Məhkəmə qərarları › İş №2-2(103)-103/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-103/2025

17.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-103/2025 17.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbi barədə kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X10 Əliyevanın sədrliyi və məruzəsi ilə, X4 və X5 ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh, cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-503/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyən etdi İşin halları

1. İddiaçı MMC ilə lizinq alan X3 arasında 2019-cu il 6 avqust tarixli MAS-1146 saylı “Daxili lizinq” müqaviləsi bağlanaraq 13.700 manat dəyəri olan “Khazar Peugeot” markalı NVAAD1HFEKH180322 ban nömrəli, qara rəngli avtomobil lizinqə verilmiş, 2019cu il 27 noyabr tarixli müqavilə əsasında bu lizinq müqaviləsi üzrə öhdəliklər X7, 2020-ci il 17 fevral tarixli MAS-1146 nömrəli “Öhdəliklərin ötürülməsi haqqında müqavilə” əsasında isə Cavabdeh ötürülmüşdür.

2. “Daxili lizinq” müqaviləsinin: -5.1 və 5.2-ci bəndinə əsasən təhvil-təslim aktı imzalandığı andan bu müqavilənin bütün müddəti ərzində lizinq obyektinin zərərin bütün növlərindən qorunması, həmçinin onun təsadüfən məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti lizinq alan daşıyır. Bu müqavilənin qüvvədə olduğu bütün müddət ərzində lizinq obyektindən istifadə edilməsi zamanı üçüncü şəxslərə dəymiş zərərə (maddi və mənəvi ziyan, həmçinin səhhətə dəymiş ziyan da daxil olmaqla) həmçinin cinayət və inzibati xətaya görə məsuliyyəti lizinq alan daşıyır. - 5.3-cü maddəsinə əsasən lizinq alan tərəfindən lizinq obyekti kasko sığorta etdirilmədikdə “Daxili Lizinq” müqaviləsi imzalandıqdan sonra 1 il ərzində lizinq obyekti olan avtomobil zədələndikdə avtomobilin oğurlanması, tam məhv olması və bərpa edilməsi üçün çəkilən xərc avtomobilin dəyərinin 70%-dən çox olması halı istisna olmaqla dəymiş zərərin 800 manat məbləği lizinq alan tərəfindən lizinq verənə ödənilməklə lizinq verən tərəfindən öz vəsaiti hesabına lizinq verənin partnyoru olan servis mərkəzində bərpa edilir. Aşağıdakı hallarda müqavilənin bu bəndi öz qüvvəsini itirir və lizinq obyektini lizinq alan öz vəsaiti hesabına dərhal bərpa etməli və normal iş rejimində saxlamalıdır: a) lizinq obyekti müddəti keçmiş etibarnamə ilə idarə edildikdə b) lizinq obyekti alkoqollu içki və ya psixatrop maddələrin təsiri altında idarə edilərsə c) lizinq obyekti heç bir hüququ olmayan şəxs tərəfindən idarə edildikdə ç) lizinq alan avtomobilin bərpa edilməsi üçün 800 manat ödəməzsə d) daxili lizinq müqaviləsinin imzalanmasından 1 il keçərsə e) lizinq obyektindən istifadə edilməsi üçün verilmiş etibarnamənin müddəti bitməsə də, lizinq ödənişlərində gecikmə olduqda. Lizinq obyektinin zədələnməsi, tam məhv olması və ya oğurlanması bu müqavilə ilə nəzərdə tutulmuş qaydada və müddətdə ödənişlərin ödənilməsinə heç bir təsir göstərmir. – 7.2-ci bəndinə əsasən gecikdirilən lizinq ödənişi məbləğinə gündəlik 0,3 % dəbbə pulu hesablanır və lizinq alan tərəfindən lizinq verənə ödənilir.

3. İddiaçıya lizinqə verilmiş avtomobilin dəyəri olaraq 13.700 və 5.275 manat mükafat ödənilməli idi. Aylıq ödənişin məbləği 395,31 manat olmuşdur (əsas:ödəniş cədvəli).

4. “Khazar Peugeot” markalı NVAAD1HFEKH180322 ban nömrəli, qara rəngli avtomobil 2020-ci il 17 fevral tarixdə X9 tərəfindən Cavabdeh təhvil verilmişdir (əsas:təhvil-təslim aktı).

5. Fövqəladə Hallar Nazirliyinin X11 Xidmətinin 3-cü ərazi X11 İdarəsinin 01 iyul 2021-ci il tarixli Yanğın haqqında Aktına əsasən, Bakı şəhəri Nizami rayonu Q.Qarayev prospektində hərəkətdə olan Cavabdeh idarə etdiyi İddiaçı MMC-yə məxsus “Khazar Peugeot” markalı ** PB *** dövlət qeydiyyat nişanlı minik avtomobilində xx.xx.2021-ci il tarixdə yanğının baş verməsinə səbəb avtomobilin mühərrik hissəsində yaranan nasazlıq olmuşdur. Məhkəmə Yanğın və texnoloji partlayışlarının tədqiqi ekspertizasının xx.xx.2021-ci il tarixli 10/4550 saylı rəyindən görünür ki, “Khazar Peugeot” markalı ** PB *** dövlət qeydiyyat nişanlı minik avtomobilində baş vermiş yanğının mənşəyi avtomobilin radiatorunun arxa hissəsi ilə mühərrikin arasında olan sahədə olmuşdur. Yanğın, mənbə zonasında olan elektrik naqillərində yaranmış qəza halından, həmin qəza halı yaranmış naqilə bitişik (və ya yanaşı) yerləşən alışqan təbiətli konstruksiya və ya materialın alışması nəticəsində baş vermişdir. Beləliklə toplanmış materialdan görünür ki, Cavabdeh idarə etdiyi Azərmaş MMC-yə məxsus “Khazar Peugeot” markalı ** PB *** dövlət qeydiyyat nişanlı minik avtomobilində yanğının baş verməsinə səbəb kənar müdaxilə nəticəsində yaranmadığı üçün toplanmış materialda cinayət tərkibi olmadığı üçün cinayət işinin başlanması rədd edilmişdir (“Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” 2021ci il 15 noyabr tarixli Qərar). Birinci instansiya məhkəməsindəki icraat:

6. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 06 avqust 2019-cu il tarixli MAS-1146 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 13 noyabr 2021-ci il tarixə 1395,87 manat gecikdirilmiş əsas, 577,96 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 278,56 manat dəbbə pulu, 9575 manat dəymiş zərər, ümumilikdə 11827,39 manat borc və ödənilmiş 125,89 manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

7. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə X3 arasında bağlanmış 06 avqust 2019-cu il tarixli MAS-1146 saylı “Daxili lizinq müqaviləsi”nə əsasən X1 ilə 2019-cu il buraxılışlı, “Khazar Peugeot” minik markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı, NVAAD1HFEKH180322 ban nömrəli, qara rəngli avtomobil 13700 manat məbləğinə İddiaçı MMC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən X3 illik 17 % hesablanmaqla 47 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 395,31 manat, ümumilikdə isə 18975 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 18975 manatın 13700 manatı əsas məbləğ təşkil edir. 27 noyabr 2019-cu il tarixdə X3, X9 və İddiaçı MMC arasında MAS1146 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış və 06 avqust 2019-cu il tarixli MAS-1146 saylı “Daxili lizinq” müqaviləsi üzrə X9 bütün öhdəlikləri öz üzərinə götürmüşdür. 17 fevral 2020-ci il tarixdə X9, Cavabdeh və İddiaçı MMC arasında MAS-1146 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlanmış və 06 avqust 2019-cu il tarixli MAS-1146 saylı “Daxili lizinq” müqaviləsi üzrə Cavabdeh bütün öhdəlikləri öz üzərinə götürmüşdür. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş İddiaçı MMC-nin mülkiyyətində olan “Khazar Peugeot” minik markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobil 13 noyabr 2021-ci il tarixdə şirkətin müvəqqəti duracağına yerləşdirilmiş və servis mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 9575 manat məbləğində ziyan dəymişdir. Cavabdeh tərəfindən lizinq şirkətinə sonuncu ödəniş 03 iyun 2021-ci il tarixdə 396 manat məbləğində olmuşdur. Eyni zamanda Cavabdeh 06 avqust 2019-cu il tarixli MAS-1146 saylı “Daxili lizinq” müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 13 noyabr 2021-ci il tarixə 1395,87 manat gecikdirilmiş əsas, 577,96 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 278,56 manat dəbbə pulu, ümumilikdə 2252,39 manat gecikmə borcu yaranmışdır.

8. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-503/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edlmiş, Cavabdeh 06 avqust 2019-cu il tarixli MAS- 1146 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 13 noyabr 2021-ci il tarixə 1395,87 manat gecikdirilmiş əsas, 577,96 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 38,17 manat dəbbə pulu və 8988 manat dəymiş zərər ümumilikdə 11000 manat borc tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir.

9. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, lizinq alan Cavabdeh ilə lizinq verən İddiaçı MMC arasında xx.xx.2020-ci il tarixli MAS-1146 nömrəli “öhdəliklərin ötürülməsi haqqında” müqavilə imzalanmış və həmin tarixdən Cavabdeh “Khazar Peugeot” markalı ** PB *** dövlət qeydiyyat nişanlı minik avtomobil lizinqə verilmiş və xx.xx.2021-ci il tarixdə sözügedən avtomobilin mühərrik hissəsində nasazlıga görə baş vermiş yanğın nəticəsində lizinq obyektinə zərər dəymişdir. Cavabdeh izahatında lizinqə götürülən “Khazar Peugeot” minik markalı avtomobilin “kasko” sığorta olunmadığını, sözügedən avtomobilin mühərrik hissəsində qəfildən baş vermiş yanğında təqsiri olmadığını, yanğının avtomobildə olan nasazlığı nəticəsində baş verdiyinə istinad edərək iddianın zərər tələbi hissəsində rədd olunmasını xahiş etsə də məhkəmə qeyd etmişdir ki, lizinq alan Cavabdeh ilə lizinq verən İddiaçı MMC arasında xx.xx.2020-ci il tarixli MAS- 1146 nömrəli “öhdəliklərin ötürülməsi haqqında” müqavilə imzalanarkən Cavabdeh 06 avqust 2019-cu il tarixli MAS-1146 saylı “daxili lizinq” müqaviləsi ilə bağlı bütün öhdəlikləri öz üzərinə götürmüşdür. Belə ki, 06 avqust 2019-cu il tarixli MAS-1146 saylı “daxili lizinq” müqaviləsinin 5.1-ci bəndinə qeyd edilir ki, təhvil-təslim aktı imzalandığı andan bu müqavilənin bütün müddəti ərzində lizinq obyektinin zərərin bütün növlərindən qorunması, həmçinin onun təsadüfən məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti lizinq alan daşıyır, həmçinin 6.1-ci bəndinə əsasən lizinq alan lizinq obyektini öz vəsaiti hesabına daxili lizinq müqaviləsi imzaladıqdan 1 il sonra zədələnmə, korlanma, məhv olma, talama və oğurlanma risklərindən daxili lizinq müqaviləsinin müddəti başa çatanadək sığortalamalıdır şərti qeyd edilmişdir. Lizinq verən İddiaçı MMC isə müqavilənin 5.3-cü bəndinə əsasən müqavilə imzalandıqdan sonra 1 il ərzində müəyyən ödənişlərlə bağlı öhdəlikləri üzərinə götürmüşdür. Göründüyü kimi müqavilə xx.xx.2020-ci il tarixdə imzalanmış, yanğın hadisəsi isə 1 il 4 ay 8 gün keçəndən sonra, yəni xx.xx.2021-ci il tarixdə baş verdiyinə görə İddiaçı MMC müqavilənin 5.3-cü bəndinə əsasən 1 illik müddət keçdiyinə görə heç bir maddi məsuliyyət daşımır, avtomobilə yanğın zamanı dəymiş zərərlə bağlı məsuliyyət müqavilənin 5.1 və 6.1-ci bəndlərinə əsasən Cavabdeh üzərinə düşür.

10. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh “Khazar Peugeot” minik markalı avtomobilini istehsal edən zavod olduğu halda, qanunsuz və əsassız olaraq Cavabdeh təqsirli olması müəyyən olunmuşdur. Halbuki, istintaq yolu ilə Cavabdeh sözügedən avtomobilin mühərrik hissəsində qəfildən baş vermiş yanğında təqsiri olmadığını, yanğının avtomobildə olan nasazlığı nəticəsində baş verdiyi müəyyən olunmuşdur. Məhkəmə tərəfindən Azərbaycan Respublikası MPM-in 388-389-cu maddələrinin tələbləri kobud surətdə pozulmuşdur. Belə ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir. Qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. İşin materialları məhkəmədə tam, hərtərəfli və obyektiv araşdırılmamışdır. İşin real vəziyyəti və hadisənin baş vermə səbəbinin istehsalçı zavodun təqsirindən baş verməsi və həmin səbəbdən zərərin yaranması hansı səbəblərdənsə ümumiyyətlə məhkəmədə araşdırılmamışdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya instansiya məhkəməsində birinci icraat:

12. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2024-cü il tarixli 2- 2(103)-221/2024 saylı qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-503/2023 nömrəli qətnaməsi qismən - iddianın təmin edildiyi hissədə - ləğv edilmiş və həmin hissədə iddia rədd edilmişdir.

13. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, xx.xx.2020-ci il tarixli MAS-1146 nömrəli “Öhdəliklərin ötürülməsi haqqında müqavilə” əsasında Cavabdeh lizinqə verilmiş “Khazar Peugeot” markalı ** PB *** dövlət qeydiyyat nişanlı minik avtomobilində xx.xx.2021ci il tarixdə yanğın baş vermişdir. xx.xx.2021-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarla təsdiq edilir ki, yanğının mənşəyi avtomobilin radiatorunun arxa hissəsi ilə mühərrikin arasında olan sahədə mənbə zonasında olan elektrik naqillərində yaranmış qəza halından, həmin qəza halı yaranmış naqilə bitişik (və ya yanaşı) yerləşən alışqan təbiətli konstruksiya, və ya materialın alışması nəticəsində baş vermiş, lizinq alanın təqsiri olmamışdır. İddia ərizəsində qeyd edilənlərə əsasən cavabdeh tərəfindən sonuncu ödəniş xx.xx.2021-ci il tarixdə 396 manat olmuşdur. İşə apellyasiya qaydasında baxılarkən iddiaçının nümayəndəsi bildirmişdir ki, hazırda tələb edilən borc məbləği avtomobildə yanğın baş verdikdən sonrakı dövr üçün hesablanmış borcdur. Həmin vaxta qədər borc olmamışdır. Birinci instansiya məhkəməsi iddiaçı tərəfindən tələb edilən borcun hansı dövr üçün tələb edildiyini, lizinqə verilmiş nəqliyyat vasitəsinin hansı tarixdən iddiaçının sahibliyindən çıxdığını araşdırmamış, qətnamədə borcun tutulması barədə nəticəyə gəlsə də, iddianı bu hissədə hansı əsasla təmin etdiyini göstərməmişdir. Tərəflərin izahatlarına əsasən müəyyən edilir ki, yanğın hadisəsindən sonra lizinq obyekti lizinqalanın sahibliyindən alınmışdır. Məhkəmə hesab etmişdir ki, yanğın hadisəsi baş verdikdən sonra lizinq obyekti cavabdehin istifadəsində və sahibliyində olmadığından lizinqalanın həmin dövr üçün borcun ödənilməsinə dair tələbi əsassızdır. Belə ki, MM-in 748-10.1-ci maddəsinə əsasən lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinqalana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinqverənin xeyrinə həyata keçirilən ödənişlərdir. Bu normaya əsasən lizinq alan ondan asılı olmayan səbəblərə görə lizinq obyektindən istifadə etmək imkanından olmuşsa həmin dövr üçün lizinqalandan lizinq ödənişlərinin tutulması ədalətli və qanuni hesab edilə bilməz. Məhkəmə kollegiyası eyni zamanda hesab etmişdir ki, iddiaçının tələbi lizinq obyektinə yanğın hadisəsi nəticəsində dəymiş zərərin tutulması hissəsində də əsassızdır. Hazırkı halda iddiaçı iddia edir ki, lizinq alanın təqsiri olmasa da lizinq obyektinin yanması nəticəsində dəymiş ziyana görə məsuliyyəti həm MM-nin 748-7.1-ci maddəsinə əsasən, həm də lizinq müqavilənin 4.4.2-ci, 5.1-ci bəndlərinə əsasən lizinq alanın üzərinə düşür. Mülki Məcəllənin 21.1, 1096.1, 1096.2, 1097.1-ci maddələrinin mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Eyni zamanda, Mülki Məcəllənin 1097.3-cü maddəsində zərərvuranın təqsirsiz məsuliyyəti müəyyən edilmişdir. Lakin həmin maddənin tələblərinə görə obyektiv surətdə hüquqa zidd əməl üçün məsuliyyət qanunla müəyyən edilməlidir. Göründüyü kimi, Mülki Məcəllədə mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin iki əsası nəzərdə tutulmuşdur. Təqsirə görə və qanuna əsasən təqsir olmadan müəyyən edilmiş obyektiv məsuliyyət. Beləliklə, cavabdehə qarşı irəli sürülmüş zərərin tutulması iddiasının əsaslı hesab edilməsi üçün müəyyən edilməlidir ki, zərər cavabdehin qanunsuz və təqsirli hərəkətləri nəticəsində baş vermiş və ya həmin hadisənin baş verməsinə görə cavabdeh qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyır. Məhkəmə qeyd etmişdir ki, lizinqalanın MM-in 748-7.1-ci maddəsində və həmin normaya uyğun lizinq müqaviləsinin şərtlərində nəzərdə tutulmuş məsuliyyəti təqsirsiz, yəni obyektiv məsuliyyət deyil. Belə ki, MM-in 748-7.1-ci maddəsində və müqavilə şərtlərində qeyd edilir ki, lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. Normanın məzmunundan göründüyü kimi, burada lizinq alanın üzərinə lizinq obyektinin hər cür risklərdən və təhlükələrdən “qorumaq” öhdəliyi qoyulur. Yəni, lizinq alan baş verə biləcək riskləri və təhlükələri əvvəlcədən görmək və ya ehtimal etmək imkanına malik olmalıdır ki, lizinq obyektini qorumaq imkanına malik olsun. Məsələn: nəqliyyat vasitəsini gecə küçədə nəzarətsiz qoyarsa və oğurluq hadisəsi baş verərsə, artıq lizinqalanın ehtiyatsızlığı nəticəsində lizinqverənə ziyan vurulmuş olur. Hazırkı halda isə, cinayət işi üzrə araşdırma zamanı verilmiş ekspert rəyindən göründüyü kimi, yanğın hadisəsi əvvəlcədən görülə və ehtimal edilə bilməyən hadisə (avtomobilin radiatorunun arxa hissəsi ilə mühərrikin arasında olan sahədədə elektrik naqillərində yaranmış qəza nəticəsində naqilə bitişik (və ya yanaşı) yerləşən alışqan təbiətli konstruksiya, və ya materialın alışması) nəticəsində baş vermişdir. İddiaçı tərəfindən məhkəməyə hadisənin cavabdehin qanunsuz və təqsirli hərəkətlərinə görə baş verməsini təsdiq edən hər hansı sübut təqdim edilməmişdir. Belə olan halda məhkəmə hesab etmişdir ki, qanuna və müqavilə şərtlərinə əsasən lizinqalanın iddiaçı qarşısında mülki məsuliyyəti yaranmadığından iddianın təmin edildiyi hissədə birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanunsuz və əsassızdır.

14. İddiaçı MMC həmin qətnamədən kassasiya şikayəti vermişdir.

Kassasiya instansiyası məhkəməsində birinci icraat:

15. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-2(102)-447/2024 saylı qərarı ilə iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 24 aprel tarixli 2- 2(103)- 221/2024 nömrəli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

16. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, 2019-cu il 6 avqust tarixli MAS- 1146 saylı “Daxili lizinq” müqaviləsinin şərtlərinə əsasən tərəflər arasında təhvil-təslim aktı imzalandığı andan müqavilənin bütün müddəti ərzində lizinq obyektinin zərərin bütün növlərindən qorunması, həmçinin onun təsadüfən məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyət lizinq alanın üzərinə düşür. Belə qayda MM-in lizinq münasibətlərini tənzimləyən normalarında da nəzərdə tutulur. Eyni zamanda müqavilə şərtlərinə əsasən lizinq alan lizinq obyektini öz vəsaiti hesabına “Daxili lizinq” müqaviləsi imzalandıqdan 1 il sonra zədələnmə, korlanma, məhv olma, talanma və oğurlanma risklərindən müqavilənin müddəti başa çatanadək sığortalamalıdır. Daxili lizinq müqaviləsinin imzalanmasından 1 il keçdikdən sonra lizinq alan tərəfindən lizinq obyekti kasko sığorta etdirilmədikdə, lizinq obyekti olan avtomobilin zədələnməsi, oğurlanması, tam məhv olması ilə bağlı lizinq alan lizinq obyektini öz vəsaiti hesabına dərhal bərpa etməli və normal iş rejimində saxlamalıdır. Bundan başqa, 2020-ci il 17 fevral tarixli öhdəliklərin ötürülməsi müqaviləsinə əsasən öhdəlikləri qəbul edən tərəf (cavabdeh) 2019-cu il 6 avqust tarixli daxili lizinq müqaviləsi üzrə öhdəliklərin müqavilədə göstərilən müddətdə, şərtlərlə və qaydada iddiaçının qarşısında tam həcmdə və lazımınca yerinə yetirəcəyinə dair öhdəlik götürmüş və 2020-ci il 17 fevral tarixli təhvil-təslim aktına əsasən lizinq obyekti cavabdehə təhvil verilmişdir. Göründüyü kimi, hazırkı cavabdehlə müqavilə 2019-cu il 6 avqust tarixli daxili lizinq müqaviləsinin şərtləri əsasında bağlanmış, daxili lizinq müqaviləsinin şərtinə əsasən lizinq alan lizinq obyektinin zərərin bütün növlərindən qorunması ilə bağlı məsuliyyət daşımaqla, lizinq obyektini zədələnmə, korlanma, məhv olma, talanma və oğurlanma risklərindən müqavilə müddəti başa çatanadək sığortalamalı olsa da, müqavilə ilə üzərinə götürdüyü bu öhdəlikləri icra etməmişdir. Belə olan halda apellyasiya instansiyası məhkəməsi yaranmış mübahisəni tərəflər arasında bağlanmış müqavilə şərtləri çərçivəsində həll etməmiş, məhkəmənin istinad etdiyi hadisənin cavabdehin qanunsuz və təqsirli hərəkətlərinə görə baş verməsini təsdiq edən sübutların təqdim edilməməsi isə lizinq alanın mülki məsuliyyətini istisna edən hal kimi qiymətləndirilə bilməz. Bundan başqa, iddia tələbindən göründüyü kimi, iddiaçı lizinq obyektinin 2021-ci il 13 noyabr tarixində lizinq verənin duracağına yerləşdirilməsinə istinad edərək, həmin tarixə yaranmış borcun tutulmasını tələb etmiş, bu hal iddiaçının nümayəndəsi tərəfindən məhkəmə iclaslarında da bildirilmişdir. Apellyasiya instansiyası məhkəməsi isə bu istiqamətdə heç bir araşdırma aparmamış, sübutların qiymətləndirilməsi ilə bağlı qanunvericiliklə məhkəmələrə verilmiş səlahiyyətlərindən lazımi həcmdə istifadə etməmiş, yalnız iddiaçı tərəfindən tələb edilən borcun hansı dövrü əhatə etməsi, lizinqə verilmiş nəqliyyat vasitəsinin hansı tarixdən iddiaçının sahibliyindən çıxmasının birinci instansiya məhkəməsi tərəfindən araşdırılmadığına, yanğın hadisəsi baş verdikdən sonra lizinq obyektinin cavabdehin istifadəsində və sahibliyində olmadığına istinad etməklə kifayətlənmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları:

11. Məhkəmə iclasında Cavabdeh və cavabdehin nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin təmin edilməsini, qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etdilər.

12. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq:

13. Mülki Məcəllənin: -21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. -385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası -386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. -462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə və ya qanunla müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. -697.4—cü maddəsinə görə kirayəyə verənin kirayəyə verilmiş əşyanın dəyişməsi və ya pisləşməsi nəticəsində zərərin əvəzinin ödənilməsi barədə iddiaları, habelə kirayəçinin xərclərin əvəzinin ödənilməsi və ya hər hansı qurğunun götürülməsinə icazə verilməsi barədə iddiaları altı aydan sonra müddətin keçməsinə görə qüvvədən düşür. Kirayəyə verənin zərərin əvəzinin ödənilməsi barədə iddialarının müddəti onun əşyanı geri aldığı andan başlanır. Kirayəçinin iddialarının müddəti kirayə hüquq münasibətlərinə xitam verildiyi andan başlanır. Kirayəyə verən əşyanın qaytarılması hüququnu müddətin keçməsinə görə itirdikdə onun zərərin əvəzinin ödənilməsi barədə iddiaları da qüvvədən düşür. -747.1-ci maddəsinə görə lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. -751-ci maddəsinə görə lizinq barəsində əmlak kirayəsi müqaviləsinin bu Məcəllənin 747-750-ci maddələrinə zidd olmayan qaydaları tətbiq edilir. --747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. -748-1.8-ci maddəsinə görə lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. - 748-7.1-ci maddəsinə əsasən lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. -748-10.1-ci maddəsinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir.

14. Mülki Prosessual Məcəllənin: -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.

15. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “B.Mürsəlovun şikayəti üzrə” qəbul etdiyi 12 mart 2020-ci il tarixli Qərarı. Kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur... Kəsici müddətlər hüququn özünün xitamı ilə nəticələnir... Kəsici müddət məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır... Kəsici müddətlər isə qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırıla və kəsilə bilməz.

16. Apellyasiya baxışının hədləri:

17. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edilmiş, həmin qətnamə cavabdeh tərəfindən iddianın təmin edilmiş hissəsində mübahisələndirilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilmiş hissəsində ləğv edilmiş və həmin hissədə iddia rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarı ilə apellyasiya instansiyası məhkəməsinin tamamilə ləğv edilmiş və iş yeni apellyasiya baxışına qaytarılmışdır. Odur ki, hazırkı halda məhkəmə tərəfindən qətnamənin əsaslılığı cavabdehin apellyasiya şikayətinə əsasən iddianın təmin edilmiş hissəsində yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

18. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə maddi zərərin əvəzi ödənilməsi tələbinə dair iddianın təmin edilmiş hissəsində, yəni 8988 manat məbləğində pulun tutulması hissəsində ləğv edilməli, həmin hissədə iddia rədd edilməli, qalan mübahisələndirilən hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

11. Belə ki, İddiaçı MMC (lizinq verən) ilə X3 (lizinq alan) arasında 6 avqust 2019-cu il tarixli MAS-1146 saylı daxili lizinq müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən 13.700 manat dəyəri olan “Khazar Peugeot” markalı NVAAD1HFEKH180322 ban nömrəli, qara rəngli avtomobil lizinqə verilmiş, 2019-cu il 27 noyabr tarixli müqavilə əsasında bu lizinq müqaviləsi üzrə öhdəliklər X7, 2020-ci il 17 fevral tarixli MAS-1146 nömrəli “Öhdəliklərin ötürülməsi haqqında müqavilə” əsasında isə Cavabdeh ötürülmüşdür. xx.xx.2021-ci il tarixdə sözügedən avtomobilin mühərrik hissəsində nasazlığa görə baş vermiş yanğın nəticəsində lizinq obyektinə zərər dəymişdir. Hazırda İddiaçı MMC avtomobilə dəymiş maddi zərərin, eyni zamanda xx.xx.2021-ci il tarixədək olan müddət üçün lizinq ödənişləri üzrə borcun (əsas borc, mükafat və dəbbə pulu) cavabdehdən tutulmasını tələb edir.

19. Kollegiya ilk növbədə iddianın lizinq müqaviləsi üzrə 13 noyabr 2021-ci il tarixə əsas, mükafat və dəbbə pulu borcunun tutulması hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı həmin hissədə iddiasını lizinq obyekti olan avtomobilin xx.xx.2021-ci il tarixdə lizinq verənə qaytarılması və belə olan halda həmin tarixədək olan müddət üçün lizinq ödənişlərinin ödənilməsini cavabdehdən tələb etmək hüququnun olması ilə əsaslandırmışdır. Cavabdeh isə avtomobilin yanğın hadisəsi baş verdiyi tarixdən, yəni xx.xx.2021-ci il tarixdən sonra lizinq verənin duracağına yerləşdirildiyini bildirsə də, göstərilən halı sübuta yetirə bilməmişdir.

20. Belə olan halda kollegiya hesab edir ki, lizinq obyektinin xx.xx.2021-ci il tarixədək olan dövrdə lizinq verənə qaytarılması iş materialları ilə öz təsdiqini tapmadığından İddiaçı MMC Mülki Məcəllənin 747.1-ci maddəsinə əsasən 13 noyabr 2021-ci il tarixədək olan müddət üçün 1395,87 manat əsas, 577,96 manat mükafat borcunun cavabdehdən tutulmasını tələb etməkdə haqlı olmuşdur. Odur ki, həmin hissədə iddia tələbinin təmin edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.

21. Dəbbə pulu tələbinə münasibətdə isə qeyd edilməlidir ki, lizinq müqaviləsinin 7.2-ci bəndində lizinq ödənişlərin gecikdirilməsinə görə lizinq alanın dəbbə pulu ödəmək öhdəliyi nəzərdə tutulduğundan, cavabdehin lizinq ödənişlərinin ödənilməsi öhdəliyini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə öz təsdiqini tapdığından, eləcə də birinci instansiya məhkəməsinin müəyyənləşdirdiyi dəbbə pulu məbləği tənasübsüz surətdə yüksək olmadığından məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehdən 38,17 məbləğində dəbbə pulunun tutulması hissəsində iddianı təmin etməkdə də haqlı olmuşdur.

22. İddianın maddi zərərin əvəzinin ödənilməsi hissəsi ilə bağlı kollegiya qeyd edir ki, lizinq obyekti olan avtomobilin mübahisəli hüquq münasibətlərində lizinq alan qismində çıxış edən Cavabdeh (öhdəliklərinin ötürülməsi barədə müqaviləyə əsasən cavabdeh mübahisəli hüquq münasibətində əvvəlki lizinq alan X8 əvəz etmişdir) sahibliyində və istifadəsində olduğu dövrdə həmin avtomobildə yanğın hadisəsinin baş verməsi, nəticədə avtomobilə maddi zərər dəyməsi işin mübahisəsiz halını təşkil edir.

23. Digər tərəfdən Mülki Məcəllənin 748-1.8-ci və 748-7.1-ci maddələrinin tələblərinə, eləcə də mübahisəli lizinq müqaviləsinin 5.1-ci bəndinə əsasən lizinq obyektinin faktiki qəbulu anından həmin obyektin zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, korlanması, istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti lizinq alan daşıyır. Bundan əlavə lizinq müqaviləsi xitam verildiyi halda lizinq obyektini normal köhnəlmə (amortizasiya) nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmaq da lizinq alanın öhdəliklərinə aid edilmişdir.

24. Eyni zamanda müqavilənin 6.1 və 5.3-cü bəndlərinə əsasən lizinq alan lizinq obyektini öz vəsaiti hesabına “Daxili lizinq” müqaviləsi imzalandıqdan 1 il sonra zədələnmə, korlanma, məhv olma, talanma və oğurlanma risklərindən müqavilənin müddəti başa çatanadək sığortalamalıdır. Daxili lizinq müqaviləsinin imzalanmasından 1 il keçdikdən sonra lizinq alan tərəfindən lizinq obyekti kasko sığorta etdirilmədikdə, lizinq obyekti olan avtomobilin zədələnməsi, oğurlanması, tam məhv olması ilə bağlı lizinq alan lizinq obyektini öz vəsaiti hesabına dərhal bərpa etməli və normal iş rejimində saxlamalıdır.

25. Odur ki, Mülki Məcəllənin yuxarıda istinad edilən normalarına və müqavilə şərtlərinə əsasən hazırkı halda avtomobilə dəymiş zərərə görə lizinq alan məsuliyyət daşımalıdır.

26. Digər tərəfdən məhkəmə kollegiyası onu da qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 751-ci maddəsi lizinq münasibətlərinə əmlak kirayəsi müqaviləsinin MM-in 747-750-ci maddələrinə zidd olmayan qaydalarının tətbiqinə imkan verdiyindən, hazırkı mübahisə Mülki Məcəllənin əmlak kirayəsi müqaviləsi ilə bağlı 697.4cü maddəsinin tələbləri nəzərə alınmaqla həll edilməlidir. Həmin maddədə kirayəyə verənin kirayəyə verilmiş əşyanın pisləşməsi nəticəsində zərərin əvəzinin ödənilməsi barədə iddiaları üçün 6 aylıq kəsici müddət müəyyənləşdirilmiş və həmin müddətin onun əşyanı geri aldığı andan başlanılması nəzərdə tutulmuşdur.

27. Hazırkı işin materiallarından isə görünür ki, lizinq obyekti olan avtomobil 13 noyabr 2021-ci il tarixdə lizinq verənin duracağına yerləşdirildiyi, yəni lizinq obyekti həmin tarixdə lizinq verənə qaytarıldığı halda (Göstərilən hal iddiaçının nümayəndələri tərəfindən məhkəmə iclaslarında da bildirilmişdir) lizinq obyektinin pisləşməsi ilə bağlı dəymiş zərərin ödənilməsi tələbinə dair hazırkı iddia lizinq verən tərəfindən 2022-ci il avqustunda, yəni lizinq obyekti lizinq verənə qaytarıldığı tarixdən 9 ay sonra qaldırılmışdır. Göründüyü kimi hazırkı lizinq obyektinə dəymiş maddi zərərin ödənilməsinin tələb etmək hüququna Mülki Məcəllənin 697.4-cü maddəsində nəzərdə tutulmuş kəsici müddətin keçməsi əsası ilə xitam verilmişdir. Lizinq obyektinə dəymiş zərərin ödənilməsi tələbinə dair iddianın birinci dəfə 2022ci ilin yanvarında qaldırılması, lakin həmin tarixdə qaldırılmış iddianın Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin qərardadı ilə geri qaytarılması, yəni hazırkı iddia qaldırılanadək olan dövrdə iddiaçı tərəfindən hərəkətsiz qalmasını, zərərin əvəzinin tutulması üçün müəyyən addımlar atması barədə iddiaçının nümayəndəsinin məhkəmə iclasında səsləndirdiyi dəlillərə münasibətdə kollegiya qeyd edir ki, iddia müddəti və kəsici müddət arasındakı əsas fərqlərdən biri də ondan ibarətdir ki, iddia müddəti dayandırıla (Mülki Məcəllənin 379cu maddəsi), kəsilə (Mülki Məcəllənin 380-ci maddəsi) və müəyyən hallarda bərpa edilə (Mülki Məcəllənin 382-ci maddəsi) bilər. Kəsici müddətlər isə qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırıla və kəsilə bilməz. Odur ki, iddia müddətlərindən fərqli olaraq kəsici müddətlər dayandırılmadığından və ya kəsilmədiyindən həmin müddət ərzində iddiaçı tərəfindən məhkəmə aidiyyətini səhv müəyyən etməklə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etməsi həmin müddətin kəsilməsinə səbəb olmamışdır. Eyni zamanda iddiaçının kəsici müddət ərzində MPM-in tələblərinə riayət etmədən məhkəməyə iddia ilə müraciət etməsinin kreditorun öz hüquqdan lazımi qaydada istifadə etməsi kimi qiymətləndirilməsi üçün də əsas yoxdur. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı cavabdehə qarşı lizinq obyektinə dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququndan qanunda müəyyən edilmiş müddət ərzində lazımi qaydada istifadə etmədiyindən həmin hüquqa xitam verilmişdir.

28. Beləliklə, kollegiya hesab edir ki, 8988 manat dəymiş zərərin tutulması tələbinə dair iddianın təmin edilməsi hissəsində qətnamə ləğv edilməli, həmin hissədə iddia rədd edilməlidir.

29. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-503/2023 saylı kommersiya mübahisəsi qismən - 8988 manat dəymiş zərərin tutulması tələbinə dair iddianın təmin edilməsi hissəsində ləğv edilsin, həmin hissədə iddia rədd edilsin. Qalan mübahisələndirilən hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Leyla Əliyeva

Hakimlər: Təranə Mahmudova

Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar