Məhkəmə qərarları › İş №2-2(103)-1005/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1005/2021

22.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1005/2021 22.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Vəliyev Elmar Valeh oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı alqı-satqı müqaviləsi üzrə borcun tutulması barədə kommersiya işi üzrə çıxarılmış Bakı Kommersiya Məhkəməsinin 01.07.2021- ci il tarixli e- 2-2(113)-2844/2021 saylı qətnaməsindən (hakim Zaur Pirverdiyev) cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək cavabdehdən 44400 manat məbləğində borc pulun tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 01 may 2018-ci il tarixdə 105/18-2 nömrəli müqaviləyə əsasən və müqavilədə göstərilən müddətdə müqavilə şərtlərindən irəli gələn qaydada Cavabdeh MMC-yə 44400 manatlıq şeben və ballas təqdim etmişdir. Bu materialların təhvil verilməsi barədə 26.09.2018-ci il tarixli 347958 nömrəli elektron qaimə cavabdeh müəssisə tərəfindən qəbul edilmişdir. Borcun qaytarılma müddətindən müəyyən vaxt keçməsinə və dəfələrlə müraciət etməyinə baxmayaraq, borc bu günə qədər ödənilməmişdir. Bu isə iddiaçının sahibkar kimi normal fəaliyyət göstərməyinə ciddi maneə törədir. Sonuncu dəfə 30 aprel 2021-ci il tarixdə cavabdehin ünvanına borcun 5 gün müddətində ödənməsi, əks halda yuxarıda qeyd olunan məbləğin ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmiş, borc ödənilməmişdir. Bakı Kommersiya Məhkəməsinin 01.07.2021- ci il tarixli e-2-2(113)-2844/2021 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh həmin qətnamədən apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarında olan 01 may 2018-ci il tarixli 105/18-2 nömrəli müqavilə və onun 1 saylı əlavəsi üzrə 1440 m3 şeben və 7500 m3 balas X6-ə təhvil verilməmişdir. Məhkəmə də məhz müqavilənin şərtlərini və onlara əməl olunmasını araşdırmalıdır. Çünki həm müqavilənin özündə, həm də 1 saylı Əlavəsində birbaşa göstərilmişdir: “Ödəmə şərtləri: 100% ödəmə yalnız təhvil-təslim aktı əsasında ödənilir.” İddiaçı isə məhkəməyə yalnız iki sənədi, yəni müqaviləni və elektron qaiməni təqdim edərək iddia tələbini əsaslandırmışdır və 44.400 manatın ödənilməsini tələb etmişdir. Lakin malların təhvil verilməsini təsdiq edən təhvil-təslim aktını təqdim etməmişdir. Çünki iddaçı tərəfindən belə bir mal təhvil verilməmişdir. Malların təhvil verilməsini təsdiq edən sənədlərin tələb edilməsi ilə bağlı Cavabdeh tərəfindən vəsatət verilmşdir. Həmin vəsatətlə tələb edilən təhvil-təslim aktları və digər sənədlər hakimin özü tərəfindən də iddiaçıdan tələb edilmişdir və hətta sənədlərin təqdim edilməsi üçün iddiaçıya vaxt verilməsi də təklif edilmişdir. Lakin iddiaçı malların təhvil-təsliminə dair heç bir sənədin olmadığını bildirmişdir. Orta hesabla yük avtomobilinin yük götürmə qabiliyyətini 10 m3 nəzərə alsaq ümumi miqdarı (həcmi) 8940 m2 tikinti materiallarını təhvil vermək üçün 900 dəfə bu cür yük maşınları ilə materiallar təhvil verilməli idi və hər dəfə təhvil-təslim aktı imzalanmalı idi. Lakin bir dənə olsun belə təhvil-təslim aktı təqdim edilmir, çünki həqiqətdə heç bir material təhvil verilməyib. Cavabdehin vəsatəti ilə tələb edilən sənədlər - malların təhvil-təsliminə dair aktlar, həmin malların iddiaçının kimdən alınmasına dair sənədlər iddiaçı tərəfindən məhkəməyə təqdim edilə bilmədikdən sonra, X6 tərəfindən vəsatət verilərək həmin malların kimdən, nə vaxt alınmasına və bunlarla bağlı sənədlərin olub-olmamasını müəyyənləşdirmək üçün məhkəmənin Dövlət Vergi Xidmətinə sorğu ilə müraciət edilməsi xahiş edilmişdir. Lakin məhkəmə bu vəsatəti də təmin etməyərək, iş üçün əhəmiyyət daşıyan bu faktları da araşdırmamışdır. Məhkəmənin etmiş olduğu prosessual pozuntulardan göründüyü kimi müvafiq araşdırma aparmadan, tələsik qətnamənin çıxarılması üçün məhkəmə iş üçün əhəmiyyət kəsb edən halları müəyyən etmədən, yalnız elektron qaiməyə istinad edərək hesab edir ki, şeben və balas təhvil verilmişdir. Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında apelyasiya şikayətinə yazılı etiraz etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin 01.07.2021-ci il tarixli e-2-2(113)-2844/2021 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia rədd edilməlidir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş 01 may 2018-cı il tarixli 105/18-2 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, satıcı İddiaçı bu müqavilənin 1 saylı əlavəsində göstərilən malları alıcı Cavabdehnə satmağı, alıcı isə əvəzində bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə məbləğin ödənilməsini öz üzərinə götürmüşdür. 01 may 2018-cı il tarixli 105/18-2 nömrəli müqavilənin 1 saylı əlavəsində müqavilə əsasında satılmalı olan şeben və balas məhsulunun qiymətinin 44000 manat təşkil etdiyi, ödəmənin təhvil-təslim aktı əsasında həyata keçirilməli olduğu qeyd edilmişdir. 26.09.2018-ci il tarixində iddiaçı tərəfindən cavabdehə 44000 manat dəyərində malın təhvil verilməsi barədə EAAM 347958 saylı elektron qaimə göndərilmişdir. Birinci instansiya məhkəməsi MM-nin 385.1, 386.1, 442, 448.1, 462.1, 465.2-ci, 567-ci maddələrinə istinad edərək iddianın əsaslı olduğuna dair nəticəyə gəlmişdir. İşə apelyasiya qaydasında baxılarkən birinci instansiya məhkəməsinin iş üzrə qətnamə qəbul edərkən aşağıdakı pozuntulara yol verdiyi müəyyən edilmişdir. Hazırkı iş üzrə iddiaçı tərəfindən dəbbə pulu ilə bağlı tələb irəli sürülmədiyindən işə baxmış hakim iş üzrə gəldiyi nəticəni əsaslandırarkən iş üzrə Mülki Məcəllənin dəbbə pulunun anlayışı ilə bağlı 462.1-ci maddəsinə və kreditorun hansı halda cərimə tutmaq hüququ olduğunu müəyyən edən 465.2-ci maddəsinə düzgün istinad etməmişdir. Bundan əlavə iş üzrə təqdim sübutlara məhkəmə tərəfindən düzgün hüquqi qiymət verilmişdir. Məhkəmə müqavilənin 1 saylı Əlavəsindən alqı-satqı müqaviləsi üzrə malların alıcıya təhvil verildiyinin göründüyünə dair nəticəyə gəlmişdir. Halbuki müqaviləyə 1 saylı Əlavə malın təhvil-təslimi ilə bağlı deyil, müqavilə üzrə satılmalı olan malların razılaşdırılmış qiyməti ilə bağlı tərtib edilmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 2-ci bəndində nəzərdə tutulmuşdur ki, müqavilənin qiymətinin ödənilməsi tərəflər arasında malın qəbul edilməsinə dair təhvil qəbul aktının və ya qiymət razılaşdırılması protokolu imzalanmasından sonra həyata keçirilir. İddiaçı tərəfindən məhkəməyə malların alıcıya müqavilədə nəzərdə tutulmuş qaydada təhvil verilməsini təsdiq edən hər hansı sübut təqdim edilməmiş, iddiaçının nümayəndəsi malların təhvil verilməsinin elektron qaimə ilə təsdiq edildiyini göstərmişdir. Cavabdehin apelyasiya şikayətinin dəlili bundan ibarətdir ki, iddiaçı tərəfindən sübut qismində təqdim edilmiş müqavilə əvvəlki rəhbərliyin dövründə formal olaraq, faktiki mallar təhvil verilmədən Cəmiyyətdən vəsait çıxarılması məqsədi ilə bağlanmışdır. Eyni tarixdə, eyni məbləğdə malların alqı-satqısı ilə eyni məzmunlu daha üç müqavilə bağlanması, həmin satıcılardan birinin iddiaçının oğlu olması, eyni tarixdə 20 dəqiqə fərqlə elektron qaimələr göndərilməsi, həmin müqavilə üzrə malların faktiki təhvil verilməsi ilə bağlı sübutlar olmaması müqavilənin formal bağlandığını təsdiq edir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş Bakı Kommersiya Məhkəməsinin 23.07.2021-ci il tarixli, 09.08.2021-ci il tarixli qətnamələrindən görünür ki, X5, X1, X3 tərəfindən Cavabdehnə qarşı eyni tarixdə, eyni məbləğdə, eyni malların satışı ilə bağlı alqı-satqı müqaviləsinə istinad edərək 3 ayrı iddia qaldırılmış, həmin iddia tələbləri rədd edilmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil2 işə apelyasiya qaydasında baxılarkən göstərmişdir ki, X3 iddiaçının oğlu, digər iddiaçılar isə İddiaçı həmyerliləridir və məcburi köçkünlərdir. Cavabdehə satılmış malları bazardan aldıqları üçün alış sənədləri yoxdur. Malların yarısı öz maşınları, yarısı bazardan tutduqları maşınlarla daşındığından daşınma ilə bağlı da sübutlar yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02.04.2021-ci il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Qərarında qeyd edilmişdir ki, “Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Məhkəmə işin hallarını-iddiaçı tərəfindən məhkəməyə iddianın əsası kimi istinad edilmiş alqı-satqı müqaviləsinə əsasən malın cavabdehə təhvil verildiyinə dair elektron qaimədən başqa sübut təqdim edilmədiyini, eyni tarixdə hazırkı iş üzrə iddiaçı, oğlu və məcburi köçkün olduqları bildirilən həmyerliləri ilə eyni çəkidə və eyni dəyərdə malların alqı-satqısı ilə bağlı müqavilələr bağlanmasının məntiqli izahı olmadığını, cavabdehə eyni tarixdə malların təhvil verilməsi barədə elektron qaimələr göndərildiyini, satılmış malların iddiası tərəfindən haradan əldə edildiyi və hansı nəqliyyat vasitələri ilə daşındığına və 2021-ci ilin aprel ayınadək malın dəyərinin cavabdehdən tələb edildiyinə dair işdə sübutlar olmadığını nəzərə alaraq hesab edir ki, 01 may 2018-cı il tarixli 105/18-2 nömrəli alqı-satqı müqaviləsi alqı-satqı ilə bağlı hüquqi nəticələr yaratmaq niyyəti ilə bağlanmamış əhəmiyyətsiz uydurma əqddir. Buna görə də, iddiaçının həmin əqd əsasında cavabdehdən borc tələb etməyə hüququ olmadığı üçün mübahisələbdirilən qətnamə ləğv edilərək iddia rədd edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin 01.07.2021- ci il tarixli e-2-2(113)-2844/2021 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia rədd edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh apelyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin 01.07.2021- ci il tarixli e-2-2(113)-2844/2021 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar