Məhkəmə qərarları › İş №2-2(103)-100/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-100/2022

21.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-100/2022 21.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı “X3 Təsərrüfatı” MMC-nin cavabdeh "xxxx" ASC-yə qarşı lizinqə verilmiş avadanlığa güzəşt tətbiq edilməsi öhdəliyinin qoyulması tələbinə dair kommersiya mübahisəsi üzrə (açar sözlər: lizinqə verilmiş avadanlığa güzəşt tətbiq edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Mehdiyev Emin Əlixan oğlu və Talışınski Fuad Şəmsəddin oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi, iddiaçı “X3 Təsərrüfatı” MMC-nin nümayəndəsi Nümayəndə, cavabdeh "xxxx" ASCnin nümayəndəsi X1 iştirakı ilə lizinqə verilmiş avadanlığın ilkin dəyərinin 40 faizi həcmində güzəşt tətbiq edilməsi öhdəliyinin qoyulması tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1928/2020 nömrəli iş üzrə 03 noyabr 2020-ci il tarixli qətnaməsindən iddiaçının apellyasiyasına əsasən kommersiya mübahisəsinə аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakı qətnaməni qəbul etdi. İŞİN HALLARİ

1. Tərəflər arasında bağlanmış xx.xx.2012-ci il tarixli 02-LA/12 nömrəli müqavilənin 1.1 və 1.2-ci bəndlərinə əsasən, cavabdeh dəyəri 635.250 manat olan beynəlxalq standartlara uyğun paralel tipli 2x12 yerli tam avtomatik sağım meydançası, peyin təmizləyən və yempaylayan avadanlıqları quraşdırılması ilə birlikdə dəyəri ödəniş qrafikində göstərilən müddətdə və həcmdə ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra iddiaçının mülkiyyətinə verilməsi şərti ilə 10 il müddətədək lizinqə verməyi, iddiaçı isə avadanlığın dəyərindən 61.500 manat məbləği əvvəlcədən cavabdehə ödəməyi, qalan məbləği isə ödəniş qrafikində göstərilən müddətdən gec olmayaraq ödəməyi öhdələrinə götürmüşdür.

2. Tərəflər arasında bağlanmış “02-LA/12 nömrəli xx.xx.2012-ci il tarixli lizinq müqaviləsinə dəyişiklik edilməsi barədə” xx.xx.2016-cı il tarixli D-02LA/12 nömrəli razılaşmaya əsasən, cavabdeh qalıq dəyəri 182.950 manat olan peyin təmizləyən və yempaylayan avadanlıqların dəyəri lizinq ödəniş qrafikində göstərilən müddətdə və həcmdə ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra iddiaçının mülkiyyətinə verilməsi şərti ilə 6 il müddətədək lizinqə verməyi öhdəsinə götürmüşdür.

3. Cavabdeh tərəfindən Texnoloji avadanlığın 40% güzəştə salınması barədə xx.xx.2017-ci il tarixli 14/17/Qİ nömrəli müraciətinə cavab olaraq iddiaçıya ünvanlanmış xx.xx.2018-ci il tarixli ASC/2-08 nömrəli məktubunda göstərilmişdir ki, D-02-LA/12 nömrəli xx.xx.2016-cı il tarixli lizinq müqaviləsi üzrə lizinqə götürdüyü avadanlıqlar heyvandarlıq kompleksində istifadə etmək üçün ümumi dəst halında verilmişdir və həmin müqaviləyə daxil olan hər hansı bir avadanlığa, texnikaya ayrıca 40% güzəşt tətbiq edilməsi mövcud qaydalarda nəzərdə tutulmamışdır.

4. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2018-ci il tarixli ASC/2-369 nömrəli məktubda qeyd olunmuşdur ki, Cavabdeh ASC ilə “X3 Təsərrüfatı” MMC arasında bağlanmış xx.xx.2012-ci il tarixli D-02-LA/12 nömrəli lizinq müqaviləsi üzrə lizinqə götürülən avadanlıqlar heyvandarlıq kompleksində istifadə etmək üçün ümumi dəst halında verilmişdir və həmin müqaviləyə daxil olan hər hansı bir avadanlığa, texnikaya ayrıca 40% güzəşt tətbiq edilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 273 nömrəli qərarı ilə təsdiq edilmiş “Cavabdeh ASC tərəfindən yeni alınan, lizinqə verilən və lizinq yolu ilə satılan texnikaya güzəştlərin tətbiq edilməsi Qaydaları”nda nəzərdə tutulmamışdır.

5. "xxxx" ASC-nin birinci instansiya məhkəməsinə ünvanlanmış xx.xx.2020-ci il tarixli ASC/2-1646 nömrəli məktubuna görə, Cavabdeh ASC ilə “X3 Təsərrüfatı” MMC arasında bağlanmış xx.xx.2012-ci il tarixli 02-LA/12 nömrəli lizinq müqaviləsinə əsasən ümumi dəyəri 635.250 manat təşkil edən 2x12 yerli tam avtomatik sağım meydançası, peyin təmizləyən və yem paylayan avadanlıqları sonuncuya lizinqə verilmişdir. 1 ədəd yempaylayan avadanlıq həmin avadanlıqların tərkib hissəsinə aid olduğundan və tərəflər arasında bağlanmış lizinq müqaviləsində 1 ədəd yempaylayan avadanlığın dəyəri ayrıca göstərilmədiyindən, onun dəyərinin hesablanması mümkün olmamışdır. Eyni zamanda, “X3 Təsərrüfatı” MMC-nin Cavabdeh ASC-yə qarşı olan iddia tələbi üzrə peyinqarışdıran avadanlığın dəyərinin müqavilənin ümumi məbləğindən çıxarılmasını nəzərdə tutan 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən qəbul edilmiş 2-2(82)283/2018 nömrəli 17 may 2018-ci il tarixli qətnamədə də 1 ədəd yempaylayan avadanlığın dəyəri qeyd edilməmişdir.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ

a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, aralarında bağlanmış xx.xx.2012-ci il tarixli D-02-LA/12 nömrəli lizinq müqaviləsinə əsasən ona lizinqə verilmiş 1 ədəd yempaylayan avadanlığın ilk dəyərinin 40 faizi həcmində güzəşt tətbiq edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddianın əsaslarına görə, cavabdeh ilə iddiaçı arasında bağlanmış xx.xx.2012-ci il tarixli D-02-LA/12 nömrəli lizinq müqaviləsinə əsasən heyvandarlıq kompleksində istifadə edilən müxtəlif avadanlıqlar, o cümlədən, 1 ədəd yempaylayan avadanlıq iddiaçıya lizinqə verilmişdir. xx.xx.2016-cı il tarixdə tərəflər arasında xx.xx.2012-ci il tarixli lizinq müqaviləsinə dəyişiklik edilməsi barədə D-02-LA/12 nömrəli razılaşma imzalanmışdır. Həmin razılaşmaya əsasən tərəflər 18 yanvar 2012-ci il tarixli D-02-LA/12 nömrəli lizinq müqaviləsində dəyişiklik edilməsi barədə razılığa gəlmişlər. İddiaçı tərəfindən 1 ədəd yempaylayan avadanlıq üçün müqavilənin 20%-i məbləğində cavabdehə ilkin ödəniş edilmişdir. Bununla bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli “Cavabdeh ASC tərəfindən yeni alınan, lizinqə verilən və lizinq yolu ilə satılan texnikaya, suvarma sistemləri dəstinə və avadanlığına güzəştlərin tətbiq edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında 273 nömrəli qərarına əsasən kənd təsərrüfatı məhsullarının istehsalçıları tərəfindən cavabdehdən lizinqə götürüləcək və satın alınacaq özüyeriyən, asılan və qoşulan kənd təsərrüfatı texnikasının ilkin dəyərinin 20 faizi ödənildikdə, dövlət büdcəsinin vəsaiti hesabına onların ilkin dəyərinin 40 faizi həcmində güzəşt tətbiq edilir. Buna baxmayaraq cavabdeh tərəfindən heç bir güzəşt tətbiq edilməmişdir. Belə ki, iddiaçıya lizinqə verilmiş 1 ədəd yempaylayan avadanlığın müqavilə dəyəri üzrə 40%-i miqdarında güzəşt tətbiq edilməsi barədə iddiaçı tərəfindən cavabdehə xx.xx.2017-ci il tarixli 14/17/Qİ nömrəli məktub ünvanlanmışdır. Cavabdehin xx.xx.2018-ci il tarixli cavab məktubu ilə iddiaçıya mövcud qaydalarda hər hansı bir avandanlığa, texnikaya ayrıca 40% güzəşt tətbiq edilməsinin nəzərdə tutulmadığı bildirilmişdir. Daha sonra iddiaçı xx.xx.2018ci il tarixdə 01/18/Qİ nömrəli məktubla yenidən cavabdehə lizinqə verilmiş 1 ədəd yempaylayan avadanlığın müqavilə dəyəri üzrə 40%-i miqdarında güzəşt tətbiq edilməsi barədə məktub göndərmişdir. Lakin cavabdeh yenə də xx.xx.2018-ci il tarixli cavab məktubu ilə eyni məzmunda cavab verərək Nazirlər Kabinetinin 273 nömrəli qərarı ilə təsdiq edilmiş Qaydalarda hər hansı bir avandanlığa, texnikaya ayrıca 40% güzəşt tətbiq edilməsinin nəzərdə tutulmadığını bildirmişdir. Lakin 1 ədəd yempaylayan avadanlıq qoşulan kənd təsərrüfatı təyinatlı texnikadır və kardan vasitəsilə traktora qoşularaq işə salınır və yalnız yemi doğrayıb paylamaq üçün istifadə olunur. Bu texnikanın birbaşa və yeganə təyinatı heyvan yemlərinin doğranması, qarışdırılması və paylanmasından ibarətdir. Bu texnika Nazirlər Kabinetinin müvafiq qərarına əsasən özüyeriyən, asılan və qoşulan kənd təsərrüfatı texnikasına aiddir. Buna görə də iddiaçıya lizinqə verilmiş 1 ədəd yempaylayan avadanlığın müqavilə dəyəri üzrə 40%-i miqdarında güzəşt tətbiq edilməli və cavabdehin üzərinə həmin güzəştin tətbiq edilməsi barədə öhdəlik qoyulmalıdır.

8. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmiş, ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilmişdir.

9. Qətnamənin əsaslarına görə, “İddia ərizəsinin məzmunundan göründüyü kimi iddiaçı tərəfindən müqavilə ilə ona verilmiş avadanlığa 40 faiz güzəştin tətbiq edilməsinə əsas kimi istinad etdiyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 273 nömrəli qərarı ilə təsdiq edilmiş “Cavabdeh ASC tərəfindən yeni alınan, lizinqə verilən və lizinq yolu ilə satılan texnikaya, suvarma sistemləri dəstinə və avadanlığına güzəştlərin tətbiq edilməsi Qaydalar”ı 13 avqust 2014-cü il tarixdə təsdiq edilmişdir ki, iddia müddətinin axımı həmin tarixdən başlanmışdır. Məhkəmə qeyd edir ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə xx.xx.2020-ci il tarixdə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilədən irəli gələn tələblər üzrə iddia müddətinin üç il olmasını nəzərə aldıqda, tərəflər arasında bağlanmış lizinq müqaviləsi üzrə iddia müddəti keçmişdir.”

10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 367.1, 372.1, 372.2, 375.1, 375.2, 747.1, 748-10.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2001-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsində icraat

11. Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2-2(103)-224/2021 nömrəli iş üzrə xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia rədd edilmişdir.

12. Qətnamənin əsaslarına görə, “Qeyd olunan maddi hüquq normalarının tələblərindən də göründüyü kimi "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən yeni alınan, lizinqə verilən və lizinq yolu ilə satılan texnikaya, suvarma sistemləri dəstinə və avadanlığına güzəştlərin tətbiq edilməsi barədə qərar qəbul etmək səlahiyyəti hazırki iş üzrə "xxxx" ASC-yə deyil, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin əmri ilə müvafiq sahədə təcrübəli mütəxəssislərdən ibarət daimi fəaliyyət göstərən xüsusi komissiyasına aiddir. Ona görə kollegiya belə nəticəyə gəlir ki, hazırkı iddia əsl olmayan cavabdehə qarşı irəli sürüldüyünə görə sübutlar araşdırılmadan rədd olunmalıdır.”

c) Kassasiya instansiyası məhkəməsində icraat

13. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə razılaşmayan iddiaçı ondan kassasiya şikayəti verərək, ləğv edilib, təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir.

14. Azərbaycan Respublikası Ali Məhkəməsi Kommersiya Kollegiyasının 2-2(102)- 359/2021 nömrəli iş üzrə xx.xx.2021-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilmişdir.

15. Ali Məhkəmənin qərarında göstərilmişdir: “- 38. İş materiallarından da göründüyü kimi apelyasiya məhkəməsində işə baxılması ilkin olaraq 02 mart 2021-ci il tarixə, sonradan tərəflərin iştiraklarının təmin edilməsi məqsədi ilə 30 mart 2021-ci tarixə təxirə salınmış, 30 mart 2021-ci ildə isə Komissiyanın yaradılması ilə bağlı sənədlərin təqdim edilməsi üçün 13 aprel 2021-ci il tarixə təxirə salınmış və həmin tarixdə işə baxılması yekunlaşmışdır. 13 aprel 2021-ci il tarixli məhkəmə iclas protokolundan isə işə baxan iddianın əsl cavabdehə verilmədiyi nəticəsinə gələn məhkəmənin MPM-nin yuxarıda istinad edilən 54-cü maddəsinin normalarına riayət etdiyi təsdiq edilmir. - 39. Digər tərəfdən iş materiallarında Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin nəzdində daimi fəaliyyət göstərən xüsusi komissiyanın hüquqi şəxs olması və məhkəmədə cavabdeh ola bilməsini təsdiq edən heç bir sənəd yoxdur. Hazırkı iddia isə məhz cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin "xxxx" ASC-nə qarşı qaldırılmış, iddiaçı ilə kənd təsərrüfatı texnikalarının lizinqə verilməsi barədə müvafiq müqavilə də məhz "xxxx" ASC-lə bağlandığı nəzərə alınarsa məhkəmələr hazırkı iddia tələbinə mahiyyəti üzrə baxaraq müvafiq qərar qəbul etməkdə haqlıdırlar. - 40. Apelyasiya instansiyası məhkəməsi isə faktiki olaraq işə mahiyyəti üzrə baxmamış, iş materiallarındakı sübutları araşdırıb hüquqi qiymət verməmiş, 2012-ci ildə bağlanmış lizinq müqaviləsi üzrə iki il sonra qəbul edilmiş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 avqust 2014-cü il tarixli 273 nömrəli qərarı ilə təsdiq edilmiş “"xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən yeni alınan, lizinqə verilən və lizinq yolu ilə satılan texnikaya, suvarma sistemləri dəstinə və avadanlığına güzəştlərin tətbiq edilməsi Qaydaları”n müddəalarının iddiaçıya şamil edilməsi üçün ümumiyyətlə əsasların olub– olmadığını, iddiaçı «X3 Təsərrüfatı» MMC tərəfindən, dəyəri 635.250 manat olan paralel tipli 2x12 yerli tam avtomatik sağım meydançası, peyin təmizləyən və yempaylayan lizinq avadanlıqların 20 faizinin (127.050 manat) ödənilib-ödənilmədiyini araşdırmamış, bu xüsusatlar üzrə müvafiq dəyərləndirmə aparmamışdır.”

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apellyasiya şikayətinin dəlilləri

16. Qətnamə ilə razılaşmayan iddiaçı ondan şikayət verərək, ləğv edilib, yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

17. Şikayətin dəlillərinə görə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Sözügedən Qaydalara əsasən tərəfindən 20 dekabr 2017ci il tarixdə Cavabdeh ASC-yə 1 ədəd yempaylayan avadanlığın ilkin dəyərinin 40 faizi həcmində güzəşt tətbiq edilməsi barədə müraciət edilmiş, amma Cavabdeh ASC tərəfindən heç bir güzəşt tətbiq edilməmişdir. İddia müddətinin axımı məhz həmin tarixdən -hüququnun pozulduğu gündən başlanmışdır. Müqavilə tələbləri üzrə iddia müddəti də 3 il olduğuna görə iddia müddəti ötürülməmişdir. Lakin Məhkəmə tərəfindən bu hal araşdırılmamışdır. Bundan başqa, istinad edilən Nazirlər Kabinetinin 273 nömrəli qərarı ilə təsdiq edilmiş Qaydaların hər hansı bəndində kənd təsərrüfatı məhsullarının istehsalçılarının avadanlığın ilkin dəyərinin 40 faizi həcmində güzəşt tətbiq edilməsi barədə nə vaxt müraciət etməli olduqları qeyd edilməmişdir. Yəni qeyd edilən Qaydalarda avadanlığın ilkin dəyərinin 40 faizi həcmində güzəşt tətbiq edilməsi üçün müraciətlə bağlı müddət məhdudiyyəti nəzərdə tutulmamışdır. Deməli “X3 Təsərrüfatı” MMC hüququnun yarandığı vaxtdan etibarən tərəflər arasında bağlanmış 18 yanvar 2012-ci il tarixli D-02-LA/12 nömrəli lizinq müqaviləsinin qüvvədə olduğu müddətdə istənilən vaxt 1 ədəd yempaylayan avadanlığın ilkin dəyərinin 40 faizi həcmində güzəşt tətbiq edilməsi barədə müraciət etmək hüququ vardır. Məhkəmə tərəfindən həmin hüquq heç bir əsas olmadan məhdudlaşdırıla bilməz. İddiaçı ilə cavabdeh arasında bağlanılmış 18 yanvar 2012-ci il tarixli D-02-LA/12 nömrəli lizinq müqaviləsinin müddəti bitməmişdir və hazırda müqavilə münasibətləri davam edir. Həmin Qaydalarda güzəşt tətbiq edilməsi barədə müraciətlə bağlı müddət nəzərdə tutulmadığına görə “X3 Təsərrüfatı” MMC-nin hətta kənd təsərrüfatı avadanlığının dəyərinin 60 faizini ödədikdə belə həmin avadanlığın ilkin dəyərinin 40 faizi həcmində güzəşt tətbiq edilməsi barədə müraciət etmək hüququ vardır. Eyni zamanda, xx.xx.2020-ci il tarixli qətnamədə qeyd edilmişdir ki, məhkəmə sorğusuna əsasən "xxxx" ASC-nin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Cavabdeh ASC ilə “X3 Təsərrüfatı” MMC arasında bağlanmış 18 yanvar 2012-ci il tarixli 02-LA/12 nömrəli lizinq müqaviləsinə əsasən ümumi dəyəri 635.250 manat təşkil edən 2x12 yerli tam avtomatik sağım meydançası, peyintəmizləyən və yempaylayan avadanlıqlar sonuncuya lizinqə verilmişdir. 1 ədəd yempaylayan avadanlıq həmin avadanlıqların tərkib hissəsinə aid olduğundan və tərəflər arasında bağlanmış lizinq müqaviləsində 1 ədəd yempaylayan avadanlığın dəyəri ayrıca göstərilmədiyindən onun dəyərinin hesablanması mümkün olmamışdır. Həmçinin, qətnamədə 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsinə istinad edilmiş və qeyd edilmişdir ki, həmin qətnamədə də 1 ədəd yempaylayan avadanlığın dəyəri göstərilməmişdir. Doğrudur, qeyd edilən müqavilədə 1 ədəd yempaylayan avadanlığın dəyəri ayrıca qeyd edilməmişdir. Lakin, həmin işə bütün məhkəmə instansiyalarında baxılan zaman "xxxx" ASC həmin avadanlıqların satın alınması barədə müqavilələri məhkəməyə təqdim etməmişdir. Yalnız Ali Məhkəmədə işə ikinci dəfə baxılan zaman həmin avadanlıqların satın alınması barədə müqaviləni və ona əlavəni məhkəməyə təqdim etmişlər, lakin həmin sənədlər yeni sübutlar olduğuna görə qərar qəbulu zamanı nəzərə alınmamışdır. Həmin avadanlıqlar dövlət büdcəsinin vəsaiti hesabına “Dövlət satınalmaları haqqında” Qanunun tələbləri nəzərə alınmaqla müqavilə əsasında "xxxx" ASC tərəfindən alınmışdır. Həmin avadanlıqların satın alınması ilə bağlı keçirilən tender nəticəsində "xxxx" ASC ilə “RİMLS” LTD arasında satınalma müqaviləsi bağlanmışdır. Həmin avadanlıqların satın alınması barədə müqavilələrdə hər bir avadanlığın dəyəri ayrıca göstərilmiş və ölkə ərazisinə idxal edilməsi zamanı gömrük orqanlarına hər bir avadanlığın dəyəri ayrıca göstərilməklə bəyan edilmişdir. Bundan başqa, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsində həm 1 ədəd yempaylayan avadanlığın, həm də peyinqarışdıran avadanlığın ayrıca dəyəri göstərilməmişdir. Lakin sonradan Sabunçu rayon icra və probasiya şöbəsi həmin qətnamənin izah edilməsi barədə Bakı Kommersiya Məhkəməsinə müraciət etmişdir. Məhkəməyə “Heyvandarlıq kompleksi üçün avadanlıqların və quraşdırılmasının satınalınması barədə 42/12 nömrəli xx.xx.2012-ci il tarixli müqavilə və müqaviləyə əlavələr təqdim edildikdən sonra heyvandarlıq kompleksi üçün avadanlıqların satınalınması barədə müqavilədə peyinqarışdıran avadanlığın avro ilə olan dəyəri məhkəmə tərəfindən xx.xx.2020-ci il tarixli qərardadla Azərbaycan manatı ilə müəyyən edilmişdir. Bakı Kommersiya Məhkəməsi də qətnamə çıxararkən bu halları nəzərə almamış və nəticədə əsassız qətnamə qəbul etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

19. İddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edib, ona uyğun izahat vermiş, cavabdehin nümayəndəsi şikayəti qəbul etməyib, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

20. Azərbaycan Respublikası Prezidentinin Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında” xx.xx.2020-ci il tarixli 1137 nömrəli Fərmanı:

1. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra - Cəmiyyət) adlandırılsın.

2. Müəyyən edilsin ki: 2.1. Cəmiyyət kənd təsərrüfatı məhsulları istehsalçılarının, lizinq yolu ilə satılması istisna olmaqla, qanunla müəyyən edilmiş qaydada kənd təsərrüfatı istehsal vasitələri (kənd təsərrüfatı texnikası, texnoloji avadanlıq, o cümlədən suvarma sistemləri dəsti və avadanlığı, aqrokimyəvi maddələr, bitki mühafizəsi vasitələri, sertifikatlı toxum və ting) ilə təmin edilməsini, aqrotexniki xidmətlər göstərilməsini və bu sahədə fəaliyyətin təşkilini həyata keçirən kommersiya hüquqi şəxsidir; 2.2. Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə (bundan sonra - Agentlik) keçir.

21. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 747.1. Lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur; Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir; Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır; Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir; Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.

22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 273 nömrəli qərarı ilə təsdiq edilmiş “Cavabdeh ASC tərəfindən yeni alınan, lizinqə verilən və lizinq yolu ilə satılan texnikaya, suvarma sistemləri dəstinə və avadanlığına güzəştlərin tətbiq edilməsi Qaydaları”nın: - 2.1. Kənd təsərrüfatı texnikasına, suvarma sistemləri dəstinə və avadanlığına tətbiq edilən güzəştlərdən istifadə etmək üçün istifadəçi tərəfindən ərizə, lizinq (icarə) müqaviləsinin və ödəniş sənədlərinin surətləri Cəmiyyətə təqdim olunur; - 2.2. Kənd təsərrüfatı texnikasına, suvarma sistemləri dəstinə və avadanlığına güzəştlərin tətbiq edilməsi məqsədi ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin əmri ilə müvafiq sahədə təcrübəli mütəxəssislərdən ibarət daimi fəaliyyət göstərən xüsusi komissiya yaradılır; - 2.3. Xüsusi Komissiya istifadəçilər tərəfindən təqdim olunmuş sənədləri 10 (on) gün müddətində araşdırır, müvafiq qaydada Cəmiyyət tərəfindən lizinqə verilmiş, habelə Yaponiya Hökumətinin 2KR Proqramı çərçivəsində (dəyərinə güzəşt tətbiq edilmiş qrant hesabına alınan texnika istisna olmaqla) alınmış və icarəyə verilmiş kənd təsərrüfatı texnikasının öhdəlik üzrə qalıq dəyərini (məbləğini) müəyyən edir və bu barədə istifadəçiyə yazılı məlumat verir; - 2.4. Bu Qaydaların 2.3-cü bəndində göstərilən kənd təsərrüfatı texnikasının qalıq dəyəri (məbləği) onun ilkin məbləğinin 40 faizi həcmində və ya ondan az olduqda, Cəmiyyətin zərəri hesabına faktiki qalıq məbləği həcmində güzəşt tətbiq edilməklə, Cəmiyyət və istifadəçi arasındakı lizinq (icarə) müqaviləsinə xitam verilməsi ilə bağlı Xüsusi Komissiya tərəfindən müvafiq qərar qəbul edilir. Həmin texnikanın istifadəçinin mülkiyyətinə keçməsi Azərbaycan Respublikasının mülki qanunvericiliyi ilə müəyyən edilmiş qaydada rəsmiləşdirilir; - 2.5. Bu Qaydaların 2.3-cü bəndində göstərilən kənd təsərrüfatı texnikasının qalıq dəyəri (məbləği) onun ilkin məbləğinin 40 faizindən çox olduqda və ilkin məbləğinin ən azı 20 faizinin ödənildiyi təqdirdə, Cəmiyyətin zərəri hesabına ilkin məbləğin 40 faizi həcmində güzəşt tətbiq edilməklə, yeni lizinq müqaviləsinin bağlanılması barədə Xüsusi Komissiya tərəfindən qərar qəbul edilir; - 2.7-1. Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən lizinqə verilən və ya lizinq yolu ilə satılan suvarma sistemləri dəstinə və avadanlığına güzəşt tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 16 aprel tarixli 1176 nömrəli Sərəncamına uyğun olaraq, 2015-ci il mayın 1-dən etibarən fiziki və hüquqi şəxslər tərəfindən Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən lizinqə götürülən və lizinq yolu ilə satın alınan suvarma sistemləri dəstinin və avadanlığının ilkin dəyərinin ən azı 20 faizi ödənildiyi təqdirdə, dövlət büdcəsinin vəsaiti hesabına onların ilkin dəyərinin 40 faizi həcmində güzəşt tətbiq edilməsi barədə Xüsusi Komissiya müvafiq qərar qəbul edir və həmin qərar bu Qaydaların 2.7-ci bəndinə əsasən protokollaşdırılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 273 nömrəli qərarının 6-cı bəndinə görə, bu qərar 5 (beş) il müddətində qüvvədədir.

23. MPM-in: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 54.1. İddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun; Maddə 54.2. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin; Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərarı: “Hər hansı bir mülki mübahisənin qanuni həlli baxımından iddia müddətlərinin axımının başlanğıcının müəyyənləşdirilməsi ilə yanaşı mübahisəyə aid bütün digər hallar da nəzərə alınmalıdır. İddia müddətinin tətbiqi qaydalarına riayət edilməsi üçün ilk növbədə nəzərə alınmalıdır ki, iddia etmək hüququ iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarından ibarətdir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. Bu hüququn həyata keçirilməsi hər hansı iddia müddətinin keçməsindən asılı deyil. Buna görə də, iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəməyə iddianı təqdim etmək mümkündür (MM-in 375.1-ci maddəsi). İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. İddia müddətinin keçməsi məhz bu mümkünlüyün qarşısını alır və məhkəmə tərəfindən iddiadan imtina edilməsinə əsas kimi götürülür (MM-in 375.2-ci maddəsi). İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir.”

25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərarı: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.”

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

26. Apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyindən, məhkəmə aktı tam yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

27. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, məhkəmə tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilməmişdir.

28. Belə ki, birinci instansiya məhkəməsi iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalı idi. Lakin birinci instansiya məhkəməsinin qətnaməsindən belə bir araşdırma aparıldığı müəyyən olunmur.

29. Bu konteksdə işdən müəyyən edilir ki, hazırkı iddia tələbi üzrə cavabdeh tərəfindən iddiaçının subyektiv hüququ pozulmamışdır.

30. İlk olaraq, məhkəmə kollegiyası Ali Məhkəmənin iş üzrə qərarının 38 və 39-cu bəndlərinin icrası ilə bağlı bildirir ki, iddiaçının tələbinin qanuni əsası kimi istinad etdiyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 273 nömrəli qərarı ilə təsdiq edilmiş Qaydalardan göründüyü kimi, Cavabdeh ASC tərəfindən yeni alınan, lizinqə verilən və lizinq yolu ilə satılan texnikaya, suvarma sistemləri dəstinə və avadanlığına güzəştlərin tətbiq edilməsi barədə qərar qəbul etmək səlahiyyəti hazırkı iş üzrə cavabdehə deyil, Kənd Təsərrüfatı Nazirliyinin əmri ilə yaradılan xüsusi komissiyaya aiddir. Adıçəkilən Qaydalarla cavabdehin sadəcə müvafiq sənədləri həmin xüsusi komissiyaya təqdim etmək vəzifəsi müəyyən edilmişdi ki, iddiaçı da hazırkı iddia ilə cavabdehdən bunu, yəni sənədləri xüsusi komissiyaya təqdim etməyi tələb etmir. O, cavabdehdən qanunvericiliklə bilavasitə inzibati orqanın səlahiyyətlərinə aid edilmiş vəzifələrin həyata keçirilməsini istəyir. Prosessual qanunvericiliyə əsasən də cavabdehin əsl cavabdehlə əvəz edilməsinə apellyasiya instansiyası mərhələsində yol verilmədiyindən və məhkəmə verilən tələbdən kənara çıxa bilmədiyindən, mübahisəyə MPM-in 54-cü maddəsi tətbiq olunmur. Bu mənada Kənd Təsərrüfatı Nazirliyinin nəzdində daimi fəaliyyət göstərən xüsusi komissiyanın hüquqi şəxs olması da zəruri deyildi. Xüsusi komissiya hüquqi şəxs statusuna malik olmadığı halda, iddia onu yaradan subyektə qarşı qaldırıla bilərdi.

31. Diqqətə alınmalı digər xüsusat ondan ibarətdir ki, iddiaçının özü də apellyasiya şikayətində “Həmin avadanlıqlar dövlət büdcəsinin vəsaiti hesabına “Dövlət satınalmaları haqqında” Qanunun tələbləri nəzərə alınmaqla müqavilə əsasında "xxxx" ASC tərəfindən alınmışdır.” mülahizəsini irəli sürməklə hazırkı iddianın mahiyyətcə inzibati xarakterli olmasına dolayısı ilə işarə edir. Belə ki, həm hazırkı tələbin maddi hüquqi əsası kimi çıxış edən “Cavabdeh ASC tərəfindən yeni alınan, lizinqə verilən və lizinq yolu ilə satılan texnikaya, suvarma sistemləri dəstinə və avadanlığına güzəştlərin tətbiq edilməsi Qaydaları”, həm də “Dövlət satınalmaları haqqında” AR Qanunu ümumi hüququn tənzimləmə sahəsinə daxildir. Belə ki, dövlətin (onun adından müvafiq səlahiyyətli qurumların) satın aldığı və ölkədə sahibkarlığa dəstək məqsədilə ucuz qiymətə lizinqə verilən əmlakın istifadəsi ilə bağlı bağlanan müqavilələr xüsusi hüquq münasibətlərinə aid olsa da, bu əmlaka, yəni dövlətin mülkiyətində (onun adından müvafiq səlahiyyətli qurumların balansında) olan əmlaka güzəştin tətbiq edilməsi həmin müqavilə münasibətləri ilə əlaqəli olmayıb, bu halda mübahisəyə tətbiq olunan hüquq ümumi hüquqdur ki, bu qəbildən münasibətlərdə inzibati hüququn subyekti qanunla ona həvalə edilmiş funksiyanı yerinə yetirərkən publik hüququn agenti qismində çıxış edərək, ümumi hüququn nizamasalma predmetinə aid hüquq və vəzifələri həyata keçirməklə, qarşı tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmiş olur. Başqa sözlə, lizinqə verənin öhdəlikləri lizinq müqaviləsindən irəli gəldiyi halda, Qaydalara əsasən onun lizin alana güzəştlərin tətbiq edilməsi üçün sənədləri xüsusi komissiyaya təqdim etmək vəzifəsi, habelə xüsusi komissiyanın bu barədə müvafiq qərar qəbul etməsi lizinq müqaviləsindən deyil, bilavasitə Qaydalardan, yəni publik hüquqi aktdan qaynaqlanır. Lakin Ali Məhkəmənin hazırkı iş üzrə qərarı ilə mübahisənin məhkəmə aidiyyətinə dair hər hansı fikir bildirilmədiyindən, məhkəmə kollegiyası sözügedən məsələni müzakirə etmir.

32. Digər tərəfdən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 273 nömrəli qərarı 5 il müddətinə qüvvədə olmuş, Qərar 2019-cu ildə qüvvədən düşmüşdür. Tərəflər da qəbul edirlər ki, həmin qərarla nəzərdə tutulan xüsusi komissiya artıq mövcud deyil və fəaliyyət göstərmir. İddiaçı hesab edir ki, o, 2017-ci ildə, yəni Qərarın qüvvədə olduğu dövrdə cavabdehə müraciət etdiyindən, bu onun lizinqə verilmiş avadanlığa güzəşt tətbiq edilməsi ilə bağlı yaranmış hüququna təsir etmir. Məhkəmə kollegiyası iddiaçının bu mövqeyi ilə razılaşmır. Belə ki, iddiaçının cavabdehə vaxtilə müraciət etməsi hələ özlüyündə onun müraciətinin pretmetini təşkil edən hüququnun maddiləşməsi demək deyil. Yalnız bu qaydada maddiləşmiş və bundan sonra qazanılmış (əldə edilmiş), son nəticədə isə həmin hüququn qorunmasından bəhs oluna bilər ki, hazırkı mübahisə üzrə bu baş verməmişdir. İddiaçının qeyd olunan hüququnun əldə edildiyi fərz olunsa, o halda iddia yenə belə bir komissiyanın mövcud olmaması səbəbindən təmin edilə bilməyəcəkdi. Belə olan halda iddiaçı vaxtilə onun müraciəti ilə bağlı hərəkətsizlik edən (hazırkı halda güzəştlərdən istifadə etmək üçün ərizə, lizinq (icarə) müqaviləsi və ödəniş sənədlərinin surətlərini xüsusi komissiyaya baxılması üçün təqdim etməyən) subyektdən (cavabdehdən) vurulduğunu güman etdiyi zərəri mübahisə edə bilərdi.

33. Ali Məhkəmənin iş üzrə qərarının 40-cı bəndinin icrası ilə bağlı qeyd olunmalıdır ki, yuxarıda müzakirə edilən əsaslara görə iş materiallarındakı sübutları araşdırıb hüquqi qiymət verməyə lüzum qalmır. Belə ki, hazırkı cavabdeh işin heç bir halında lizinqə verilmiş avadanlığa güzəşt tətbiq edilməsi öhdəliyinin qoyulması tələbinə cavab verməli olan subyekt olmamışdır, deyil. Odur ki, əsl olmayan cavabdehə qarşı irəli sürülmüş iddia əsaslı sayıla bilməz. İddiaçı tərəfindən dəyəri 635.250 manat olan tam avtomatik sağım meydançası, peyin təmizləyən və yempaylayan avadanlıqların 20 faizinin (127.050 manat) ödənilibödənilmədiyi də araşdırılmış və məlum olmuşdur ki, iddiaçı ümumi məbləğin deyil, yalnız yempaylayan lizinq avadanlığının 20 faizini ödədiyini irəli sürür ki, bununla da ilkin 20 faiz ödəmə şərtini də yerinə yetirməmişdir.

34. Göründüyü kimi, birinci instansiya məhkəməsi həm iddiaçının hazırkı iddia tələbi ilə bağlı cavabdehə qarşı subyektiv hüquqa malik olmamasına, həm də müqavilə münasibətlərindən irəli gəlməyən tələblə çıxış etməsinə diqqət yetirmədən işə müqavilə tələblərinə dair 3 illik iddia müddətini tətbiq edərkən maddi hüquq normalarını pozmuşdur ki, bu da qətnamənin ləğvinə əsas təşkil edir.

35. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası apellyasiya şikayətinin mübahisənin mahiyyəti ilə bağlı dəlillərinin ayrıca müzakirəsinə zərurət görmədən, şikayətlə bütövlükdə razılaşmır.

36. Beləliklə, hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi ilə əlaqədar gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni və əsaslı olmamışdır. Bununla bağlı olaraq, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia rədd edilməli, apellyasiya şikayəti qismən təmin edilməlidir.

37. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1928/2020 nömrəli iş üzrə 03 noyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı “X3 Təsərrüfatı” MMC-nin cavabdeh "xxxx" ASC-yə qarşı aralarında bağlanmış xx.xx.2012-ci il tarixli D-02-LA/12 nömrəli lizinq müqaviləsinə əsasən ona lizinqə verilmiş 1 ədəd yempaylayan avadanlığın ilk dəyərinin 40 faizi həcmində güzəşt tətbiq edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməsin. İddiaçının apellyasiya şikayəti qismən təmin edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətdə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

HAKİMLƏR Vidadi Məmmədov Emin Mehdiyev Fuad Talışınski

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar