Məhkəmə qərarları › İş №2-2(103)-1005/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1005/2023

05.12.2023 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1005/2023 05.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X2 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-5238/2023 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnaməsindən ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ Birinci instansiya məhkəməsindəki icraat

1. Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs dövlət büdcəsinə olan ümumilikdə 2094,6 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 5421,15 manat, İşsizlikdən Sığorta Fonduna olan 208,43 manat, İcbari Tibbi Sığorta Fonduna olan 858,31 manat məbləğində borcunun ödənilməsini təmin etmək üçün onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Ərizəçi bildirir ki, xx.xx.2023-cü il tarixə vergi ödəyicisi olan Maraqlı şəxs (VÖEN: **********) İşsizlikdən Sığorta Fonduna 208,43 manat, Dövlət Sosial Müdafiə Fonduna 5421,15 manat, dövlət büdcəsinə 2094,6 manat məbləğində (o cümlədən, vergilər üzrə 2094,6 manat), İcbari Tibbi Sığorta Fonduna 858,31 manat olmaqla, ümumilikdə 8582,49 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixli **********917300 nömrəli, xx.xx.2023-cü il tarixli **********164300 nömrəli, xx.xx.2023-cü il tarixli **********846400 nömrəli, xx.xx.2023-cü il tarixli **********040000 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir.

3. Maraqlı şəxs X5 ərizə ilə məhkəməyə müraciət edərək, vergi borcunu tam ödədiyini, işə xitam verilməsini məhkəmədən xahiş etmiş, ərizəsinə ödəniş qəbzlərini əlavə etmişdir.

4. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-5238/2023 saylı qətnaməsi ilə ərizə rədd edilmişdir.

5. Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və ərizənin təmin edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri

6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə ətraflı araşdırma aparmamış, vergi ödəyicisinin şəxsi hesab vərəqəsində ödənilməmiş borc məbləğinin olmasına baxmayaraq ərizənin rədd edilməsi qənaətinə gəlmişdir. Maraqlı şəxs ərizə ilə müraciət edərək vergi orqanına olan borcunu tam şəkildə ödədiyini bildirmiş və ödəniş qəbzlərini də ərizəsinə əlavə etmişdir. Lakin həm qeyd edilən qəbzlərdən, həm də şikayətə əlavə edilmiş şəxsi hesab vərəqəsindən də göründüyü kimi, vergi ödəyicisi tərəfindən Dövlət Sosial Müdafiə Fonduna borc tam şəkildə ödənilməmiş, məhkəməyə müraciət edilmiş ərizə üzrə xx.xx.2023-cü il tarixə 276,44 manat ödənilməmiş borcu qalmaqdadır. Məhkəmə ölkədən getmə hüququnun məhdudlaşdırılması ilə bağlı qanunvericilik normalarını nəzərə almamışdır, halbuki, fiziki şəxsin və hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədəngetmə hüququnun məhdudlaşdırılması ilə bağlı məhkəməyə müraciət edərkən iki mühüm amil əhəmiyyət kəsb edir: 1) vergi ödəyicisinin dövlət büdcəsinə borcunun olması; 2) maraqlı şəxsin hüquqi şəxsin icra orqanının rəhbəri olması. Qeyd edilənlərə baxmayaraq məhkəmə kollegiyası tərəfindən bu amillərə diqqət yetirilməmiş, maraqlı şəxsin ölkədən getmə hüququnun müvəqqəti məhdudlaşdırılması üçün bütün şərtlər mövcud olsa da, ərizə təmin edilməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

7. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

8. Tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.

TƏTBİQ EDİLƏN HÜQUQ

9. Vergi Məcəlləsinin 16.1-ci maddəsinə əsasən vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır: qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək (16.1.1).

10. Həmin Məcəllənin 23.1.15-3-cü maddəsinə əsasən vergi orqanlarının vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək hüququ vardır.

11. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur.

12. Həmin Məcəllənin 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir.

13. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergilərin (o cümlədən cari vergi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir.

14. Mülki Prosessual Məcəllənin 355-5.1-ci maddəsinə görə vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

15. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

16. Məhkəmə kollegiyası hesab edir ki, ərizə rədd edilməlidir.

17. Belə ki, Vergi Məcəlləsinin 23.1.15-3-cü və Mülki Prosessual Məcəllənin 355-5.1-ci maddəsinin tələblərinə görə hüquqi şəxsin vergi borcunun ödənilməsinin təmin edilməsi məqsədilə hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun məhdudlaşdırılması imkanı nəzərdə tutulmuşdur.

18. Lakin kollegiya hesab edir ki, hazırkı işdə maraqlı şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün heç bir əsas yoxdur.

19. Belə ki, maraqlı şəxs tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmiş mədaxil qəbzlərindən görünür ki, xx.xx.2023-xx.xx.2023-cü il tarixlərdə X5 tərəfindən 11432703 (fiziki şəxs tərəfindən (digər fiziki şəxslər üzrə sadələşdirilmiş vergi) ödənilən sadələşdirilmiş vergi) büdcə təsnifat kodu üzrə 2156 manat, 12430000 (vergi ödəyicisi kimi vergi uçotuna alınmış fiziki şəxslər (fərdi sahibkarlar, xüsusi notariuslar, vəkillər kollegiyasının üzvləri) üzrə ödənilən icbari tibbi sığorta üzrə sığorta haqqı) büdcə təsnifat kodu üzrə 860 manat, 12111200 (neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən işəgötürənlərin əməyin ödənişi fonduna hesablanan sosial ayırmaları (fiziki şəxsləri muzdlu işə cəlb edən sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üzrə)) büdcə təsnifat kodu üzrə 5135 manat, 12138000 (muzdla işləməyənlərin fərdi sahibkarlıq fəaliyyəti üzrə ödənilən sosial ayırmalar (digər sahələrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üzrə ödənilən sosial ayırmalar) büdcə təsnifatı üzrə 268 manat, 12310001 (işəgötürənlərin əməyin ödənişi fondundan hesablanan işsizlikdən sığorta haqqı) büdcə təsnifat kodu üzrə 210 manat, 12111200 (neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən işəgötürənlərin əməyin ödənişi fonduna hesablanan sosial ayırmaları (fiziki şəxsləri muzdlu işə cəlb edən sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üzrə)) büdcə təsnifat kodu üzrə 20 manat məbləğində ödəniş edilmişdir.

20. Beləliklə, ərizədə göstərilən borc məbləği ilə bağlı maraqlı şəxs tərəfindən büdcə və fondlara xx.xx.2023-xx.xx.2023-cü il tarixlərdə ümumilikdə 8649 manat məbləğində ödəniş edilib və həmin tarixlərə olan şəxsi hesab vərəqəsinə əsasən müəyyən olunur ki, maraqlı şəxsin vergi borcuna hesablanan faiz üzrə qalıq borcu 99,89 manat təşkil edir.

21. Göründüyü kimi Maraqlı şəxs dövlət büdcəsinə ümumilikdə çox cüzi məbləğdə (99,89 manat) borcu qalmışdır.

22. İnsan Hüquqları və X1 haqqında Avropa Konvensiyasına dair 4 saylı Protokolun 2-ci maddəsində nəzərdə tutulmuşdur ki, hər kəs öz ölkəsi də daxil olmaqla, hər hansı ölkəni tərk etməkdə azaddır. Bu hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə, ictimai qaydanı qorumaq üçün, cinayətlərin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa heç bir məhdudiyyət qoyula bilməz.

23. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “X4 (X6) şikayəti üzrə bəzi normativ hüquqi aktların Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 2017-ci il 26 may tarixli Qərarında formalaşdırdığı hüquqi mövqelərə görə, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olan əsaslar və mütənasiblik prinsipindən irəli gələn meyarlar kifayət qədər aydındır... Mütənasiblik prinsipinə riayət olunmasını təmin etmək üçün məhkəmə işə baxarkən hər bir konkret halda məhdudiyyətin müəyyən olunmasının əsaslarını, borclunun buna qarşı etirazlarını öz daxili inamına görə qiymətləndirməli, işi hərtərəfli, tam və obyektiv araşdırmalı, məsələ ilə bağlı öz nəticələrini müvafiq məhkəmə aktında əsaslandırmalıdır.

24. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında da göstərilmişdir ki, hərəkət azadlığı hüququnu məhdudlaşdıran hər hansı tədbir qanuna uyğun olmalı, Konvensiyaya dair 4 saylı Protokolun 2-ci maddəsinin 3-cü bəndində qeyd edilən legitim məqsədlərdən birini güdməli, demokratik cəmiyyətdə zəruri olmalı, yəni mütənasiblik meyarına cavab verməlidir (Battista İtaliyaya qarşı, № 43978/09, 2014cü il 2 dekabr tarixli qərarı; Xlyustov Rusiyaya qarşı, № 28975/05, 2013-cü il 11 iyul tarixli qərarı)

25. Kollegiya hesab edir ki, hazırki ərizə məhkəməyə verildikdən sonra Maraqlı şəxs tərəfindən dövlət büdcəsinə olan borcların əhəmiyyətli hissəsi ödənildiyindən və hazırda çox cüzi məbləğdə (99,89 manat) borcu qaldığından maraqlı şəxsin konstitusion hüququnu məhdudlaşdırmaq AİHM-in və Konstitusiya Məhkəməsinin yuxarıdakı hüquqi mövqelərində qeyd olunan mütənasiblik meyarına cavab vermir.

26. Ona görə də, ərizə rədd edilməlidir.

27. Apellyasiya şikayətinin dəlilləri isə əsassızdır. Belə ki, birinci instansiya məhkəməsinin qətnaməsi qəbul edilən tarixə maraqlı şəxsin vergi borcuna hesablanan faiz üzrə qalıq borcu 99,89 manat təşkil etmişdir. Həmin məbləğ isə məhkəmənin yuxarıda sərgilədiyi mövqeyə əsasən maraqlı şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizənin təmin edilməsi üçün əsas deyildir.

28. Beləliklə, kollegiya belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

29. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-5238/2023 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov

Hakimlər: Vüsalə Baxışova

Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar