Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1000/2021 23.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi, İddiaçı QSC-nin nümayəndəsi X1, Cavabdeh2 iştirakı ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı lizinq müqaviləsi üzrə borcun və lizinq predmetinin qaytarılması tələblərinə dair iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3848/2021 nömrəli iş üzrə 27 iyul 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə əsasən kommersiya mübahisəsinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlərə qarşı məhkəməyə müraciət edərək, 09.12.2013-cü il tarixli 577/61/2013 nömrəli X3 Müqaviləsi üzrə yaranmış 71.912,47 manat əsas borcun, 72.648,26 manat hesablanmış faiz borcunun, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manatın, ümumilikdə 144.590,73 manat pul vəsaitinin cavabdehlərdən birgə tutularaq onun xeyrinə ödənilməsi, eləcə də, dövlət büdcəsinin vəsaiti hesabına alınmış 1 ədəd Komatsu PC34ONLC-7EO markalı tırtıllı ekskavatorun Cavabdeh1 işlək vəziyyətdə alınaraq ona qaytarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə iddianın təmini tədbiri barədə ərizə də təqdim edərək, işə baxılıb qurtarana qədər 1 ədəd Komatsu PC34ONLC-7EO markalı tırtıllı ekskavatordan istifadə edilməsinin cavabdehlərə və digər şəxslərə qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 27.07.2021-ci il tarixli qərardadı ilə iddiaçının iddianın təmin tədbiri barədə ərizəsi rədd edilmişdir. Qərardadla razılaşmayan iddiaçı ondan şikayət verərək, ləğv edilib, iddianın təmin tədbiri barədə ərizənin təmin edilməsini xahiş etmişdir. Şikayətin dəlillərinə görə, cavabdehin öz öhdəliklərini qərəzli olaraq icra etməməsi, müqavilə üzrə əsas olmadığı halda vaxtı uzatmaq və süründürməçiliyə yol vermək niyyəti ilə atdığı qərəzli addımlar dövlət büdcəsinin vəsaiti hesabına alınmış əmlakın qanunsuz istismar sayəsində yararsız vəziyyətə düşməsi ilə nəticələnir ki, mövcud qanunvericilik bu cür halların qarşısının alınması üçün əhəmiyyəti olan iddianı təmin etmə institutunu nəzərdə tutmuşdur. Mübahisə predimeti olan lizinq avadanlığından cavabdeh və digər şəxslər tərəfindən istifadəyə qadağa qoyulması tələbi ilə bağlı yaranan hüquqi əsasın mahiyyəti ondan ibarətdir ki, iş üzrə tərəf olan İddiaçı QSC müqavilə tələblərinə uyğun olaraq dövlət mülkiyyəti olan əmlakı digər tərəfə lizinq yolu ilə istifadəyə vermişdir ki, tərəf lizinqin müqabilində müəyyən məbləğ razılaşdırılmış muzdu ödəsin. Cavabdeh isə Müqavilə üzrə qarşılıqlı razılaşmadan sui-istifadə edərək nə muzdu ödəmiş, nə də ki, qanunsuz və əsassız istismar etdiyi avadanlığı geri qaytarmışdır. Mübahisə predimeti ilə iddianı təmin etmə haqqındakı ərizənin mütənasibliyi lizinq obyektinin qanunsuz istismar nəticəsində ziyana uğrayaraq tamamilə sıradan çıxmasının gələcəkdə qəbul ediləcək qətnamənin icrasında çətinlik törətməyindən irəli gəlir. Birinci instansiya məhkəməsinin hakiminin qərəzli qənaəti və dövlət büdcəsinin vəsaiti hesabına alınmış əmlakın qanunsuz istismarının qarşısının alınmasına hakimin göstərdiyi bu cür absurd münasibət həqiqətən ciddi hüquq pozuntusudur. Bu pozuntu isə nəticə etibarilə dövlətə məxsus əmlakın qanunsuz istismarına bilavasitə şərait yaradır. İstifadəsinə qadağa qoyulması tələb edilən əmlak lizinq verənin xüsusi mülkiyyəti olmaqla digər şəxslərin qanunsuz istifadəsindədir, muzdu ödənilmədən qanunsuz istismar edilir, gələcəkdə qəbul ediləcək məhkəmə qətnaməsi ilə alına bilən bu avadanlıq qanunsuz istismar nəticəsində tamamilə yararsız vəziyyətə düşərək sıradan çıxmaqla (məhv edilməklə), həmçinin başqa bir şəxsə istifadə üçün verilməklə, eləcə də sair halların baş verməsi nəticəsində qətnamənin icrasını çətinləşdirə bilər. Bakı Kommersiya Məhkəməsinin 29.07.2021-ci il tarixli qərardadına əsasən şikayət işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, dəlillər əsassızdır. Belə ki, MPM-in 157 və 158-ci maddələrinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər və buna prosesin istənilən mərhələsində yol verilir, hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir, iddianı təmin etmək üçün müəyyən hərəkətləri etmək cavabdehə, həmçinin mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etmək başqa şəxslərə qadağan edilə bilər. Məhkəmə kollegiyası bildirir ki, iddianın təmin edilməsi mülki (iqtisadi) iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan və qətnamənin icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilən halların aradan qaldırılmasına yönələn prosessual tədbirdir. İddianı təmin etmə tədbiri tətbiq edilərkən o mövqedən çıxış edilir ki, bu tədbirin görülməməsi qətnamənin gələcəkdə icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilər, bu tədbirin tətbiq olunması isə o halda realizə olunur ki, iddia ilə həmin tədbir arasında əlaqə mövcud olsun, görülən tədbir məhz iddianın təmin edilməsinə yönəlsin. İddianı təmin etmə tədbirinin görülməsi üçün ərizə ilə pozulmuş və ya mübahisəli hüququn mövcudluğunu təsdiq edən sübut məhkəməyə təqdim olunmalıdır. İddianı təmin etmə tədbirinin tətbiqinin zəruriliyi üçün irəli sürülən dəlillərə qiymət verilərkən həmin dəlillərin ağlabatan olması və əsaslılığı, bu tədbir görülmədikdə ərizəçinin qanuni mənafeyinin əhəmiyyətli dərəcədə pozulması ehtimalı və işdə iştirak edən digər şəxslərin qanuni mənafelərinin tarazlığının təmin edilməsi nəzərə alınır. Bu baxımdan, iddianı təmin tədbiri institutu mahiyyəti etibarilə iddianın əsaslılığı prezumpsiyasına əsaslanır. İddianı təmin tədbiri məhkəmə müdafiəsi hüququnun ayrılmaz ünsürü kimi yekun məhkəmə aktının icrasının təmin edilməsinə xidmət edir ki, iddianın təmin olunması haqqında qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi özlüyündə pozulmuş subyektiv hüququn bərpasının elanıdırsa, qətnamənin icrası həmin subyektiv hüququn real bərpası deməkdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” 14.03.2018-ci il tarixli Qərarında göstərmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. Konstitusiya Məhkəməsinin həmin Qərarda əks olunan hüquqi mövqeyinə görə, “İddianı təmin etmək üçün istənilən növ tədbir, tətbiq edildiyi şəxsə münasibətdə həmin şəxsin və digər şəxslərin hüquqlarını məhdudlaşdırır və bəzən onlara əsaslı dərəcədə zərər dəyməsinə səbəb olur. Buna görə Konstitusiyada təsbit olunmuş prosessual hüquq bərabərliyi prinsipindən çıxış edərək, işdə iştirak edən şəxs ərizədə iddianı təmin etmək üçün tədbirlərin görülməsi zərurətini kifayət qədər əsaslandırmalıdır. Lakin iddianı təmin etmək haqqında ərizə ilə müraciət edən şəxsin üzərinə sübutların təqdim edilməsi ilə bağlı həddindən artıq vəzifə də qoyulmamalıdır. Sadəcə olaraq, hakim belə bir qənaətə gəlməlidir ki, işdə iştirak edən şəxsin ərizəsində göstərilən dəlillər belə tədbirlərin görülməsi üçün əsasların olmamasını deyil, daha çox mövcudluğunu sübut edir. Belə sübutlara cavabdehin vicdansızlığına dəlalət edən istənilən məlumatları, məsələn tərəflərin yazışmalarını, cavabdehin prosesi aşkar surətdə uzatmağa yönəlmiş hərəkətlərini, əmlak və maliyyə vəsaitlərini digər şəxslərin üzərinə rəsmiləşdirməyə yönəlmiş hərəkətlərini, əmlakın satışı barədə elanların verilməsini və s. aid etmək olar.” İşdən görünür ki, iddianı təmin tədbiri barədə ərizə faktiki cəhətdən lizinq predmeti tırtıllı ekskavatorun istismar olunması nəticəsində yararsız vəziyyətə düşməsi ilə əsaslandırılır. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, əvvəlcə, lizinq alana münasibətdə lizinq müqaviləsinin bağlanmasının əsas məqsədi ekskavatorun istismar olunub, gəlir əldə edilməsidir. Bundan əlavə, istismar olunan texnikanın amortizasiyaya uğraması şərtdir. Həmçinin, iddiaçı ekskavatorun üçüncü şəxslər tərəfindən istismar edilməsi barədə heç bir sübut təqdim etməmişdir. Habelə, ekskavatorun istifadəsinə qadağan qoyularsa lizinq alanın hansı qaydada gəlir əldə edərək, lizinq müqaviləsi üzrə borclarını ödəyəcəyini iddiaçı dəqiqləşdirmir. Eləcə də, müqavilə öhdəliklərinin yerinə yetirilməsinin təminat altına alınması üçün Cavabdeh2 əsas Cavabdeh1 zamin durmuşdur. Digər tərəfdən, əgər fərz olunsa ki, mübahisəli əmlak iddiaçının irəli sürdüyü kimi, yararsız hala düşmək riski ilə üzüzədir, o halda iddiaçı uğradığı zərərin əvəzini cavabdehdən tələb edə bilər. Bu mənada iddiaçının ərizə və şikayətindən aydın olmur ki, hazırkı iddianı təmin tədbiri görülməzsə, qətnamənin icrası gələcəkdə hansı qaydada çətinləşə və ya qeyrimümkün ola bilər. Nəzərə alınsa ki, cavabdeh sahibkarlıq subyektidir, onun qətnamənin icrasını gələcəkdə təmin etməyə yetəcək qədər pul vəsaitlərinə və əmlaka sahib olmaması iş materialları ilə təsdiqini tapmır, iddiaçı da cavabdehin belə bir iqtisadi imkana malik olmadığını irəli sürmür. Odur ki, mövcud vəziyyətin dəyişəcəyi halda iddiaçının hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyi təhlükəsinin mövcud olduğu, bu təhlükənin nələrdə ifadə olunduğu və ya oluna biləcəyi konkret işin faktiki halları ilə əlaqələndirilməklə əsaslandırılmalı, yalnız bu halda belə əsaslandırma məhkəmədə tam olmasa da, kifayət qədər elə bir qənaət formalaşdırmalı idi ki, sözügedən təhlükənin mövcudluğu ehtimalı yüksəkdir, həmin təhlükənin reallaşması mövcud vəziyyətin dəyişməsinə gətirib çıxara və bununla da, iddiaçının hüquqlarının qorunmasını mümkünsüz edə yaxud əhəmiyyətli dərəcədə çətinləşdirə bilər deyə onların hüquqlarının müdafiəsi üçün təcili tədbirlərin görülməsinə ehtiyac vardır. Məhz belə bir zərurətlə bağlı əminlik olmalıdır ki, iddianı təmin tədbirinin tətbiqinin indiki mərhələdə cavabdeh üçün əsassız ağır yükə çevrilmədən mütənasibliyə cavab verdiyi sual doğurmasın. Beləliklə, hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır, şikayətin dəlilləri qərardadın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, qərardad dəyişdirilmədən saxlanılmalı, şikayət təmin olunmamalıdır (MPM-in 398.0.1-ci maddəsi). Göstərilənlərə əsasən və MPM-in 263, 264, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3848/2021 nömrəli iş üzrə 27 iyul 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. İddiaçı QSC-nin şikayəti təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. HAKİMLƏR Vidadi Məmmədov Azər Hüseynov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-1000/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-1000/2021
23.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver