı 750012 nömrəli; - 7.050 manat dəyərində xidmətlərin göstərilməsi ilə əlaqədar 2023-cü il 13 fevral tarixli EBCO seriyalı 750012 nömrəli elektron qaimələr təqdim olunmuşdur.

5. Cavabdeh MMM tərəfindən İddiaçı MMC-yə ünvanlanmış 2023-cü il 16 fevral tarixli 124 nömrəli məktubla 2022-ci il 24 avqust tarixli 38-22 nömrəli müqaviləyə 16 fevral 2023- cü il tarixində xitam verilməsi xahiş olunmuş, müqaviləyə xitam verilmə səbəbi kimi göstərilən xidmətlərin qiymətlərinin qane etmədiyi qeyd olunmuşdur. İş üzrə məhkəmə icraatı a) Birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı MMC (bundan sonra – “iddiaçı”) Cavabdeh MMC-yə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçı tərəfindən göstərilən gömrük təmsilçiyinə dair xidmətlər üzrə, yəni 2022-ci il 12 dekabr tarixli 026961 nömrəli elektron qaimə üzrə 3.280 manat, 2023-ci il 6. yanva r tarixli 506052 nömrəli elektron qaimə üzrə 4.465 manat, 2023-cü il 19 yanvar tarixli 281271 nömrəli elektron qaimə üzrə 4.935 manat, 2023-cü il 13 fevral tarixli 750012 nömrəli elektron qaimə üzrə 7.050 manat olmaqla, ümumilikdə 19.730 manat pul vəsaitinin və ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 200 manat mediasiya xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

7. İddia onunla əsaslandırılmışıdır ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən xarici ölkələrdən cavabdehin idxal etdiyi mallara dair qısa və yük gömrük bəyannaməsinin tərtibi, gömrük rəsmiləşdirilməsi iddiaçıya həvalə olunmuşdur. Cavabdeh tərəfindən iddiaçının gördüyü işlərin müqabilində ödəmələrin həyata keçirilməsi məqsədi ilə elektron qaimələr cavab dehə təqdim edilmiş və həm sistem, həm də cavabdeh tərəfindən elektron qaimələr təsdiq edilmiş olsa da, hazıradək yaranmış borc məbləği cavabdeh tərəfindən ödənilməmişdir. Borcun mövcudluğu elektron qaimələr, elektron bəyannamələr, yazışmalar, habelə digər gömrük sənədləri ilə təsdiq olunur. Dəfələrlə müraciət edilməsinə baxmayaraq, borcun ödənilməsi istiqamətində cavabdeh tərəfindən heç bir addım atılmamış, cavabdeh 2023-cü il 16 fevral tarixli məktubla iddiaçıya müraciət edilərək aralarında bağlanmış gömrük təmsilçiliyinə dair xidməti müqaviləyə 2023-cü il 16 fevral tarixində xitam verilməsi xahiş olunmuş və müqaviləyə xitam verilmə səbəbi kimi qiymətlərin qane etməməsi göstərilmişdir. Bu məktubla da cavabdeh borcunu bir daha etiraf etmişdir. Müqaviləyə birtərəfli qaydada xitam vermək tə rəfin hüququdur. Lakin müqavilənin 7.4-cü bəndinə əsasən, müqaviləyə xitam verilməsi tərəfləri onların icra etmədiyi maliyyə öhdəliklərindən azad etmir. Qanunvericiliyin tələblərinə görə öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərinin birtərəfli dəyişdirilməsinə yol verilmir. İddiaçı öz üzərinə düşən öhdəliyi yerinə yetirərək cavabdehə vaxtında və lazımi qaydada gömrük təmsilçiliyinə dair xidmətləri göstərmiş, cavabdeh isə qarşılıqlı razılıq üzrə yaranan borcu ödəməkdən boyun qaçırmış və öhdəliyinin icrasından birtərəfli qaydada imtina etmişdir.

8. İddia ərizəsinə qarşı etiraz təqdim edilməmişdir.

9. Cavabdehin vəkili izahatında bildirmişdir ki, qiymətlərin razılaşdırma protokolunda tərəflərin bəyannamənin tərtibi və gömrük rəsmiləşdirilməsi ilə bağlı xidmətlərin göstərilməsi barədə razılığa gəldiyi qeyd olunmuşdur. Lakin iddiaçı müqavilə öhdəliyini tam yerinə yetirməmiş, yalnız qısa və yük bəyannamələrini tərtib etmiş, xidmət haqqı 200 manat olan gömrük rəsmiləşdirilməsi xidmətini göstərməmiş, eyni zamanda müqavilənin 4.1.2-ci bəndinin tələblərini icra etməyərək yükü cavabdehin ünvanına çatdırmamışdır. İddiaçı müqavilə üzrə öhdəliklərini qismən yerinə yetirmiş, buna görə ona yalnız müqavilə üzrə göstərdiyi xidmətlərin dəyəri ödənilmiş, digər xidmətlər göstərilmədiyinə görə onların ödənişi həyata keçirilməmişdir. Bununla yanaşı o, təxminən 40 gömrük bəyannaməsinin düzgün tərtib olunmadığını, orada daşıma xərcinin səhv qeyd olunduğunu vurğulamışdır.

10. Şahid kimi dindirilmiş iddiaçının əməkdaşı X2 ifadəsində bildirmişdir ki, qiymətlərin razılaşdırma protokolund a iddiaçı tərəfindən cavabdehə qısa və yük gömrük bəyannaməsinin tərtibi və gömrük rəsmiləşdirilməsi xidmətlərinin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Buna görə onlar gömrük rəsmiləşdirilməsi başa çatdıqdan sonra yükü cavabdehin ünvanına çatdırmamışlar. Gömrük rəsmiləşdirməsi başa çatdıqdan sonra bir neçə dəfə o, iddiaçının rəhbərliyinin göstərişinə əsasən dəmiryolu stansiyasına gedərək yükün boşaldılması və daşınması ilə bağlı müvafiq prosedurları cavabdehin əməkdaşına izah etmişdir.

11. Şahid kimi dindirilmiş cavabdehin əməkdaşı Şahid Əli qızı ifadəsində bildirmişdir ki, iddiaçı tərəfindən cavabdehə gömrük bəyannamələrinin tərtibindən başqa heç bir xidmət göstərilməmişdir. Müqavilə üzrə iddiaçı şirkətə 6.633 manat məbləğində pul ödənilmiş, lakin yükün cavabdehə çatdırılmadığı müəss isənin rəhbərliyinə məlum olduqdan sonra iddiaçıya ödənişlər həyata keçirilməmişdir. Eyni zamanda, iddiaçı tərəfindən təxminən 40 gömrük bəyannaməsində daşıma xərcin səhv göstərilmişdir.

12. Sumqayıt Kommersiya Məhkəməsinin 2023-cü il 10 iyul tarixli e-2-2(119)-423/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehdən 19.730 manat məbləğində borc və mediasiya ilə əlaqədar ödənilmiş 200 manat məbləğində mediasiya xərci olmaqla, cəmi 19.930 manat pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi, cavabdehdən dövlət nəfinə 149,19 manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir (hakim – H.Alıyeva).

13. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, işin halları ilə müəyyən olunur ki, tərəflər arasında 2022-ci il 24 avqust tarixli, 38-22 nömrəli gömrük təmsilçiliyinə dair xidməti müqavilə bağlanmış, göstərilən xidmətlərin adları və qiyməti müqavilənin tərkib hissəsi sayılan qiymətlərin razılaşdırılması protokolu № 01-də göstərilmişdir. “Qiymətlərin razılaşdırma protokolu”nda (Əlavə 1) iddiaçı tərəfindən cavabdehə qısa və yük gömrük bəyannaməsinin tərtibi və gömrük rəsmiləşdirilməsi xidmətlərinin həyata keçirilməsi və onların qiyməti göstərilmişdir. 2022-ci il 12 sentyabr tarixindən 2023-cü il 13 fevral tarixinədək iddiaçı tərəfindən cavabdehə 26.363 manat dəyərində xidmət göstərilməsi ilə əlaqədar 11 ədəd elektron qaimə təqdim olunmuş, onlardan 7 elektron qaimə üzrə 6.633 manat məbləğində ödəniş edilmiş, qalan 2022-ci il 12 dekabr tarixli EBCL seriyalı 026961 nömrəli, 2023-cü il 06 yanvar tarixli EBCM seriyalı 506052 nömrəli, 2023-cü il 19 yanvar tarixli EBCN seriyalı 281271 nömrəli və 2023-cü il 12 fevral tarixli EBCO seriyalı 750012 nömrəli elektron qaimələr üzrə 19.730 manat məbləğində xidmət haqqı ödənilməmişdir. 2023-cü il 16 fevral tarixində isə cavabdeh iddiaçıya məktub ünvanlayaraq göstərilən xidmətlərin qiymətləri qane etmədiyi üçün müqaviləyə xitam verilməsini xahiş etmişdir.

14. Cavabdehin nümayəndəsi və vəkili Vəkil və Şahid Əli qızı iddiaçı tərəfindən qısa və yük gömrük bəyannaməsinin tərtibindən başqa heç bir xidmət göstərilmədiyindən, habelə müqavilənin 4.1.2-ci bəndinin tələblərinə uyğun olaraq yükün iddiaçı tərəfindən cavabdehin ünvanına çatdırılmadığından ödənişin həyata keçirilmədiyini, habelə təxminən 40 gömrük bəyannaməsinin səhv tərtib olunduğunu bildirmişdir. İddiaçının nümayəndəsi və vəkili iddiaçı tərəfindən cavabdehə qısa və yük gömrük bəyannaməsinin tərtibi ilə yanaşı, gömrük rəsmiləşdirilməsi xidmətinin həyata keçirildiyini, göstərilən xidmətlərlə bağlı cavabdehə elektron qaimələr göndərildiyini, “Qiymətlərin razılaşdırma protokolu”nda yükün cavabdehin ünvanına çatdırılması xidmətinin nəzərdə tutulmadığını, buna görə qiymət müəyyənləşdirilmədiyini, gömrük bəyannamələrinin isə cavabdehin təqdim etdiyi sənədlər əsasında tərtib olunduğunu qeyd etmişdir.

15. Yuxarıda təsvir olunanlara əsasən müəyyən olunmuşdur ki, tərəflər arasında gömrük təmsilçiliyinə dair xidməti müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı tərəfindən cavabdehə 26.363 manat dəyərində xidmət göstərilməsi ilə əlaqədar 11 ədəd elektron qaimə təqdim olunmuş, həmin elektron qaimələr cavabdeh t ərəfindən mübahisələndirilməmiş, cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 2023-cü il 16 fevral tarixli məktubda müqaviləyə xitam verilməsinin səbəbi kimi hər hansı xidmətin göstərilmədiyi, yaxud lazımi qaydada göstərilmədiyi deyil, göstərilən xidmətlərin qiymətlərinin qane etmədiyi göstərilmişdir. Cavabdeh göstərilən 11 ədəd elektron qaimə üzrə 6.633 manat məbləğində ödəniş etsə də, müqavilə ilə üzərinə düşən öhdəlikləri lazımi qaydada yerinə yetirməyərək həmin xidmətlərin dəyərini tam ödəməmişdir.

16. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 385.1, 390.1, 399.1, 425.1, 427.3 və 442-ci, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin (bundan sonra – “MPM”) 14.2, 77.1, 88, 217.4, 119.1, 119.2, 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

17. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddia tələbinin rədd dair yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

18. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 30 oktyabr tarixli 2-2(105)-132/2023 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – A.Süleymanova, hakimlər – Z.Məmmədov və E.Əhmədov).

19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin apardığı hüquqi qiymətləndirmə ilə razılaşmış və apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları bildirmişdir.

20. Apellyatorun şikayətinin dəlili iddiaçı tərəfindən müqavilə öhdəliklərinin lazımınca yerinə yetirilməməsi, razılaşdırılmış xidmət haqqının bu səbəbdən ödənilməməsi, müqavilənin 4.2.1-ci bəndinə, “Qiymətlərin razılaşdırma protokolu”nun (Əlavə 1) məzmununa hazırkı mübahisənin obyektiv həlli baxımından məhkəmənin tam diqqət yetirməyərək düzgün hüquqi qiymət verilməməsi ilə bağlıdır.

21. Apellyasiya şikayətinin dəlillərindən də göründüyü kimi cavabdeh borcun olduğunu və borcun miqdarını mübahisələndirmir, yalnız yaranmış bu borcun cavabdeh tərəfindən ödənilməli olması halını mübahisələndirmişdir.

22. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərini əsaslı hesab etməmiş və ilk öncə qeyd etmişdir ki, apellyatorun şikayətinin dəlilləri iddiaya verilmiş etirazın dəlilləri ilə eyni olmaqla birinci instansiya məhkəməsi tərəfindən həmin dəlillər üzrə kifayət qədər araşdırma aparılaraq hüquqi qiymət verilmişdir və məhkəmə kollegiyası həmin qiymətləndirmə ilə razılaşmışdır.

23. Bununla yanaşı, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlilləri üzrə əlavə olaraq aşağıda şərh olunanları qeyd etmişdir.

24. Tərəflər arasında mübahisə doğuran hal müqavilənin 2.1.3, 4.1.2 və 4.1.3-cü bəndələri ilə nəzərdə tutulan şərtlərlə bağlı olmuşdur. Məhkəmə kollegiyası həmin müqavilə şərtlərini mülki qanunvericiliyin normaları baxımından təhlil edərək bildirmişdir ki, tərəflər arasında bağlanmış müqavilə şərtləri, müqavilənin 4.1.2 və 4.1.3-cü bəndlərinin standart (ümumi) şərtlər, 2.1.3-cü bəndinin isə müqavilənin mühüm şərtləri olması qənaətinə gəlməyə əsas verir. Müqavilədən görünür ki, tərəflər müqavilənin standart şərtlərini ( 4.1.2, 4.1.3-cü bəndlər) 2.1.3-cü bənddə nəzərdə tutulan şərtlərlə müfəssəl müəyyənləşdirmişlər. Bu halda müqavilənin standart şərtləri artıq müqavilənin mühüm şərtlərinə çevrilməklə mühüm şərtlərin qüvvəsi önə keçmişdir. Qanunvericiliyin də göstərdiyi kimi, tərəflərin bilavasitə razılaşdırdıqları şərtlərə standart şərtlərə nisbətən üstünlük verilir. Bu baxımdan, göstəriləcək xidmət növlərinin müqavilənin tərkib hissəsi olan 01 saylı Protokolla müəyyən edilməsi barədə razılaşmanı nəzərdə tutan 2.1.3-cü bəndin şərtləri müqavilənin mühüm şərti olaraq qəbul edilmişdir. Göstərilənlərə əsasən iddiaçı tərəfindən müqavilə şərtlərinə əməl edilməməsi, onun 4.1.2 və 4.1.3-cü bəndlərində nəzərdə tutulan öhdəliyin lazımınca yerinə yetirilməməsi barədə cavabdehin dəlilləri əsassız olmuşdur.

25. Tərəflə r arasında bağlanılmış müqaviləyə cavabdeh tərəfindən birtərəfli qaydada xitam verilməsi əsası da müqavilə öhdəliklərinin iddiaçı tərəfindən lazımınca yerinə yetirilməməsi barədə dəlilinin əsassız olduğunu təsdiq edir. Birinci instansiya məhkəməsi tərəfindən də bu hala müfəssəl qiymət verilərək cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 2023-cü il 16 fevral tarixli məktubda müqaviləyə xitam verilməsinin səbəbi kimi hər hansı xidmətin göstərilmədiyi, yaxud lazımi qaydada göstərilmədiyi deyil, göstərilən xidmətlərin qiymətlərinin qane etmədiyi qeyd olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi məhkəmənin bu əsaslandırması ilə razılaşaraq əlavə araşdırmaya zərurət görməmişdir.

26. Bundan başqa, şikayətin dəlillərində, istərsə də məhkəmə araşdırması zamanı verdiyi izahatında cavabdehin nümay əndəsi “Qiymətlərin razılaşdırma protokolu”nda (Əlavə 1) nəzərdə tutulmuş “Gömrük rəsmiləşdirilməsi” xidmət növünun həm də yükün çatdırılmasını nəzərdə tutduğunu göstərərək həmin öhdəliyin iddiaçı tərəfindən icra edilmədiyini bildirmişdir.

27. Apellyasiya instansiyası məhkəməsi şikayətin bu dəlili ilə də razılaşmamışdır. Belə ki, gömrük rəsmiləşdirilməsi xidmət növü həm də yükün çatdırılması ilə bağlı xidməti nəzərdə tutduğu halda, müqavilənin ümumi (standart) şərtlərində yükün çatdırılması ilə bağlı qeydlər ayrıca göstərilmiş olmazdı. Məsələn: müqavilənin 4.1.2-ci bəndində göstərilir ki, tərəflər arasında bağlanmış müqaviləyə əlavə 1 nömrəli Protokola əsasən Sifarişçidən tələb olunan zəruri sənədlər toplusu Təmsilçiyə vaxtında tam təqdim edildiyindən etibarən Sifarişçiyə məxsus yükün 16 i ş saatı (istirahət və bayram günləri daxil deyil) ərzində bütün müvafiq gömrük əməliyyatlarından keçirilməsi və Sifarişçinin ünvanına çatdırılmasına görə Təmsilçi Məsuliyyət daşıyır. Göründüyü kimi, sənədlərin tam təqdim edilməsi ilə yanaşı, yükün çatdırılması ayrıca şərt olaraq qeyd edilmişdir.

28. Bundan başqa, araşdırma zamanı iddiaçının nümayəndəsi tərəflər arasında olan wotsap yazışmasına istinad edərək bildirdi ki, iddiaçı tərəfindən yalnız “Qiymətlərin razılaşdırma protokolu”nda (Əlavə 1) nəzərdə tutulmuş xidmətlərin, yəni sənədləşmə işlərinin görülməsi həyata keçirilməli idi, yüklərin çatdırılması nəzərdə tutulmamışdır. Qeyd olunan yazışmalar da bu halı təsdiq edir.

29. Həmin wotsap yazışmalarında iddiaçının nümayəndəsi tərəfindən cavabdehə ünvanlanmış yazı mətnində “05 dekabr 2022 Cavabdeh MMM bu Bəyannamələri buraxılışa göndərilib, yükü çıxara bilərlər”, “14 dekabr 2022 yüklər buraxılışda, çıxara bilərsiz artıq” və s. göstərilmiş, bu yazı mətnlərində cavabdeh tərəfin heç bir etirazı əks olunmamış, məhkəmə araşdırması zamanı cavabdehin nümayəndəsi həmin yazışmaları mübahisələndirməmişdir. İddiaçının yüklərin çıxarılması ilə bağlı məlumat verməsi, cavabdehin isə buna hər hansı formada etiraz etməməsi cavabdehin iddiaçı tərəfindən müqavilə öhdəliklərini yerinə yetirməməsinə dair dəlillərini təkzib edən hal kimi qiymətləndirilmişdir.

30. Gəldiyi nəticəni apellyasiya instansiyası məhkəməsi MM-in 385.1, 386.1, 390.1, 399.1, 425.1, 427.3, 442, 787.1, 787.2, 788.1, 788.2-ci, MPM-in 14.2, 77.1, 88-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

31. Cavabdeh kassasiya şika yəti verərək həmin qətnaməndən ləğv, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

32. MM-in 390, 399, 405, 427-ci maddələri üzrə - Apellyasiya məhkəməsi iddiaçının müqavilə üzrə üzərinə düşən öhdəliklərini yerinə yetirməsinə dair iddiaya olan etirazın dəlillərinə, bununla bağlı iddiaçının nümayəndəsinin izahatına və şahid ifadələrinə ümumiyyətlə hüquqi qiymət verməmişdir. Məhkəmə cavabdehin əməkdaşı Şahid Əli qızının ifadəsində iddiaçı tərəfindən cavabdehə gömrük bəyannamələrinin tərtibindən başqa heç bir xidmət göstərilməməsinə dair, həmçinin müqavilə üzrə iddiaçıya 6.633 manat məbləğində pul ödənilsə də, yükün cavabdehə çatdırılmadığı müəssisənin rəhbərliyinə məlum oldu qdan sonra iddiaçıya ödənişlər həyata keçirilməməsi kimi ifadələrini, bununla bağlı cavabdehin nümayəndəsinin əsaslandırılmış mövqeyini də nəzərə almamış və ya almaq istəməmişdir. Məhkəmə həmçinin iddiaçı tərəfindən cavabdehə qısa və yük gömrük bəyannaməsinin tərtibi və gömrük rəsmiləşdirilməsi xidmətlərinin həyata keçirilməsi dedikdə bu xidmətlərə qısa və yük gömrük bəyannaməsinin tərtibi və gömrük rəsmiləşdirilməsi xidmətləri üçün 2022-ci il 24 avqust tarixli 38-22 nömrəli xidmət müqaviləsinə dair “Qiymətlərin razılaşdırma protokolu”nda (Əlavə 1) qiymətlərin müvafiq olaraq 35 və 200 manat müəyyən edilməsi yalnız bir xidmət üçün deyil, həm də bağlanmış müqavilənin 4.1.2 bəndində də nəzərdə tutulmuş xidmətin həyata keçirilməsi üçün nəzərdə tutulmasını nəzərə almamışdır. Belə ki, müqavilə nin 4.1.2-ci bəndinə görə tərəflər arasında bağlanmış müqaviləyə əlavə 1 nömrəli Protokola əsasən sifarişçidən tələb olunan zəruri sənədlər toplusu təmsilçiyə vaxtında tam təqdim edildiyindan etibarən sifarişçiyə məxsus yükün 16 iş saatı ərzində bütün müvafiq gömrük əməliyyatlarından keçirilməsi və sifarişçinin ünvanına çatdırılmasına görə təmsilçi məsuliyyət daşıyır. İddiaçı müqavilənin 4.1.2-ci bəndi üzrə üzərinə götürmüş öhdəliyi ümumiyyətlə yerinə yetirməyərək sifarişçiyə məxsus yükün bütün müvafiq gömrük əməliyyatlarından keçirilməsindən əlavə onu sifarişinin ünvanına çatdırılması ilə bağlı heç bir addım atmamış, bunu cavabdeh özü həyata keçirməyə məcbur olmuşdur. İddiaçının müqaviləsinin 4.1.2-ci bəndini yerinə yetirmədiyindən cavabdeh iddiaçıya göndərdiyi məktubunda göstərilən xidmə tlərin qiymətləri qane etmədiyi üçün müqaviləyə xitam verilməsini xahiş etmişdir. Göstərilən xidmət dedikdə, müqavilənin 4.1.2-ci bəndi üzrə yerinə yetirilməsi üzrə iddiaçını üzərinə götürüldüyü öhdəliklə bağlı 200 manat xərc nəzərdə tutulmuş, qısa və yük gömrük bəyannaməsinin tərtibi və gömrük rəsmiləşdirilməsi xidmətlərinin həyata keçirilməsi üçün nəzərdə tutulmuş 35 manat mübahisələndirilməmişdir. Beləliklə, məhkəməyə iddiaçıya ödənişlərin həyata keçirilməsinin səbəbi kimi yükün cavabdehə çatdırılmaması, başqa sözlə iddiaçının üzərinə müqavilənin 4.1.2-ci bəndi ilə götürdüyü öhdəliyi yerinə yetirmədiyi məlum olduğu halda məhkəmə cavabdehin göstərilən dəlilləri üzrə araşdırma aparmadan, bu dəlillərə qiymət vermədən birtərəfli mövqe tutaraq əsassız iddianı təmin etmişdir. Məhkəmə nəzərə a lmamışdır ki, mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur.

33. MPM-in 217.1, 217.3-cü maddələri üzrə - məhkəmə MPM-nin 385, 387 və 390-cı maddələrinin tələblərini kobud şəkildə pozmaqla maddi hüquq normalarını pozmuş və düzgün tətbiq etməmiş, hüququn tətbiq edilməsində səhv buraxmış, qanunun tətbiqində səhvə yol vermişdir ki, bu da sonda əsassız və qanunsuz qətnamə çıxarması ilə nəticələnmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

34. İddiaçı cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə qarşı etiraz göndərərək bildirmişdir ki, onun tərəfindən gömrük rəsmiləşdirilməsi xidməti başdan sonadək yerinə yetirilmiş, hətta münasibət lərin korlanmasına və cavabdeh tərəfindən ödənişlərin edilməməsinə baxmayaraq iddiaçı vicdanla və humanist şəkildə cavabdehin yarımçıq qalan işlərini tamamlamışdır ki, cavabdeh sonradan bu və ya digər formada əziyyət çəkməsin və ona maddi ziyan dəyməsin.

35. İddiaçı cavabdehin tələbi əsasında yükün çatdırılmasını həyata keçirdiyi halda bununla bağlı qiymətlərin razılaşdırılma protokolunda qeyd edir və buna görə əlavə ödəniş müəyyən edir. Lakin cavabdeh yükün özləri tərəfindən öz ünvanlarına aparılması barədə iddiaçıya bildirmiş və bu səbəbdən də iddiaçı qiymətlərin razılaşdırma protokolunda bu barədə qeydiyyat aparmamış və etmədiyi işə görə cavabdehdən əlavə pul da tələb etməmişdir. İddiaçı yalnız gördüyü işlərə görə pul tələb etmişdir.

36. Cavabdehin malların çatmaması, lazımi keyfiyyətdə və qaydada ünvana təhvil verilməməsi ilə əlaqədar iddiaçıya qarşı hər hansı pretenziya, şikayət və müraciəti olmamışdır. Bunun cavabı olduqca sadədir. Cavabdeh yüklərin ünvana çatdırılmasını istəməmiş və buna görə də biz malları ünvana çatdırmadığımızdan dolayı qiymətlərin razılaşdırma protokolunda göstərməmiş və buna görə də onlardan pul tələb etməmişik. Cavabdeh tərəfindən ödəniş yalnız gömrük rəsmiləşdirilməsi və gömrük bəyannaməsinin tərtibi ilə bağlı olmuşdur.

37. Cavabdehin dəmiryolu stansiyasından yükləri özünün daşıyacağı barədə razılığa gəldikləri üçün iddiaçının işçisinin gedişatdan və prosedurdan bixəbər olan cavabdehin əməkdaşlarına köməklik məqsədilə yükün boşaldılması ilə bağlı müvafiq prosedurları əyani olaraq başa salmışdır. Lakin iddiaçının yükü ünvana çatdırılması kimi bir öhdəliyi olmamışdır.

38. İddiaçı üzərinə malların ünvana təhvil verilməsi ilə bağlı heç bir öhdəlik götürməmiş və buna görə də haqq tələb etməmişdir. Eyni zamanda, qiymətlərin razılaşdırılma protokolunda da bu barədə qeyd yoxdur. Üstəlik, müqaviləni hər iki tərəf imzalamışdır. Eqaimələr də cavabdeh tərəfindən təsdiqlənmiş, hətta ödənişlər də olunmuşdur. Bundan əlavə, cavabdehin yüklərin çatdırılmaması ilə əlaqədar bu günədək heç bir pretenziyası olmamış və bu günədək malların itməsi, zədələnməsi, tələf olması ilə bağlı cavabdehə maddi zərər dəyməmişdir. Cavabdehin qismən 6.633 AZN ödəniş etməsi onların borcu etiraf etdiklərinin ən böyük dəlillərindən biridir. İş materiallarında olan bütün sübutlar iddianın tam qanuni və əsaslı olduğunu sübut edir.

39. Qiymətlərin razılaşdırılması prot okolunda bəyannamənin tərtibi 35 manat və gömrük rəsmiləşdirilməsi üçün 200 manat nəzərdə tutulmuşdur. Burada yükün boşaldılmasına və təhvil verilməsinə dair müddəa yoxdur. Hər kəsə məlum olan haldır ki, gömrük bəyannaməsinin tərtibi başqa prosedur, gömrük rəsmiləşdirilməsi isə tamam başqa prosedurdur. Yüklərin ünvana təhvil verilməsi isə tamam ayrı bir işdir.

40. Cavabdeh tərəfindən 2023-cü il 16 fevral tarixli məktubla iddiaçıya müraciət edilərək aralarında bağlanmış 2022-ci il 24 avqust tarixli, 38-22 saylı gömrük təmsilçiliyinə dair xidməti müqaviləyə 2023-cü il 16 fevral tarixdə xitam verilməsini xahiş etmişlər. Eyni zamanda, müqaviləyə xitam verilmə səbəbi kimi qiymətlərin qane etməməsini göstərmişlər. Bu məktubla da borclarını bir daha etiraf etmişlər. Bildiririk ki, müqaviləyə birt ərəfli qaydada xitam vermək tərəfin hüququdur. Lakin iddiaçı və cavabdeh hüquqi şəxsin aralarında bağladığı müqavilənin 7.4-cü bəndinə əsasən, müqaviləyə xitam verilməsi tərəfləri onların icra etmədiyi maliyyə öhdəliklərindən azad etmir.

41. Cavabdeh borcun mövcudluğunu hərəkətləri və qeyd etdikləri ilə tamamilə etiraf etmiş, iş materiallarında olan mötəbər dəlillərdən də göründüyü kimi iddia tam əsaslı olmuş, birinci və apellyasiya instansiya məhkəmələri tərəfindən maddi və prosessual hüquq normaları tamamilə düzgün tətbiq edilmiş, iş materialları dəqiqliklə araşdırılmış və sonda əsaslı və qanuni nəticəyə gəlinmişdir. Kassasiya baxışının hədləri

42. Apellyasiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyindən hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı M PM-in 403 və 416-cı maddələrinin tələblərinə uyğun olaraq tam yoxlanılacaqdır.

43. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

44. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında nəzərdə tutulmuşdur: “Maddə

14. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi... 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər....” “Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə

386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştira kçıları arasında müqavilə olmalıdır....” “Maddə

390. Müqavilə azadlığı 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər....” “Maddə

399. Müqavilənin qüvvəsi 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.” “Maddə

404. Müqavilənin təfsiri 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır....” “Maddə

417. Müqavilənin standart şərtləri anlayışı 417.1. Müqavilənin standart şərtləri əvvəlcədən ifadə edilmiş, dəfələrlə istifadə üçün nəzərdə tutulan elə şərtlərdir ki, bunları bir tərəf (təklif edən) digər tərəfə təqdim edir və əvvəlcədən müəyyənləşdirilmiş normalardan fərqlənən və bu normaları tamamlayan qaydalar onların vasitəsilə müəyyənləşdirilir. 417.2. Əgər tərəflər müqavilənin şərtlərini müfəssəl müəyyənləşdirmişlərsə, bunlar müqavilənin standart şərtləri sayılmır. 417.3. Tərəflərin bilavasitə razılaşdırdıqları şərtlərə standart şərtlərə nisbətən üstünlük verilir.” “Maddə

425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifəl ərini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir....” “Maddə

427. Öhdəliyin icrası müddəti... 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir....” “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdə liyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” “Maddə

445. Borclunun icranı gecikdirməsi... 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi;...” “Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.” “Maddə

787. Broker müqaviləsi anlayışı 787.1. Broker müqaviləsinə əsasən brokerə muzd müqabilində sifarişçiyə vasitəçilik xidmətləri göstərmək tapşırığı verilir. 787.2. Əgər bu Məcəllənin bu fəslinin aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, broker müqaviləsinə tapşırıq müqaviləsi haqqında qaydalar tətbiq edilir.” “Maddə

788. Brokerin muzd almaq hüququnun əmələ gəlməsi. Xərclərin əvəzinin ödənilməsi 788.1. Brokerin öz vasitəçilik xidmətləri və ya köməyi nəticəsində müqavilə həyata keçirildikdən sonra muzd almaq hüququ vardır. Əgər müqavilə təxirəsalıcı şərtlə bağlanırsa, muzd yalnız həmin şərt baş verdikdə tələb edilə bilər. 788.2. Brokerin xərclərinin əvəzi yalnız ayrıca şərtləşdirildiyi halda ödənilir. Bu, müqavilənin bağlanmadığı hallara da tətbiq edilir....”

45. Azərbaycan Respublikası aşağıdakılar nəzərdə tutulur: G ömrük Məcəlləsinin müvafiq müddəalarında “M a d d ə

1. Bu Məcəllədə istifadə olunan əsas anlayışlar 1.0. Bu Məcəllənin məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur:... 1.0.19. gömrük rəsmiləşdirilməsi – bu Məcəllənin tələblərinə uyğun olaraq malların və nəqliyyat vasitələrinin müvafiq gömrük proseduru altında yerləşdirilməsi və bu prosedurun başa çatdırılması üzrə həyata keçirilən hərəkətlər;...” “Maddə

104. Gömrük rəsmiləşdirilməsinin başlanması və başa çatması 104.1. Gömrük rəsmiləşdirilməsi bəyannaməçinin gömrük orqanına konkret malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi ilə bağlı bəyannamə və ya müvafiq sənədləri təqdim etdiyi, yaxud bu Məcəllədə nəzərdə tutulmuş hallarda gömrük rəsmiləşdirilməsini həyata keçirmək barədə niyyətini şifahi formada gömrük orqanına bildirdiyi vaxtdan başlanır. 104.2. Malların müvafiq gömrük proseduru altında yerləşdirilməsinə dair tələblərə uyğun olaraq zəruri gömrük əməliyyatları yerinə yetirildikdən və bu Məcəllədə nəzərdə tutulmuş gömrük ödənişləri ödənildikdən sonra gömrük rəsmiləşdirilməsi başa çatır.”

46. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2022-ci il 20 aprel tarixli Qərarında müəyyən edilmişdir ki: “... lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron ve rgi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.”

47. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.” “Maddə

217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır....” “Maddə

416. Kassasiya instansiyasında işə baxmanın hədləri 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nə zərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

48. İddiaçı cavabdehlə bağlanmış gömrük təmsilçiliyinə dair xidmət müqaviləsi üzrə göstərilmiş xidmətlərə görə borcun ödənilməsini tələb etmiş, cavabdeh iddiaçının müqavilə şərtlərini pozaraq gömrük rəsmiləşdirilməsini həyata keçirdiyi malları sifarişçinin (cavabdehin) ünvanına çatdırmayaraq müqavilə öhdəliyini pozduğunu əsas gətirməklə həmin borcun əsassız olduğunu bildirmiş, işə baxan məhkəmələr cavabdehin mövqeyi ilə razılaşmamışlar.

49. Məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətində göstərilmiş dəlilləri (cavabdeh eyniməzmunlu dəlilləri aşağı məhkəmələrdə də bildirmişdir) aşağıdakı səbəblə rdən əsassız hesab edir.

50. İşə baxan məhkəmələrin istinad etdikləri mübahisəli müqavilənin: 1.3-cü bəndinə görə, göstərilən xidmətlərin adları, miqdarı və qiyməti hazırkı müqavilənin tərkib hissəsi sayılan qiymətlərin razılaşdırılması protokolu № 01-də göstərilir. 4.1.1-ci bəndinə görə, təmsilçi müqavilədə nəzərdə tutulan xidmətin vaxtında və lazımınca icra edilməməsi üçün məsuliyyət daşıyır, həmçinin gömrük sənədlərinin vaxtında və düzgün doldurulmamasına görə məsuliyyət daşıyır. 4.1.2-ci bəndinə görə, tərəflər arasında bağlanmış müqaviləyə əlavə protokol № 01-ə əsasən sifarişçidən tələb olunan zəruri sənədlər toplusu təmsilçiyə vaxtında tam təqdim edildiyindən etibarən sifarişçiyə məxsus yükün 16 iş saatı (istirahət və bayram günləri daxil deyil) ərzində bütün müvafiq gömrük əməliyya tlarından keçirilməsi və sifarişçinin ünvanına çatdırılmasına görə təmsilçi məsuliyyət daşıyır. 4.1.3-cü bəndinə görə, yükün təmsilçi tərəfindən sifarişçinin ünvanına çatdırılması zamanı yükün sığortalanmaması halında yükün zədələnməsi, xarab olması, itkisi və məhvinə görə, təmsilçi məsuliyyət daşımır.

51. Eyni zamanda, sözügedən xidmət müqaviləsinə dair “Qiymətlərin razılaşdırma protokolu”ndan (Əlavə 1) görünür ki, iddiaçı tərəfindən cavabdehə qısa və yük gömrük bəyannaməsinin tərtibi və gömrük rəsmiləşdirilməsi xidmətlərinin həyata keçirilməsi nəzərdə tutulmuş, qiymətlər müvafiq olaraq 35 və 200 manat müəyyən edilmişdir.

52. Göründüyü kimi, müqavilənin 4.1.2-ci bəndində iddiaçının cavabdehə 2 növ xidmətə görə məsuliyyət daşıması razılaşdırılmışdır: 1) sifarişçiyə məxsus yükün bütün müvaf iq gömrük əməliyyatlarından keçirilməsi və 2) sifarişçinin ünvanına çatdırılması.

53. Müqavilənin tərkib hissəsi sayılan qiymətlərin razılaşdırılması protokolunda da iddiaçı tərəfindən cavabdehə 2 növ xidmət həyata keçirilməsi nəzərdə tutulmuşdur: 1) qısa və yük gömrük bəyannaməsinin tərtibi və 2) gömrük rəsmiləşdirilməsi.

54. Lakin müqavilənin özündən fərqli olaraq, qiymətlərin razılaşdırılması protokolunda yükün sifarişçinin ünvanına çatdırılması xidməti birbaşa göstərilməmişdir.

55. Hazırda cavabdeh öz mövqeyini iddiaçı tərəfindən yükün sifarişçinin ünvanına çatdırılması xidmətinin yerinə yetirilməməsi ilə əsaslandırır, iddiaçı isə həmin xidmətin onun göstərməli olduğu xidmətlərin dairəsinə daxil olmamasını iddia edir.

56. Mübahisəli müqavilənin 2.1.3-cü bəndinə görə, X3 Bəyannaməsinin gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssis tərəfindən doldurulması və sifarişçinin istəyinə uyğun olaraq Müqavilənin tərkib hissəsi sayılan Protokol № 01-də qeyd olunan digər xidmət növlərini göstərmək təmsilçinin öhdəliklərinə aid edilmişdir.

57. Apellyasiya instansiyası məhkəməsi müqavilənin 2.1.3, 4.1.2 və 4.1.3-cü bəndlərini təhlil edərək belə nəticəyə gəlmişdir ki, tərəflər arasında bağlanmış müqavilə şərtləri, müqavilənin 4.1.2 və 4.1.3-cü bəndlərinin standart (ümumi) şərtlər, 2.1.3-cü bəndinin isə müqavilənin mühüm şərtləri olması qənaətinə gəlməyə əsas verir. Müqavilədən görünür ki, tərəflər müqavilənin standart şərtlərini (4.1.2, 4.1.3-cü bəndlər) 2.1.3-cü bənddə nəzərdə tutulan şərtlərlə müfəssəl müəyyənləşdirmişlər. Bu halda müqavilənin standart şərtləri artıq müqavilənin mühüm şə rtlərinə çevrilməklə mühüm şərtlərin qüvvəsi önə keçmiş olmuşdur. Qanunvericiliyin də göstərdiyi kimi tərəflərin bilavasitə razılaşdırdıqları şərtlərə standart şərtlərə nisbətən üstünlük verilir. Bu baxımdan demək olar ki, göstəriləcək xidmət növlərinin müqavilənin tərkib hissəsi olan 01 saylı Protokolla müəyyən edilməsi barədə razılaşmanı nəzərdə tutan 2.1.3-cü bəndin şərtləri müqavilənin mühüm şərti olaraq qəbul edilmişdir.

58. Kassator məhkəmənin həmin mövqeyini tutarlı dəlillərlə təkzib edə bilməmişdir.

59. Məhkəmə kollegiyası da MM-in müqavilənin standart şərtlərinin anlayışını müəyyən edən 417-ci maddəsinə (bax § 44) istinad edərək apellyasiya instansiyası məhkəməsinin həmin qənaəti ilə razılaşmamaq üçün hər hansı hüquqi əsas tapmır.

60. Məhkəmə kollegiyası onu da vurğulamaqda fayda görür ki, hazırkı halda iddiaçının göstərməli olduğu gömrük rəsmiləşdirilməsinin anlayışı, başlama və başa çatma vaxtı Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə dəqiq müəyyən edilmişdir.

61. Belə ki, həmin Məcəllənin 1.0.19, 104.1 və 104.2-ci maddələrinə (bax § 45) görə, gömrük rəsmiləşdirilməsi – Gömrük Məcəlləsinin tələblərinə uyğun olaraq malların və nəqliyyat vasitələrinin müvafiq gömrük proseduru altında yerləşdirilməsi və bu prosedurun başa çatdırılması üzrə həyata keçirilən hərəkətlərdir. Gömrük rəsmiləşdirilməsi bəyannaməçinin gömrük orqanına konkret malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi ilə bağlı bəyannamə və ya müvafiq sənədləri təqdim etdiyi, yaxud bu Məcəllədə nəzərdə tutulmuş hallarda gömrük rəsmiləşdirilməsini həyata keçirmək barədə niyyətini şi fahi formada gömrük orqanına bildirdiyi vaxtdan başlanır və malların müvafiq gömrük proseduru altında yerləşdirilməsinə dair tələblərə uyğun olaraq zəruri gömrük əməliyyatları yerinə yetirildikdən və bu Məcəllədə nəzərdə tutulmuş gömrük ödənişləri ödənildikdən sonra gömrük rəsmiləşdirilməsi başa çatır.

62. Gömrük Məcəlləsinin istinad olunan normalarından açıq-aşkar məlum olur ki, malların yük sahibinin ünvanına çatdırılması gömrük rəsmiləşdirilməsinin anlayışı ilə, habelə davam etdiyi dövrlə əhatə olunmur.

63. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi malların sifarişçinin ünvanına çatdırılması xidmətinin gömrük rəsmiləşdirilməsi xidmətinə daxil olmaması qənaətinə gəlməklə də hər hansı hüquq pozuntusuna yol verməmişdir.

64. Bundan başqa, MM-in 404.1 və 404.2-ci maddələrinin (bax § 44) məzmunundan aydın olur ki, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini, o cümlədən tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətlərini də nəzərə almalıdır.

65. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından məlum olur ki, iddiaçı tərəfin məhkəməyə təqdim etdiyi və cavabdehin tərəfin mübahisələndirmədiyi wotsap yazışmalarında iddiaçının nümayəndəsi tərəfindən cavabdehə ünvanlanmış yazı mətnində göstərilmişdir: “05 dekabr 2022 Cavabdeh MMM bu Bəyannamələr buraxılışa göndərilib, yükü çıxara bilərlər”, “14 dekabr 2022 yüklər buraxılışda, çıxara bilərsiz artıq” və s. Bu yazı mətnlərində cavabdeh tərəfin heç bir etirazı əks olunmamışdır.

66. Sözügedən wotsap yazışmaları ilə əlaqədar apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, iddiaçı tərəfindən cavabdehə yüklərin çıxarılması ilə bağlı məlumat verilməsi və bu hala qarşı tərəfin heç bir formada etirazını bildirməməsi həmin xidmətin iddiaçı tərəfindən yerinə yetirilməli olması ilə bağlı müqavilə öhdəliyini yerinə yetirməməsi barədə cavabdehin dəlilini təkzib edən hal kimi qiymətləndirməyə əsas verir.

67. Kassator məhkəmənin bu nəticəsini də tutarlı dəlillərlə təkzib edə bilməmişdir.

68. Həmçinin işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından o da məlum olur ki, 2022-ci il 12 sentyabr tarixin dən 2023-cü il 13 fevral tarixinədək (yəni 5 ay ərzində) iddiaçı tərəfindən cavabdehə 26.363 manat dəyərində xidmət göstərilməsi ilə əlaqədar 11 elektron qaimə təqdim olunmuş, onlardan 7 elektron qaimə üzrə 6.633 manat məbləğində ödəniş edilmiş, qalan 4 elektron qaimə üzrə isə 19.730 manat məbləğində xidmət haqqı ödənilməmiş, həmin elektron qaimələr cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Bundan başqa, cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 2023-cü il 16 fevral tarixli məktubda müqaviləyə xitam verilməsinin səbəbi kimi hər hansı xidmətin göstərilmədiyi, yaxud lazımi qaydada göstərilmədiyi deyil, göstərilən xidmətlərin qiymətlərinin qane etmədiyi qeyd olunmuşdur.

69. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" MMC-nin direktoru H.Əliyevin şikayəti üzrə 2022-ci il 20 aprel tarixli Qərarında formalaşdırılmış hüquqi mövqelərə (bax § 45) görə, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.

70. Məhkəmə kollegiyası yuxarıda istinad olunan MM-in 404.1, 404.2-ci maddələrini və Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqelərini əlaqəli şəkildə təhlil edərək belə qənaətə gəlir ki, iş ə baxan məhkəmələr elektron qaimələrlə bağlı xüsusatlar, wotsap yazışmaları və işin digər halları üzrə nəticəyə gələrkən tərəflərin qarşılıqlı münasibətlərində yaranmış işgüzar təcrübəni, habelə tərəflərin müqavilədən sonrakı hərəkətlərini qanunauyğun şəkildə qiymətləndirmiş, mübahisəli müqavilənin şərtlərini də müvafiq olaraq düzgün təfsir etmişlər.

71. Yuxarıda göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə nəticəyə gələrkən kassasiya şikayətindəki dəlillərdə göstərilmiş hüquq pozuntularına yol verməmiş, tam hüquqlu məhkəmə kimi işdə olan sübutları onların aidliyi, mümkünlüyü və mötəbərliyi baxımından qiymətləndirərkən MPM-in 88-ci maddəsinin (bax § 46) tələblərinə əməl etmiş, qanunu düzgün tətbiq etmiş, MPM-in 217.1-c i maddəsinə (bax § 46) uyğun olaraq qanuni və əsaslı qətnamə qəbul etmişdir.

72. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 30 oktyabr tarixli 2-2(105)-132/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

73. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh MMC kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 30 oktyabr tarixli 2-2(105)-132/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar