Məhkəmə qərarları › İş №2-2(103)-1022/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1022/2021

08.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1022/2021 08.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Qululu Elvin Mikayıl oğlunun katibliyi, cavabdehin nümayəndəsi Nümayəndə3 iştirakı ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun silinməsinə dair iddiası Bakı Kommersiya Məhkəməsinin 01.06.2021- ci il tarixli e-2-2(113)-1685/2021 nömrəli qətnaməsindən iddiaçı tərəfin apelyasiya şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Nəsimi rayon Sukanal İdarəsi tərəfindən 050813 abonent kodu üzrə əsassız olaraq hesablanmış 7087,67 manat borcun silinməsi və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq İddiaçı İBnin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ASC-nin Nəsimi rayon Sukanal İdarəsi ilə İddiaçı İB-nin Bakı Regional Qaz İstismarı Departamenti (BRQİD) arasında bağlanmış 05.01.2021-ci il tarixli, 19054773 saylı müqaviləyə əsasən su təchizatı və tullantı sularının axıdılması xidmətləri həyata keçirilir. Həmin müqavilə şərtlərinə əsasən BRQİD tərəfindən istifadə edilmiş suya görə yaranmış borcla bağlı tərəflər arasında 12.01.2021-ci il tarixdə tərtib olunmuş qarşılıqlı üzləşmə aktlarında borc məbləğinin artıq həcmdə göstərildiyi müəyyən edilmişdir. Belə ki, 2016-2021-ci illər ərzində Birlik tərəfindən Nəsimi rayonu üzrə TİX-nin su sərfiyyatına görə “Azərsu“ ASC-yə 31186 manat ödənilmişdir. Həmin dövr ərzində 31186 manat dəyərində sudan istifadə edilmişdir. Nəsimi rayon Sukanal İdarəsi əsassız olaraq üzləşmə aktlarında və hesablarında (05.01.2021-ci il tarixdə qalıq borcu haqqında məlumat cədvəlində) Nəsimi rayonu üzrə TİX-nin Cavabdeh ASC-yə 7087,67 manat borcunun olduğunu qeyd etmişdir. Borc əsassız olduğundan həmin üzləşmə aktları tərəflərindən qəbul edilməmişdir. Yaranmış əsassız borcun səbəbləri barədə dəfələrlə “Azərsu“ ASC-nin nümayəndələri ilə danışıqlar aparılmasına baxmayaraq, hər hansı bir sənəd təqdim edilməmiş, əsassız yazılmış borcu əsas götürərək Nəsimi rayonu üzrə TİX-nin su təchizatı dayandırılmışdır. Eyni zamanda cavabdeh təşkilat tərəfindən xidmət sahəsinin su təchizatı dayandırılarkən “X1”nın 8.1-ci bəndinin tələbləri kobud şəkildə pozulmuşdur. “X1”nın 8.1-ci bəndinə əsasən istehlakçının su təchizatı mütləq qaydada xəbərdar etmək şərti ilə aşağıdakı hallarda dayandırıla bilər: İstehlakçının müvafiq yazılı müraciəti (su təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; tikinti, təmir profilaktika və qəza işlərinin görülməsinə və su tutarlarının təmizlənməsinə ehtiyac yarandıqda; su mənbəyində səth sularının bulanıqlıq dərəcəsi artdıqda və ya su hövzəsində fövqəladə ekoloji böhran vəziyyəti yarandıqda; istehlakçının paylayıcı su kəmərləri şəbəkəsi, su tutarları (su anbarları), qoşulmalar, siyirtmələr, kranlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə; STKM ilə müvafiq müqavilə bağlanılmadıqda; məişət (təsərrüfat)–içməli su ehtiyacları üçün nəzərdə tutulmuş magistral su kəmərlərindəki sudan digər məqsədlərlə istifadə olunduqda; məhkəmənin müvafiq qərarı olduqda. Göründüyü kimi, cavabdeh su təchizatını dayandırarkən “X1”nın tələblərini kobud şəkildə pozmuş, COVİD-19 pandemiyasının dünyada və ölkəmizdə tüğyan etdiyi bir dövrdə 24 saat əhaliyə xidmət göstərən dövlət təşkilatında sanitar-gigenik qaydalara tam riayət edilməsinə maneələr yaratmışdır. Ödənişlərin olunmasına baxmayaraq, Cavabdeh ASC tərəfindən Birliyə əsassız olaraq şişirdilmiş borc hesablanmışdır. Bu borcun mənbəyini isə abonent saldosundan müəyyən etmək mümkün olmamışdır. Vaxtaşırı ödənişlərin olunmasına baxmayaraq, bu cür borc məbləğinin yaranmasını tamamilə qanunsuz hesab edirlər. Qeyd olunan mübahisənin Azərbaycan Respublikasının MPM-nin 4.3-cü maddəsinə müvafiq olaraq məhkəməyədək həll olunması məqsədi ilə tərəflərindən 28.04.2020-ci il tarixli, 725 saylı məktubla pretenziya qaydasında müraciət olunmasına baxmayaraq, cavabdeh təşkilat tərəfindən heç bir cavab alınmamışdır. Məktubda cavabdehə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun tədbirlərin görülməsi üçün məhkəməyə müraciət olunacağı bildirilmişdir. Bakı Kommersiya Məhkəməsinin 01.06.2021- ci il tarixli e-2-2(113)-1685/2021 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən 050813 abonent kodu üzrə hesablanmış 2853,33 məbləğində borcun İddiaçı şəxsi hesabından silinməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Həmin qətnamədən iddiaçı apelyasiya şikayəti verərək qətnamənin iddianın təmin olunmamış hissəsində ləğv edilməsini, iddianın tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 2016-2021-ci illər ərzində Birlik tərəfindən Nəsimi rayonu üzrə TİX-nin su sərfiyyatına görə Cavabdeh ASCyə 31186 manat ödənilmişdir. Həmin dövr ərzində 31186 manat dəyərində sudan istifadə edilmişdir. Nəsimi rayon Sukanal İdarəsi əsassız olaraq üzləşmə aktlarında və hesablarında (05.01.2021-ci il tarixdə qalıq borcu haqqında məlumat cədvəlində) Nəsimi rayonu üzrə TİX-nin Cavabdeh ASC-yə 7087,67 manat borcu olduğu qeyd etmişdir. Borc əsassız olduğundan həmin üzləşmə aktları tərəfimizdən qəbul edilməmişdir. Yaranmış əsasız borcun səbəbləri barədə dəfələrlə Cavabdeh ASC-nin nümayəndələri ilə danışıqlar aparılmasına baxmayaraq hər hansı bir sənəd təqdim edilməmiş, əsasız yazılmış borcu əsas götürərək Nəsimi rayonu üzrə TİX-nin su təchizatı dayandırılmışdır. İşə apelyasiya qaydasında baxılması 08.09.2021-ci il tarixə təyin edilmiş, tərəflər məhkəmə iclasının vaxtı barədə lazımı qaydada xəbərdar edildiyinə baxmayaraq iddiaçı iclasda səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəmə MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə3 məhkəmə iclasında apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə izahatı dinləyib, apelyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 01.06.2021- ci il tarixli e-2-2(113)-1685/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İddiaçının 31.05.2021-ci il tarixli abonent haqqında saldosu əsasında araşdırma aparılaraq müəyyən edilmişdir ki, iddiaçının 2016-2021-ci (may ayı) illər ərzində su təchizatı və kanalizasiya xidmətlərindən istifadəyə görə ümumilikdə 35833,3 manat borcu yaranmış, lakin 32608,96 manat məbləğdə ödəniş etmişdir. Yəni iddiaçı bu illər ərzində kphnə borclar üzrə hər hansı ödəniş etməmişdir. İddiaçı içməli suya görə 7087,67 məbləğində borcun silinməsini xahiş etsə də, məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, 2021-ci ilin may ayına 6077,67 manat məbləğində qalıq borcu vardır və həmin məbləğdən 2853,33 manat məbləğində qalıq borc iddiaçının 2016-cı ildən əvvəlki illərə aid olan borcdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 550-ci maddəsinə əsasən tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. Həmin Qanunun 551.2.1-ci maddəsinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Məhkəmə qeyd edilən normaya istinad edərək iddiaçının tələbini 2853,33 manat məbləğində borcun İddiaçı hesabından silinməsi hissəsində təmin etmişdir. Qalan məbləğdə borcun silinməsi üçün əsaslar müəyyən olmadığından iddia qalan hissədə rədd edilmişdir. İddiaçı apelyasiya şikayətində 2016-2021-ci illər ərzində Birlik tərəfindən cəmi 31186 manat dəyərində sudan istifadə edildiyi göstərsə də, bu hal iş materialları təsdiq olunmur. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 01.06.2021- ci il tarixli e-2- 2(113)-1685/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 01.06.2021- ci il tarixli e-2-2(113)-1685/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar