Məhkəmə qərarları › İş №2-2(103)-100/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-100/2024

14.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-100/2024 14.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, iddiaçının vəkili Vəkil, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “daxili lizinq müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2- 2(113)-2666/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli daxili lizinq müqaviləsi üzrə 83035,74 manat əsas borc, 10622,48 manat mükafat məbləği, 1162 manat cərimə olmaqla ümumilikdə 94820,22 manat borcun və 440 manat dövlət rüsumunun, 270 manat hüquqi yardım xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-2666/2023 nömrəli qərardadı ilə İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli daxili lizinq müqaviləsinin ləğv edilməsi tələbinə dair hissədə iş üzrə icraata xitam verilmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-2666/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-2666/2023 nömrəli qətnaməsinin iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsini, iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-2(103)-1035/2023 nömrəli qərardadı ilə apellyasiya şikayəti mümkün hesab edilərək icraata qəbul edilmişdir. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə xx.xx.2023-cü il tarixdə məhkəməyə apellyasiya şikayətinə etiraz təqdim edərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-2666/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə “Aze Mis” elektron məhkəmə informasiya sistemi vasitəsi ilə məhkəməyə tərəflər arasında bağlanmış barışıq sazişini və barışıq sazişinin təsdiq edilərək iş üzrə icraata xitam verilməsi barədə ərizə təqdim etmişdir. Məhkəmə iclasında iddiaçının vəkili Vəkil və cavabdehin nümayəndəsi və vəkili Nümayəndə barışıq sazişinin əslini məhkəməyə təqdim edərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdirlər. Məhkəmə barışıq sazişini işin materialları ilə birlikdə araşdıraraq hesab edir ki, barışıq sazişinin şərtləri təsdiq edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-2666/2023 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. Mülki Prosessual Məcəlləsinin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 384.0.5-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, tərəflər arasında bağlanmış barışıq sazişinin şərtləri qanuna zidd olmadığından və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından təsdiq edilməli, Bakı Kommersiya Məhkəməsinin Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-2666/2023 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261-262, 263-264, 391, 400 və 405-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı: Tərəflər arasında barışıq sazişi bağlanması ilə əlaqədar Bakı Kommersiya Məhkəməsinin Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-2666/2023 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə icraata xitam verilsin. Tərəflər arasında bağlanmış barışıq sazişinin aşağıdakı şərtləri məhkəmə tərəfindən təsdiq edilsin: - Cavabdeh İddiaçı MMC-yə ümumilikdə 30000 ABŞ dolları (51 000,00 AZN), 2 (iki) il (24 ay) müddətinə hər ayın ilk 10 (on) günündə aylıq 1250 ABŞ dolları (2125,00 AZN) məbləğində olmaqla pul vəsaitini ödəməyə öz öhdəsinə götürür. Cavabdeh qeyd edilən məbləği birdəfəlik və yaxud hissə-hissə 2 (iki) il müddətindən daha tez də ödəmək hüququ var. - Tərəflər razılığa gəlir ki, 30 000 ABŞ dolları (51 000 AZN) məbləğə hər hansı faiz, mükafat və ya cərimə məbləğləri hesablanmır. - İddiaçı MMC hazırkı iddia tələbindən imtina edir və gələcəkdə bu mübahisə ilə bağlı və onunla əlaqəli olan hər hansı iddia tələblərinin (avtomobilə vurulmuş maddi ziyanın ödənilməsi və s.) qaldırmayacağını öz öhdəsinə götürür. - Cavabdeh lizinq predmeti olan “Porsche Panamera” markalı avtomobilin gələcəkdə İddiaçı MMC tərəfindən özgəninkiləşdirilməsinə (satılmasına) etiraz etməyəcək və bununla bağlı hər hansı iddia tələblərinin qaldırmayacağını öz öhdəsinə götürür. - Tərəflər razılığa gəlirlər ki, İddiaçı MMC Cavabdeh məxsus və hazırkı məhkəmə işi üzrə özgəninkiləşdirilməsi qadağan edilmiş “AUDİ Q8” markalı, 90XK075 dövlət qeydiyyat nişanlı və “TOYOTA PRİUS (HİBRİD)” markalı, 77EL594 dövlət qeydiyyat nişanlı avtomobilləri bu saziş təsdiq edildiyi andan dərhal sonra həbsdən azad edilməsi ilə bağlı müvafiq tədbirlər görməyi öz öhdəsinə götürür. - Tərəflər razılığa gəlirlər ki, Cavabdeh məxsus və hazırkı məhkəmə işi üzrə özgəninkiləşdirilməsi qadağan edilmiş “LAND ROVER DİSCOVERY” markalı, 99DT995 dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh tərəfindən bu Sazişin 2-ci bəndində qeyd edilmiş məbləğ tam olaraq ödənilənə qədər həbsdə qalmaqda davam edir və Cavabdeh buna etiraz etmir. - Tərəflər razılığa gəlirlər ki, İddiaçı MMC bu Sazişin 2-ci bəndində göstərilən məbləğ tam ödənildikdən sonra Cavabdeh məxsus və hazırkı məhkəmə işi üzrə özgəninkiləşdirilməsi qadağan edilmiş “LAND ROVER DİSCOVERY” markalı, 99DT995 dövlət qeydiyyat nişanlı avtomobilin həbsdən azad edilməsi ilə bağlı müvafiq tədbirlər görməyi öz öhdəsinə götürür. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Azərbaycan Respublikası Ali Məhkəməsinə Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar