Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1004/2024 15.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı kommersiya işi Açar söz: mal göndərmə müqaviləsi, borcun ödənilməsi Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, hakimlər X5 və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)- 4728/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları 1 İddiaçı MMC “satıcı”, Cavabdeh “alıcı” olmaqla tərəflər arasında xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi imzalanmışdır. Bu müqavilənin 1.1-ci bəndinə əsasən Satıcı bu müqavilənin ayrılmaz tərkib hissəsi olan sifarişlər əsasında razılaşdırılmış miqdarda, çeşiddə və keyfiyyətdə Alıcını malla təmin etməyi, "Alıcı” isə həmin sənədlər əsasında Malı qəbul edərək, dəyərini ödəməyi öz öhdəsinə götürür. Müqavilənin 1.3-cü bəndə əsasən Malın qiyməti Satıcı tərəfindən müəyyən edilir və müxtəlif vasitələr ilə Alıcıya bildirilir. Malın qiymətinin dəyişdirilməsi Satıcının müstəsna səlahiyyətidir. Müqavilənin 3.1ci bəndə əsasən “Alıcıya” təhvil verilmiş malın dəyərinin ödənilmə müddəti malın verildiyi vaxtdan etibarən 7 gündən artıq ola bilməz. Ödəniş 7 gün ərzində aparılmadığı halda malın dəyəri bu müqavilənin 4.5-ci bəndində göstərilən qaydada hesablanmaqla “Satıcıya” ödəniləcəkdir. Müqavilənin 4.5-ci bəndə əsasən Alıcı Satıcıya olan borcun ödənişini 3.1-ci bənddə göstərilən şərtə uyğun həyata keçirmədikdə borc gecikdirilmiş sayılır və Satıcıya, sonuncunun tələbinə əsasən gecikmənin hər günü üçün borclu olduğu məbləğin 0.05%-i miqdarında cərimə ödəməlidir. Bu qayda Alıcının fəaliyyətinin dayandırıldığı hallara da şamil edilir.
2. İddiaçı MMC tərəfindən tərtib edilmiş maliyyə arayışından görünür ki, 26 avqust 2020-ci il tarixli 49336 nömrəli alqı-satqı müqaviləsinə əsasən 31 avqust 2023-ci il tarixinə Cavabdeh İddiaçı MMC-yə olan qalıq borcu 2012.91 (iki min on iki manat 91 qəpik) manat borc təşkil edir.
3. xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh müxtəlif adda, cəmi 2241,69 manat dəyərində mallar təqdim edilmişdir.
4. EBAZ seriyalı 152390 nömrəli xx.xx.2021-ci il tarixli elektron qaiməyə əsasən 136,75 manat, EBAZ seriyalı 166900 nömrəli xx.xx.2021-ci il tarixli elektron qaiməyə əsasən 206,97 manat, EBAZ seriyalı 777834 nömrəli xx.xx.2021-ci il tarixli elektron qaiməyə əsasən 139,77 manat, EBBA seriyalı 651317 nömrəli xx.xx.2021-ci il tarixli elektron qaiməyə əsasən 162,36 manat, EBBB seriyalı 357060 nömrəli xx.xx.2021-ci il tarixli elektron qaiməyə əsasən 48,34 manat, EBBB seriyalı 422472 nömrəli xx.xx.2023-ci il tarixli elektron qaiməyə əsasən 144,81 manat, EBBE seriyalı 616446 nömrəli xx.xx.2021-ci il tarixli elektron qaiməyə əsasən 242,40 manat, EBBB seriyalı 429488 nömrəli xx.xx.2021-ci il tarixli elektron qaiməyə əsasən 142,87 manat, EBBC seriyalı 477446 nömrəli xx.xx.2021-ci il tarixli elektron qaiməyə əsasən 199,14 manat, EBBC seriyalı 477448 nömrəli xx.xx.2021-ci il tarixli elektron qaiməyə əsasən 188,40 manat müxtəlif çeşidli mallar İddiaçı MMC tərəfindən Cavabdeh ödənilməsi üçün təqdim edilmişdir.
5. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X6 üzrə Baş İdarəsi tərəfindən verilmiş arayışdan görünür ki, fiziki şəxs Cavabdeh (VÖEN **********) fəaliyyəti xx.xx.2021-ci ildən 5 il müddətinə dayandırılmışdır. Fəaliyyətin və əməliyyatların bərpa ediləcəyi tarix xx.xx.2026-cı ildir.
Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2012,91 (iki min on iki manat doxsan bir qəpik) manat məbləğində əsas borcun və məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 40,13 (qırx manat on üç qəpik) manat pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinin 2-ci bəndinə əsasən, Satıcı Sifariş olunmuş malları təsdiqlədikdən sonra Alıcının sifarişinə uyğun olaraq razılaşdırılmış miqdarda, çeşiddə, keyfiyyətdə və assortimentdə malları Alıcıya təhvil verməyi, Alıcı sifarişə uyğun çatdırılmış malları təhvil almağı və müqavilədə göstərilən qaydada malların dəyərini Satıcıya ödəməyi öhdəsinə götürür. Təqdim edilmiş elektron qaimə-faktura sənədlərinə və təhvil-qəbul aktlarına əsasən cavabdeh tərəfindən sifariş olunan mallar tam şəkildə ona təhvil verilmişdir. Lakin cavabdeh müqavilə üzrə öz öhdəliklərini lazımi qaydada icra etməmişdir. Belə ki, Cavabdeh müəyyən ödənişlər etsə də, İddiaçı MMC-dən aldığı malların dəyərini tam şəkildə ödəməmiş və nəticədə Cəmiyyətə 2012,91 manat məbləğində qalıq borcu qalmışdır. Təqdim edilmiş Maliyyə Arayışından da görünür ki İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 26 avqust 2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 31 avqust 2023-cü il tarixinə Cavabdeh İddiaçı MMCyə olan qalıq borcu 2012,91 manat təşkil edir. Borcun ödənilməsi ilə bağlı cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıqlar edilməsinə baxmayaraq cavabdeh qalıq borcun ödənilməsini təmin etməmişdir. Həmçinin AR MPM-nin tələblərinə uyğun olaraq mübahisənin məhkəmədən kənar həlli məqsədilə cavabdehə sonuncu dəfə xx.xx.2023-cü il tarixdə müvafiq icra hakimiyyəti orqanının elektron kabineti vasitəsilə pretenziya məktubu göndərilmiş, lakin münasibətlərin qaydaya salınması və qalıq borcun ödənilməsi məqsədilə cavabdeh tərəfindən heç bir addım atılmamışdır.
8. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2, 385.1, 425.1, 442, 445.1, 445.2.1, 448.1-cü maddələrinə istinad olunmuşdur.
9. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-4728/2024 nömrəli qətnaməsi ilə (hakim Kənan.Hüseynov) iddia təmin edilərək, Cavabdeh xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 2012 (iki min on iki) manat 91 (doxsan bir) qəpik məbləğində borc və ödənilmiş 40 (qırx) manat 13 (on üç) qəpik məbləğində dövlət rüsumunun əvəzinin İddiaçı MMC-nin xeyrinə tutulması qət edilmişdir.
10. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında malların göndərilməsi müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Belə ki, iddiaçı cavabadehlə aralarında imzalanmış müqaviləyə uyğun olaraq müvafiq həcmdə malı təhvil vermiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini tam yerinə yetirməyərək təhvil verilmiş malların dəyərini müyyən olunmuş müddətdə tam ödəməmişdir.
11. Məhkəmə iddiaçı tərəfindən malın cavabdehə təhvil verildiyini, cavabdehin öz öhdəliyini lazımi qaydada icra etməyərək təhvil aldığı malların dəyərini ödəmədiyini nəzərə alaraq hesab etmişdir ki, iddia tələbi əsaslıdır.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a) Apellyasiya şikayətlərinin dəlilləri
12. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il və e-2-2(113)-4728/2024 saylı qərarının ləğv edilməsi, "xxxx" MMC-yə olan borc öhdəliyinin və məhkəmə xərclərinin aradan qaldırılması, məhkəmə xərcinin qarşı tərəf tərəfindən ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, onun VÖEN-i (X1 Nömrəsi) 2018-ci ildə rəsmi olaraq bağlanmışdır. VÖEN-in bağlanması ilə vergi ödəyicisinin hüquq və öhdəlikləri dayandırılmışdır. Bu bağlanma faktı, hüquqi və iqtisadi fəaliyyətdən kənarlaşdırılmağı və hüquqi qabiliyyətin itirilməsini nəzərdə tutur. 26 avqust 2020-ci ildə, yəni onun VÖEN-i bağlandıqdan iki il sonra, "xxxx" MMC ilə onun arasında bir alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, "xxxx" MMC satıcı, o isə alıcı rolunda çıxış etmişdir. Müqaviləyə görə satıcı razılaşdırılmış miqdarda və keyfiyyətdə malları alıcıya təhvil verməli, alıcı isə həmin malların dəyərini müqavilədə göstərilən qaydada və müddətdə ödəməyi öhdəsinə götürmüşdür. Təqdim edilmiş sənədlərə əsasən, onun tərəfindən bəzi mallar üçün ödənişlər edilmişdir, lakin alqı-satqı müqaviləsi üzrə tam ödəniş həyata keçirilməmişdir. Nəticədə, onun "xxxx" MMC-yə 2012,91 manat məbləğində borcu qalmışdır. Borcun ödənilməsi üçün "xxxx" MMC tərəfindən Cavabdeh dəfələrlə yazılı və şifahi xəbərdarlıqlar göndərilmişdir, lakin cavabdeh borcun ödənilməsini təmin etməmişdir. Bakı Kommersiya Məhkəməsi, "xxxx" MMC-nin müraciəti əsasında, ondan 2012,91 manat borcun və 40,13 manat məhkəmə xərclərinin tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul etmişdir. Məhkəmə bu qərarı onun alqı-satqı müqaviləsinə əsasən öhdəliklərini tam yerinə yetirməməsi əsasında çıxarmışdır. Onun VÖEN-nin bağlanmış olması onun hüquqi qabiliyyətini şübhə altına alır. VÖEN-in bağlanması şəxsə vergi ödəyicisi kimi hər hansı hüquqi və iqtisadi fəaliyyət göstərməsini qadağan edir. Bu səbəbdən, 2020-ci ildə bağlanmış müqavilənin hüquqi qüvvəsi və onun əsasında yaranan borc öhdəliklərinin qanunauyğunluğu mübahisələndirilir. Məhkəmənin qəbul etdiyi qətnamə, onun hüquqi qabiliyyəti olmayan bir şəxs kimi müqavilə üzrə borc öhdəliyi götürdüyünü iddia edir ki, bu da qanunauyğun deyil. Çünki, bir müqavilə bağlanılan zaman tərəf digər tərəf müqavilənin bağlanması üçün oferta yəni razılıq verib verməməsi barəsində sorğu göndərir. Digər tərəf müqavilənin bağlanmasını əgər akseptedirsə, yalnız o zaman tərəflərin qarşılıqlı raızlığı əsasında müqavilə bağlanıla bilər. Əks halda şəxsin adından bağlanılan müqavilə qanunsuz müqavilə sayılır.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. İddiaçının nümayəndəsi X2 elektron kabinet vasitsəsilə ərizə göndərərək, iclasların çoxluğu və ezamiyyə səbəbilə hazırki iclasda iştiraklarının təmin edilməsinin mümkünsüz olduğunu bildirmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir.
15. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 627.1-ci maddəsinə əsasən göndərmə müqaviləsinə görə mal göndərən - sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı istehsal etdiyi və ya satın aldığı malları sahibkarlıq fəaliyyətində və ya şəxsi, ailə, ev və digər bu cür istifadə ilə bağlı olmayan başqa məqsədlər üçün istifadə edilməkdən ötrü şərtləşdirilmiş müddətdə və ya müddətlərdə alıcıya verməyi öhdəsinə götürür. 634.1-ci maddəsinə əsasən alıcı (mal alan) göndərmə müqaviləsinə uyğun göndərilmiş malların qəbulunu təmin edən bütün zəruri hərəkətləri yerinə yetirməyə borcludur. 634.2-ci maddəsinə əsasən malların qüsurlarını gözdən keçirməklə müəyyən etmək mümkün olmayan hallar istisna olmaqla, alıcı bildiriş vermədikdə, mal qəbul olunmuş hesab edilir. 637.1-ci maddəsinə əsasən alıcı göndərilən malları göndərmə müqaviləsində nəzərdə tutulan hesablaşma qaydasını və formasını gözləməklə ödəyir. Əgər tərəflərin razılaşmasında hesablaşma qaydası və forması müəyyənləşdirilməyibsə, hesablaşmalar ödəniş tapşırıqları ilə həyata keçirilir. 637.2-ci maddəsinə əsasən göndərmə müqaviləsində malların mal alan (ödəyici) tərəfindən ödənilməsi nəzərdə tutulduqda və o, ödənişdən əsassız imtina etdikdə və ya malları müqavilədə müəyyənləşdirilmiş müddətdə ödəmədikdə mal göndərən alıcıdan göndərilmiş malları ödəməyi tələb edə bilər.
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
Əsaslandırıcı hissə
Apellyasiya baxışının hədləri
18. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamə Cavabdeh tərəfindən tam mübahisələndirdiyindən tam yoxlanılır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
19. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-4728/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
20. İşin hallarından görünür ki, tərəflər arasında malların göndərilməsi müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Belə ki, iddiaçı cavabadehlə aralarında imzalanmış müqaviləyə uyğun olaraq müvafiq həcmdə malı təhvil vermiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini tam yerinə yetirməyərək təhvil verilmiş malların dəyərini müyyən olunmuş müddətdə tam ödəməmişdir.
21. Cavabdehin iddiaçıya borcunun olması iş materiallarına əlavə edilmiş sübutlarla (qaimə, təhvil-təslim aktı) öz təsdiqini tapmış, cavabdeh iddiaya qarşı heç bir etiraz etməmişdir. Buna görə də iddiaçının cavabdehdən Mülki Məcəllənin 637.2-ci maddəsinə əsasən satdığı malların qalan dəyərini tələb etmək hüququ yaranmışdır.
22. Qanunvericilik normalarını, müqavilələrin şərtlərini, cavabdehin müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliklərin icrasını, satdığı malların dəyərini tələb etmək hüququna malik olmasını, iddiaçı tərəfindən malın cavabdehə təhvil verildiyini, cavabdehin öz öhdəliyini lazımi qaydada icra etməyərək təhvil aldığı malların dəyərini, 2012,91 manat pulu ödəmədiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır.
23. Məhkəmə cavabdehin apellyasiya şikayətində qeyd etdiyi dəlillərə münasibətdə qeyd edir ki, cavabdeh 2018-ci ildə VÖEN-nin rəsmi olaraq bağlandığı və VÖEN-in bağlanması ilə onun hüquq və öhdəliklərinin dayandırıldığını, müqavilənin isə onun VÖENi bağlandıqdan iki il sonra bağlandığını bildirsə də, hazırki məhkəmə icraatı zamanı məhkəməyə təqdim etdiyi arayışla qeyd olunan faktlar inkar olunur.
24. Belə ki, cavabdehin özünün elektron kabinetinə əlavə etdiyi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X6 üzrə Baş İdarəsi tərəfindən verilmiş arayışdan görünür ki, fiziki şəxs Cavabdeh (VÖEN **********) fəaliyyəti xx.xx.2021-ci ildən 5 il müddətinə dayandırılmışdır. Fəaliyyətin və əməliyyatların bərpa ediləcəyi tarix xx.xx.2026-cı ildir.
25. Göründüyü kimi cavabdeh iddiaçı ilə müqavilə bağladığı zaman, yəni xx.xx.2020ci il tarixdə VÖEN-i aktiv olmuş və yalnız 8 aydan sonra fəaliyyəti dayandırılmışdır.
26. Bundan əlavə, fiziki şəxsin fəaliyyətinin dayandırılmış olması onu məsuliyyətdən azad etmir və cavabdeh müqavilə tərəfi olaraq elektron qaimələr əsasında iddiaçı tərəfindən ona təqdim edilmiş malların dəyərini ödəməyə borcludur.
27. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən və formal mülahizələrdən ibarət olan dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
28. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:
Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-4728/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir və kassasiya şikayəti verilə bilməz.