Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1016/2024 23.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), X5 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-6651/2024 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardadından ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) dövlət büdcəsinə 1050,23 manat, İcbari Tibbi Sığorta Fonduna 82,64 manat, Dövlət Sosial Müdafiə Fonduna 1128,83 manat, İşsizlikdən Sığorta Fonduna 41,33 manat olmaqla ümumilikdə 2303,03 manat borcunun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-6651/2024 nömrəli qərardadı ilə ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizəsinin və ona əlavə olunmuş sənədlərin ərizəçiyə geri qaytarılması qərara alınmışdır. Həmin qərardaddan ərizəçinin nümayəndəsi və vəkili X3 “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə şikayət ünvanlayaraq, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-6651/2024 nömrəli qərardadının ləğv edilməsi və ərizənin icraata qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 12 sentyabr 2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmamalı və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 355-5.2-ci maddəsinə əsasən ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri dedikdə, tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri, şəxsin olduğu yer dedikdə isə onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür. Həmin Qanunun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşı barədə yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. “Elektron məhkəmə” informasiya sistemdən əldə edilmiş şəxsiyyət vəsiqəsi barədə məlumatlardan görünür ki, Maraqlı şəxs ünvan 2 ünvanında qeydiyyatdadır. Yəni qeyd olunan ünvan Maraqlı şəxs yaşayış yeridir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamənin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Qanunun 12-ci maddəsinə əsasən yaşayış yerindən kənarda 60 gündən artıq müvəqqəti yaşamaq istəyən vətəndaş həmin yerə gəldikdən sonra 7 gün ərzində (istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanının məsul əməkdaşına şəxsiyyət vəsiqəsini, vətəndaşın olduğu yer üzrə qeydiyyata alınması haqqında ərizə-anketi (forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir) sənədləri təqdim etməlidir. Həmin Qanunun 13-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı həmin vətəndaşı dərhal olduğu yer üzrə qeydiyyata almalıdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamənin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 1999-cu il tarixli Fərmanının 2.2-ci hissəsinə əsasən Əsasnamənin 12-ci maddəsinin birinci abzasında və 13-cü maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi həyata keçirir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamənin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınma (çıxarılma) “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi vasitəsilə həyata keçirilir, müvafiq icra hakimiyyəti orqanı öz səlahiyyətləri daxilində həyata keçirdiyi yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınma haqqında məlumatları “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumataxtarış sisteminə ötürür. Azərbaycan Respublikası Prezidentinin 22 aprel 2008-ci il tarixli 744 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumataxtarış sistemi haqqında Əsasnamənin 8.1 və 8.1.4.-cü hissəsinə əsasən şəxslərin yaşayış yeri və olduğu yer üzrə qeydiyyatı barədə məlumatların Sistemə daxil edilməsi Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin vəzifəsidir. Yuxarıda qeyd olunan normaların tələblərindən görünür ki, vətəndaşın olduğu yer üzrə qeydiyyatını həyata keçirməyə səlahiyyətli orqan və qeydiyyatın həyata keçirilməsi qaydası qanunvericiliklə dəqiq tənzimlənmişdir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli Qərarının təsviri-əsaslandırıcı hissəsində qeyd olunmuşdur ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun müddəalarından aydın olur ki, qanunverici hər bir şəxsin yaşadığı və olduğu yerin müəyyən olunması üçün əsas diqqəti şəxsin daimi və ya müvəqqəti yaşamaq üçün seçdiyi ünvan üzrə qanunla müəyyən olunmuş qaydada qeydiyyatdan keçmək zərurətinə yönəldir. Göstərilən normaların məzmunundan belə nəticəyə gəlmək olar ki, hər bir şəxsin yaşadığı yer üzrə qeydiyyata alınması qanunvericiliyin tələbidir və bu tələb şəxslə dövlət arasındakı qarşılıqlı öhdəliklərin icrasına lazımi şərait yaradılmasına xidmət edir. Bu tələbin icra edilməməsi “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun güddüyü məqsədə zidd olmaqla seçki və sosial təminat hüquqlarının realizəsi, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s. kimi məsələlərdə çətinliklər yarada bilər. Məhz bunun qarşısının alınması məqsədi ilə qanunverici Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 563-cü maddəsində yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında qanunvericiliyin pozulmasını inzibati xəta kimi müəyyən edərək inzibati məsuliyyət nəzərdə tutmuşdur. Məhkəmə qeyd edir ki, vətəndaşın olduğu yer müvəqqəti xarakter daşımaqla dəyişkəndir və yalnız "Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumataxtarış sisteminə istinadən Daxili İşlər Nazirliyinin təqdim etdiyi arayışla təsdiq oluna bilər. Eyni zamanda məhkəmə qeyd edir ki, qaçqınlar (məcburi köçkünlər üçün yox) üçün qanunverici xüsusi tənzimləmə aparmışdır. Belə ki, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən, müəyyənləşdirilmiş qaydada verilən qaçqın vəsiqəsi qaçqının şəxsiyyətini, yaşayış yeri üzrə qeydiyyata alındığını təsdiq edən və ona Azərbaycan Respublikasının ərazisində qanuni qalmaq hüququ verən sənəddir. Oxşar yanaşma “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda da əks olunmuşdur. Belə ki, həmin qanunun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında qaçqın statusu almış əcnəbi və ya vətəndaşlığı olmayan şəxs barəsində yaşayış yeri qaçqın vəsiqəsi ilə müəyyən edilir. Hazırkı iş üzrə maraqlı şəxs isə qaçqın deyil, məcburi köçkün statusuna malikdir. Belə olan halda, məhkəmə hesab edir ki, hazırkı halda maraqlı şəxsin Bakı şəhərində yaşadığı və ya olduğu yerə malik olması müvafiq sübutlar – şəxsiyyət vəsiqəsi və ya Daxili İşlər Nazirliyinin təqdim etdiyi arayışla təsdiq olunmadığından hazırkı ərizəyə Bakı Kommersiya Məhkəməsində baxıla bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 306.1-ci maddəsinə əsasən məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin məcəllənin 152.1 və 152.1.3-ci maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2 iyun 2021-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə qanunvericinin ərazi aidiyyətinin müəyyənləşdirilməsində başlıca məqsədi şəxslərin məhkəməyə əlçatanlığının, işlərə ağılabatan müddətdə baxılmasının, prosessual qənaət prinsipinin, ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, maraqlı şəxsin yaşayış yeri ünvan 2 olduğundan, olduğu yerin Bakı şəhərində olduğunu təsdiq edən səlahiyyətli dövlət orqanı tərəfindən verilmiş sənəd ərizəyə əlavə olunmadığından ərizə və ona əlavə edilmiş sənədlərin ərazi aidiyyəti qaydaları gözlənilmədən verildiyi üçün geri qaytarılması barədə məhkəmənin gəldiyi nəticə qanuni və əsaslıdır. Göründüyü kimi hazırki iddia ərazi aidiyyatı üzrə düzgün verilməmişdir. Bu baxımdan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq iddia ərizəsinin geri qaytarılması nəticəsinə gəlmişdir. Bu baxımdan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır, şikayətdə göstərilən dəlillər isə əsassızdır və onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-6651/2024 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(103)-1016/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-1016/2024
23.10.2024 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver