Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1026/2025 14.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: xidmət müqaviləsi) Hakimlər Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclasının katibi Bayramlı Dəniz Natiq qızının katibliyi ilə, İddiaçı ”Seen” MMC-nin nümayəndəsi və vəkili Vəkil, Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı ”Seen” MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2- 2(113)-3376/2025 nömrəli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları:
1. İddiaçı ilə "xxxx" MMC arasında imzalanmış xx.xx.2024-cü il tarixli, 01/10/24/S saylı müqaviləyə əsasən reklam xidmətlərinin göstərilməsinə dair Sifarişçi İcraçıya sifariş edir və İcraçı bu Müqaviləyə əlavə olunmuş Qiymətlərin razılaşma protokollarında (bundan sonra “Əlavələrində”) göstərilən qaydada, müddətdə və ünvanlarda Sifarişçiyə reklamların yerləşdirilməsinə dair öz xidmətlərini göstərir.
2. İddiaçı ilə "xxxx" MMC arasında xx.xx.2024-cü il tarixli, SN 25-04 nömrəli müqaviləyə əsasən icraçı, Tərəflərin qarşılıqlı razılaşdırdığı qaydada rəsmiləşdirilmiş Sifarişçinin sifarişlərinə əsasən, Müqavilənin əlavələri ilə müəyyən edilmiş ünvanlarda və müddətlərdə stasionar və səyyar reklam qurğuları və digər reklam daşıyıcılarının üzərində reklamların quraşdırılması, yerləşdirilməsi və yayılması, həmçinin onları Müqavilə məqsədlərinə uyğun saxlanılması, çap işlərinin yerinə yetirilməsi və qarşılıqlı razılaşdırılmış digər reklam xidmətlərinin göstərilməsini təmin edir, Sifarişçi isə öz növbəsində Müqavilə ilə müəyyən edilmiş xidmət haqqını vaxtlı-vaxtında və tam həcmdə İcraçıya ödəyir.
3. İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, SEENVMF/11/24 saylı “reklam xidmətlərinin göstərilməsinə dair müqavilə”yə əsasən reklam xidmətlərinin göstərilməsinə dair Sifarişçi İcraçıya sifariş edir və İcraçı bu Müqaviləyə əlavə olunmuş Qiymətlərin razılaşma protokollarında göstərilən qaydada, müddətdə və ünvanlarda Sifarişçiyə reklamların yerləşdirilməsınə dair öz xidmətlərini göstərir.
4. Müqavilənin 4.1-ci bəndinə əsasən İcraçı reklam daşıyıcılarının yerləşdirdiyi dövr üçün hər təqvim ayının ilk 5 (beş) günündən gec olmayaraq reklam xidmətlərinə görə xidmət haqqının ödənilməsi üçün Sifarişçiyə hesab-fakturanı təqdim edir.
5. xx.xx.2022-ci il tarixli ADS-VMF-22 saylı müqavilənin 13 nömrəli əlavəsinə əsasən icraçı "xxxx" MMC ilə sifarişçi "xxxx" MMC arasında göstəriləcək xidmətlərin dəyəri 8236,40 manat dəyərində razılaşdırılmışdır.
6. xx.xx.2024-cü il tarixli, 13 nömrəli təhvil-təslim aktına əsasən tərəflər 8236,40 manat dəyərində xidmətlərin göstərilməsini təsdiq etmişlər.
7. İddiaçı tərəfindən cavabdehə xx.xx.2024-cü il tarixli MT2411 10921018 nömrəli 8236,4 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT2412 11960427 nömrəli 9204 manat məbləğində elektron qaimə-fakturalar təqdim olunmuşdur.
8. Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin xx.xx.2025-ci il tarixli məhkəmənin sorğusuna verdiyi cavab məktubunda göstərilmişdir ki, Bülbül və Neftçilər prospektlərinin kəsişməsində, Qız qalasının yaxınlığında və Kukla teatrının yaxınlığında yerləşdirilən reklam daşıyıcısı (led monitor) Dənizkənarı Milli Parkın ərazisində yerləşdirildiyindən müvafiq icazənin verilməsi Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin səlahiyyəti xaricindədir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2017ci il 19 dekabr tarixli, 1743 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi” Qaydasının 1.2-ci bəndinə görə açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarət Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi, Şuşa şəhərinin ərazisində Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq və “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruqlarının ərazisinə münasibətdə isə “İçərişəhər” Dövlət Tarix- Memarlıq Qoruğu İdarəsi, Bakı şəhərində yerləşən Dənizkənarı Milli Parkın ərazisində isə Dənizkənarı Bulvar İdarəsi tərəfindən (bundan sonra - müvafiq qurum) həyata keçirilir. Qərardadda göstərilən digər ünvanlarda, yəni Sahil bağı yaxınlığında, Rəşid Behbudov və Bakıxanov küçələrinin kəsişməsində, həmçinin Əziz Əliyev küçəsində yerləşən reklam daşıyıcısına (led monitor) açıq məkanda Reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarət Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi tərəfindən həyata keçirilmiş olsa da, texniki imkanlarla bağlı qərardadda göstərilən tarixdə həmin reklamların qeyd olunan qurğularda yayımlanıb-yayımlanmaması ilə bağlı Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyində hər hansı məlumat mövcud deyil. Birinci instansiya məhkəməsindəki icraat:
9. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01 noyabr 2024-cü il tarixli SEEN-VMF 11/24 saylı müqavilə üzrə vergilər daxil olmaqla 9204 manat pul məbləğinin, ödənilmiş 113 manat dövlət rüsumu üçün ödənilmiş vəsaitin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında 01 noyabr 2024-cü il tarixli reklam xidmətlərin göstərilməsi barədə müqavilə bağlanılmışdır. Həmin müqaviləyə əsasən, reklam xidmətlərinin göstərilməsinə dair “Sifarişçi” İcraçıya sifariş edir və İcraçı bu müqaviləyə əlavə olunmuş Qiymətlərin razılaşma protokollarında göstərilən qaydada, müddətdə və ünvanlarda Sifarişçiyə reklamlarının yerləşdirilməsinə dair öz xidmətlərini göstərir. xx.xx.2024-cü il tarixli elektron qaimə və xx.xx.2024-cü il tarixli 2024/013 saylı hesab fakturaya əsasən, Cavabdeh MMCnin İddiaçı MMC-yə vergilər daxil olmaqla 9204 manat məbləğində borcu yaranmışdır. Lakin borclu Cavabdeh MMC üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir və yetirməkdən də imtina etməkdədir.Tərəflər arasında yaranmış mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi üçün qarşı tərəfə pretenziya məktubu göndərilmiş, lakin pretenziya məktubuna hər hansıcavab verilməmişdir.
11. Cavabdeh iddia ərizəsinə yazılı etiraz verib iddianın təmin olunmamasını xahiş etmişdir.
12. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı öz iddia ərizəsində də qeyd etmişdir ki, icraçı Qiymətlərin razılaşma protokollarında göstərilən qaydada, müddətdə və ünvanlarda “Sifarişçi”yə reklamlarının yerləşdirilməsinə dair öz xidmətlərini göstərir. Lakin buna baxmayaraq iddiaçı müqavilədə nəzərdə tutulan qiymətlərin razılaşdırma protokolunu iddia ərizəsinə əlavə etməmişdir. Məhkəmə hazırlıq iclasında iddiaçının nümayəndəsi və vəkilindən qiymətlərin razılaşdırma protokolunun təqdim olunması tərəfimdən tələb edilməsinə baxmayaraq o, belə bir sənədin olmadığını bildirmişdir. Qiymətlərin razılaşdırma protokolu olmadığı təqdirdə 9204 (doqquz min iki yüz dörd) manat məbləğində borcun hardan yarandığı müəmmalıdır. Belə ki, xidmətlərin göstərilməsi barədə müqavilənin 1.1-ci bəndində Qiymətlərin razılaşdırılma protokolunun olması öz əksini tapmışdır. Eyni zamanda Sifarişçi ilə İcraçı arasında işlərin görülməsinə dair təhviltəslim aktı olmalıdır lakin dekabr ayı üçün belə bir akt mövcud deyildir. Bu da bir daha ona sübutdur ki, 2024- cü ilin dekabr ayı ürrə İcraçı tərəfindən hər hansısa bir xidmət göstərilməmişdir. Belə bir sənədin vacibliyi müqavilənin 2.6-cı bəndində qeyd edilmişdir. Eyni zamanda nəzərinizə çatdırıram ki, yuxanda qeyd edilən sənədlər 2024-cü ilin noyabr ayı üzrə tərtib edildiyi üçün tərəfimizdən iddiaçıya 6980 (altı min doqqu yüz səksən) manat məbləğində xidmət haqqı ödənilmişdir. İkinci məsələ: İddiaçı MMC xx.xx.2024-cü il tarixinədək "xxxx" MMC (VÖEN: **********) olaraq xidmət gösərmişdir. Belə ki, "xxxx" MMC ilə Cavabdeh MMC arasında xx.xx.2022-ci il tarixli reklam xidmətlərinin göstərilməsi ilə bağlı müqavilə bağlanmış və xx.xx.2024-cü il tarixinədək reklam xidmətləri "xxxx" MMC tərəfindən həyata keçirilmişdir. İddiaçı iddia ərizəsinə əlavə etdiyi MT 2411 seriyalı 10921018 nömrəli elektron qaimə əsasında noyabr ayı üzrə göstərdikləri xidmətləri "xxxx" Company MMC göstərmiş və bununla bağlı onunla Cavabdeh MMC arasında xx.xx.2024cü il tarixli 13 saylı əlavə (təhvil-təslim aktı) imzalanmışdır. Bundan sonra noyabr ayı üzrə tərəfimizdən ödəniş ediləcəyi vaxt "xxxx" Company MMC-nin Cahid adlı mühasibi şirkətimizin mühasibinə sms yazaraq dəyişikliklər olduğu üçün qaiməni "xxxx" Company MMC adından göndərə bilməyəcəklərini başqa şirkətin adından qaimə göndərəcklərini və noyabr ayı üzrə ödənişin həmin şirkətə ediləcəyi barədə xahiş etmişdir. Həmçinin bu barədə "xxxx" Company MMC-nin direktoru Vasif bəyin də xəbəri olduğunu bildirmişdir. Səbəb kimi isə hesablarında sərəncam oldiğunu qeyd etmişlər. Bundan sonra biz "xxxx" Company MMC ilə uzun müddət ərzində əməkdaşlıq etdiyimiz üçün yeni yaratdıqları şirkət ilə müqavilə rəsmiləşdirilməli olduğumuzu bildirmiş və bundan sonra xx.xx.2024-cü il tarixində İddiaçı MMC ilə müqavilə bağlanaraq noyabr ayı üzrə göstərilən ximətlərin dəyərini sonuncuya ödəmişik. Lakin dekabr ayı üzrə İddiaçı MMC tərəfindən heç bir reklam xidməti göstərilməmişdir. İddia etdikləri məbləğin haradan əldə edilməsi barədə heç bir rəsmi sənədləşmə iddia ərizəsinə əlavə etməmişlər. Əgər noyabr ayı üçün nəzərdə tutulan reklam xidmətlərini dekabr ayı üzrə də göstərmiş olsaydılar noyabr ayı üçün təqdim etdikləri qiymət raılaşdırılma protokolu və təhvil-təslim aktı mütləq olmalı idi. İkinci bir tərəfdən 9206 manat dəyərində reklam xidmətinin göstərilməsi ilə bağlı məbləği kiminlə və necə razılaşdırıblar bununla bağlı da heç bir sənəd iddia ərizəsinə əlavə edilməmişdir.
13. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)- 3376/2025 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh MMC-dən 9204 manat məbləğində pul, 113 manat dövlət rüsumu, ümumilikdə 9317 (doqquz min üç yüz on yeddi) manat məbləğində pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi qət edilmişdir.
14. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş MT2411 saylı, xx.xx.2024-cü il tarixli elektron qaimədə “Pasifiko” markasının reklamının dəyəri 1200 manat, “Tissot” markasının reklamının dəyəri 1200 manat, “Svatch” markasının reklamının dəyəri 1200 manat olmaqla göstərilmiş, həmin qaimə cavabdeh tərəfindən ödənilmiş, qaimə və ödəniş məhkəmə icraatı zamanı cavabdeh tərəfindən mübahisələndirilməmişdir. İddiaçı tərəfindən təqdim edilmiş və cavabdeh tərəfindən ödənilməyən ikinci elektron qaimədə həmin markaların reklamı ilə bağlı göstərilmiş qiymətlər MT2411 saylı, xx.xx.2024-cü il tarixli elektron qaimədə göstərilmiş qiymətlərlə eynilik təşkil edir. Cavabdeh tərəfindən hazırda ödənilməsi tələb edilən elektron qaiməyə hər hansı etiraz verilməmiş, qaimə düzəlişə göndərilməmiş, ləğv edilməsi ilə bağlı cavabdehə müraciət edilməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən cavabdehə heç bir xidmət göstərilməsə idi, cavabdeh iddiaçı tərəfindən ona göndərilmiş elektron qaiməni təsdiqləməkdən qanunla müəyyən edilmiş 5 gün müddətində imtina edər və ya bununla bağlı öz etirazlarını iddiaçıya bildirə bilərdi. Hazırda isə belə bir hal müəyyən edilməmişdir. Məhkəmə cavabdehin tərəflər arasında imzalanmış iki tərəfli təhvil aktının olmaması barədə dəlilinə cavab olaraq bildirir ki, məhkəmə araşdırması zamanı 2024-cü ilin noyabr ayı üzrə də tərəflər arasında hər hansı təhvil aktının imzalanmadığı müəyyən edilmişdir. Bundan əlavə, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş elektron poçt yazışmalarından görünür ki, cavabdehin nümayəndəsi (Rövşən Məmmədzadə) iddiaçıya xx.xx.2024-cü il tarixdə yazaraq bildirmişdir ki, tərəflərindən reklam xidmətləri ilə bağlı monitorinq aparılmış, monitorinq zamanı bir monitorun həmin gün işləmədiyi müəyyən edilmişdir, həmin günün əlavə günlə əvəz edilməsi tələb edilmişdir. İddiaçı cavabında həmin gün elektrik enerjisinin verilişində problem olması səbəbindən reklam yayımının dayanmasını, lakin problemin artıq aradan qaldırıldığını bildirmişdir. Bundan əlavə, iddiaçı tərəfindən təqdim edilmiş vatsap yazışmalarından görünür ki, iddiaçı xx.xx.2024-cü il tarixdə dekabr ayı üzrə reklam xidmətləri ilə bağlı hər hansı dəyişiklik olub olmamasını soruşmuş, cavabdehin nümayəndəsi (hazırda qanuni təmsilçisi olan Qanuni nümayəndə2) cavabında “dekabr planı” adı altında yeni sifarişi iddiaçıya göndərmiş, növbəti ayda “2 yerə svatch girir, elmlər sktoylerdən isə çıxır” yazmışdır. Materiallarda olan elektron qaimələrdən müəyyən edilir ki, 2024-cü ilin noyabr ayında Elmlər Akademiyasının metrosunun qabağında skrollerdə reklam yayımı olmuş, 2024-cü ilin dekabr ayında isə olmamış, 2024-cü ilin noyabr ayında “Svatch” markası ilə bağlı bir yerdə reklam yayımı həyata keçirildiyi halda cavabdehin sifarişi əsasında əlavə iki yerdə (“Kukla” teatrının yaxınlığı və R.Behbudov küçəsi) led monitorlarda həmin marka ilə bağlı reklam yayımı həyata keçirilmişdir. Cavabdeh 2024-cü ilin dekabr ayı ilə bağlı sifarişlərinin olmadığını, noyabr ayında xidmətin tərəflərindən dayandırıldığını bildirsə də, xidmətlərin 2024-cü ilin dekabr ayından həyata keçirilməsinin dayandırılması ilə bağlı iddiaçıya xəbərdarlıq ünvanladığını təsdiq edə biləcək hər hansı sübut təqdim edə bilməmişdir. İddiaçı tərəfindən təqdim edilmiş vatsap yazışmalarından görünür ki, 2024-cü ilin dekabr ayında reklamlarla bağlı video çarxlar qarşı tərəfə təqdim edilmiş, göstərilmiş xidmətlərə hər hansı irad bildirilməmişdir.
15. Cavabdeh MMC həmin qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-3376/2025 nömrəli qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri:
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı öz iddia ərizəsində də qeyd etmişdir ki, icraçı Qiymətlərin razılaşma protokollarında göstərilən qaydada, müddətdə və ünvanlarda “Sifarişçi”yə reklamlarının yerləşdirilməsinə dair öz xidmətlərini göstərir. Lakin buna baxmayaraq iddiaçı müqavilədə nəzərdə tutulan qiymətlərin razılaşdırma protokolunu iddia ərizəsinə əlavə etməmişdir. Məhkəmə hazırlıq iclasında iddiaçının nümayəndəsi və vəkilindən qiymətlərin razılaşdırma protokolunun təqdim olunması tərəfindən tələb edilməsinə baxmayaraq o, belə bir sənədin olmadığını bildirmişdir. Qiymətlərin razılaşdırma protokolu olmadığı təqdirdə 9204 manat məbləğində borcun hardan yarandığı müəmmalıdır. Belə ki, xidmətlərin göstərilməsi barədə müqavilənin 1.1-ci bəndində Qiymətlərin razılaşdırılma protokolunun olması öz əksini tapmışdır. Eyni zamanda Sifarişçi ilə İcraçı arasında işlərin görülməsinə dair təhvil-təslim aktı olmalıdır, lakin dekabr ayı üçün belə bir akt mövcud deyildir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli 73 nömrəli Açıq məkanda reklam yerləşdirilməsinə icazə sənədindən də göründüyü kimi icazə verilən hüquqi şəxs "xxxx" MMC-dir. İcazə verilən ərazi isə Dənizkənarı Milli Parkın Səbail rayonu, Neftçilər prospektində yerləşən ərazisi, Azneft meydanıdır. İcazə kağızından da göründüyü kimi icazə iddiaçıya yox digər bir şirkətə verilib. İş materiallarına əlavə edilmiş ikinci sənəddən görsənir ki, Bakı şəhəri, Səbail rayonu, Bülbül pr küçəsində "xxxx" MMC tərəfindən O Baku reklamı yayınlanmışdır. Reklamın başılanğıc tarixi xx.xx.2025-ci il qeyd edilmişdir. İcazənin nömrəsi İ**********1. Həmin sənəddən də açıq aydın görsənir ki, yayımın iddiaçıya heç bir adidiyyatı yoxdur. İş materiallarına əlavə edilmiş üçüncü sənəddən görsənir ki, Bakı şəhəri, Səbail rayonu, Neftçilər pr küçəsində "xxxx" MMC tərəfindən Trendyol reklamı yayınlanmışdır. Reklamın başılanğıc tarixi xx.xx.2024-cü il qeyd edilmişdir. İcazənin nömrəsi İ**********0279. Həmin sənəddən də açıq aydın görsənir ki, yayımın iddiaçıya heç bir adidiyyatı yoxdur. İş materiallarına əlavə edilmiş dördüncü sənəddən görsənir ki xx.xx.2024-cü il tarixli 74 nömrəli Açıq məkanda reklam yerləşdirilməsinə icazə sənədindən də göründüyü kimi icazə verilən hüquqi şəxs "xxxx" MMC-dir. İcazə verilən ərazi isə Dənizkənarı Milli Parkın Səbail rayonu, Neftçilər prospektində yerləşən ərazisi, Qız qalasının qarşısıdır. İcazə kağızından da göründüyü kimi icazə iddiaçıya yox mübahisə predmeti olmayan başqa bir şirkətə verilib. İş materiallarına əlavə edilmiş beşinci sənəddən görsənir ki, Bakı şəhəri, Nəsimi rayonu, A.Bakıxanov küçəsində "xxxx" MMC tərəfindən Azercellin reklamı yayınlanmışdır. Reklamın başılanğıc tarixi xx.xx.2025-ci il qeyd edilmişdir. İcazənin nömrəsi İ**********9. Həmin sənəddən də açıq aydın görsənir ki, yayımın iddiaçıya heç bir adidiyyatı yoxdur. İş materiallarına əlavə edilmiş altıncı sənəddən görsənir ki, Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsində "xxxx" MMC tərəfindən Paşa Kapitalın reklamı yayınlanmışdır. Reklamın başılanğıc tarixi xx.xx.2024-cü il qeyd edilmişdir. İcazənin nömrəsi İ**********0579. Həmin sənəddən də açıq aydın görsənir ki, yayımın iddiaçıya heç bir adidiyyatı yoxdur. Bakı Kommersiya Məhkəməsi qətnamə qəbul edərkən heç bir araşdırma aparmamış və nəticədə iddiaçının təqdim etdiyi yalan sənədlərə əsaslanaraq qətnamə qəbul etmişdir. İddiaçı tərəfindən təqdim edilmiş müqavilələrin həqiqiliyi belə araşdırılmamışdır.
Apellyasiya şikayətinə qarşı etiraz:
17. İddiaçı MMC tərəfindən apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
18. Məhkəmə iclasında Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.
19. Məhkəmə iclasında iddiaçı ”Seen” MMC-nin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq:
20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir; -399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. -442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. -783.1-ci maddəsinə əsasən vəkalət verən vəkalət alanın tapşırığı vicdanla icra edərkən çəkdiyi xərclərin əvəzini, o cümlədən faizləri ödəməli və onu bu məqsədlə götürdüyü öhdəliklərdən azad etməlidir. -783.2-ci maddəsinə əsasən vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir.
21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: -14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -384.0-cı maddəsinin tələblərinə əsasən apellyasiya instansiyası məhkəməsi: qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
22. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 aprel 2022-ci il tarixli Qərarında sərgilənən hüquqi mövqeyə görə, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergihesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir. Apellyasiya baxışının hədləri
23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
24. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
25. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia təmin edildiyindən və həmin qətnamə cavabdeh tərəfindən bütövlükdə mübahisələndirildiyindən qətnamənin əsaslığı tam yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-3376/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
27. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli, SEENVMF/11/24 saylı “reklam xidmətlərinin göstərilməsinə dair müqavilə”dən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı müqaviləyə əsasən sifariş edilmiş xidmətləri göstərməklə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh iddiaçı tərəfindən göstərilmiş xidmətlərin dəyərini tam ödəməmiş, bununla sözügedən müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri pozmuş, nəticədə cavabdehin iddiaçıya 9204 manat məbləğində borcu yaranmışdır.
28. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin məzmununa və tərəflər arasında formalaşmış olan işgüzar münasibətlərə nəzər yetirildiyində aydın olur ki, tərəflər arasında bağlanmış müqaviləyə Xidmət müqaviləsi kimi qiymət verilməlidir. Lakin mülki qanunvericilikdə məhz xidmət müqaviləsi münasibətlərini tənzimləyən konkret hər hansı müddəa mövcud deyildir.
29. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinin tələbləri nəzərə alınmadan iş üzrə nəticəyə gəlmək düzgün deyildir. Belə ki, həmin maddənin tələblərinə görə mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmçinin Mülki Məcəllənin 11.1-ci maddəsində təsbit olunmuşdur ki, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).
30. Qeyd olunanlara əsaslanaraq və işin qeyd olunan hallarını nəzərə alaraq məhkəmə qeyd edir ki, hazırki mübahisə Mülki Məcəllənin tapşırıq müqaviləsinə aid müddəalarının qaydalarına uyğun araşdırılmalıdır.
31. Hazırki mabahisəyə əsasən iddiaçı 2024-cü ilin dekabr ayı üzrə göstərilmiş xidmətlərə görə ödənilməmiş 9204 manat pulun cavabdehdən tutulmasını tələb edir. Cavabdeh iddiaya qarşı yazılı etirazında həmin müqavilənin qiymətlərin müəyyən edilməsi ilə bağlı əlavə razılaşmasının olmamasını göstərmişdir.
32. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı halda mübahisəli müqavilə üzrə göstərilmiş xidmətlərə görə cavabdehin iddiaçıya 9204 manat məbləğində borcunun olması faktı iddiaçı tərəfindən cavabdehə təqdim edilmiş elektron qaimə-fakturalar, həmin qaimə-fakturalar üzrə qismən cavabdehin ödənişləri təsdiq edən hesabdan çıxarışla öz təsdiqini tapmışdır. Belə ki, iş materiallarına əlavə edilmiş MT2411 saylı, xx.xx.2024-cü il tarixli elektron qaimədə “Pasifiko” markasının reklamının dəyəri 1200 manat, “Tissot” markasının reklamının dəyəri 1200 manat, “Svatch” markasının reklamının dəyəri 1200 manat olmaqla göstərilmiş, həmin qaimə cavabdeh tərəfindən ödənilmiş və cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Cavabdeh tərəfindən ödənilməyən ikinci elektron qaimədə həmin markaların reklamı ilə bağlı göstərilmiş qiymətlər MT2411 saylı, xx.xx.2024-cü il tarixli elektron qaimədə göstərilmiş qiymətlərlə eynilik təşkil edir.
33. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən cavabdehə elektron qaimələr təqdim olunsa da, cavabdeh tərəfindən hazırda ödənilməsi tələb edilən ikinci elektron qaiməyə hər hansı etiraz verilməmişdir.
34. Elektron qaimələrdən görünür ki, 2024-cü ilin noyabr ayında Elmlər Akademiyasının metrosunun qabağında skrollerdə reklam yayımı olmuş, 2024-cü ilin dekabr ayında isə olmamış, 2024-cü ilin noyabr ayında “Svatch” markası ilə bağlı bir yerdə reklam yayımı həyata keçirildiyi halda cavabdehin sifarişi əsasında əlavə iki yerdə (“Kukla” teatrının yaxınlığı və R.Behbudov küçəsi) led monitorlarda həmin marka ilə bağlı reklam yayımı həyata keçirilmişdir.
35. Bundan əlavə, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş elektron poçt yazışmalarından görünür ki, cavabdehin nümayəndəsi (Rövşən Məmmədzadə) iddiaçıya xx.xx.2024-cü il tarixdə yazaraq bildirmişdir ki, tərəflərindən reklam xidmətləri ilə bağlı monitorinq aparılmış, monitorinq zamanı bir monitorun həmin gün işləmədiyi müəyyən edilmişdir, həmin günün əlavə günlə əvəz edilməsi tələb edilmişdir. İddiaçı cavabında həmin gün elektrik enerjisinin verilişində problem olması səbəbindən reklam yayımının dayanmasını, lakin problemin artıq aradan qaldırıldığını bildirmişdir.
36. Həmçinin, iddiaçı tərəfindən təqdim edilmiş vatsap yazışmalarından görünür ki, iddiaçı xx.xx.2024-cü il tarixdə dekabr ayı üzrə reklam xidmətləri ilə bağlı hər hansı dəyişiklik olub olmamasını soruşmuş, cavabdehin nümayəndəsi (Qanuni nümayəndə2) cavabında “dekabr planı” adı altında yeni sifarişi iddiaçıya göndərmiş, növbəti ayda “2 yerə svatch girir, elmlər sktoylerdən isə çıxır” yazmışdır.
37. Beləliklə, materiallarda olan sübutlarla müəyyən olunur ki, iddiaçı ilə cavabdeh arasında imzalanmış xx.xx.2024-cü il tarixli reklam xidmətlərinin göstərilməsi barədə müqavilə üzrə iddiaçı tərəfindən cavabdehə 2024-cü ilin dekabr ayında reklam xidmətləri göstərilmiş, lakin göstərilmiş xidmətlərin dəyəri iddiaçıya ödənilməmişdir.
38. Bu səbəbdən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur. Apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda qeyd olunanlara əsasən əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2- 2(113)-3573/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
39. Məhkəmə xərclərinə gəldikdə kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir.
40. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ: Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-3376/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.