Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1026/2024 28.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Şirinovun sədrliyi və məruzəsi ilə, X5 və X1 ibarət tərkibdə, Eyvazlı Aytac Rafael qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə3, İddiaçı İddiaçı LTD Şirkətinin cavabdeh Yüzbaşov Pərviz Fərmail oğluna qarşı “alqısatqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair iddia ərizəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-2539/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış müqavilə öhdəliklərinə əməl edilməməsi nəticəsində Cavabdeh İddiaçınə cəmi 101492,42 manat borcun olmasını, lakin indiyə kimi Cavabdeh Fərmayıl oğlu tərəfindən həmin müqavilənin 3-cü bəndinin tələbləri pozularaq "xxxx" Şirkətinə borclu olduğu 101492,42 manatı ödəməməsi və bu hərəkətləri ilə üzərinə düşən öhdəliyi icra etməməsini nəzərə alıb, Cavabdeh Fərmayıl oğlundan 101492,42 manat və ödənilmiş 391,49 manat dövlət rüsumunun alınıb "xxxx" Şirkətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-2539/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh 101492,42 manat məbləğində pul, 391,49 manat dövlət rüsumu, ümumilikdə 101883,91 (bir yüz bir min səkkiz yüz səksən üçmanat doxsan bir qəpik) manat məbləğində pulun tutularaq İddiaçınə ödənilməsi qət edilmişdir.
3. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-2539/2024 nömrəli qətnaməsinin ləğv olunması, iddia tələbinin qismən təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apellyasiya şikayətinin dəlilləri
4. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Kommersiya Məhkəməsi xx.xx.2024-cü il tarixli, e-2-2(113)-2539/2024 saylı qətnaməsi ilə bir çox halı nəzərə almamış, işin halları ətraflı araşdırılmamışdır. Aşağıdakılara əsasən hesab edilir ki, qeyd edilən qətnamə ədalətsiz və əsassız olmaqla maddi və prosessual hüquq normalarının tələbləri pozulmaqla çıxarılmışdır. İddianın ilkin hissəsinə münasibətdə Məhkəmə çıxardığı qətnaməsində qeyd edib ki, cavabdehin malların təhvil verilməsi ilə bağlı təhvil-təslim aktlarının olmaması ilə bağlı dəlilini əsassız hesab edir. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 102 nömrəli alqı-satqı müqaviləsinin 2 və 5-ci bəndlərinə əsasən satılacaq malların qiymət, miqdar və çeşidinin qaimədə göstərilməli olması razılaşdırılmışdır. Bundan əlavə, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş hesabdan çıxarışdan, cavabdeh tərəfindən iddiaçıya ödənilmiş olan 2022-ci il tarixli elektron qaimələr və həmin qaimələrin tarixçələrindən, habelə tərəflər arasında formalaşmış işgüzar münasibətlərdən görünür ki, mallar satıcı olan iddiaçı tərəfindən alıcıya (cavabdeh) yalnız elektron qaimələr əsasında təhvil verilmiş, həmin qaimələrin bəziləri vergi ödəyicisi olan cavabdeh tərəfindən, bəzi qaimələr sistem tərəfindən təsdiqlənsə də, 2022-ci il tarixli elektron qaimələrin hamısı tam şəkildə cavabdeh tərəfindən ödənilmişdir. Belə ki, aramızda bağlanılan müddəalarına əsasən satılacaq malların qiymət, miqdar və çeşidinin qaimədə göstərilməli olmasının razılaşdırılması həmin malların verilməsi zamanı təhviltəslim aktlarının verilməsinin zəruriliyini istisna etmir. Mallar təhvil-təslim aktı ilə verilmiş, qəbul edilmiş hesab olunur. Əks təqdirdə isə, qaimənin malların qəbul edilmiş hesab edilməsi üçün sübut qismində təqdim olunmasının heç bir hüquqi əsası mövcud deyildir. Digər tərəfdən, iddia tələbində göstərilənlər rəqəmlər və elektron qaimə fakturalar, sonradan təqdim edilmiş yol vərəqələri və şirkət tərəfindən verilən anbar çıxış sənədləri ümumiyyətlə qanunvericiliyin tələblərinə uyğun olmadığı, iddia tərəfinin sübut olaraq sonradan təqdim etdiyi sənədlərin iddia tələbinə uyğun gəlmədiyi, istər anbar çıxış sənədləri istərsə də, yol vərəqələri elektron qaimə fakturada qeyd edilən rəqəmlərlə ümumiyyətlə örtüşmədiyi tərəfimizdən qeyd olunsa da, Məhkəmə bu məsələlərə qəbul etdiyi qətnamədə münasibət bildirməmiş, qətnamə işin halları ətraflı araşdırılmadan tərtib olunmuşdur. İddia ərizəsində göstərilmiş və imzalı olmayan elektron qaimələr ilkin olaraq qanunvericiliyin tələblərinə uyğun deyildir. Vergi ödəyicisi tərəfindən göndərilmiş elektron qaimə-fakturada göstərilən məlumatlar ilkin uçot sənədləri üzrə məlumatlarla (təhvil-qəbul aktına, üzləşmə aktına və s.), uyğun olmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş Elektron qaiməfakturanın forması, tətbiqi, uçotu və istifadəsi qaydalarının 1.2-ci bəndinə əsasən Elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilən və elektron formada hazırlanaraq vergi orqanında uçotda olan şəxslərə göndərilən və ya malların təsərrüfatdaxili yerdəyişməsinin rəsmiləşdirilməsini təsdiq edən ilkin uçot sənədidir. Həmin qaydaların 1.3cü bəndində qeyd edilir ki, Bu Qaydalara uyğun tərtib edilməyən və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarları”na əsasən əmtəəsiz əməliyyat çərçivəsində tərtib edilmiş elektron qaimə-faktura mal (iş, xidmət) təqdim edilməsinin (göndərilməsinin, qaytarılmasının, təsərrüfat daxili yerdəyişməsinin) və ya avans alınmasının rəsmiləşdirilməsinə əsas vermir. Həmin qaydaların 3.7.1-ci bəndinə əsasən isə Elektron qaimə-faktura malların təqdim edilməsi üzrə mallar göndərilən (verilən) vaxt təqdim edilməlidir. Həmçinin vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq vurğulamaq istəyirəm ki, satıcı müvafiq müqavilə əsasında alıcıya mal göndərir. Təhviltəslim aktından sonra mal qəbul edilir və bundan sonra satıcı tərəfindən alıcıya elektron qaimə göndərilir. Alıcı təhvil-təslim aktının əsasında vurulmuş bu e-qaiməni ya təsdiq edə, ya da səbəb varsa ondan imtina edə bilər. İş materiallarında olan və iddiaçı tərəfindən təqdim edilmiş elektron qaimə fakturalardan görünür ki, iddiaçı guya onlar tərəfindən qəbul edilmiş ticarət adətinə görə, bir gün içərisində xx.xx.2023-cü il tarixdə 3 elektron qaimə ilə 16833.39 (on altı min səkkiz yüz otuz üç manat 39 qəpik) manat dəyərində, xx.xx.2023-cü il tarixdə isə 7 elektron qaimə ilə 41077,07 (qırx bir min yetmiş yeddi manat yeddi qəpik) manat dəyərində malları cavabdehə verməklə ümumilikdə iyul oktyabr ayları ərzində 57910,46 (əlli yeddi min doqquz yüz on manat 46 qəpik) manat dəyərində malların qaimələrini təqdim etmişdir. Cavabdeh tərəf olaraq bu miqdarda və dəyərdə malları qəbul etmədiyimiz üçün bu borc məbləği ilə razılaşmırıq. İddia tərəfi bu qaimələr üzrə təhvilqəbul aktlarını və üzləşmə aktlarını dəfələrlə tələb etməyimizə baxmayaraq təqdim edə bilməmişdir. Eyni zamanda iddiaçı ilə artıq 2023-cü ilin iyul ayının əvvəllərindən aramızdakı münasibətlər korlandığı üçün ümumiyyətlə həmin tarixdən sonra yeni mal almamışıq və təqdim edilən elektron qaimələr tamamilə əsassızdır və real borc məbləğini əks etdirmir. Vergi sistemi üzrə elektron qaimə fakturalardan imtina etməməyimizin başlıca səbəbi də, artıq iddiaçı ilə ticarət əlaqəmiz olmadığı üçün hər-hansı qaimə daxil olacağına dair ehtimal yaranmamışdır və asan nömrə vasitəsi ilə elektron vergi portalı üzərindən əməliyyatlar aparılmamışdır. Vergi xidmətindən gələn məlumatlar da SMS vasitəsi ilə daxil olduğundan vergi sisteminə daxil olmaq və nəzarətdə saxlamağa zərurət qalmamışdır. Bu səbəblə iddiaçı tərəfindən göndərilmiş qaimələrdən xəbərdar olmamışıq. Məhkəmənin nəzərinə çatdırmaq istəyirəm ki, elektron qaimə-faktura malların (işlərin, xidmətlərin) alıcıya təqdim olunması barədə məlumatları özündə əks etdirən sənədlər (müqavilələr (əqdlər), təhvil-təslim aktları, malların alınması üçün vəkalətnamə və s.) əsasında doldurulur və bu barədə məlumat elektron qaimə-fakturanın “Əsas” rekvizitində öz əksini tapır. Lakin, iddia tərəfinin sübut olaraq təqdim etdiyi heç-bir sənəd borc məbləği olaraq tələb edilən 57910,46 manat pula dair elektron qaimə-fakturaların “Əsas” rekvizitlərini təşkil etmir. Bu halların tərəfimizdən qeyd olunmasına baxmayaraq Məhkəmə, qəbul etdiyi qətnamədə bu məsələlərə toxunmamış, heç bir münasibət bildirmədən ədalətsiz şəkildə iddianı təmin etmişdir. Məhkəmənin qeyd etdiyi digər araştırılmamış məsələ ondan ibarətdir ki, əvvəllər iddia tərəfi olan şirkətdə çalışmış şahidin ifadələri də sübuta yetirmişdir ki, təqdim edilən yol vərəqələrində göstərilmiş nəqliyyat vasitələri cavabdehə məxsus anbara yük aparmamışdır. Həmin nəqliyyat vasitələri təyinatı daha böyük həcmli yüklərin daşınması üçün nəzərdə tutulmuşdur. Cavabdehin qəbul məntəqəsi faktiki olaraq qeyd edilən sayda yüklərin qəbulu üçün ümumiyyətlə uyğun olmamışdır. İddia ərizəsində qeyd edilənlər ağlabatan olmamaqla sübuta yetirilmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 600.4-cü maddəsinə əsasən, Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Yuxarıda göstərilən müxtəlif növ dondurma məhsullarını isə cavabdeh təhvil almayıb. Sözügedən mübahisə predmetlərini təhvil almadığından, həmçinin iddiaçıdan təhvil alması barədə heç bir əsaslı sübut iddiaçı tərəfindən məhkəməyə təqdim olunmadığından, məhkəmənin işin hallarını ətraflı araşdırmadan iddianı təmin etməsi tamamilə qanunsuz və ədalətsizdir. İddia tərəfinin sonradan məhkəməyə təqdim etdiyi yol vərəqələrinə münasibətdə bildirilir ki, baxılan zaman həmin yol vərəqələrinin tarixləri ilə malların elektron qaimələrindəki tarixlər üst-üstə düşmür. Sonradan şirkətə məxsus sistem üzərindən əsassız olaraq tərtib edilmiş və heç bir imza qeyd aparılmadan çıxarılmış çek tarixləri ilə isə üsd-üstə düşür. Həmin çeklərdə qeyd edilmiş malların miqdarına baxıldıqda görülər ki, həmin miqdarda olan malları ümumiyyətlə bir dəfəyə bir maşınla çatdırma etmək mümkün deyildir, bu mümkün olsa belə cavabdehin o sayda malı qəbul edəcək bir anbarı olmamışdır. Bu hal məhkəmə iclas zalında şahidə verilmiş suallar və cavablar ilə də öz təsdiqini tapmışdır. Bütün bunlara baxmayaraq məhkəmə bu hissədə də düzgün yanaşma sərgiləməyib. Belə ki, ərazidə olan ümumiyyətlə aktiv 130 dan az soyuducu ilə bu sayda malların satışını təşkil etmək mümkünsüzdür. İddia tərəfinin təqdim etdiyi çek və yol vərəqələrinin düzməcə olması, həqiqəti əks etdirməməsi və ağlabatan olmaması hansısa xüsusi araşdırmaya və ya mütəxəssis rəyinə ehtiyac olmadan bariz formada görünür. İddia tərəfinin təqdim etdiyi müqavilə ilə, elektron qaimələrdə qeyd edilən müqavilənin belə fərqli olması iddiaçının bir çox sənədlərə süni şəkildə müdaxilə etməsi kimi qiymətləndirilməlidir. Əlavə olaraq bildirmək istəyirəm ki, tərəflər arasında olan ticarət münasibəti 3 ildən artıq zamanı əhatə edir. Bunun son iki ilinə nəzər yetirsək görərik ki, 2022-ci il tarixdə həmin dövr üçün martavqust ayları üzrə iddiaçı ilə cavabdeh arasında olan ƏDV sizmal dövriyyəsi 60706.3 azn təşkil etmişdir. Belə olan halda 2023-cü ilin aprel-iyul (iyul ayı natamam olaraq fəaliyyət göstərilib) ayları üzrə mal dövriyyəsi necə ola bilərdi ki, 202930.74 azn təşkil etsin? Xüsusilə vurğulamaq istəyirəm ki, Qaradağ ərazisi üzrə fəaliyyət göstərən cavabdeh illərdir ki, həmin ərazi üzrə ticarət fəaliyyəti ilə məşğul olur və onun 2022-ci il tarixdən 2023-cü il tarixə əlavə və ya yeni ticarət nöqtələri ilə sazişi olmamışdır. Şəxs eyni sayda dükan ilə eyni sayda soyuducular vasitəsi ilə satış həyata keçirmişdir. Ərazidə olan satış nöqtələri və soyuducu sayı hər iki il üçün eyni miqdarda olmuşdur. Belə olan halda həmin dövr üzrə təbii bahalaşmanı və sair amilləri də nəzərə alaraq müqayisə etsək də, ticarət dövriyyəsinin birdən birə 3 dəfədən çox qalxması mümkünsüzdür, ağlabatan deyildir və tamamilə uydurma rəqəmlərin təzahürüdür. Bu qeyd edilənləri nəzərə alaraq vurğulanmışdır ki, iddia tələbi əsassızdır. İddiaçı ilə cavabdeh arasında olan borc pulun məbləği iddia ərizəsində qeyd edildiyi kimi 101492,42 manat təşkil etmir. Həmçinin, Məhkəmə çıxardığı qətnaməsində qeyd etmişdir ki, cavabdeh xx.xx.2023-cü il tarixdə iddiaçıya ərizə ünvanlayaraq yaranmış borcunu qəbul etmiş, ona təqdim edilmiş halhazırda mübahisələndirdiyi elektron qaimələrə hər hansı etiraz bildirməmişdir. Belə ki, iddiaçıya xx.xx.2023-cü il tarixində ünvanlanmış ərizədə borcun qəbul edilməsi zamanı cavabdehə məxsus ifadə xüsusi güc orqanlarının iştirakı və güclü tərəf olan şirkət nümayəndələrinin təzyiqi altında məcburi olaraq yazdırıldığından, cavabdehin iradə ifadəsini özündə ehtiva etmədiyindən qüsurlu hesab olunur. Məhkəmənin qətnaməni qəbul etdiyi zaman yalnız bu məsələyə əsaslanıb iddianı təmin etməsi tamamilə qanunsuz və ədalətsizdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
5. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
6. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etmişdir.
7. Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
8. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
9. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
10. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
11. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
12. Həmin Məcəllənin 567-ci maddəsinə görə alqı-satqı müqaviləsinə görə isə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
13. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.
14. Həmin Məcəllənin 579.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsinə görə növlər, modellər, ölçülər, rənglər və ya digər əlamətlər üzrə müəyyən nisbətdə (çeşiddə) əşyalar verilməlidirsə, satıcı alıcıya tərəflərin razılaşdırdıqları çeşiddə əşyalar verməyə borcludur.
15. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.
16. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur.
17. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
18. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
19. Həmin Məcəllənin 732-ci maddəsinə əsasən əvəzsiz istifadə müqaviləsinə görə, hər hansı əşyanı kirayəyə verən onu kirayəçinin istifadəsinə verməyi öhdəsinə götürür, kirayəçi isə həmin əşyanı kirayəyə verənə qaytarmağı öhdəsinə götürür, özü də bu öhdəlikləri iştirakçılar əvəzsiz icra etməlidirlər.
20. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
21. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
22. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
23. Həmin Məcəllənin 124.1-ci maddəsinə görə isə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
24. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslılığı tam yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir.
26. İşin faktiki halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 102 nömrəli alqı-satqı müqaviləsinə görə satıcı müqavilədə göstərilən malı satmağı, alıcı isə onun müqabilində müqavilədə göstərilən malı almağı öhdəsinə götürür. Müqavilənin 2-ci bəndinə görə satılan malların qiyməti topdansatış qiyməti əsasında razılaşdırılır və həmin qiymət satıcı tərəfindən mal alıcıya təhvil verilərkən qaimə fakturada göstərilir. Müqavilənin 3-cü bəndinə görə mövcud müqavilə üzrə ödəniş mal satılandan 15 gün sonra Alıcının hesablaşma hesabından vəsaiti Satıcının hesablaşma hesabına köçürmək yolu ilə həyata keçirilir. Müqavilənin 5-ci bəndinə əsasən satılan malın miqdarı və çeşidi müqaviləyə əlavə olunan qaimədə göstərilir. İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli əvəzsiz istifadə müqaviləsinə görə 184 ədəd soyuducu iddiaçı tərəfindən istehsal edilən dondurma məhsullarının topdan və pərakəndə satışının təşkili məqsədilə iddiaçı tərəfindən cavabdehin əvəzsiz istifadəsinə verilmişdir. İddiaçı və cavabdeh tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli təhvil-təslim aktına görə xx.xx.2023-cü il tarixli əvəzsiz istifadə müqaviləsinə əsasən 184 ədəd dondurma soyuducusu iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir. İddiaçı və cavabdeh tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli təhviltəslim aktına görə xx.xx.2023-cü il tarixli əvəzsiz istifadə müqaviləsinə əsasən 166 ədəd dondurma soyuducusu cavabdeh tərəfindən iddiaçıya qaytarılmışdır. Müqavilənin 6.1-ci bəndinə əsasən tərəflər razılaşırlar ki, bu müqavilə ilə öhdəliklərini pozan tərəfin bu müqaviləni yerinə yetirməməsi nəticəsində digər tərəfə dəyən bütün zərərlərin, xərclərin, itkilərin və məsrəflərin əvəzini öhdəliklərini pozan tərəf digər tərəfə ödəyir.
27. İddiaçı tərəfindən cavabdehə EBDD 694493 nömrəli xx.xx.2023-cü il tarixli 5402.47 manat məbləğində, EBDD 694496 nömrəli xx.xx.2023-cü il tarixli 10600.89 manat məbləğində, EBDE 088268 nömrəli xx.xx.2023-cü il tarixli 9054,82 manat məbləğində, EBDK 524447 nömrəli xx.xx.2023- cü il tarixli 10075,78 manat məbləğində, EBDK 953467 nömrəli xx.xx.2023-cü il tarixli 4410,59 manat məbləğində, EBDK 953468 nömrəli xx.xx.2023-cü il tarixli 6783,20 manat məbləğində, EBDK 953469 nömrəli xx.xx.2023-cü il tarixli 5639,60 manat məbləğində, EBDP 873737 nömrəli xx.xx.2023-cü il tarixli 5225,21 manat məbləğində, EBDP 873738 nömrəli xx.xx.2023-cü il tarixli 5144,39 manat məbləğində, EBDP 873739 nömrəli xx.xx.2023-cü il tarixli 6045,34 manat məbləğində, EBDP 873740 nömrəli xx.xx.2023-cü il tarixli 5132,61 manat məbləğində, EBDP 873741 nömrəli xx.xx.2023-cü il tarixli 6508,00 manat məbləğində, EBDP 965576 nömrəli xx.xx.2023-cü il tarixli 6681,99 manat məbləğində, EBDP 965577 nömrəli xx.xx.2023-cü il tarixli 6339,53 manat məbləğində elektron qaimələr göndərilmişdir.
28. Cavabdeh tərəfindən iddiaçıya satılmış mallarla bağlı xx.xx.2024-cü il tarixli, 028162 nömrəli qəbzə görə 3900 manat, xx.xx.2024-cü il tarixli, 028163 nömrəli qəbzə görə 3890 manat, xx.xx.2024-cü il tarixli, 028164 nömrəli qəbzə görə 3900 manat, xx.xx.2024-cü il tarixli, 028165 nömrəli qəbzə görə 3800 manat, xx.xx.2024-cü il tarixli, 028166 nömrəli qəbzə görə 3900 manat, xx.xx.2024-cü il tarixli, 028167 nömrəli qəbzə görə 3900 manat pul ödənilmişdir.
29. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli yazılı izahatdan görünür ki, cavabdeh izahatın tərtib edildiyi gün üçün iddiaçıya 116334,94 manat borcunu və 18 soyuducunu qaytarmadığını etiraf edir, soyuducuların invertar dəyəri ilə birlikdə iddiaçıya ümumi 124787 manat borcu olduğunu təsdiq edir.
30. İddiaçı tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli akta əsasən cavabdeh tərəfindən iddiaçıya qaytarılmayan 18 ədəd soyuducu ilə bağlı iddiaçıya dəymiş zərər 8448 manat təşkil edir.
31. İddia tələbi iki hissədən ibarətdir: 1. İddiaçı tərəfindən cavabdehə satılmış mallarla bağlı 93044,42 manat borcun ödənilməsi; 2. Cavabdeh tərəfindən iddiaçıya əvəzsiz istifadəyə verilmiş, qaytarılmayan 18 ədəd soyuducu ilə bağlı 8448 manat zərərin ödənilməsi.
32. Məhkəmə iddia tələbini birinci hissədə əsaslı hesab etmişdir. Belə ki, cavabdeh bu hissədə iddia tələbini qismən (34742,47 manat) qəbul etdiyini, qalan hissədə qəbul etmədiyini, qalan malların ona təhvil verilmədiyini bildirir. Məhkəmə cavabdehin malların təhvil verilməsi ilə bağlı təhvil-təslim aktlarının olmaması ilə bağlı dəlilini əsassız hesab edir. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 102 nömrəli alqı-satqı müqaviləsinin 2 və 5-ci bəndlərinə əsasən satılacaq malların qiymət, miqdar və çeşidinin qaimədə göstərilməli olması razılaşdırılmışdır. Bundan əlavə, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş hesabdan çıxarışdan, cavabdeh tərəfindən iddiaçıya ödənilmiş olan 2022-ci il tarixli elektron qaimələr və həmin qaimələrin tarixçələrindən, habelə tərəflər arasında formalaşmış işgüzar münasibətlərdən görünür ki, mallar satıcı olan iddiaçı tərəfindən alıcıya (cavabdeh) yalnız elektron qaimələr əsasında təhvil verilmiş, həmin qaimələrin bəziləri vergi ödəyicisi olan cavabdeh tərəfindən, bəzi qaimələr sistem tərəfindən təsdiqlənsə də, 2022-ci il tarixli elektron qaimələrin hamısı tam şəkildə cavabdeh tərəfindən ödənilmişdir. Cavabdeh məhkəməyə artıq ödənilmiş olan elektron qaimələr, habelə onun özü tərəfindən mübahisələndirilməyən qaimələr üzrə mallar cavabdehə təhvil verilərkən imzalanmış hər hansı təhvil-təslim aktı təqdim edə bilməmişdir. Bundan əlavə, cavabdeh xx.xx.2023-cü il tarixdə iddiaçıya ərizə ünvanlayaraq yaranmış borcunu qəbul etmiş, ona təqdim edilmiş hal-hazırda mübahisələndirdiyi elektron qaimələrə hər hansı etiraz bildirməmişdir.
33. Məhkəmə iddia tələbini digər, 8448 manat borcun tutulması hissəsində də əsaslı hesab etmişdir. Belə ki, işin araşdırılan hallarından görünür ki, iddiaçı tərəfindən cavabdehin əvəzsiz istifadəsinə verilmiş soyuduculardan 18 ədədi geri qaytarılmamış, həmin soyuducular iddiaçı tərəfindən 8448 manat dəyərində qiymətləndirilmiş, cavabdeh xx.xx.2023-cü il tarixdə iddiaçıya ünvanladığı ərizədə həmin borcu da qəbul etmişdir. Cavabdeh pretenziyanı aldıqdan sonra da soyuducuları qaytarmamışdır. Cavabdeh apellyasiya şikayətində soyucuların onda olmasını etiraf etmişdir.
34. Göründüyü kimi iş materiallarında olan sübutlara əsasən cavabdehin irəli sürdüyü dəlillər təkzib edilmiş, iddia tələbində qeyd edilənlər təsdiq edilmişdir. Malın təhvil verilməsi mübahisələndirilsə də, iş materialları ilə şübhə müəyyən edilməmiş, əksinə cavabdeh tərəfindən borcun məbləği etiraf edilmişdir.
35. İddiaçı tərəf istinad etdiyi hallara dair müvafiq sübutları təqdim etmişdir. Belə vəziyyətdə sübutetmə vəzifəsi iddiaya etiraz edən cavabdehin üzərindədir. Hal-hazıradək apellyasiya şikayətində istinad olunan hallara dair heç bir sübut təqdim edilməmişdir. Odur ki, şikayətdə qeyd edilən dəlillər üzrə xüsusatlar öz təsdiqini tapmadığından əsassız hesab edilməlidir.
36. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
37. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.
38. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-2539/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.