Məhkəmə qərarları › İş №2-2(103)-1029/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1029/2023

19.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1029/2023 19.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3466/2023 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ

1. İddiaçı MMC (satıcı) ilə Cavabdeh MMC (alıcı) arasında xx.xx.2020-ci il tarixli M03- 1220 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən satıcı alıcının sifarişinə uyğun olaraq ona müqavilənin əlavəsində göstərilən taxta və taxta materiallarının satmağı, alıcı isə malların dəyərinin satıcıya ödənilməsini öz öhdəsinə götürmüşdür.

Birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 130.024 manat əsas borcun və 500 manat vəkilə çəkilən xərcin, 10.000 manat əldən çıxmış faydanın, 13.000 manat dəbbə pulunun, 400 manat mediasiya ödənişinin, 45 manat müvəqqəti təminat tədbirinin, habelə iddia ərizəsinin verilməsi üçün ödənilmiş 45 manat dövlət rüsumunun əvəzinin alınaraq İddiaçı MMC-yə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddiaçı bildirir ki, müqavilə üzrə onun tərəfindən iddia ərizəsinə əlavə etdiyi elektron qaimə və malların təhvil-təslim aktına əsasən mal-material verilmiş, cavabdeh həmin malları qəbul etsə də, sonuncu dəfə xx.xx.2023-cü ildə 14.660 manat ödəniş etmiş, lakin qalan 130.024 manat borcun ödənilməsini hazırkı vaxtadək təmin etməmişdir. Nəticədə, bir sahibkar olaraq satıcı İddiaçı MMC-yə külli miqdarda maddi zərər dəymiş, digər şirkətlər qarşısında öhdəliklərin vaxtında icra edilməsində çətinliklər yaranmış, digər təşkilatlardan alınacaq malların dəyəri ödənilmədiyi üçün qazanc əldə edə bilməmiş, maddi zərərə uğramışdır. Qeyd olunan borcun ödənilməsi barədə dəfələrlə yazılı və şifahi qaydada cavabdehə müraciət edilsə də, nəticəsi olmamış, mediasiya zamanı cavabdehin nümayəndəsi əsas borcun 1 il müddətində hissəhissə ödənilməsini təklif etsə də, həmin təklif satıcı şirkəti qane etməmişdir.

4. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsində iştirak etməmişdir.

5. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-3466/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh MMC-dən 123.474,2 manat əsas borc və mediasiya xərclərinin əvəzi olaraq 350 manat məbləğində pul vəsaiti, vəkil xidmətlərinə çəkilmiş xərclərin əvəzi olaraq 400 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı MMC-yə ödənilməsi və qalan hissədə iddianın rədd edilməsi qət edilmişdir.

6. Cavabdeh MMC həmin qətnamədən apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri

7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh müqavilə üzrə öhdəliyini tam olaraq yerinə yetirməsə də, öhdəliklərin bir çox hissəsini yerinə yetirmişdir. Öhdəliyin nə qədər icra olunub-olunmaması tam aydınlaşdırılmayıb və ona görə borc yenidən hesablanmalıdır. Əlavə olaraq vəkil və digər xərclərin tutulması isə əsassızdır. Həmçinin birinci instansiya məhkəməsində cavabdeh tərəfdən heç kim məhkəmə prosesində iştirak etmədiyindən sübutlarını təqdim etmək imkanları olmamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

9. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz etdi.

10. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. TƏTBİQ EDİLƏN HÜQUQ

11. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

12. Həmin Məcəllənin 598.3-cü maddəsinə əsasən əgər alıcı alqı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər.

13. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2021-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.9-cu bəndinə görə ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaimə-faktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur.

15. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

16. Həmin Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

17. Həmin Məcəllənin 115.0 və 115.0.6-cı maddələrinə görə vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir.

18. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

19. Həmin Məcəllənin 121.1-ci maddəsinə görə məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

20. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

21. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini və iddianın qismən təmin olunduğunu, lakin iddiaçı tərəfindən apellyasiya şikayəti verilmədiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız iddianın qismən təmin olunmuş hissəsində yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya baxışının həddində iddia əsaslıdır.

23. Belə ki, tərəflər arasında alqı-satqı müqaviləsinin bağlanılması işin mübahisəsiz halını təşkil edir.

24. Eyni zamanda, iş materiallarından müəyyən olunur ki, xx.xx.2020-ci il-xx.xx.2022-ci il tarixli malların təhvil-qəbul aktlarına əsasən İddiaçı tərəfindən elektron qaimələrə əsasən müxtəlif miqdarda və ölçülərdə (o cümlədən 123.474,20 manat (22.225,35 manat ƏDV xaric) məbləğində) olan taxta və taxta materialları Cavabdehnə təhvil verilmişdir. Malların təhvil-qəbul aktları imzalarla yanaşı alıcı - Cavabdeh möhürü ilə də təsdiq edilmişdir.

25. İddiaçı MMC tərəfindən xx.xx.2020-ci il-xx.xx.2022-ci il tarixləri əhatə edən dövrlərdə müxtəlif miqdarda və ölçülərdə olan taxta və taxta materiallarının verilməsinə dair ƏDC xaric 9760 manat dəyərində malların verilməsinə dair xx.xx.2021-ci il tarixli, EBBK seriyalı, 068160 nömrəli; 11.634 manat dəyərində malların verilməsinə dair xx.xx.2021-ci il tarixli, EBBK seriyalı, 404050 nömrəli; 15.600 manat dəyərində malların verilməsinə dair xx.xx.2021-ci il tarixli, EBBK seriyalı, 840729 nömrəli; 7.000,02 manat dəyərində malların verilməsinə dair xx.xx.2021-ci il tarixli, EBBN seriyalı, 172765 nömrəli; 7.030,02 manat dəyərində malların verilməsinə dair xx.xx.2021-ci il tarixli, EBBN seriyalı, 205982 nömrəli; 3.100 manat dəyərində malların verilməsinə dair xx.xx.2021-ci il tarixli, EBBN seriyalı, 955323 nömrəli; 8.000,02 manat dəyərində malların verilməsinə dair xx.xx.2021-ci il tarixli, EBBN seriyalı, 954906 nömrəli; 8.550,02 manat dəyərində malların verilməsinə dair xx.xx.2021-ci il tarixli, EBBO seriyalı, 132771 nömrəli; 6.550,02 manat dəyərində malların verilməsinə dair xx.xx.2021-ci il tarixli, EBBO seriyalı, 222334 nömrəli; 6.550,02 manat dəyərində malların verilməsinə dair xx.xx.2021-ci il tarixli, EBBO seriyalı, 358303 nömrəli; 13.300,02 manat dəyərində malların verilməsinə dair xx.xx.2021-ci il tarixli, EBBO seriyalı, 448026 nömrəli; 13.300,02 manat dəyərində malların verilməsinə dair xx.xx.2021-ci il tarixli, EBBO seriyalı, 567286 nömrəli; 6.550,02 manat dəyərində malların verilməsinə dair xx.xx.2021-ci il tarixli, EBBO seriyalı, 676669 nömrəli; 6.550,02 manat dəyərində malların verilməsinə dair xx.xx.2022-ci il tarixli, EBBQ seriyalı, 240202 nömrəli, cəmi 123.474,20 manat (22.225,35 manat ƏDV xaric) elektron qaimələr tərtib edilərək elektron sistem vasitəsilə Cavabdehnə göndərilmişdir.

26. İddiaçı MMC tərəfindən 14.660 manat dəyərində malların verilməsinə dair taxta və taxta materiallarının verilməsinə dair xx.xx.2021-ci il tarixli, EBBJ seriyalı, 259963 nömrəli elektron qaimələr tərtib edilərək elektron sistem vasitəsilə Cavabdehnə göndərilmişdir. Elektron qaimələr imzalarla yanaşı satıcı - İddiaçı MMC-nin və alıcı - Cavabdeh möhürləri ilə də təsdiq edilmişdir.

27. Köçürmənin aparılması haqqında (Vergilər Nazirliyinin) çıxarışla təsdiq edilir ki, Cavabdeh MMC-nin sub-uçot hesabından digər sub-uçot hesaba xx.xx.2020xx.xx.2022-ci il tarixləri əhatə edən dövrdə ƏDV vəsaiti köçürülmüşdür.

28. "xxxx" ASC-nin ödəniş tapşırığına əsasən Cavabdeh tərəfindən (xx.xx.2020-ci il tarixli M03-1220 saylı müqaviləyə əsasən EBBJ seriyalı, 259963 nömrəli e-qaimə üzrə) İddiaçı MMC-nin hesabına 14.660 manat məbləğində pul vəsaiti köçürülmüşdür.

29. Göründüyü kimi tərəflər arasında bağlanmış müqavilə üzrə cəmi dəyəri 123.474,2 manat təşkil edən malların cavabdehə verilməsi yuxarıda qeyd edilən təhvil-qəbul aktlarına və cavabdehin heç bir etiraz etmədiyi elektron qaimələrlə öz təsdiqini tapır.

30. Eyni zamanda cavabdeh də həmin hallara etiraz etmir, lakin apellyasiya şikayətinin dəlillərində bildirir ki, o, öhdəliklərin bir çox hissəsini yerinə yetirmiş və borc məbləği düzgün hesablanmamışdır.

31. Bununla bağlı kollegiya qeyd edir ki, cavabdeh öhdəliklərinin bir çox hissəsini icra etdiyini bildirsə də, bunu təsdiq edən heç bir sübutu (ödəniş qəbzlərini) məhkəməyə təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Həmçinin borcun düzgün hesablanmaması barədə dəlillər də heç bir faktla əsaslandırılmır. Bu mənada kollegiya qeyd edir ki, həmin dəlillər formal mülahizə kimi qəbul edilir.

32. Beləliklə kollegiya hesab edir ki, tərəflər arasında Mülki Məcəllənin 567-ci maddəsinə uyğun olaraq bağlanılmış alqı-satqı müqaviləsi üzrə satılmış əşyalar cavabdehə verilmiş, cavabdeh isə həmin əşyaların qiymətini satıcıya tam ödəmək vəzifəsini yerinə yetirməmişdir.

33. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı Mülki Məcəllənin 598.3-cü maddəsinə əsasən satılmış əşyalara görə ödənilməyən ümumilikdə 123.474,2 manat məbləğində pul vəsaitinin tutulmasını tələb etməkdə haqlıdır.

34. Həmçinin, Mülki Prosessual Məcəllənin 107, 115.0 və 115.0.6, 119.1, 121.1-ci maddələrinin, o cümlədən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinin tələblərini, iddia tələbinin əsas borca münasibətdə təmin olunan hissəsini nəzərə alaraq kollegiya hesab edir ki, hüquqi xidmət göstərilməsi üçün vəkilə ödənilmiş 400 manat və mediasiyaya görə 350 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində də birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır.

35. Apellyasiya şikayətinin digər dəlilləri də əsassızdır. Belə ki, işdə olan “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışlara əsasən məhkəmə bildirişləri həm cavabdehin, həm də cavabdehin qanuni nümayəndəsinin elektron kabinetə yerləşdirilmişdir. Digər dəlillər isə yuxarıda qeyd olunduğu kimi formal mülahizələrdən ibarətdir.

36. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, cavabdehin apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

37. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3466/2023 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnaməsi iddianın qismən təmin olunmuş hissəsində və məhkəmə xərclərinin bölüşdürülməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov

Hakimlər: Vüsalə Baxışova

Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar