Məhkəmə qərarları › İş №2-2(103)-102/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-102/2023

01.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-102/2023 01.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “4 nömrəli X2” MMC-yə qarşı alqı-satqı müqaviləsi üzrə borcun tutulması tələbinə dair kommersiya işi Açar söz: alqı-satqı müqaviləsi üzrə borcun tutulması Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, iddiaçının vəkili X1, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh “4 nömrəli X2” MMC-yə qarşı pulun tutulması tələbinə dair kommersiya işi üzrə çıxarılmış Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4848/2022 nömrəli iş üzrə 06 oktyabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları

1. Tərəflər arasında bağlanmış 24 sentyabr 2021-ci il tarixli 2021/05-09 nömrəli alqı-satqı müqaviləsinə əsasən iddiaçı cavabdehə qum və çınqıl satmağı və daşınmasını öhdəsinə götürmüşdür. Müqavilənin 1.2-ci bəndinə əsasən malların növü, çeşidi, tərkibi, rəngi, digər əlamətləri və xarakterik xüsusiyyətləri qiymətlərin razılaşdırma protokolu ilə müəyyən olunur. Müqavilənin 5.1-ci bəndinə əsasən alıcı sifariş olunan malları dəyərinin 50 % həcmində ilkin ödənişi sifariş təsdiq edildikdən və satıcının təqdim etdiyi hesabfakturanı aldıqdan sonra 30 iş günü ərzində köçürmə yolu ilə həyata keçirilir.

2. Müqavilə əsasında 05 yanvar 2022-ci il tarixli qiymət razılaşma protokolu tərtib edilmişdir.

3. İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixinə qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktına əsasən xx.xx.2022-ci il tarixinə bağlanmış müqaviləyə əsasən cavabdehin iddiaçıya 115179,82 manat (ƏDV daxil) borcu vardır.

4. İddiaçı tərəfindən cavabdehə malların təhvil verilməsi ilə bağlı EBBP 710324 nömrəli xx.xx.2022-ci il tarixli, EBBV 741389 nömrəli xx.xx.2022-ci il tarixli elektron qaimələr göndərilmişdir.

5. İddiaçı tərəfindən cavabdehə göndərilmiş pretenziya məktubunda borcun 5 gün müddətində ödənilməsi tələb edilmiş, əks təqdirdə Məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdeh “4 №-li X2» MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlə imzalanmış xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinin dəyəri olan 115180 manat olan pul vəsaitinin, mediasiya xərci üçün ödənilmiş 400 manat pul vəsaitinin, hüquqi yardım üçün ödənilmiş toplamda 5000 manat pul vəsaitinin, ümumilikdə 120580 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir (iddia ərizəsi dəqiqləşdirilmişdir).

7. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixində tərəflər arasında bağlanan alqı-satqı müqaviləsinə əsasən satıcı (iddiaçı) alıcıya (cavabdeh) malmaterial satmağı, alıcı isə həmin malları qəbul etməyi və müqavilədə razılaşdırılmış qaydada malların dəyərini satıcıya ödəməyi öhdəliyinə götürmüşdür. 24 sentyabr 2021-ci il tarixli 2021/05-09 nömrəli müqaviləyə edilmiş 05 yanvar 2022-ci il tarixli 2 nömrəli Əlavəyə əsasən malların qiyməti barədə razılığa gəlinmişdir. xx.xx.2022-ci il tarixli EBBP seriyalı 710324 saylı malların təqdim edilməsi haqqında elektron qaimədən göründüyü kimi iddiaçı tərəfindən 95391,20 manat, xx.xx.2022-ci il tarixli qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktına və xx.xx.2022-ci il tarixli EBBV seriyalı 741389 saylı malların təqdim edilməsi barədə elektron qaimədən də göründüyü kimi isə 19788,62 manat dəyərində xidmət və mal cavabdehə təqdim edilmişdir. 24 sentyabr 2021-ci il tarixli 2021/05-09 nömrəli müqavilənin 5.2-ci bəndinə əsasən mallar alıcıya tam təhvil verildikdən sonra alıcı 30 iş günü ərzində malların dəyərinin 100% həcmində ödəniş etməlidir. Dəfələrlə şifahi şəkildə müraciət etməyinə və xx.xx.2022-ci il tarixində rəsmi qaydada pretenziya məktubu ünvanlamağına baxmayaraq cavabdeh tərəfindən bu günə qədər hər hansı müsbət cavab tədbiri görülməmiş, ödəniş həyata keçirilməmişdir.

8. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-4848/2022 saylı qətnaməsi ilə (hakim Ülkər Həsənova) iddia tələbi qismən təmin edilmiş cavabdeh «4 №-li X2» MMC-dən 115180 manat məbləğində pul və ödənilmiş 400 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

9. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdehin iddiaçıya satın alınmış malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış 24 sentyabr 2021-ci il tarixli 2021/05-09 nömrəli alqı-satqı müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya alqı-satqı müqaviləsi və Mülki Məcəllənin normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

10. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında alqısatqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı həmin müqavilədən irəli gələrək üzərinə düşən öhdəlikləri icra etmiş, lakin cavabdeh tərəfindən öhdəliklər tam şəkildə icra edilməmişdir.

11. Məhkəmə cavabdehin alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri tam icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya ümumilikdə 115180 manat əsas borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab etmişdir ki, iddia qismən təmin edilməli, cavabdehdən 115180 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.

12. 5000 manat hüquqi yardım xərcinin ödənilməsi təsdiq edən sənədlər iddia ərizəsinə əlavə edilmədiyindən iddia həmin hissədə rədd edilmişdir.

Apellyasiya instansiyasi məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

13. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-4848/2022 saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia ərizəsi mülki prosessual qanunvericiliyin tələblərinin pozulması ilə verilmiş, iddianın mümkünsüz hesab edilməsinə dair vəsatətimiz təmin edilməmişdir. İddia tələblərinin əsaslandırılmasına dair sənədlər təqdim edilməsi, müqavilədə göstərilən iş və xidmətlərin həqiqətən yerinə yetirilməsinin mövcud olmasının sübut edilməsinin iddiaçının üzərinə qoyulmasına dair vəsatətlərə ümumiyyətlə münasibət bildirilməmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, iddiaçı cavabdehə pretenziya qaydasında müraciət edir və 5 gün müddətində cavab verilməsini tələb edir. Lakin həmin məktubun məzmunundan görünür ki, məktub xx.xx.2022-ci il tarixdə,saat 11:27-də göndərilmişdir. Bundan əlavə həmin məktubun cavabdeh tərəfindən alınmasını təsdiq edən hər hansı bir sənəd işə əlavə edilməmişdir. Tərəfin mediasiya prosesinin tətbiqi barədə təklifi digər tərəfə təqdim edildikdən sonra 10 iş günü ərzində qəbul edilmədikdə ilkin mediasiya sessiyası mediasiya təşkilatı tərəfindən aparılır. Buna görə də mediasiya prosesinə başladılması haqqında cavabdehə bildiriş göndərilməli idi. Həmin bildirişin cavabdeh tərəfindən alınmasını təsdiq edən sübut təqdim edilməli idi. Cavabdeh tərəf 10 gün müddətində mediasiya sessiyasında iştirak edib-etməməsini bildirməli idi. İşə əlavə edilmiş MŞB\6 saylı xx.xx.2022-ci il tarixli mediasiya arayışının məzmunundan görünür ki, “4 nömrəli X3” MMC 6 gün əvvəlcədən onlayn kargüzarlıq, poçt və telefon vasitəsi ilə məlumatlandırılmışdır. Bunu sübut edən sənədlər ərizəyə əlavə edilməmişdir. İddiaçı müqavilədə göstərilən materialların haradan əldə edilməsi, həmin materialların hansı nəqliyyat vasitələri ilə daşınaraq cavabdehə təqdim edilməsini, cavabdehin həmin malları qəbul etməsinə dair sübutlar təqdim edilməsinə dair sənədləri təqdim edə bilməmişdir və məhkəmə bu xüsusatları araşdırmamışdır. Məhkəmə belə nəticəyə gəlmişdir ki, müqavilə və elektron qaimə vardırsa iddia təmin edilməlidir. Halbuki, həmin müqavilənin və qaimənin tərkib hissəsi olan yol nəqliyyat vərəqələrinin malın daşınmasına, təhvil verilməsinə dair sənədlər tələb edilsə idi, malların daşınması və xidmətlərin faktiki olaraq göstərilməməsi aşkar olardı.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Cavabdehin nümayəndəsi Nümayəndə məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.

16. İddiaçının vəkili X4 məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.

17. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir; 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 152.1.4-cü maddə- kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə iddia ərizəsi qaytarılır. 150.1.6-cı maddə- iddia ərizəsinə müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) əlavə edilir. 150.1.7-ci maddə- iddia ərizəsinə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd əlavə edilir. 150.2-ci maddə-kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyri-rezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir.

“Mediasiya haqqında” Qanun 21.5-ci maddə-mediasiya prosesi bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş təklifin göndərildiyi andan, belə təklif olmadıqda isə bu Qanunun 28-ci və 29-cu maddələrinə nəzərdə tutulmuş hallarda tərəflərin ilkin mediasiya sessiyasında iştirak etdiyi, digər hallarda isə bu Qanunun 22-ci maddəsində nəzərdə tutulmuş “mediasiya prosesinin tətbiqi barədə müqavilə” bağlandığı andan başlanmış sayılır. 21.6-cı maddə-tərəflərdən biri mediasiya prosesinin tətbiqi barədə yazılı formada digər tərəfə bu Qanunun 22-ci (22.1.1-ci, 22.1.4-cü, 22.1.7-ci və 22.1.8-ci maddələr istisna olmaqla) maddəsində nəzərdə tutulan məlumatları, həmçinin tərəflərin qarşılıqlı razılaşdığı mediator (mediatorlar) və ya mediasiya təşkilatı varsa, bu barədə məlumatı, olmadıqda isə bu barədə təklifləri əks etdirən təklifi göndərir. Tərəflər arasında başqa qayda müəyyən edilmədiyi halda, bu maddənin birinci cümləsində qeyd edilən təklif tərəfə mediasiya sessiyasının keçirilmə tarixindən azı 5 gün əvvəl təqdim edilməlidir. 21.7-ci maddə-bu Qanunun 21.8-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, bu Qanunun 21.6-cı maddəsinə uyğun olaraq göndərilmiş təklifə 10 gün ərzində cavab verilmədikdə mediasiya prosesinə bu Qanunun 32.1.4-cü maddəsinə əsasən, həmin təklif 10 gün ərzində hər hansı formada rədd edildikdə isə mediasiya prosesinə bu Qanunun 32.1.3-cü maddəsinə əsasən avtomatik xitam verilir. 21.8-ci maddə-tərəflər arasında mediasiyaya dair qeyd-şərtdə mediatorun (mediasiya təşkilatının) adı müəyyən edildiyi halda və bu Qanunun 21.6-cı maddəsinə uyğun olaraq göndərilmiş təklifə 10 gün ərzində cavab verilmədikdə və ya təklif rədd edildikdə, təklifi göndərən tərəf mediasiyaya dair qeyd-şərtdə nəzərdə tutulmuş mediatora (mediasiya təşkilatına) müraciət edir. Həmin mediatorun (mediasiya təşkilatının) bu Qanunun 22-ci (22.1.1-ci maddə istisna olmaqla) maddəsində nəzərdə tutulan məlumatları və mediasiya sessiyasının keçirilmə tarixi, vaxtı və yerini əks etdirən mediasiya sessiyası barədə bildirişi tərəflərə təqdim etməsindən sonra tərəflər və ya onlardan biri mediasiya sessiyasında iştirak etmədikdə və ya iştirak etməkdən yazılı şəkildə imtina etdikdə, yaxud “mediasiya prosesinin tətbiqi barədə müqavilə”ni imzalamağa razı olmadıqda, mediator sessiyada iştirak edən və etməyən tərəfləri qeyd etməklə “Mediasiya sessiyasında iştirak edilməməsi” ilə bağlı arayışı həmin şəxslərə təqdim edir. Tərəflər arasında başqa qayda müəyyən edilmədiyi halda, bu maddənin ikinci cümləsində qeyd edilən bildiriş tərəflərə mediasiya sessiyasının keçirilmə tarixindən azı 5 gün əvvəl təqdim edilməlidir. 21.9-cu maddə-aşağıdakı tələblərin birinə əməl edilmədən məhkəməyə müraciət edildikdə müraciət məhkəmə tərəfindən baxılmamış saxlanılır: 21.9.1. bu Qanunun 28-ci və 29-cu maddələrində nəzərdə tutulmuş hallarda tərəf bu Qanunun 29.7-ci maddəsində nəzərdə tutulmuş müvafiq arayışı və ya protokolu məhkəməyə etdiyi müraciətinə əlavə etmədikdə; 21.9.2. tərəflər arasında “mediasiya prosesinin tətbiqi barədə müqavilə” bağlandığı halda bu Qanunun 32.2-ci maddəsində nəzərdə tutulmuş protokol məhkəməyə edilmiş müraciətə əlavə edilmədikdə; 21.9.3. tərəflər arasında mediasiyaya dair qeyd-şərt olduğu halda bu Qanunun 21.6cı maddəsində nəzərdə tutulmuş təklifin göndərilməsi ilə əlaqədar başlamış mediasiya prosesinə bu Qanunun 21.7-ci maddəsində müəyyən edilmiş qaydada xitam verilmədikdə; 21.9.4. bu Qanunun 21.8-ci maddəsində nəzərdə tutulmuş hallarda tərəf həmin maddədə nəzərdə tutulmuş arayışı məhkəməyə etdiyi müraciətə əlavə etmədikdə.

Əsaslandırıcı hissə

Apellyasiya baxışının hədləri

18. Qətnamənin tam ləğv edilməsi xahiş olunsa da iddianın təmin edildiyi hissədə mübahisələndirildiyindən həmin hissədə yoxlanılır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

19. Məhkəmə izahatları dinləyərək, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-4848/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

20. İşə birinci instansiya qaydasında baxılarkən cavabdeh tərəf iddiaya etiraz etsə də, iddiaçı tərəfin təqdim etdiyi sübutları, o cümlədən borcun məbləğini təsdiq edən xx.xx.2022-ci il tarixli üzləşmə aktını mübahisələndirmədiyindən məhkəmə iddianın əsas borcla bağlı hissədə əsaslı olduğuna dair birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır.

21. Cavabdehin apellyasiya şikayətinin dəlillərindən biri bundan ibarətdir ki, iddia ərizəsinə pretenziya məktubunun cavabdeh tərəfindən alınmasını, mediasiya prosesinə başladılması haqqında cavabdehə bildiriş göndərilməsini təsdiq edən sənəd əlavə edilməmişdir.

22. Tərəflər arasında bağlanmış müqavilənin 6.2-ci bəndində nəzərdə tutulmuşdur ki, tərəflər müqavilə ilə bağlı müydana gələn bütün mübahisələri danışıqlar yolu ilə həll edə bilmədikdə mübahisələr Azərbaycan Respublikası qanunvericiliyinə əsasən Azərbaycan Respublikasının müvafiq məhkəmələrində həll edilir. Müqavilənin qeyd edilən bəndinə əsasən iddiaçı tərəfindən cavabdehin elektron poçtuna xx.xx.2022-ci il tarixdə pretenziya məktubu göndərilərək 5 gün müddətində borcun ödənilməsi tələb edilmiş, borc həmin müddət ərzində ödənilmədiyindən xx.xx.2022-ci il tarixdə iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət emişdir. Göründüyü kimi, iddia qaldırılanadək cavabdehə pretenziya məktubu göndərilmədiyinə dair apellyasiya şikayətində qeyd edilənlər həqiqətə uyğun deyil.

23. Eyni zamanda iş materiallarına əlavə edilmiş 6 saylı Mediasiya Təşkilatının xx.xx.2022-ci il tarixli arayışından görünür ki, cavabdeh tərəf ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə mlumatlandırılmış, lakin sessiyada iştirak etməmişdir. İşdə 6 saylı Mediasiya Təşkilatının arayışında qeyd edilən məlumatların həqiqiliyini şübhə altına alan hər hansı sübut olmadığından apellyasiya şikayəti əsassız hesab edilir.

24. İşə baxmış məhkəmə tərəfindən qətnamənin ləğv edilməsinə əsas verən hər hansı maddi və prosessual hüquq pozuntusuna yol verilməmişdir.

25. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)- 4848/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

26. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:

Cavabdeh “4 nömrəli X2” MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-4848/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar