Məhkəmə qərarları › İş №2-2(103)-1003/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1003/2022

13.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1003/2022 13.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı "xxxx" X2 Müəssisəsinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X3 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi Qanuni nümayəndə2 və cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1317/2022 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qiyabi qətnaməsindən cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ

1. İcraçı "xxxx" X2 Müəssisəsi ilə sifarişçi "xxxx" MMC arasında xx.xx.2019-cu il tarixli “Auditor xidməti göstərilməsi barədə” müqavilə bağlanmış və müqaviləyə əsasən icraçı sifarişçiyə 2018 və 2019-cu illər üzrə auditor xidməti göstərməyi, sifarişçi isə göstərilmiş auditor xidmətlərinin müqabilində bu müqavilədə nəzərdə tutulmuş məbləği ödəməyi öhdəsinə götürmüşdür.

2. Həmçinin həmin tərəflər arasında xx.xx.2020-ci il tarixli “Xidmət” müqaviləsi bağlanmış və müqaviləyə əsasən icraçı mühasibatlıq yazılarının Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq aparılmasına dair məsləhətlərin verilməsi və nəzarət edilməsi, hesabatlar və vergitutma sahəsində məsləhət xidmətləri və nəzarət edilməsi, sifarişçinin həyata keçirdiyi biznes fəaliyyəti zamanı mümkün ola biləcək risklərin qiymətləndirilməsinə dair xidmətləri həyata keçirməyi, sifarişçi isə həmin xidmətlərin əvəzində müəyyən edilmiş xidmət haqqını icraçıya ödəməyi öz öhdəsinə götürmüşdür.

Birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı "xxxx" X2 Müəssisəsi cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC-dən "xxxx" MMAM-nin xeyrinə xx.xx.2019-cu il tarixli auditor xidməti göstərilməsi barədə müqavilə üzrə ƏDV daxil 3186 manat; xx.xx.2020-ci il tarixli Xidmət müqaviləsi üzrə ƏDV daxil 6608 manat; ƏDV daxil 3186 manat borca görə illik 5 faiz olaraq 398,25 manat, ƏDV daxil 6608 manat borca görə illik 5 faiz olaraq 495,59 manat faiz, ümumilikdə 893,84 manat faiz; hüquqi xidmətlərə görə ödənilmiş 800 manat və ödənilmiş 126 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə iddiaçı müəssisə arasında imzalanmış xx.xx.2019-cu il tarixli auditor xidməti göstərilməsi barədə müqaviləyə əsasən 2018 və 2019-cu illər üzrə auditor xidməti göstərilmişdir. Həmin müqavilə üzrə ümumi xidmət haqqı ƏDV daxil 23600 manat məbləğində müəyyən edilmişdir. Qeyd olunan xidmət haqqı məbləğindən "xxxx" MMC tərəfindən ƏDV daxil 20060 manat məbləğində vəsait ödənilsə də, yerdə qalan ƏDV daxil 3186 manat məbləğində xidmət haqqı məbləğinin ödənilməsi təmin edilməmişdir. Eyni zamanda, "xxxx" MMC ilə iddiaçı müəssisə arasında imzalanmış xx.xx.2020-ci il tarixli Xidmət müqaviləsinə əsasən mühasibatlıq yazılarının Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq aparılmasına dair məsləhətlərin verilməsi və nəzarət edilməsi, hesabatlar və vergitutma sahəsində məsləhət xidmətləri və nəzarət edilməsi, "xxxx" MMC-nin həyata keçirdiyi biznes fəaliyyəti zamanı mümkün ola biləcək risklərin qiymətləndirilməsinə dair xidmətlər həyata keçirilmişdir. Həmin müqavilə üzrə aylıq xidmət haqqı ƏDV daxil 826 manat məbləğində müəyyən edilmişdir. Qeyd olunan müqavilə üzrə "xxxx" MMC tərəfindən heç bir ödəniş edilməmiş və hal-hazırda 8 aylıq xidmət haqqı olaraq ƏDV daxil 6608 manat məbləğində borcu yaranmışdır. Ümumilikdə "xxxx" MMC-nin iddiaçı müəssisəyə borcu ƏDV daxil 9794 manat təşkil edir. Xidmətlərin göstərilməsi iddiaçı tərəfindən göndərilmiş elektron qaimələrlə təsdiq edilir. Elektron qaimələrin göndərilməsi və cavabdeh tərəfindən təsdiq edilməsi iddiaçı tərəfindən vergi orqanına edilmiş sorğuya gəlmiş cavab məktubu ilə də öz təsdiqini tapmış olur.

5. Cavabdeh birinci instansiya məhkəməsində iştirak etməmişdir.

6. Bakı Kommersiya Məhkəməsinin 22 aprel 2022-ci il tarixli, e-2-2(113)-1317/2022 nömrəli qiyabi qətnaməsi ilə iddia təmin edilərək, xx.xx.2019-cu il tarixli “Auditor xidməti göstərilməsi barədə” müqavilə üzrə əsas borc üzrə ƏDV daxil 3186 (üç min yüz səksən altı) manat, həmin məbləğə illik 5 faiz hesablanmaqla 398,25 (üç yüz doxsan səkkiz manat iyirmi beş qəpik) manat, xx.xx.2020-ci il tarixli “Xidmət müqaviləsi” üzrə əsas borc üzrə ƏDV daxil 6.608 (altı min altı yüz səkkiz) manat, həmin məbləğə illik 5 faiz hesablanmaqla 495,59 (dörd yüz doxsan beş manat əlli doqquz qəpik) manat, cəmi 10.687 (on min altı yüz səksən yeddi) manat, 84 (səksən dörd) qəpik məbləğində pulun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq "xxxx" X2 Müəssisəsinin xeyrinə ödənilməsi, hüquqi yardım göstərilməsinə görə ödənilmiş pulun əvəzi olaraq 800 manat məbləğində pulun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq "xxxx" X2 Müəssisəsinin xeyrinə ödənilməsi, mediasiya xərcinin əvəzi olaraq 100 (yüz) manat məbləğində pulun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq "xxxx" X2 Müəssisəsinin xeyrinə ödənilməsi, dövlət rüsumu olaraq ödənilmiş 26 manat (iyirmi altı) məbləğində pulun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq "xxxx" X2 Müəssisəsinin xeyrinə ödənilməsi qət edilmişdir.

7. Cavabdeh "xxxx" MMC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə “Auditor xidməti göstərilməsi barədə” müqaviləyə əsasən 3186 manat borca görə 398,25 manat, “Xidmət” müqaviləsinə əsasən 6608 manat xidmət haqqı borcuna görə 495,59 manat pulu Mülki Məcəllənin 445.7-ci maddəsinin tələblərinə əsasən faiz ödənilməsi kimi hesablasa da, Konstitusiya Məhkəməsinin Plenumu xx.xx.2014-cü il tarixli Qərarındakı mövqeyinə əsasən həmin pulu tələb etmək üçün hüquqi əsas cavabdeh tərəfindən iddiaçıya Məcəllənin 21.2-ci maddəsində nəzərdə tutulan zərərin (real zərər və ya əldən çıxmış fayda) vurulması halında mümkün hesab edilə bilərdi. Mülki iş üzrə araşdırma zamanı cavabdehin iddiaçıya hər hansı formada ziyan vurması faktı müəyyən edilməmiş, bununla bağlı hər hansı dəlil-sübut iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Bundan başqa, tərəflər arasında imzalanmış nə xx.xx.2019-cu il tarixli “Auditor xidməti göstərilməsi barədə” müqavilədə, nə də xx.xx.2020-ci il tarixli “Xidmət” müqaviləsində pul öhdəliklərinin icrasının gecikdirilməsi ilə bağlı əlavə faizlərin-cərimələrin və s. dəbbə məbləğlərinin hesablanması, tələb edilməsi nəzərdə tutulmamışdır. İddiaçının hansı əsasla müqavilə öhdəliklərinin icrasının gecikdirilməsinə görə əlavə faizlər tələb etməsini məhkəmə araşdırmamışdır. Bundan əlavə elektron qaimə-faktura xidmətin göstərilməsi barədə ilkin uçot sənədidir və heç bir halda müqavilə üzrə görülmüş işlərin təqdim edilməsini, təhvil verilməsini, qəbul edilməsini əks etdirə bilməz. Daha sonra, məhkəmənin qətnaməsində qeyd etdiyi elektron qaimə-fakturalar üzrə ödənişlər cavabdeh tərəfindən ödənilmişdir. Belə olan halda həmin ödənilmiş elektron qaimə-fakturalar iddiaçının tələbində istinad etdiyi müqavilələr üzrə tələb etdiyi, ödənilməyən, qalıq işlərin görülməsinin təhvil verilməsi və cavabdehə təqdim edilməsi barədə sübut növü hesab edilə bilməz. Həmçinin, tərəflər arasında imzalanmış xx.xx.2019-cu il tarixli “Audit xidməti göstərilməsi barədə” müqavilənin 3.2-ci bəndində qeyd edilir ki, ödəniş, icraçı tərəfindən sifarişçiyə audit yoxlaması aktı və rəyi təqdim edildikdən sonra aparılır. İddiaçı bu müqavilə üzrə ƏDV daxil 3186 manat və 398,25 manat faiz borcu tələb etmiş, lakin həmin məbləğdə işlərin görülməsi barədə müqavilənin 3.2-ci bəndində qeyd edilmiş audit yoxlaması aktının və rəyin təqdim edilməsini iddiaçıdan tələb etməmişdir. İddiaçı müqavilənin 3.2-ci bəndində qeyd edilmiş audit yoxlaması aktını və rəyini məhkəməyə təqdim etməmiş, məhkəmə də bu halı ümumiyyətlə araşdırmamışdır. Bundan başqa xx.xx.2019-cu il tarixli “Audit xidməti göstərilməsi barədə” müqavilə üzrə 398,25 manat faiz borcunun hansı əsasla 30 aylıq dövr üçün tutması, müddətin başlanğıc və sonuncu gününün necə hesablanması barədə məhkəmə qətnaməsində hər hansı əsaslandırma aparılmamışdır. Həmçinin tərəflər arasında imzalanmış xx.xx.2020-ci il tarixli xidmət müqaviləsi üzrə icraçının gördüyü işlər sonuncunun xidmət göstərdiyi fəaliyyətlə, yəni audit xidməti ilə bağlı olmuş, görülən xidmətlər cavabdehin mühasibatlıqla, vergitutma və bizneslə bağlı fəaliyyətinin qanunvericiliyə uyğun tənzimlənməsi, nəzarət edilməsi ilə bağlı olmuşdur. Müqavilənin 4.2-ci bəndində göstərildiyi kimi, xidmət haqqı Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq, tələb olunan sənədlər, yəni auditor rəyi və rəyin təhvil-qəbul aktı təqdim edildikdən sonra sifarişçi tərəfindən ödənilməsi qaydası müəyyən edilməsinə baxmayaraq, işə baxan məhkəmə bu hallara qiymət verməmiş, iddiaçının cavabdehə həmin müqavilədə göstərilmiş xidmətlərin yerinə yetirilib-yetirilməməsini, gördüyü işlərə görə xidmət haqqının tələb etməsi üçün əsas olan Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq tələb olunan sənədləri (auditor rəyini və rəyin təhvil-qəbul aktını) təqdim edib-etməməsini, işlərinxidmətlərin qəbul edilib-edilməməsini araşdırmamış, sadəcə iddiaçı tərəfin mülahizələrinə istinad edərək, müqavilə bağlandığı vaxtdan iddia ərizəsi irəli sürülən dövrədək 8 aylıq dövr üçün aylıq 826 manat olmaqla 6608 manat pulu cavabdehdən tutmuşdur. O cümlədən, məhkəmə xx.xx.2020-ci il tarixli “Xidmət” müqaviləsi üzrə 6608 manat məbləğin və həmin məbləğə görə 495,59 manat pulun elektron qaimə fakturalarla təsdiq edildiyini bildirsə də, iş materiallarında bununla bağlı hər hansı elektron qaimə-faktura mövcud deyil. Həmçinin, “Xidmət” müqaviləsi üzrə 6608 manat məbləğində pul 8 aylıq dövr üçün tutulsa da, həmin məbləğin faizi olan 495,59 manat pul isə 18 aylıq dövr üçün tutulmuşdur. Həmçinin qətnamədən görünür ki, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 olmuşdur. Həmin şəxs Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüdür, o, iddiaçı tərəfi vəkil olaraq aralarında bağlanmış hüquqi yardım haqqında müqaviləyə və müəssisə tərəfindən verilmiş etibarnaməyə əsasən təmsil edir. Vəkil Nümayəndə1 görülmüş işə görə 800 manat pul ödənilməsi barədə ödəniş sənədi mülki iş materiallarında mövcud deyil. İddiaçını məhkəmədə təmsil edən vəkil Nümayəndə1 “X1” MMC ilə hər hansı bağlılığının olması iş materialları ilə müəyyən edilmir. Həmçinin, "xxxx" MMC-nin və ya qanuni təmsilçisinin məhkəmədə baxılan iş üzrə iddiaçını təmsil etməsi iş materialları ilə müəyyən edilmir. Eyni zamanda, iddia tələbi əsassız olmaqla, hər hansı sübuta söykənmədiyindən və iddia tələbinin təmin edilməsi üçün maddi və prosessual əsaslar olmadığından, iddia ərizəsi üzrə ödənilmiş dövlət rüsumu da cavabdehdən tutulmamalı, iddiaçının özünə aid edilməlidir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətini müdafiə etdi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, iddiaçının nümayəndələri X4 və Qanuni nümayəndə2 isə apellyasiya şikayətinə etiraz etdilər.

TƏTBİQ EDİLƏN HÜQUQ

11. Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinə görə mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir.

12. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

13. Həmin Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

14. Həmin Məcəllənin 115.0 və 115.0.6-cı maddələrinə görə vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir.

15. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

16. Həmin Məcəllənin 121.1-ci maddəsinə görə məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

17. Mülki Məcəllənin 5.3-cü maddəsinə görə mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

18. Həmin Məcəllənin 11.1-ci maddəsinə görə mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).

19. Həmin Məcəllənin 445.7-ci maddəsinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.

20. Həmin Məcəllənin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.

21. Həmin Məcəllənin 783.2-ci maddəsinin tələblərinə görə vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir.

22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2021-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları” na əsasən 1.2-ci, 1.3-cü və 2.5.3-ci bəndlərinin məzmunundan da göründüyü kimi elektron qaiməfakturalar malların (işlərin, xidmətlərin) təqdim edilməsini təsdiq edən ilkin sənədlər (müqavilələr (əqdlər), təhvil-təslim aktları, malların alınması üçün vəkalətnamə və s.) əsasında tərtib edilməlidir.

APELYASİYA BAXİŞİNİN HƏDLƏRİ

23. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.

APELYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Məhkəmə kollegiyası hesab edir ki, iddia qismən əsaslıdır.

25. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli “Auditor xidməti göstərilməsi barədə” müqavilə və xx.xx.2020-ci il tarixli “Xidmət” müqaviləsi mahiyyət etibarı ilə xidmət müqaviləsidir. Çünki iddiaçı cavabdehə müvafiq olaraq 2018 və 2019-cu illər üzrə auditor xidməti və mühasibatlıq yazılarının Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq aparılmasına dair məsləhətlərin verilməsi və nəzarət edilməsi, hesabatlar və vergitutma sahəsində məsləhət xidmətləri və nəzarət edilməsi, sifarişçinin həyata keçirdiyi biznes fəaliyyəti zamanı mümkün ola biləcək risklərin qiymətləndirilməsinə dair xidmətləri göstərməyi, sonuncu isə həmin xidmətlərin dəyərinin ödənilməsini öz öhdəsinə götürmüşdür.

26. Lakin mülki qanunvericilikdə xidmət müqaviləsi münasibətlərini tənzimləyən hər hansı müddəa mövcud deyil.

27. Ona görə də kollegiya hesab edir ki, Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsi və Mülki Məcəllənin 11.1-ci maddəsinin tələbləri nəzərə alınmadan iş üzrə nəticəyə gəlmək düzgün deyildir.

28. Qeyd olunanlara əsaslanaraq və işin hallarını nəzərə alaraq kollegiya hesab edir ki, hazırki mübahisə Mülki Məcəllənin tapşırıq müqaviləsinə aid müddəalarının qaydalarına uyğun araşdırılmalıdır.

29. İddiaçı bildirir ki, o, xidmətləri göstərmiş, lakin cavabdeh həmin xidmətlərin dəyərini ona ödəməmişdir.

30. Bu əsaslarla iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 783.2-ci maddəsi təşkil edir.

31. Hazırki işdə də (xx.xx.2019-cu il tarixli auditor xidməti göstərilməsi barədə müqavilə üzrə) qeyd olunan maddənin dispozisiya şərtləri mövcuddur.

32. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş EBAL seriyalı 563616 saylı xx.xx.2020-ci il tarixli və EBAİ seriyalı 958506 saylı xx.xx.2020-ci il tarixli elektron qaimələrdən görünür ki, "xxxx" X2 Müəssisəsi tərəfindən "xxxx" MMC-yə 2018 və 2019-cu illər üzrə ayrı-ayrılıqda ƏDV daxil 11800 manat olmaqla, ümumilikdə 23.600 manat dəyərində auditor xidmətləri göstərilmişdir.

33. Eyni zamanda iş materiallarına əlavə edilmiş ödəniş qəbzlərindən məlum olur ki, "xxxx" MMC tərəfindən "xxxx" X2 Müəssisəsinə xx.xx.2020-ci il tarixində 10.000 AZN, EBAL seriyalı 563616 saylı xx.xx.2020-ci il tarixli elektron qaimə əsasında xx.xx.2020ci il tarixində 5.000 AZN, xx.xx.2021-ci il tarixində 1.000 AZN, xx.xx.2021-ci il tarixində 1.000 AZN, xx.xx.2021-ci il tarixində 300 AZN məbləğində ödəniş edilmişdir.

34. Göründüyü kimi "xxxx" MMC EBAL seriyalı 563616 saylı xx.xx.2020-ci il tarixli elektron qaimə üzrə ödəmənin bir qismini etmiş, bununla da, həmin qaimə üzrə xidmətlərin göstərildiyini qəbul etmişdir.

35. Bununla bağlı kollegiya qeyd edir ki, əgər cavabdehin qeyd etdiyi kimi həqiqətən də iddiaçı ona heç bir xidmət göstərməsəydi, cavabdeh həmin qaimə üzrə ödəniş etməkdən imtina edər və ya bununla bağlı öz etirazlarını iddiaçıya bildirərdi. Lakin hazırki işdə bu hal mövcud deyil.

36. Bu isə cavabdeh tərəfindən iddiaçının göstərdiyi xidmətlərin qəbul edilməsi və həmin xidmətlərin dəyərinin ödənilməsini qəbul etməsi mənasına gəlir.

37. Məhkəmə iclasında cavabdehin nümayəndəsi də etiraf etdi ki, iddiaçı tərəfindən auditor xidmətləri göstərilmişdir.

38. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı 3186 manat məbləğində xidmət haqqının cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır və ona görə də, həmin hissədə iddia tam əsaslıdır.

39. Bununla yanaşı kollegiya hesab edir ki, həmin müqavilə üzrə əsas borca illik 5 faizlə hesablanmış faiz borcunun tutulması barədə tələblər qismən əsaslıdır.

40. Belə ki, həmin tələblərin qanuni əsasını Mülki Məcəllənin 445.7-ci maddəsi təşkil edir.

41. Hazırki işdə də həmin əsaslar mövcuddur.

42. Belə ki, işin hallarından görünür ki, cavabdeh ƏDV daxil 3186 manat məbləğində xidmət haqqını xx.xx.2020-ci il tarixli elektron qaimənin göndərildiyi tarixdən ödəməmişdir.

43. Eyni zamanda, işin mübahisəsiz halıdır ki, həmin məbləğin 486 manatı ƏDV, qalan 2700 manatı isə borc məbləğidir.

44. Kollegiya hesab edir ki, 486 manatı ƏDV məbləği məhz vergi kimi dövlət büdcəsinə ödənilməli olduğu üçün iddiaçı həmin məbləğin vaxtında ödənilmədiyinə görə faiz məbləğinin tutulmasını tələb edə bilməz.

45. Çünki həmin məbləğ iddiaçıya ödənilməli olmadığına görə həmin məbləğin ödənilməsinin gecikdirilməsi nəticəsində iddiaçıya zərərin dəyməsi istisna olunur. Belə olan halda isə Mülki Məcəllənin 445.7-ci maddəsi baxımından həmin məbləğə münasibətdə faiz tutula bilməz.

46. Ona görə də həmin qaimə üzrə faiz məbləği yalnız əsas borc olan 2700 manat məbləğinə əsasən hesablanmalıdır.

47. Hesablanma bu qaydada aparıldıqda müəyyən olunur ki, elektron qaimənin göndərildiyi tarixdən hazırki iddianın qaldırıldığı xx.xx.2022-ci il tarixə kimi 19 ay 20 gün müddətində pul öhdəliyinin gecikdirilməsi üçün ödənilməli olan məbləği 302,8 manat təşkil edir.

48. Birinci instansiya məhkəməsi isə qeyd olunanları nəzərə almamış və ödənilməli olan ƏDV məbləğinə də faiz hesablamış, bununla da həmin hissədə iddianı tam təmin etməklə səhv nəticəyə gəlmişdir.

49. Eyni zamanda, məhkəmə kollegiyası hesab edir ki, xx.xx.2020-ci il tarixli “Xidmət” müqaviləsi üzrə borcun tutulması hissəsində iddia təmin edilə bilməz.

50. Belə ki, Mülki Məcəllənin 783.2-ci maddəsindən də görünür ki, tapşırıq müqaviləsi üzrə öhdəlik ilk növbədə vəkalət alanın üzərinə düşür və o, yalnız müqavilədə nəzərdə tutulan işi icra etdikdən sonra vəkalət verənin muzd ödəmək öhdəliyi yaranır.

51. Lakin iddiaçı həmin müqavilədə nəzərdə tutulan xidmətləri göstərdiyini bildirsə də, bunu təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir.

52. İddiaçı tərəfindən məhkəməyə təqdim edilən EBAZ seriyalı 399239 saylı xx.xx.2021-ci il tarixli elektron qaimə isə həmin halı təsdiq edən mötəbər sübut kimi qiymətləndirilə bilməz.

53. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2021-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları” na əsasən 1.2-ci, 1.3-cü və 2.5.3-ci bəndlərinin məzmunundan da göründüyü kimi elektron qaiməfakturalar malların (işlərin, xidmətlərin) təqdim edilməsini təsdiq edən ilkin sənədlər (müqavilələr (əqdlər), təhvil-təslim aktları, malların alınması üçün vəkalətnamə və s.) əsasında tərtib edilməlidir.

54. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 20 aprel 2022-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında əks edilmiş hüquqi mövqeyə görə lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.

55. Kollegiya hesab edir ki, hazırkı halda mübahisəli elektron qaimə-faktura əsasında xidmətlərin göstərilməsinə dair hər iki tərəfin təsdiq etdiyi xidmətlərin təhvil-təslimi barədə aktlar və ya digər ilkin sənədlər durmadığından həmin qaimə-faktura müvafiq xidmətlərin təqdim edilməsi faktının təsdiq edilməsi üçün kifayət etmir.

56. Eyni zamanda nəzərə alınır ki, xx.xx.2019-cu il tarixli auditor xidməti göstərilməsi barədə müqavilədən fərqli olaraq bu müqavilə üzrə göndərilmiş elektron qaimə üzrə cavabdeh tərəfindən heç bir ödəniş aparılmamışdır.

57. Həmçinin, xx.xx.2020-ci il tarixli xidmət müqaviləsinin şərtlərinə görə aylıq xidmət haqqı ƏDV daxil 826 manat məbləğində müəyyən edilmişdir. İddiaçı isə hər ay deyil, 8 aylıq xidmət haqqı üçün bir elektron qaimə göndərmişdir.

58. Bu baxımdan kollegiya hesab edir ki, xx.xx.2020-ci il tarixli xidmət müqaviləsi üzrə xidmətlərin göstərilməsi təsdiq olunmadığına görə həmin müqaviləyə aid hissədə iddia rədd edilməlidir.

59. Həmin müqavilə üzrə illik 5 faiz hesablanmış borcun tutulması tələbinə dair qeyd olunur ki, həmin tələb müqavilə üzrə borcun tutulması ilə bağlı tələbdən asılı olan və ondan irəli gələn (törəmə) tələblərdir.

60. Müqavilə üzrə borcun tutulması ilə bağlı tələblər əsassız olduğuna görə illik 5 faiz hesablanmış məbləğin tutulması tələbi də təmin edilə bilməz.

61. Həmçinin kollegiya hesab edir ki, hüquqi yardım göstərilməsinə görə ödənilmiş pul vəsaiti cavabdehdən tutula bilməz.

62. Belə ki, Mülki Prosessual Məcəllənin 107, 115.0, 115.0.6, 119.1, 121.1-ci maddələrinin məzmunundan da göründüyü kimi məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

63. Lakin, iş materiallarına əsasən müəyyən olunur ki, "xxxx" X2 Müəssisəsi ilə “X1” MMC arasında 10 dekabr 2021-ci il tarixli “Hüquq xidməti” müqaviləsi bağlanmışdır.

64. Həmçinin 13 dekabr 2021-ci il tarixli 83/21 saylı hesab-fakturaya əsasən müəyyən olunur ki, "xxxx" X2 Müəssisəsi tərəfindən hüquqların müdafiəsi və hüquqi xidmətin göstərilməsi ilə birinci instansiya məhkəməsində təmin edilməsi üçün “X1” MMC-nin hesabına 800 manat haqq ödənilmişdir.

65. Birinci instansiya məhkəməsində iddiaçını nümayəndə və vəkil qismində Nümayəndə1 təmsil etmişdir.

66. Lakin nümayəndə və vəkil Nümayəndə1 “X1” MMC ilə hər hansı hüquqi bağlılığının olması və məhz sonuncunun rəsmi nümayəndəsi olması heç bir sənədlə sübut olunmur.

67. Həmçinin, "xxxx" MMC-nin məhkəmədə baxılan iş üzrə iddiaçını təmsil etməsi iş materialları ilə müəyyən edilmir.

68. Ona görə də kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi həmin hissədə də ləğv edilməlidir.

69. Beləliklə, kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Mülki Prosessual Məcəllənin 385.1.1 və 385.1.2-ci maddələrində göstərilən əsaslara görə birinci instansiya məhkəməsinin qiyabi qətnaməsi qismən, yəni xx.xx.2019-cu il tarixli “Auditor xidməti göstərilməsi barədə” müqavilə üzrə illik 5 faiz hesablanmış məbləğin və xx.xx.2020-ci il tarixli xidmət müqaviləsi üzrə əsas borc və illik 5 faiz hesablanmış məbləğin tutulması, habelə hüquqi yardım göstərilməsinə görə ödənilmiş pulun tutulması hissəsində ləğv edilməli və yuxarıda göstərilən əsaslara görə xx.xx.2019-cu il tarixli “Auditor xidməti göstərilməsi barədə” müqavilə üzrə illik 5 faiz hesablanmış məbləğin tutulması hissəsində iddia qismən təmin edilməli, qalan hissədə iddia təmin edilməməli və qalan hissədə qiyabi qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

70. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1317/2022 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qiyabi qətnaməsi qismən, yəni xx.xx.2019-cu il tarixli “Auditor xidməti göstərilməsi barədə” müqavilə üzrə illik 5 faiz hesablanmış 398,25 manat və xx.xx.2020-ci il tarixli xidmət müqaviləsi üzrə əsas borc üzrə ƏDV daxil 6608 manat, həmin məbləğə illik 5 faiz hesablanmış 495,59 manatın tutulması, habelə hüquqi yardım göstərilməsinə görə ödənilmiş pulun əvəzi olaraq 800 manat məbləğində pulun "xxxx" MMC-dən tutularaq, "xxxx" X2 Müəssisəsinin xeyrinə ödənilməsi hissəsində ləğv edilsin. xx.xx.2019-cu il tarixli “Auditor xidməti göstərilməsi barədə” müqavilə üzrə illik 5 faiz hesablanmış məbləğin tutulması hissəsində iddia qismən təmin edilsin və cavabdeh "xxxx" MMC-dən 302,8 manat tutularaq iddiaçı "xxxx" X2 Müəssisəsinə ödənilsin. Qalan hissədə həmin iddia və xx.xx.2020-ci il tarixli “Xidmət müqaviləsi” üzrə əsas borc üzrə ƏDV daxil 6608 manat, həmin məbləğə illik 5 faiz hesablanmış 495,59 manat məbləğində pul vəsaitinin tutulması barədə iddia təmin edilməsin. Hüquqi yardım göstərilməsi ilə bağlı xərclər iddiaçının özünə aid edilsin. Qalan hissədə qiyabi qətnamə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Raqib Qurbanov

Hakimlər: Vidadi Məmmədov

Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar