Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1018/2025 12.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Nəriman qızının sədrliyi və məruzəsi ilə, X4 və Cəfərov Səməd Fəxrəddin oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “müqavilə üzrə pul” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-3545/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq qərara aldılar. Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı MMC ilə Cavabdeh MMC arasında imzalanmış xx.xx.2023-cü il tarixli 99/23 saylı Alqı-satqı müqaviləsi üzrə cavabdehdən iddiaçının xeyrinə 155 594,87 manat əsas borc, 28007,08 ƏDV borcu, 28340,13 manat cərimə borcu olmaqla, cəmi 211942,08 manat borcun və 512 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-3545/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh MMC-dən 99/23 saylı xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi üzrə 155594,87 manat əsas borc məbləği, 28007,08 manat ƏDV məbləği, 9180 manat dəbbə pulu və dövlət rüsumunun əvəzi olaraq 480 manat tutularaq İddiaçı MMC-yə ödənilməsi qət edilmişdir.
3. Həmin qətnamədən Cavabdeh MMC apellyasiya şikayəti vermişdir.
Apellyasiya instansiya məhkəməsindəki icraat
Tətbiq edilən hüquq
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
363.1 və 363.1.1-1-ci maddələrində isə təsbit olunmuşdur ki, apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. 366.2-ci maddəsinə əsasən, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər.
5. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 8-ci maddəsinə əsasən məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri 8.1 Qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: 8.1.4-cü maddəsinə əsasən iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda: 390 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi. 8.6-cı maddəsinə əsasən apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi.
Məhkəmənin mövqeyi
6. Məhkəmə apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti apellyasiya şikayətinin qanunvericiliklə müəyyən olunmuş mümkünlük şərtlərinə cavab vermədiyi üçün qeyri-mümkün hesab edilməlidir.
7. İş üzrə iddia qiyməti 211942,08 manat təşkil edir. Belə olan halda, “Dövlət rüsumu haqqında” Qanunun 8.1.4 və 8.6-cı maddələrinin tələblərinə əsasən, cavabdeh X1 tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün ödənilməli olan dövlət rüsumunun məbləği 250,97 manat təşkil etdiyi halda apellyasiya şikayəti verilərkən, cavabdeh tərəfindən qanunla müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənildiyi müəyyən edilməmişdir. 8 “AZEMİS” elektron məhkəmə informasiya sistemi vasitəsilə məhkəməyə təqdim olunmuş apellyasiya şikayətinə əlavə edilmiş №: **********nömrəli mədaxil qəbzi ilə müəyyən olunur ki, 240,00 manat dövlət rüsumu ödənilmişdir.
9. Göründüyü kimi, dövlət rüsumu qanunvericiliklə müəyyən edilmiş miqdarda ödənilməmişdir.
10. Mülki Prosessual Məcəlləsinin 363.1.2-ci maddəsində isə təsbit olunmuşdur ki, apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır.
11. Qeyd olunan prosessual hüquq normasını rəhbər tutaraq məhkəmə kollegiyası hesab edir ki, hazırkı işə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir.
12. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 366 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARAALDİ:
Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-3545/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. İş materialları birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən on gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.