Məhkəmə qərarları › İş №2-2(103)-1034/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-1034/2025

18.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1034/2025 18.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər X1 (məruzəçi hakim), X2 və X3 ibarət tərkibdə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pulun tutulması, lizinq obyektinin geri qaytarılması” tələbinə dair ilk, iddiaçı Cavabdeh1 cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “pulun tutulması və müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddiaları üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)- 3359/2025 nömrəli qətnaməsindən ilk iddiaçı "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq müəyyən etdi:

1. İlk iddia üzrə iddiaçı "xxxx" MMC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pulun tutulması, lizinq obyektinin geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli İF/06153 saylı daxili maliyyə lizinq müqaviləsi üzrə cavabdehlərdən müştərək qaydada 12779,35 manat borcun, 792 manat yol hərəkəti qaydalarının pozulmasına görə inzibati cərimələrin ödənilməsi və lizinq obyekti olan Chevrolet Cruze minik markalı 77AL158 dövlət nömrə nişanlı avtomobilin geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 "xxxx" MMC-yə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onunla "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli zaminlik müqaviləsinin etibarsız hesab edilməsi və zaminliyə görə ondan tutulmuş 3030 manat pulun qarşılıqlı iddia üzrə cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. Bakı Kommersiya Məhkəməsinin 19 iyun 2025-ci il tarixli, e-2-2(113)-3359/2025 nömrəli qətnaməsi ilə ilk iddianın qismən təmin edilməsi, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 birgə (müştərək) qaydada xx.xx.2024-cü il tarixə olan 703,34 manat əsas borcun, 724,33 manat faiz borcunun, 30 manat dəbbə pulunun, 34,31 manat dövlət rüsumunun, ümumilikdə 1491,98 (bir min dörd yüz doxsan bir manat doxsan səkkiz qəpik) manat məbləğində pulun tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi, ilk iddianın qalan hissədə təmin edilməməsi, ilk iddia verilərkən ödənilmiş 96,69 (doxsan altı manat altmış doqquz qəpik) manat dövlət rüsumunun ilk iddiaçı "xxxx" MMC-nin özünə aid edilməsi, iddiaçı Cavabdeh1 cavabdeh "xxxx" MMC-yə qarşı “pulun tutulması və müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi, qarşılıqlı iddia ərizəsi verilərkən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 özünə aid edilməsi qət edilmişdir.

4. Hazırda ilk iddiaçı "xxxx" MMC qeyd edilən qətnamədən şikayət verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-3359/2025 nömrəli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin tam şəkildə təmin edilməsini xahiş edir.

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 361.3-cü maddəsinə əsasən, şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir. 363.1 və 363.1.2-ci maddələrində təsbit olunmuşdur ki, apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır 366.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. 366.2-ci maddəsinə əsasən, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. 366.3-cü maddəsinə əsasən, apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır. 366.4-cü maddəsinə əsasən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər.

6. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 8.1.3-cü maddəsinə əsasən iddia qiyməti iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. 8.6-cı maddəsinə əsasən apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu ödənilməlidir.

7. Məhkəmə apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq hesab edir ki, şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməlidir.

8. İlk iddiaçı tərəfindən verilmiş iddianın qiyməti 13.571,35 manat (12779,35+792) təşkil edir. Qanunun tələbinə əsasən bu iddianın verilməsi üçün 130,71 manat, bu iddia üzrə qətnamədən şikayətin verilməsi üçün isə həmin məbləğin 50 faizi miqdarında, yəni 65,36 manat dövlət rüsumu ödənilməlidir. İddiaçı birinci instansiya məhkəməsinə iddia ərizəsi ilə müraciət edərkən 131 manat dövlət rüsumu ödəmişdir. Lakin hazırkı apellyasiya şikayətinə əlavə edilmiş qəbzdən görünür ki, iddiaçı apellyasiya şikayətinin verilməsi üçün dövlət rüsumu kimi 44 manat ödəmişdir. Göründüyü kimi, dövlət rüsumu qanunvericiliklə müəyyən edilmiş miqdarda ödənilməmişdir.

9. Yuxarıda istinad edilən normaların (§ 4) tələbinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətini qaytarmalı olduğu halda baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. 10.Beləliklə məhkəmə hesab edir ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-3359/2025 nömrəli qətnaməsindən verilmiş şikayətin apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməlidir.

11. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.2, 366, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:

Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3359/2025 nömrəli iş üzrə xx.xx.2025-ci il tarixli qətnaməsindən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. Şikayətin geri qaytarılması üçün iş materialları birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on gün) müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar