Məhkəmə qərarları › İş №2-2(103)-1002/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1002/2024

15.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1002/2024 15.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı MMC-nin cavabdeh “Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi” publik hüquqi şəxsinə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X4 Əliyevanın sədrliyi və məruzəsi ilə, X2 və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)- 3476/2024 saylı qətnaməsindən cavabdeh “Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi" publik hüquqi şəxsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları:

1. "Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi" publik hüquqi şəxsi (Sifarişçi) və İddiaçı MMC (İcraçı) arasında imzalanmış 22 noyabr 2022-ci il tarixli 2022/EAT-18 nömrəli Mallar (İşlər və Xidmətlər) üzrə Satınalma müqaviləsindən görünür ki, Sifarişçi maşın və avadanlıqların satın alınması üçün icraçının 1.098.999,49 manat məbləğində tender təklifini qəbul etmiş, İcraçı, müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında Sifarişçiyə satın alınan maşın və avadanlıqların təhvil verilməsini öhdəsinə götürmüşdür. Göndərilmiş mallar (yerinə yetirilmiş işlər və ya göstərilmiş xidmətlər) İcraçının tender təklifinə və bu müqavilədə göstərilmiş şərtlərə uyğun olmadıqda, İcraçı aşkar olunan qüsurların müqavilənin xüsusi şərtlərində göstərilmiş qaydada aradan qaldırılmasına təminat vermişdir.

2. Müqavilənin 5.1 və 5.6-cı bəndlərinə əsasən icraçı malların göndərilməsi, işlərin yerinə yetirilməsi və xidmətlərin göstərilməsi üzrə müqavilədə nəzərdə tutulan öhdəlikləri yerinə yetirib malları (işləri və xidmətləri) Sifarişçiyə müəyyənləşdirilmiş qaydada təhvil verməyi, Sifarişçi müqavilə üzrə göndərilmiş malların, yerinə yetirilmiş işlərin və göstərilmiş xidmətlərin təxirəsalınmadan (aşkar olunan qüsurların icraçı tərəfindən aradan qaldırılmasını nəzərə almaqla) qəbul edilməsini və ödəmələrin vaxtında aparılmasını öhdəsinə götürmüşdür.

3. Müqavilənin 12.1-ci bəndinə əsasən müqavilə üzrə ödəmələr (o cümlədən avans ödənişi) Sifarişçi tərəfindən tenderin əsas şərtlər toplusunda və müqavilənin xüsusi şərtlərində müəyyənləşdirilmiş qaydada və məbləğdə, icraçının təqdim etdiyi sənədlər (qaimələr, aktlar, digər sənədlər) əsasında, ən qısa müddət ərzində, lakin 15 bank günündən gec olmamaq şərti ilə aparılması şərtləşdirilmişdir.

4. Müqavilənin 17.1-ci bəndinə əsasən müqavilənin icrası müddətində Sifarişçi aşkar olunmuş qüsurlar haqqında icraçıya dərhal bildiriş verməlidir. Bildirişdə qüsurların aradan qaldırılması üçün məsuliyyət müddəti göstərilməlidir.

5. xx.xx.2022-ci il tarixli 2022/EAT-18 nömrəli müqavilənin ayrılmaz tərkib hissəsi olan 3 saylı X1 Protokolundan görünür ki, İddiaçı MMC və "Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi" publik hüquqi şəxsi müxtəlif adda malların qiymətlərini cəmi 1.098.999,49 manat məbləğində müəyyənləşdirmişlər.

6. xx.xx.2023-cü il tarixli təhvil-təslim aktından görünür ki, xx.xx.2022-ci il tarixli 2022/EAT-18 nömrəli müqavilə üzrə ümumi dəyəri 4875,76 manat məbləğində müxtəlif adda mallar "Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi" publik hüquqi şəxsi tərəfindən təhvil alınmışdır. EBDİ seriyalı, 369695 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 4875,76 manat dəyərində mallar, MT2404 seriyalı, 00250593 nömrəli, xx.xx.2024-cü il tarixli elektron qaiməyə əsasən 11914.46 manat dəyərində DGPS üçün təlim 5 günlük “off line” təlim kursu, “DGPS training cost Aircost, living, transportation etc xidməti” İddiaçı MMC tərəfindən "Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi" publik hüquqi şəxsinə ödənilməsi üçün təqdim edilmişdir.

7. İddiaçı MMC tərəfindən göndərilmiş 21 iyun 2023-cü il tarixli 23/704 nömrəli invoice’a əsasən ümumi dəyəri 16790,22 manat məbləğində olan malların və xidmətlərin ödənilməsi üçün "Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi" publik hüquqi şəxsinə təqdim edilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat:

8. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən 16790,22 əsas borc və 141 manat dövlət rüsumu olmaqla, cəmi 16931.22 manatın cavabdeh Azərbaycan Respublikası Minatəmizləmə Agentliyindən tutularaq ona ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC 2001-ci ildən informasiyakommunikasiya texnologiyaları sahəsində ixtisaslaşmış sahibkarlıq subyektidir. İddiaçı cavabdeh Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi tərəfindən maşın və avadanlıqların satın alınması məqsədilə keçirilmiş açıq tenderdə qalib olmuş və tərəflər arasında 22 noyabr 2022-ci il tarixli, 2022/EAT-18 saylı Satınalma müqaviləsi bağlanmışdır. 22 noyabr 2022-ci il tarixli Satınalma müqaviləsinin 2.1-ci maddəsinə əsasən, cavabdeh (Sifarişçi) müqavilədə göstərilən malların satın alınması üçün iddiaçının (İcraçının) 1.098.999,49 (bir milyon doxsan səkkiz min doqquz yüz doxsan doqquz manat qırx doqquz qəpik) manat məbləğində tender təklifini qəbul etmişdir. İddiaçı müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında Sifarişçiyə satın alınan malın təhvil verilməsini, cavabdeh isə malların qəbul edilməsini və onların dəyərinin ödənilməsini öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən müqavilədə razılaşdırılmış siyahı üzrə müxtəlif adda mallar xarici istehsalçılara sifariş edilmiş və əvəzi ödənilməklə alınmışdır. Həmin mallar cavabdehə təhvil verilmiş və cavabdeh tərəfindən qəbul edilmişdir. Lakin cavabdeh müqavilə üzrə öhdəliyini tam icra etməmiş, müqavilə üzrə DGPS üçün 5 günlük offline təlim xidmətinin göstərilmiş və Planşet rəhbərlik üçün Microsoft 12.3; MultiTouch Surface Pro 7+ 2.4 GHzİntelCore i5Quad-Core11thGen8GB LPDDR4X|256GBSSD12.32736x1824 X5 İntegrated İntel İrisXe GraphicsWi-Fi Windows10Pro, Office 365 Personal32/64 AllLngSubPKLic1YR OnlineCEEC2R NR QQ2-00004 adlı malın dəyərini iddiaçıya ödəməmişdir. Cavabdeh tərəfindən qəbul edilmiş malların dəyərinin ödənilməsi üçün iddiaçı tərəfindən 21 iyun 2023-cü il tarixli hesab-faktura və elektron qaimələr təqdim olunmuşdur. Lakin cavabdeh müqavilə üzrə öhdəliyini pozaraq, qəbul edilmiş mallara görə ödənişi tam şəkildə başa çatdırmamış və EBDİ №: 369695 nömrəli, xx.xx.2023 tarixli elektron qaimə üzrə 4875,76 manat, MT2404 00250593 nömrəli, 08 aprel 2024-cü il tarixli elektron qaimə üzrə 11914,46 manat olmaqla, cəmi 16790,22 manat ödəniş vaxtı keçmiş borc yaranmışdır. Cavabdeh borcun ödənilməsi barədə dəfələrlə edilən müraciətlərə etinasız münasibət göstərərək, cavab verməmişdir.

10. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.2, 427.1, 442, 600-cü maddələrinə istinad olunmuşdur.

11. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)- 3580/2024 saylı qətnaməsi ilə iddia təmin edilmiş, cavabdeh “Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi” X6 müqavilə üzrə ödənilməmiş 16790,22 manat məbləğində borc, habelə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 141 manat İddiaçı MMC-nin xeyrinə tutulması qət edilmişdir.

12. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında satınalma müqaviləsindən irəli gələn alqı-satqı münasibətləri mövcud olmuşdur. Belə ki, iddiaçı cavabadehlə aralarında imzalanmış müqavilələrə uyğun olaraq müvafiq həcmdə malı təhvil vermiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməyərək təhvil verilmiş malların dəyərini müyyən olunmuş müddətdə tam ödəməmişdir. Cavabdehin nümayəndəsi izahatı ilə malların cavabdeh quruma təhvil verildiyini təsdiq etmiş, həmçinin iddiaçıya borcunun olması iş materiallarına əlavə edilmiş sübutlarla (elektron qaimə, təhviltəslim aktı və s.) öz təsdiqini tapmış, cavabdeh iddiaya qarşı heç bir etiraz etməmiş, sadəcə təhvil-təslim aktı imzalanmadığını üçün ödəniş edilmədiyini bildirmişdir. Halbuki, cavabdehin malların təhvil verildiyini qəbul etdiyi halda aktın imzalanmamasını əsas gətirək ödənişdən imtina etməsi haqlı deyildir. Buna görə də iddiaçının cavabdehdən Mülki Məcəllənin 637.2-ci maddəsinə əsasən satdığı malların dəyərini tələb etmək hüququ yaranmışdır. Qanunvericilik normalarını, müqavilələrin şərtlərini, cavabdehin müqavilə öhdəliklərini tam icra etmədiyini, belə olan halda isə iddiaçının satdığı malların dəyərini tələb etmək hüququna malik olmasını, iddiaçı tərəfindən malın cavabdehə təhvil verildiyini, cavabdehin öz öhdəliyini lazımi qaydada icra etməyərək təhvil aldığı malların dəyərini tam, 16790,22 manat pulu ödəmədiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır, buna görə də 16790,22 manat borc, cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

13. Cavabdeh “Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi” həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, müqavilədə nəzərdə tutulmuş mallar və xidmətlərə görə İcraçıya ödənilməmiş 16790,22 manat məbləği iki hissədən ibarətdir. Belə ki, müqavilə üzrə DGPS üçün 5 günlük offline təlim xidmətinin göstərilməsi və Planşet rəhbərlik üçün Microsoft 12.3; MultiTouch Surface Pro7+2.4 GHzİntelCore i5Quad-Core11thGen8GB LPDDR4X|256GBSSD12.32736x1824 X5 İntegrated İntel İrisXe GraphicsWiFi Windows10Pro, Office 365 Personal32/64 AllLngSubPKLic1YR OnlineCEEC2R NR QQ2-00004 adlı malın dəyərindən ibarətdir. Malların (planşet) məbləği 4875,76 manat, DGPS üçün təlim xidmətlərinin məbləği isə 11914,46 manat təşkil edir. Tərəflərindən təqdim olunan malların (planşet) məbləğinin ödənilməsi (4875,76 manat) nəzərdə tutulmuşdur ki, bununla da bağlı təhvil-təslim aktlarının təqdim edilməsi zəruri edir. Lakin DGPS üçün nəzərdə tutulmuş təlim xidmətlərinin məbləğinin ödənilməsi (11914,46 manat), göstərilən xidmət səviyyəsinin aşağı olması, həmçinin qənaətbəxş olmadığı səbəbindən nəzərdə tutulmamışdır. Əlavə olaraq bildirirlər ki, icraçı tərəfindən Agentliyin ehtiyaclarının öyrənilməsi zamanı zəruri sualların cavablandırması üçün müvafiq bilik və bacarıqlara malik olan mütəxəsislərin olmaması həmin şirkət tərəfindən öz mənafeyi baxımından istifadə edilmiş və şözügedən şirkətin özünə sərf edən növlərə, texniki xüsüsiyyətlərə və saya uyğun həllər müəyən edilmişdir. Bununla əlaqədar, icraçı ilə müzakirə zamanı onun tərəfindən göstərilən məsələlərə dair suallara cavab olaraq, bütün nöqsanların səbəbi kimi Agentlik göstərilmiş, tələb və prioritetlərin Agentlik tərəfindən müəyyən edildiyi bildirilmişdir. İcraçı tərəfindən təklif və təqdim edilmiş həllərin müzakirəsi məqsədilə, Agentlikdə icraçı və Agentliyin nümayəndələri, habelə “Risk” və “Fominov Consulting” şirkətlərinin texniki mütəxəssisləri cəlb edilməklə iclas keçirilmiş, müvafiq şirkət tərəfindən ona qarşı səsləndirilən uyğunsuzluqlar qismən qəbul edilmiş, qısa zamanda uyğunsuzluqların aradan qaldırılması ilə bağlı təkliflərin təqdim olunacağına vəd verilmişdir. Buna baxmayaraq, icraçıya bununla əlaqədar dəfələrlə müraciət olunmasına, ondan heç olmazsa ən vacib uyğunsuzluqların (“DataProtect” arxivləşdirmə avadanlığın əvəz olunması) aradan qaldırılması ilə bağlı öz öhdəliklərinın yerinə yetirilməsinın istənilməsinə heç bir müsbət reaksiya verilməmişdir. Qeyd olunduğu kimi xidmətlərin İcraçı tərəfindən satınalma qanunvericiliyinin pozulması, xidmətlərdə uyğunsuzluqlar müqavilə şərtlərinin pozulmasına əsas verir. Belə ki, İcraçı tərəfindən birinci instansiya məhkəməsində qeyd olunduğu kimi mal və xidmətlərin Agentliyə təqdim olunması barədə təsdiqedici sənədlərin (malların və xidmətlərin təhvilqəbul aktları) birtərəfli olaraq imzalanması, İcraçının göstərdiyi xidmətlərin qənaətbəxş olmadığı anlamına gəlir. Yuxarıda qeyd olunan əsassız səbəblərə görə təhvil-təslim aktlarına imzadan imtina edilmişdir ki, bu da iddiaçı tərəfindən işlərin xidmətlərin tamamlanmaması səbəbindən irəli gəlir. 15. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri :

16. İddiaçı apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim etmiş və etirazını onunla əsaslandırmışdır ki, cavabdehin apeilyasiya şikayətində qeyd etdiyi iddiaçı tərəfindən göstərilən xidmət səviyyəsinin aşağı olması, həmçinin qənaətbəxş olmaması ilə bağlı mövqeyi tamamilə uydurma xarakterlidir. Belə ki, iş materiallarından, məhkəmə iclasının audio-video qeydlərindən və birinci instansiya məhkəməsinin qətnaməsindən də göründüyü kimi cavabdehin istinad etdiyi hallar yenidir və cavabceh bu günədək heç bir zaman xidmətin keyfiyyəti ilə bağlı məsələni mübahisələndirməyib və xidmətin göstərildiyini, malların təhvil verildiyini təsdiq edib, sadəcə təhvil-təslim aktının olmaması səbəbindən ödənişin həyata keçirilmədiyini bildirib. Tərəflər arasında olan 2022/EAT-18 saylı, 22 noyabr 2022-ci il tarixli satınalma müqaviləsinin Xüsusi Şərtlərinin 19-cu bəndinə əsasən, sifarişçi aşkar olunmuş qüsurlar haqqında İcraçıya dərhal bildiriş verməlidir, l a k i n cavabdeh tərəfindən belə bildiriş təqdim edilməmiş, xidmətin keyfiyyəti mübanısəдəndirməmişdir. Belə olan halda, cavabdeh həm xidməti qəbul etmiş, həm də müqavilə üzrə öhdəliyin icra etməkdən açıq-aşkar yayınmışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

17. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək şikayətin rədd edilməsini xahiş etdi.

18. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Odur ki, məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq cavabdehin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq:

19. Mülki Məcəllənin: -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -390.4-cü maddəsinə görə tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. -442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. -448.1-ci maddəsinə görə borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

- 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə isə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. -598.1-ci maddəsinə görə əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. -598.3-ci maddəsin görə əgər alıcı alğı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. -752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. -763.1-ci maddəsinə əsasən əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər.

20. Mülki Prosessual Məcəllənin:

-77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Apellyasiya baxışının hədləri:

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

22. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

23. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, biкinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia təmin edildiyindən və həmin qətnamə cavabdeh tərəfindən bütövlükdə mübahisələndirшдdiyindən qətnamənin əsaslığı tam yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

25. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC (İcraçı) və cavabdeh Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi" publik hüquqi şəxsi (Sifarişçi) arasında 22 noyabr 2022-ci il tarixli 2022/EAT-18 nömrəli mallar (İşlər və Xidmətlər) üzrə satınalma müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə iddiaçı tərəfindən cavabdehə mallar təqdim edilmiş, eyni zamanda təlim kursunun keçirilməsi xidməti təqdim edilmişdir. Hazırda iddiaçı müqavilə üzrə təqdim edilmiş malın dəyəri olan 4875,76 manat, göstərilmiş təlim xidmətlərinə görə haqq olan 11914,46 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulmasını xahiş edir.

26. Məhkəmə kollegiyası əvvəla qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə alqı-satqı və xidmət müqavilələrinin elementlərini birləşdirən qarışıq müqavilədir. Odur ki, həmin müqaviləyə müvafiq hissələrdə mülki qanunvericiliyin alqı-satqı müqaviləsinə və analogiya üzrə xidmət müqaviləsinə oxşar olan podrat müqaviləsinə dair normaları tətbiq edilməlidir.

27. Təqdim edilmiş 1 ədəd planşetin dəyəri olan ƏDV daxil 4875,76 manat məbləğində pulun tutulması hissəsində iddia tələbinə münasibətdə kollegiya qeyd edir ki, həmin malın təqdim edilməsi cavabdehin adından imzalanmış (şöbə müdiri Paşayev F) xx.xx.2023-cü il tarixli təhvil-təslim aktı ilə, eləcə də həmin malın təqdim edilməsinə dair iddiaçı tərəfindən cavabdehə təqdim edilmiş elektron qaimə ilə cavabdeh tərəfindən düzəlişə göndərilməmiş elektron qaimə ilə öz təsdiqini tapır. Eyni zamanda cavabdeh də verdiyi apellyasiya şikayətində həmin malın təqdim edilməsi faktını inkar etməmiş, lakin həmin malın dəyərinin yalnız təhvil-təslim aktı imzalanandan sonra ödəniləcəyini bildirmişdir.

28. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, mübahisəli hüquq münasibətlərində satıcı olan iddiaçı alıcı olan cavabdehdən Mülki Məcəllənin 567-ci və 598-ci maddələrinə əsasən təqdim edilmiş, əşyanın dəyərinin ödənilməsini tələb etməkdə haqlıdır.

29. Cavabdehin apellyasiya şikayətinin yuxarıda göstərilən dəlilləri isə formal mülahizələrə söykənməklə qətnamənin həmin hissədə ləğvi üçün əsas vermir.

30. İddia tələbinin xidmətlərə görə haqqın tutulması hissəsinə gəldikdə kollegiya qeyd edir ki, həmin hissədə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 752.1 və 385ci maddələri təşkil edir.

31. Cavabdeh iddiaya həmin hissədə etirazını göstərilmiş xidmətlərin keyfiyyətinin qənaətbəxş olmaması ilə əsaslandırmış, lakin məhkəməyəqədərki dövrdə xidmətlərin keyfiyyəti ilə bağlı irad bildirməsini, əlavə icra üçün iddiaçıya vaxt verilməsini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.

32. Odur ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin sözügedən dəlillərini də əsassız hesab edir.

33. Beləliklə, kollegiya iddiaçı tərəfindən cavabdehə müqavilədə nəzərdə tutulan təlim kurslarının keçirilməsi xidmətinin göstərildiyini, eləcə də həmin xidmətlərin dəyərinin cavabdeh tərəfindən ödənilmədiyini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi həmin hissədə iddianı təmin etməklə də iş üzrə düzgün nəticəyə gəlmişdir.

34. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Cavabdeh “Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi" publik hüquqi şəxsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)- 3476/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Leyla Əliyeva

Hakimlər: Təranə Mahmudova

Faiq Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar