Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1011/2023 21.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X5 Hüseynin sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, Şükriyyə Vüqar qızı Aydınlının katibliyi ilə, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı ASC-nin cavabdeh "xxxx" ASC-yə qarşı “sığorta ödənişinin tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1160/2023 saylı, 19 sentyabr 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı ASC cavabdeh "xxxx" ASC-yə qarşı əmlaka dəymiş zərərə görə sığorta ödənişinin tutulması tələbinə dair kiçik iddialar üzrə sadələşdirilmiş qaydada ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən əmlaka dəymiş zərərə görə 1.580 manat məbləğində sığorta ödənişinin, 94,80 manat dəbbə pulunun, qiymətləndirmə ilə bağlı xərc - 150 manat, vəkilin göstərdiyi hüquqi yardıma görə 350 manat xidmət haqqı və ödənilmiş 60 (altmış) manat dövlət rüsumunun tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin mülkiyyətində olan **-AL- *** dövlət qeydiyyat nişanlı “BMW 750” (buraxılış ili-2016) minik markalı avtomobilə dəymiş ziyanın məbləği "X3 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən (VÖEN:**********; Sığorta sahəsində yardımçı hüquqi şəxslərin və müstəqil ekspertlərin reyestrinə daxil edilib) 1.580 manat məbləğində hesablanmışdır. İddiaçı ASC tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli məktublarla (pretenziya qaydasında) müraciət edilərək, mübahisənin məhkəməyədək həll edilməsi təklif edilmişdir. xx.xx.2023-cü il tarixli arayışa əsasən tərəflər, arasında ilkin mediasiya sessiyası təşkil edilmişdir. İlkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə 60 manat haqq iddiaçı tərəfindən ödənilmişdir. Qeyd etmək istəyirlər ki, “BMW 750” (buraxılış ili-2016) minik markalı **-AL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı ASC tərəfindən qismən təmir edilmişdir.
3. 13.02.2023-cü il tarixdə cavabdeh yazılı etirazla məhkəməyə müraciət edərək, İddiaçı ASC –nin "xxxx" ASC-yə qarşı sığorta ödənişi tələbinə dair iddiasının rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iş materiallarından da göründüyü kimi, xx.xx.2022-ci il tarixində üçüncü şəxslər qarşısında mülki məsuliyyəti "xxxx" ASC-də icbari qaydada sığortalanmış “VAZ21074” markalı, ** KB *** dövlət qeydiyyat nişanlı avtomobilin və iddiaçıya məxsus olan “BMW 750” markalı, ** AL *** dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə yol nəqliyyat hadisəsi baş vermiş, YNH-nin təfərrüatları barədə Bakı şəhər DYPŞ-nın arayışından və xx.xx.2022ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından da göründüyü kimi, sığortalı avtomobilin sürücüsü təqsirli bilinmişdir. Hadisə nəticəsində “BMW 750” markalı, ** AL *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər sığortaçının ümumiyyətlə sığorta hadisəsi barədə məlumatı olmadan qiymətləndirilmişdir, yalnız pretenziya göndərilən zaman sığorta hadisəsi sığortaçıya məlum olmuşdur. Pretenziyaya cavab olaraq isə, həmin məbləğdə sığorta ödənişinin həyata keçirilməsinin mümkün olmadığı bildirilmişdir. Lakin iddiaçı özünün sifarişi ilə aldığı qiymətləndirməyə istinad edərək real zərər məbləğindən dəfələrlə artıq olan 1580 manat tələb etmiş və təklif olunan 620 manat sığorta ödənişini almaqdan imtina edərək, Azərbaycan Respublikasının Mülki Məcəlləsi və “İcbari sığortalar haqqında” Qanunu ilə müəyyən edilmiş konkret tənzimləmə qaydalarına riayət etmədən, iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Zərərçəkən (iddiaçı) tərəfindən isə Mülki Məcəllə və “İcbari sığortalar haqqında” qanunla təsbit edilmiş hüquqlardan istifadə edilmədən, yəni sığortaçı tərəfindən aparılmış qiymətləndirmə məbləği ilə razı olmadığı təqdirdə, müstəqil ekspertin təyin edilməsini tələb etmədən və belə ekspertizanın keçirilməsindən sığortaçının imtinasını almadan bilavasitə məhkəməyə müraciət etmişdir. Halbuki iddiaçı yalnız iddia etdiyi hüquqlarının pozulmasını sübut etməklə həmin iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilərdi. İddia tələbindən belə çıxır ki, icbari sığorta üzrə istənilən zərərçəkmiş şəxs qanunla və Mülki Məcəllə ilə təsbit edilmiş hüquqların həyata keçirilməsinə cəhd belə etmədən birbaşa məhkəməyə müraciət edərək, ona dəymiş zərərin müstəqil ekspert tərəfindən deyil, özünün təyin etdiyi və ya digər qərəzli rəyə istinad etməklə, həqiqi zərər məbləğindən dəfələrlə çox pul tələb edə bilər. Halbuki zərərin daha dəqiq qiymətləndirilməsi üçün qanunverici sığorta sahəsində məhz müstəqil ekspert subyektlərini nəzərdə tutmuşdur və belə fəaliyyət lisenziyalaşdırılan fəaliyyət olmaqla, müstəqil ekspertlərin reyestrinə daxil edildikdən sonra fəaliyyət göstərirlər. Sübut etməyə ehtiyac yoxdur ki, şəxsin məhkəməyə müraciət etməsi üçün ilkin şərt “mübahisə”nin olmasıdır. Mübahisənin olması isə qanundan və ya digər normativ aktlardan irəli gələn hüquqların pozulmasını ehtiva edir. İddiaçının istinad etdiyi hazırkı güman edilən “pozuntu” məhkəmədə baxılmalı olan “mübahisə” hesab edilə bilməz. Başqa sözlə desək, mübahisə həqiqi və ciddi olmalıdır. Belə olan halda, mövcud olmayan mübahisə üzrə iddiaçının həqiqi və ciddi olmayan tələbi ilə bağlı məhkəmənin hazırda mübahisələndirilən qətnaməni qəbul etməsi yuxarıda istinad edilən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilmədiyini bir daha təsdiq edir. İddiaçı qanunla müəyyən edilmiş qaydalara riayət etmədən məhkəməyə müraciət etmişdir ki, bu səbəbdən də “başqa şəxslərdən tələb etmək hüququnun” yaranmasından söhbət gedə bilməz. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 15.3-cü maddəsinə əsasən, əmlaka dəyən zərərin məbləği aşağıdakılardan ibarətdir: 15.3.1. zərər dəymiş əmlakın təmiri və ya bərpası üçün birbaşa çəkilən xərclər, yaxud həmin əmlak məhv olmuş hesab edildikdə, onun sığorta hadisəsinin baş verməsindən bilavasitə əvvəlki dəyəri. İstinad edilən normaların tələblərindən də göründüyü kimi, sığorta ödənişi zərərə məruz qalmış əmlakın yenisi ilə əvəz edilməsini deyil, həmin əmlakın təmiri və ya bərpasını ehtiva edir. Hazırkı halda, nə avtomobil, nə də onun zərərə uğramış hissəsi “məhv olmuş” hesab edilmədiyi üçün sığorta hadisəsinin baş verməsindən bilavasitə əvvəlki dəyərinin ödənilməsi tələbi tamamilə əsassızdır. Həmçinin nəzərə almaq lazımdır ki, sığorta təminatı, xüsusilə də icbari sığorta üzrə sığorta təminatı zərər nəticəsində əmlakın bazar qiymətinin aşağı düşməsi hallarından təminat vermir. Hazırkı işdə cavabdehin öz öhdəliyini vaxtında icra etməsinə səbəb kimi, iddiaçının ona təklif edilən icranı qəbul etməməklə və “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikasının qanununvericiliyinin tərkib hissəsi olan Mülki Məcəllənin 445.5, 446.1, 446.3, 448.2-ci maddələrində müəyyən edilən yaratmaqla dəbbə pulu tələb etmək hüququnu itirmişdir. Göründüyü kimi sığorta ödənişinin verilməsinin gecikdirilməsi iddiaçının özünün təqsiri üzündən baş vermişdir. Həmçinin nəzərə alınmalıdır ki, öhdəliklərin icrası “Təqsirli pozuntu” nəticəsində olmadığı üçün cavabdeh "xxxx" ASC-dən mövcud olmayan pozuntu üçün məsuliyyət (dəbbə pulu ödənilməsi) müəyyən edilə bilməz. Hesab edirlər ki, yuxarıda qeyd etdikləri hallara əsasən mübahisənin olmadığı aşkar surətdə görünür. "xxxx" ASC zərər məbləği olaraq 620 manatı "xxxx" ASC-yə ödəməyə hazırdır. İşin məhkəmə müstəvisində baxılması "xxxx" ASC-nin zərər məbləğindən daha daha artıq pulu istəməsidir. Bunun üçün də vəkilə göstərdiyi hüquqi yardıma görə xidmət haqqının verilməsinin və ödənilmiş dövlət rüsumunun cavabdehdən tələb etməsi olduqca absurtdur. Digər tərəfdən iddiaçı vəkilə göstərdiyi hüquqi yardıma görə xidmət haqqının verilməsi ilə bağlı heç bir mötəbər sübut təqdim etməmişdir.
4. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1160/2023 saylı, 19 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdeh "xxxx" ASC-dən 730 (yeddi yüz otuz) manat məbləğində sığorta ödənişi, 43,80 (qırx üç manat səksən qəpik) manat məbləğində dəbbə pulu, cəmi 773,80 (yeddi yüz yetmiş üç manat səksən qəpik) manat məbləğində pul vəsaiti və mediasiya xərclərinin əvəzi olaraq 60 (altmış) manat, işə baxılması ilə bağlı məsrəflərin əvəzi olaraq 70 (yetmiş) manat pul vəsaiti vəkil xərclərinin əvəzi olaraq 350 (üç yüz əlli) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ASC-yə ödənilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pulun 25 manat hissəsinin İddiaçı ASC-dən, 25 manat hissəsinin isə cavabdeh "xxxx" ASCdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X1, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilməsi qət edilmişdir.
5. Cavabdeh "xxxx" ASC apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli,e-2-2(113)-1160/2023 saylı qətnaməsinin ləğv edilərək, iddia tələbinin - 43.80 (qırx üç manat səksən qəpik) manat məbləğində dəbbə pulunun, mediasiya xərclərinin əvəzi olaraq 60 (altmış) manat, işə baxılması isə bağlı məsrəflərin əvəzi olaraq 70 (yetmiş) manat pulun, vəkil xərclərinin əvəzi olaraq 350 (üç yüzəlli) manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə dair hissədə- rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri
6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi siğorta ödənişi olaraq 730 manat müəyyən etmişdir. Bu məbləğ cavabdehin əvvəldən ödəməyə razı olduğu 620 manat məbləğdən 110 manat daha yüksəkdir. Yuxarıda da qeyd edildiyi üzrə, iddiaçı 620 manatı ödəməyə razı olduğu və bu səbəblə, gecikmə olmadığı üçün, dəbbə pulu 730 manat məbləğdən deyil, artıq məbləğ olan 110 manatdan hesablanmalı idi. (110 x 0,1%=0,11; 60 x 0,11=6,6 azn). Hesablamaya əsasən, gecikmiş məbləğə görə dəbbə pulu 43.8 manat deyil, 6.6 manat təşkil edir. Göründüyü kimi, 620 manat sığorta ödənişinin verilməsinin gecikdirilməsi iddiaçının özünün təqsiri üzündən baş vermişdir. Həmçinin nəzərə alınmalıdır ki, 620 manat sığorta ödənişinin ödənilməsində “Təqsirli pozuntu” olmadığı üçün cavabdeh "xxxx" üçün mövcud olmayan pozuntu üçün məsuliyyət (dəbbə pulu ödənilməsi) müəyyən edilə bilməz. Belə ki, birinci instansiya məhkəməsi dəymiş zərərə görə sığorta ödənişinin vaxtında ödənilməsi məsələsinə lazımi diqqət ayırmamış və düzgün şəkildə qiymət verməmişdir. Nəticədə, cavabdehin hüquqlarının pozulması ilə nəticələnən qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. İddiaçıya 620 manatın ödənilməsi onun təqsiri nəticəsində icra edilmədiyindən, bu, gecikdirmə sayıla bilməz. Lakin birinci instansiya məhkəməsi cavabdeh tərəfindən verilmiş etirazdakı dəlillərə ciddi və diqqətli şəkildə yanaşmamışdır. Əgər yanaşsa idi, cavabdehin 620 manat sığorta ödənişinə razı olması səbəbiylə ortada gecikmə faktının olmadığı nəticəsinə gələrdi. O cümlədən, məhkəmə tərəflərin bərabərliyi prinsipinə ziddi davranaraq öz mövqeyini ortaya qoyarkən, daha çox iddiaçının tələbini nəzərə almış, cavabdehin etirazına lazımi münasibət bildirməmişdir. İşin məhkəmə müstəvisində baxılmasına İddiaçı ASC-nin zərər məbləğindən daha artıq pulu istəməsi səbəb olmuşdur. Digər tərəfdən iddia qismən təmin olunduğu təqdirdə, vəkilin göstərdiyi hüquqi yardıma görə xidmət haqqının tam şəkildə cavabdehdən tutulması ədalətli və ağlabatan hesab edilə bilməz. Qətnamədən göründüyü kimi, iddia tələbi qismən təmin olunmuşdur. Belə olan halda, məhkəmə 60 manat məbləğində mediasiya xərcini iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib şəkildə cavabdehdən tutulmalı idi. Lakin, məhkəmə qeyd olunan normanın tələblərini nəzərə almadan qətnamə qəbul etmişdir. Əlavə olaraq, məhkəmənin iddiaçının öz hesabına həyata keçirdiyi qiymətləndirmə aktlarına görə, cavabdehdən 70 manat ödəniş tutması ağlabatan hesab edilə bilməz.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
7. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
8. Məhkəmə iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
9. İddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq iddiaçının nümayəndəsinin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.
TƏTBİQ EDİLƏN HÜQUQ
10. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 445.5-ci maddəsinə əsasən əgər öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməzsə, bu, gecikdirmə sayılmır.
11. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.
12. Mülki Məcəllənin 934.2-ci maddəsinə görə sığortaçı sığorta ödənişini icbari sığorta qanunları və ya sığorta müqaviləsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir.
13. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
14. Həmin Məcəllənin 115.0 və 115.0.9-cu maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər daxildir.
15. Həmin Məcəllənin 4.6-cı maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur.
16. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
17. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
18. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı iddia tələbinin təmin edilən - 43.80 (qırx üç manat səksən qəpik) manat məbləğində dəbbə pulunun, mediasiya xərclərinin əvəzi olaraq 60 (altmış) manat, işə baxılması isə bağlı məsrəflərin əvəzi olaraq 70 (yetmiş) manat pulun, vəkil xərclərinin əvəzi olaraq 350 (üç yüzəlli) manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə dair hissədə yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
19. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya baxışı həddində iddia əsaslıdır.
20. Hazırkı işdən görünür ki, mülki məsuliyyəti cavabdeh "xxxx" ASC tərəfindən sığortalanmış “Vaz-21074” minik markalı, ** KB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü X4 tərəfindən törədilmiş mülki hüquq pozuntusu - delikt nəticəsində İddiaçı ASC-yə məxsus avtomobilə maddi zərər dəymişdir. Nəticədə zərərçəkmiş şəxs İddiaçı ASC-nin zərərvurmuş şəxs X2 mülki məsuliyyətini sığortalamış cavabdeh "xxxx" ASC-dən sığorta məbləği həddində dəymiş zərərin ödənilməsini (sığorta ödənişini) tələb etmək hüququ yaranmışdır.
21. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 iyul 2023-cü il tarixli, 9/2713 saylı ekspert rəyinə əsasən, nəzəri hesablama yolu ilə, iş materiallarında olan Avtomobillərin Texniki Xidmət Mərkəzi və “Yeni Dövr” Qiymətləndirmə Mərkəzi tərəfindən tərtib edilmiş qüsur aktlarındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2016-cı il buraxılışlı “BMW” markalı, **-AL-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 730 manat (o cümlədən dəyişilməli hissələrin qiyməti 100 manat, təmir-bərpa işlərinin qiyməti 630 manat) olması müəyyən edilmişdir.
22. Birinci instansiya məhkəməsi sığorta ödənişinin və dəbbə pulunun tutulması hissəsində iddianı qismən təmin etmişdir.
23. Dəbbə puluna münasibətdə kollegiya qeyd edir ki, sığorta ödənişin gecikdirildiyi hər gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulunun ödənilməsi nəzərdə tutulduğundan 730 manat sığorta ödənişin gecikdirildiyi hər gün üçün 43,8 manat (730 X 0,1%=0,73; 60 X 0,73=43,8) dəbbə pulunun ödənilməsi barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.
24. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi məhkəməsi iddiaçının cavabdehdən dəbbə pulu tələb ilə bağlı cavabdehin etirazında göstərdiyi dəlillərə münasibətdə qeyd etmişdir ki, iddiaçı cavabdeh "xxxx" ASC-dən 730 manat məbləğində sığorta ödənişinin tələb etməkdə haqlı olduğundan və belə olan halda iddiaçı cavabdeh tərəfindən ona təklif edilən 620 manat sığorta ödənişini (icranı) qəbul etməməkdə haqlı olmuşdur, belə ki, iddiaçıya sığorta ödənişinin verilməsinin gecikdirilməsi cavabdehin təqsiri üzündən baş vermişdir.
25. Məhkəmə xərcləri ilə bağlı kollegiya qeyd edir ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 38,24 manat təşkil edir. 60 manat məbləğində mediasiya xərcləri iddiaçı tərəfindən ödənilmişdir.
26. İddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinə görə 60 (altmış) manat məbləğində pul vəsaiti və işə baxılması ilə bağlı məsrəflərin (qiymətləndirmə rəyinin alınması xərclərinin) əvəzi olaraq 70 manat pul vəsaitinin tutulması düzgün olmuşdur.
27. 07.12.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, hüquqi yardıma görə 350 manat məbləğində pul vəsaiti İddiaçı ASC tərəfindən “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun hesabına ödənilmişdir.
28. MPM-in 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
29. Odur ki, vəkil yardımına çəkilmiş xərclərə görə cavabdehdən 350 manat məbləğində pulun tutulması ağlabatan olmuşdur.
30. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, cavabdehin apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
31. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir.
32. Həmçinin mübahisələndirilən hissədə iddianın qiymətinin on min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz.
33. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402.1ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1160/2023 saylı, 19 sentyabr 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Aida Hüseyn Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova