Məhkəmə qərarları › İş №2-2(103)-1017/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-1017/2022

11.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1017/2022 11.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi ilə İddiaçı MMC-nin Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-5278/2022 nömrəli iş üzrə 07 sentyabr 2022-ci il tarixli qərardadından iddiaçının şikayətinə əsasən kommersiya mübahisəsinə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraicət edərək, xx.xx.2020-ci il tarixli 20/04/22/A065 nömrəli müqavilə üzrə 10.259,87 manat məbləğin və 200 manat məbləğdə mediasiya xərci üçün ödənilmiş vəsaitin cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Qərardadın əsaslarına görə, “... iddia ərizəsinə İddiaçı MMC tərəfindən verilmiş etibarnamə əlavə edilsə də Nümayəndə İddiaçı MMC-nin vəkili olmasını və ya əsas iş yeri İddiaçı MMC olmasını təsdiqləyən sənəd əlavə olunmamışdır.” Qərardadla razılaşmayan iddiaçı ondan şikayət verərək, ləğv edilib, iddia ərizəsinin icraata qəbul olunmasını xahiş etmişdir. Şikayətin dəlillərinə görə, iddia üzrə elektron məhkəmə kabineti vasitəsilə təqdim olunan sənədlərdən görünür ki, iddiaçı tərəfindən AR Vəkillər Kollegiyasının Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Nümayəndə həm etibarnamə, həm də ki, bağlanmış müqavilə üzrə vəkil orderi mövcuddur. O, hüquqi şəxsin müdafiəçisi və nümayəndəsi olaraq iddia ərizəsini vermiş və etibarnamə əsasında həmin iddia ərizəsini imalamışdır. Yəni, Nümayəndə iddia ərizəsini imzalamaq səlahiyyətinə malik olan şəxsdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə şikayət işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. MPM-in: Maddə 149.1. İddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır; Maddə 150.1. İddia ərizəsinə aşağıdakı sənədlər əlavə edilir: 150.1.3. iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən sənəd (iddia ərizəsi elektron qaydada verildiyi halda belə səlahiyyətin elektron imza ilə təsdiq edildiyi hal istisna olmaqla); Maddə 151.1. İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür; Maddə 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.1. iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə. Elektron Məhkəmə İnformasiya Sistemindən müəyyən edilir ki, iddiaçının vəkili və nümayəndəsi Nümayəndə verilmiş xx.xx.2022-ci il tarixli etibarnamə və xx.xx.2022-ci il tarixdə bağlanmış 1832 nömrəli müqavilə üzrə vəkil orderi iş birinci instansiya məhkəməsinin icraatında olduğu dövrdə elektron kabinet vasitəsilə sistemə yüklənmişdir. Başqa sözlə, birinci instansiya məhkəməsi iddia ərizəsini qaytaran anda Nümayəndə iddiaçının vəkili olmasını təsdiq edən order sistemdə artıq mövcud idi. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası şikayətin dəliiləri ilə razılaşır və onları əsaslı sayır. MPM-in: Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; Maddə 399. Birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Beləliklə, hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, qərardad prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyi üçün qanunsuzdur, şikayətin dəlilləri qərardadın ləğvinə əsas verir. Bununla bağlı olaraq, qərardad ləğv edilməli, iş birinci instansiya məhkəməsinə göndərilməli, şikayət qismən təmin edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-5278/2022 nömrəli iş üzrə 07 sentyabr 2022-ci il tarixli qərardadı ləğv edilsin, iş həmin məhkəməyə göndərilsin. İddiaçı MMC-nin şikayəti qismən təmin edilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar