Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-100/2023 07.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1789/2022 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ
1. Satıcı İddiaçı MMC ilə alıcı Cavabdeh MMC arasında 23 mart 2021-ci il tarixli 97/2021 saylı alqı-satqı müqaviləsi bağlanmış və müqaviləyə əsasən satıcı müqavilənin 2-ci maddəsində göstərilən və gələcəkdə mal adlandırılacaq sement növünü alıcıya satmağı, alıcı isə malı almağı və dəyərini ödəməyi öhdəsinə götürmüşdür.
Birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ödənilməmiş 182201,77 manat məbləğində əsas borcun, bank uçot dərəcəsi kimi hesablanmış 11387,61 manat pulun, öhdəliyin gecikdirilməsi nəticəsində hesablanmış 8381,28 manat cərimə məbləğinin, illik 5 % hesablanmış 9110,08 manat məbləğində pulun, 400 manat ilkin mediasiya haqqının və 101.08 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçı bildirir ki, müqavilə iddiaçı tərəfindən icra edilmiş və razılaşdırılmış mallar cavabdeh tərəfindən təhvil alınmışdır. Odur ki, öhdəliyin icrası ilə bağlı cavabdehə elektron qaimələr təqdim edilmiş, lakin həmin qaimələr əsasında ödəniş tam həyata keçirilməmişdir. Verilən malların dəyərinin bir hissəsi cavabdeh tərəfindən iddiaçıya ödənilsə də, 182201,77 manat borc bu günədək iddiaçıya ödənilməmişdir.
4. Cavabdeh iddianı qismən qəbul edir və bildirir ki, tərəflər arasında bağlanmış müqavilə əsasında onlara təhvil verilmiş 513811,77 manat dəyərində olan malların bir qismi, yəni 331610 manat nağdsız qaydada, 23000 manat hissəsi isə nağd qaydada ödənilmişdir. Lakin hazırda həmin qəbzi təqdim edə bilmir. Həmçinin, illik 5 faiz və Mərkəzi Bankın bank uçot dərəcəsi nəzərə alınmaqla tələb edilən borclar da əsassızdır. Odur ki, iddia tələbinin qismən, tələb edilən əsas borc məbləğindən - 182201,77 manatdan 23000 manatın nağd qaydada ödənilməsini nəzərə alınmaqla təmin edilməsini, qalan hissədə rədd edilməsini xahiş edir.
5. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-1789/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh MMC-dən 182201,77 (bir yüz səksən iki min iki yüz bir manat yetmiş yeddi qəpik) manat gecikdirilmiş əsas borc, 8381,28 (səkkiz min üç yüz səksən bir manat iyirmi səkkiz qəpik) manat cərimə, ümumilikdə 190583,05 (bir yüz doxsan min beş yüz səksən üç manat beş qəpik) manat və ödənilmiş 102 (bir yüz iki) manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
6. Cavabdeh MMC apellyasiya şikayəti verərək, həmin qətnamənin qismən, yəni cavabdehdən 182201,77 manat gecikdirilmiş əsas borc, 8381,28 manat cərimə, ümumilikdə 190583,05 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi hissəsində ləğv edilməsini və cavabdehdən iddiaçının xeyrinə 159201,77 manat əsas borcun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri
7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh mütəmadi olaraq ödənişləri həyata keçirmiş, yalnız pandemiya ilə əlaqədar son ödəmələrin bir qismində müəyyən gecikmələr olmuşdur. Cavabdeh aldığı malın dəyərinin bir qismini, yəni 331610 manat məbləği nağdsız qaydada, digər qismini, yəni 23000 manat hissəsini isə nağd qaydada ödəmişdir. Lakin məhkəmə cavabdeh tərəfindən iddiaçıya ödənilmiş 23000 manat məbləği nəzərə almamış, nəticədə cavabdehin maraqlarına toxunan qətnamə qəbul etmişdir. Digər tərəfdən, iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə dair vəsatəti təmin edilmədiyindən, iddiaçının tələb etdiyi əsas və cərimə borcunun məbləği düzgün müəyyən edilməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
9. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətinə etiraz etdi.
10. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.
TƏTBİQ EDİLƏN HÜQUQ
11. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
12. Həmin Məcəllənin 598.3-cü maddəsinə görə əgər alıcı alqı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər.
13. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
14. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
15. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini və iddianın qismən təmin olunduğunu, lakin iddiaçı tərəfindən apellyasiya şikayəti verilmədiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız iddianın qismən təmin olunmuş hissəsində yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
16. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya baxışının həddində iddia əsaslıdır.
17. Belə ki, tərəflər arasında alqı-satqı müqaviləsinin bağlanılması və iddiaçı tərəfindən cavabdehə ümumilikdə 513611,77 manat məbləğində malın təhvil verilməsi işin mübahisəsiz halını təşkil edir. Çünki cavabdeh həmin faktı etiraf etmişdir.
18. Eyni zamanda iş materiallarında olan çıxarışlardan görünür ki, cavabdeh tərəfindən 331610 manat məbləğində ödəniş edilmiş, 182201,77 manat isə qalıq borcu qalmışdır.
19. Cavabdeh isə həmin borcdan (182201,77 manat) bir qismini, yəni 23000 manatı nağd qaydada etdiyini bildirsə də, bunu təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir.
20. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı Mülki Məcəllənin 598.3-cü maddəsinə əsasən satılmış əşyalara görə ödənilməyən ümumilikdə 182201,77 manat məbləğində pul vəsaitinin tutulmasını tələb etməkdə haqlıdır.
21. Həmçinin kollegiya hesab edir ki, cərimənin tutulması hissəsində də iddia təmin edilməlidir.
22. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin 3.1-ci maddəsinə əsasən alıcı tərəfindən alınacaq hər malın dəyərini vergilər daxil olmaqla razılaşdırılmış qaydada satıcının bank hesabına köçürmə yolu ilə və ya nəğd olaraq həyata keçirilir. Satıcı ödənişin gecikdirildiyi hər günə görə müqavilə üzrə satılmış mallara nisbətdə ödənilməyən məbləğin 0,1 % miqdarında alıcıya cərimə tətbiq edə bilər.
23. Mülki Məcəllənin 462.1-ci maddəsinin tələblərini, işin hallarını, yəni cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirildiyi günlərin sayını və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğu, həmçinin cavabdehin müqavilə üzrə cəmi ödəmədiyi məbləği və tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini nəzərə alaraq kollegiya belə nəticəyə gəlir ki, iddiaçı 8381,28 manat cərimənin ödənilməsini tələb etməkdə haqlıdır və birinci instansiya məhkəməsi də düzgün olaraq həmin hissədə iddianı tam təmin etmişdir.
24. Apellyasiya şikayətində göstərilən dəlillər isə əsassızdır. Belə ki, yuxarıda da qeyd olunduğu kimi cavabdeh 182201,77 manat borcdan 23000 manatı nağd qaydada ödədiyini bildirsə də, bunu təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Borcun məbləğinin müəyyən edilməsi üçün isə iş üzrə məhkəmə ekspertizasının təyin edilməsinə zərurət yoxdur. Çünki sadə riyazi hesablama ilə müəyyən olunur ki, borcun məbləğini 182201,77 manat təşkil edir (513611,77 - 331610 = 182201,77). Həmçinin, hesabdan çıxarış məlumatlarına əsasən cavabdehin son ödənişi xx.xx.2021-ci il tarixdə həyata keçirilmiş, iddia ərizəsi isə xx.xx.2022-ci il tarixdə tərtib edilmişdir. Beləliklə, cavbdeh tərəfindən ödənişin gecikdirildiyi və iddiaçı tərəfindən cərimənin hesabladığı müddət 46 gün təşkil edir. Həmin müddətə hesablanan cərimənin məbləği isə 8381,28 manat təşkil edir (182201,77 x 01 % = 182,20177 x 46 = 8381,28). Göründüyü kimi cərimə məbləği də sadə riyazi hesablama ilə müəyyən olunur. Mülki Prosessual Məcəllənin 97.1-ci maddəsi isə xüsusi bilik tələb olunan sualları izah etmək üçün ekspertizanın təyin edilməsini nəzərdə tutumuşdur.
25. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
26. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1789/2022 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnaməsi iddianın qismən təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov
Hakimlər: Vüsalə Baxışova Aida Hüseyn