Məhkəmə qərarları › İş №2-2(103)-1003/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1003/2024

22.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1003/2024 22.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı MMC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh1 qarşı lizinq müqaviləsinin ləğv edilməsi, müqavilələrə əsasən yaranmış borcun ödənilməsi, lizinq obyektinin geri təhvil verilməsi, lizinq obyekti üzərində olan yüklülüyün ləğvi tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X6 Əliyevanın sədrliyi və məruzəsi ilə, Ziya Allahverdi oğlu Şirinovdan və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-1831/2024 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları:

1. İddiaçı MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli D132 X9 müqaviləsindən görünür ki, lizinq verən satıcıdan əldə edəcəyi ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakı Lizinq alanın istifadəsinə verməyi, lizinq alan bu müqavilədə müəyyənləşdirilmiş pul məbləğini lizinq verənə ödəməyi öhdəsinə götürmüşdür. Lizinq alanın ilkin maliyyə öhdəliyi 300000 manat müəyyən edilmişdir. Lizinq alanın məcmu öhdəliyi son ödəniş tarixinədək bu müqavilənin ayrılmaz hissəsi olan 1 saylı əlavələrin tərtibi metodikasına uyğun olaraq hesablanacaq məbləğdə ödənilir.

2. Müqavilənin 2.1-ci bəndinə əsasən bu müqavilənun müddəti 24 ay müəyyən edilmişdir.

3. Müqavilənin 5.1-ci bəndinə əsasəan lizinq predmetindən istifadə zamanı lizinq verən tərəfə dəymiş ziyan və ya müqavilə ilə götürdükləri öhdəliklərini yerinə yetirmədikdə və ya lazımi qaydada yerinə yetirmədikdə, təqsirli tərəf digər tərəfə dəymiş bütün zərəri, eləcə də əldən çıxmış faydanı tam həmcdə ödəməlidir.

4. Müqavilənin 5.2-ci bəndinə əsasən lizinq ödənişi vaxtında edilməzsə, lizinq alan gecikdirlən hər gün üçün məcmu maliyyə öhdəliyi qalığı məbləğinin 0,1 faizi həcmində cərimə ödəməlidir.

5. Müqavilənin 6.1.4-cü bəndinə görə lizinq alan lizinq obyektindən istifadə üçün lizinq ödənişlərini ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektlərini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır.

6. Müqavilənin 6.2-ci bəndinə əsasən lizinq alan pul məbləğlərinin və lizinq obektinin mübahisəsiz geri alınması ilə bağlı lizinq verənin tələbləni aldığı gündün 3 iş günü ərzində lizinq obyektini qaytarmağa borcludur. Lizinq obyekti qaytarılarkən onun vəziyyəti haqqında akt tərtib edilir.

7. Müqavilənin 7.1-ci bəndinin c yarımbəndinə əsasən lizinq alıcısı təərfindən mübahisə anınadək aparılmış avans və aylıq ilkin ödənişlər geri qaytarılmır.

8. xx.xx.2024-cü il tarixli İddiaçı MMC tərəfindən tərtib edilmiş maliyyə arayışından görünür ki, D132 X9 müqaviləsi üzrə 70424 manat əsas məbləğdən və 26943 manat hesablanmış cərimə olmaqla, cəmi 97367 manat borc mövcuddur.

9. X3 ilə İddiaçı MMC arasında bağlanmış 06 iyun 2023-cü il tarixli AZ-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakı İddiaçı MMC Cavabdeh2 lizinqə vermək üçün almışdır. xx.xx.2023-cü il tarixli D132 X9 müqaviləsinə 1 saylı Əlavə üzrə tərtib edilmiş ödəniş qrafikindən görünür ki, lizinq məbləği 300000 manat olan illik lizinq mükafatı 25% olmaqla verilmiş 24 ay müddətinə lizinq predmetinə görə Cavabdeh2 05 iyul 2023-cü il tarixdən 05 iyun 2025-ci il tarixinə qədər hər ayın 5-i (və ya 3 ü olmaqla) 11928 manat, sonuncu ay 137439 manat ödəməlidir. xx.xx.2023-cü il tarixli D132 X9 müqaviləsinə 1 saylı Əlavə üzrə tərtib edilmiş təhvil-təslim aktından görünür ki, lizing obyekti olan ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak Cavabdeh2 (Lizinq alan) təhvil verilmişdir.

10. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********15-05101-93001 reyestr nömrəli çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak xeyrinə hüquq yüklü edilən şəxs kimi Cavabdeh2 adına olmaqla Daşınmaz əmlakın Dövlət reyestrində 1 nömrəli reyestr kitabının 49 nömrəli vərəqində qeydiyyata alınmışdır. İddiaçı MMC ilə Cavabdeh1 arasında xx.xx.2023-cü il tarixli D132 X9 müqaviləsi ilə bağlı öhdəliyin təminatı olaraq xx.xx.2023-cü il tarixli D132 saylı zaminlik müqaviləsi bağlanmışdır.

11. Müqavilənin 1-ci bəndinə əsasən “Lizinq verən” ilə Cavabdeh2 arasında 06 iyun 2023-cü il tarixdə bağlanmış D132 saylı Daxili lızınq müqaviləsi ilə əlaqədar olaraq, “Lizinq alan” “Lizinq verən” qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək “Zamin” “Lizinq alan” ilə birlikdə “Lizinq verən” qarşısında birgə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür.

12. Müqavilənin 3.1-ci bəndinə əsasən “Zamin”, “Lizinq alanın” “Lizinq verən” qarşısında 06 iyun 2023 tanxdə bağlanmış D132 X9 müqaviləsi üzrə “Lizinq verənə” olan borcu və ona hesablanmış faizlərin və borc tutulması uzrə məhkəmə xərclərinin və “Lizinq alanın” öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində “Lizinq verənə” dəyən digər zərərin (komisyon cərimə məhkəmə xərclən və s) əvəzinin ödənilməsi də daxil olmaqla, yaranan və yarana biləcək hər cür zərər üçün “Lizinq alanla” eyni həcmdə məsuliyyət daşıyır.

13. İddiaçı MMC 15 yanvar 2024-cü il tarixində Cavabdeh2 xəbərdarlıq məktubu ilə müraciət edərək, müqavilə üzrə öhdəliklər vaxtında və tam yerinə yetərilməməkdədir. Lizinq alanın bu cür davranışları Lizinq şirkəti tərəfindən potensial ciddi risk göstəricisi sayılır. Bu da öz növbəsində lizinq müqaviləsinin ləğvinə və Lizınq alanın lizinqə verilmiş əmlakdan istifadədən məhrum edilməsinə əsas yaradır. Lizinq alanın istifadəsində olan ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak "xxxx" MMC-nın mülkiyyətindədir və Lizinq müqaviləsinin 6.1.4-cü bəndinə əsasən öhdəliklər vaxtında icra olunmadıqda lizinq müqaviləsi ləğv oluna bilər. Hazırda Lizinq alanın lizinq müqaviləsi üzrə 5 aydan çox gecikməsi mövcuddur. B

14. Bundan başqa gecikmələr halında gecikmələr üzrə gündəlik 0.1% dərəcəsi ilə cərimə hesablanmışdır. Lizinq alandan xəbərdarlığı qəbul etməyi və 3 gün ərzində müqavilə üzrə öhdəliklərin tam ödənilməsi tələb edilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat:

15. İddiaçı MMC iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə Cavabdeh2 arasında bağlanmış 06 iyun 2023-cü il tarixli D132 X9 Müqaviləsinin ləğv edilməsi, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən lizinq obyekti olan əmlak üzərində cavabdehin (X2) adına qeydə alınmış dövlət qeydiyyatının (lizinq yüklülüyünün) ləğv edilməsi, ödənilmiş 172 manat məbləğində dövlət rüsumunun və lizinq və zaminlik müqavilələrinə əsasən hesablanmış 26 943 manat məbləğində cərimənin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutulması, lizinq obyekti olan mənzilin boşaldılaraq İddiaçı MMC-yə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh2 xx.xx.2023-cü il tarixli, D132 X9 müqaviləsi bağlanmış və lizinq predmeti olan ünvan 1 ünvanında yerləşən daşınmaz əmlaklizinq məbləği 300000,00 manat, lizinq müddəti 24 ay və lizinq mükafatı illik 25 faiz olmaq şərtilə lizinqə verilmişdir. Lizinq obyekti Cavabdeh2 xeyrinə lizinqlə yüklü edilmişdir. xx.xx.2023-cü il tarixli, D132 X4 əsasən Cavabdeh1 xx.xx.2023-cü il tarixli, D132 X9 müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün Lizinq verən qarşısında Cavabdeh2 ilə birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Lizinq üzrə ödənişlər müqavilə ilə müəyyən olunmuş qrafik üzrə həyata keçirilməli idi. İddiaçı MMC tərəfindən tərtib olunmuş 0051/24 saylı xx.xx.2024-cü il tarixli borca dair arayışdan görünür ki,Lizinq alan bu günə qədər ümumilikdə 95424 manat ödəniş etməli idi. Lakin müqavilə bağlandığı tarixdən onun tərəfindən cəmi 25 000 manat ödəniş edilmişdir. Hazırda D132 X9 müqaviləsi üzrə 70424 manat əsas məbləğdən və 26 943 manat hesablanmış cərimə olmaqla,cəmi 97367 manat borc mövcuddur. Belə ki, sözügedən Daxili lizinq müqaviləsinin 3.1-ci bəndinə əsasən, lizinq ödənişləri müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavə 1 ilə müəyyən olunmuş qrafik üzrə həyata keçirilməli idi. Müqavilənin 4.2.6-cı bəndinə əsasən, lizinq alan lizinq ödənişlərini gecikdirməmək öhdəliyini üzərinə götürmüşdür. Buna görə də hesab edir ki, lizinq müqaviləsindən irəli gələn tələblə bağlı qərar qəbul edilərkən daxili lizinq müqaviləsinin etibarlılığı məsələsinin də məhkəmə tərəfindən qiymətləndirilməsi zəruridir. Çünki əksər hallarda məhkəməyə müraciət hüququndan sui-istifadə edən cavabdehlər müqavilənin etibarsızlığı ilə bağlı ayrı iddia qaldırmaq yolu ilə məhkəmə çəkişmələrinin illlərlə davam etməsinə səbəb olurlar. Bu isə banklardan aldığı kredit vəsaitlərinin hesabına lizinq fəaliyyətini həyata keçirən şirkətin böyük maliyyə itkilərinə məruz qalmasına gətirib çıxarır. Qeyd edildiyi kimi, lizinq obyekti olan mənzil cavabdehin xeyrinə yüklü edilmişdir. Odur ki, lizinq müqaviləsinin ləğvi ilə yanaşı lizinq obyektinin üzərindəki yüklülük də ləğv edilməlidir.

17. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-1831/2024 saylı qətnaməsi ilə İddiaçı MMC ilə Cavabdeh2 arasında bağlanmış 06 iyun 2023-cü il tarixli Daxili lizing müqaviləsi ləğv edilərək xitam verilmiş hesab edilmiş, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən lizinq obyekti olan əmlak üzərində cavabdehin X2 adına qeydə alınmış dövlət qeydiyyatı (lizinq yüklülüyü) ləğv edilməsi, lizinq obyekti olan mənzil boşaldılaraq İddiaçı MMC-yə təhvil verilməsi, Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 lizinq və zaminlik müqavilələrinə əsasən hesablanmış 13000 (on üç min) manat cərimə məbləği, habelə ödənilmiş 172 manat dövlət rüsumunun 129 (bir yüz iyirmi doqquz) manatının əvəzi tutularaq İddiaçı MMC-yə ödənilməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir.

18. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında lizinq müqaviləsi imzalanmış, müqavilədə cərimənin hesablanması ilə bağlı razılaşma göstərilmişdir. İddiaçı müqavilə üzrə lizing predmeti olan ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakı cavabdehə təhvil vermiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməyərək ödənişlərini tam ödəməmişdir. İşdən də göründüyü kimi iddiaçı tərəf xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunu qarşı tərəfə elektron formada çatdırmış və öhdəliklərin tam şəkildə icra edilməsi tələb olunmuş, əks təqdirdə cavabdehin lizinq obyektinin istifadəsindən məhrum edilməsi və əmlakın cavabdehin öhdəliklərin ödənilməsinə yönəldilməsi ilə bağlı müvafiq tədbirlər görüləcəyi bildilmişdir. Buna görə də məhkəmə, cavabdeh müqaviləni əhəmiyyətli dərəcədə pozduğu üçün iddiaçının qarşı tərəfə öz iradə ifadəsini bildirməsini nəzərə alaraq hesab etmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli D132 X9 müqaviləsi xx.xx.2024-cü il tarixdən ləğv edilmiş hesab edilməlidir. Qeyd olunanlardan da aydın olur ki, iddiaçı tərəfindən müqavilə, qanunvericiliyin və müqavilənin şərtlərinə riayət edilməklə ləğv edilmişdir. Bundan başqa məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərini hazırkı mübahisəli lizinq hüquq münasibətlərinə tətbiq edib hesab etmişdir ki, cavabdehin lizinq müqaviləsi üzrə öhdəliklərini vaxtında yerinə yetirməyərək ödənişi gecikdirməsi iş materialları ilə öz təsdiqini tapdığından, iddiaçı lizinq predmetinin qaytarılması, cavabdehin xeyrinə edilmiş lizinq yüklülüyünün götürülməsi və lizinq obyekti olan mənzilin boşaldılaraq İddiaçı MMCyə təhvil verilməsi barədə iddiasını irəli sürməkdə haqlı olmuşdur. Buna görə də ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak iddiaçıya qaytarılmalı və Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən lizinq obyekti olan əmlak üzərində cavabdehin X2 adına qeydə alınmış dövlət qeydiyyatı ləğv edilməlidir. Həmçinin iddiaçı cavabdehdən 26943 manat cərimənin də tutulmasını tələb etmişdir. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında bağlanmış müqavilədə ödənişin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. Lakin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi üzrə cərimə azaldılaraq 13000 manat müəyyən olunmalıdır.

19. Cavabdeh2 apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin e-2- 2(113)-1831/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsinin qismən ləğv edilərək iddianın “lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyektinin geri təhvil verilməsi, lizinq obyekti olan əmlak üzərində cavabdehin (X2) adına qeydə alınmış dövlət qeydiyyatının (lizinq yüklülüyünün) ləğv edilməsi hissəsində təmin edilməməsi, dəbbə pulu hissəsində isə azaldılması haqqında yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri:

20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hesab edir ki, məhkəmə müqaviləni ləğv etməkdə haqlı olmamışdır. Daşınmaz əmlakın dəyəri lizinq alanın götürdüyü 300.000 manat ilkin maliyyə öhdəliyindən iki qat artıq qiymət təşkil edir. Lizinq alanın məcmu öhdəliyi son ödəniş müddəti gözlənilmədən müqavilənin ləğv edilməsi tələbi irəli sürülmüşdür. Müqavilənin şərtləri əhəmiyyətli dərəcədə pozulmamışdır. Borclular ödənişləri qismən icra etmişlər. Lizinq verən lizinq alanın maliyyə çətinliklərini nəzərə alaraq müqaviləyə dəyişiklik etməklə vaxt verə bilərdi.Bununla yanaşı məhkəmə formal olaraq lizinq alanın əmlak vəziyyətini nəzərə almış və yüksək dəbbə pulunu az miqdarda azalmışdır.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

21. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

22. Məhkəmə iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz etdi və şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

23. Cavabdehlər məhkəmə iclasına gəlməmiş, Cavabdeh2 nümayəndəsi və vəkili ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq:

24. Mülki Məcəllənin:

25. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanunla və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

26. 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.

27. 748-1.12-ci maddəsinə əsasən lizinq verənin aşağıdakı hallarda pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır:

28. 748-1.12.4. lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə.

29. 748-10.1-ci maddəsinə görə lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir.

30. 750-ci maddəsinə əsasən lizinq alanın təqsiri üzündən müqaviləyə vaxtından əvvəl xitam verildikdə lizinq verən icra ilə bağlı öz mənafelərinə aid olmayan tələbləri irəli sürə bilməz. Tələblər müəyyənləşdirilərkən lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınır.

31. 748-11.1-ci maddəsinə görə lizinq ödənişlərinin ümumi məbləğinə aşağıdakılar daxildir:

32. 748-11.1.1. lizinq obyektinin amortizasiya ödənişləri;

33. 748-11.1.2. lizinq obyektinin əldə edilməsi ilə bağlı zəruri xərclər;

34. 748-11.1.3. lizinq obyektini əldə etmək üçün alınan kreditə görə faiz;

35. 748-11.1.4. lizinq verənin mükafatının məbləği;

36. 748-11.1.5. lizinq obyekti lizinq verən tərəfindən sığorta edilmişdirsə, sığorta üçün ödənilən məbləğ;

37. 748-11.1.6. lizinq verənin əlavə xidmətlərinin haqqı;

38. 748-11.1.7. lizinq verənin lizinq müqaviləsi ilə nəzərdə tutulmuş digər xərcləri.

39. Mülki Prosessual Məcəllənin: - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.

Apellyasiya baxışının hədləri:

40. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

41. Həmin Məcəllənin 372.7-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

42. MPM-in 372.6-cı maddəsinin tələblərini, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddianın qismən təmin olunduğunu, cavabdehin apellyasiya şikayətində qətnaməni yalnız iddianın təmin edilmiş hissəsində mübahisələndirdiyini, iddiaçı tərəfindən apellyasiya şikayəti verilmədiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız iddianın təmin olunmuş hissəsində yoxlanılır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, 13.000 manat məbləğində cərimənin tutulması hissəsində qətnamə ləğv edilməli, həmin hissədə iddia rədd edilməli, qalan mübahisələndirilən hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

44. İşin mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı MMC Cavabdeh2 ilə aralarında bağlanmış xx.xx.2023-cü il tarixli D132 X9 müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra edərək ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakı Cavabdeh2 istifadəsinə vermiş, lakin Cavabdeh2 isə həmin müqavilə üzrə lizinq ödənişlərini ödəniş qrafikinə uyğun ödəməməklə müqavilə üzrə öhdəlikləri pozmuş, nəticədə cavabdehin lizinq ödənişləri üzrə gecikdirilmiş borcu yaranmışdır.

45. Hazırda İddiaçı MMC-nin irəli sürdüyü iddia iki hissədən ibarətdir.

1. Lizinq müqaviləsinin ləğv edilməsi, lizinq yüklülüyü barədə qeydiyyatın ləğv edilməsi, lizinq obyektinin boşaldılması

2. Müqavilə üzrə öhdəliklərinin gecikdirilməsinə görə dəbbə pulunun tutulması

46. Lizinq müqaviləsinin ləğv edilməsi, lizinq yüklülüyü barədə qeydiyyatın ləğv edilməsi, lizinq obyektinin boşaldılması tələbləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından da göründüyü kimi Cavabdeh2 tərəfindən lizinq müqaviləsi üzrə son ödəniş xx.xx.2023-cü il tarixdə edilmiş, yəni xəbərdarlıq məktubunun göndərildiyi tarixə (xx.xx.2024-cü il tarixə) cavabdeh tərəfindən mübahisəli lizinq müqaviləsi üzrə aylıq lizinq ödənişləri ardıcıl olaraq iki dəfədən artıq ödənilməmişdir.

47. Belə olan halda isə birinci instansiya məhkəməsi Mülki Məcəllənin 748- 1.12.4-cü maddəsinin və lizinq müqaviləsinin 6.1.4-cü bəndinin tələblərinə əsasən İddiaçı MMC-nin lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək və lizinq obyektinin geri qaytarılmasını tələb etmək hüquqlarının yarandığını nəzərə alaraq həmin hissələrdə iddianı təmin etməkdə haqlı olmuşdur.

48. Digər tərəfdən lizinq müqaviləsinin ləğv edilməsi həmin müqavilə əsasında yaranmış lizinq obyektinin lizinq alanın xeyrinə yüklülüyünə xitam verilməsinə səbəb olduğundan lizinq yüklülüyü barədə qeydiyyatın ləğv edilməsi hissəsində də iddia əsaslıdır.

49. İddianın dəbbə pulunun tutulması tələbinə dair hissəsi ilə bağlı məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, Cavabdeh2 lizinq müqaviləsi üzrə öhdəliklərini lazimi qaydada icra etmədiyindən iddiaçı müqavilənin 5.2-ci bəndinə əsasən dəbbə pulu hesablamaq hüququna malik olmuşdur.

50. Lakin o da qeyd edilməlidir ki, Mülki Məcəllənin 750-ci maddəsinin tələblərinə əsasən lizinq alanın təqsiri üzündən müqaviləyə vaxtından əvvəl xitam verildikdə lizinq verənin tələbləri müəyyən edilərkən lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınmalıdır.

51. Hazırkı halda lizinq alan Cavabdeh2 lizinq müqaviləsi bağlanarkən lizinq obyekti olan mənzilin əldə edilməsinə görə 100.000 manat məbləğində avans (ilkin ödəniş) ödəmiş, lakin lizinq müqaviləsi ləğv edildiyindən dəyərinin bir hissəsini ödədiyi lizinq obyektini əldə etmək hüququnu itirmişdir. Lizinq verən isə lizinq müqaviləsinin ləğv edilməsi nəticəsində lizinq obyektinə (400.000 manat dəyərində) mülkiyyət hüququnu özündə saxlamışdır. Halbuki həmin lizinq obyektinin dəyərinin 100.000 manat hissəsi lizinq alanın ilkin ödənişi hesabına ödənilmişdir.

52. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, müqavilə vaxtından əvvəl ləğv edildiyi halda lizinq verənin lizinq alana qarşı tələbləri müəyyənləşdirilərkən avans ödənişi lizinq verənin qənaət etdiyi xərc qismində nəzərə alınmalıdır. Əks yanaşma Mülki Məcəllənin 750-ci maddəsinin tələblərinə zidd olmaqla yanaşı lizinq verənin lizinq müqavilə bağlayarkən ümid etməyə haqqı çatanlardan daha artıq məbləğdə əmlak əldə etməklə əsassız varlanmasına səbəb olacaqdır.

53. Yuxarıda göstərilənlərə əsasən kollegiya belə qənaətə gəlir ki, lizinq alanın lizinq müqaviləsi üzrə öhdəliklərinin icrasının gecikdirilməsinə görə iddiaçının iddia ərizəsində göstərdiyi gecikdirilmiş əsas borc məbləği (70424 manat) və həmin məbləğə mütənasib hesab edilə biləcək dəbbə pulu məbləği (3500 manat) lizinq alanın müqavilə bağlanarkən ödədiyi və müqavilənin ləğv edilməsi nəticəsində lizinq verənin qənaət etdiyi 100.000 manat avans ödənişi ilə tam əhatə edildiyindən İddiaçı MMC dəbbə pulunun tutulması tələbini irəli sürməkdə haqlı olmamışdır.

54. Odur ki, 13.000 manat məbləğində cərimənin (dəbbə pulunun) cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması hissəsində qətnamə ləğv edilməli, həmin hissədə iddia rədd edilməli, qalan mübahisələndirilən hissədə isə qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

55. Qətnamə dəyişdirildiyindən işə birinci instansiya məhkəməsində baxılması ilə əlaqədar çəkilmiş məhkəmə xərclərinin bölüşdürülməsi hissəsində də qətnamə dəyişdirilməli, iddiaçı tərəfindən ödənilmiş 172 manat məbləğində dövlət rüsumunun 100 manat hissəsi Cavabdeh2 tutularaq iddiaçıya ödənilməli, qalan hissəsi isə iddiaçıya aid edilməlidir.

56. İşə apellyasiya instansiya məhkəməsində baxılması ilə bağlı çəkilmiş məhkəmə xərcləri 119.5-ci maddəsinin tələblərinə müvafiq olaraq tərəflər arasında bölüşdürülməli, apellyasiya şikayəti verilərkən Cavabdeh2ödənilmiş dövlət rüsumunun 40 manat hissəsi iddiaçıdan tutularaq cavabdehə ödənilməlidir.

57. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-1831/2024 saylı qətnaməsi qismən – 13.000 manat məbləğində cərimənin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması hissəsində ləğv edilsin, iddia həmin hissədə rədd edilsin. İddia ərizəsi verilərkən iddiaçı tərəfindən ödənilmiş 172 manat məbləğində dövlət rüsumunun 100 manat hissəsi Cavabdeh2 tutularaq iddiaçıya ödənilməlidir. Apellyasiya şikayəti verilərkən Cavabdeh2ödənilmiş dövlət rüsumunun 40 manat hissəsi iddiaçıdan tutularaq cavabdehə ödənilməlidir. Qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Leyla Əliyeva Hakimlər: Təranə Mahmudova Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar