Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1019/2023 04.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh3 qarşı iş üzrə (Açar sözlər: ərazi aidiyyəti) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh3 qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2- 2(113)-4061/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edədrək, 2021-ci il 4 may tarixli 223 saylı alqısatqı müqaviləsi üzrə ödənilməmiş 821 manat pulun, öhdəliyin icrasının gecikdirildiyi müddət üçün 110.17 manat dəbbə pulunun, ödənilmiş mediasiya xərclərinin əvəzi olaraq 40 manat məbləğində pulun müştərək qaydada tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)- 4061/2023 nömrəli qərardadı iddia ərizəsi geri qaytarılmışdır.
3. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən Azərbaycan Respublikası Mülki Prosessual qanunvericiliyinin normalarına riayət etməmişdir. Belə ki, iddia ərizəsi ərazi aidiyyəti qaydalarının pozulması ilə verilmişdir.
Apellyasiya instansiyası məhkəməsində birinci icraat
4. İddiaçı qərardaddan şikayət verərək onun ləğv edilməsini və iddia ərizəsinin icraata qəbul olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
5. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.5-ci maddəsinə əsasən, əgər pul öhdəliyinin icra yeri barəsində şübhə varsa, öhdəlik kreditorun olduğu yer üzrə (fiziki şəxsin yaşayış yeri və ya hüquqi şəxsin olduğu yer üzrə) icra edilməlidir. İddiaçı ilə cavabdeh arasında bağlanan müqavilədə iddiaçının olduğu yer Bakı şəhəri olduğu üçün öhdəliyin icrası yeri də Bakı şəhərində həyata keçirilməlidir. Buna baxmayaraq, məhkəmə Mülki Məcəllənin bu maddəsinin təlbini nəzərə almayaraq, iddiaçının hüququnu kobud şəkildə pozmuşdur. Mülki Prosessual Məcəllənin 36.11-ci maddəsinə əsasən, icra yeri göstərilən müqavilələrdən əmələ gələn iddialar müqavilənin icra yerinə görə də verilə bilər. İddiaçı ilə cavabdeh arasında müqavilə Bakı şəhərində imzalanmışdır. Belə olduğu halda müqavilənin icra yeri Bakı şəhəri hesab edilir. İddiaçı da öz növbəsində müqavilənin icra yeri hesab edilən Bakı şəhərinə uyğun olaraq, iddia ərizəsini Bakı Kommersiya Məhkəməsinə təqdim etmişdir. Eyni zamanda, iddia ərizəsi məhkəməyə təqdim edilən zaman Mülki Prosessual Məcəllənin 36.11-ci maddəsi ilə bağlı tələbini də ərizədə qeyd etmişdir. Buna baxmayaraq, Bakı Kommersiya Məhkəməsi iddia ərizəsini ərazi aidiyyətinin pozulması ilə bağlı olaraq geri qaytarmışdır.
6. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
7. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-2(103)-797/2023 nöməli qərardadı ilə şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilmiş, iş materiallarının birinci instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır.
Kassasiya instansiya məhkəməsində icraat
8. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək onun ləğv edilməsini və apellyasiya şikayətinin mümkün hesab edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
9. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-2(103)-550/2023 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya xx.xx.2023-cü il tarixli, 2-2(103)- 797/2023 nöməli qərardadı ləğv edilmiş, işin növbəti prosessual hərəkətlərin həyata keçirilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılması qərara alınmışdır.
Apellyasiya instansiya məhkəməsində ikinci icraat
10. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)- 4061/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.
11. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq normaları:
12. “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarı: Konstitusiyanın 62-ci maddəsinə görə, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Bu normada nəzərdə tutulmuş “qanunla müəyyən edilmiş məhkəmə” müddəası işlərin aidiyyət qaydalarını, qanuni məhkəmə tərkibinin mövcudluğunu və s. subyektiv elementləri ehtiva edir.
13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 35.1. Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Maddə 36.11. İcra yeri göstərilən müqavilələrdən əmələ gələn iddialar müqavilənin icra yerinə görə də verilə bilər. Maddə 40.1. Ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Maddə 45.1. Məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. Maddə 152.1.3. Əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Maddə 398.0.1. Apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququna malikdir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
14. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
15. Belə ki, iş materiallarından görünür ki, cavabdehlər ikisi də Yevlax rayonunda qeydiyyatdadırlar. Bundan əlavə, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilələrdə icra yeri də göstərilməmişdir.
16. Göründüyü kimi, iddiaçı ərazi aidiyyəti qaydalarını pozmaqla Bakı Kommersiya Məhkəməsinə müraciət etmişdir. Mülki-prosessual qanunvericiliyin imperativ tələblərinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir.
17. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur. Şikayətin dəlilləri əsassızdır.
18. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qərara aldı:
Şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-4061/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Hakimlər: