Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1019/2022 15.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X4 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2- 2(113)-4523/2022 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnaməsindən Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ Birinci instansiya məhkəməsindəki icraat
1. Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Ərizəçi bildirir ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2022-ci il tarixə vergi ödəyicisi olan 5 Saylı X3 Poliklinikanın (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 12003,8 manat olmaqla, ümumilikdə 12003,8 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2019-cu il tarixli **********632200 nömrəli bildiriş göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir.
3. Maraqlı şəxs ərizəyə etiraz edir və bildirir ki, 2007-ci ildə həmin poliklinika özəlləşdirilmiş və o, həmin dövrdən baş həkim vəzifəsindən azad olunmuşdur. O, 15 ildən çoxdur ki, həmin müəssisənin rəhbəri deyildir. Belə ki, əlavə olunan Səhiyyə Nazirliyinin 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə ünvanlanmış xx.xx.2011-ci il tarixli məktubundan da görünür ki, Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsinin Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılmasına dair xx.xx.2007-ci il tarixli 001638 nömrəli Şəhadətnaməsinə əsasən 5 saylı X3 Poliklinika özəlləşmişdir. Qanunvericiliyin tələblərinə əsasən, özəlləşdirilən müəssisələrin dövlət büdcəsinə (müvafiq icra hakimiyyəti orqanının zəmanəti əsasında verilən kreditlər üzrə borclar istisna olmaqla), büdcədənkənar dövlət fondlarına, səhmlərinin nəzarət zərfi dövlətə məxsus banklara, qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən məhsul, iş və xidmətlərin istehlakına görə dövlət müəssisələrinə onların özəlləşdirilməsi tarixinə yaranmış borcları (əsas borc məbləği, faizlər və maliyyə sanksiyaları daxil olmaqla) silinir. Özəlləşdirilən müəssisənin də borc məbləği bir sıra qərarla silinib, lakin vergi xidməti ərizəsində nə qədər borcun silinib nə qədərin qaldığı barədə məlumat vermir. Borc barədə məlumatın DSMF tərəfindən təqdim olunduğunu və bu barədə başqa məlumatlarınının olmadığını göstərirlər. Digər tərəfdən vergi orqanına təqdim olunmuş arayış əsasında müəssisənin fəaliyyəti özəlləşmə ilə bağlı dayandırılmışdır. Müəssisənin özəlləşdirilməsi ilə bağlı xx.xx.2007-ci il tarixli 1027 nömrəli alqı-satqı müqaviləsin 2.2.1-ci bəndində birbaşa göstərilmişdir ki, satıcı tərəfindən müəssisə (obyekt) üzərində mülkiyyət hüququnu təsdiq edən şəhadətnamə verildikdən sonra müəssisənin (obyektin) bütün öhdəlikləri və borcları üzrə məsuliyyət öz üzərinə götürürü. Göründüyü kimi, qeyd olunan müəssisənin dövlət büdcəsinə borcu ilə bağlı Maraqlı şəxs barəsində hər hansı tədbir görülə bilməz və bu məsələlərdə yeganə məsuliyyətli şəxs müəssisəni özəlləşdirmiş şəxslərə aiddir.
4. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-4523/2022 saylı qətnaməsi ilə ərizə təmin edilmişdir.
5. Maraqlı şəxs apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və ərizənin rədd edilməsini xahiş etmişdir.
APELYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apelyasiya şikayətinin dəlilləri
6. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir.
b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
7. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
8. Məhkəmə iclasında Maraqlı şəxs apellyasiya şikayətini müdafiə etdi.
9. Ərizəçinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.
TƏTBİQ EDİLƏN HÜQUQ
10. Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsinə əsasən vergi orqanlarının vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək hüququ vardır.
11. Mülki Prosessual Məcəllənin 355-5.1-ci maddəsində isə təsbit olunmuşdur ki, vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir.
APELYASİYA BAXİŞİNİN HƏDLƏRİ
12. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.
APELYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
13. Məhkəmə kollegiyası hesab edir ki, ərizə rədd edilməlidir.
14. Belə ki, Vergi Məcəlləsinin 23.1.15-3-cü və Mülki Prosessual Məcəllənin 355-5.1ci maddəsinin tələblərinə görə hüquqi şəxsin vergi borcunun ödənilməsinin təmin edilməsi məqsədilə yalnız hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun məhdudlaşdırılması imkanı nəzərdə tutulmuşdur.
15. Lakin kollegiya hesab edir ki, hazırkı işdə maraqlı şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün heç bir əsas yoxdur.
16. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin elektron axtarış sistemindən çıxarışdan görünür ki, 5 saylı X1i təmsilçisi kimi Maraqlı şəxs adı qeyd olunmuşdur.
17. Eyni zamanda iş materiallarına əsasən müəyyən olunur ki, Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsinin Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılmasına dair xx.xx.2007-ci il tarixli 001638 nömrəli Şəhadətnaməsinə əsasən 5 saylı X3 Poliknika özəlləşmişdir.
18. Maraqlı şəxs məxsus əmək kitabçasından görünür ki, 5 Saylı X3 Poliklinika xx.xx.2007-ci il tarixdə özəlləşdirildiyinə görə o, həmin tarixdən baş həkim vəzifəsindən azad edilmişdir.
19. Göründüyü kimi Dövlət Vergi Xidmətinin elektron axtarış sistemindən çıxarışda 5 saylı X1i təmsilçisi kimi Maraqlı şəxs adı görünsə də, sonuncuya məxsus əmək kitabçasından görünür ki, 5 saylı X3 Poliknika xx.xx.2007-ci il tarixdən özəlləşmiş və Maraqlı şəxs həmin tarixdən baş həkim vəzifəsindən azad edilmişdir.
20. Azərbaycan Respublikası Ali Məhkəməsinin bu növ işlər üzrə (hüquqi şəxsin rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə) hazırda mövcud olan təcrübəsi də ondan ibarətdir ki, bu növ işlərə baxılan zaman “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun deyil, Əmək Məcəlləsinin normalarını tətbiq edilməlidir. Belə ki, Ali Məhkəmənin mövqeyinə görə müəssisənin rəhbəri işçi olmaqla onunla müəssisə arasındakı əmək münasibətlərinin yaranması, dəyişməsi, habelə xitamı yalnız Əmək Məcəlləsi ilə tənzimlənir. Əmək Məcəlləsinin 83.1-ci maddəsinə əsasən, əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.
21. Eyni zamanda, ərizəçi tərəfindən maraqlı şəxsin işdən azad olunduğu tarixdən sonra 5 Saylı X3 Poliklinikanın adından yazışmaların aparmasını təsdiq edən sübutlar təqdim edilməmişdir.
22. Bu baxımdan kollegiya hesab edir ki, ərizəçi hüquqi şəxsin icra orqanının rəhbəri kimi Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını tələb edilə bilməz. Ona görə də, ərizə rədd edilməlidir.
23. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsində göstərilən əsaslara görə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və yuxarıda göstərilən əsaslara görə ərizə rədd edilməlidir.
24. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4523/2022 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilsin. Ərizə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov
Hakimlər: Vidadi Məmmədov
Vüsalə Baxışova