Məhkəmə qərarları › İş №2-2(103)-103/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-103/2020

17.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-103/2020 17.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Yusifov Cahangir Afər oğlu və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2 iştirakı ilə, İddiaçı Fərdi Firmasının cavabdeh “X8 və Maşınqayırma” ASC-yə qarşı pul tələbinə dair iddiası üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2 (82)-968/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən (hakim Leyla Əliyeva) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, МÜƏYYƏN ETDİ: İddiaçı Fərdi Firması cavabdeh “X8 və Maşınqayırma” ASC-yə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, İddiaçı Fərdi Firması ilə cavabdeh “X8 və Maşınqayırma” ASC arasında bağlanmış xx xxx 2012-ci il tarixli, 04/2012 saylı alqı-satqı müqaviləsi üzrə cavabdehə təqdim edilmiş malların 148.592 manat məbləğində dəyərinin tutulması və ya həmin malların, yəni müqavilə əsasında cavabdehə təqdim edilmiş xx.xx.2011-ci il tarixli müqavilənin 1 saylı Əlavəsində göstərilən malların cavabdehdən alınaraq geri qaytarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı fərdi firması (satıcı) ilə cavabdeh “X8 və Maşınqayırma” ASC (əvvəlki “X8 Birliyi” TASC) (alıcı) arasında xx xxx 2012-ci il tarixli, 04/2012 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, satıcı həmin müqavilənin ayrılmaz hissəsi olan spesifikasiyada (müqavilənin 1 saylı Əlavəsində) göstərilən malları təyin olmuş qiymətlərlə alıcıya satmağı öhdəsinə götürmüşdür. Müqavilənin xx.xx.2012-ci il tarixli, 1 saylı əlavəsində əks olunan spesifikasiyada satıcı tərəfindən təqdim ediləcək malların siyahısı göstərilmiş və həmin malların ümumi dəyəri 615.320 manat məbləğində müəyyən edilmişdir. xx xxx 2012-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən, satıcı malları alıcıya spesifikasiya əsasında və vəkalətnaməyə əsasən verir. Alınan malların miqdarına əsasən, yol və hesab-fakturası tərtib edilir. Həmin müqavilənin 7-ci bəndinə əsasən, müqavilə imzalandığı gündən, spesifikasiyada göstərilən malların alınmasına qədər öz qüvvəsində qalır. Müqavilə imzalandığı gündən 5 il müddətinə qüvvədədir. Tərəflər arasında bağlanmış xx xxx 2012-ci il tarixli müqavilə və həmin müqavilənin 1 saylı Əlavəsi qanunvericiliyə uyğun olaraq tərəflər arasında bağlanmış, imzalanmış və möhürlənmişdir. Müqavilə bağlandıqdan sonra xx xxxxxx 2012ci il tarixdə İddiaçı Fərdi Firması tərəfindən cavabdeh “X8 və Maşınqayırma” ASC-yə ümumi dəyəri 148.592 manat olan mallar təqdim edilmişdir. 046617 nömrəli, xx xxxxxx 2012-ci il tarixli vəkalətnamə əsasında, cavabdeh “X8 və Maşınqayırma” ASC tərəfindən həmin malları qəbul etmək səlahiyyəti, şirkətin işçisi X6 (Seriya AZE № 02723883, xx.xx.2005) etibar edilmişdir. Vəkalətnamə şirkətin rəhbəri, baş mühasibi və X5 özü tərəfindən imzalanmış, şirkətin möhürü ilə təsdiq edilmişdir. Beləliklə, X10 İddiaçı Fərdi Firması tərəfindən göndərilən malları qəbul etmək səlahiyyətinə malik olmuşdur. xx xxxxxx 2012-ci il tarixli, 192877 saylı qaimə-fakturaya əsasən, ümumi dəyəri 148.592 manat məbləğində olan mallar İddiaçı Fərdi Firması tərəfindən cavabdeh “X8 və Maşınqayırma” ASC-nin səlahiyyətli nümayəndəsi X10 tərəfindən qəbul edilmiş, qaimə-faktura İddiaçı Fərdi Firmasının direktoru Abışov S.H., cavabdeh “X8 və Maşınqayırma” ASC-nin rəhbəri, həmçinin şirkətin səlahiyyətli nümayəndəsi X10 tərəfindən imzalanmış və şirkətin möhürü ilə təsdiq edilmişdir. Beləliklə, İddiaçı Fərdi Firması xx.xx.2012-ci il tarixli müqavilə üzrə razılaşdırılmış malları cavabdehə təqdim etmiş və bununla da, öz öhdəliklərini icra etmişdir. Lakin cavabdeh “X8 və Maşınqayırma” ASC tərəfindən bugünədək satılmış malların dəyəri ödənilməmiş, alıcı öz öhdəlikərinin icrasından boyun qaçırmışdır. İddiaçı Fərdi Firması tərəfindən dəfələrlə “X8 və Maşınqayırma” ASC-yə müraciət edilərək, pulun ödənilməsi xahiş edilsə də, bugünədək malların dəyəri ödənilməmişdir. Odur ki, satıcı və alıcı arasında xx xxxxxxx 2013-cü il tarixli və xx xxxxxxx 2016-cı il tarixli üzləşdirmə aktları bağlanmışdır. Həmin üzləşmə aktları əsasında “X8 və Maşınqayırma“ ASC İddiaçı Fərdi Firmasına 148.592 manat borcun olduğunu etiraf etmişdir. Göründüyü kimi, qaimə-faktura, üzləşdirmə aktları mötəbər sübut olaraq, “X8 və Maşınqayırma” ASC-nin İddiaçı Fərdi Firmasına 148.592 manat məbləğində borcunun olmasını təsdiq edir. Sonuncu dəfə İddiaçı Fərdi Firması tərəfindən xx.xx.2019-cu il tarixdə cavabdeh “X8 və Maşınqayırma” ASC-yə pretenziya göndərilmiş və 3 gün ərzində təqdim edilmiş malların 148.592 manat məbləğində dəyərinin ödənilməsi və ya həmin malların İddiaçı Fərdi Firmasına geri qaytarılması xahiş edilmiş, əks halda məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Lakin cavabdeh ödənişi bugünədək etməmiş, malları geri qaytarmamışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2 (82)-968/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin iddia müddətinin ötürüldüyünə dair mövqeyi yanlışdır. Cavabdeh tərəf üzləşmə aktlarını imzalamaqla borcu etiraf etdiyindən iddia müddətinin axımı kəsilmişdir. Məhkəmə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmadığını araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməyə haqlı deyil. İş materiallarına əlavə edilmiş sübutlarla iddiaçının hüquqlarının pozulduğu və cavabdehin borcu ödəmədiyi təsdiq olunur. İşə apellyasiya qaydasında baxılması sonuncu dəfə xx.xx.2020-ci il tarixə təxirə salınmış, iddiaçıya ünvanlanmış məhkəmə bildirişi ünvana çatdırılmadan geri qaytarılmış, lakin nümayəndəsinin mobil telefon nömrəsinə elektron məhkəmə sistemi vasitəsilə SMS xəbərdarlıq göndərilmiş, hər iki tərəfə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq nümayəndələri məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə tərəflərin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2 (82)-968/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan sənədlərdən müəyyən olunur ki, “X8 Birliyi” TASC xx.xx.2011-ci il tarixdə D- 3352 nömrəsi ilə dövlət qeydiyyatına alınmış, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2018-ci tarixli 150 nömrəli sərəncamına əsasən “X8 və Maşınqayırma” ASC-nə çevrilmiş və bununla əlaqədar dövlət reyestrində dəyişiklik edilmişdir. İşdə olan İddiaçı Fərdi Firması (satıcı) ilə “X8 Birliyi” TASC (cavabdeh “X8 və Maşınqayırma” ASC-nin əvvəlki adı) (alıcı) arasında arasında bağlanmış xx xxx 2012-ci il tarixli 04/2012 saylı alqı-satqı müqaviləsinə əsasən satıcı həmin müqavilənin ayrılmaz hissəsi olan spesifikasiyada göstərilən malları təyin olunmuş qiymətlərlə alıcıya satmağı, alıcı isə alınan malların dəyərini malların qaimə əsasında tam qəbulundan sonra ödəməyi öhdəsinə götürmüşdür. xx xxx 2012-ci il tarixli, alqı-satqı müqaviləsinə 1 saylı Əlavədə məhsulların adları, ölçü vahidi, miqdarı, vahidin manatla qiyməti, ümumi məbləğ göstərilmiş və təqdim edilməli olan mallara görə ödənilməli olan ümumi məbləğin 61.532 manat olması müəyyən edilmişdir. Əlavə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. “X8 Birliyi” TASC tərəfindən X6 xx.xx.2012-ci il tarixli, 04/2012 saylı müqavilə üzrə malların təhvil alınması üçün xx xxxxxx 2012-ci il tarixdə vəkalətnamə verilmişdir. xx xxxxxx 2012-ci il tarixli, BXİ seriyalı, 192877 saylı qaimə-fakturanın kötüyündən görünür ki, İddiaçı Fərdi Firması tərəfindən “X8 Birliyi” TASC-yə 148.592 manat məbləğində mal təhvil verilmişdir. Tərəflər arasında imzalanmış xx xxxxxxx 2013-cü il tarixli və xx xxxxxxx 2016-cı il tarixli üzləşdirmə aktlarından görünür ki, “X8 Birliyi” TASC-nin İddiaçı Fərdi Firmasına xx.xx.2016-cı il tarixə olan borcunun məbləğinin 148.592 manat olduğu təsdiq etmişdir. İş materiallarına əlavə edilmiş sübutlarla müəyyən olunur ki, İddiaçı Fərdi Firması ilə “X8 və Maşınqayırma” ASC (əvvəlki adı “X8 Birliyi” TASC) arasında bağlanmış xx.xx.2012ci il tarixli 04/2012 saylı alqı-satqı müqaviləsinə cavabdeh “X8 və Maşınqayırma” ASC-nin iddiaçıya olan 148.592 manat borcu ödənilməmişdir. Cavabdeh tərəfindən məhkəməyə iddia müddətinin tətbiqinə dair ərizə təqdim edilmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə MM-nin 372.1-ci, 372.2-ci, 373.2ci, 377.2-ci, 375.2-ci və 380.1-ci maddələrinə istinad edərək iddia müddəti keçdiyinə görə iddianı rədd etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir. Cavabdehin iddiaçıdan xx xxxxxx 2012-ci il tarixli qaimə əsasında aldığı malların dəyərini ödəmək öhdəliyi həmin vaxtdan yaranmış, müqavilə münasibətindən irəli gələn tələb üzrə iddia müddətinin axımı xx.xx.2015-ci il tarixdə bitmişdir. Borc üzrə heç bir ödəniş edilmədiyindən iddia müdətinin axımı kəsilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Məhkəmə hesab edir ki, tərəflər arasında imzalanmış xx xxxxxxx 2013-cü il tarixli və xx xxxxxxx 2016-cı il tarixli üzləşdirmə aktları MM-nin 380.1-ci maddəsində nızırdı tutulmuş qaydada iddia müddətinin axımını kəsməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli “X1 Xamuşinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi İqtisadi Mübahisələrə X12 Məhkəmə Kollegiyasının xx xxxxxx 2003-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Qərarında ifadə edilmiş hüquqi mövqeyə görə, borcun məbləği barədə müqavilə tərəfləri arasında tərtib edilmiş istənilən sənəd deyil, yalnız həmin borcun müəyyən müddətdə ödəniləcəyi barədə borclunun vədi borcun etirafı və iddia müddətinin axımının kəsilməsinə əsas olan hərəkət kimi qiymətləndirilə bilər. Hazırkı halda cavabdeh tərəfin imzaladığı üzləşmə aktlarında borcun ödəniləcəyi barədə vəd ifadə edilmədiyindən həmin aktlar düzgün olaraq məhkəmə tərəfindən iddia müddətinin axımının kəsilməsinə əsas olan etirafedici hərəkətlər kimi qiymətləndirilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki,apellyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2 (82)-968/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Fərdi Firmasının apellyasiya şikayəti təmin edilməsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2 (82)-968/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına ( ünvan: Bakı şəhəri, Yusif Səfərov küçəsi, 14) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar