Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1000/2023 20.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı kommersiya işi üzrə Açar söz: borcun ödənilməsi Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun tutulması” tələbinə dair kommmersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)- 3339/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları
1. İş materiallarına əlavə edilmiş sübutlardan görünür kİ, İddiaçı MMC (əvvəlki adı “X3 LTD” MMC) və Cavabdeh MMC (əvvəlki adı “X2” MMC) arasında xx.xx.2021-ci il tarixdə “Təchizat müqaviləsi” adı altında alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin qüvvəsi xx.xx.2021-ci il tarixədək müəyyən edilmişdir. Müqavilənin 3.1-ci bəndində qeyd edilmişdir ki, alıcı müqavilənin ayrılmaq tərkib hissəsi olan “Xüsusi şərtlərə” uyğun olaraq malın təchizatı müqabilində ödəniş edəcək. 1.1-ci bəndə əsasən alıcı tərəfindən sifariş edilmiş malların təchiz edilməsi nəzərdə tutulur. 3.4-cü bəndə əsasən ödəniş elektron qaiməyə əsasən yerinə yetirilir. Müqaviləyə əlavə edilmiş “Xüsusi şərtlər”də malın dəyərinin alıcı tərəfindən hesab faktura təqdim edildikdən sonra 21 təqvim günü ərzində ödənilməsi nəzərdə tutulur.
2. İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən xx.xx.2021-ci il tarixdən müqavilə üzrə İddiaçı tərəfindən Cavabdehnə elektron qaimə fakturalar əsasında 78566.73 manat dəyərində süd məhsulları təchiz edilmiş, (qaytarma qaimələri çıxılmaqla), Cavabdeh tərəfindən 64338,06 manat ödəniş edilmiş, 14228,67 manat borc ödənilməmişdir. Maliyyə arayışından görünür ki, ödəniş edilməmiş elektron qaimələr 2022-ci ilin sentyabr və oktyabr ayları üçün təqdim edilmiş malların dəyəridir. Həmin elektron qaimələr və cavabdehin adından imza və ştampla təsdiq edilmiş təhvilqəbul aktları iş materiallarına əlavə edilmişdir.
3. İş materiallarının 155-ci vərəqinə əlavə edilmiş, cavabdeh tərəfindən xx.xx.2022ci il tarixdə təsdiq edilmiş malların sonuncu təhvil-qəbul aktında cavabdehin həmin tarixə 25.469,92 manat məbləğində borcu olduğu qeyd edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 14.228,67 manat məbləğində pulun və mediasiyaya çəkilmiş xərcin əvəzi olaraq 200 manat məbləğində pul vəsaitinin Cavabdeh MMC-dən İddiaçı MMC-nin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.2023 tarixindən etibarən “X3 LTD” MMCnin adı dəyişdirilərək İddiaçı MMC adlandırılmışdır. Müqavilə bağlayarkən Cavabdeh MMC-nin adı “X2” MMC olmuşdur. 15 sentyabr 2021-ci il tarixli, 4879/21 saylı “Təchizat müqaviləsi”nə əsasən təchizatçı - İddiaçı MMC alıcı - Cavabdeh MMC tərəfindən sifariş əsasında sifariş edilən malları alicının mülkiyyətinə verməyi, alıcı isə həmin malları qəbul edib əvəzində müəyyən edilmiş pul məbləğini ödəmək öhdəliklərini öz üzərlərinə götürmuşlər. İddiaçı MMC üzərinə götürdüyü öhdəlikləri tamamilə icra etsə da, Cavabdeh MMC öz öhdəliklərini yerinə yetirməmişdir. Belə ki, Cavabdeh MMC müəssisədən aldığı süd məhsullarının dəyərini, ona kifayət qədər güzəştli müddət verilməsinə baxmayaraq, ödəməmiş və nəticədə 14.228,67 manat məbləğində icra olunmamış borc öhdəliyi yaranmışdır. Həmin müqavilədə qeyd edilən Xüsusi Şərtlərə əsasən ödənişlər malın təhvil verildiyi gündən 21 təqvim günü ərzində həyata keçirilməli idi, lakin malın təhvil verildiyi gündən uzun müddət keçməsinə baxmayaraq borcun ödənilməsi ilə əlaqədar edilən bütün danışıqlar və səylər nəticə verməmişdir və hal-hazırda cavabdehin borc məbləği 14.228,67 manat təşkil edir.
6. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-3339/2023 nömrəli qətnaməsi ilə (hakim Kənan Hüseynov) iddia tələbi təmin edilmişdir.
7. Məhkəmə ilk olaraq qeyd etmişdir ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsindən irəli gəlir. İş materiallarında olan hər iki hüquqi şəxsin möhürü ilə təsdiq edilmiş xx.xx.2022-ci il tarixli malların təhvil-qəbul aktından görünür ki, cavabdehin həmin tarixə 25.469,92 manat məbləğində borcu olmuş, bu hal iddiaçı tərəfindən ən azından həmin dəyərdə olan mallarının cavabdehə verildiyini təsdiq etmişdir. İddiaçı tərəf də, cavabdehin müəyyən ödənişlər etdikdən sonra 14.228,67 manat borcunun qaldığını bildirmişdir.
8. Məhkəmə həmçinin qeyd etmişdir ki, məhkəmə iclaslarının yeri və vaxtı barədə məhkəmə bildirişləri cavabdehin “Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə yerləşdirilsə də cavabdeh məhkəmə iclaslarında nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəmə iclasında iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş, iddiaya münasibət bildirməmiş, bu hal da, cavabdehin iddianı dolayısı ilə qəbul etməsi kimi qiymətləndirilməlidir.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
9. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-3339/2023 nömrəli qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının nümayəndəsi tərəfindən təqdim edilən təhvil-təslim aktları qəbul edilməməlidir. Belə ki, həmin aktlar şübhə doğurur. Həmçinin təqdim edilən aktlarda ümumiyyətlə kimlərin imza etməsi bəlli deyil. Digər şübhəli məqam ondan ibarətdir ki, iddiaçının iddia etdiyi kimi və təqdim etdiyi kimi mal verilirdisə və malın dəyəri ödənilmirdisə niyə mal verilirdi. İddiaçı tərəfindən təqdim edilən təchizat müqaviləsinin 3.8-ci bəndinə əsasən verilmiş malların dəyəri 14 gün ərzində ödənilməli idi. Təqdim edilən aktlara əsasən niyə oktyabr ayında təqdim olunan malların dəyəri ödənilmədən noyabr ayında mal verilib? Ümumiyyətlə müqaviləyə də diqqət yetirilsə görünər ki, müqavilə Nümayəndə2 tərəfindən imza edilməyib. İddiaçının pul tələbi etdiyi müqavilə direktor və ya buna səlahiyyətli şəxs tərəfindən imzalanmayıb. Həmin vaxt və cari tarixədək müəssisənin direktoru Nümayəndə2 olmuşdur. Məhkəmə isə müqaviləyə möhürün vurulmasını müqavilənin bağlanmış olması kimi qiymətləndirmişdir. Halbuki məhkəmə həmin möhürü və aktlardakı möhürü araşdırmalı və müvafiq ekspertiza təyin etməli idi. Həmçinin aktlardakı ştampların müəssisəyə məxsus olub olmamasını və üzləşmə aktlarının kim tərəfindən imzalanması araşdırmamışdır. Bu səbəbdən həmin sənədlər etibarsızdır. Məhkəmə həmin sənədlərin həqiqiliyini araşdırmamış qətnamə qəbul etməməli idi
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. İddiaçının nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.
12. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdirlər.
13. Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi; 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 154.1-ci maddə-işdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir. 154.3-cü maddə-iddiaya etirazda ardıcıl və tam şəkildə iddiaçının göstərdiyi hər bir dəlilə münasibət bildirilməli, işin faktiki halları və sübutlara dair dəlillər əks olunmalıdır. İşdə iştirak edən şəxs iddiada göstərilən hər hansı halla razılaşmadıqda bunun səbəblərini və əsaslandırılmış dəlillərini göstərməlidir. 154.4-cü maddə-işdə iştirak edən şəxs iddiaya etirazda göstərilən bütün sübutların siyahısını təqdim etməlidir. Ondan asılı olmayan səbəblərə görə hər hansı sübut barədə məlumatın iddiaya etiraz ilə birgə təqdim edilməsi mümkün olmadıqda, işdə iştirak edən şəxs bunu göstərməlidir. 361.4-cü maddə-apellyasiya şikayətini verən şəxsin birinci instansiya məhkəməsinə təqdim edilməyən yeni sübutlara istinad etməsinə yalnız o hallarda yol verilir ki, o, şikayətdə həmin sübutların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyrimümkün olduğunu əsaslandırsın. 372.2-ci maddə-yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 385.2-ci maddə-birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Əsaslandırıcı hissə
Apellyasiya baxışının hədləri
14. Qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən tam yoxlanılır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
15. Məhkəmə izahatı dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-3339/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
16. Apellyasiya şikayətinin dəlilləri üzrə araşdırma aparılaraq müəyyən edilmişdir ki, cavabdeh apellyasiya şikayətində tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilədəki imzanın direktor Nümayəndə2 məxsus olduğunu, malların təhvil alınması barədə aktların tərəflərindən təsdiq edildiyini mübahisələndirsə də, birinci instansiya məhkəməsinə iddiaya etiraz təqdim etməmiş, təqdim edilmiş sübutları mübahisələndirməmiş, o cümlədən əgər qarşı tərəflər müqavilə bağlanmamış və mallar təhvil verilməmişdirsə iddiaçıya ödənişlərin hansı əsasla həyata keçirildiyini göstərməmiş, iddiaçıdan hansı məbləğdə mal alındığını, hansı məbləğdə ödəniş edildiyini qeyd etmədən, o cümlədən apellyasiya instansiyası mərhələsində də məhkəmə iclaslarında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etmədən iddiaçı tərəfindən təqdim edilmiş sübutlarla bağlı araşdırma aparılmasını xahiş etmişdir.
17. Məhkəmə cavabdeh tərəfindən MPM-nin 154.1-ci maddəsinin tələbinə uyğun olaraq iddiaya etirazın birinci instansiya məhkəməsinə təqdim edilmədiyini və apellyasiya şikayətində bunun səbəbinin qeyd edilmədiyini nəzərə alaraq hesab edir ki, MPM-nin 361ci və 372-ci maddələrinin tələblərinə əsasən apellyasiya şikayətində qeyd edilmiş birinci instansiya məhkəməsi tərəfindən araşdırma predmeti olmayan dəlillər əsassız hesab edilir və müəyyən edilir ki, birinci instansiya məhkəməsi iddiaçı tərəfindən təqdim edilmiş sübutlara düzgün hüquqi qiymət verərək mübahisə üzrə düzgün nəticəyə gəlmişdir.
18. İşə apellyasiya qaydasında baxılarkən iddiaçı tərəfindən müqavilə və təhviltəslim aktlarının əsli məhkəməyə baxış keçirilməsi üçün təqdim edilmiş, həmin sənədlərə baxış keçirilərək sənədlərin həqiqətən cavabdehin möhürü və üzərində Cavabdeh yazısı olan müxtəlif filiallara məxsus (Sumqayıt, Memar Əcəmi, Yasamal, Xırdalan) ştamplarla təsdiq edildiyi müəyyən edilmişdir. Eyni zamanda işə apellyasiya qaydasında baxılarkən iddiaçının nümayəndəsinə dəyəri tələb edilən malların təqdim edilməsi ilə bağlı elektron qaimələrin cavabdehin özü tərəfindən təsdiq edilib-edilməmədiyinin müəyyənləşdirilməsi üçün X1 sistemindən çıxarışın təqdim edilməsi təklif edilmiş, təqdim edilmiş sənədə əsasən müəyyən edilmişdir ki, EBCD 423693 saylı elektron qaimə (334,51 manat) elektron qaimə istisna olmaqla, digər bütün qaimələr cavabdehin özü tərəfindən təsdiq edilmiş və yazılı təhvil-təslim aktlarından əlavə, cavabdeh eyni zamanda malların təqdim edilməsi ilə bağlı iddiaçı tərəfindən göndərilmiş elektron qaimələri təsdiq etməklə həmin malları qəbul etdiyini təsdiq etmişdir. Sistem tərəfindən təsdiq edilmiş elektron qaimənin ləğv edilməsi barədə sübut olmadığından həmin qaimə üzrə malların da cavabdehə təqdim edildiyi müəyyən olunur.
19. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti əsassız hesab edilərək təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-3339/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
20. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:
Cavabdeh MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-3339/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.