Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1013/2021 04.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi, İddiaçı MMC-nin vəkili və nümayəndəsi Nümayəndə3, Cavabdeh MMC-nin numayəndəsi Nümayəndə1 iştirakı ilə pul tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 2369/2021 nömrəli iş üzrə 11 iyun 2021-ci il tarixli qətnaməsindən cavabdehin apellyasiyasına əsasən kommersiya mübahisəsinə аçıq məhkəmə iclаsındа bаxаrаq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, cavabdehdən 3.434 manat borc pul məbləğinin, ödənilmiş dövlət rüsumu 30 manat, cəmi 3.464 manat məbləğin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 11.06.2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehdən 3.434 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat, cəmi 3.464 manat məbləğdə pulun tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Qətnamə ilə razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, iddiaçı müqaviləyə istinad etsə də, həmin alqı-satqı müqaviləsinin nə əslini, nə elektron variantda surətini elektron məhkəmə portalına daxil etməmişdir. Üzləşmə aktına nəzər yetirdikdə isə həmin aktın ümumiyyətlə cavabdeh tərəfindən imza və təsdiq edilmədiyi, yalnız iddiaçı tərəfindən təsdiq edildiyi, habelə aktda cavabdehin direktoru kimi göstərilən M.Ağayev əslində aktın tərtib edildiyi 01.04.2021-ci il tarixə həmin vəzifədə çalışmamışdır. Aktlar (13 ədəd) aktlar hər biri ayrı-ayrı şəxslər tərəfindən imzalanmışdır. İşə apellyasiya qaydasında baxılarkən cavabdehin vəkili və nümayəndəsi şikayəti müdafiə edib, ona uyğun izahat vermiş, iddiaçının vəkili və nümayəndəsi qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 372-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, dəlillər əsassızdır. İşdə olan, 27.02.2019-20.05.2019-cu il tarixləri əhatə edən 12 ədəd elektron qaimədən və malların təhvil-qəbul aktlarından aydın olur ki, 16.626,32 manat (ƏDV daxil) məbləğdə mal satıcı (iddiaçı) tərəfindən alıcıya (cavabdehə) satılmış, alıcı satıcıya 13.100,84 manat (ƏDV daxil) məbləği ödəmiş, lakin 3.434 manat (ƏDV daxil) məbləğdə borcu qalmışdır. Cavabdeh 21.02.2019-14.05.2019-cu il tarixlərdə 7 dəfəyə məxsus olmaqla, iddiaçının sub-uçot hesabına müxtəlif məbləğlərdə ƏDV ödəmişdir. Cavabdeh onunla iddiaçı arasında alqı-satqı münasibətlərinin olduğunu, malları aldığını, borcu olduğunu və borcun məbləğini mübahisə etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 567-ci maddəsinə görə, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.9-cu bəndinə görə, ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaiməfaktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur. İşin müəyyən olunmuş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, alqı-satqı müqaviləsinə əsasən təhvil aldığı malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh müqavilə üzrə iddiaçıya olan borcunu ödəməlidir. Bu mənada məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır. Belə ki, mübahisəli borcun yaranması və məbləği alqı-satqı müqaviləsi, elektron qaimələr, cavabdeh tərəfindən əsas borc və ƏDV-nin bir qisminin ödənilməsi və qalan borcun sonradan mübahisə edilməməsi ilə təsdiqini tapır. Yazılı alqı-satqı müqaviləsinin təqdim edilməsi isə vacib deyil. Çünki, Mülki Məcəllənin 567-ci maddəsində alqı-satqı müqaviləsinin yazılı tərtib olunması şərti yoxdur. 01.04.2021-ci il tarixli üzləşdirmə aktı cavabdeh tərəfindən imzalanmadığından, birinci instansiya məhkəməsi qətnaməsində həmin akta istinad etməmişdir və bu səbəbdən şikayətin bu dəlili də formaldır. Aktların ayrı-ayrı şəxslər tərəfindən imzalanması da onların qeyri-mötəbərliyinə dəlalət etmir. Belə ki, cavabdeh onunla iddiaçı arasında alqı-satqı münasibətlərinin olduğunu, malları aldığını, borcu olduğunu və borcun məbləğini mübahisə etmədiyindən, bu dəlilin xüsusi olaraq araşdırılmasına zərurət qalmır. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, dəlillər qətnamənin ləğvinə əsas vermir. Bununla bağlı olaraq, qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir (MPM-in 384.0.1-ci maddəsi). Göstərilənlərə əsasən və MPM-in 384, 392 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2369/2021 nömrəli iş üzrə 11 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-1013/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1013/2021
04.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver