Məhkəmə qərarları › İş №2-2(103)-1021/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1021/2025

29.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1021/2025 29.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: yük daşınması müqaviləsi, elektron qaimə pul öhdəliyinin gecikdirilməsinə görə faiz tələbi, sübutetmə vəzifəsi) hakimlər X1 (sədrlik edən və məruzəçi), X2 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, Məhərrəmova Günel Elman qızının katibliyi, İddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)- 3041/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. İcraçı İddiaçı MMC-nin Sifarişçi Cavabdeh MMC arasında 19 sentyabr 2019cu il tarixli, 23/19 saylı yükdaşıma xidmətlərinin göstərilməsi haqqında müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən icraçı sifarişçinin sifarişi əsasında ona məxsus yükləri (avadanlıqları) daşımaqla yükdaşıma xidmətləri göstərməyi, sifarişçi isə bunun müqabilində icraçıya bu müqavilənin 5-ci bəndində müəyyən olunmuş məbləğdə, qaydada və müddətdə xidmət haqqı ödəməyi öhdəsinə götürür.

2. Müqavilənin 2.1-ci bəndinə əsasən bu müqavilə hər iki tərəfin onu imzaladığı gündən qüvvəyə minir və bir (1) il müddətində qüvvədədir. Müqavilənin müddətinin bitməsinə an azı on beş (15) gün qalmış ona xitam vermək haqqında hər hansı bir tərəfin yazılı müraciəti olmadıqda, müqavilənin müddəti eyni müddətə/müddətlərə uzadılmış hesab olunur.

3. Müqavilənin 2.3-cü bəndinə əsasən icraçı daşıdığı yükü sifarişçinin nümayəndəsinə və ya onun göstərdiyi şəxsə təhvil verir. Hər bir daşınmadan sonra xidmətin dəyərini göstərən qaiməni sifarişçiyə göndərməlidir və həmçinin xidmətin təhvil verilməsi haqqında akt tərtib olunur, sifarişçinin və icraçının nümayəndələri tərəfindən imzalanır və rəhbər şəxsləri (və ya şöbə müdiri) tərəfindən təsdiq edilir. Xidmət haqqı yalnız bu aktların əsasında hesablanır. Aktın forması bu müqavilə bağlanarkən təsdiq olunur.

4. Müqavilənin 5.1-ci bəndinə əsasən hər bir daşımanın dəyəri daşıma məsafəsindən və daşıma obyektinin ölçülərindən asılı olaraq, bu müqavilənin tərkib hissəsi olan tərəflər arasında razılaşdırılmış qiymətlərin preyskurantı ilə (əlavə №1) müəyyən edilir.

5. Müqavilənin 5.2-ci bəndinə əsasən ayda bir dəfə (hər ayın sonuncu günündə) daşımanın həcmi xidmətin təhvil verilməsi haqqında aktlara əsasən müəyyən edilir və buna müvafiq olaraq ay ərzində göstərilmiş xidmət üzrə xidmət haqqı hesablanır. Təhvil-təslim aktı ilə təsdiq edilir. Təhvil təslim aktı ilə təsdiq edilmiş xidmət haqqının aylıq məbləği beş bank günü ərzində Sifarişçi tərəfindən icraçıya ödənilir. Tərəflər razılaşırlar ki, zərurət yarandıqda sifarişçi avans ödəməyi öz öhtəliyinə götürür. Həmin akt nüsxədə icraçı tərəfindən sifarişçiyə təqdim olunur və sifarişçi 10 (on) iş günü ərzində İcraçıya həmin aktı təsdiq edərək təqdim etməlidir.

6. EBEA seriyalı, 698095 nömrəli, xx.xx.2024-cü il tarixli elektron qaiməyə əsasən 4242,60 manat, EBEB seriyalı, 436389 nömrəli, xx.xx.2024-cü il tarixli elektron qaiməyə əsasən 2520,90 manat, MT2410 seriyalı, 11986219 nömrəli, xx.xx.2024-cü il tarixli elektron qaiməyə əsasən 10808,8 manat, MT2409 seriyalı, 11986475 nömrəli, xx.xx.2024-cü il tarixli elektron qaiməyə əsasən 12248,4 manat, MT2409 seriyalı, 10128806 nömrəli, xx.xx.2024-cü il tarixli elektron qaiməyə əsasən 13688 manat, MT2408 seriyalı, 10227689 nömrəli, xx.xx.2024-cü il tarixli elektron qaiməyə əsasən 9428,2 manat, EBEC seriyalı, 789258 nömrəli, xx.xx.2024-cü il tarixli elektron qaiməyə əsasən 3846,8 manat məbləğində göstərilmə xidmətlərin dəyəri İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə ödənilməsi üçün təqdim edilmişdir.

7. 07.02.2025-ci il tarixli maliyyə arayışından görünür ki, "xxxx" MMC-nin İddiaçı MMC-yə əsas borcu 49153,5 manat, 319 gecikmə günü üçün cərimə borcu 43396,95 manat və gecikdirilmiş vaxt üçün 5% hesablanmaqla borcu 2972,39 manat təşkil edir.

8. "xxxx" MMC tərəfindən məhkəməyə təqdim edilmiş məlumatdan görünür ki, Cavabdeh MMC-yə göstərilmiş xidmətlərin qarşılığında müxtəlif qaimələr üzrə cəmi 640740 manat dəyərində xidmət göstərilmiş, müxtəlif tarixlərdə cavabdeh tərəfindən ümumilikdə 571305 manat ödənişlər edilmiş, qalıq borcu 42390 manat + 6763 manat ƏDV təşkil edir.

9. Tərəflər arasında olan “Whatsapp” və Email yazışmalarından da göründüyü kimi "xxxx" MMC İddiaçı MMC-yə olan qalıq borcunu etiraf edir. "xxxx" MMC ilə İddiaçı MMC arasında imzalanmış xx.xx.2024-cü il tarixli göstərilmiş xidmətlərin təhvil verilməsi haqqında akta əsasən "xxxx" MMC-nin müxtəlif sifarişləri əsasında yüklər (taxta, armatur, bardur, digər məhsullar) müxtəlif daşınma əraziləri üzrə (Qarabağ, Fizuli; Binəqədi, Dərnəgül; Əhməd bəy Ağaoğlu ADA universiteti, Qobu qəsəbəsi; Tovuz, Ağdam və s. ünvanlarına) İddiaçı MMC tərəfindən daşınma dəyəri cəmi 25330 manat məbləğə daşınmışdır.

10. "xxxx" MMC ilə İddiaçı MMC arasında imzalanmış xx.xx.2024-cü il tarixli göstərilmiş xidmətlərin təhvil verilməsi haqqında akta əsasən "xxxx" MMC-nin müxtəlif sifarişləri əsasında yüklər (taxta, beton, tamet, digər məhsullar) müxtəlif daşınma əraziləri üzrə (Qarabağ, Şuşa; Binəqədi, Dərnəgül; Əhməd bəy Ağaoğlu ADA universiteti; Sabunçu, Kürdəxanı və s. ünvanlarına) İddiaçı MMC tərəfindən daşınma dəyəri cəmi 15530 manat məbləğə daşınmışdır.

11. "xxxx" MMC ilə İddiaçı MMC arasında imzalanmış xx.xx.2024-cü il tarixli göstərilmiş xidmətlərin təhvil verilməsi haqqında akta əsasən "xxxx" MMC-nin müxtəlif sifarişləri əsasında yüklər (boru, kontenyer, texnika, digər məhsullar) müxtəlif daşınma əraziləri üzrə (Qarabağ, Laçın, Şuşa, Fizuli; Goranboy; Abşeron rayonu; Əhməd bəy Ağaoğlu ADA universiteti və s. ünvanlarına) İddiaçı MMC tərəfindən daşınma dəyəri cəmi 3260 manat məbləğə daşınmışdır.

12. İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə göndərilmiş xx.xx.2025-ci il tarixli pretenziya məktubundan görünür ki, iddiaçı öhdəliklərini pozduğu üçün borcun 3 gün müddətində banka ödənilməsini tələb etmiş, əks halda məhkəməyə müraciət edəcəyini bildirmişdir.

13. 19.02.2025-ci il tarixli ********** nömrəli qəbzdən görünür ki, İddiaçı MMC 245 manat məbləğində dövlət rüsumu ödəmişdir.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

14. İddiaçı "A.N.AZ” MMC iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən xx.xx.2019-cu il tarixli 23/19 saylı Müqavilə üzrə əsas borcun - 49153,50 (ƏDV daxil) manat, 2457 manat məbləğində cərimə-dəbbə pulunun, gecikdirilmiş vaxt üçün illik 5% məbləğində hesablamaqla 2972,39 manat pul, 254 manat dövlət rüsumunun, hüquqi yardım üçün ödənilmiş vəsaitin 300 manatının əvəzinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2019-cu il tarixli 23/19 saylı “Yükdaşıma xidmətlərinin göstərilməsi haqqında” Müqavilə bağlanmışdır. Müqaviləyə əsasən İcraçı İddiaçı MMC Sifarişçi Cavabdeh MMC-nin sifarişi əsasında xidmətlər göstərməyi, sifarişçi isə xidmətləri qəbul edib bunun müqabilində İcraçıya bu Müqavilə ilə müəyyən olunmuş məbləğdə, qaydada və müddətdə xidmət haqqı ödəməyə öhdəsinə götürür. Lakin İddiaçı MMC öz üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirib müvafiq xidmətləri göstərsə də Cavabdeh MMC üzərinə düşən öhdəlikləri yerinə yetirməyərək xidmət müqabilində verilməli olan xidmət haqqını ödəməkdən boyun qaçırır. Cavabdehə bu barədə dəfələrlə xəbərdarlıq edilsə də, bu günə kimi cavabdeh tərəfindən heç bir hərəkət edilməmişdir. Belə ki, xx.xx.2019-cu il tarixli Müqavilə üzrə 49153,50 (ƏDV daxil) manat borc ödənilməmişdir və borc məbləği iddia ərizəsinə əlavə edilmiş e-qaimələr və iş materiallarına əlavə edilmiş digər sənədlərlə təsdiq edilir. Bu əsasla iddiaçı tərəfindən cavabdehə xx.xx.2024-cü il tarixində 3 iş günü müddətində borc məbləğini tələb etmələri barədə Pretenziya məktubu göndərilməsinə baxmayaraq bu günədək qeyd edilən pul şirkətə ödənilməmişdir. Əlavə olaraq bildirirlər ki, xx.xx.2019-cu il tarixli 23/19 saylı Müqavilənin 8.3-cü bəndinə əsasən hər gecikən gün üçün ümumi borcun 0,2% əlavə hesablanacaq. Müqavilənin həmin bəndinə əsasən 43396,95 manat cərimə məbləği təşkil etsə də, tərəfimizdən güzəşt faizi tətbiq edilərək əsas məbləğin ≈5 %-i həcmində, yəni cəmi 2457 manat dəbbə pulu tələb edilməkdədir. Beləliklə, göründüyü kimi cavabdeh ödənişdən yayınmaq üçün müxtəlif üsullara əl atmağı səbəbindən hazırkı mübahisə məhz məhkəmə vasitəsilə həll edilməlidir.

16. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsində qeyd olunanları müdafiə edərək əlavə olaraq bildirmişdir ki, Cavabdeh MMC ilə aralarında yükdaşıma xidmətlərinin göstərilməsi barədə müqavilə bağlanmışdır. İlkin mərhələdə münasibətləri yaxşı olsa da, sonradan tərəf aktlar üzrə atdıqları e-qaimələri ödəməkdən yayınmışdır. Bəzi aktlar üzrə ödəniş olunmuş, bəzisi üçün olunmamışdır. Qarşı tərəfə iyun avqust ayları üzrə aktı təqdim etsələrdə imzalanmamışdır. Məhkəməyə müraciət etdikdən sonra əlaqə saxlayaraq ona möhlət verilməsini xahiş etmişdir, 10 maya qədər ödənişi edəcəyini vəd etmişdir. Bununla həm barışıq sazişinin bağlanmasından yayınmış, həm də ödənişi etməmişdir. İddia tələbini dəqiqləşdirmə ərizəsi verərək hal-hazırda əlavə olaraq 300 manat vəkil xərci, 49153,50 manat əsas borcun, 2457 manat məbləğində cərimə-dəbbə pulunun, gecikdirilmiş vaxt üçün illik 5% məbləğində hesablamaqla 2972,39 manat pulun və 254 manat dövlət rüsumunu tələb edirlər. İddia tələblərinin əsasını tərəfə tərəflərindən vurulan e-qaimələr, təhvil-təslim akları, tərəflə aparılan telefon yazışmaları, cavabdehin email hesabına göndərdikləri maliyyə hesabatları təşkil edir. Sonda o, iddianın təmin olunmasını xahiş etmişdir.

17. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına nümayəndəsi gəlməmiş və gəlməməyinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

18. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-3041/2025 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh MMC-dən xx.xx.2019-cu il tarixli 23/19 saylı Müqavilə üzrə yaranmış ƏDV daxil 49153,50 manat əsas borc, illik 5 faiz məbləğində hesablanmaqla 2972,39 manat pul vəsaiti, 2000 manat cərimə borcu olmaqla, cəmi 54125 (əlli dörd min yüz iyirmi beş) manat 89 (səksən doqquz) qəpik, ödənilmiş dövlət rüsumunun 252 (iki yüz əlli iki) manat 38 (otuz səkkiz) qəpiyin əvəzi və hüquqi yardım üçün ödənilmiş 300 (üç yüz) manatın əvəzi tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi, iddia qalan hissədə rədd edilməsi qət edilmişdir.

19. Məhkəmə qanunvericilik normalarını, müqavilənin şərtlərini, cavabdehin müqavilə öhdəliklərini tam icra etmədiyini, belə olan halda isə iddiaçının daşınma haqqını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab etmişdir ki, 49153,50 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

20. Bununla yanaşı məhkəmə hesab etmişdir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Lakin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq məhkəmə hesab etmişdir ki, iddia tələbi üzrə cərimə məbləği azaldılaraq 2000 manat müəyyən olunmalıdır.

21. Həmçinin məhkəmə hesab etmişdir ki, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyinə, borcun ödənilməsini gecikdirdiyinə görə iddiaçının əsas borca hesablanmış illik beş faiz ödənilməsini tələb etmək hüququ vardır və buna görə də iddia həmin hissədə də təmin olunmalıdır.

22. İddia tələbinin həcminə nisbətdə vəkilə ödənilmiş pulun əvəzi olaraq 300 manat ağlabatan hesab edildiyindən məhkəmə hesab etmişdir ki, hüquqi yardıma görə ödənilmiş pul vəsaitinin əvəzi qismində 300 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa məhkəmə hesab etmişdir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 254 manat dövlət rüsumunun 252,38 manatının əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

23. Birinci instansiya məhkəməsi hazırkı mübahisəyə AR MM-nin 425.1, 430.1, 442, 443.1 və 448.1, 462.1, 463.1, 465.2, 783.2, 850,851-ci maddələrini, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarın tətbiq etmişdir.

Apellyasiya instansiyasi məhkəməsindəki hazırkı icraat

a) Apellyasiya şikayətinin dəlilləri

24. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-2174/2025 nömrəli qətnaməsindən Cavabdeh MMC apellyasiya şikayəti verərək məhkəmə qətnaməsinin mübahisələndirilən hissədə ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

25. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən məhkəməyə bir tərəfli qaydada təsdiq edilmiş maliyyə sənədləri təqdim edilsə də, həmin borca, o cümlədən həmin borcun həqiqiliyini əks etdirən təsdiqedici sənədlərə dair hər hansı məlumat əlavə edilməmişdir. Bununla da Müqavilədə qeyd olunan xidmətlərin həqiqətən də yerinə yetirilməsi, iddia olunan məbləğlərə uyğun həcmdə olmasını təsdiq edən sübut məhkəməyə təqdim olunmamışdır. Müqavilə üzrə xidmətlərin həqiqətəndə göstərilməsini təsdiq edən təhvil-qəbul aktları mövcud deyildir və bu səbəbdən Cavabdeh MMC tərəfindən ödənişlər dayandırılmışdır.

Apellyasiya şikayətinə qarşı etiraz

26. İddiaçı apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək apellyasiya şikayətinin dəlillərinin həqiqəti əks etdirmədiyini bildirərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

27. İddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.

28. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

29. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

30. Maddə 13. Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir

31. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

32. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

33. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

34. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

35. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.

36. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.

37. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

38. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.

39. Maddə 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər.)

40. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

41. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır.

42. Maddə 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.

43. Maddə 783.2. Vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir.

44. Maddə 850. Yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, yük daşınması müqaviləsinə tapşırıq haqqında göstərişlər tətbiq edilir.

45. Maddə 851. Yük göndərən daşımanın təşəbbüsçüsü olan və adından yük göndərilməsi rəsmiləşdirilən fiziki və ya hüquqi şəxsdir. Yük göndərən həm yükün daşımadan əvvəl olduğu şəxs, həm də yükün göndərildiyi şəxs (yük alan) ola bilər. Yük alan əqd əsasında yüklərin alınmasına səlahiyyətli fiziki və ya hüquqi şəxsdir. Daşıyıcı müqavilə əsasında və haqq müqabilində yükün olduğu yerdən təyinat yerinə daşınmasını həyata keçirən və mülkiyyət, icarə və ya istifadə hüququ ilə nəqliyyat vasitələrinə malik olan fiziki və ya hüquqi şəxsdir. Azərbaycan Respublikası Vergi Məcəlləsi

46. Maddə 71-1. Həmin Məcəllə ilə müəyyən edilən hallarda fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

47. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

48. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

49. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

50. Maddə 185.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.

51. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

52. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.

53. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının həddi

54. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

55. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

56. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının həddini qətnamənin iddianın təmin edilməsi ilə bağlı hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki iddiasının qismən təmin olunmasına baxmayaraq iddiaçı qətnamədən şikayət verməmiş, cavabdehin nümayəndəsi isə faktiki olaraq qətnamənin qeyd olunan hissəsini mübahisələndirmişdir.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

57. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə, habelə hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, məhkəmə, müəyyən etdiyi faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir (mübahisələndirilən hissədə).

58. Belə ki, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.

59. Tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 15 sentyabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 11 iyun 2018-ci il tarixli Qərarı).

60. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisə üzrə iddianın qanuni əsasının müəyyən edilməsi üçün tərəflər arasında bağlanmış müqavilələrin şərtləri təhlil olunmalıdır (§ 35, 36).

61. İşin faktiki hallarından, iddiaçının cavabdehlə 19 sentyabr 2019-cu il tarixli, 23/19 saylı yük daşınması müqaviləsi bağladığı müəyyən olunur və müqavilənin şərtlərindən görünür ki, iddiaçı icraçı qismində yük daşıma xidmətlərin görülməsi barədə öhdəlik qəbul etmiş, cavabdeh isə sifarişçi kimi həmin xidmətlərə görə müvafiq ödənişləri yerinə yetirməyi öz öhdəsinə götürmüşdür.

62. İşin faktiki hallarına əsasən işin yerinə yetirilməsini sübutetmə yükü iddiaçının, görülmüş işlərə görə ödənişlərin edilməsinin sübutetmə yükü isə cavabdehin üzərinə düşür.

63. İş materiallarına əlavə olunmuş müqavilə, elektron qaimələr, “Whatsapp” sosial şəbəkəsi üzərindən həyata keçirilmiş yazışmalar iddiaçı tərəfindən yük daşınması müqaviləsi üzrə xidmətlərin yerinə yetirilməsini təsdiq edir. Elektron qaimələrə əsasən iddiaçı tərəfindən cavabdehə ümumilikdə 640740 manat dəyərində xidmətlər göstərilmişdir.

64. Tərəflər arasındakı işgüzar münasibətlərdən görünür ki, cavabdeh tərəfindən əvvəlki xidmətlər üzrə də borcu olmuş, ödənişlər konkret elektron qaimələr üzrə deyil, ümumi borc üzrə həyata keçirilmiş, iddiaçı tərəfindən isə ödənişlər cavabdehin əvvəlki xidmətlər üzrə borcundan silinmişdir.

65. Cavabdeh iddiaçının borcun məbləği ilə bağlı mötəbər sübut təqdim etmədiyini bildirsə də, iş materiallarında olan elektron qaimələr iddiaçının cavabdehə malları təhvil verilməsini təsdiq edir və cavabdeh də həmin sənədləri mübahisələndirməmişdir.

66. İş materiallarından müəyyən edilir ki, EBEA seriyalı, 698095 nömrəli, xx.xx.2024-cü il tarixli elektron qaiməyə əsasən 4242,60 manat, EBEB seriyalı, 436389 nömrəli, xx.xx.2024-cü il tarixli elektron qaiməyə əsasən 2520,90 manat, MT2410 seriyalı, 11986219 nömrəli, xx.xx.2024-cü il tarixli elektron qaiməyə əsasən 10808,8 manat, MT2409 seriyalı, 11986475 nömrəli, xx.xx.2024-cü il tarixli elektron qaiməyə əsasən 12248,4 manat, MT2409 seriyalı, 10128806 nömrəli, xx.xx.2024-cü il tarixli elektron qaiməyə əsasən 13688 manat, MT2408 seriyalı, 10227689 nömrəli, xx.xx.2024-cü il tarixli elektron qaiməyə əsasən 9428,2 manat, EBEC seriyalı, 789258 nömrəli, xx.xx.2024-cü il tarixli elektron qaiməyə əsasən 3846,8 manat məbləğində göstərilmə xidmətlərin dəyəri İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə ödənilməsi üçün təqdim edilmiş, elektron qaimələr təsdiq edilmiş, həmin qaimələrə cavabdeh tərəfindən hər hansı etiraz verilməmiş və ya qaimələrə düzəliş edilməsi üçün müraciət edilməmişdir.

67. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.13-cü bəndində göstərilmişdir ki, “Mallar (işlər, xidmətlər) sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırmış, yaxud ləğv prosesində olan şəxslərə göndərildikdə, göndərilmiş elektron qaimə-faktura qəbul edən tərəfindən göndərildiyi ayın sonuncu gününün axırınadək təsdiq edilməlidir. Elektron qaimə-faktura həmin müddətdə təsdiq edilmədikdə, proqram təminatı vasitəsilə ləğv edilir və göndərilməmiş hesab olunur. Elektron qaimə-faktura ayın sonuncu günü göndərildiyi halda elektron qaimə-fakturanı göndərərkən alan şəxs tərəfindən həmin gün təsdiq edilməyəcəyi təqdirdə elektron qaimə-fakturanın proqram təminatı tərəfindən ləğv ediləcəyi barədə Portalda xəbərdarlıq xarakterli bildiriş verilir. Sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırmış, yaxud ləğv prosesində olan şəxslərə göndərilən elektron qaimə-faktura proqram təminatı tərəfindən ləğv edildikdə, elektron qaimə-fakturanı göndərən şəxsə bu barədə xəbərdarlıq xarakterli bildiriş göndərilir”.

68. Nəzərə alınmalıdır ki, sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Başqa sözlə, sahibkarlıq fəaliyyətinin üç xüsusiyyəti var: müstəqillik, mənfəət götürmək məqsədi və fəaliyyətin iqtisadi xarakterli olması (§ 22). Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 133.1-ci maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 20 sentyabr 2004-cü il Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə sahibkarlıq fəaliyyəti mahiyyət etibarı ilə əmlakdan istifadə olunması, malların satılması, işlərin görülməsi və ya xidmətlər göstərilməsi ilə gəlir əldə olunmasına yönəlmiş, qanunla qadağan edilməyən növlər üzrə sahibkarın riski ilə həyata keçirilən, məhz müstəqil bir fəaliyyətdir.

69. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdeh sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxs olaraq, mübahisələndirmədiyi elektron-qaimələrin hüquqi nəticələri ilə bağlı risk daşıyır.

70. Kollegiya məhkəmənin, cavabdehdən müvafiq məbləğdə cərimə borcunun tutulması ilə bağlı gəldiyi qənaəti də əsaslı hesab edir:

71. Belə ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.

72. Hazırki işin hallarından görünür ki, birinci instansiya məhkəməsi cərimə borcunun məbləğini mütənasib şəkildə azaltmışdır.

73. Kollegiya məhkəmənin, cavabdehdən 2972,39 manat gecikmə faizinin tutulması ilə bağlı gəldiyi qənaəti də əsaslı hesab edir:

74. Belə ki, iddiaçının sözügedən tələbinə uyğun gələn iddia tələbinin qanuni əsası kimi nəzərdən keçirilən Mülki Məcəllənin 445.7-ci maddəsinin dispozitiv şərtlərinə görə kreditor ilk olaraq sübut etməlidir ki, borclu pul məbləğinin ödənilməsini gecikdirib. Bu hal müəyyən olunduqdan sonra isə kreditorun illik 5 faizdən artıq məbləği tələb etməyə hüququnun olub-olmadığı müəyyən edilir. Kreditor gecikdirməni sübut etdikdən sonra hər bir halda illik 5 faiz ödənilməsini tələb etmək hüququna malikdir.

75. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi cavabdehin iştirakın təmin edilməsi üçün bütün zəruri prosessual səyləri göstərmiş, lakin cavabdeh lazımı fəallıq və sayıqlıq göstərməyərək məhkəmə iclaslarının gedişatı barədə maraqlanmamış, etirazının əsasları barədə sübutları məhkəməyə təqdim etməmişdir.

76. Bu xüsasatda kollegiya ona da diqqət çəkir ki, sahibkarlıq fəaliyyəti müəyyən risklər daşımaqla yanaşı həmin fəaliyyətlə məşğul olan şəxsin öz fəaliyyətini peşəkar qaydada təşkil etmək öhdəliyini də ehtiva edir. Bu isə digər məsələlərlə yanaşı vaxtlıvaxtında dövlət orqanlarının təqdim etdiyi sənədlərə (xəbərdarlıqlar, bildirişlər, məktublar və s.) ya özü, ya da bu sahədə peşəkarlar (hüquqşünaslar, maliyyəçilər və s.) cəlb etməklə vaxtında münasibət bildirməsini də əhatə edir (§ 32). Əks təqdirdə kommersiya subyektləri vaxtında göstərmədikləri sayıqlığın riskini daşıyırlar. Bu baxımdan, bu cür fəaliyyətlə məşğul olan şəxslər dövlət orqanlarında (həmin orqanların qanuni çərçivədə verilmiş göstərişlərini) özləri və ya öz nümayəndələri vasitəsi ilə təmsil olunaraq hüquqlarını daha aktiv qorunması üçün səy göstərməlidirlər.

77. Beləliklə kollegiya hesab edir ki, apellyatorun apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir; birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

78. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə xərclərinə dair məsələyə də qiymət verməyin zəruriliyini vurğulayaraq kollegiya qeyd edir ki, apellyasiya şikayəti vermək üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid olunmalıdır. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.

79. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

"xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-3041/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar