Məhkəmə qərarları › İş №2-2(103)-1014/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1014/2022

15.12.2022 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1014/2022 15.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal gəlirlər baş idarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair kommersiya mübahisəsi üzrə (açar sözlər: ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi ilə ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal gəlirlər baş idarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4577/2022 nömrəli iş üzrə 19 avqust 2022-ci il tarixli qətnaməsindən maraqlı şəxsin apellyasiyasına əsasən kommersiya mübahisəsinə аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakı qətnaməni qəbul etdi. İŞİN HALLARİ

1. Fiziki şəxs haqqında məlumata görə, Maraqlı şəxs vergi ödəyicisi kimi xx.xx.2017-ci ildə ********** nömrəli VÖEN-lə dövlət qeydiyyatına alınmışdır.

2. Maraqlı şəxs şəxsi hesab vərəqəsinə əsasən, onun xx.xx.2022-ci il tarixə 16.432 manat vergi borcu mövcuddur.

3. AR İN DVX Bakı şəhəri Kiçik sahibkarlıqla iş üzrə baş idarəsi xx.xx.2022-ci il tarixli **********5 nömrəli İcbari tibbi sığorta haqları üzrə borcun ödənilməsinə dair bildirişlə Maraqlı şəxs müraciət edərək, ümumilikdə 10,02 manat (o cümlədən, işsizlikdən sığorta haqqı üzrə 10 manat, faizlər üzrə 0,02 manat, maliyyə sanksiyası üzrə 0 manat) borcunun 5 gün müddətində dövlət büdcəsinə ödənilməsini tələb etmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir.

4. AR İN DVX Öhdəliklərin idarə edilməsi baş idarəsi xx.xx.2022-ci il tarixli **********4 nömrəli Vergi borcunun ödənilməsinə dair bildirişlə Maraqlı şəxs müraciət edərək, ümumilikdə 12.823,34 manat (o cümlədən, vergilər üzrə 9.981,86 manat, faizlər üzrə 2.741,48 manat, maliyyə sanksiyası üzrə 100 manat) borcunun 5 gün müddətində dövlət büdcəsinə ödənilməsini tələb etmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir.

5. AR İN DVX Bakı şəhəri Kiçik sahibkarlıqla iş üzrə baş idarəsi xx.xx.2022-ci il tarixli **********2 nömrəli Muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə borcun ödənilməsinə dair bildirişlə Maraqlı şəxs müraciət edərək, ümumilikdə 63,69 manat (o cümlədən, muzdlu və qeyri-muzdlu işdən əldə edilən gəlirlər üzrə 62,50 manat, faizlər üzrə 1,19 manat, maliyyə sanksiyası üzrə 0 manat) borcunun 5 gün müddətində dövlət büdcəsinə ödənilməsini tələb etmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir.

6. AR İN DVX Öhdəliklərin idarə edilməsi baş idarəsi Maraqlı şəxs Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında xx.xx.2022-ci il tarixli **********426200 nömrəli xəbərdarlıq ünvanlayaraq, onun xx.xx.2022-ci il tarixə dövlət büdcəsinə və müvafiq fondlara ümumilikdə 13.702,46 manat borcunun (o cümlədən vergilər üzrə 13.616,72 manat, məcburi dövlət sosial sığorta haqqı üzrə 74,06 manat və icbari tibbi sığorta haqqı üzrə 11,68 manat) 10 gün müddətində dövlət büdcəsinə ödənilməsini tələb etmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir.

7. Vergi ödəyicisinin xx.xx.2022-ci il tarixə olan şəxsi hesab vərəqəsindən, eləcə də vergi ödəyicisinin Dövlət Vergi Xidmətinin xx.xx.2022-ci il tarixli vergi borcu barədə məlumatından görünür ki, Maraqlı şəxs dövlət büdcəsinə ödənilməmiş vergi borcu yoxdur.

BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT

8. Ərizəçi maraqlı şəxsə qarşı məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixə vergi ödəyicisi olan maraqlı şəxsin (VÖEN **********) İcbari Tibbi Sığorta Fonduna 10,94 manat, Dövlət Sosial Müdafiə Fonduna 69,44 manat, dövlət büdcəsinə 13.162,72 manat məbləğdə borcunun ödənilməsini təmin etmək üçün onun barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə ərizə rədd edilmişdir.

10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 73-cü, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1, 23.1.15-3, 77.3, 78.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri

11. Qətnamə ilə razılaşmayan maraqlı şəxs ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın təmin olunmasını xahiş etmişdir.

12. Apellyasiya şikayətinin dəlillərinə görə, vergi ödəyicisi tərəfindən yaranmış vergi borcları üzrə xx.xx.2022-ci il tarixdə bəyannamə təqdim edilərək azalma aparılmışdır. Qeyd edilən bəyannamələrin əsaslı olaraq tərtib edilib-edilməməsinin, həmçinin hesablamanın düzgünlüyünün yoxlanılması məqsədilə vergi orqanının Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən 30 gün müddətində kameral vergi yoxlaması həyata keçirmək hüququ vardır. Yoxlamanın keçirilməsindən sonra qeyd edilən azalmaya münasibət bildirilərək, əsaslı olub-olmaması qiymətləndiriləcəkdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq ərizəçi və maraqlı şəxs (onların nümayəndələri) məhkəmə iclasına gəlmədiyi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmışdır.

TƏTBİQ EDİLƏN HÜQUQ

15. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 73. Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur.

16. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə 1.4. Bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur; Maddə 16.1.1. Qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir; Maddə 23.1.15-3. Vergi orqanlarının vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək hüquqları vardır; Maddə 24.0.2-1. Vergi orqanları vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etməyə borcludur; Maddə 77.3. Vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir; Maddə 78.1. Vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergilərin (o cümlədən cari vergi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olubolmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir.

17. MPM: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 355-5.1. Vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarı: “Vergi hüquq münasibətləri bir tərəfin digər tərəfin hakimiyyəti tabeliyində olmasına əsaslanır. Bu münasibətlər dövlətin adından fəaliyyət göstərən bir tərəfin - vergi orqanının hakimiyyət səlahiyyətlərinə malik olmasına, digər tərəfin-vergi ödəyicisinin isə tabeçiliyinə əsaslanan tərəflərin subordinasiyasını nəzərdə tutur. Xüsusilə qeyd olunmalıdır ki, vergi orqanının tələbləri və vergi ödəyicisinin öhdəlikləri müqavilədən deyil, qanundan irəli gəlir. .... Konstitusiyanın 73-cü maddəsində təsbit olunmuş vergi ödəmək vəzifəsi dövlətin şərtsiz tələbi kimi bütün vergi ödəyicilərinə şamil olunur. Vergi ödəyicisi qanunla nəzərdə tutulmuş qaydada müəyyən pul məbləği şəklində dövlətin xəzinəsinə ödənilməli olan əmlakının müəyyən hissəsinə dair öz mülahizəsinə uyğun sərəncam verə bilməz və bu məbləği mütəmadi olaraq dövlətin xeyrinə keçirməyə borcludur, əks təqdirdə dövlətin, həmçinin digər şəxslərin hüquqları və qanunla qorunan maraqları pozulmuş olur. Vergi ödəyicisinin bu vəzifəsində cəmiyyətin bütün üzvlərinin ictimai maraqları öz əksini tapmışdır. Buna görə də dövlət yalnız vergi ödəyicilərinin deyil, həmçinin cəmiyyətin digər üzvlərinin də hüquq və qanuni mənafelərinin qorunması məqsədilə vergi hüquq münasibətlərini tənzimləmək sahəsində qanuni tədbirlər görmək hüququna və vəzifələrinə malikdir.” APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

19. Apellyasiya şikayəti ilə qətnamənin ləğvi tələb edildiyindən, məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

20. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması hallarına yol verilməmişdir, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.

21. İlk olaraq, vergi ödəyicisi fiziki şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək üçün tələb olunan əsasın mövcudluğundan bəhs edə bilmək üçün vergi ödəyicisinin dövlət büdcəsinə borcunun olması müəyyən edilməlidir ki, bu şərtə iş üzrə əməl olunmur. Belə ki, ərizəçi xx.xx.2022-ci il tarixə vergi ödəyicisi olan maraqlı şəxsin İcbari Tibbi Sığorta Fonduna 10,94 manat, Dövlət Sosial Müdafiə Fonduna 69,44 manat, dövlət büdcəsinə 13.162,72 manat borcunun olduğunu irəli sürərək, hazırkı ərizə ilə məhkəməyə müraciət etməkdə haqlı olsa da və şəxsi hesab vərəqəsinə əsasən maraqlı şəxsin xx.xx.2022-ci il tarixə 16.432 manat vergi borcunun mövcudluğu öz təsdiqini tapsa da, həmin şəxsi hesab vərəqəsindən vergi ödəyicisinin birinci instansiya məhkəməsinin qətnaməsi qəbul olunan xx.xx.2022-ci il tarixə dövlət büdcəsinə ödənilməmiş vergi borcunun olmadığı məlum olmuşdur.

22. Bu kontekstdə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, ərizəçi, vergi ödəyicisi tərəfindən yaranmış vergi borcları üzrə xx.xx.2022-ci il tarixdə bəyannamə təqdim edilərək azalma aparıldığını, qeyd edilən bəyannamələrin əsaslı olaraq tərtib edilib-edilməməsinin, həmçinin, hesablamanın düzgünlüyünün yoxlanılması məqsədilə vergi orqanının 30 gün müddətində kameral vergi yoxlaması həyata keçirmək hüququnun olduğunu, yoxlamanın keçirilməsindən sonra qeyd edilən azalmaya münasibət bildirilərək, əsaslı olub-olmaması qiymətləndiriləcəyini bildirsə də, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qəbul olunan xx.xx.2022-ci il tarixə belə həmin kameral vergi yoxlamasını həyata keçirib-keçirmədiyi və yoxlamanın nəticəsi barədə münasibətini Məhkəməyə təqdim etməmişdir.

23. Vergi borcu barədə xx.xx.2022-ci il tarixə məlumatda maraqlı şəxsin cəmi 82,81 manat vergi borcunun olduğunun göstərilməsi də ərizəçinin qeyd olunan dəlilinə qarşı tənqidi münasibəti gücləndirir.

24. Maraqlı şəxsin işə apellyasiya instansiyası məhkəməsində baxılan dövrə vergi borcunun 82,81 manat, İcbari Tibbi Sığorta Fonduna 10,94 manat, Dövlət Sosial Müdafiə Fonduna 69,44 manat borcunun olduğu fərz olunsa (ki, ərizəçi bununla bağlı da Məhkəməyə heç bir rəsmi məlumat təqdim etməmişdir), o halda həmin məbləğlərin cüziliyi ərizənin təmin olunmasına mane olacaqdır.

25. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İİ hissəsi tələb edir ki, hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır.

26. Yalnız bu mütənasiblik gözlənildiyi halda maraqlı şəxsin ölkədən getmək hüququnun müvəqqəti qaydada məhdudlaşdırılması qanunla müəyyən edilmiş əsaslara söykənmiş sayılacaqdır.

27. Beləliklə, hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin ərizənin rədd edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə əsas vermir. Bununla bağlı olaraq, qətnamə dəyişdirilmədən saxlanılmalı, şikayət təmin edilməməlidir.

26. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4577/2022 nömrəli iş üzrə 19 avqust 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Maraqlı şəxs apellyasiya şikayəti təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətdə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar