Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-102/2024 21.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh X7 qarşı kommersiya işi Açar söz: qüsurli mal, alqı-satqı Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi ilə, İddiaçı cavabdeh X7 qarşı alqı-satqı müqaviləsi üzrə borc tələbinə dair kommmersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e- 2-2(113)-3638/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları
1. İşin mübahisəsiz hallarından görünür ki, iddiaçı fərdi sahibkar olan İddiaçı "xxxx" MMC şirkəti ilə bağlanmış xx.xx.2023-cü il tarixli xx.xx.2023/GP SF-19 saylı distribütorluq müqaviləsinə əsasən onun istehsal etdiyi quş yeminin satışını həyata keçirir. O 2022-ci ilin noyabr ayında öz işçisi X8 vasitəsilə cavabdeh fərdi sahibkar olan X7 cücə yemi satmış, yemin dəyəri olan 12500 manat pul cavabdeh tərəfindən ödənilməmişdir.
2. Cavabdeh satılan yemin keyfiyyətsiz olması, cücələrin bu səbəbdən xəstələnməsi və ölməsi ilə bağlı satıcının nümayəndəsi Həcən Cəfərova .şifahi olaraq (telefonla) pretenziya bildirmiş və yemin yoxlanılmasını tələb etmişdir (bu barədə audio yazı iş materiallarına əlavə edilmişdir.
3. 2022-ci ilin dekabr ayında cavabdeh iddiaçı və ona yemi təhvil vermiş X8 ilə birlikdə yemdən nümunə götürərək analiz üçün Azərbaycan Qida Təhlükəsizliyi X5 Laboratoriyasına aparmış, Laboratoriyanın xx.xx.2022-ci il tarixli sınaq protokoluna əsasən müəyyən edilmişdir ki, sınaq nəticələrinə əsasən 0001 nömrəli quş yemində (götürülmüş nümunədə) “Clostridium perfringens” bakteriyası mövcuddur.
4. İşdən görünür ki, İddiaçı cavabdehin ona olan borcunun ödəməməsi ilə əlaqədar Xəzər rayon Polis İdarəsinə ərizə ilə müraciət etmiş, izahatında bildirmişdir ki, təxminən bir ilə yaxındır ki, "xxxx" MMC şirkəti ilə müqavilə bağlayıb cücə yemlərinin satışı ilə məşğul olur və bu işdə ona rəsmi işçisi, X1 edir. Mahiyyəti üzrə bildirmək istəyir ki, 2022-ci ilin yay ayları olardı ki, işçisi Həsənin tanışları ondan və Həsəndən cücə yemi almaq istəmələri ilə bağlı müraciət etmişdir, lakin o onları tanımadığı üçün risk edib yem vermək fikrində yox idi, lakin Dilqəmin tanışı onlara xahişə çıxdığına görə və inam yarandığına görə onun işçisi Dilqəmlə öz aralarında razılaşma yolu ilə təxminən 23.000 manatlıq cücə yemi vermişdilər və pulunu hissə-hissə ödəyərək vermişdir və bundan sonra inam yarandığı üçün Dilqəmlə işləməyə davam etdilər. Bildirmək istəyir ki, 2022-ci ilin noyabr ayı olardı ki, Dilqəm onun işçisindən 12.500 manatlıq cücə yemi istəmişdir və yemin pulunu cücələri böyüdüb satışından sonra verəcəyi vədi vermişdir və buna görədə işçisi Həsən Dilqəmə ümumi dəyəri 12.500 manatlıq cücə yemini şirkətdən hissə-hissə çıxararaq Xəzər rayonu Binə qəsəbəsində yaşayan Dilqəmin cücə fermasına gətirib təhvil vermişdir, lakin 2022-ci ilin noyabr ayının sonları Dilqəm cücə yemindən şikayət etməyə başladı və bu səbəbdən də o Dilqəmə işçisi Həsənin verdiyi yemi yenisi ilə əvəz etdirdi. Lakin bundan sonra dekabr ayı olardı ki, Dilqəm yenidən başladı yemdən şikayət etməyə və bildirdi ki, guya onların verdikləri cücə yemindən onun təxminən 400-500-ə yaxın cücələri yemdən zəhərlənib və ölüb və bundan sonra o şirkətin rəsmi baytar həkimi olan Nuran adlı həkimini və şirkətin rəsmi işçisi satış müdürü Rasim müəllimi Dilqəmin cücə sexinə dəvət etdi ki, Dilqəm qeyd etdiyi yemə və ölən cücələrə baxış keçirib və müayinə etsinlər, lakin sexdə olan zaman Dilqəm onlara heç bir ölü cücə təqdim etmədi, bundan sonra 2022ci ilin dekabr ayının 2-si Dilqəm o və işçisi Həsən ilə birlikdə cücə yemini ekspertizadan keçirmək üçün yemi həkimə təqdim etdilər və həkim bir neçə həftədən sonra bildirdi ki, bu yemdən heç bir cücə ölə bilməz. Bundan sonra o və işçisi Həsən, Dilqəmdən 12.500 manat pullarını verməsini tələb etdilər, lakin Dilqəm sözdə bildirir ki, borcunu qaytaracaq, lakin əməlində isə pulunu qaytarmır və bildirir ki, şirkəti məhkəməyə verəcək və onun pulunu verməkdən boyun qaçırır. X10 ona ümumi 12.500 manat pul borcludur.
5. X12 Bakı şəhər Xəzər RPİ-nin 3-cü Polis Şöbəsində izahat verərək bildirmişdir ki, ailəvi olaraq Xəzər rayonu Binə qəsəbəsi X15 cücə ferması ilə məşğul olur. Mahiyyəti üzrə bildirmək istəyir ki, təxminən bir ilə yaxın olar ki, cücə yemi satışı ilə məşğul olan Həsən adlı şəxslə tanış olmuş və o bildirmişdir ki, SR-Sook şirkətinin müdiri olan Fəxrəddin adlı şəxsin işçisidir. O onunla öz aralarında razılaşma yolu ilə ilkin olaraq hissə-hissə 23.000 manatlıq cücə yemi aldı və pullarını hissə-hissə Həsənə ödəniş etdi. Təxminən 2022-ci ilin noyabr ayı olardı ki, Həsənlə əlaqə saxladı, ona bildirdi ki, ona 12.500 manatlıq cücə yemi lazımdır və o da sözünü yerə salmayıb 12.500 manatlıq cücə yemini hissə-hissə gətirərək, onun cücə fermasına çatdırdı. Lakin bir müddət keçdikdən sonra Həsənin gətirdiyi yemdə problem olduğu üçün cücələrinin qarnı açıldığı üçün Həsəndən xahiş etdi ki, yemi dəyişsin və Həsən bir tona yaxın yemi yenisi ilə əvəz etdi, lakin bundan sonra onun 400-500-ə yaxın cücələri öldü. Bu barədə o Həsənə bildirdi və onları fermaya dəvət etdi, onlar yemə baxış keçirdilər və onlar ilə birlikdə yemi ekspertizadan keçirdilər və ekspertizanın rəyində bakteriya, yəni cücələrə ziyan vura biləcək bakteriya aşkar olundu və ona 40.000 manatlıq maddi ziyan dəydiyinə görə o 12.500 manat pulu Həsənə ödəməyəcək, lakin bir şərtlə ödəyər ki, ona dəymiş tam ziyanı Həsən ödəsə, o da onun 12.500 manatını ödəyəcəyinə söz verir.
6. X8 Bakı şəhər Xəzər RPİ-nin 3-cü Polis Şöbəsində izahat verərək bildirmişdir ki, o SR-Sook şirkətinin Bakı nümayəndəliyində satıcı işləyir. 2022-ci ilin noyabr ayında 12.500 manatlıq cücə yemi vermişdir. Həmin vaxt ona yemin pulunu vermədi, bildirdi ki, verəcək. 2022-ci ilin dekabr ayının 2-sində o, yemin pulunu almaq üçün Fəxrəddin müəllimlə birlikdə Dilqəmin yanına getdilər. Dilqəm bildirdi ki, yemdə problem var, cücə böyümür. Həmin gün o, Fəxrəddin müəllim və Dilqəm yemdən analiz vermək üçün AQTA laboratoriyasına getdilər, orada yemdən analiz verdilər. Təxminən ay yarımdan sonra Dilqəm Fəxrəddin müəllimə analizin cavabını göndərmişdir. Dilqəmə etibar edərək malı ona qaiməsiz nisyə vermişdir. O 12.500 manat məbləğində cücə yemini X7 hissəhissə Xəzər rayonu Binə qəsəbəsi, Hövsan südcülük sovxozunda Dilqəmin qardaşının iştirakı ilə təhvil vermişdir. Dilqəm ona cücə yemi üçün 12.500 manat pul borcludur.
7. Bakı şəhər Xəzər RPİ-nin 3-cü Polis Şöbəsinin sahə rəisi, polis mayoru Bəhruz Qurbanovun xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli arayışlarından görünür ki, İddiaçı və X6 müraciətləri (alınmış izahatları) üzrə aparılmış araşdırma zamanı toplanmış material mülki xarakterli olduğu üçün dəftərxanada işə alınması məqsədəmüvafiq hesab edilmişdir.
8. Cavabdehin cücələrin yemdən zəhərlənərək öldüyünü və ona ziyan dəydiyini təsdiq etmək üçün məhkəməyə sübut qismində təqdim etdiyi "xxxx" MMC-nin dəymiş maddi ziyanın müəyyən edilməsi barədə xx.xx.2023-cü il tarixli UNİ/M 11-202/23 nömrəli mütəxəssis rəyindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Binə Südcülük sovxozu ərazisində yerləşən, X7 məxsus bioloji aktivlərə - broyler toyuqlarına dəymiş maddi ziyanın ədalətli dəyəri xx.xx.2023-ci il tarixinə 45.000 manat (o cümlədən çəki azlığı səbəbindən satılmayan quşların dəyəri 41.250 manat, xəstəlik səbəbindən tələf olmuş quşların ümumi dəyəri (1 ədəd quşun (toyuğun) qiyməti 7,50 manat olmaqla cəmi 500 ədəd quşa görə) 3.750 manat) təşkil edir. Mütəxəssis rəyində əks olunmuş qiymətləndirmə obyektlərinin fotoşəkillərinə əsasən Ross cinsli broyler toyuqlarının tələf olduğu görünür.
Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı cavabdeh X7 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X3 İddiaçı xeyrinə cücə yeminin dəyərinin əvəzi olaraq 12.500 manat, 100 manat vəkil xidməti üçün, 200 manat mediasiya xərci üçün, 130 manat dövlət rüsumu kimi olmaqla, ümumilikdə 12.930 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı, öz işçisi Cəfərov Həsən vasitəsilə cavabdehə 12.500 manat dəyərində cücə yemi tədarük edilmişdir. Bu fakt Bakı şəhəri, Xəzər rayonu 3-cü Polis Şöbəsinə verdiyi şikayət ərizəsi, izahat, cavabdehin izahatı və s. sənədlərlə təsdiq edilir. Qeyd edilənlərə baxmayaraq, cavabdeh müxtəlif əsassız bəhanələrlə həmin 12.500 manat borcunu bu günədək ödəməkdən yayınmaqdadır. Buna görə də, İddiaçı, Xəzər RPİ-inin 3- cü Polis Şöbəsinə ərizə ilə müraciət etmiş, həmin idarə məsələnin mülki xarakterli olduğu barədə məlumat verdiyinə görə, daha sonra mediasiya təşkilatına müraciət edilmiş, işin məhkəmədə aparılması üçün vəkillə müqavilə imzalanmışdır. Cavabdeh həmin bu işlər üçün çəkilmiş xərcləri də ödəməlidir.
11. X8 məhkəmənin iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.
12. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-3638/2023 nömrəli qətnaməsi ilə (hakim Leyla Əliyeva) iddia təmin edilmişdir.
13. İşə birinci instansiya qaydasında baxılarkən şahid qismində dindirilmiş X13 məhkəmədə verdiyi ifadəsində göstərmişdir ki, o Ağdaş yem zavodunun, Bakı şəhəri, Siyəzən, Quba, Qusar Xaçmaz rayonları üzrə baytar həkim vəzifəsində çalışır. Onlara cavabdehə mal verilməsi tapşırıldı. Sonradan cavabdeh yemdən şikayət etdi. Şahid N.Ağayev məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirdi ki, Fəxrəddin müəllim onların distribütorudur. Keçən il noyabr ayında cavabdehə məxsus təsərrüfata baxış keçirməyə getdilər. Nəm şəraitdə saxlanıldığı üçün cücələrin bağırsağına infeksiya düşmüşdür. Həmin vaxt tələf olmuş cücə tapmadılar. Lakin zəif bir quşu yoxladı və məlum oldu ki, saxlanılma şəraitinə görə problem yaranıb. Dərman vasitəsi məsləhət gördü, cavabdeh isə bildirdi ki, atasi baytar həkimdir və istifadə etdiyi dərmanı göstərdi. O da qeyd etdi ki, istifadə etmək olar. Həmin vaxt onlar başqalarına da yem verirdilər, lakin problem yaranmamışdır. Cavabdehə təklif etdilər ki, cücələrə baxış keçirsinlər və problem olarsa satışı üçün köməklik göstərsinlər, qalanın isə xərcini ödəsinlər. 10 gün sonra yenidən gedəndə onlar gördülər ki, cücələr yoxdur. Cavabdeh bildirdi ki, cücələr tələf olub. Lakin bu mümkün deyil, 10.000 cücədən 400 ədədi tələf ola bilərdi. Hesab edir ki, cücələr satılmışdır. Ekspertizanın cavablarını cavabdeh onlara göndərdi, lakin ordan da bilinir ki, yemdə problem olmayıb. Onlar qeyd etdilər ki, cücələrin dəyərindən 3.000 manat məbləği ödəməyə bilər. 2 dəfə getmişlər cavabdehə məxsus təsərrüfata. İkinci dəfə 10 gün sonra getdilər. Cücələr 27-28 günə böyüyür və həmin vaxt onları satmaq olur. Cavabdehə nisyə mal verilməsi ilə bağlı Fəxrəddin müəllimə onlar müraciət etdilər. Cavabdeh bildirdi ki, malı Fəxrəddin müəllimdən alır.
14. X4 məhkəmədə verdiyi ifadəsində göstərmişdir ki, o, Ağdaş yem zavodunda satış təmsilçisi vəzifəsində çalışır. Şahid R.Quliyev məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirdi ki, iddiaçı, şirkətin distribütorudur. Cavabdehi 2-3 dəfə görmüşdür. Cavabdeh yem ilə bağlı şikayət edirdi. Yemin verilməsi ilə bağlı məlumatı yox idi. Onlar şikayət edildikdən sonra məlumatlı oldular. Noyabr ayında müraciət edildi. O qeyd edirdi ki, cücələri zəhərlənib. Baytar həkim, o və müdir təssərrüfata baxış keçirməyə getdilər. Saxlanma şəraitinin pis olduğunu aşkarladılar. Yem qalmışdır. Lakin cavabdeh yemi qaytarmaq istəmirdi ki, onlar yemi götürsünlər. Yemin bir qismini götürdülər və ekspertizaya verdilər. Cavabdeh rəy ilə bağlı məlumatlıdır. Yemdə nəm şəraitdə saxlanıldığına görə bakteriya əmələ gəlib. Cavabdeh yemi düzgün şəraitdə saxlamayıb. Onların öz laboratoriyası var. Onlar yemi özləri üçün götürdülər. Onlar yemi yoxlatdılar və aşkarladılar ki, problem yoxdur. Bakteriya olması barədə cavabdehdən məlumatlı oldular. Cavabdehdən tələb etdilər ki, cücələrin tələf olması ilə bağlı sübut təqdim etsin. İkinci dəfə gedəndə gördülər ki, cücələr yoxdur. Cücələrin tələf olması barədə məlumatları yox idi. Bir ay əvvəl danışdılar və o cavabehə bildirdi ki, malda problem olanda alıcılara kompensasiya ödəyirlər.
15. Məhkəmə iclasında iş materiallarında olan telefon danışıqlarının və səsli video görüntünün qeyd edildiyi CD-diskə baxış keçirilərkən, səsli video görüntülərdən müəyyən edilmişdir ki, Həsən adlı şəxsə müraciət edilməklə (video-səs sahibinin deməsinə görə) 40-a yaxın iri çəkili cücələrin, 30-a yaxın isə nisbətən kiçik çəkili cücələrin tələf olduğu (öldüyü) müşahidə olunur. Həmçinin səsli video görüntülərdən müəyyən edilir ki, cücələrin saxlanıldığı (yemləndiyi) yerdə video-səs sahibi eksperiment apararaq, cücələrin qarşısına 2 cür (video-səs sahibinin deməsinə görə) birinə Gürcüstan, digər qaba isə iddiaçıdan aldığı yemlərin qoyulduğu, Gürcüstan yeminin olduğu qabdan cücələrin yem yediyini, iddiaçıdan alınan yemin olduğu qabdan isə cücələrin demək olar ki, yemdən istifadə etmədiyi, yemi qabın ətrafına dağıtdıqları müşahidə edilir.
16. Həmçinin CD-diskə əlavə olunan səsli fayl dinlənərkən müəyyən edilmişdir ki, Dilqəm adlı şəxslə Həsən adlı şəxs arasında telefon danışıqları olmuş və telefon danışıqlarından müəyyən olunur ki, Dilqəm adlı şəxs Həsən adlı şəxsə müraciət edərək, cücələrin böyümədəyini, ishal olduğunu və yalnız dərman verdikdən sonra bir müddət qaydaya düşdüyünü, lakin daha sonra yenidən həmin problemlərin meydana gəldiyini, cücələrə hər gün (anti-biotik) dərmanları verməklə onların bu problemlərini aradan qaldırmağın (onların vəziyyətinin stabil saxlanılmasının) mümkün olmadığını, düzgün olmadığını bildirməklə ondan aldığı yemlərdən şikayət edir, Həsən isə Dilqəmə cavabında yemlərdə heç bir problemin olmadığını, cücələrdəki yaranmış problemlərin cücələrin özündən və yaxud saxlanılma şəraitindən irəli gəlmə ehtimallarının olduğunu, bunun satdıqları yemlə əlaqəsinin olmadığını, digər alıcılara da həmin yemdən satıldığını və heç bir şikayətin olmadığını, əgər yemdə problem varsa yemdən nümunə götürülməklə laboratoriya analizindən keçirilməsi tövsiyyə olunmuş, əgər cücələrdəki problemin satdıqları yemdən qaynaqlandığı təsdiq olunarsa şirkətə bu barədə məlumat verməklə məsələləri həll edə biləcəyini bildirmişdir.
17. Məhkəmə qeyd etmişdir ki, araşdırma zamanı İddiaçı cavabdeh X12 ilə aralarında bağlanmış şifahi alqı-satqı müqaviləsinə əsasən cavabdehə 12.500 manat dəyərində cücə yemi satdığı, lakin həmin cücə yeminin dəyərinin cavabdeh tərəfindən ödənilmədiyi müəyyən edilmişdir.
18. Məhkəmə ilk növbədə alqı-satqı müqaviləsi üzrə satıcı qismində İddiaçı və ya X2 çıxış etməsi məsələsinə münasibətdə qeyd etmişdir ki, cavabdeh X6 polis şöbəsində verdiyi izahatdan da göründüyü kimi X9 ilə tanış olduğu zaman sonuncu ona İddiaçı işçisi olmasını bildirmiş, yəni mübahisəli alqı-satqı müqaviləsi bağlanmamışdan əvvəl X24 Cəfərovun həmin müqaviləni İddiaçı adından bağlaması barədə məlumatlı olmuşdur. Buna görə də şifahi alqı-satqı müqaviləsinin məhz İddiaçı ilə cavabdeh X12 arasında bağlanması öz təsdiqini tapır.
19. Məhkəmə həmçinin qeyd etmişdir ki, X12 məhkəməyə verdiyi izahatında X9 tərəfindən ona 12.500 manat dəyərində malların verilməsi faktını təsdiq etmişdir.
20. Azərbaycan Qida Təhlükəsizliyi X5 Laboratoriyasının xx.xx.2022-ci il tarixli sınaq nəticələrinə münasibətdə məhkəmə qeyd etmişdir ki, laboratoriyaya təqdim edilmiş quş yeminin məhz iddiaçı tərəfindən cavabdehə təqdim edilən cücə (quş) yemi olubolmamasını müəyyən etmək mümkün olmadığından, eləcə də iddiaçı tərəfindən təqdim edilmiş yem olması ehtimal edilsə belə sözügedən bakteriyanın Cavabdeh sahibliyində olduğu müddətdə yemə düşməsi (o cümlədən yemin lazımi şəraitdə saxlanılmaması nəticəsində) ehtimalı olduğundan həmin nəticələr mübahisəli quş yeminin iddiaçı tərəfindən cavabdehə təqdim edilərkən lazımi keyfiyyət tələblərinə cavab verməməsini müəyyən etmək üçün kifayət etmir.
21. Məhkəmə qeyd etmişdir ki, Cavabdeh alqı-satqı müqaviləsi üzrə mallar təqdim edildikdən və həmin mallar bir dəfə dəyişdirildikdən sonra (göstərilən halı hər iki tərəf mübahisələndirmir) yuxarıda göstərilən MM-nin 587-ci maddəsinə nəzərdə tutulan müdafiə vasitələrinin heç birindən istifadə etməmişdir. Təqdim edilmiş mallara gəldikdə həmin malların əksər hissəsi təyinatı üzrə istehlak olmuş, qalan hissəsi isə yerə dağılmaqla istifadəyə yararsız vəziyyətə düşmüşdür.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
22. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-3638/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamə çıxarılaraq iddianın təmin edilməməsini xahiş etmişdir.
23. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Qida Təhlükəsizliyi X5 Laboratoriyasının xx.xx.2022-ci il tarixli sınaq protokolundan görünür ki, sınaq nəticələrinə əsasən 0001 nömrəli quş yemində (götürülmüş nümunədə) faktiki olaraq “Clostridium perfringens” aşkar olunmuşdur. "xxxx" MMC-nin dəymiş maddi ziyanın müəyyən edilməsi barədə xx.xx.2023-cü il tarixli UNİ/M 11-202/23 nömrəli mütəxəssis rəyindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Binə Südcülük sovxozu ərazisində yerləşən, X7 məxsus bioloji aktivlərə - broyler toyuqlarına dəymiş maddi ziyanın ədalətli dəyəri xx.xx.2023-ci il tarixinə 45.000 manat (o cümlədən çəki azlığı səbəbindən satılmayan quşların dəyəri 41.250 manat, xəstəlik səbəbindən tələf olmuş quşların ümumi dəyəri (1 ədəd quşun (toyuğun) qiyməti 7,50 manat olmaqla cəmi 500 ədəd quşa görə) 3.750 manat) təşkil edir. Mütəxəssis rəyində əks olunmuş qiymətləndirmə obyektlərinin fotoşəkillərinə əsasən Ross cinsli broyler toyuqlarının tələf olduğu görünür.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
24. İddiaçı və cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdirlər.
25. Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi: 567-ci maddə-alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 581.1-ci maddə-satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. 581.2-ci maddə- alğı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. 587.2-ci maddə-əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: 587.2.1. alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; 587.2.2. lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin. 587.3-cü maddə-bu Məcəllənin 587.1 və 587.2-ci maddələrində göstərilmiş qüsurların aradan qaldırılması və ya əşyanın əvəz edilməsi tələbini alıcı, əgər əşyanın xarakterindən və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, irəli sürə bilər. 587.5-ci maddə-əgər alıcı əşyanın qüsurları ilə əlaqədar alğı-satqı müqaviləsinin ləğvini və ya alınmış əşyanın müqaviləyə uyğun əşya ilə əvəz edilməsini tələb edərsə, o, qüsurlu əşyanı satıcıya onun hesabına qaytarmağa borcludur. Bu zaman tərəflərin müqavilə üzrə əldə etdiklərinin geri qaytarılması bu Məcəllənin 157-ci maddəsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. 588.1-ci maddə-əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir. 589.6-cı maddə- yararlıq müddəti müəyyənləşdirilmiş əşyanın qüsurları ilə bağlı tələbləri alıcı həmin qüsurları əşyanın yararlıq müddəti ərzində aşkara çıxardığı halda irəli sürə bilər. 595.1-ci maddə-alıcı alğı-satqı müqaviləsinin miqdar, çeşid, keyfiyyət, komplektlik, tara və (və ya) qab haqqında şərtlərinin pozulmasına dair satıcıya müqavilədə nəzərdə tutulan müddətdə, belə müddət müəyyənləşdirilmədikdə isə, müqavilənin müvafiq şərtinin pozuntusu əşyanın xarakterinə və təyinatına görə aşkar edilməli olduqdan sonra ağlabatan müddətdə bildiriş verilməlidir. 595.2-ci maddə-bu Məcəllənin 595.1-ci maddəsində nəzərdə tutulan qaydanın yerinə yetirilmədiyi halda satıcı alıcının ona çatışmayan miqdarda əşya verilməsinə, alğısatqı müqaviləsinin keyfiyyət və ya çeşid haqqında şərtlərinə uyğun gəlməyən əşyanın dəyişdirilməsinə, əşyanın qüsurlarının aradan qaldırılmasına, komplektinin tamamlanmasına və ya komplektsiz əşyanın komplektli əşya ilə əvəz edilməsinə, əşyanın taralaşdırılmasına və (və ya) qablaşdırılmasına və ya qeyri-münasib taranın və (və ya) qabın dəyişdirilməsinə dair tələblərini ödəməkdən o halda tamamilə və ya qismən imtina edə bilər ki, alıcının həmin qaydanı yerinə yetirməməsinin onun tələbini ödəməyin qeyri-mümkünlüyünə səbəb olduğunu və ya müqavilənin pozulması haqqında vaxtında bildiriş aldığı halda çəkəcəyi xərclərə nisbətən tənasübsüz xərclər çəkdiyinə səbəb olduğunu sübuta yetirsin.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 64.1-ci maddə-işə baxılarkən məhkəməyə kömək etmək üçün zəruri texniki, digər bilik və düşüncəyə malik olan şəxs məhkəmədə mütəxəssis qismində çıxış edə bilər. 64.2-ci maddə-mütəxəssis qismində məhkəməyə çağırılmış şəxs məhkəməyə gəlməyə, məhkəmənin və tərəflərin verdiyi suallara cavab verməyə, şifahi və yazılı məsləhətlər və izahatlar verməyə, zəruri hallarda məhkəməyə texniki kömək göstərməyə borcludur. 76.1-ci maddə-tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddə-bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddə-hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 85.1.4-cü maddə- birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
Əsaslandırıcı hissə
Apellyasiya baxışının hədləri
26. Qətnamə cavabdeh tərəfindən tam mübahisələndirdiyindən tam yoxlanılır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
27. Məhkəmə apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-3638/2023 nömrəli qətnaməsi ləğv edilməli, iddia rədd edilməlidir.
28. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında 2022-ci ilin noyabr ayında şifahi alqı-satqı müqaviləsi bağlanmış və iddiaçı tərəfindən (işçisi vasitəsi ilə) cavabdehə 12.500 manat dəyərində cücə yemi satılmışdır. Cavabdeh yemdə qüsur olduğu üçün həmin yemlə qidalanan cücələrin xəstələndiyi və öldüyünü əsas gətirərək iddiaçıya yemin dəyərini ödəməkdən imtina etmişdir.
29. İşdəki səs yazısından, tərəflərin Xəzər rayon Polis İdarəsində aralarındakı mübahisə ilə bağlı verdikləri izahatlardan görünür ki, alıcı MM-nin 595.1-ci maddəsində nəzərdə tutulmuş qaydada satıcıya yemdə qüsur olması ilə bağlı şikayət etmiş, hətta yem bir dəfə satıcı tərəfindən dəyişdirilmişdir.
30. MM-nin 587.2-ci maddəsi ilə alıcıya hüquq verilir ki, əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin. Hazırkı halda alıcı müqavilənin icrasından, yəni satılan malın dəyərinin ödənilməsindən imtina etmişdir. Eyni zamanda 588.1-ci maddədə nəzərdə tutulur ki, əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir.
31. Belə olan halda məhkəmə tərəfindən aşağıdakı halların mövcudluğu araşdırılmaqla mübahisəyə hüquqi qiymət verilməli idi: -satılmış malın keyfiyyətinə dair tələblər əhəmiyyətli dərəcədə pozulmuşdurmu; -alıcı malın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirmişdirmi.
32. Cavabdeh tərəfindən məhkəməyə sübut qismində təqdim edilmiş Azərbaycan Qida Təhlükəsizliyi X5 Laboratoriyasının aparmış, xx.xx.2022-ci il tarixli sınaq protokoluna əsasən məhkəmə müəyyən edir ki, cavabdehə satılmış quş yemində (götürülmüş nümunədə) “Clostridium perfringens” bakteriyası mövcud olmuş, yəni yem tələb edilən keyfiyyət şərtinə cavab verməmişdir.
33. Birinci instansiya məhkəməsi təqdim edilmiş bu sübutla bağlı qeyd etmişdir ki, laboratoriyaya təqdim edilmiş quş yeminin məhz iddiaçı tərəfindən cavabdehə təqdim edilən cücə (quş) yemi olub-olmamasını müəyyən etmək mümkün deyil. Məhkəmə sübuta düzgün qiymət verməmiş, nəzərə almamışdır ki, İddiaçı və onun işçisi X8 Bakı şəhər Xəzər RPİ-nin 3-cü Polis Şöbəsində verdikləri izahatlarda cavabdehlə bir yerdə yemdən nümunə götürərək analiz üçün laboratoriyaya getdiklərini və analizin nəticəsində yemdə bakteriya aşkar edildiyini göstərmişlər.
34. Məhkəmə eyni zamanda qeyd etmişdir ki, sözügedən bakteriyanın Cavabdeh sahibliyində olduğu müddətdə yemə düşməsi (o cümlədən yemin lazımi şəraitdə saxlanılmaması nəticəsində) ehtimalı olduğundan həmin nəticələr mübahisəli quş yeminin iddiaçı tərəfindən cavabdehə təqdim edilərkən lazımi keyfiyyət tələblərinə cavab verməməsini müəyyən etmək üçün kifayət etmir. Məhkəmə kollegiyası hesab edir ki, bu xüsusi bilik tələb edən məsələ olduğundan məhkəmə mübahisənin obyektiv həlli üçün ekspertiza təyin etməklə və ya mütəxəssis dəvət etməklə bu ehtimalın əsaslı olubolmadığını yoxlamalı idi.
35. İşə apellyasiya qaydasında baxan məhkəmə tərəfindən məhkəmə tərəfindən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyindən mütəxəssis dəvət edilmiş, mütəxəssis X14 (Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin Aparatının Epizootiya və zoonoz xəstəliklərin ekspedisiyası şöbəsinin aparıcı baytar həkimi) Bakı Apellyasiya Məhkəməsinin KK-nın xx.xx.2024-cü il tarixli məhkəmə iclasında sualları cavablandıraraq bildirmişdir ki, yemdə “Clostridium perfringens” bakteriyasının olması həmin yemin istifadəyə yararsız və keyfiyyətsiz olması barədə nəticəyə gəlməyə əsas verir və belə yem satıla bilməz. Bu bakteriya hətta iri malı da öldürə bilər. Bu yemlə qidalanan cücələr xəstələnə və ölə bilər. Lakin cücələrin müalicə olunması da mümkün olduğundan cücələrin hansı səbəbdən öldüyünün müəyyən edilməsi üçün yaxşı olardı ki, ölmüş quşlar da analizə verilərdi. Mütəxəssis eyni zamanda suala cavab olaraq bildirmişdir ki, qeyd edilən bakteriya yemin nəm şəraitdə saxlanması ilə bağlı deyil, yalnız torpaqla təmas etdikdə yarana bilərdi. Çünki qeyd edilən bakteriyanın törədicisi torpaqda olur.
36. Məhkəmə mütəxəssisin verdiyi şifahi rəyə əsasən edir ki, cavabdehə satılmış yemdə öldürücü bakteriyanın olması malın keyfiyyətinə dair tələblərin əhəmiyyətli dərəcədə pozulması kimi qiymətləndirilməlidir. Müətəxəssis rəyinə əsasən eyni zamanda müəyyən edilir ki, bu bakteriyanın yemin saxlanma şəraiti ilə əlaqədar sonradan əmələ gəlməsi mümkün olmadığından MM-nin 588.1-ci maddəsinə əsasən yemdəki qüsur alıcıya təhvil verilənədək mövcud olduğuna görə satıcı məsuliyyət daşıyır.
37. Məhkəmə eyni zamanda qeyd edir ki, hazırkı halda alq—satqı predmeti olan mal cücə yemi, yəni istehlak edilən mal olduğundan satıcıya qaytarılmasının mümkün olmaması alıcının malın keyfiyyətsizliyi ilə pretenziya bildirmək, öhdəliyin icrasından imtina etmək hüququnu məhdudlaşdıra bilməz. Məhz bu səbəbdən MM-nin 587.3-cü maddəsində nəzərdə tutulur ki, bu Məcəllənin 587.1 və 587.2-ci maddələrində göstərilmiş qüsurların aradan qaldırılması və ya əşyanın əvəz edilməsi tələbini alıcı, əgər əşyanın xarakterindən və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, irəli sürə bilər. Qeyd edilən norma onu müəyyən edir ki, alqı-satqı müqavilələrindən irəli gələn mübahisələr üzrə alıcının hüquq və vəzifələrinin dairəsi müəyyənləşdirilərkən satılmış əşyanın xarakteri (istehlak olunan-olunmayan, əvəz edilə bilən-əvəz edilə bilməyən fərdi müəyyən əşya və s) mütləq nəzərə alınmalıdır. Mübahisəsizdir ki, istehlak olunmuş malın qaytarılması fiziki cəhətdən mümkün olmadığından alıcının üzərinə bu vəzifə qoyula bilməz.
38. Məhkəmə göstərilənlərə əsasən hesab edir ki, məhkəmə araşdırması zamanı satıcı tərəfindən alıcıya satılmış yemin istifadəyə yararsız olduğu mötəbər sübutlarla təsdiq edildiyindən malın dəyəri olaraq 12.500 manat pulun cavabdehdən tutulmasına dair iddia əsassız hesab edilərək rədd edilməlidir. 39.. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)- 3638/2023 nömrəli qətnaməsi ləğv edilməli, iddia rədd edilməlidir.
40. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:
Cavabdeh X6 apellyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-3638/2023 nömrəli qətnaməsi ləğv edilsin. Yeni qətnamə qəbul edilsin. İddia rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.