Məhkəmə qərarları › İş №2-2(103)-1001/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1001/2021

27.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1001/2021 27.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Vəliyev Elmar Valeh oğlunun katibliyi ilə, iddiaçının nümayəndəsi X3, cavabdehin nümayəndəsi və vəkili Cavabdeh2 iştirakları ilə, iddiaçı "xxxx" MMC-nin Cavabdeh1nə qarşı alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsinə dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin 12.07.2021-ci il tarixli, e-2-2(113)-2158/2021 saylı qətnaməsindən (hakim Ülkər Həsənova) iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh1nə qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək cavabdehdən 26,516.34 manat məbləğində borcun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında 23 may 2018-ci il tarixli, 180523/08-100 nömrəli alqı-satqı müqaviləsi bağlanılmış və həmin müqaviləyə əsasən iddiaçı tərəfindən ümumi dəyəri 262104,06 manat məbləğində malların satışı həyata keçirilmişdir. Cavabdeh tərəfindən qeyd olunan müqavilə üzrə cəmi 235.587,72 manat məbləğində ödəniş edilmişdir. Lakin cavabdeh tərəfindən müqavilə üzrə razılaşdırılmış məbləğ üzrə qalan 26,516.34 manat məbləğində pul vəsaiti ödənilməmiş qalmışdır. İddiaçı yuxarıda qeyd olunan müqavilə üzrə üzərinə düşən öhdəliklərini vaxtlıvaxtında və lazımi qaydada yerinə yetirsə də, cavabdeh tərəfindən öhdəliklər icra edilməmiş, aldığı malların dəyərinin ödənilməsinə dair öhdəliklərini bu günə qədər tam icra etməmişdir. Bakı Kommersiya Məhkəməsinin 12 iyul 2021-ci il tarixli, 2-2(113)-2158/2021 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Həmin qətnamədən iddiaçı "xxxx" MMC apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işin faktiki hallarını düzgün qiymətləndirmədən və mövcud qanunvericiliyin müddəalarını nəzərə almadan Bakı Kommersiya Məhkəməsi əsassız olaraq hesab etmişdir ki, 23 may 2018-ci il tarixli, 180523/08-100 saylı alğı-satqı müqaviləsinə əsasən iddiaçıya ödənilməli olan 26516,34 manat məbləğində borcun tutulması hissəsində iddiaçı tələbini əsaslandıra və bununla bağlı (malların alıcıya təhvil verildiyini təsdiq edən) hər hansı mötəbər sübutlar təqdim edə bilmədiyindən, iddia təmin edilməməlidir. Məhkəməyə təqdim edilmiş və nömrəsi, tarixi uyğun olaraq qətnamədə sadalanan elektron qaimələr həmin malların alıcıya çatdırıldığını təsdiq edir. Bu qaimələr birbaşa, yazılı və mötəbər sübutlardır İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkili Cavabdeh2 məhkəmə iclasında apelyasiya şikayətinə yazılı etiraz təqdim edərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin 12.07.2021-ci il tarixli e-2-2(113)-2158/2021 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddiaçı "xxxx" MMC-nin iddiası iddiası qismən təmin edilərək Cavabdeh1ndən iddiaçının xeyrinə 12912,71 manat pul, 30 manat dövlət rüsumu tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. İşin mübahisəsiz halları ondan ibarətdir ki, tərəflər arasında 23 may 2018-ci il tarixli, 180523/08-100 nömrəli alqı-satqı müqaviləsi bağlanılmış və cavabdeh tərəfindən qeyd olunan müqavilə üzrə iddiaçıya ümumilikdə 235.587,72 manat məbləğində ödəniş edilmişdir. İddiaçı cavabdehə təhvil verilmiş 26.516,34 manat məbləğində malların dəyərinin ödənilmədiyini iddia edir, cavabdeh isə həmin dəyərdə malların cavabdehə təhvil verildiyi qəbul etmir. İddianın hüquqi əsasını aşağıdakı normalar təşkil edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. İddiaçının apelyasiya şikayətinin dəlillərindən biri bundan ibarətdir ki, malların cavabdehə təqdim edildiyi birinci instansiya məhkəməsinə sübut qismində təqdim edilmiş elektron qaimələrlə təsdiq edilir. İş materiallarına əlavə edilmiş EAAO 75281 nömrəli 27.12.2018-ci il tarixli, EAAM 144069 nömrəli 17.09.2018-ci il tarixli, EAAM 295997 nömrəli 24.09.2018-ci il tarixli, EAAM 297883 nömrəli 24.09.2018-ci il tarixli, EAAM 399683 nömrəli 28.09.2018-ci il tarixli, EAAM 422579 nömrəli 28.09.2018-ci il tarixli, EAAN 292648 nömrəli 01.11.2018-ci il tarixli, EAAN 146675 26.10.2018-ci il tarixli, EAAN 146528 26.10.2018-ci il tarixli, EAAN 058973 nömrəli 23.10.2018-ci il tarixli, EAAM 595020 nömrəli 04.10.2018-ci il tarixli, EAAM 677996 nömrəli 08.10.2018-ci il tarixli, EAAN 146834 26.10.2018-ci il tarixli, EAAM 531222 nömrəli 02.10.2018-ci il tarixli, EAAM 629509 nömrəli 05.10.2018-ci il tarixli, EAAM 900433 17.10.2018-ci il tarixli, EAAO 752381 27.12.2018-ci il tarixli, EAAM 392408 nömrəli 27.09.2018-ci il tarixli, EAAK 085376 nömrəli 25.06.2018-ci il tarixli, EAAK 047565 nömrəli 22.06.2018-ci il tarixli, EAAK 047825 nömrəli 22.06.2018-ci il tarixli, EAAK 046096 nömrəli 22.06.2018-ci il tarixli, EAAK 045873 nömrəli 22.06.2018-ci il tarixli, EAAK 045449 nömrəli 22.06.2018-ci il tarixli, EAAK 045495 nömrəli 22.06.2018-ci il tarixli elektron qaimələr üzrə hesablama aparıldıqda iddiaçı tərəfindən cavabdehə təqdim edilmiş malların ümumi dəyərinin iddia ərizəsində qeyd edildiyi kimi 262104,06 manat təşkil etdiyi müəyyən olunur. Tərəflər arasında bağlanmış 23.05.2018-ci il tarixli alqı-satqı müqaviləsinin 3.3-cü bəndinə əsasən satıcı malları qoşmada nəzərdə tutulmuş müddətdə alıcıya təhvil verməlidir... Mallar təhvil yerində satıcı tərəfindən alıcının sahibliyinə verildikdə, mallar təhvil verilmiş hesab olunur və tərəflər arasında müvafiq qaydada təhvil-təslim aktı imzalanır. Birinci instansiya məhkəməsi müqavilənin qeyd edilən bəndinə istinad edərək bu qənaətə gəlmişdir ki, malların cavabdehə təhvil verilməsini təsdiq edən təhvil-təslim aktları olmadığından təqdim edilmiş elektron qaimələr təhvil-təslimi təsdiq edən sübut kimi nəzərə alına bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Həmin Məcəllənin 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Mülki qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi, müqavilə tərəfləri arasındakı mübahisələrin həlli zamanı müqavilə şərtləri hərfi mənada təfsir edilməməli, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış təcrübə, işgüzar adətlər, tərəflərin müqavilə bağladıqdan sonrakı hərəkətləri nəzərə alınmalıdır. Birinci instansiya məhkəməsi mübahisəyə hüquqi qiymət verərkən nəzərə almamışdır ki, müqavilədə malların satıcı tərəfindən alıcıya təhvil verilməsi zamanı təhvil-təslim aktının tərtib edilməsi nəzərdə tutulsa da, cavabdeh tərəfindən dəyəri artıq ödənilmiş mallarla bağlı da tərəflər arasında təhvil-təslimlə bağlı aktlar mövcud deyil. Belə olan halda müəyyən olunur ki, tərəflər arasında malların təhvil-təslimi elektron qaimə göndərilməsi ilə rəsmiləşdirilmişdir. Tərəflər arasında alqı-satqı müqaviləsi bağlandığı dövrdə qüvvədə olmuş “Elektron vergi hesab-fakturalarının tətbiqi, uçotu və istifadə” Qaydalarının 2.3-cü bəndinə əsasən ƏDV ödəyicisi kimi qeydiyyatdan keçmiş və vergi tutulan əməliyyat aparan şəxs (bundan sonra - vergi ödəyicisi (satıcı) malları (işləri, xidmətləri) alan şəxsə (alıcıya, yaxud sifarişçiyə) elektron vergi hesab-fakturasını elektron formatda təqdim etməlidir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən vergi ödəyicisi (satıcı) malın (işin, xidmətin) alıcısına (sifarişçisinə) elektron vergi hesab-fakturasını Azərbaycan Respublikası Vergi Məcəlləsinin müddəalarına uyğun olaraq mal (iş, xidmət) təqdim edildikdən sonra 5 gün müddətində verməlidir. Həmin Qaydaların 5.4-cü bəndinə əsasən elektron vergi hesab-fakturanın ləğvi fakturanı təqdim edən vergi ödəyicisi (satıcı) tərəfindən aparılır. Qeyd edilən Qaydaların qüvvəyə minməsindən sonra mal və xidmətlərin kağız daşıyıcıda tərtib edilmiş qaimə əsasında təqdim edilməsi qanun pozuntusu hesab edildiyindən elektron qaimələr məhkəmə tərəfindən işin hallarından asılı olaraq mal və xidmətlərin təqdim edildiyini təsdiq edən sübut kimi qiymətləndirilə bilər. Tərəflər arasında bağlanmış müqavilənin 4.1-ci bəndində qeyd edilir ki, müqavilənin ümumi dəyəri müqaviləyə qoşmalarda müəyyən edilmiş məbləğlərin cəmindən ibarətdir. İş materiallarından görünür ki, 23.05.2018-ci il tarixli alqı-satqı müqaviləsinə 7 ədəd qoşmaya əsasən (24.08.2018-ci ildə 107899,20 manat, 21.06.2018-ci il tarixdə 785,60 manat, 26.07.2018-ci il tarixdə-78470 manat, 07.09.2018-ci il tarixdə-54615,12 manat, 24.09.2018-ci il tarixdə 3582,35 manat, 24.09.2018-ci il tarixdə-2136,43 manat, 24.09.2019-cu il tarixdə 1011,73 manat) cavabdeh tərəfindən iddiaçıya sifariş verilmiş malların ümumi dəyəri 248500,43 manat təşkil edir. Cavabdehin sifariş verilmiş 248500,43 manat dəyərində malın təqdim edilməməsi ilə bağlı iddiaçıya pretenziya irəli sürməməsi və həmin dəyərdə malın təqdim edilməsi barədə göndərilmiş elektron qaimələrin ləğvi ilə müraciət etməməsi belə qənaətə gəlməyə əsas verir ki, müqaviləyə qoşmalara əsasən sifariş verilmiş 248500,43 manat dəyərində mal iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir. 248500,43 manatdan cavabdehin ödədiyi 235.587,72 manat məbləğ çıxıldıqda qalıq borcun 12912,71 manat təşkil etdiyi müəyyən olunur. Birinci instansiya məhkəməsi işin faktiki hallarına və iş üzrə təqdim edilmiş sübutlara düzgün hüquqi qiymət vermədiyindən məhkəmə hesab edir ki, mübahisələndirilən qətnamə ləğv edilərək iddianın qismən-12912,71 manat hissədə təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Cavabdeh tərəfindən 248500,43 manatdan artıq məbləğdə malın iddiaçıya sifariş verilməsi barədə işdə sübutlar olmadığından məhkəmə hesab edir ki, iddia qalan hissədə əsassızdır. İddiaçı tərəfindən təqdim edilmiş nəzarət buraxılış vərəqələrini, malların və xidmətlərin satışı adlı sənədləri imzalamış şəxslərin cavabdehin səlahiyyətli nümayəndələri olduğu sübut olunmadığından və həmin sənədlərdə qeyd edilmiş məbləğlərə əsasən iddiaçının iddia etdiyi məbləğdə malın cavabdehə təhvil verildiyi təsdiq olunmadığından məhkəmə həmin sübutları iddia ərizəsinin dəlillərini təsdiq edən mötəbər sübut hesab etmir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsaslılığını sübut etməlidir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin 12.07.2021-ci il tarixli e-2-2(113)- 2158/2021 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddiaçı "xxxx" MMC-nin iddiası iddiası qismən təmin edilərək Cavabdeh1ndən iddiaçının xeyrinə 12912,71 manat pul, 30 manat dövlət rüsumu tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı "xxxx" MMC-nin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin 12.07.2021-ci il tarixli e-2-2(113)-2158/2021 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilərək Cavabdeh1ndən iddiaçı "xxxx" MMC-nin xeyrinə 12912,71 manat pul, 30 manat dövlət rüsumu tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasısı vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasısına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar