Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1028/2021 13.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi, İddiaçı2 MMC-nin (bundan sonra - iddiaçı) nümayəndəsi İddiaçı1, iddiaçının vəkili və nümayəndəsi X1, Cavabdeh MMC-nin (bundan sonra - cavabdeh) vəkili və nümayəndəsi Vəkil1 iştirakı ilə iddiaçının cavabdehə qarşı pul tələbinə dair ilk iddia, cavabdehin iddiaçıya qarşı müqavilənin ləğv edilməsi və vurulmuş zərərin əvəzinin ödənilməsi tələblərinə dair qarşılıqlı iddia ərizələri ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-418/2021 nömrəli iş üzrə 08 may 2021-ci il tarixli qətnaməsindən cavabdehin apellyasiyasına əsasən kommersiya mübahisəsinə аçıq məhkəmə iclаsındа bаxаrаq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, cavabdehdən 90.000 manat əsas borcun, 6.300 manat cərimə pulunun və 30 manat dövlət rüsumunun, cəmi 96.330 manat pulun alınaraq onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh də iddiaçıya qarşı məhkəməyə qarşılıqlı iddia ərizəsi təqdim edərək, aralarında bağlanmış 17.09.2019-cu il tarixli M-AdpMil-0919 nömrəli alqı-satqı müqaviləsinin ləğv olunması, onun tərəfindən cavabdehə ödənilmiş 90.000 manat pul vəsaitinin vurulmuş zərər hesab edilərək həmin məbləğin iddiaçıdan tutularaq cavabdehə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 08.05.2021-ci il tarixli qətnaməsi ilk iddia qismən təmin edilmiş, cavabdehdən 90.000 manat əsas borcun, 630 manat cərimə pulunun və 20 manat dövlət rüsumunun, cəmi 90.650 manat pul vəsaitinin iddiaçının xeyrinə tutulması qət edilmiş, ilk iddia qalan hissədə rədd edilmiş, qarşılıqlı iddia təmin edilməmişdir. Qətnamə ilə razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv edilib, ilk iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, satıcı tərəfindən alıcı üçün müəyyən elektron virtual platformalar yığılsa da, həmin görülmüş işlərin alıcı tərəfindən təhvil-təslimi etapında hər dəfəsində müəyyən qüsurlar meydana gəlmişdir. Belə ki, hər görülmüş işin təhvili zamanı hər iki tərəfdən texniki biliyə malik mütəxəssisləri birgə çalışmış və satıcının komandası elə alıcıya məxsus istehsalat sahəsində dəvət olunaraq yerləşdirildikləri üçün elə yerindəcə tələb edilən texniki xidməti göstərmişlər. Yəni təhvil-təslim prosesinin hər etapında ortaya çıxan qüsurlar alıcının nümayəndəsi tərəfindən bildirilir, satıcının nümayəndəsi tərəfindən ortadan qaldırılırdı. Lakin, bu kifayət qədər uzun müddət davam etmiş və satıcı tərəf yekun etibarilə qüsursuz bir iş göstərməmişdir ki, bu hal da öz növbəsində alıcı tərəfindən haqlı narazılıqlara səbəb olmuşdur. Tərəflərin münasibəti ən son satıcı tərəfindən işi keyfiyyətlə yerinə yetirib bitirməməsinə baxmayaraq bu işləri alıcıya görülmüş və qüsursuz şəkildə təhvil verilirmiş kimi təqdim etməsi halında pisləşmişdir. Alıcı tərəf satıcıya irad bildirmişdir ki, bu işlərin qəbul edilməsi və təhvil edilməsi mümkünsüzdür, çünki, satıcıdan tələb edilən gözlənti məhz həmin yararsız iş deyildir. Lakin, məhkəmə mütəxəssisin fikrinə əsaslanaraq belə hesab etmişdir ki, həmin qüsurlar tərəflər arasında imzalanmış digər xidmət müqaviləsi çərçivəsində həll edilə bilərdi. Lakin, bu mövqeyi düzgün hesab etmir, çünki, tərəflər arasında imzalanmış digər müqavilə məhz servis məzmunlu idi və məhz ilkin (platforma yazılış) müqavilə tam qüsursüz bitirilməli idi ki, daha sonra servis müqaviləsinə, yəni texniki dəstək müqaviləsinə keçirilsin. Yəni, məhkəmənin o mövqeyi ki, digər müqavilə çərçivəsində meydana çıxan qüsurlar öz texniki həllini tapa bilər, bu mövqeni müqavilə məqsədinə müvafiq hesab etmir. Hər bir müqavilənin öz predmeti və təyinatı olmuşdur. Birinin qüsurlarını digəri bağlamalı deyildi. Digər müqavilənin məqsədi sırf o texniki dəstəyi nəzərdə tutur ki, daim Adaptive BPM şirkətinin əməkdaşları tərəfindən ilkin müqavilənin məqsədə xidmət etməsini izləyib, nəzarətdə saxlasın. Proqramlarda olan lisenziyalar və açarların yenilənməsi bu dəyişikliklərin sifarişçiyə tətbiqini ehtiva edir. Hesab edir ki, alıcı tərəf olaraq dəfələrlə satıcıya öz işini keyfiyyətlə və məhz alıcıya nümayiş etdirilən, təhvil verilməsi vəd edilən səviyyəyə çatıdırılması üçün şərait yaradılsa da satıcı bunu edə bilməmişdir və yekun etibarilə öz sahibkarlıq fəaliyyətində biznes proseslərin avtomatlaşdırılması işlərinin ləngiməsi iddiaçı şirkətin mənafeyinə uyğun gəlməmişdir. İşə apellyasiya qaydasında baxılarkən cavabdehin vəkili və nümayəndəsi şikayəti müdafiə edib, ona uyğun izahat vermiş, iddiaçının nümayəndəsi və vəkili qətnamənin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 372-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, dəlillər əsassızdır. İşdən müəyyən edilir ki, tərəflər arasında M-AdpMil-0919 nömrəli 17.09.2019-cu il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin predmetini satıcı (iddiaçı) tərəfindən BPM-AZ (biznes proseslərin avtomatlaşdırılması), DEPOT-AZ (anbarın idarə edilməsi) və DSM-AZ (sənəd dövriyyəsinin idarə edilməsi) proqram təminatının alıcının (cavabdeh) istifadəsinə verilməsi, tətbiqi və gələcəkdə həmin proqram təminatları ilə bağlı dəstəyin təmin edilməsi, alıcının həmin proqram təminatına və xidmətə görə müəyyənləşdirilmiş pul məbləğini razılaşdırılmış müddətlərdə satıcıya ödəməsi təşkil edir. Müqavilənin 2.1-ci bəndinə görə, BPM-AZ (biznes proseslərin avtomatlaşdırılması) proqram təminatının dəyəri vergilər daxil olmaqla 60.000 manat, DEPOT-AZ (anbarın idarə edilməsi) proqram təminatının dəyəri vergilər daxil olmaqla 25.000 manat və DSM-AZ (sənəd dövriyyəsinin idarə edilməsi) proqram təminatının dəyəri vergilər daxil olmaqla 95.000 manat müəyyən edilmişdir. Müqavilə üzrə görüləcək işlərin ümumi razılaşdırılmış dəyəri 180.000 manat təşkil edir. Müqavilənin 13.3-cü bəndində müəyyən olunmuş ödəniş qrafikinə uyğun olaraq cavabdeh tərəfindən görüləcək işlərin ümumi razılaşdırılmış 180.000 manat dəyərindən avans olaraq 90.000 manatı şirkətə ödənilmişdir. Digər qalan 90.000 manatın ödənilməsi BPM-AZ (biznes proseslərin avtomatlaşdırılması), DEPOT-AZ (anbarın idarə edilməsi) və DSM-AZ (sənəd dövriyyəsinin idarə edilməsi) proqram təminatının təhvil verilməsinə dair aktın ikitərəfli qaydada imzalanmasından sonra cavabdeh tərəfindən ödənilməsi nəzərdə tutulmuşdur. 24.04.2020–ci il tarixli təhvi-təslim aktı iddiaçı tərəfindən cavabdehə təqdim edilmiş, proqram təminatının təhvil verilməsinə dair 22.05.2020-ci il tarixdə iddiaçının nümayəndəsinin iştirakı ilə ümumi iş icraçılarının toplantısı keçirilmiş, lakin tamamlanan lahiyənin qəbul edilməsi uzadılmaqla, cavabdeh tərəfindən 90.000 manatın ödənilməməsinə gətirib çıxarmışdır. 27.11.2019-cu il tarixli EBAD 070212 nömrəli elektron qaiməyə görə, iddiaçı tərəfindən cavabdehə M-AdpMil-0919 nömrəli müqavilə əsasında 45.000 manat, 20.02.2020-ci il tarixli EBAG 649738 nömrəli elektron qaiməyə əsasən eyni müqavilə əsasında 45.000 manat dəyərində xidmət göstərilmişdir. Birinci instansiya məhkəməsinin iclasında iştirak etmiş mütəxəssis E.Talıbov izahatında bildirmişdir ki, iddiaçı qarşısında qoyulmuş texniki tapşırıq üzrə ümumi şərtlər tam yerinə yetirilmişdir, geridə qalan xırda məsələlər yoxlanış müddəti ərzində aradan qaldırıla bilərdi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür; 421.2-ci maddəsinə görə, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur; 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 567-ci maddəsinə görə, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 581.1-ci maddəsinə əsasən, satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur; 588.1-ci maddəsinə görə, əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir; 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.9-cu bəndinə görə, ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaiməfaktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur. İşin müəyyən olunmuş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, alqı-satqı müqaviləsinə əsasən təhvil aldığı malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh müqavilə üzrə iddiaçıya olan borcunu ödəməlidir. Bu mənada məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır. Belə ki, mübahisəli borcun yaranması və məbləği alqı-satqı müqaviləsi, elektron qaimələr, avansın ödənilməsi və sonradan mübahisə edilməməsi, tərəflər arasında elektron yazışmalarla təsdiqini tapır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20.05.2011-ci il tarixli Qərarında göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” - “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” - “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir. ... Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Cavabdehin apellyasiya şikayətindən görünür ki, o, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətlərinin yarandığını, müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyini, hazırda iddiaçıya borcu yarandığını mübahisə etmir. Cavabdeh 630 manat cərimə pulunu da şikayətində mübahisə etməmişdir. Onun şikayətinin yeganə dəlili ümumi sözlərlə malın qüsurlarına istinad etməkdir, lakin o, bu qüsurların nədən ibarət olmasını konkretləşdirməmiş, bununla bağlı Məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Cavabdehin bu dəlili birinci instansiya məhkəməsində dinlənilmiş mütəxəssisin həmin məsələyə dair bildirdiyi münasibəti ilə tam təkzib olunur. Bundan əlavə, iş materialları ilə iddiaçının cavabdehə müqaviləyə uyğun gəlməyən əşya verməsi təsdiqini tapmır, habelə, iddiaçının müqaviləni əhəmiyyətli dərəcədə pozub, cavabdehə zərər vuraraq, onu müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum etməsi də sübuta yetmir. Bu mənada, birinci instansiya məhkəməsinin alqı-satqı müqaviləsinin ləğv olunması, zərər məbləğinin iddiaçıdan tutularaq cavabdehə ödənilməsi barədə qarşılıqlı iddianı rədd etməsi də düzgün olmuşdur. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin ilk iddianın qismən təmin edilməsi, qarşlıqlı iddianın rədd edilməsi ilə əlaqədar gəldiyi nəticə qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, dəlillər qətnamənin ləğvinə əsas vermir. Bununla bağlı olaraq, qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir (MPM-in 384.0.1-ci maddəsi). Göstərilənlərə əsasən və MPM-in 384, 392 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-418/2021 nömrəli iş üzrə 08 may 2021ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətdə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-1028/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1028/2021
13.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver