Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-101/2024 25.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Hüseynin sədrliyi və məruzəsi ilə, Raqib Əliddin oğlu Qurbanov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, X2 qızının katibliyi ilə, Maraqlı şəxsin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin 06 oktyabr 2023-cü il tarixli, e-2-2(113)-5180/2023 saylı qətnaməsindən Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya işinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ Birinci instansiya məhkəməsindəki icraat
1. Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, vergi ödəyiciləri olan fiziki və hüquqi şəxslər tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 2009,52 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 8299,48 manat, İşsizlikdən sığorta fonduna olan 337,34 manat, İcbari Tibbi Sığorta Fonduna olan 1301,99 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxslərin icra orqanının rəhbəri olan Maraqlı şəxs barəsində (Doğulduğu tarix - xx xxxxxx 1981-ci il, Doğulduğu yer – Bakı şəhəri, Şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi - xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE ********) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Ərizə onunla əsaslandırılmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2023-cü il tarixə vergi ödəyicisi olan “X4” Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) İşsizlikdən sığorta fonduna 335,37 manat, İcbari Tibbi Sığorta Fonduna 1301,99 manat, Dövlət Sosial Müdafiə Fonduna 8295,75 manat, dövlət büdcəsinə 1969,36 manat məbləğində (o cümlədən, vergilər üzrə 1843,2 manat, faizlər üzrə 86,16 manat, maliyyə sanksiyası üzrə 40 manat), Maraqlı şəxs (VÖEN: **********) İşsizlikdən sığorta fonduna 1,97 manat, Dövlət Sosial Müdafiə Fonduna 3,73 manat, dövlət büdcəsinə 40,16 manat məbləğində (o cümlədən, vergilər üzrə, 01 manat, faizlər üzrə,15 manat, maliyyə sanksiyası üzrə 40 manat) olmaqla, ümumilikdə 11948,33 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicilərinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixli **********030200, xx.xx.2023-cü il tarixli **********341300, xx.xx.2023-cü il tarixli **********751600, xx.xx.2023-cü il tarixli **********364200-cü il tarixli, xx.xx.2019-cu il tarixli **********529600 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyiciləri yaranmış borc məbləğlərini ödəməmişlər.
3. Bakı Kommersiya Məhkəməsinin 06 oktyabr 2023-cü il tarixli, e-2-2(113)- 5180/2023 saylı qətnaməsi ilə ərizə təmin edilmişdir.
4. Həmin qətnamədən maraqlı şəxs apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-5180/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilərək ərizənin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apellyasiya şikayətinin dəlilləri
5. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ölkədən getmək məhdudiyyətinin tətbiqi üçün maraqlı şəxsin dövlət büdcəsinə olan borcunu ödəməkdən yayınma üçün ölkədən getmə ehtimalı olmalıdır. Belə bir ehtimal olmadığı təqdirdə şəxsin hüquq və azadlıqlarının məhdudlaşdırılması qəti şəkildə yolverilməzdir. Ərizəçi ərizəsində borcu ödəməkdən yayınma üçün ölkədən getmə ehtimalının olması ilə bağlı hər hansı bir sübuta əsaslana bilməmiş, yalnız və yalnız vergi ödəyiciləri olan fiziki və hüquqi şəxslər tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 2009,52 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 8299,48 manat, İşsizlikdən sığorta fonduna olan 337,34 manat, İcbari Tibbi Sığorta Fonduna olan 1301,99 manat məbləğində borcu ödəmədiyini qeyd etmişdir. Məhkəmə isə bu halı nəzərə almayaraq sübut olmadığı təqdirdə qətnamə qəbul etmişdir. Belə olan vəziyyətdə maraqlı situasiya yaranır. Konstitusiyada qərarın qanuna və sübutlara əsaslanması vurğulansa da, məhkəmə Konstitusiyanın qeyd olunan maddəsinin tələblərinə riayət etməmişdir. Beləliklə məhkəmə tərəfindən heç bir sübut olmadan konstitusion hüququ pozularaq onun ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Üstəlik də ki, rəhbəri olduğu “X4” Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) balansında kifayət qədər əmlaklar mövcuddur və əmlakların siyahısı məhkəməyə təqdim olunmuşdur. Belə olan halda onun ölkədən getmə hüququnun məhdudlaşdırılması konstitusion hüququ olan sərbəst hərəkət etmək hüququnun məhdudlaşdırılması deməkdir. Ərizəçi ərizəsində borcu ödəməkdən yayınma üçün ölkədən getmə ehtimalımın olması ilə bağlı hər hansı bir sübuta əsaslana bilməmiş, məhkəmə mübahisənin düzgün həlli üçün bütün halları tam olaraq araşdırmayaraq qanuna müvafiq qiymət verməmiş və heç bir sübut olmadan konstitusion hüququ pozularaq onun ölkədən getmək hüququ müvəqqəti olaraq məhdulaşdırılmışdır. Məhkəmə qətnaməsi tərəflərin qarşılıqlı münasibətinə və faktlara uyğun əsaslandırılmamışdır. Çünki iş müəyyən edilmiş hallar ərizənin rədd olunması üçün kifayət etsə də məhkəmə ərizəni təmin etməklə qeyd olunan maddənin tələbini pozmuşdur. Ərizəçi tərəfindən borcu ödəməkdən yayınma üçün ölkədən getmə ehtimalının olması ilə bağlı sübutların məhkəməyə təqdim olunmamasına baxmayaraq məhkəmə bu fakta qiymət verməyib, ərizəni təmin etməklə qeyd olunan maddələrin tələbini pozmuşdur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
6. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
7. Məhkəmə iclasında iştirak edən maraqlı şəxsin nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi və izahatında bildirdi ki, maraqlı şəxsin rəhbəri olduğu “X4” MMC-nin (VÖEN: **********) balansında kifayət qədər əmlaklar mövcuddur və əmlakların siyahısı məhkəməyə təqdim edilmişdir. Həmçinin, elektron məhkəmə informasiya sistemi vasitəsilə məhkəməyə təqdim etdiyi çıxarışdan da, görünür ki, hüquqi şəxsin balansında mənzil mövcuddur. Bundan əlavə, anbarlarında xeyli miqdarda mallar mövcuddur. Hesab edir ki, qarşı tərəf həmin əmlakları siyahıya almalı, açıq hərracda satışını həyata keçirməlidir.
8. Ərizəçinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.
TƏTBİQ EDİLƏN HÜQUQ
9. Vergi Məcəlləsinin 16.1-ci maddəsinə əsasən vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır: qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək (16.1.1).
10. Həmin Məcəllənin 23.1.15-3-cü maddəsinə əsasən vergi orqanlarının vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək hüququ vardır.
11. Həmin Məcəllənin 65.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə vergi orqanı bu Məcəlləyə müvafiq olaraq hesablanmış və ya yenidən hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının 5 gün müddətində ödənilməsinə dair vergi ödəyicisinə bildiriş göndərir.
12. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən bu Məcəllənin 65.2.1.1 və 65.2.1.4cü maddələrində nəzərdə tutulan hallar istisna olmaqla digər hallarda vergi orqanının hesabladığı və ya yenidən hesabladığı vergilər, faizlər və ya tətbiq etdiyi maliyyə sanksiyaları üzrə vergi orqanı vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarında borc məbləğinin 105 faizi həcmində pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra sənədi olan sərəncam verir. Bu zaman kredit təşkilatları və ya bank əməliyyatlarını aparan şəxslər tərəfindən bank hesablarında dondurulmuş vəsaitdən artıq olan pul vəsaitinə dair hesabdan məxaric edilməsini nəzərdə tutan vergi ödəyicisinin ödəmə tapşırıqları icra edilir.
13. Həmin Məcəllənin 65.2.1-ci maddəsinə əsasən vergi orqanı aşağıdakı hallarda vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarından dövlət büdcəsinə alınması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra (ödəniş) sənədi olan sərəncam verir: vergi ödəyicisi tərəfindən hesablanmış və bəyan edilmiş vergilər bu Məcəllənin 65.1ci maddəsi nəzərə alınmaqla müəyyən edilmiş müddətdə ödənilmədikdə; vergi orqanının hesabladığı vergilər, faizlər və tətbiq etdiyi maliyyə sanksiyaları üzrə vergi ödəyicisi tərəfindən bu Məcəllənin 65.1-ci maddəsində göstərilən bildirişin alındığı tarixdən 30 təqvim günü müddətində məhkəməyə və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) şikayət verilmədikdə; məhkəmənin müvafiq qərarı və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı olduqda həmin qərara uyğun olaraq; vergi ödəyicisinin yazılı razılığı olduqda.
14. Həmin Məcəllənin 65.2.2-ci maddəsinə əsasən vergi orqanının hesablamaları üzrə vergi ödəyicisi tərəfindən bu Məcəllənin 65.1-ci maddəsində göstərilən bildirişin alındığı tarixdən 30 təqvim günü müddətində məhkəməyə və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) şikayət verildikdə kredit təşkilatı və ya bank əməliyyatları aparan şəxs məhkəmənin qanuni qüvvəyə minmiş qərarına və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarına uyğun olaraq və bu Məcəllənin 65.2.1.3-cü maddəsinə əsasən verilmiş sərəncamın icrasını təmin edir.
15. Həmin Məcəllənin 65.2.3-1-ci maddəsinə əsasən bu Məcəllənin 65.2.1.1-ci və 65.2.1.4-cü maddələrində nəzərdə tutulan hallar istisna olmaqla digər hallarda vergi orqanının hesabladığı və ya yenidən hesabladığı ƏDV üzrə vergi, faiz və ya tətbiq etdiyi maliyyə sanksiyası üzrə borc məbləğinin 105 faizi həcmində pul vəsaitinin vergi ödəyicisinin ƏDV depozit hesabında dondurulması barədə vergi orqanı tərəfindən qərar qəbul edilir.
16. Həmin Məcəllənin 65.3-cü maddəsinə əsasən vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarında vəsait olduqda vergi orqanının sərəncamı bank və ya digər kredit təşkilatı tərəfindən həmin sərəncamın daxil olduğu gün icra edilir.
17. Həmin Məcəllənin 65.4-cü maddəsinə əsasən vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarında vəsait olmadıqda və ya o, vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinə, yaxud bu Məcəllə ilə müəyyən edilən həcmdə vəsaitin dondurulmasına kifayət etmədikdə vergi orqanının sərancamı bankda və ya digər kredit təşkilatında saxlanılır və vergi ödəyicisinin hesablarına vəsait daxil olduqca icra edilir.
18. Həmin Məcəllənin 65.7-ci maddəsinə əsasən vergi orqanlarının vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması haqqında sərəncamı vergi ödəyicisinin xarici valyutada olan hesabına yönəldildikdə, bank, digər kredit təşkilatı və ya poçt rabitəsinin milli operatoru həmin gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi məzənnə ilə sərəncamda göstərilən məbləğin 105 faizinədək hesabdakı valyuta vəsaitini dondurur və dərhal bu barədə vergi ödəyicisinə məlumat göndərir. Vergi ödəyicisi tərəfindən konvertasiya əməliyyatı aparıldıqdan sonra bank və ya digər kredit təşkilatı vergi orqanının sərəncamını icra edir.
19. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur.
20. Həmin Məcəllənin 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir.
21. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergilərin (o cümlədən cari vergi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir.
22. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər.
23. Həmin Məcəllənin 89.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclarını bu Məcəllənin 65.1-ci maddəsində qeyd olunan bildirişdə göstərilən müddət ərzində ödəmədikdə vergi orqanı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş formada aktivləri barədə məlumatın 10 gün ərzində vergi orqanına təqdim edilməsini vergi ödəyicisindən tələb edə bilər. Məlumatın vaxtında verilməməsinə görə vergi ödəyicisi bu Məcəllənin tələblərinə uyğun olaraq məsuliyyət daşıyır. Vergi ödəyicisinin vergi öhdəliyini yerinə yetirməkdən boyun qaçırması barədə vergi orqanının kifayət qədər əsası olduqda, habelə vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda vergi orqanı vergi ödəyicisinə yazılı bildiriş göndərməklə eyni zamanda ondan vergi öhdəliyini dərhal ödəməyi tələb edə bilər. Vergi ödəyicisi bu maddənin ikinci abzasında nəzərdə tutulmuş hallarda vergi öhdəliyini yerinə yetirmədikdə, vergi orqanı özünün əsaslandırılmış qərarı əsasında vergi ödəyicisinin əmlakının siyahıya alınmasını həyata keçirə bilər. Təxirəsalınmaz hallar istisna olunmaqla, gecə vaxtı (axşam saat 20.00-dan səhər saat 8.00-qədər) əmlakın siyahıya alınmasına yol verilmir.
24. Həmin Məcəllənin 89.4-cü maddəsinə əsasən vergi ödəyicisi olan hüquqi şəxsin bütün əmlakı, vergi ödəyicisi olan fiziki şəxsin isə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən tələb yönəldilə bilməyən əmlakından başqa digər əmlakı siyahıya alına bilər.
25. Həmin Məcəllənin 89.5-ci maddəsinə əasən yalnız vergi öhdəliyinin yerinə yetirilməsi, həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının, habelə əmlakın satışı üzrə xərclərin ödənilməsi üçün zəruri və kifayət olan, satış üçün yararlı və öz əmtəə xassəsini itirməmiş əmlak siyahıya alınır.
26. Həmin Məcəllənin 89.6-cı maddəsinə əsasən əmlakın siyahıya alınması bu Məcəllənin 89.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla aşağıdakı ardıcıllıqla həyata keçirilir: nağd pul vəsaitləri; bilavasitə məhsulların (malların) istehsalında iştirak etməyən əmlak (qiymətli kağızlar, valyuta dəyərliləri, qeyri-istehsal binaları, minik avtonəqliyyatı, xidmət otaqlarının dizayn əşyaları və sair); hazır məhsullar (mallar), habelə istehsalda iştirak etməyən və (və ya) bilavasitə istehsalda iştirakı nəzərdə tutulmayan digər maddi qiymətlilər; istehsalda bilavasitə iştirakı nəzərdə tutulmuş xammal və materiallar, habelə dəzgahlar, avadanlıqlar, binalar, qurğular və digər əsas vəsaitlər; inventarizasiya aparılmaqla digər əmlak.
27. Mülki Prosessual Məcəllənin 355-5.1-ci maddəsinə görə vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırda apellyasiya baxışının həddini qətnamənin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
29. Məhkəmə kollegiyası hesab edir ki, ərizə əsassızdır.
30. Kollegiya hesab edir ki, hazırkı işdə maraqlı şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün əsas yoxdur.
31. xx.xx.2023-cü il tarixə vergi ödəyicisi olan “X4” Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) İşsizlikdən sığorta fonduna 335,37 manat, İcbari Tibbi Sığorta Fonduna 1301,99 manat, Dövlət Sosial Müdafiə Fonduna 8295,75 manat, dövlət büdcəsinə 1969,36 manat məbləğində (o cümlədən, vergilər üzrə 1843,2 manat, faizlər üzrə 86,16 manat, maliyyə sanksiyası üzrə 40 manat), Maraqlı şəxs (VÖEN: **********) İşsizlikdən sığorta fonduna 1,97 manat, Dövlət Sosial Müdafiə Fonduna 3,73 manat, dövlət büdcəsinə 40,16 manat məbləğində (o cümlədən, vergilər üzrə 01 manat, faizlər üzrə 15 manat, maliyyə sanksiyası üzrə 40 manat) olmaqla, ümumilikdə 11948,33 manat borcu olmuşdur.
32. İnsan Hüquqları və X1 haqqında Avropa Konvensiyasına dair 4 saylı Protokolun 2-ci maddəsində nəzərdə tutulmuşdur ki, hər kəs öz ölkəsi də daxil olmaqla, hər hansı ölkəni tərk etməkdə azaddır. Bu hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə, ictimai qaydanı qorumaq üçün, cinayətlərin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa heç bir məhdudiyyət qoyula bilməz.
33. Bununla bağlı qeyd olunmalıdır ki, Vergi Məcəlləsinin 65 və 89-cu maddələrində vergilər üzrə borcların alınması qaydasını nəzərdə tutulmuşdur. Hazırkı halda vergi orqanının məhkəməyə müraciət etməmişdən əvvəl borcun ödənilməsinin təmin edilməsi üçün hansı tədbirlər görməsi (tələb olunan vəsaitin şəxsin hesablarından silinməsi üçün müvafiq banklara müraciət etməsi, onlardan vəsaitin çatışmazlığına dair cavablar alması, hüquqi şəxsin əmlakının üzərinə ixtisaslaşdırılmış açıq hərracdan satılması məqsədilə həbs qoyulması, yaxud kifayət qədər belə əmlakların mövcud olmamasına dair rəsmi məlumatlar əldə etməsi və s.) iş materiallarından müəyyən olunmur.
34. Təqdim edilmiş çıxarışdan görünür ki, ünvan 1 ünvanında 2 saylı otaq y/s, 10.18 kv.m.ş 3 saylı otaq y/s 12.03 kv.m, 4 saylı otaq y/s 18.4 kv.m pay “X4” MMC-nin mülkiyyətindədir.
35. Eyni zamanda maraqlı şəxsin borcları olduğu halda onun əmlakının siyahıya alınması və ya əmlakın siyahıya alınması üçün tədbirin görülməsi, əmlakının olmaması ilə bağlı vergi orqanı məhkəməyə hər hansı sənəd də təqdim etməmişdir.
36. Halbuki ərizəçi tərəfindən Vergi Məcəlləsində nəzərdə tutulan digər tədbirlərin tətbiq edilib edilməsi və onların tətbiqinin nəticə verməməsi barədə sübutlar təqdim edilməli və yalnız bundan sonra ölkədən getmə hüququnun məhdudlaşdırılmasının tətbiqinin zəruriliyi əsaslandırılmalıdır.
37. Kollegiya qeyd edir ki, hazırkı qəbildən olan işlərin həllində vergi orqanları və məhkəmələr tərəfindən mütənasiblik prinsipinin (görülən məhdudlaşdırma tədbirinin gözlənin nəticələrə adekvat olması) gözlənilməsi mühüm əhəmiyyət kəsb edir və hər bir halda belə məhdudiyyətin tətbiq edilməsi mütənasiblik meyarına cavab verməlidir. Sadəcə borcun mövcud olması bu məhdudiyyətin tətbiq edilməsi üçün kifayət deyildir.
38. Bu, ilk növbədə Azərbaycan Respublikası Konstitusiyasının tələbidir. Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsinə görə, insan və vətəndaş hüquqlarının və azadlıqlarının məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır.
39. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “X5 (X6) şikayəti üzrə bəzi normativ hüquqi aktların Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 2017-ci il 26 may tarixli Qərarında formalaşdırdığı hüquqi mövqelərə görə, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olan əsaslar və mütənasiblik prinsipindən irəli gələn meyarlar kifayət qədər aydındır... Mütənasiblik prinsipinə riayət olunmasını təmin etmək üçün məhkəmə işə baxarkən hər bir konkret halda məhdudiyyətin müəyyən olunmasının əsaslarını, borclunun buna qarşı etirazlarını öz daxili inamına görə qiymətləndirməli, işi hərtərəfli, tam və obyektiv araşdırmalı, məsələ ilə bağlı öz nəticələrini müvafiq məhkəmə aktında əsaslandırmalıdır.
40. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında da göstərilmişdir ki, hərəkət azadlığı hüququnu məhdudlaşdıran hər hansı tədbir qanuna uyğun olmalı, Konvensiyaya dair 4 saylı Protokolun 2-ci maddəsinin 3-cü bəndində qeyd edilən legitim məqsədlərdən birini güdməli, demokratik cəmiyyətdə zəruri olmalı, yəni mütənasiblik meyarına cavab verməlidir (məsələn, Battista İtaliyaya qarşı, № 43978/09, 2014-cü il 2 dekabr tarixli qərarı; Xlyustov Rusiyaya qarşı, № 28975/05, 2013-cü il 11 iyul tarixli qərarı)
41. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin mövqeyinə görə, müdaxilə “təcili ictimai ehtiyaca” cavab verirsə, xüsusilə qanuni məqsədə mütənasibdirsə və onu əsaslandırmaq üçün milli hakimiyyət orqanları tərəfindən verilən səbəblər “müvafiq və yetərli”dirsə qanuni məqsədlər üçün “demokratik cəmiyyətdə zəruri” hesab olunur. Vətəndaşın ümumi maraqları ilə hərəkət azadlığı hüququ arasında ədalətli tarazlığın olubolmaması məsələsi işin bütün xüsusiyyətlərinə görə nəzərə alınmalıdır.
42. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Demokratiya və İnsan Hüquqları Resurs Mərkəzi və Mustafayev Azərbaycana qarşı iş” üzrə qərarında göstərilmişdir ki, nə vergi orqanları, nə də ölkədaxili məhkəmələr ərizəçiyə səfər qadağası tətbiq etmədən öncə sözügedən vergi borcunu almağa cəhd etmiş, xüsusilə də iddia edilən vergi borcunun ərizəçilərin bank hesablarında olan puldan tutulmasını və ya ərizəçinin məhkəmə prosesində açıq-aydın tələb etməsinə baxmayaraq ona məxsus hər hansı digər aktivlərə həbs qoyulmasını düşünmüşlər. Hökumət ərizəçinin 7,385 manat pulun bank hesablarında olmasına dair məlumatına etiraz etməmişdir.
43. Bu baxımdan kollegiya hesab edir ki, ərizə təmin edilməməlidir.
44. Göstərilənlərə əsasən, kollegiya hesab edir ki, maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin 06 oktyabr 2023-cü il tarixli, e-2-2(113)-5180/2023 saylı qətnaməsi ləğv edilməli, iddia tələbi təmin edilməməlidir.
45. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin 06 oktyabr 2023-cü il tarixli, e-2-2(113)-5180/2023 saylı qətnaməsi ləğv edilsin. İddia tələbi təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Aida Hüseyn Hakimlər: Vüsalə Baxışova Raqib Qurbanov