Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1028/2024 31.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Şirinovun sədrliyi və məruzəsi ilə, X11 və X2 ibarət tərkibdə, Eyvazlı Aytac Rafael qızının katibliyi, İddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və X8 qarşı “müqaviləyə xitam verilməsi, daşınmaz əmlakın təhvil verilməsi və müqavilə üzrə borcun ödənilməsi və s.” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2- 2(113)-2871/2024 nömrəli qətnaməsindən cavabdeh X10 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə cavabdeh X10 arasında bağlanmış 17 iyul 2023-cü il tarixli D135 saylı Daxili lizinq Müqaviləsinin ləğv edilməsi; (müqavilənin etibarlılığı məsələsinə qiymət verilməklə birlikdə), əmlak (lizinq obyekti) üzərində cavabdehin xeyrinə edilmiş lizinq yüklülüyünün götürülməsi (ləğv edilməsi) və ödənilmiş 192 manat məbləğində dövlət rüsumunun və lizinq və zaminlik müqavilələrinə əsasən hesablanmış 20836 ABŞ məbləğində ümumi borcun cavabdehlər X10 və Cavabdeh1 tutulması, lizinq obyekti olan mənzilin (ünvan 3 ((Yeni qaydalarla:AZ1007, ünvan 2) boşaldılaraq İddiaçı MMC-yə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək İddiaçı MMC ilə cavabdeh X10 arasında bağlanmış 17 iyul 2023-cü il tarixli D135 saylı Daxili lizinq Müqaviləsinin ləğv edilməsi (müqavilənin etibarlılığı məsələsinə qiymət verilməklə birlikdə), 1 Saylı Bakı Ərazi idarəsi tərəfindən lizinq obyekti olan əmlak üzərində cavabdehin (X6) adına qeydə alınmış lizinqin dövlət qeydiyyatının (lizinq yüklülüyünün) ləğv edilməsi və ödənilmiş 192 manat məbləğində dövlət rüsumunun və lizinq və zaminlik müqavilələrinə əsasən hesablanmış 8673 ABŞ dolları məbləğində cərimə borcunun cavabdehlər X10 və Cavabdeh1 tutulması və Lizinq obyekti olan mənzilin (ünvan 3 ((Yeni qaydalarla: AZ1007, ünvan 2) boşaldılaraq İddiaçı MMC-yə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-2871/2024 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, İddiaçı MMC ilə cavabdeh X10 arasında bağlanmış 17 iyul 2023-cü il tarixli D135 saylı Daxili lizinq Müqaviləsi xx.xx.2024cü il tarixində ləğv edilmiş hesab edilməsi, lizinq obyekti olan ünvan 3 (Yeni qaydalarla: AZ1007, ünvan 2 X10 tərəfindən boşaldılaraq İddiaçı MMCyə təhvil verilməsi, ünvan 3 (Yeni qaydalarla: AZ1007, ünvan 2 üzərində X6 adına xx.xx.2023-cü il tarixdə qeydə alınmış lizinqin dövlət qeydiyyatının (lizinq yüklülüyü) ləğv edilməsi, cavabdehlər Cavabdeh1 və X5 müştərək qaydada 17 iyul 2023-cü il tarixli D135 saylı Daxili lizinq Müqaviləsi üzrə 926 ABŞ dolları məbləğində (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla Azərbaycan manatı ekvivalenti ilə) dəbbə pulu və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 136 manat tutularaq İddiaçı MMC-yə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
4. Cavabdeh X10 həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apellyasiya şikayətinin dəlilləri
5. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, Ənvər Qasımzadə küçəsi ev 72, mənzil 97 (yeni qeydiyyatla AZ1007, ünvan 1 ünvanında yerləşənmənzil 2015-ci ildən X6 anası X1 adına olmuşdur. 2015-ci il tarixdən hazırki vaxtadək həmin mənzildə X10 ailə üzvləri ilə birlikdə yaşayır. Yəni mənzil əslindəelə X6 mülkiyyətində olmuş, (çıxarış əlavə edilir),lakin maddi vəziyyətinin çətin olması səbəbindən “Eldar” adlı şəxsdən pul alaraq mənzili müvəqqəti onun adına rəsmiləşdirmişdir. Sonradan həmin şəxsin pulunu ödəməkdə çətinlik yaranmış və nəticədə İddiaçı MMC-dən pulgötürərək həmin “Eldar” adlı şəxsin borcunu bağlamışdır.Hazırkı əqd yalan əqd olmaqla əhəmiyyətsizdir. Əslində tərəflər arasındakı münasibət ipoteka və kredit müqaviləsi olmuşdur. Ona görə də, həmin əqdi əhəmiyyətsiz əqd hesab edilməlidir. Qeyd olunanlara əsasən məhkəmənin gəldiyi nəticə işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olaraq əsaslandırmamış, tərəflərin məhkəmə iclasında verdiyi izahatlara diqqət yetirməmiş, X6 qanunvericiliklə qorunan hüquqlarını pozmuşdur. İddiaçı MMC ilə cavabdeh SəfərovTunar Zahid oğlu arasında bağlanmış Daxili lizinq Müqaviləsi formal baxımdan bütün tələbləri yerinə yetirilsə də tərəflərin əqdin bağlanmasından əvvəlki, əqd bağlanan dövrdə və ondan sonrakı davranışları ilə müəyyən olunmuşdur ki, əslində İddiaçı MMC ilə cavabdeh X10 arasında bağlanmış Daxili lizinq Müqaviləsi zamanı tərəflərin əsl niyyəti (iradə ifadəsi) lizinq müqaviləsi olmamış, onların iradə ifadəsi buna yönəlməmiş, tərəflərin əsl niyyəti borc öhdəliyinin icrasını təmin etməyə yönəlmişdir.Belə ki, cavabdehin niyyəti Faktor Lizinq” MMC-dən pul götürərək həmin “Eldar” adlı şəxsin borcunu bağlamaq olmuşdur. Əslində tərəflər arasındakı münasibət ipoteka və kredit müqaviləsi olmuşdur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
6. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
7. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etmişdir.
8. Cavabdehlər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.
TƏTBİQ EDİLƏN HÜQUQ
9. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.
10. Həmin Məcəllənin 748-1.12, 748-1.12.4-cü maddələrinə görə lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır.
11. Həmin Məcəllənin 748-2.5-ci maddəsinə əsasən maliyyə lizinqi zamanı lizinq obyektinə mülkiyyət hüququ, əgər maliyyə lizinqi müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, bütün lizinq ödənişlərinin verilməsi şərti ilə müqavilə müddəti başa çatmazdan əvvəl lizinq alana keçir.
12. Mülki Məcəllənin 399.1 – 399.3-cü maddələrinə əsasən, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Tərəflər müəyyənləşdirə bilərlər ki, bağladıqları müqavilənin şərtləri onların müqavilə bağlanana qədər yaranmış münasibətlərinə də tətbiq edilir. Müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır.
13. Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.
14. Həmin Məcəllənin 340.1-ci maddəsinə əsasən, uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Müqavilə predmetinin mövcudluğu və uyğunluğu yoxlanılmadan məhkəmə əqdin uydurma olubolmamasına hüquqi qiymət vermişdir.
15. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
16. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
17. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
19. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
20. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
21. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
22. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin yalnız cavabdeh T.Səfərov tərəfindən verilməsini, qətnamə ilə iddianın qismən təmin edilməsini və apellyasiya şikayətinin dəlillərinin iddianın təmin edilən hissəsinə yönəldiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslılığı iddia tələbinin təmin edilən hissəsində yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir.
24. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
25. X10 tərəfindən iddiaçı lizinq qurumuna ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizədə ünvan 3 yeni qaydalarla: AZ1007 Bakı şəhəri, Nəsimi rayonu, Ənvər Qasımzadə küçəsi, 62, M5, m1 ünvanında yerləşən daşınmaz əmlakı almaq niyyətində olduğunu, bununla bağlı 100300 manat vəsaitə ehtiyacı olduğu, bu vəsaitin ona lizin şərti ilə maliyyələşdirilməsini xahiş etmiş və qeyd olunan əmlakın icarəyə verilmək məqsədilə alındığı və icarədən əldə olunan gəlir lizinq öhdəliklərinin ödənilməsinə yönələcəyi, bundan başqa öz sahibkarlıq fəaliyyətindən də əldə olunan gəlirlərdən lizinq öhdəliklərinin ödənişinin aparılacağı qeyd olunmuşdur.
26. İddiaçı ilə X10 arasında xx.xx.2023-cü il tarixli, D135 saylı daxili lizinq müqaviləsi bağlanmışdır. İddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2023-cü il tarixli D135 saylı zaminlik müqaviləsi bağlanmışdır. ƏMDK DƏDK və RPHŞ-nin xx.xx.2023-cü il tarixli çıxarışına əsasən ünvan 3 yeni qaydalarla: AZ1007 Bakı şəhəri, Nəsimi rayonu, Ənvər Qasımzadə küçəsi, 62, M5, m1 ünvanında yerləşən mənzil 24 aylıq lizinqlə X6 xeyrinə yüklü edilmişdir, hüququ yüklü edilən şəxs İddiaçı MMC-dir.
27. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli, 0123/24 saylı arayışına əsasən İddiaçı MMC ilə X10 arasında bağlanmış xx.xx.2023-cü il tarixli D135 saylı daxili lizinq müqaviləsinə əsasən ünvan 3 (Yeni qaydalarla: AZ1007, ünvan 2 ünvanında yerləşən daşınmaz əmlakın lizinqə verilmək məqsədilə alınması üçün 59000 ABŞ dolları həcmində vəsait ayrıldığı, aylıq ödənişin 23 ay ərzində hər ay 2315 ABŞ dolları və 24-cü ay 26799 ABŞ dolları müəyyən olunduğu, X10 tərəfindən öhdəliklər lazımi qaydada yerinə yetirilmədiyi və lizinq üzrə gecikmə və hesablanmış cərimələr mövcud olduğu, lizinq alan bu günə qədər ümumilikdə 18520 ABŞ dolları ödəniş etməli olduğu, lakin müqavilə bağlandığı tarixdən onun tərəfindən cəmi 6357 ABŞ dolları ödəniş edildiyi, hazırda D135 saylı daxili lizinq müqaviləsi üzrə 12163 ABŞ dolları əsas məbləğdən və 8673 ABŞ dolları hesablanmış cərimə olmaqla, cəmi 20836 ABŞ dolları borc mövcud olduyğu qeyd olunmuşdur.
28. İşdə olan xx.xx.2024-cü il tarixli arayışa əsasən X8 24 ay müddətinə 59000 ABŞ dolları dəyərində olan ünvan 3 ünvanında yerləşən daşınmaz əmlak lizinqə verildiyi, 10808 manat ödəniş edildiyi qeyd olunmuşdur.
29. İddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək İddiaçı MMC ilə cavabdeh X10 arasında bağlanmış 17 iyul 2023-cü il tarixli D135 saylı Daxili lizinq Müqaviləsinin ləğv edilməsi (müqavilənin etibarlılığı məsələsinə qiymət verilməklə birlikdə), 1 Saylı Bakı Ərazi idarəsi tərəfindən lizinq obyekti olan əmlak üzərində cavabdehin (X6) adına qeydə alınmış lizinqin dövlət qeydiyyatının (lizinq yüklülüyünün) ləğv edilməsi və ödənilmiş 192 manat məbləğində dövlət rüsumunun və lizinq və zaminlik müqavilələrinə əsasən hesablanmış 8673 ABŞ dolları məbləğində cərimə borcunun cavabdehlər X10 və Cavabdeh1 tutulması və Lizinq obyekti olan mənzilin (ünvan 3 ((Yeni qaydalarla: AZ1007, ünvan 2) boşaldılaraq İddiaçı MMC-yə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
30. İşin qeyd edilən halları işdə olan müqavilə və digər sübutlarla təsdiq edilmişdir.
31. Məhkəmə iddianı qismən təmin etmiş, lizinq müqaviləsinin ləğv edilmiş hesab etmiş, cərimə məbləğini azaltmış, lizinq obyektinin boşaldılaraq təhvil verilməsi və lizinqin dövlət qeydiyyatının (lizinq yüklülüyü) ləğv edilməsi nəticəsinə gəlmişdir.
32. Cavabdeh T.Səfərov apellyasiya şikayətində lizinq müqaviləsinin uydurma əqd olmasını, əslində müqavilənin borcunun təminatı niyyəti ilə bağlandığını bildirmişdir.
33. Cavabdeh əqdin əhəmiyyətsizliyi halına istinad etsə də, müvafiq sübutları məhkəməyə təqdim etməmişdir. Yalnız cavabdehin izahatı əsasında əqdin etibarsızlığı müəyyən edilə bilməz. İş materialları əksinə əqdin etibarlı olmasını göstərir. Ona görə təmin edilmiş iddia tələblərinin rədd edilməsi üçün əsaslar yoxdur.
34. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
35. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özlərinə aid edilməlidir.
36. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Cavabdeh X10 apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-2871/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.