Məhkəmə qərarları › İş №2-2(103)-1031/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1031/2021

11.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1031/2021 11.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi, Cavabdeh1, Cavabdeh2 MMC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı MMC-nin pul tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1162/2021 nömrəli iş üzrə 13 aprel 2021-ci il tarixli qətnaməsindən Cavabdeh2 MMC-nin apellyasiyasına əsasən kommersiya mübahisəsinə аçıq məhkəmə iclаsındа bаxаrаq müəyyən etdi: İddiaçı cavabdehlərə qarşı məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 22.04.2019-cu il tarixli alqı-satqı müqaviləsinə və 02.09.2019-cu il tarixli zəmanət məktubuna əsasən 35.592 manat borcun, 1.929 manat cərimənin, 2.847 manat faiz borcunun, ümumilikdə 40.368 manat pul vəsaitinin və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğdə dövlət rüsumunun tutularaq onun hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 13.04.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 35.592 manat məbləğdə əsas borc, 500 manat məbləğdə cərimə olmaqla, ümumilikdə 36.092 manat məbləğdə pul vəsaitinin Cavabdeh2 MMC-dən tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 27 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Qətnamə ilə razılaşmayan Cavabdeh2 MMC ondan apellyasiya şikayəti verərək, ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, mübahisələndirilən 22.04.2019-cu il tarixli 05/19 nömrəli alqı-satqı müqaviləsinin 1.5-ci bəndinə əsasən əlavədə qeyd edilən tikintidə istifadə olunan M500 markalı sement və çınqıl daşı materaillarını “Alıcı” qəbul edir və dəyərini ödəyir. Həmin malların Cavabdeh2 MMC-yə təhvil verilməsi barədə hər hansı sənəd təqdim edilməmişdir. EEAW seriyalı 937976 nömrəli 09.07.2019 tarixli Elektron qaiməyə əsaslanan məhkəmə həmin elektron qaimədə 2.966 ton x 12 manat = 35.592 manat dəyərində çınqıl daşı ilə bərabər M500 sement materialının 387 ton x 120 manat = 46.440 manat verildiyi göstərilmişdir. Müqavilənin 4.1-ci bəndinə əsasən ”Satıcı” malın təhvil verilməsi ilə bilrikdə hesab fakturanı və digər zəruri sənədləri “Alıcı” ya təqdim etməlidir. Ümumiyyətlə belə sənədlər təqdim edilməmişdir. Cavabdeh1 qarşısında nisyə şəkildə verilmiş 2.966 ton hər tonu 12 manatdan çınqılın maya dəyəri 35.592 manat borcun etiraf edilməsi və 2 ay ərzində, 01.12.2019-cu il tarixədək ödəməyi öz öhdəsinə götürməyi barədə 02.09.2019-cu il tarixli məktubun kimə ünvanlandığı və həmin məktubda buna zəmanət verən şəxsin Cavabdeh1 ifadəsində hər hansı ödənişlər edilib-edilməməsi barədə ümumiyyətlə araşdırma aparılmamışdır. Qeyd olunanlar ümumiləşdirilərsə, iddiaçıdan birbaşa hər hansı mallar alınmayıb və bağlanmış müqavilə üzrə hər hansı mülki hüquq münasibətləri yaranmamışdır. Həmin müqavilə üzrə iddiaçı tərəfindən malların Cavabdeh2 MMC-yə təhvil verildiyini, müqavilə öhdəliklərini yerinə yetirməsi öz təsdiqini tapmır. Təqdim edilən 2.966 ton çınqılın həcmi, daşınması halları nəzərə alınsa, iddiaçı tərəfindən təhvil-təslim barədə qaimə fakturaların olmaması həmin malların iddiaçı tərəfindən təhvil verilmədiyinin göstəricisidir. İşə apellyasiya qaydasında baxılarkən Cavabdeh2 MMC-nin nümayəndəsi şikayəti müdafiə edib, ona uyğun izahat vermiş, Cavabdeh1 qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, dəlillər əsassızdır. İlk olaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20.05.2011-ci il tarixli Qərarında göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” - “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” - “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir. ... Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti ilə qətnamənin bütövlükdə ləğvi xahiş edilməsinə baxmayaraq, mübahisənin predmeti bölünən olduğu və iddiaçı tərəfindən də apellyasiya şikayəti verilmədiyi (qətnamə onun tərəfindən mübahisə edilmədiyi) üçün, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığına onun düzünə mübahisələndirilən hissədə, yəni apellyasiya şikayəti həddində hüquqi qiymət verilməli, qalan hissə tərəflər arasında mübahisəsiz olduğu, həmçinin, birinci instansiya məhkəməsinin qətnaməsi qalan hissədə prosessual hüquq normalarına riayət olunmaqla qəbul edildiyi üçün, qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalı, qətnamə yalnız iddia təmin olunan hissədə apellyasiya şikayətinin dəlilləri həddə yoxlanılmalıdır. Bu kontekstdə araşdırma aparılan işdən müəyyən edilir ki, tərəflər arasında bağlanmış 22.04.2019-cu il tarixli 05/19 nömrəli Alqı-satqı müqaviləsinin əslinə əsasən iddiaçı cavabdehə əlavədə qeyd edilən tikintidə istifadə olunan sement M500 və çınqıl daşı materiallarını satmağı, cavabdeh isə həmin malı qəbul və müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 5-ci bəndinə görə, alıcı sifariş olunan malın dəyərinin 100% həcminin təsdiq edildikdən və satıcının təqdim etdiyi elektron qaimə və ya hesab-fakturanı aldıqdan sonra 10 iş günü ərzində köçürmə yolu ilə həyata keçirir. Mal alıcıya tam təhvil verildikdən sonra alıcı 10 iş günü ərzində malın dəyərinin 100% həcmində ödəniş etməlidir. Tərəflərin səlahiyyətli imzaları və möhürü ilə təsdiq edilmiş 22.04.2019-cu il tarixli Qiymətin razılaşması 5 nömrəli protokoluna əsasən, 22.04.2019-cu il tarixli 05/19 nömrəli Alqı-satqı müqaviləsi ilə ƏDV daxil cəmi 3.861.600 manat məbləğdə sement M500 (20.000 ton, hər tonu 120 manat) və çınqılın (60.000 ton, hər tonu 12 manat) alqı-satqısı razılaşdırılmışdır. Cavabdeh2 MMC-nin rəhbəri Nümayəndə1 tərəfindən imzalanan və qurumun möhürü ilə təsdiq edilən, iddiaçıya ünvanlanan 02.09.2019-cu il tarixli məktubun əslindən görünür ki, Cavabdeh2 MMC İddiaçı MMC ilə bağladığı 22.02.2019-cu il tarixli 05.19 nömrəli müqaviləyə əsasən nisyə şəkildə verilmiş 2.966 ton hər tonu 12 manatdan verilmiş çınqılın maya dəyəri 35.592 manat borcu 2 ay ərzində 01.11.2019-cu ilə qədər ödəməyə tam zəmanət vermişdir. İddiaçı tərəfindən Cavabdeh2 MMC-yə təqdim edilən 09.07.2019-cu il tarixli EAAW 937976 nömrəli elektron qaiməyə əsasən, ƏDV daxil 41.998,56 manat dəyərdə 2.966 ton çınqıl və ƏDV daxil 54.799,20 manat dəyərdə M500 sement olmaqla, cəmi 96.797,76 manat dəyərdə mal Cavabdeh2 MMC-yə verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 567-ci maddəsinə görə, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 71-1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə müəyyən edilən hallarda fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verir. Eyni Məcəllənin 176-cı maddəsinə görə, həmin Məcəllənin 176.4-cü maddəsinin yerinə yetirilməsi şərti ilə, ƏDV-nin ödəyicisi kimi qeydiyyatdan keçən və vergi tutulan əməliyyat aparan şəxs malları, işləri və ya xidmətləri qəbul edən şəxsə elektron vergi hesab-fakturasını verməyə borcludur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14.03.2017-ci il tarixli 89 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.9-cu bəndinə görə, ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaiməfaktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur. İşin müəyyən olunmuş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, alqı-satqı müqaviləsinə əsasən təhvil aldığı malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh müqavilə üzrə iddiaçıya qalan borcunu ödəməlidir. Bu mənada məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır. Belə ki, mübahisəli borcun yaranması və məbləği alqı-satqı müqaviləsi, elektron qaimə, qiymətin razılaşması protokolu və borcu etiraf məktubu ilə təsdiqini tapır. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, dəlillər qətnamənin ləğvinə əsas vermir. Bununla bağlı olaraq, qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir (MPM-in 384.0.1-ci maddəsi). Göstərilənlərə əsasən və MPM-in 384, 392 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1162/2021 nömrəli iş üzrə 13 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh2 MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətdə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar