Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1031/2025 03.03.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “nisyə alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair ilk, İddiaçı Cavabdeh İddiaçınə qarşı “müqavilələrin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddiaları ilə bağlı kommersiya mübahisəsi üzrə (açar sözlər: müqavilənin etibarsızlığı, vacib əhəmiyyətli yanılma, sübutların mötəbərliyi, sübutların qiymətləndirilməsi, sübutetmə yükü, malların təhvil verilməsi) X2 sədrliyi ilə, hakimlər ibarət tərkibdə, məhkəmə iclas katibi katibliyi, ilk iddia üzrə iddiaçının nümayəndəsi Nümayəndə3, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə2 iştirakları ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-540/2025 nömrəli qətnaməsindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları:
1. İddiaçı (“Satıcı”) ilə Cavabdeh (“Alıcı”) arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 235/2022 nömrəli məhsulların nisyə alqı-satqısı barədə müqaviləyə əsasən “Satıcı” “Alıcı”ya nisyə (borc) olaraq ümumi dəyəri 20 334,62 manat məbləğində olan müxtəlif çeşidli məhsulları satmağı, “Alıcı” “Satıcı”ya 20 334,62 manat məbləğində borcu 3 ay ərzində pul şəklində ödəməyi öz öhdəsinə götürür.
2. xx.xx.2022-ci il tarixli təhvil-təslim aktında ümumi dəyəri 20 334,62 manat olan 21 639 ədəd, 0,25 l və 0,45 l tutumlu metal bankalarda qablaşdırılmış və 24 ədədlik kasetlər şəklində yığılmış “Bizon”, “Go” və “Red Bizon” adlı içkilərdən ibarət malların Cavabdeh təhvil verildiyi qeyd edilmişdir.
3. İddiaçı MMC (“Kreditor”) ilə Cavabdeh (“Borclu”) arasında bağlanmış xx.xx.2022-ci il tarixli mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsasən “Borclu” “Kreditor”a 20 334,62 manat məbləğində borcu olduğunu tam etiraf edir və bu müqavilə bağlandıqdan sonra hər ay 6 778,20 manat olmaqla xx.xx.2023-cü il tarixədək tam olaraq ödəməyi öhdəsinə götürür.
4. xx.xx.2023-cü il tarixli ərizədə Cavabdeh adından xx.xx.2022-ci il tarixli müqavilə üzrə 20 334,62 manat borcu xx.xx.2023-cü il tarixədək ödəməyi öhdəsinə götürdüyü göstərilmişdir.
5. xx.xx.2025-ci il tarixli, 4/414 nömrəli ekspert rəyinə əsasən xx.xx.2022-ci il tarixli mövcud borcun etirafı haqqında mücərrəd müqavilə (i.v. 37), xx.xx.2023-cü il tarixli ərizə (i.v. 38), “məhsulların nisyə alqı-satqısı barədə” müqavilə (i.v. 39) və təhvil-təslim aktında (i.v. 40) olan imzaların Cavabdeh tərəfindən deyil, başqa şəxs tərəfindən icra edildiyi müəyyən edilmişdir.
6. 12.06.2025-ci il tarixli, 4/851 nömrəli ekspert rəyinə əsasən xx.xx.2022-ci il tarixli məhsulların nisyə alqı-satqısı barədə müqavilə (i.vş 115), mövcud borcun etirafı haqqında mücərrəd müqavilə (i.vş 114) və təhvil-təslim aktında olan imzaların Cavabdeh tərəfindən icra olunduğu müəyyən edilmişdir.
7. Cəlilabad rayon İcra Hakimiyyəti Başçısının Sabirabad kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyindən verilmiş xx.xx.2025-ci il tarixli aktlara əsasən xx.xx.2022-ci il tarixdə Cavabdeh gün ərzində Cəlilabad rayonunun Sabirabad kəndi ərazisində yerləşən torpaq sahəsində əkin işləri ilə məşğul olmuşdur. Həmçinin, həmin kənddə ona məxsus ərzaq mağazası 30 m² sahəsi olan, təmirsiz və istifadə üçün məhdud şəraitli obyekt olmuş, mağaza onun tərəfindən təkbaşına idarə edilmiş və işçisi olmamışdır.
Birinci instansiya məhkəməsindəki icraat:
8. İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 20 334,62 manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 151 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh nisyə alqı-satqı müqaviləsi üzrə aldığı malları ödəməmişdir.
10. İddiaçı cavabdeh tərəfindən təqdim edilmiş qəbzlərə əsasən 3000 manatın iddiaçının işçilərinin bank kartlarına köçürüldüyünü qəbul edərək iddia tələbinin həcmini azaltmış, cavabdehdən 17 609 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 151 manat məbləğində pul vəsaitinin alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
11. İddiaçı Cavabdeh İddiaçınə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli məhsulların nisyə alqı-satqısı barədə müqavilənin, təhviltəslim aktının və mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin etibarsız hesab olunması, ilk iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, iş materiallarına əlavə edilmiş sənədlər Cavabdeh tərəfindən imzalanmamış, cavabdehin nümayəndəsi tərəfindən saxta şəkildə tərtib edilərək iddiaçıdan pul tələb edilmişdir. İddiaçı MMC malların borcluya göndərildiyini iddia etsə də, bunu təsdiq edən elektron qaimə-fakturanı təqdim edə bilməmişdir. Təhvil-təslim aktında 21 639 ədəd enerji içkisinin alıcı tərəfindən qəbul edildiyi göstərilsə də, bu məlumatın reallığa uyğun olmadığı bildirilmişdir. Belə ki, Sabirabad kəndində bu qədər miqdarda enerji içkisinə tələbatın olması ehtimalı aşağı olmaqla yanaşı, mövcud anbarın ölçüləri və imkanları nəzərə alındıqda həmin həcmdə məhsulun bir gün ərzində ora gətirilməsi və yerləşdirilməsinin mümkün olmadığı qeyd edilmişdir. Bundan əlavə, MMC-nin əməkdaşının Cavabdeh hüquqi savadsızlığından istifadə edərək ödənişlərin şəxsi kart hesabına köçürülməsini tələb etdiyi, lakin həmin ödənişlər nəzərə alınmadan yenidən ödəniş tələb edildiyi, nəticədə borc məbləğinin şişirdildiyi və iddiaçı tərəfindən ödənilmiş vəsaitin faktiki olaraq mənimsənildiyi göstərilmişdir.
13. Cavabdeh iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən həm ilkin, həm də sonradan təqdim edilmiş xx.xx.2022-ci il tarixli müqavilələrin, xx.xx.2023-cü il tarixli ərizənin və təhvil-təslim aktlarının etibarsız hesab olunması, ilk iddianın rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
14. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-540/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə qarşılıqlı iddia üzrə tələbin “təhvil-təslim aktlarının və ərizənin etibarsız hesab edilməsi” hissəsində iş üzrə icraata xitam verilmişdir.
15. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-540/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə İddiaçı MMC-nin Cavabdeh qarşı “nisyə alqı-satqı müqaviləsi üzrə pulun tutulması”na dair iddiası təmin edilmiş; cavabdehdən 17 609 manat məbləğində pul və ödənilmiş 142,83 manat dövlət rüsumu olmaqla, ümumilikdə 17 751,83 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. İddiaçı Cavabdeh İddiaçı MMCyə qarşı “müqavilələrin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddiası təmin edilməmiş; ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi və keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 124 manat pulun İddiaçı MMC-dən, 138 manat pulun isə Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.
16. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, əqdlərin etibarsızlığı üçün qanuni əsaslar müəyyən edilməmişdir. Məhkəmə araşdırması zamanı müqavilələrin iki nüsxədə olduğu, ilk təqdim edilən nüsxələrin başqa şəxs tərəfindən imzalandığı, digər nüsxələrin isə Cavabdeh tərəfindən imzalandığı ekspert rəyləri ilə müəyyən edilmişdir. Həmçinin, Cavabdeh tərəfindən təqdim edilmiş ödəniş qəbzləri həmin müqavilə üzrə İddiaçı MMC-yə müxtəlif tarixlərdə ödənişlər edildiyini təsdiq edir. Bu səbəbdən məhkəmə qarşılıqlı iddianı əsassız hesab etmişdir. İlk iddia tələbinə münasibətdə isə məhkəmə müəyyən etmişdir ki, İddiaçı MMC müqavilə üzrə öhdəliklərini yerinə yetirərək ümumi dəyəri 20 334,62 manat olan malları Cavabdeh təhvil vermiş, lakin sonuncu malların dəyərini tam ödəməmişdir. Buna görə də məhkəmə qalıq 17 609 manat borcun tutulması tələbini əsaslı hesab etmişdir.
17. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-540/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinin ləğv edilməsini, ilk iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri
18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisələndirilən müqavilələr üzrə tərəflərin qarşılıqlı iradə ifadəsi olmamışdır. Bu da əqdin hüquqi təbiətinə ziddir. Müqavilə bağlanarkən onun bir nüsxəsinin borcalana verilməsi zəruri olsa da, Cavabdeh müqavilənin nüsxəsini aldığını təsdiq edən hər hansı sənəd mövcud deyildir. Bundan başqa, İddiaçı MMC müqavilədə göstərilən məbləğdə malların cavabdehə göndərildiyini bildirsə də, bunu təsdiq edən elektron qaimə-fakturanı məhkəməyə təqdim etməmişdir. Həmin sənəd iş materiallarında olmadığı üçün iddia edilən borcun mövcudluğu şübhə altına düşür. Məhkəmə həmçinin müqavilə üzrə ödənişlərin edildiyini qeyd etməklə hüquqi yanlışlığa yol vermişdir. Belə ki, cavabdehin etdiyi ödənişlər mübahisəli müqaviləyə deyil, tərəflər arasında digər mallara görə aparılan ayrı hesablaşmalara aid olmuşdur. Mübahisələndirilən müqavilə cavabdehin bağladığı əqd deyil. Cavabdeh vacib əhəmiyyətli yanılma şəraitində şirkətin təqdim etdiyi boş müqaviləyə imza atmış, sənədin boş hissələri isə sonradan MMC-nin nümayəndəsi tərəfindən doldurulmuşdur və bu barədə cavabdehin məlumatı olmamışdır. Məhkəmə iclasında iddiaçı tərəfin nümayəndəsi də müqavilədəki yazıların Cavabdeh aid olmadığını və boş hissələrin şirkətin əməkdaşı tərəfindən doldurulduğunu etiraf etmişdir. Bu hal müqavilənin etibarsız sayılması üçün əsasdır. Eyni zamanda, iddiaçı tərəfindən verildiyi iddia olunan 21 639 ədəd enerji içkisinin Sabirabad kəndində qəbul edilməsi və satılması real görünmür. Kənd yerlərində enerji içkilərinə tələbat aşağıdır və mövcud anbarın ölçüləri belə miqdarda məhsulun saxlanmasına imkan vermir. Bu qədər məhsulun bir gün ərzində anbara yerləşdirilməsi də faktiki baxımdan mümkün hesab edilə bilməz.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
19. İddiaçı MMC tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
20. Məhkəmə iclasında iştirak edən qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
21. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə iddiaçının nümayəndəsi Nümayəndə3 apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Apellyasiya məhkəməsindəki icraat:
22. Məhkəmə kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə sənədlərin texniki ekspertizası təyin edilmişdir.
23. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2026-cı il tarixli, 5/57 saylı ekspert rəyinə əsasən xx.xx.2022-ci il tarixli müqavilələr və təhvil-təslim aktında əsas mətnlərdəki əl yazıları, müvafiq qrafalardakı yazılar, rəqəmlər və imzalar rəngləyici maddələrinin kimyəvi tərkibinə görə eyni diyircəkli qələmlə icra olunmuşdur. Aparılmış tədqiqatın dəyəri 160 manat təşkil edir.
Tətbiq edilən hüquq
24. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 324. Əqd anlayışı və onun növləri 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. ... 324.6. Əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir. Maddə 337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. ... 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. ... Maddə 347. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqdin etibarsızlığı 347.1. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər. 347.2. Vacib əhəmiyyətli yanılma aşağıdakı hallardır: ... 347.2.2. şəxs bağlamağı arzuladığı əqdin məzmunu barəsində səhv etmişdir; ...
25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli Qərarı: Hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur. Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir.
26. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. … Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. … 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.
Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsaslar 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: ... 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; ... Maddə 389. Məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut olunmaması Məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə və ya qərardadda qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir.
Maddə 390. Məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması Məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişsə, məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillər işin hallarına uyğun hesab edilmir.
Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri:
27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
28. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
29. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən ilk iddia təmin edilmiş, qarşılıqlı iddia təmin edilməmiş, qətnamədən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. İlk iddia üzrə cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilməsini, ilk iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, qətnamənin əsaslılığı tam yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
30. Məhkəmə kollegiyası hesab edir ki, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə ilk iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsinə dair yeni qətnamə çıxarılmalıdır.
31. İş materiallarından müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh qarşı nisyə alqı-satqı müqaviləsi və mövcud borcun etirafı haqqında müqaviləyə əsaslanaraq pul tələbi irəli sürülmüşdür. Cavabdeh isə qarşılıqlı iddia verərək həmin müqavilələri imzalamadığını, ondan boş sənədə imza alındığını və sonradan həmin sənədin müqavilə kimi rəsmiləşdirildiyini bildirərək müqavilələrin etibarsız hesab edilməsini tələb etmişdir.
32. Kollegiya ilk növbədə qeyd edir ki, mülki mühakimə icraatında tərəflər öz prosessual hüquqlarından vicdanla istifadə etməli, məhkəməni çaşdırmaq və yanlış yönləndirmək məqsədi daşıyan hərəkətlərə yol verməməli və məhkəməyə yalnız həqiqəti əks etdirən, mötəbər sübutlar təqdim etməlidirlər.
33. Birinci instansiya məhkəməsində işə baxılarkən iddiaçı "xxxx" MMC tərəfindən tələbin əsası kimi ilkin olaraq məhkəməyə xx.xx.2022-ci il tarixli məhsulların nisyə alqısatqısı və mövcud borcun etirafı haqqında müqavilələr, həmçinin həmin tarixli təhvil-təslim aktı təqdim edilmişdir.
34. Lakin xx.xx.2025-ci il tarixli, 4/414 nömrəli ekspert rəyi ilə həmin sənədlərdəki imzaların Cavabdeh tərəfindən deyil, başqa şəxs tərəfindən icra edildiyi müəyyən edilmişdir.
35. İddiaçı "xxxx" MMC məhz bu fakt ortaya çıxdıqdan sonra - icraatın gedişində (xx.xx.2025-ci il tarixdə) məhkəməyə xx.xx.2023-cü il tarixli ərizə istisna olmaqla həmin sənədlərin eyni məzmunlu, lakin fərqli nüsxələrini təqdim etmiş, bu sənədlərin Cavabdeh məhz özü tərəfindən, ilkin təqdim edilmiş sənədlərin isə onun işçisi tərəfindən imzalandığını bildirmişdir.
36. Lakin cavabdeh heç vaxt işçisinin olmadığını bildirmiş, iddiaçı həmin “işçi”nin kimliyini və səlahiyyətlərini təsdiq edən hər hansı sübut təqdim etməmişdir.
37. Kollegiya hesab edir ki, iddiaçı tərəfindən əvvəlcə saxta olduğu müəyyən edilmiş sənədlərin təqdim olunması, sonradan isə bu halı izah etmək üçün real faktlarla təsdiqlənməyən versiyalara istinad edilməsi iddiaçı tərəfin mövqeyinin ardıcıl olmadığını göstərir və təqdim etdiyi sübutların mötəbərliyinə ciddi şübhələr yaradır.
38. Kollegiya qeyd edir ki, iddiaçıda eyni hüquqi fakta dair iki sənəd toplusunun olması və bunlardan birinin saxtalığının müəyyən edilməsi məhkəmədə digər sənədlər toplusuna sübut kimi diqqətlə yanaşılmasını və daha yüksək mötəbərlik standartı tətbiq edilməsini zəruri edir. Belə şəraitdə iddiaçının təqdim etdiyi həmin sənədlər özlüyündə iddianın təsdiqi üçün yetərli hesab edilə bilməz və iddia edilən hüquq münasibətlərinin mövcudluğu digər obyektiv sübutlarla da təsdiq edilməlidir.
39. Kollegiya eyni zamanda qeyd edir ki, iddiaçı tərəfindən eyni hüquqi faktın – 21 639 manat borc öhdəliyinin təsdiq edilməsi üçün eyni tarixdə həm nisyə alqı-satqı müqaviləsinin, həm təhvil-təslim aktının, həm də mövcud borcun etirafı haqqında ayrıca müqavilənin tərtib edilməsi diqqət çəkir.
40. Normal kommersiya dövriyyəsində borcun etirafı haqqında mücərrəd müqavilə adətən artıq yaranmış və müəyyən edilmiş borcun sonradan ayrıca təsdiqi məqsədilə bağlanır. Hazırkı halda isə bu sənədlərin eyni tarixdə tərtib edilməsi onların hüquqi funksiyasının üst-üstə düşdüyünü göstərir.
41. İlkin sənədlərin saxta olması faktı ilə birlikdə qiymətləndirildikdə, bu cür paralel hüquqi konstruksiyanın tətbiqi mövcud hüquqi münasibətləri düzgün rəsmiləşdirməkdən daha çox, məhkəmə mübahisəsi zamanı istifadə olunacaq sübut bazası formalaşdırmaq məqsədi daşıdığı qənaətini gücləndirir.
42. Kollegiya qeyd edir ki, iş materiallarında cavabdehə iddia edilən həcmdə malların verilməsini təsdiq edən elektron qaimə-faktura, nəqliyyat sənədləri, anbar uçotu sənədləri və ya digər ilkin maliyyə-mühasibat sənədləri mövcud deyildir.
43. İddiaçı malların cavabdehə birbaşa öz anbarında təhvil verildiyini bildirsə də, bu halı təsdiq edən obyektiv sübutlar təqdim etməmişdir.
44. Bundan əlavə, iddiaçı tərəfindən malların təhvil verilməsi ilə bağlı verilmiş izahatlar ardıcıl olmamışdır. Belə ki, əvvəlcə malların cavabdehin iştirakı ilə Bakı şəhərində yerləşən anbarda təhvil verildiyi bildirilsə də, cavabdeh bunu təkzib etdikdən sonra cavabdehin həmin vaxt həmin yerdə olmaması ehtimalı qəbul edilmiş və malların üçüncü şəxs vasitəsilə təhvil verilməsi ehtimalı irəli sürülmüşdür.
45. Kollegiya hesab edir ki, bu cür qeyri-ardıcıl, dəyişkən və ehtimal xarakterli izahatlar iddiaçının istinad etdiyi halların inandırıcılığını azaldır.
46. Kollegiya mübahisəli təhvil-təslim aktında göstərilən malların həcmini də qiymətləndirərək qeyd edir ki, həmin aktda ümumilikdə 21 639 ədəd metal bankalarda qablaşdırılmış enerji içkisinin cavabdehə təhvil verildiyi göstərilmişdir.
47. Təxmini hesablamaya görə bu həcmdə məhsul 900-dən artıq kaset təşkil edir, ümumi qablaşdırma həcmi təxminən 14 m³, daşınma şəraitində isə təxminən 16–18 m³ həcmində yükə bərabərdir və yalnız maye hissə üzrə çəkisi 8 tondan artıqdır.
48. Bu qədər məhsulun daşınması və saxlanılması üçün əhəmiyyətli logistika və sahə tələb olunur ki, bu hal cavabdehin kiçik ölçülü və təkbaşına idarə olunan ticarət obyektinin imkanları ilə uyğunlaşmır.
49. Bu baxımdan kollegiya hesab edir ki, belə həcmdə malların iddiaçı tərəfindən göstərilən qaydada cavabdehə təhvil verilməsi barədə iddia inandırıcı sübutlarla təsdiq olunmamışdır.
50. Kollegiya həmçinin nəzərə alır ki, iddiaçı tərəfindən istinad edilən müqaviləyə əsasən öhdəliyin icra müddəti xx.xx.2023-cü il tarixdə başa çatmalı olduğu halda, iddiaçı tərəfindən cavabdehə qarşı ilk dəfə yalnız xx.xx.2024-cü il tarixdə, məhkəməyə müraciət etməzdən iki gün əvvəl yazılı tələb (pretenziya) irəli sürülmüşdür.
51. İş materiallarında göstərilən müddət ərzində cavabdehdən borcun ödənilməsinin tələb edilməsi ilə bağlı hər hansı yazılı və ya şifahi müraciətin edildiyini təsdiq edən sübutlar mövcud deyildir.
52. Kollegiya hesab edir ki, kommersiya dövriyyəsində borcun icra müddəti çatdıqdan sonra bu qədər uzun müddət ərzində heç bir tələb irəli sürülməməsi iddiaçının istinad etdiyi hüquqi münasibətin real şəkildə mövcud olması barədə şübhələri artıran hallardan biridir və onun mövqeyinin inandırıcılığına mənfi təsir göstərir.
53. Kollegiya həmçinin nəzərə alır ki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş ödəniş qəbzlərindən görünür ki, o, iddiaçı ilə faktiki münasibətlər çərçivəsində əldə etdiyi mallara görə müəyyən məbləğləri iddiaçının işçilərinə məxsus bank hesablarına köçürmüşdür.
54. İddiaçı həmin ödənişlərin onun işçilərinin hesablarına daxil olduğunu qəbul etmiş və bunun əsasında iddia tələbinin məbləğini azaltmışdır.
55. Kollegiya hesab edir ki, bu hal tərəflər arasında mövcud olmuş faktiki münasibətlərin iddiaçının istinad etdiyi yazılı müqavilə modelindən fərqli olduğunu göstərir. Belə ki, malların verilməsi və ödənişlərin həyata keçirilməsi hüquqi şəxsin rəsmi hesablaşma mexanizmlərindən kənar, qeyri-rəsmi qaydada baş vermişdir.
56. Bu isə iddiaçının təqdim etdiyi müqavilə və digər sənədlərin tərəflər arasında real hüquqi münasibətləri tam və düzgün əks etdirməsi barədə şübhələri daha da gücləndirir.
57. Qarşılıqlı iddiaya münasibətdə məhkəmə qeyd edir ki, ilkin təqdim edilmiş sənədlər üzrə ekspertiza ilə müəyyən edilmişdir ki, həmin sənədlərdəki imzalar cavabdehə məxsus deyildir.
58. Mülki Məcəllənin 324.6-cı maddəsinə əsasən iradənin məzmunu müəyyən edilə bilmədikdə əqd mövcud hesab edilmir.
59. Bu səbəbdən cavabdeh tərəfindən imzalanmadığı müəyyən edilmiş sənədlər onun iradə ifadəsini əks etdirmədiyindən həmin sənədlər əsasında müqavilə münasibətinin yarandığını qəbul etmək mümkün deyildir.
60. İlk iddia üzrə iddiaçının sonradan təqdim etdiyi və məhkəmə qətnaməsinin əsasını təşkil edən mübahisəli əqdlərin etibarlılığına gəldikdə kollegiya hesab edir ki, həmin əqdlər tərəflərin azad və şüurlu iradəsi ilə bağlanmadığından etibarlı əqd hesab edilə bilməz.
61. Mülki Məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Hər bir əqdin təməlində tərəflərin azad və qüsursuz iradəsi dayanmalıdır.
62. Kollegiya qeyd edir ki, müqaviləni digər öhdəlik əsaslarından fərqləndirən ən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Tərəflərin daxili iradəsi ilə həmin iradənin xaricdəki ifadəsi, yəni sənəddə əks olunan məzmun tam vəhdət təşkil etməlidir. İradə vəhdətinin olmaması əqdin etibarlılıq şərtlərinin pozulması kimi qiymətləndirilməlidir və belə əqdlər hüquqi nəticə doğura bilməz.
63. İş üzrə müəyyən edilmiş hallar göstərir ki, Cavabdeh mübahisələndirilən sənədləri imzalayarkən onların real məzmunu və hüquqi nəticələri barədə düzgün təsəvvürə malik olmamışdır. Belə ki, Cavabdeh sənədlərə imza edərkən sonradan onun üzərinə 20 334,62 manatlıq malın alınması və onun dəyərinin ödənilməsi öhdəliyinin sənəddə əks etdirilməsindən xəbərsiz olmuşdur. Bu isə onun daxili iradəsi ilə sənəddə əks olunmuş iradə ifadəsi arasında uyğunsuzluğun mövcud olduğunu göstərir.
64. Şəxs hər hansı bir sənədi imzalayarkən onun mahiyyəti, predmeti və öz üzərinə götürdüyü öhdəliyin həcmi barədə məlumatlı deyilsə, hüquqi baxımdan burada qarşılıqlı razılaşdırılmış iradə ifadəsindən söz gedə bilməz.
65. Mülki Məcəllənin 347.1 və 347.2.2-ci maddələrinə əsasən əqdin mahiyyəti və ya əsas şərtləri barədə yanlış təsəvvürə düşmə vacib əhəmiyyətli yanılma hesab olunur və belə halda bağlanmış əqd mübahisələndirilərək etibarsız sayıla bilər.
66. Bu yerdə kollegiya qeyd edir ki, apellyasiya mərhələsində keçirilmiş ekspertiza tədqiqatı ilə bağlı xx.xx.2026-cı il tarixli ekspertiza rəyi və həmin rəyin nəticələrinin hüquqi müstəvidə qiymətləndirilməsi xüsusi əhəmiyyət kəsb edir.
67. Belə ki, həmin ekspert rəyi ilə müəyyən edilmişdir ki, sonradan təqdim edilmiş sənədlərin (alqı-satqı müqaviləsi, borcun etirafı müqaviləsi və təhvil-təslim aktı) əsas mətnində olan əl ilə icra edilmiş yazılarla, "Alıcı" və "Borclu" qrafalarında Cavabdeh məxsus olan əl yazıları, rəqəmlər və imzalar rəngləyici maddələrinin kimyəvi tərkibinə görə eyni diyircəkli qələmlə icra olunmuşdur.
68. Məhkəmə kollegiyası rəyin bu nəticəsini təhlil edərək qeyd edir ki, mübahisələndirilən sənədlərin əsas mətnindəki yazılarla cavabdehin imzasının və rekvizitlərinin eyni kimyəvi tərkibli mürəkkəblə yazılması özlüyündə əqdlərin etibarsızlığına dair cavabdehin dəlillərini təkzib etmir.
69. Kollegiya qeyd edir ki, bu hal heç bir vəchlə cavabdehin sənədi imzalayarkən onun mətni ilə tanış olmasına və ya müqavilədəki iradə ifadəsinin həqiqətən də cavabdehə məxsus olmasına dəlalət etmir. Şəxsin məzmunu tam formalaşmamış sənədə imza atması və sonradan digər tərəfin həmin sənədin qalan boş hissələrini eyni qələmlə (və ya eyni kimyəvi tərkibli başqa bir qələmlə) birtərəfli qaydada doldurması mümkün olan bir haldır və bu hal tərəflər arasında iradə vəhdətinin formalaşmasının əsası kimi qəbul edilə bilməz.
70. Kollegiya vurğulayır ki, iddiaçı tərəfindən məhkəməyə ilkin olaraq müqavilənin saxta variantının təqdim edilməsinin müəyyən olunması cavabdehin sənədləri məzmunu əvvəlcədən formalaşmadan imzalaması, sənədlərdə göstərilən rəqəmlərin və öhdəliklərin isə sonradan onun razılığı olmadan doldurulması barədə mövqeyini obyektiv baxımdan inandırıcı edir.
71. Belə ki, iddiaçı tərəfindən eyni hüquqi münasibəti təsdiq etmək məqsədilə saxta müqavilə nümunəsinin məhkəməyə təqdim edilməsi məhkəmədə əsaslı olaraq belə qənaətin formalaşmasına gətirib çıxarır ki, cavabdehdən əvvəlcədən boş sənədə imza alınması və sonradan həmin sənədin doldurulması ehtimalı real və istisna olunmayan hal kimi qiymətləndirilməlidir. Bu isə cavabdehin sənədlərin onun iradəsinə uyğun şəkildə tərtib edilməməsi barədə irəli sürdüyü dəlillərin məntiqi və hüquqi baxımdan əsaslı olmasını göstərir.
72. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, iddiaçı tərəfindən istinad edilən xx.xx.2022-ci il tarixli nisyə alqı-satqı müqaviləsi və mövcud borcun etirafı haqqında müqavilə (i.v. 114 və 115) vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlandığı üçün etibarsız hesab edilməlidir.
73. Eyni zamanda qeyd edilməlidir ki, cavabdeh bu müqavilələrin mövcudluğundan yalnız məhkəmə iclası zamanı xəbər tutduğundan həmin müqavilələrin mübahisələndirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş bir aylıq müddəti də ötürməmişdir.
74. Mülki Məcəllənin 337.4-cü maddəsinə görə etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla heç bir hüquqi nəticəyə səbəb olmur; bu cür əqdlər bağlandığı andan etibarsız sayıldığından tərəflər üçün heç bir maddi və ya prosessual hüquqi öhdəlik yarada bilməz.
75. İş materiallarında borcun yaranmasını təsdiq edən etibarlı və təkzibedilməz sübutlar mövcud olmadığından iddia edilən öhdəliyin real olaraq yarandığını qəbul etmək mümkün deyildir.
76. Belə şəraitdə ziddiyyətli və mötəbərliyi şübhə doğuran sübutlara əsaslanaraq cavabdehin üzərinə pul öhdəliyi qoyulması mülki prosesin sübutetmə prinsipləri ilə uzlaşmır.
77. Yekun olaraq, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi sübutlara düzgün hüquqi qiymət verməmiş, iş üzrə tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş və iş üzrə əhəmiyyət kəsb edən halların sübut edilməməsinə baxmayaraq iddianı əsaslı hesab etmişdir.
78. Odur ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. İş üzrə yeni qətnamə çıxarılmaqla ilk iddia rədd, qarşılıqlı iddia təmin edilməli, İddiaçı MMC və Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 235/2022 nömrəli nisyə alqı-satqı müqavilələri və xx.xx.2022-ci il tarixli mövcud borcun etirafı haqqında müqavilələr etibarsız hesab edilməlidir.
79. Məhkəmə xərclərinə münasibətdə kollegiya qeyd edir ki, ilk iddia təmin edilmədiyi üçün ödənilmiş dövlət rüsumu ilk iddiaçının özünə aid edilməli, qarşılıqlı iddia təmin edildiyi üçün qarşılıqlı iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 100 manat və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 71,41 manat məbləğində pul vəsaiti İddiaçı MMC-dən alınıb Cavabdeh ödənilməlidir. Həmçinin, iş üzrə birinci instansiya məhkəməsində keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 262 manat və apellyasiya instansiyası məhkəməsində keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 160 manat, ümumilikdə 422 manat pul İddiaçı MMCdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına ödənilməlidir.
80. Hazırkı kommersiya mübahisəsi əmlak xarakterli mübahisə olduğuna və qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti on min manatdan yuxarı olduğuna görə bu qətnamədən kassasiya şikayəti verilə bilər.
81. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət e t d i : Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-540/2025 nömrəli qətnaməsindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-540/2025 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Cavabdeh qarşı “nisyə alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair iddiası təmin edilməsin. İlk iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumu ilk iddia üzrə iddiaçının özünə aid edilsin. İddiaçı Cavabdeh İddiaçınə qarşı “müqavilələrin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddiası təmin edilsin. İddiaçı və Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 235/2022 nömrəli nisyə alqı-satqı müqavilələri və xx.xx.2022-ci il tarixli mövcud borcun etirafı haqqında müqavilələr etibarsız hesab edilsin. Qarşılıqlı iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 100 (yüz) manat pul İddiaçındən alınıb Cavabdeh ödənilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 71,41 manat (yetmiş bir manat, qırx bir qəpik) pul İddiaçındən alınıb Cavabdeh ödənilsin. İş üzrə birinci instansiya məhkəməsində keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 262 (iki yüz altmış iki) manat pul və apellyasiya instansiyası məhkəməsində keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 160 (yüz altmış) manat, ümumilikdə 422 (dörd yüz iyirmi iki) manat pul İddiaçındən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, X1, 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilsin. Qətnamədən onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.