Məhkəmə qərarları › İş №2-2(103)-1018/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-1018/2022

11.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Tapşırıq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1018/2022 11.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Qurbanovun məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-5319/2022 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərardadından İddiaçı MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı MMC cavabdeh X1 qarşı iddia ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, ödənilməmiş, 1537.28 manat əsas borc, borcun gecikdirildiyi müddət üçün 200 manat dəbbə pulu, hüquqi yardımın göstərilməsi üçün Bakı şəhər 18 saylıVəkil Bürosuna ödənilmiş 100 manat xidmət haqqı və dövlət rüsumunun əvəzi kimi 30 manat olmaqla ümumilikdə 1898.28 manat pulun tutularaq "xxxx"MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-5319/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. İddiaçı MMC həmin qərardaddan şikayət vermiş və Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, cavabdeh elektron məhkəmə informasiya sistemində qeydiyyatdan keçmədiyindən cavabdehə qarşı pretenziya məktubu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə xx.xx.2022-ci il tarixə göndərilmiş, pretenziya məktubunun elektron göndərilməsinə dair sənədin “SCAN” olunmuş şəkli iş materiallarına əlavə edilmişdir. Əlavə olaraq pretenziya məktubu kağız daşıyıcıda cavabdehə xx.xx.2022-ci il tarixdə çatdırılmış, poçt qəbzinə imza edilməklə qəbul edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 4.3-cü, 151.1-ci, 150.1.6-cı, 150.2-ci, 152.1-ci, 152.1-ci və 152.1.6-cı maddələrinə istinad edərək, qeyd etmişdir ki, iddia ərizəsinə, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat əlavə edilməmişdir. Buna görə də məhkəmə hesab etmişdir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Məhkəmə kollegiyası həmin nəticə ilə razılaşmır və hesab edir ki, hazırkı işdə Mülki Prosessual Məcəllənin 152.1 və 152.1.6-cı maddələrində göstərilən əsaslar mövcud deyildir. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, cavabdeh X3 elektron məhkəmə informasiya sistemində qeydiyyatdan keçmədiyindən ona qarşı pretenziya məktubu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə xx.xx.2022-ci il tarixə göndərilmişdir. Bu baxımdan kollegiya hesab edir ki, hazırki işdə Mülki Prosessual Məcəllənin 152.1.6-cı maddəsi tətbiq edilə və iddia ərizəsi həmin əsaslarla geri qaytarıla bilməz. Qeyd olunan halları nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsi ilə nəzərdə tutulmuş səlahiyyətlərinə əsaslanaraq kollegiya hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və iddia ərizəsinin mümkünlüyü haqqında məsələyə yenidən baxılması üçün iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı MMC tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-5319/2022 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərardadı ləğv edilsin. İddia ərizəsinin mümkünlüyü məsələsinə yenidən baxılması üçün iş materialları birinci instansiya məhkəməsinə göndərilsin. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Hakimlər: Raqib Qurbanov Vidadi Məmmədov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar