Məhkəmə qərarları › İş №2-2(103)-1023/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1023/2025

03.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Tapşırıq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1023/2025 03.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə (açar sözlər: xidmət müqaviləsi, əvəzedilməz əşyalar, podrat müqaviləsi, illik 5%) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X5 Əliyevanın sədrliyi və məruzəsi ilə, X2 və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi, İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)- 2895/2025 saylı qətnaməsindən cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları:

1. xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, bu müqaviləyə əsasən “Sifarişçi” İddiaçı MMC tərəfindən sifariş verilən bütün növ reklam, o cümlədən qutu, dəri üzlü məhsullar va digər müxtəlif növ çap xidmətlərini icra etməsini “İcraçı” "xxxx" MMC öz üzərinə götürmüşdür. Sifarişlər Sifarişçi va İcraçı arasında tərtib edilən X3 (QRP) əsasən həyata keçiriləcəkdir. Müqavilənin 3.1-ci bəndinə əsasən, bu müqavilə üzrə qarşılıqlı hesablaşmalar Azarbaycan Respublikası Qanunvericiliyinə uyğun olaraq, icra edilmiş sifarişlərə görə təqdim olunmuş hesab-fakturaya asasən həyata keçirilir. Müqavilənin 3.2ci bəndinə əsasən, işin başlaması üçün ümumi məbləğin 70% həcmində ilkin ödəniş “Sifarişçi” tərəfindən “İcraçı”nın bank hesabına ödənilir. Qalan 30% həcmində məbləği “Sifarişçi” işi təhvil aldıqdan sonra 30 iş günü ərzində “İcraçı”ya ödəməlidir. Müqavilənin 3.4-cü bəndinə əsasən Müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri tam və lazımınca yerinə yetirmədikdə və ya Müqaviləyə hər hansı səbəbdən vaxtından əvvəl xitam verildikdə İcraçı Sifarişçi tərəfindən ödənilmiş məbləği ona geri qaytarmağa borcludur. Müqavilənin 4.1-ci bəndinə əsasən icraçı “Müqavilə”nin qüvvədə olduğu müddətdə üzərinə götürdüyü öhdəliklərin icra edilməməsi nəticəsində qarşı tərəfə, yəni sifarişçiyə dəymiş maddi zərərə görə məsuliyyət daşıyır.

2. Tərəflər arasında bağlanılmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən xx.xx.2024-cü il X1 uyğun olaraq, tərəflər bu X4 və protokolun ayrılmaz hissəsi olan əlavə №1 olmaqla görüləcək işlərin siyahısı, həcmi, nümunədəki keyfiyyəti və cədvəldə göstərilmiş ümumi qiymətlə razılaşırlar. Həmçinin İcraçı aşağıda qeyd olunmuş sifarişləri tam va qüsursuz şəkildə son tarix olaraq 05 Noyabr 2024-cü il tarixində Sifarişçiyə təhvil verəcəyi ilə razılaşır. Tərəflər arasında 3000 ədəd bloknot, 1500 ədəd otaq aksessuar altlığı, 3000 ədəd kağız dəsmal qutusunun qiymətinin dəyəri ümumilikdə ƏDV daxil 66198 manat razılaşdırılmışdır.

3. MT2411 seriyalı, 12761886 nömrəli, xx.xx.2024-cü il tarixli elektron qaiməyə əsasən 39672,19 manat dəyərində mallar "xxxx" MMC tərəfindən "xxxx" MMC-yə ödənilməsi üçün təqdim edilmişdir.

4. AA2410 seriyalı, 10721865 nömrəli, xx.xx.2024-cü il tarixli elektron qaiməyə əsasən 46338,6 manat dəyərində mallar "xxxx" MMC tərəfindən "xxxx" MMC-yə ödənilməsi üçün təqdim edilmişdir.

5. MT2411 seriyalı, 10235812 nömrəli, xx.xx.2024-cü il tarixli elektron qaiməyə əsasən 4720 manat dəyərində mallar "xxxx" MMC tərəfindən "xxxx" MMCyə ödənilməsi üçün təqdim edilmişdir.

6. AA2410 seriyalı, 11812181 nömrəli, xx.xx.2024-cü il tarixli elektron qaiməyə əsasən 5900 manat dəyərində mallar "xxxx" MMC tərəfindən "xxxx" MMCyə ödənilməsi üçün təqdim edilmişdir.

7. xx.xx.2024-cü il **********71 saylı ödəniş tapşırığına əsasən İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə 39270 manat məbləğində ödəniş olunmuşdur.

8. xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı MMC tərəfindən "xxxx" MMC-nin ƏDV hesabına 7068,6 manat ödəniş köçürülmüşdür.

9. xx.xx.2024-cü il **********26 saylı ödəniş tapşırığına əsasən İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə 5000 manat məbləğində ödəniş olunmuşdur.

10. xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı MMC tərəfindən "xxxx" MMC-nin ƏDV hesabına 900 manat ödəniş köçürülmüşdür.

11. xx.xx.2024-cü il **********35 saylı ödəniş tapşırığına əsasən İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə 4000 manat məbləğində ödəniş olunmuşdur.

12. xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı MMC tərəfindən "xxxx" MMC-nin ƏDV hesabına 720 manat ödəniş köçürülmüşdür.

13. 18 aprel 2025-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdeh "xxxx" MMCnin ƏDV daxil 12567 manat əsas borcu, 1256,7 manat faiz borcu, 5000 manat cərimə borcu olmaqla, cəmi 18823,7 borcu mövcuddur.

14. "xxxx" MMC tərəfindən "xxxx" MMC-yə göndərilmiş pretenziya məktubunda 09.10.224-cü il tarixli müqavilə üzrə yaranmış cəmi 18823,7 manat borcun pretenziyanı aldıqları gündən 5 gün ərzində ödənilməsi tələb edilmiş, əks halda qanunverilikdə nəzərdə tutulan bütün hüquqlardan istifadə ediləcəyi bildirilmişdir.

15. 06.02.2025-ci il **********69 saylı ödəniş tapşırığına əsasən "xxxx" MMC tərəfindən Fides Vəkil Bürosuna 1170 manat məbləğində ödəniş olunmuşdur.

16. 03.02.2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, "xxxx" MMC 147 manat dövlət rüsumu ödəmişdir.

Birinci instansiya məhkəməsindəki icraat:

17. İddiaçı MMC iddia ərizəsi, daha sonra isə iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləsi üzrə yaranmış əsas borc üzrə ƏDV daxil 12567 manat, cərimə borcu üzrə 5000 manat və gecikdirilmiş vaxt üçün faiz borcu üzrə 366,52 manat olmaqla, cəmi 17933,52 manat məbləğində pulun, 147 manat dövlət rüsumunun və vəkil xidmətləri üçün ödənilmiş 1170 manat məbləğində pulun cavabdeh "xxxx" MMC-dən tutularaq onlara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

18. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqavilə əsasında İddiaçı MMC-nin sifarişi ilə "xxxx" MMC bloknot, otaq aksessuar altlığı və kağız dəsmal qutuların hazırlamasını öhdəsinə götürmüşdür. Lakin "xxxx" MMC öhdəliklərini icra etməyərək müqavilə şətlərini pozmuşdur. Belə ki, xx.xx.2024-cü il tarixli müqaviləyə əlavə edilmiş xx.xx.2024-cü il tarixli X3 əsasən İddiaçı MMC tərəfindən ümumi dəyəri ƏDV daxil 66198 manat təşkil edən 3000 ədəd bloknot, 1500 ədəd otaq aksessuar altlığı və 3000 ədəd kağız dəsmal qutuların hazırlaması "xxxx" MMC-yə sifariş verilmişdir. Həmin sifariş üçün müqavilə şərtlərinə görə 70% avans ödənilməli olduğu halda "xxxx" MMC-nin təqdim etdiyi elektron qaimə fakturalar əsasında İddiaçı MMC tərəfindən daha yüksək məbləğdə yəni ƏDV daxil 56958,60 ьфтфк əvvəlcədən (avans) ödəniş edilmişdir. Lakin buna baxmayaraq 1100 ədəd otaq aksessuar altlığı bu günə kimi hazırlanıb təhvil verilməmişdir. Belə ki, xx.xx.2024-cü il tarixli X3 əsasən İddiaçı MMC xx.xx.2024-cü il tarixədək siyahıda göstərilən bütün məhsulları hazırlayıb təhvil verməli idi. Dəfələrlə şifahi danışıqlar aparılmasına baxmayaraq müqavilə şərtləri yerinə yetirilməmiş və İddiaçı MMC böyük həcmdə zərərə uğramışdır. Qeyd edək ki, sifariş edilən ümumi dəyəri ƏDV daxil 66198 manat dəyərində məhsulların cəmi 44391,6 manat dəyərində olan hissəsi "xxxx" MMC tərəfindən təhvil verilmişdir. Nəticə etibari ilə ƏDV daxil 56958,60 manat ödənilən məbləğin 12567 manat həcmində məhsullar təhvil verilmədiyindən həmin məbləğ İddiaçı MMC-yə geri qaytarılmalıdır. Qeyd edək ki, xx.xx.2024-cü il tarixli X3 əsasən bu günə kimi (2 ay) öhdəliklər tam həcmdə icra edilmədiyindən "xxxx" MMC əsas öhdəliklərlə yanaşı İddiaçı MMC-yə cərimə də ödəməlidir. Hesab edirlər ki, "xxxx" MMC dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq bu günə kimi borcunu qaytarmadığı üçün İddiaçı MMC-yə 5000 manat cərimə ödənilməlidir. Bundan başqa, "xxxx" MMC, İddiaçı MMC-yə olan cəmi 12567 manat ödənilməmiş borcuna 5% hesablanmaqla ümumi məbləğdən əlavə ödənişin gecikdirildiyi 2 ay üçün faiz ödəməlidir. Nəticədə "xxxx" MMC-nin pul öhdəliyinin icra edilməməsi üçün 5 ay üzrə faiz borcu 1256,70 manat təşkil edir.

19. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-2895/2025 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh "xxxx" MMC-dən xx.xx.2024-cü il tarixli müqavilə üzrə ƏDV daxil 12567 manat əsas, illik 5% ilə hesablanmış 366,52 manat vəsait, ümumilikdə 12933 manat 52 qəpik, ödənilmiş dövlət rüsumunun 128 manat 80 qəpiyinin və hüquqi yardım üçün ödənilmiş vəsaitin 600 manatın əvəzi tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. İddia qalan hissədə təmin edilməmişdir.

20. Məhkəmə gəldiyi nəticəni əsaslandırarkən müəyyən etmişdir ki, iddiaçı cavabdehlə aralarında imzalanmış müqaviləyə uyğun olaraq cavabdehin hazırlayaraq ona təhvil verəcəyi mallara görə öncədən ödəniş etmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməyərək müqavilə üzrə hazırlamalı olduğu malların hamısı hazırlayaraq vaxtında iddiaçıya təhvil verməmişdir. Cavabdehin nümayəndəsi malların təhvil verilməsinin səbəbi kimi iddiaçının vaxtında ödənişləri ödəməməsi ilə əsaslandırmışdır. Lakin təqdim edilmiş elektron qaimələrdən və ödəniş tapşırıqlarından görünür ki, iddiaçı cavabdeh tərəfindən təqdim edilmiş elektron qaimələr üzrə vaxtında ödənişlər etmişdir. Hətta müqavilənin şərtinə əsasən iddiaçı malların 70%-nin dəyərini ödədikdən sonra qalan 30%-i mallar tam təhvil verildikdən sonra ödəməli olmasına baxmayaraq, iddiaçı mallar tam təhvil verilmədiyi halda 85% ödəniş etmişdir. İddiaçının cavabdehə 12567 manat ödəniş etməsi və həmin dəyərdə malların təhvil verilməməsi iş materiallarına əlavə edilmiş sübutlarla (elektron qaimə, ödəniş tapşırığı və s.) öz təsdiqini tapmışdır. Buna görə də iddiaçının cavabdehdən Mülki Məcəllənin 599.3 və 637.2-ci maddələrinə əsasən ona təhvil verilməmiş mallara görə qabaqcadan ödədiyi 12567 manat məbləğin qaytarılmasını tələb etmək hüququ yaranmışdır və onun tələbi haqlıdır. Qanunvericilik normalarını, müqavilələrin şərtlərini, cavabdehin müqavilə öhdəliklərini icra etmədiyini, yəni iddiaçının qabaqcadan ödədiyi 12567 manat dəyərində malları hazırlayaraq vaxtında təhvil vermədiyini, belə olan halda isə iddiaçının öncədən ödədiyi məbləğin geri qaytarılmasını tələb etmək hüququna malik olmasını, iddiaçı tərəfindən malların dəyərinin qabaqcadan ödənildiyini nəzərə alaraq məhkəmə hesab etmişdir ki, iddia tələbi əsaslıdır, buna görə də 12567 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa iddiaçı Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən əsas məbləğin ödənilməsinin gecikdirilməsinə görə illik beş faiz hesablanmaqla 366,52 manat məbləğində vəsaitin ödənilməsini tələb etmişdir. Məhkəmə hesab etmişdir ki, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyinə, borcun ödənilməsini 7 aydan artıq gecikdirdiyinə görə iddiaçının əsas borca hesablanmış illik beş faiz (12567AZNx5%=628.35AZN/12ay=52.36AZNx7ay=366.52AZN) ödənilməsini tələb etmək hüququ vardır və buna görə də iddia həmin hissədə də təmin olunmalıdır. Bundan başqa iddiaçı cavabdehdən xx.xx.2024-cü il tarixli müqavilə üzrə 5000 manat cərimə məbləğinin də tutulmasını tələb etmişdir. Məhkəmə hesab etmişdir ki, iddia tələbi 5000 manat cərimə tutulması ilə bağlı hissədə təmin olunmamalıdır. Çünki tərəflər arasında imzalanmış xx.xx.2024-cü il tarixli müqavilədə cərimə ödənilməsi ilə bağlı şərt razılaşdırılmamış, həmçinin tərəflər arasında ayrıca yazılı razılaşma təqdim edilməmişdir. Halbuki mülki qanunvericiliyə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. İddia tələbinin həcminə nisbətdə vəkilə ödənilmiş pulun əvəzi olaraq 1170 manat ağlabatan hesab edilmədiyindən məhkəmə hesab etmişdir ki, hüquqi yardıma görə ödənilmiş pul vəsaitinin əvəzi qismində ağlabatan məbləğdə, 600 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa məhkəmə hesab etmişdir ki, iddia tələbi qismən təmin edildiyi üçün ödənilmiş 147 manat dövlət rüsumunun 128,8 manatının əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir

21. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri:

22. Apellyasiya şikayəti onunla əsaslandırlmışdır ki, İddiaçı MMC ilə "xxxx" MMC arasında xx.xx.2024-cü il tarixdə müqavilə bağlanmışdır. Müqaviləyə əsasən “Sifarişçi” İddiaçı MMC tərəfindən sifariş verilən bütün növ reklam, o cümlədən qutu, dəri üzlü məhsullar va digər müxtəlif növ çap xidmətlərini icra etməsini “İcraçı” "xxxx" MMC öz üzərinə götürmüşdür. Sifarişçi İddiaçı MMC isə üzərinə götürdüyü vəzifələrin vaxtında və lazımi qaydada icra edilməsi və onların pozulmasına yol verilməməsini öhdəsinə götürmüşdür. Sifarişlər Sifarişçi va İcraçı arasında tərtib edilən X3 (QRP) əsasən həyata keçiriləcəkdir. Müqavilənin 3.1-ci bəndinə əsasən, bu müqavilə üzrə qarşılıqlı hesablaşmalar Azarbaycan Respublikası Qanunvericiliyinə uyğun olaraq, icra edilmiş sifarişlərə görə təqdim olunmuş hesab fakturaya asasən həyata keçirilir. Müqavilənin 3.2-ci bəndinə əsasən, işin başlaması üçün ümumi məbləğin 70% həcmində ilkin ödəniş “Sifarişçi” tərəfindən “İcraçı”nın bank hesabına ödənilir. Qalan 30% həcmində məbləği “Sifarişçi” işi təhvil aldıqdan sonra 30 iş günü ərzində “İcraçı”ya ödəməlidir. Qeyd edir ki, İddiaçı MMC müqavilədə nəzərdə tutulan ödənişləri vaxtında icra etmək öhdəliyinə əməl etmədiyi üçün cavabdeh tərəfindən malların təhvil verilməsində gecikmələr olmuşdur. Hesab edir ki, iddia tələbi əsassızdır. Birinci instansiya məhkəməsi təqdim olunan sənədlərdən ödənişin lazımi şəkildə həyata keçirildiyi qənaətinə gəlsə də, faktiki olaraq sifarişçi İddiaçı MMC ödənişlərin ödənilməsində gecikməyə yol vermişdir. Müqavilə münasibətlərində tərəflərin öhdəlikləri qarşılıqlı xarakter daşıyır. Malların çatdırılmasında yaranmış gecikmə birbaşa olaraq alıcının ödənişi gecikdirməsinin nəticəsidir. Belə ki, "xxxx" MMC-nin malları aldığı şəxs vergi ödəyicisi olduğu üçün malların alınmasında və hazırlanmasında gecikmələr baş tutmuşdur. Nəzərlərinə çatdırırq ki, müqavilə şərtlərinə görə 70 faiz ödəniş ƏDV daxil nəzərdə tutulmuşdur, iddiaçı isə ƏDV-ni ödəməyi gecikdirmişdir. Buna görə də "xxxx" MMC digər ƏDV ödəyicisindən aldığı malların pulunu ödəyə bilməmişdir. Nəticədə isə malların çatdırılmasında gecikmələr yaranmışdır. Beləliklə,İddiaçı MMC tərəfindən pul öhdəliyinin nəzərdə tutulan müddətdə yerinə yetirilməməsi "xxxx" MMC-nin malları tam həcmdə və vaxtında təhvil vermək imkanlarını məhdudlaşdırmışdır. Göründüyü kimi qarşılıqlı öhdəliklərinin balansı ilk olaraq İddiaçı MMC tərəfindən pozulmuşdur. Buna görə də hesab edir ki, iddiaçının hazırkı iddia tələbi əsassızdır.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

23. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqavilə əsasında İddiaçı MMC-nin sifarişi ilə "xxxx" MMC bloknot, otaq aksessuar altlığı və kağız dəsmal qutuların hazırlamasını öhdəsinə götürmüşdür. xx.xx.2024-cü il tarixli müqaviləyə əlavə edilmiş xx.xx.2024-cü il tarixli X3 əsasən İddiaçı MMC tərəfindən ümumi dəyəri ƏDV daxil 66198 AZN təşkil edən 3000 ədəd bloknot, 1500 ədəd otaq aksessuar altlığı və 3000 ədəd kağız dəsmal qutuların hazırlaması "xxxx" MMCyə sifariş verilmişdir. Həmin sifariş üçün müqavilə şərtlərinə görə 70% avans ödənilməli olduğu halda "xxxx" MMC-nin təqdim etdiyi elektron qaimə fakturalar əsasında İddiaçı MMC tərəfindən daha yüksək məbləğdə yəni ƏDV daxil 56958.60 manat əvvəlcədən (avans) ödəniş edilmişdir. Belə ki, xx.xx.2024-cü il tarixli 10721865 nömrəli elektron qaiməfaktura əsasında xx.xx.2024-cü il tarixli **********71 nömrəli ödəniş tapşırığı ilə 39270 manat, xx.xx.2024-cü il tarixdə 7068 manat 60 qəpik ƏDV, xx.xx.2024-cü il tarixli 11812181 nömrəli elektron qaimə-faktura əsasında xx.xx.2024-cü il tarixli **********26 nömrəli ödəniş tapşırığı ilə 5000 manat və 900 manat ƏDV, xx.xx.2024-cü il tarixli 10235812 nömrəli elektron qaimə-faktura əsasında xx.xx.2024-cü il tarixli **********35 nömrəli ödəniş tapşırığı ilə 4000 manat, xx.xx.2024-cü il tarixdə 720 manat ƏDV məbləğini cavabdehin bank hesabına ödəniş edilmişdir. Buradan da görünür ki, iddiaçı vaxtında ƏDV daxil 56958.60 AZN ödəmişdir ki, bu da müqavilədə nəzərdə tutulan ƏDV daxil 66198 AZN məbləğinin 86 faizini təşkil edir. Halbuki müqavilədə ilkin ödəniş 70 faiz nəzərdə tutulmuşdur. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, guya iddiaçı vaxtında müqavilə məbləğinin 70 faizini ödəmədiyi üçün işi tam icra etməmişdir. Məhkəməyə təqdim edilən elektron qaimə-faktura və ödəniş tapşırıqlarından da görünür ki, cavabdehin arqumenti tamamilə əsassızdır. Məhkəmə icraatı iştirakçılarının izahatları:

24. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq:

25. Mülki Məcəllənin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. 752.1-ci maddəsinə görə podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 753.1-cü maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

26. Mülki Prosessual Məcəllənin: -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.

Apellyasiya baxışının hədləri:

27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

28. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

29. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edildiyindən və həmin qətnamədən verilmiş apellyasiya şikayətində cavabdeh qətnamənin iddianın təmin edilmiş hissəsində ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etdiyindən qətnamənin əsaslığı iddia tələbinin təmin edilmiş hissəsində yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

31. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı MMC (sifarişçi) ilə "xxxx" MMC (icraçı) arasında xx.xx.2024-cü il tarixində bağlanmış xidmət müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. Hazırda iddiaçı cavabdehin avans olaraq ödədiyi 12933,52 manat məbləğində pul vəsatinin müqabilində işlərin görülmədiyini əsas göstərərək 12933,52 manat məbləğində avansın qaytarılması və avansın qaytarılmasının gecikdirilməsinə görə faizlərin və dəbbə pulunun tutulmasını tələb edir (iddia tələbinin dəbbə pulunun tutulması hissəsi apellyasiya baxışının predmeti deyil).

32. Kollegiya ilk növbədə qeyd edir ki, tərəflər arasında bağlanan müqavilə xidmət müqaviləsi adlandırılsa da, həmin müqavilə mahiyyət etibarilə sifarişçinin fərdi sifarişi əsasında əşyaların hazırlanaraq təqdim edilməsini nəzərdə tutan podrat müqaviləsidir. Odur ki, mübahisəyə podrat müqaviləsini tənzimləyən normalar tətbiq edilməlidir.

33. Mübahisənin mahiyyəti ilə bağlı isə kollegiya qeyd edir ki, işin mübahisəsiz hallarına görə mübahisəli müqavilə üzrə iddiaçı tərəfindən edilmiş 12.567 manat məbləğində qabaqcadan ödənişin müqabilində cavabdeh tərəfindən işlərin görülməməsi və görülmüş işlərin nəticələri (hazırlanması sifariş edilmiş əşyaların) təqdim edilməmişdir.

34. Digər tərəfdən iş materiallarından o da müəyyən edilir ki, iddiaçı cavabdehə pretenziya məktubu göndərərək 12.567 manat məbləğində qabaqcadan ödənişin qaytarılmasını tələb etməklə Mülki Məcəllənin 759.1-ci maddəsində nəzərdə tutulmuş podrat müqaviləsini ləğv etmək hüququnu həyata keçirmişdir.

35. Göründüyü kimi tərəflər arasında bağlanmış mübahisəli müqavilə iddiaçı tərəfindən ləğv edildiyindən iddiaçı tərəfindən həmin müqavilə üzrə edilmiş 12.567 manat məbləğində qabaqcadan ödənişin hüquqi əsası aradan qalxmış, odur ki. iddiaçının Mülki Məcəllənin 1092.1-ci maddəsinə əsasən iddiaçının cavabdehdən qabaqcadan ödədiyi məbləği geri tələb etmək hüququ yaranmışdır.

36. İddianın Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən faizlərin tutulması ilə bağlı hissəsinə dair kollegiya qeyd edir ki, iddiaçı pretenziya göndərilərək podrat müqaviləsinin ləğvi barədə iradəsini cavabdehə çatdırdıqdan və qabaqcadan ödənişin qaytarılmasını tələb edildikdən sonra qabaqcadan ödənişi qaytarmaq öhdəliyini Mülki Məcəllənin 427.1-ci maddəsinə əsasən ağlabatan müddətdə icra etməmiş, bununla da həmin öhdəliyin icrasını gecikdirmişdir. Odur ki, cavabdeh qabaqcadan ödənişi qaytarmaq öhdəliyini podrat müqaviləsi ləğv edildiyi tarixdən, yəni pretenziya göndərildikdən sonra 7 aya yaxın müddətə gecikdirdiyindən cavabdehdən 7 aylıq dövr üçün illik 5 % olmaqla hesablanmış 366,52 manat məbləğində faizlərin iddiaçının xeyrinə tutulması hissəsində də məhkəmə qətnaməsi əsaslı hesab edilir.

37. İddiaçı tərəfindən müqavilə üzrə avans vaxtında ödənilmədiyindən podrat müqaviləsi üzrə işləri vaxtında görə bilməməsi barədə cavabdehin dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, müqavilədə nəzərdə tutulmuş müqavilə qiymətinin 70% məbləğində avansın (müqavilə qiyməti -ƏDV daxil 66198 manat, avans 66198x70%=ƏDV daxil 46339 manat) əsas hissəsi (39270 manat) qiymət razılaşdırma protokolunun imzalandığı gün, yəni xx.xx.2024-cü il tarixdə, ƏDV hissəsi isə (7068,6 manat) xx.xx.2024-cü il tarixdə ödənilmişdir. Odur ki, istinad edilən halı avansın ƏDV hissəsinin ödənilməsinin 12 gün gecikdirilməsi kimi nəzərə alsaq belə göstərilən hal xx.xx.2024-cü ildə təhvil verilməli olan malların xx.xx.2024-cü il tarixədək (pretenziya tarixinədək) təqdim edilməməsinə, yəni öhdəliklərinin icrası müddətinin 2 aya yaxın müddətə gecikdirilməsinə haqq qazandırmır və belə olan halda cavabdehin öhdəliklərin icrasının gecikdirilməsində təqsirli olmamasına dəlalət etmir.

38. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, qətnamədə göstərilən nəticələr işin hallarına uyğundur. Apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin (mübahisələndirilən hissədə) ləğvi üçün əsas ola bilməz. Odur ki, şikayət təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

39. Məhkəmə kollegiyası məhkəmə xərclərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.

40. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-2895/2025 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti üçün ödənilmiş rüsum cavabdehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Leyla Əliyeva

Hakimlər: Təranə Mahmudova

Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar