Məhkəmə qərarları › İş №2-2(103)-100/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-100/2021

02.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-100/2021 02.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Raqib Əliddin oğlu Qurbanovun sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili X1 və cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1774/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnaməsindən İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ilə iddiaçı arasında bağlanmış xx xxxxxxx 2017-ci il tarixli, 03 nömrəli alqı-satqı müqaviləsinə əsasən 20424,80 manat məbləğində əsas borcun və 15000 manat dəymiş zərərin, 30 manat ödənilmiş dövlət rüsumunun, ümumilikdə 35454,80 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2-2(113)-1774/2020 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. İddiaçı MMC həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni qaydada əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış, işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X2 apellyasiya şikayətini müdafiə etdi, cavabdehin nümayəndəsi və vəkili Vəkil isə apellyasiya şikayətinə etiraz etdi. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, tərəflər arasında xx.xx.2017-ci il tarixli 03 nömrəli alqı-satqı müqaviləsi bağlanmış və müqaviləyə əsasən satıcı İddiaçı MMC dəyəri 696,30 manat olan 1 ədəd industrial type vacuum cleaner markalı avadanlığı və dəyəri 19728,5 manat olan 1 ədəd stainless steel wash machine 2500x1500 markalı avadanlığı alıcı Cavabdeh MMC-yə təhvil verilməyi, alıcı isə həmin malları qəbul edilərək dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı bildirir ki, həmin mallar cavabdehə təhvil verilmiş, lakin cavabdeh müqavilə üzrə heç bir ödəniş həyata keçirməmişdir. Bu müqavilədən əvvəl və daha sonra iddiaçı ilə bağlanmış eyni formalı və məzmunlu müqavilələr üzrə işgüzar adətlərə uyğun olaraq cavabdeh malları özü tərəfindən sifariş etdiyi özəl yük daşıma şirkəti (*166) vasitəsilə təhvil almışdır. Həmin işgüzar adətlərə uyğun olaraq cavabdeh və iddiaçı arasında olan qarşılıqlı etimada əsasən sözügedən müqavilənin 4.3.1-ci bəndində göstərilmiş alıcının üzərinə götürdüyü təhvil-qəbul sənədinin tərtib olunması öhdəliyini yerinə yetirməməsi satıcı tərəfindən alıcının müqavilə üzrə öhdəliyini lazımınca yerinə yetirməməsi kimi qiymətləndirilməmişdir. Əvvəlki və sonrakı (01, 02, 04, 05 saylı) müqavilələr üzrə ödənişlər cavabdeh tərəfindən bank köçürməsi yolu ilə ödənilmişdir. Cavabdeh heç bir etiraz etmədən digər müqavilələr üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirsə də, xx xxxxxxx 2017-ci il tarixli 03 nömrəli müqavilə üzrə öhdəliyini heç bir əsas göstərmədən bu günə qədər icra etməmişdir. İddiaçı tərəfindən dəfələrlə elektron qaimə göndərilməsinə baxmayaraq, cavabdeh elektron qaimələrin qəbul edilməsindən imtina edərək geri qaytarmışdır. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, müqavilə üzrə iddiaçı müqavilə öhdəliklərini yerinə yetirməmiş, yəni alqı-satqı müqaviləsinin predmetini təşkil edən malları təhvil verməmiş, müqavilə dəyərinin ödənilməsinə dair ödəniş sənədi təqdim etməmişdir. Bundan başqa, münasibətlərin tənzimində işgüzar adətlər ancaq o zaman tətbiq edilir ki, mövcud qanunvericilikdə müvafiq qayda olmasın. Hazırki halda isə tərəflər arasında olan bütün münasibətlər müqavilədə tənzimlənmişdir. Həmçinin iddiaçı ona vurulmuş 15000 manat həcmində olan ziyanın nədən ibarət olmasını iddia ərizəsində əsaslandırmamış və ona dair heç bir sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası hesab edir k, iddia rədd edilməlidir. Belə ki, iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 600.4-cü maddəsi təşkil edir. Həmin maddənin tələblərinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Lakin hazırkı işdə qeyd olunan maddənin dispozisiya şərtlərinin mövcudluğu sübut olunmur. Belə ki, iddiaçı alqı-satqı müqaviləsində göstərilən malları cavabdehə təhvil verdiyini bildirsə də, bunu təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi şahidlər X3 və Hacıyev Rövşən Ramiq oğlunun ifadələri isə bunu təsdiq edən sübut kimi qiymətləndirilə bilməz. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsinin 3.3 və 4.3.1-ci bəndlərindən müəyyən olunur ki, malların təhvil verilməsi və qəbul edilməsi ilə bağlı yazılı sənəd tərtib olunmalı idi. Lakin belə bir sənəd tərtib olunmamışdır. Bundan başqa həmin şahidlər ümumi ifadə vermişlər və öz ifadələrində məhz tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsi üzrə konkret hansı avadanlıqların təhvil verilməsi ilə bağlı hallar göstərməmişlər. Bu baxımdan kollegiya hesab edir ki, həmin şahid ifadələri iş üzrə mötəbər sübut kimi qiymətləndirilə bilməz. Eyni zamanda kollegiya qeyd edir ki, vergi ödəyicisi olan hüquqi şəxslər arasında bağlanmış alqı-satqı müqaviləsi üzrə malların təhvil verilməsi Vergi Məcəlləsinin 71-1-ci maddəsinə uyğun olaraq elektron qaimə-faktura ilə təsdiq olunmalıdır. Lakin hazırki işdə belə bir elektron qaimə-faktura mövcud deyil. Həmçinin iddiaçı özü bildirir ki, onun tərəfindən dəfələrlə elektron qaimə göndərilməsinə baxmayaraq, cavabdeh elektron qaimələrin qəbul edilməsindən imtina edərək geri qaytarmışdır. Apellyasiya baxışında təqdim olunmuş yeni sübutlara dair kollegiya qeyd edir ki, Mülki Prosessual Məcəllənin 371-ci maddəsinə görə yeni sübutlar apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Lakin iddiaçı tərəfindən həmin maddənin tələblərinə riayət olunmamışdır. Ona görə də, iddiaçının xx.xx.2021-ci il tarixli ərizəsinə əlavə olunmuş yeni sənədlər sübut kimi qəbul edilə bilməz. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən müəyyən olunur ki, iddiaçı müqavilədə göstərilən avadanlıqları cavabdehə təhvil verdiyini təsdiq edə bilməmişdir. Bu baxımdan kollegiya hesab edir ki, 20424,80 manat məbləğində pul vəsaitinin tutulması barədə iddia tələbləri rədd edilməlidir. Həmçinin kollegiya hesab edir ki, iddia tələbləri zərərin əvəzinin ödənilməsi hissəsində də əsassızdır. Belə ki, zərərin ödənilməsi məsələlərini tənzimləyən və ümumi norma kimi çıxış edən Mülki Məcəllənin 21.2-ci maddəsinin, həmçinin hazırkı mübahisə üzrə xüsusi norma kimi çıxış edən Mülki Məcəllənin 443-cü maddəsinin mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin öhdəliyi pozulması nəticəsində vurulması, zərərlə öhdəliyin pozulması arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Lakin hazırki işdə bu əsaslar müəyyən edilmir. Çünki cavabdeh tərəfindən öz öhdəliklərinin pozması halı müəyyən edilmir. Bu baxımdan kollegiya hesab edir ki, həmin iddia tələbləri də rədd edilməlidir. Beləliklə məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1774/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Cahangir Yusifov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar