Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1027/2024 29.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından Ərizəçi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs Ələsgər oğlunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X8 Əliyevanın sədrliyi və məruzəsi ilə, Elnur Məmmədsaat oğlu Həsənovdan və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-5782/2024 saylı qətnaməsindən ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları
1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən vergi ödəyicisinə ünvanlanmış xx.xx.2023-cü il tarixli **********566900 nömrəli, xx.xx.2024-cü il tarixli **********609700 nömrəli, xx.xx.2023-cü il tarixli **********151600 nömrəli, xx.xx.2023-cü il tarixli **********906500 nömrəli bildirişlərin surətindən görünür ki, Maraqlı şəxs vergi borcunun 5 gün müddətində ödənilməsi tələb edilmiş və borcu ödəməməyə görə məsuliyyət barədə xəbərdarlıq edilmişdir.
2. Maraqlı şəxs xx.xx.2024-cü il tarixli şəxsi hesab vərəqəsindən müəyyən edilir ki, həmin tarixə Maraqlı şəxs (VÖEN: **********) dövlət büdcəsinə borcu mövcud deyildir, vərəqədə həmin tarixə 1907,23 manat artıq ödəmənin olduğu qeyd olunur.
3. Mədaxil qəbzlərindən görünür ki, xx.xx.2024- cü il tarixində Maraqlı şəxs tərəfindən 127300 (icbari tibbi sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanmasından daxilolmalar) büdcə təsnifat kodu üzrə 68 manat, 121212 (fiziki şəxsləri muzdlu işə cəlb edən sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üzrə) büdcə təsnifat kodu üzrə 800,33 manat, 124300 (vergi ödəyicisi kimi vergi uçotuna alınmış fiziki şəxslər (fərdi sahibkarlar, xüsusi notariuslar, vəkillər kollegiyasının üzvləri) üzrə ödənilən icbari tibbi sığorta üzrə sığorta haqqı) büdcə təsnifat kodu üzrə 158,54 manat, 126300 (işsizlikdən sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanmasından daxilolmalar) büdcə təsnifat kodu üzrə 13,40 manat, 123100 (işəgötürənlərin əməyin ödənişi fondundan hesablanan işsizlikdən sığorta haqqı) büdcə təsnifat kodu üzrə 32,06 manat, 125300 (sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanmasından daxilolmalar) büdcə təsnifat kodu üzrə 256 manat, 121340 (ticarət sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üzrə ödənilən sosial ayırmalar) büdcə təsnifat kodu üzrə 225 manat, 125300 (sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanmasından daxilolmalar) büdcə təsnifat kodu üzrə 69 manat məbləğində ödəniş edilmişdir. Birinci instansiya məhkəməsindəki icraat
4. Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs dövlət büdcəsinə olan ümumilikdə 16299,76 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 1347,2 manat, İşsizlikdən Sığorta Fonduna olan 44,49 manat, X1 225,82 manat məbləğində borcunun ödənilməsini təmin etmək üçün onun (doğulduğu tarix – xx xxxxxx 1984-cü il, doğulduğu yer – Azərbaycan Respublikası, Bakı şəhəri, şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi – xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE AA*******) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixə vergi ödəyicisi olan Maraqlı şəxs (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 1347,2 manat, dövlət büdcəsinə 16299,76 manat (o cümlədən, vergilər üzrə 11882,61 manat, faizlər üzrə 4337,15 manat, maliyyə sanksiyası üzrə 80 manat), X10 Fonduna 225,82 manat, X5 44,49 manat olmaqla, ümumilikdə 17917,27 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixli **********566900 nömrəli, xx.xx.2024-cü il tarixli **********609700 nömrəli, xx.xx.2023-cü il tarixli **********151600 nömrəli, xx.xx.2023-cü il tarixli **********906500 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Reyestr məlumatlarına əsasən Maraqlı şəxs ünvan 2 ünvanında qeydiyyatdadır. Dövlət büdcəsinə olan ümumilikdə 16299,76 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 1347,2 manat, X3 44,49 manat, X1 225,82 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
6. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)- 5782/2024 saylı qətnaməsi ilə ərizə rədd edilmişdir.
7. Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və ərizənin təmin edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Fiziki şəxsin gəlir vergisi bəyannaməsinin təqdim edildiyi vaxtdan həmin bəyannəməyə münasibət kameral vergi yoxlaması ilə 60 iş günü müddətində bildirilir. Hesabatlardakı azalmalar isə vergi orqanı tərəfindən təsdiqlənmədikcə, maraqlı şəxsin dövlət büdcəsinə olan borcu qalır. Məhkəmə qərar qəbul edərkən qeyd edilən halları nəzərə almamış, subyektiv yanaşma sərgiləmiş, işin obyektiv araşdırılması üçün üzərinə düşən vəzifəni yerinə yetirməmişdir. Məhkəmə ölkədən getmə hüququnun məhdudlaşdırılması ilə bağlı qanunvericilik normalarını nəzərə almamışdır, halbuki fiziki şəxsin və hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədəngetmə hüququnun məhdudlaşdırılması ilə bağlıməhkəməyə müraciət edərkən iki mühüm amil əhəmiyyət kəsb edir: 1) Vergi ödəyicisinin dövlət büdcəsinə borcunun olması; 2) Maraqlı şəxsin hüquqi şəxsin icra orqanının rəhbəri olması. Qeyd edilənlərə baxmayaraq məhkəmə kollegiyası tərəfindən bu amillərə diqqət yetirilməmiş, maraqlı şəxsin ölkədən getmə hüququnun müvəqqəti məhdudlaşdırılması üçün bütün şərtlər mövcud olsa da, ərizə rədd edilmişdir. Belə ki, iş materiallarına əlavə edilən sənədlərdən də göründüyü kimi vergi ödəyicisi olan Maraqlı şəxs dövlət büdcəsinə ödənilməmiş borcu mövcuddur.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
9. Ərizəçi və maraqlı şəxs məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
10. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İİ hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır.
11. Аzərbаycаn Rеspublikаsının Vergi Məcəlləsinin: -16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergilərə, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. -23.1.15-3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliklərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirilmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanının hüququdur. -65.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə vergi orqanı bu Məcəlləyə müvafiq olaraq hesablanmış və ya yenidən hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının 5 gün müddətində ödənilməsinə dair vergi ödəyicisinə bildiriş göndərir. -65.2-ci maddəsinə əsasən bu Məcəllənin 65.2.1.1 və 65.2.1.4-cü maddələrində nəzərdə tutulan hallar istisna olmaqla digər hallarda vergi orqanının hesabladığı və ya yenidən hesabladığı vergilər, faizlər və ya tətbiq etdiyi maliyyə sanksiyaları üzrə vergi orqanı vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarında borc məbləğinin 105 faizi həcmində pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra sənədi olan sərəncam verir. Bu zaman kredit təşkilatları və ya bank əməliyyatlarını aparan şəxslər tərəfindən bank hesablarında dondurulmuş vəsaitdən artıq olan pul vəsaitinə dair hesabdan məxaric edilməsini nəzərdə tutan vergi ödəyicisinin ödəmə tapşırıqları icra edilir. -65.2.1-ci maddəsinə əsasən vergi orqanı aşağıdakı hallarda vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarından dövlət büdcəsinə alınması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra (ödəniş) sənədi olan sərəncam verir: vergi ödəyicisi tərəfindən hesablanmış və bəyan edilmiş vergilər bu Məcəllənin 65.1-ci maddəsi nəzərə alınmaqla müəyyən edilmiş müddətdə ödənilmədikdə; vergi orqanının hesabladığı vergilər, faizlər və tətbiq etdiyi maliyyə sanksiyaları üzrə vergi ödəyicisi tərəfindən bu Məcəllənin 65.1-ci maddəsində göstərilən bildirişin alındığı tarixdən 30 təqvim günü müddətində məhkəməyə və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) şikayət verilmədikdə; məhkəmənin müvafiq qərarı və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı olduqda həmin qərara uyğun olaraq; vergi ödəyicisinin yazılı razılığı olduqda. -65.2.2-ci maddəsinə əsasən vergi orqanının hesablamaları üzrə vergi ödəyicisi tərəfindən bu Məcəllənin 65.1-ci maddəsində göstərilən bildirişin alındığı tarixdən 30 təqvim günü müddətində məhkəməyə və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) şikayət verildikdə kredit təşkilatı və ya bank əməliyyatları aparan şəxs məhkəmənin qanuni qüvvəyə minmiş qərarına və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarına uyğun olaraq və bu Məcəllənin 65.2.1.3-cü maddəsinə əsasən verilmiş sərəncamın icrasını təmin edir. -65.2.3-1-ci maddəsinə əsasən bu Məcəllənin 65.2.1.1-ci və 65.2.1.4-cü maddələrində nəzərdə tutulan hallar istisna olmaqla digər hallarda vergi orqanının hesabladığı və ya yenidən hesabladığı ƏDV üzrə vergi, faiz və ya tətbiq etdiyi maliyyə sanksiyası üzrə borc məbləğinin 105 faizi həcmində pul vəsaitinin vergi ödəyicisinin ƏDV depozit hesabında dondurulması barədə vergi orqanı tərəfindən qərar qəbul edilir. -65.3-cü maddəsinə əsasən vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarında vəsait olduqda vergi orqanının sərəncamı bank və ya digər kredit təşkilatı tərəfindən həmin sərəncamın daxil olduğu gün icra edilir. -65.4-cü maddəsinə əsasən vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarında vəsait olmadıqda və ya o, vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinə, yaxud bu Məcəllə ilə müəyyən edilən həcmdə vəsaitin dondurulmasına kifayət etmədikdə vergi orqanının sərancamı bankda və ya digər kredit təşkilatında saxlanılır və vergi ödəyicisinin hesablarına vəsait daxil olduqca icra edilir. -65.7-ci maddəsinə əsasən vergi orqanlarının vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması haqqında sərəncamı vergi ödəyicisinin xarici valyutada olan hesabına yönəldildikdə, bank, digər kredit təşkilatı və ya poçt rabitəsinin milli operatoru həmin gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi məzənnə ilə sərəncamda göstərilən məbləğin 105 faizinədək hesabdakı valyuta vəsaitini dondurur və dərhal bu barədə vergi ödəyicisinə məlumat göndərir. Vergi ödəyicisi tərəfindən konvertasiya əməliyyatı aparıldıqdan sonra bank və ya digər kredit təşkilatı vergi orqanının sərəncamını icra edir. -77.1-ci maddəsinə əsasən vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. -77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. -78.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergilərin (o cümlədən cari vergi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olubolmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. -89.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. - 89.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclarını bu Məcəllənin 65.1-ci maddəsində qeyd olunan bildirişdə göstərilən müddət ərzində ödəmədikdə vergi orqanı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş formada aktivləri barədə məlumatın 10 gün ərzində vergi orqanına təqdim edilməsini vergi ödəyicisindən tələb edə bilər. Məlumatın vaxtında verilməməsinə görə vergi ödəyicisi bu Məcəllənin tələblərinə uyğun olaraq məsuliyyət daşıyır. Vergi ödəyicisinin vergi öhdəliyini yerinə yetirməkdən boyun qaçırması barədə vergi orqanının kifayət qədər əsası olduqda, habelə vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda vergi orqanı vergi ödəyicisinə yazılı bildiriş göndərməklə eyni zamanda ondan vergi öhdəliyini dərhal ödəməyi tələb edə bilər. Vergi ödəyicisi bu maddənin ikinci abzasında nəzərdə tutulmuş hallarda vergi öhdəliyini yerinə yetirmədikdə, vergi orqanı özünün əsaslandırılmış qərarı əsasında vergi ödəyicisinin əmlakının siyahıya alınmasını həyata keçirə bilər. Təxirəsalınmaz hallar istisna olunmaqla, gecə vaxtı (axşam saat 20.00-dan səhər saat 8.00-qədər) əmlakın siyahıya alınmasına yol verilmir. -89.4-cü maddəsinə əsasən vergi ödəyicisi olan hüquqi şəxsin bütün əmlakı, vergi ödəyicisi olan fiziki şəxsin isə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən tələb yönəldilə bilməyən əmlakından başqa digər əmlakı siyahıya alına bilər. -89.5-ci maddəsinə əasən yalnız vergi öhdəliyinin yerinə yetirilməsi, həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının, habelə əmlakın satışı üzrə xərclərin ödənilməsi üçün zəruri və kifayət olan, satış üçün yararlı və öz əmtəə xassəsini itirməmiş əmlak siyahıya alınır. -89.6-cı maddəsinə əsasən əmlakın siyahıya alınması bu Məcəllənin 89.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla aşağıdakı ardıcıllıqla həyata keçirilir: nağd pul vəsaitləri; bilavasitə məhsulların (malların) istehsalında iştirak etməyən əmlak (qiymətli kağızlar, valyuta dəyərliləri, qeyri-istehsal binaları, minik avtonəqliyyatı, xidmət otaqlarının dizayn əşyaları və sair); hazır məhsullar (mallar), habelə istehsalda iştirak etməyən və (və ya) bilavasitə istehsalda iştirakı nəzərdə tutulmayan digər maddi qiymətlilər; istehsalda bilavasitə iştirakı nəzərdə tutulmuş xammal və materiallar, habelə dəzgahlar, avadanlıqlar, binalar, qurğular və digər əsas vəsaitlər; inventarizasiya aparılmaqla digər əmlak.
12. AR MPM-in: -355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir.
Apellyasiya baxışının hədləri
13. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanıllmalıdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
14. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
15. Belə ki, iş materiallarına əsasən müəyyən edilir ki, vergi ödəyicisi olan X4 vergi öhdəliklərini, eləcə də Dövlət Sosial Müdafiə Fondu, İşsizlikdən sığorta Fondu və İcbari Tibbi Sığorta Fondu qarşısındakı öhdəliklərini qanunla müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə, Dövlət Sosial Müdafiə Fonduna, İşsizlikdən sığorta Fonduna və İcbari Tibbi Sığorta Fonduna borcu yaranmışdır. Həmin borcun ödənilməsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən vergi ödəyicilərinə borcun ödənilməsinə dair bildirişlər ünvanlanaraq onların 5 gün müddətində ödənilməsi tələb edilmişdir. xx.xx.2024-cü il tarixdə vergi orqanı ərizə ilə müraciət edərək xx.xx.2024-cü il tarixə dövlət büdcəsinə olan ümumilikdə 16299,76 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 1347,2 manat, X3 44,49 manat, X1 225,82 manat məbləğində borcunun ödənilməsini təmin etmək üçün vergi ödəyicisi olan Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını xahiş etmişdir. Bundan sonra Maraqlı şəxs sözügedən vergi borcu azalma nəticəsində silinmiş, Dövlət Sosial Müdafiə Fonduna, İşsizlikdən sığorta Fonduna və İcbari Tibbi Sığorta Fonduna olan borc isə ödənilmişdir. Maraqlı şəxsin şəxsi hesab vərəqəsinə, eləcə də İnternet Vergi İdarəsindən çıxarışa əsasən birinci instansiya məhkəməsinin qətnaməsinin qəbul edildiyi tarixə dövlət büdcəsinə borcu olmamışdır.
16. Odur ki, kollegiya hesab edir ki, qətnamənin qəbul edildiyi tarixə Rashidi Behzadın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün qanunda nəzərdə tutulmuş əsaslar mövcud olmadığından birinci instansiya məhkəməsi ərizəni rədd etməkdə haqlı olmuşdur.
17. Məhkəmə kollegiyası həmçinin vergi borcunun maraqlı şəxsin təqdim etdiyi bəyannaməyə əsasən azadılma nəticəsində silinməsi, həmin azaldılmanın vergi orqanı tərəfindən təsdiqlənməməsi, vergi orqanının bəyannamə verildiyi gündən 60 iş günü ərzində kameral yoxlama keçirmək hüququnun olması barədə ərizəçinin apellyasiya şikayətində istinad etdiyi dəlillərinə münasibətdə qeyd etməyi zəruri sayır ki, Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsinin məzmunundan da göründüyü kimi qanunda yalnız mövcud vergi öhdəliyinin ödənilməsini təmin etmək məqsədilə vergi orqanının vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək imkanı nəzərdə tutulmuşdur.
18. Gələcəkdə keçiriləcək kameral yoxlamanın nəticəsində vergi ödəyicisi tərəfindən təqdim edilmiş bəyannamədə vergilərin düzgün hesablanmamasının aşkarlanması və bəyannamənin təsdiqlənməməsi ehtimallarına əsaslanaraq maraqlı şəxsin ölkədən getmək hüququnun məhdudlaşdırılması isə qanuna uyğun olmamaqla fundamental insan azadlıqlarından biri olan hərəkət azadlığının qanuni əsas olmadan məhdudlaşdırılmasına səbəb olur.
19. Bununla yanaşı kollegiya onu da qeyd edir ki, kameral vergi yoxlamasının keçirilməli olduğu müddətin - vergi ödəyicisi tərəfindən gəlir vergi bəyannaməsinin təqdim edildiyi tarixdən 60 iş günü müddətinin - keçməsinə baxmayaraq vergi orqanı tərəfindən həmin yoxlamanın keçirilməsinin nəticələri barədə məlumat da məhkəməyə təqdim edilməmişdir.
20. Bundan əlavə qeyd olunmalıdır ki, Vergi Məcəlləsinin 65 və 89-cu maddələrində vergilər üzrə borcların alınması qaydası nəzərdə tutulmuşdur. Hazırkı halda vergi orqanı tərəfindən məhkəməyə müraciət edilməmişdən əvvəl borcun ödənilməsinin təmin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərdən yalnız bank hesabları üzərində sərəncam qoyulması iş materialları ilə öz təsdiqini tapır, digər tədbirlərin görülübgörülməməsi (öhdəlik yerinə yetirilmədikdə ixtisaslaşdırılmış açıq hərracdan və ya ticarət şəbəkələri vasitəsi ilə satılması məqsədilə vergi ödəyicisinin əmlakının siyahıya alınması, yaxud kifayət qədər belə əmlakların mövcud olmamasına dair rəsmi məlumatlar əldə etməsi və s.), tədbirlərin nəticə verib-verməməsi ilə bağlı sənədlər isə ərizəyə əlavə edilməmişdir .
21. Halbuki ərizəçi tərəfindən Vergi Məcəlləsində nəzərdə tutulan digər tədbirlərin tətbiq edilib-edilməsi və onların tətbiqinin nəticə verməməsi barədə sübutlar təqdim edilməli və yalnız bundan sonra ölkədən getmə hüququnun məhdudlaşdırılmasının tətbiqinin zəruriliyi əsaslandırılmalıdır.
22. BMT-nin İnsan Hüquqları Komitəsinin Beynəlxalq Paktın 12-ci maddəsinə dair qəbul etdiyi 1999-cu il 2 noyabr tarixli 27 saylı X6 göstərilir ki, həmin maddə ilə təmin olunmuş hüquqlara aid icazə verilən məhdudiyyətlər hərəkət sərbəstliyi prinsipini sarsıtmamalıdır. Bu hüquqlara dair məhdudiyyətlərin məqbul sayılması üçün onlar qanunvericilikdə nəzərdə tutulmalı, demokratik cəmiyyətdə Paktın 12-ci maddəsinin 3cü bəndində göstərilən məqsədlərə nail olmaq üçün zəruri olmalı və Paktda göstərilən bütün digər hüquqlara uyğun gəlməlidir. Dövlətlər Paktın 12-ci maddəsinin 3-cü bəndində icazə verilmiş məhdudiyyətləri əks etdirən qanunları qəbul edərkən, hər zaman bu məhdudiyyətlərin nəzərdən keçirilən hüququn mahiyyətinə toxunmaması prinsipini rəhbər tutmalıdırlar.
23. Məhdudlaşdırıcı tədbirlər mütənasiblik prinsipinə uyğun gəlməlidir; onlar müdafiə funksiyalarının yerinə yetirilməsi üçün yararlı olmalıdır; arzu edilən nəticəyə gətirib çıxara bilən bütün vasitələr sırasında onlar ən az məhdudlaşdırıcı vasitə olmalı və müdafiə olunan maraqlarla mütənasib olmalıdır. Mütənasiblik prinsipinə təkcə müvafiq məhdudiyyətin nəzərdə tutulduğu qanunvericilikdə deyil, həmçinin həmin qanunvericiliyin tətbiq edilməsi prosesi çərçivəsində inzibati və məhkəmə hakimiyyəti orqanlarında da əməl olunmalıdır.
24. İnsan hüqüqları üzrə Avropa Məhkəməsinin Battista İtaliyaya qarşı iş üzrə 2 dekabr 2014-cü il tarixli, Stamose Bolqarıstana qarşı iş üzrə 27 noyabr 2012-ci il tarixli, və Bartik Rusiyaya qarşı iş üzrə 21 dekabr 2006-cı il tarixli qərarlarında göstərilmişdir ki, hərəkət azadlığı hüququnu məhdudlaşdıran hər hansı tədbir qanuna uyğun olmalı, Konvensiyaya dair 4 saylı Protokolun 2-ci maddəsinin 3-cü bəndində qeyd edilən legitim məqsədlərdən birini güdməli, demokratik cəmiyyətdə zəruri olmalı, yəni mütənasiblik meyarına cavab verməlidir.
25. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Demokratiya və İnsan Hüquqları Resurs Mərkəzi və Mustafayev Azərbaycana qarşı iş” üzrə qərarında göstərilmişdir ki, nə vergi orqanları, nə də ölkədaxili məhkəmələr ərizəçiyə səfər qadağası tətbiq etmədən öncə sözügedən vergi borcunu almağa cəhd etmiş, xüsusilə də iddia edilən vergi borcunun ərizəçilərin bank hesablarında olan puldan tutulmasını və ya ərizəçinin məhkəmə prosesində açıq-aydın tələb etməsinə baxmayaraq ona məxsus hər hansı digər aktivlərə həbs qoyulmasını düşünmüşlər. Hökumət ərizəçinin 7.385 manat pulun bank hesablarında olmasına dair məlumatına etiraz etməmişdir.
26. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
27. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i:
Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-5782/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Leyla Əliyeva
Hakimlər: Təranə Mahmudova
Elnur Həsənov