Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1017/2021 22.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Vəliyev Elmar Valeh oğlunun katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, iddiaçı Sumqayıt-Ağac Emalı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində "xxxx"nə qarşı “müqavilə üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin 29.04.2021-ci il tarixli e-2-2(113)-597/2020 nömrəli qətnaməsindən (hakim Aytən Əliyeva) iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Sumqayıt-Ağac Emalı Açıq Səhmdar Cəmiyyəti cavabdeh “Müharibə və əmək əlilləri üçün Pansionat”a qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 24992,40 məbləğində borcun (mebellərin dəyəri), 27367 manat cərimə borcunun və 50000 manat əldən çıxmış faydanın tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırımışdır ki, sifarişçi “Müharibə və əmək əlilləri üçün Pansionat” ilə icraçı "xxxx" ASC arasında 10 mart 2017-ci il tarixli 01 saylı malların satınalma müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən 24.992,40 manat məbləğində 34 ədəd çarpayı, 34 ədəd tumba, 18 ədəd paltar dolabı, 8 ədəd giriş qarderobu, 4 ədəd sənəd dolabı, 31 ədəd mətbəx növündə mebellər hazırlanmışdır. 30 mart 2017- ci il mallar təhvil-təslim aktına cavabdehə təqdım edilmişdir. Cavabdehə sifariş etdiyi mebellər təhvil verilsə də ödəniş edilməmişdir. Ona ünvanlanmış pretenziya məktubu ilə vaxt verilməsinə baxmayaraq borcu hələ də ödəməmişdir. Malların satınalma müqaviləsinin 2.3-cü maddasinə əsasən sifarişçi müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında malların icraçıdan qəbul edilməsini və dəyərinin ödənilməsini öhdəsinə götürür. Həmin müqavilənin 8-ci maddəsinə əsasən mallar göndərildikdən sonra müqavilə üzrə ödəmələr bu müqavilə ilə müəyyən olunmuş məbləğdə, icraçının təqdim etdiyi sənədlər əsasında ən qısa müddət ərzində, lakin 30 bank günündən gec olmamaq şərti ilə aparılır. Həmin müqavilənin 12-ci bəndinə əsasən sifarişçi ödəmələri həyata keçirmədikdə icraçının cərimə sanksiyası tətbiq etmək hüququ vardır. Cavabdeh sifariş etdiyi mebellərin dəyərini ödəməsini gecikdirmiş, nəticədə iddiaçıya zərər vurmuş və qazancı iddiaçının əlindən çıxmışdır. İddiaçının ərizəsi əsasında cavabdeh Müharibə və əmək əlilləri üçün Pansionat” əsl cavabdeh "xxxx" ilə əvəz edilmişdir. Bakı Kommersiya Məhkəməsinin 29.04.2021-ci il tarixli e-2-2(113)-597/2020 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir. Həmin qətnamədən iddiaçı apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə cavabdehin ərizəsini nəzərə alaraq iddia müddətini tətbiq etmişdir. Halbuki, məhkəmənin gəldiyi hüquqi nəticə yanlışdır. Müqavilələrdən irəli gələn öhdəliklərlə bağlı iddia müddətinin axımı, kreditorun borcludan borcun icrasını tələb edə biləcəyi günün ertəsi günündən etibarən başlayır (MMin 368 və 377.2-ci maddələri). Həmin Məcəllənin 399.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. İddia müddətlərinin dəqiq hesablanması üçün müddətin axımının başlanğıcının müəyyənləşdirilməsi həlledici əhəmiyyət kəsb edir. Bu məqamın yanlış müəyyən edilməsi iddia müddətinin süni olaraq qısaldılmasınasəbəb ola bilər. Şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün müəyyənləşdirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, hazırkı iddianı qaldırmağa iddiaçının subyektiv hüququ var, cavabdeh tərəfindən həmin hüquq pozulmuşdur. Lakin iddia müddətinin tətbiqi üçün müəyyən edilmiş müddəti yanlış tətbiq etmişdir. Belə ki, məhkəmə 3 illik müddəti malların 30 mart 2017-ci il tarixdə təhvil verilməsini, müqavilənin şərtlərinə əsasən həmin tarixdən 30 bank günündən gec olmamaq şərti ilə ödəmə aparılmalı olmasını əsas gətirərək 30.03.2017-ci il tarixdən hesablamış, müddətin tətbiqində yanlışlığa yol vermişdir. Qanunvericliyin tələblərinə əsasən hazırkı iddia tələbinin əsasını təşkil edən müqavilə 10.03.2017-ci il tarixdə bağlanmış, 30.12.2017-ci il tarixədək qüvvədə olması müəyyən edilmiş, tam icra müddəti 30.12.2017-ci il tarixədək olmasını tərəflər müqavilə ilə müəyyən etmişlər. Yəni 3 illik iddia müddətinin tətbiqi 30.12.2017-ci il tarixdən hesablanmalı idi. Malların satınalma müqaviləsinin 2.3-cü maddəsinə əsasən sifarişçi müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında malların icraçıdan qəbul edilməsini və dəyərinin ödənilməsini öhdəsinə götürür. Həmin müqavilənin 8-ci bəndinə əsasən mallar göndərildikdən sonra müqavilə üzrə ödəmələr bu müqavilə ilə müəyyən olunmuş məbləğdə, icraçını təqdim etdiyi sənədlər əsasında, ən qısa müddət ərzində, lakim 30 bank günündən gec olmamaq şərti ilə aparılır. Həmin müqavilənin 12-ci bəndinə əsasən sifarişçi ödəmələri həyata keçirmədikdə icraçının cərimə sanksiyası tətbiq etmək ixtiyarı vardır. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin 29.04.2021-ci il tarixli e-2-2(113)-597/2020 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilərək cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində "xxxx"ndən iddiaçı Sumqayıt-Ağac Emalı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 24992,40 manat əsas borc, 2499 manat cərimə borcu, cəmi 27491,4 manat pul tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. İşin mübahisəsiz hallarından görünür ki, iddiaçı ilə “Müharibə və əmək əlilləri üçün Pansionat” arasında 10 mart 2017-ci il tarixli 01 saylı “Malların satınalma müqaviləsi” bağlanmış və həmin müqavilə əsasında alıcıya kotirovka təklifinə müvafiq olaraq iddiaçı tərəfindən 24992,40 manat dəyərində müxtəlif mebellər satılmışdır. Həmin müqavilənin 8-ci bəndinə əsasən, mallar göndərildikdən sonra müqavilə üzrə ödəmələr bu müqavilə ilə müəyyən olunmuş məbləğdə, icraçının təqdim etdiyi sənədlər (qaimələr, aktlar, digər sənədlər) əsasında, ən qısa müddət ərzində, lakin 30 bank günündən gec olmamaq şərti ilə aparılır. Müqavilənin 9-cu bəndinə əsasən, bu müqavilə “sifarişçi” və “icraçı” tərəfindən imzalandığı andan qüvvəyə minir. Müqavilə 30 dekabr 2017-ci il tarixədək qüvvədə qalır. İşdəki 30.03.2017-ci il tarixli təhvil-təslim aktından görünür ki, 24.992,40 manat məbləğində– 34 ədəd çarpayı, 34 ədəd tumba, 18 ədəd paltar dolabı, 8 ədəd giriş qarderobu, 4 ədəd sənəd dolabı, 31 ədəd mətbəx növündə mebellər iddiaçı tərəfindən “sifarişci”yə təhvil verilmişdir. İddiaçı tərəfindən “Müharibə və əmək əlilləri üçün Pansionat”a malların dəyərinin ödənilməsi barədə 30.03.2017-ci il tarixdə göndərilmiş 074984 saylı qaimə fakturanın kötüyü iş materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 30.06.2020-ci il tarixli “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirləri haqqında” fərmanına əsasən, "xxxx"nin nizamnaməsi təsdiq edilmiş, Fərmanın 5.2-ci bəndində nəzərdə tutulmuşdur ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun sosial xidmət göstərilməsi ilə bağlı hüquq və öhdəlikləri, habelə tabeliyindəki sosial xidmət müəssisələri bütün əmlakı ilə birlikdə bu Fərmanın 4-cü hissəsində nəzərdə tutulan Sosial Xidmətlər Agentliyinə keçir. Cavabdeh tərəfindən işə birinci instansiya qaydasında baxılarkən məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə təqdim edilmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.2-ci, 375.2-ci, 373.2-ci, 377.2-ci maddələrinə istinad edərək hesab etmişdir ki, 30 mart 2017ci il tarixdə iddiaçı tərəfindən satılmış malların dəyəri müqavilənin 8-ci bəndinin tələbinə əsasən 30 bank günündən gec olmayaraq ödənilməli olduğundan müqavilə tələbləri üzrə iddia müddətinin üç il olduğu nəzərə alınarsa 30.11.2020-ci il tarixdə iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etməklə iddia müddətini ötürmüşdür. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun iddiaçıya ünvanlanmış 22.07.2019-cu il tarixli məktubundan görünür ki, Fondun tabeliyində olan pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsinin borcunun yaxın vaxtlarda ödənilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 28.11.2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, borclu şəxsin borcu etiraf etməsini göstərən və təsdiqləyən hərəkətləri müxtəlif formada ifadə oluna bilər. Borcun etiraf olunması hallarına kreditora borcun etirafını nəzərdə tutan məktub, teleqram göndərilməsi aid edilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən 30 mart 2017-ci il tarixdə müqavilə əsasında təhvil verilmiş malların dəyərinin ödənilməsi ilə bağlı iddia müddətinin axımı 30.04.2017-ci ildən başlasa da (müqavilə şərtlərinə əsasən malın dəyərinin təhvil verildiyi vaxtdan ən geci 30 gün ərzində ödənilməli olduğu nəzərə alınaraq) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin iddiaçıya göndərdiyi 22.07.2019-cu il tarixli borcun etirafı və ödəniləcəyi vədi barədə məktub iddia müddətinin axımını kəsdiyi üçün iddiaçı 30.11.2020-ci il tarixdə məhkəməyə müraciət edərkən iddia müddətini ötürməmişdir. İddiaçı iddia ərizəsində iddianın hüquqi əsası kimi podrat müqaviləsi ilə bağlı hüquq münasibətlərini tənzimləyən normalara istinad etsə də, tərəflər arasında bağlanmış müqavilə satınalma müqaviləsi olduğundan məhkəmə hesab edir ki, mübahisə alqı-satqı müqaviləsi ilə bağlı hüquq normaları əsasında həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Tərəflər arasında bağlanmış müqavilənin 12.2-ci bəndində qeyd edilir ki, sifarişçi müqavilədə müəyyən olunmuş müddət ərzində ödəmələri aparmasa, icraçı müqavilə qiymətinin 10 %-i miqdarında cərimə sanksiyası tətbiq edə bilər. Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə qeyd edilən normaların tələblərini nəzərə alaraq hesab edir ki, iddiaçının 10 mart 2017-ci il tarixli 01 saylı “Malların satınalma müqaviləsi” üzrə öhdəliyini icra edərək 24992,40 manat dəyərində malı cavabdehin hüquq varisliyi qaydasında öhdəliklərinə görə məsuliyyət daşıdığı “Müharibə və əmək əlilləri üçün Pansionat”a təhvil verdiyi işdəki sübutlarla təsdiq edildiyi halda həmin malların dəyərinin ödənildiyi cavabdeh tərəfindən sübut olunmadığından iddia 24992,40 manat əsas borcun və müqavilənin 12.2.-ci bəndində nəzərdə tutulmuş qaydada 2499 manat cərimənin cavabdehdən tutulması hissəsində təmin edilməli, cərimə tələbi qalan hissədə rədd edilməlidir. İddiaçı iddia ərizəsində 50.000 manat məbləğində əldən çıxmış faydanın cavabdehdən tutulmasını xahiş etsə də, bu məbləğin hansı qaydada hesablandığını iddia ərizəsində əsaslandırılmadığından və əldən çıxmış fayda tələbi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etmədiyindən iddia qeyd edilən hissədə əsassız hesab edilir. Belə ki, Mülki Məcəllənin 443.4-cü maddəsinə əsasən əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin 29.04.2021-ci il tarixli e-2-2(113)- 597/2020 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilərək cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində "xxxx"ndən iddiaçı Sumqayıt-Ağac Emalı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 24992,40 manat əsas borc, 2499 manat cərimə borcu, cəmi 27491,4 manat pul tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Sumqayıt-Ağac Emalı Açıq Səhmdar Cəmiyyətinin apelyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin 29.04.2021-ci il tarixli e-2-2(113)-597/2020 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilərək cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində "xxxx"ndən iddiaçı Sumqayıt-Ağac Emalı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 24992,40 manat əsas borc, 2499 manat cərimə borcu, cəmi 27491,4 manat pul tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(103)-1017/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1017/2021
22.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver