Məhkəmə qərarları › İş №2-2(103)-1033/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1033/2022

20.12.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1033/2022 20.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı "xxxx" QSC-nin Cavabdeh1 ASC-yə, Cavabdeh2 qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə3 və Cavabdeh1 ASC-nin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-493/2022 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı "xxxx" QSC və Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ

1. "xxxx" QSC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 06M000000897 saylı ipoteka müqaviləsinə əsasən həmin tərəflər arasında bağlanmış xx.xx.2010-cu il tarixli əsas kredit müqaviləsi üzrə öhdəliklərin icra olunmasına təminat olaraq, Cavabdeh2 məxsus Goranboy rayonu, Goran qəsəbəsində yerləşən 0,35 ha torpaq sahəsi bank qarşısında ipoteka ilə yüklü edilmişdir.

2. "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, GNC-2097 ip saylı ipoteka müqaviləsinə əsasən həmin tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli əsas kredit müqaviləsi üzrə öhdəliklərin icra olunmasına təminat olaraq, Cavabdeh2 məxsus Goranboy rayonu, Goran qəsəbəsi, Bakı-Gəncə yolunun sağ kənarında istifadədə olan 0,35 ha torpaq sahəsində yerləşən 3420 kv.m ümumi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binası bank qarşısında ipoteka ilə yüklü edilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı "xxxx" QSC cavabdehlər Cavabdeh1 ASC-yə və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 ilə Cavabdeh1 ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli, GNC-2097 ip saylı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı bildirir ki, Cavabdeh2 öhdəliklərini icra etmədiyindən ona və qeyrilərinə qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsinə dair iddia ilə Goranboy Rayon Məhkəməsinə müraciət edilmişdir. Goranboy Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(045)-01/2020 saylı qətnaməsi ilə cavabdehlərdən birgə qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 06R000018703 saylı kredit razılaşması üzrə 41340,89 ABŞ dolları əsas, 9487,49 ABŞ dolları faiz və 1000 ABŞ dolları cərimə, 006R********** saylı kredit razılaşması üzrə 92329,2 manat əsas, 29134,03 manat faiz və 1500 manat cərimə, 006KK**********01 saylı kredit razılaşması üzrə 4993,21 ABŞ dolları əsas, 912,34 ABŞ dolları faiz və 200 ABŞ dolları cərimə, 150 manat məhkəmə xərcləri tutulmuş, tutmanın Gəncə şəhəri, Kəpəz rayonu, 1-ci mikrorayonda 10 saylı evdə yerləşən Cavabdeh2 mülkiyyətində olan 23 saylı mənzilinə, Goranboy rayonu, Goran qəsəbəsində yerləşən Cavabdeh2 mülkiyyətində olan 0.35 ha torpaq sahəsinə, Göygöl rayonu Qızılqaya qəsəbəsində Cavabdeh2 mülkiyyətində olan 0,12 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 1 mərtəbəli 5 otaqlı 282,6 kv.metr sahədən ibarət fərdi yaşayış evinə və Gəncə şəhəri, Kəpəz rayonu, Taqi Arani küçəsi (Azərbaycan bayrağı küçəsi) “Fatoğlu” müəssisəsinin hasarının qarşısında yerləşən Cavabdeh2 mülkiyyətində olan 1 mərtəbəli ümumi sahəsi 133,2 kv.metr sahədən ibarət qeyriyaşayış sahəsinə yönəldilməsi qət edilmişdir. Cavabdeh2 Cavabdeh1 ASC-yə və üçüncü şəxs İddiaçı QSC-yə qarşı iddia qaldırmış və iddiasında Goranboy rayonu, Goran qəsəbəsi Bakı-Gəncə yolunun sağ kənarında 0.35 ha torpaq sahəsinə dair bağlanmış xx.xx.2014-cü il tarixli, GNC-2097 ip saylı ipoteka müqaviləsinin ləğv edilməsini xahiş etmişdir. Təyin edilmiş məhkəmə iclaslarında iştirak etdikdən sonra aydın olmuşdur ki, İddiaçı QSC-nin xeyrinə yüklü edilmiş Goranboy rayonu, Goran qəsəbəsində yerləşən Cavabdeh2 mülkiyyətində olan 0.35 ha torpaq sahəsi bankın razılığı olmadan digər bir bankla - Cavabdeh1 ASC ilə Cavabdeh2 arasında xx.xx.2014-cü il tarixli, GNC-2097 ip saylı ipoteka müqaviləsi bağlanmışdır. Həmin ipoteka müqaviləsinə əsasən Goranboy rayonu, Goran qəsəbəsi Bakı-Gəncə yolunun sağ kənarında 0.35 ha torpaq sahəsində yerləşən 3420 kv.metr ümumi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binası Cavabdeh1 ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir.

5. Cavabdeh1 ASC iddiaya etiraz edir və bildirir ki, 2014-cü ildə kredit müqaviləsinin təminatı kimi Goranboy rayonunda 1 mərtəbəli yaşayış sahəsi ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsi üzrə cavabdeh üzərinə düşən öhdəlikləri vaxtlı-vaxtında yerinə yetirmədiyinə görə pulun tutulması və ipotekaya yönəldilməsi barədə iddia ilə məhkəməyə müraciət olunmuşdur. Goranboy Rayon Məhkəməsinin qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Hal-hazırki mübahisə üzrə İddiaçı QSC ipoteka müqaviləsi üzrə həmin predmetin torpaq sahəsi yüklülüyünə sahibdir, Cavabdeh1 ASC isə həmin torpaq sahəsi üzərində qeyri-yaşayış sahəsinin yüklülüyü hüququna sahibdir. Yəni əşya hüququ həm onlara aiddir, həm də İddiaçı QSC-yə ipoteka müqaviləsi məhdud əşya hüququ olduğu üçün mülkiyyət hüququ yalnız Cavabdeh2 aid olduğundan mülkiyyətçi kimi o, əşya hüququnu bir neçə şəxs qarşısında yüklü edə bilər.

6. Cavabdeh2 bildirir ki, irəli sürülən iddia tələbi əsaslıdır. Belə ki, həmin cavabdehə məxsus torpaq sahəsi əvvəlcə İddiaçı QSC qarşısında ipoteka edilib. Buna baxmayaraq 2014-cü ildə yaşayış sahəsi ipoteka edilmişdir. Qanunun tələbinə görə eyni əmlak yenidən ipoteka edildikdə əvvəlcə ilkin ipoteka yüklülüyü edilmiş şəxsin razılığı alınmalı idi. Lakin heç bir razılıq alınmamışdır. Cavabdeh1 ASC-nin nümayəndəsi sübut etməyə çalışır ki, torpaq sahəsi İddiaçı QSC-də ipotekaya qoyulub, Cavabdeh1 ASC isə qeyri-yaşayış sahəsini ipoteka ilə yüklü edib. Lakin çıxarışa diqqət etdikdə görünür ki, həmin qeyri-yaşayış sahəsi və torpaq vahid əmlak kimi qeydiyyatdan keçmişdir. Məhz həmin müqavilə bağlanarkən qanunun tələbləri pozulmuşdur. Odur ki, iddiaçının müqavilənin etibarsızlığı barədə tələbi əsaslıdır.

7. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-2(113)-493/2022 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir.

8. İddiaçı "xxxx" QSC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir.

9. Cavabdeh2 da apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri

10. Apellyasiya şikayətlərində işin faktiki halları göstərilmiş və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə3 və Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətlərini müdafiə etdilər, Cavabdeh1 ASC-nin nümayəndələri Nümayəndə1 və Nümayəndə5 isə apellyasiya şikayətlərinə etiraz etdilər.

TƏTBİQ EDİLƏN HÜQUQ

13. Mülki Məcəllənin 284.2-ci maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov qoyan yalnız girov saxlayanın razılığı ilə girov predmetini özgəninkiləşdirə bilər, başqa şəxsin icarəsinə və ya əvəzsiz istifadəsinə verə bilər və ya ona dair digər sərəncamlar verə bilər. Girov qoyanın girov qoyulmuş əmlakı vəsiyyət etmək hüququnu məhdudlaşdıran razılaşma əhəmiyyətsizdir.

14. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

15. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 10.8-ci maddəsinə görə ipoteka müqaviləsi bağlanarkən, ipoteka qoyan ipoteka predmeti üzərində üçüncü şəxslərin ona məlum olan bütün hüquqları, ipoteka predmetinin girovları və digər yüklülükləri, üçüncü şəxslərin iddiaları və məhkəmə mübahisələri, habelə əvvəlki ipoteka ilə təmin olunmuş öhdəliklərin xarakteri və məbləği barədə ipoteka saxlayanı yazılı formada xəbərdar etməlidir. Bu vəzifənin yerinə yetirilməməsi ipoteka saxlayana, o cümlədən sonrakı ipoteka saxlayana əsas öhdəliyin vaxtından əvvəl icrasını və ya ipoteka müqaviləsi şərtlərinin dəyişdirilməsini, yaxud müqavilənin pozulmasını və vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ verir.

16. Həmin Qanunun 51.1-ci maddəsinə əsasən ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, torpaq sahəsinin ipotekası zamanı ipoteka hüququ ipoteka qoyanın həmin sahədə yerləşən və ya tikilən binalarına, tikililərinə və qurğularına şamil edilmir.

17. Həmin Qanununun 51.2-ci maddəsinə əsasən torpaq sahəsində yerləşən və ya tikilən binanın, tikilinin, qurğunun eyni ipoteka saxlayana ipoteka qoyulmasını nəzərdə tutan şərt müqavilədə öz əksini tapmadıqda torpaq sahəsinə tutma yönəldildiyi halda ipoteka qoyan həmin bina, tikili və ya qurğuya öz hüququnu saxlayır və təyinatına uyğun olaraq onlardan istifadə edilməsi üçün zəruri olan sahənin bir hissəsindən məhdud istifadə hüququ (servitut) əldə edir. Sahənin həmin hissəsindən istifadə şərtləri ipoteka qoyanla ipoteka saxlayanın sazişinə əsasən müəyyən edilir, mübahisələr isə məhkəmə qaydasında həll olunur.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

18. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

19. Məhkəmə kollegiyası hesab edir ki, iddia əsassızdır.

20. Belə ki, «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 10.8-ci maddəsində ipoteka qoyanın üzərinə vəzifə qoyulmuşdur ki, ipoteka predmeti ilə bağlı bütün məlumatlar barədə ipoteka saxlayanı yazılı formada xəbərdar etsin.

21. Bununla yanaşı, qeyd olunan vəzifənin yerinə yetirilməməsi ipoteka müqaviləsinin etibarsızlığına deyil, həmin madədə göstərilən hüquqların yaranmasına səbəb olur.

22. Bundan əlavə, hazırki işin halları ondan ibarətdir ki, Cavabdeh2 ona məxsus Goranboy rayonu, Goran qəsəbəsində yerləşən 0,35 ha torpaq sahəsini "xxxx" QSCyə, həmin torpaq sahəsinin üzərində yerləşən 3420 kv.m ümumi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasını isə "xxxx" ASC-yə ipotekaya qoymuşdur.

23. Kollegiya hesab edir ki, Cavabdeh2 "xxxx" QSC ilə bağladığı ipoteka müqaviləsində yalnız Goranboy rayonu, Goran qəsəbəsində yerləşən torpaq sahəsini ipoteka qoyduğundan, ondan sonra həmin torpaq sahəsində yerləşən qeyri-yaşayış binası ilə bağlı "xxxx" ASC ilə ipoteka müqaviləsinin bağlamasında hər hansı qanun pozuntusu olmamışdır.

24. Çünki torpaq sahəsi üzərində tikilinin olmasından asılı olmayaraq, yalnız torpaq sahəsinin ipotekaya qoyulması imkanı, habelə belə torpaq sahəsinə tutma yönəldiyi halda yaranan hüquqlar və münasibətlər «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 51.1 və 51.2-ci maddələrində göstərilmişdir.

25. Bu baxımdan kollegiya hesab edir ki, Cavabdeh2 ona məxsus ipoteka ilə yüklü edilmiş torpaq sahəsinin üzərində yerləşən qeyri-yaşayış binasını başqa bir şəxsin xeyrinə ipoteka ilə yüklü etməsi mübahisəli ipoteka müqaviləsinin etibarsızlığına səbəb olmur.

26. Ona görə də, kollegiya belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

27. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

İddiaçı "xxxx" QSC və Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-493/2022 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov

Hakimlər: Vidadi Məmmədov

Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar