Məhkəmə qərarları › İş №2-2(103)-1010/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1010/2023

05.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1010/2023 05.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı X4 Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X8 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-428/2023 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ

1. X2 ilə alıcı Cavabdeh MMC arasında xx.xx.2019-cu il tarixli, № 007/2019 saylı qida məhsullarının idxalı ilə əlaqədar alqı-satqı müqaviləsi imzalanmışdır. Müqaviləyə əsasən satıcı alıcının sifarişinə uyğun olaraq ona ərzaq, sənaye və s. gündəlik tələbat malları (məhsulları) satmağı, alıcı isə malların dəyərinin satıcıya ödənilməsini öz öhdəsinə götürmüşdür.

Birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı X6 Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən əsas borc məbləği 150.284,97 manat, ƏDV üzrə 27.050,50 manat, gecikdirilmiş borc faizi məbləği 8.866,77 manat, ümumi 186.202,24 manat, dövlət rüsumu olaraq 467,35 manat, mediasiya üçün ödədiyi 400 manat, hüquqi yardım üçün ödədiyi 210 manat, cəmi 187.279 manatın tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddiaçı bildirir ki, onun tərəfindən müqavilə öhdəlikləri tam şəkildə yerinə yetirilmiş, lakin cavabdeh tərəfindən borclar tam olaraq ödənilməmiş və onun əsas borc məbləği 150.284,97 manat, ƏDV üzrə 27.050,50 manat, gecikdirilmiş borc faizi məbləği 8.866,77 manat, ümumi 186.202.24 manat borcu vardır.

4. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsində iştirak etməmişdir.

5. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-428/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh MMC-dən 150284,97 (bir yüz əlli min iki yüz səksən dörd manat doxsan yeddi qəpik) manat əsas borc, 27050,50 (iyirmi yeddi min əlli manat əlli qəpik) manat ƏDV, ümumilikdə 177335,47 (bir yüz yetmiş yeddi min üç yüz otuz beş manat qırx yeddi qəpik) manat məbləğində pulun və ödənilmiş 467,35 (dörd yüz altmış yeddi manat otuz beş qəpik) manat dövlət rüsumunun tutularaq iddiaçı X5 ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

6. Cavabdeh MMC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv olunması və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri

7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh məhkəməyə çağırılmamış, o məhkəmə prosesində iştirak edə bilmədiyi üçün, məhkəmə müdafiəsindən məhrum olmuş, nəticədə cavabdehin iştirakı olmadan işə baxan məhkəmə faktları tam, hərtərəfli araşdırılmamış, sübutlara düzgün hüquqi qiymət verməmiş və əsassız qətnamə çıxarılmışdır. Belə ki, məhkəmə tərəflər arasında “X7”nun olmadığı halda, bu fakta əhəmiyyət vermədən, aydınlıq gətirmədən iddia tələbini əsassız olaraq təmin etmişdir. Halbuki, tərəflər arasında bağlanılmış müqavilənin 3.1-ci bəndinə əsasən tərəflər bu müqavilə çərçivəsində satılacaq Malların ümumi dəyərini ƏDV ilə birlikdə “X7”na əsasən razılaşdırırlar. Müqavilənin 3.2-ci bəndinə əsasən ödənişlər hər “X7”na uyğun olaraq tərtib edilmiş hesab-faktura əsasında bank köçürməsi yolu ilə həyata keçiriləcəkdir. Göründüyü kimi alqı-satqı zamanı müqavilənin bu tələblərinə əməl olunmamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilmişdir. Etirazda işin faktiki hallarına və maddi hüquq normalarına istinad olunmuşdur.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

9. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz etdi.

10. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.

TƏTBİQ EDİLƏN HÜQUQ

11. Mülki Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.

12. Həmin Məcəllənin 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.

13. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

14. Həmin Məcəllənin 598.3-cü maddəsinə əsasən əgər alıcı alqı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər.

15. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2021-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.9-cu bəndinə görə ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaimə-faktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

17. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini və iddianın qismən təmin olunduğunu, lakin iddiaçı tərəfindən apellyasiya şikayəti verilmədiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız iddianın qismən təmin olunmuş hissəsində yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

18. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya baxışının həddində iddia əsaslıdır.

19. Belə ki, tərəflər arasında alqı-satqı müqaviləsinin bağlanılması işin mübahisəsiz halını təşkil edir.

20. Eyni zamanda, iş materiallarından müəyyən olunur ki, tərəflər arasında arasında tərtib olunmuş xx.xx.2020-ci il tarixli qarşılıqlı borcların üzləşdirilməsi aktına əsasən xx.xx.2019-xx.xx.2019-cu il və xx.xx.2020-xx.xx.2020-ci il dövrü üzrə satıcı tərəfindən satılmış mallara görə təqdim edilmiş elektron qaimə və verilmiş mallara görə təqdim edilmiş elektron qaimə və vergi-hesab fakturalarını alıcı tərəfindən isə qəbul olunmuş həmin mallarla bağlı ödəniş sənədlərini araşdıraraq belə nəticəyə gəlmişlər ki, cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixinə cəmi ödənilməli debitor borcları baza üzrə 150284,97 manat, ƏDV üzrə 27050,5 manat, cəmi 177335,47 manat təşkil edir.

21. İddiaçı tərəfindən cavabdehə təhvil verilmiş mallarla bağlı EAAZ 197053 nömrəli xx.xx.2019-cu il tarixli, EAAZ 846507 nömrəli xx.xx.2019-cu il tarixli, EBBA 032793 nömrəli xx.xx.2019-cu il tarixli, EBBA 291847 nömrəli xx.xx.2019-cu il tarixli, EBAE 800835 nömrəli xx.xx.2020-ci il tarixli, EBAF 151448 nömrəli xx.xx.2020-ci il tarixli, EBAF 312414 nömrəli xx.xx.2020-ci il tarixli, EBAG 822068 nömrəli xx.xx.2020-ci il tarixli, EBAG 598136 nömrəli xx.xx.2020-ci il tarixli, EBAH 368533 nömrəli xx.xx.2020-ci il tarixli, EBAH 599163 nömrəli xx.xx.2020-ci il tarixli, EBAİ 150643 nömrəli xx.xx.2020-ci il tarixli, EBAİ 881460 nömrəli xx.xx.2020-ci il tarixli, EBAJ 466899 nömrəli xx.xx.2020-ci il tarixli, EBAK 762699 nömrəli xx.xx.2020-ci il tarixli, EBAK 762702 nömrəli xx.xx.2020-ci il tarixli, EBAK 762693 nömrəli xx.xx.2020-ci il tarixli, EBAL 590243 nömrəli xx.xx.2020-ci il tarixli, EBAM 543446 nömrəli xx.xx.2020-ci il tarixli, EBAN 299685 nömrəli xx.xx.2020-ci il tarixli, EBAP 760310 nömrəli xx.xx.2020-ci il tarixli, EBAS 203857 nömrəli xx.xx.2020-ci il tarixli elektron qaimələr göndərilmişdir.

22. İddiaçıya məxsus hesabdan çıxarışa əsasən cavabdeh tərəfindən iddiaçıya xx.xx.2019-cu il tarixdə 21000 manat, xx.xx.2019-cu il tarixdə 7000 manat, xx.xx.2019-cu il tarixdə 44000 manat, xx.xx.2019-cu il tarixdə 70000 manat, xx.xx.2020-ci il tarixdə 9500 manat, xx.xx.2020-ci il tarixdə 9000 manat, xx.xx.2020ci il tarixdə 8500 manat pul ödənilmişdir.

23. Həmin ödənişlərin tarixlərindən müəyyən olunur ki, onlar xx.xx.2020-ci il tarixli qarşılıqlı borcların üzləşdirilməsi aktından əvvəlki tarixlərə aiddir.

24. Göründüyü kimi tərəflər arasında bağlanmış müqavilə üzrə cəmi dəyəri 177335,47 manat təşkil edən malların cavabdehə verilməsi yuxarıda qeyd edilən qarşılıqlı borcların üzləşdirilməsi aktı və cavabdehin heç bir etiraz etmədiyi elektron qaimələrlə öz təsdiqini tapır.

25. Bununla bağlı kollegiya qeyd edir ki, əgər həqiqətən də iddiaçı cavabdehə malları təhvil verməsəydi, cavabdeh qarşılıqlı borcların üzləşdirilməsi aktını imzalamaqdan, o cümlədən iddiaçı tərəfindən ona göndərilmiş elektron elektron qaimələri təsdiqləməkdən qanunla müəyyən edilmiş 5 gün müddətində imtina edər və ən azı bununla bağlı öz etirazlarını iddiaçıya bildirərdi. Lakin hazırki işdə bu hal mövcud deyil.

26. Bu mənada kollegiya hesab edir ki, tərəflər arasında Mülki Məcəllənin 567-ci maddəsinə uyğun olaraq bağlanılmış alqı-satqı müqaviləsi üzrə satılmış əşyalar cavabdehə verilmiş, cavabdeh isə həmin əşyaların qiymətini satıcıya tam ödəmək vəzifəsini yerinə yetirməmişdir.

27. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı Mülki Məcəllənin 598.3-cü maddəsinə əsasən satılmış əşyalara görə ödənilməyən ümumilikdə 177.335,47 manat məbləğində pul vəsaitinin tutulmasını tələb etməkdə haqlıdır.

28. Apellyasiya şikayətinin dəlilləri isə əsassızdır. Belə ki, işdə olan “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışlara əsasən məhkəmə bildirişləri cavabdehə məxsus elektron kabinetə yerləşdirilmişdir. Bundan əlavə, müqavilə üzrə X1maması iddianın rədd edilməsi üçün əsas ola bilməz. Belə ki, tərəflər arasında formalaşan işgüzar adətlərə görə ödənişlərin edilməsi məhz elektron qaimələr əsasında olmuşdur. Eyni zamanda yuxarıda da qeyd edildiyi kimi malların cavabdehə təhvil verilməsi və cavabdehin iddiaçıya yuxarıda qeyd olunan məbləğdə borcunun olması qarşılıqlı borcların üzləşdirilməsi aktı və elektron qaimələrlə tam təsdiq olunur. Apellyasiya şikayətində də cavabdeh həmin sənədləri mübahisələndirməmişdir.

29. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, cavabdehin apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

30. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-428/2023 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnaməsi iddianın qismən təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov

Hakimlər: Vüsalə Baxışova

Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar