Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1037/2024 24.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Şirinovun sədrliyi və məruzəsi ilə, X7 və X1 ibarət tərkibdə, Eyvazlı Aytac Rafael qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili X2, Cavabdehin nümayəndəsi və vəkili X4 iştirakları ilə, İddiaçı Firmasının Cavabdehnə qarşı “pulun tutulması və müqavilə üzrə öhdəliyin qoyulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 15 avqust 2024-cü il tarixli, 2-2(113)-2872/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı Firması (bundan sonra – iddiaçı) Cavabdehnə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması və öhdəliyin qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə xx.xx.2022-ci il tarixli əlavə razılaşmanın 2-ci bəndinə uyğun olaraq 6000 (altı min) litr dizel yanacaq qatqısının dəyərini iddiaçıya qabaqcadan ödəməklə həmin malları iddiaçının anbarından götürmək vəzifəsinin cavabdehin üzərinə qoyulması və dövlət rüsumunun əvəzini təşkil edən 100 manatın, hüquqi xidmətə görə ödənilmiş 300 manat pul vəsaitinin cavabdehdən tutulması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı xx.xx.2024-cü il tarixdə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə xx.xx.2022-ci il tarixli əlavə razılaşmanın 2-ci bəndinə uyğun olaraq 6000 (altı min) litr dizel yanacaq qatqısının bu günkü dəyərini təşkil edən 312000 (üç yüz on iki min) manatı iddiaçıya qabaqcadan ödəməklə həmin malları iddiaçının anbarından götürmək vəzifəsinin cavabdehin üzərinə qoyulması və dövlət rüsumunun əvəzini təşkil edən 100 manatın, hüquqi xidmətə görə ödənilmiş 500 manat pul vəsaitinin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. Bakı Kommersiya Məhkəməsinin 15 avqust 2024-cü il tarixli, 2-2(113)-2872/2024 nömrəli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir.
4. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin 15 avqust 2024-cü il tarixli, 2-2(113)-2872/2024 nömrəli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apellyasiya şikayətinin dəlilləri
5. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Tərəflər arasında xx.xx.2022-ci il tarixində alqı-satqı müqaviləsi və eyni tarixdə də əlavə razılaşma imzalanmışdır. İmzalar və möhürlər mübahisələndirməmişdir. Müqavilənin və əlavə razılaşmanın etibarlılığı da tərəflər arasında mübahisələndirilməmişdir. Müqaviləyə əsasən əlavə razılaşmanın 2-ci bəndinə uyğun olaraq 31 dekabr 2023-cü il tarixinə qədər 6000 (altı min) litr dizel yanacaq qatqısının dəyərini iddiaçıya qabaqcadan ödəməklə həmin malları iddiaçının əldə etmək öhdəliyini cavabdeh "X10" MMC öz üzərinə götürmüşdür. Cavabdeh həmin müqavilə öhdəliyini icra etməkdən heç bir üzrlü səbəb göstərmədən yayınmışdır. Birinci instansiya məhkəməsinə həmin malın iddiaçı tərəfindən Azərbaycan Respublikasında idxal edilməsi faktı gömrük sənədləri ilə sübut edilmişdir. Buna baxmayraq məhkəmə öz qətnaməsində həmin faktı inkar etmişdir. Qətnamənin 26-cı bəndində məhkəmə qeyd edir ki, iddiaçı 6000 litr dizel qatqısının hazırda onda olmasını sübut etməmişdir. Halbuki, iş materiallarında olan arayışdan görünür ki, həmin malların hal-hazırda iddiaçının anlarında mövcud olması təsdiq olunur. İddiaçı cavabdeh qarşısında öhdəliklərini icra etmək məqsədi ilə pul vəsaiti sərf etmiş və bu günə qədər həmin malları anbarında saxlamışdır. Cavabdeh isə həmin malları 100% avans qaydasında dəyərini ödəmək şərti ilə xx.xx.2023-cü il tarixinə qədər alacağını öhdəsinə götürmüş, lakin AR Mülki Məcəlləsinin 385.1, 386.1, 390.1, 405.2, 599.1-ci maddələrinin tələblərinə biganə qalaraq öhdəliyini icra etməmişdir. Bununla da iddiaçının bu öhdəliyin icrasının məhkəmə qaydasında təmin edilməsini tələb etmək kimi subyektiv hüququ yaranmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, iş üçün əhəmiyyəti olan müəyyən edilmiş hallar sübut edilməmiş, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
6. Apellyasiya şikayətinə qarşı etiraz verilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
7. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etmişdir.
8. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
9. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
10. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
11. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
12. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
13. Həmin Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.
14. Həmin Məcəllənin 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.
15. Həmin Məcəllənin 567-ci maddəsinə görə alqı-satqı müqaviləsinə görə isə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
16. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.
17. Həmin Məcəllənin 579.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsinə görə növlər, modellər, ölçülər, rənglər və ya digər əlamətlər üzrə müəyyən nisbətdə (çeşiddə) əşyalar verilməlidirsə, satıcı alıcıya tərəflərin razılaşdırdıqları çeşiddə əşyalar verməyə borcludur.
18. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
19. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
20. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
21. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
22. Həmin Məcəllənin 124.1-ci maddəsinə görə isə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
23. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslılığı tam yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir.
25. Hazırki işin müəyyən edilmiş halları ondan ibarətdir ki, tərəflər arasında xx.xx.2020-ci il tarixdə alqı-satqı müqaviləsi imzalanmış, həmin müqavilə üzrə tərəflər arasında ümumilikdə 11 ədəd razılaşma protokolu (əlavələr) bağlanmış, müqavilənin həmin əlavələrində satılacaq malların adı, qiyməti, ölçü vahidi, çeşidi və növü razılaşdırılmış, həmin əlavələrdə göstərilən mallar materiallarda olan təhvil-təslim aktları əsasında iddiaçı tərəfindən cavabdehə təhvil verilmiş, mallar təhvil verildikdən sonra onların dəyəri iddiaçının cavabdehə təqdim etdiyi elektron qaimələr əsasında tam şəkildə ödənilmişdir. Tərəflər arasında olan həmin müqavilə tərəflərin qarşılıqlı razılığı əsasında xx.xx.2022-ci il tarixdə xitam edilmişdir. Daha sonra tərəflər arasında həmin tarixdə yeni müqavilə və müqavilənin eyni tarixli əlavəsi imzalanmışdır.
26. İddiaçı həmin müqavilə üzrə cavabdehdən (alıcı) müqavilənin əlavəsində göstərilmiş malları qəbul etməyi və hazırkı günə olan dəyərini ödəməyi tələb etmişdir.
27. Cavabdeh iddiaya etiraz edərək, müqavilənin ümumiyyətlə bağlanmamış hesab edilməli olduğunu, müqavilə üzrə cavabdehin hər hansı sifarişi olmadığı halda ondan hər hansı malın təhvil alınmasının və dəyərinin ödənilməsinin tələb edilməsinin yolverilməz olduğunu bildirmişdir.
28. Məhkəmə iclasında tərəflərin nümayəndələrinin izahatlarından məlum olmuşdur ki, hazırkı müqavilə üzrə cavabdeh tərəfindən ümumiyyətlə hər hansı sifariş verilməmişdir. Halbuki, xx.xx.2022-ci il tarixli müqavilənin əlavəsində göstərilir ki, alıcı xx.xx.2023-cü il tarixinə qədər 6000 litr dizel yanacaq qatqısı sifariş edəcək, alacaq və dəyərini müqavilənin şərtlərinə uyğun ödəyəcəkdir. Müqavilənin 3.2-ci bəndində sifariş etdiyi malların dəyərini bu müqavilənin şərtlərinə uyğun ödəmək alıcının vəzifəsi kimi müəyyən edilmişdir.
29. Bundan əlavə məhkəmə qeyd etmişdir ki, ümumiyyətlə iddiaçı tərəfindən məhkəməyə cavabdehdən qəbul edilməsini tələb etdiyi 6000 litr dizel qatqısının hazırda iddiaçıda mövcud olması barədə sübut təqdim edilməmişdir. Belə ki, müqavilədə satılacaq mal kimi dizel qatqısı göstərilmişdir. İddiaçı tərəfindən məhkəməyə qeyd edilən malın tərəflərindən alınması ilə bağlı yük gömrük bəyannamələri təqdim edilsə də, həmin bəyannamələrdə 6000 litr həcmdə dizel qatqısının alınması öz təsdiqini tapmır.
30. Beləliklə, tərəflərin əvvəlki qarşılıqlı münasibətlərində yaranmış praktika nəzərə alınmalı, cavabdeh tərəfindən 6000 litr həcmdə dizel qatqısının alınması ilə bağlı sifarişinin, malın alınması ilə bağlı iradə ifadəsinin olmaması, tərəflər arasında satılacaq malın adı, çeşidi, qiymətinin razılaşdırılmadığını nəzərə alaraq məhkəmə hesab etmişdir ki, bununla da cavabdehin iddiaçı qarşısında hər hansı öhdəliyi yaranmamışdır.
31. Mülki qanunvericilikdə əqdlərin real və konsensual əqdlərə bölünməsi ilə bağlı təsnifat nəzərdə tutulmasa da, mülki hüquq nəzəriyyəsində və Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında bu və ya digər müqavilənin hüquqi qüvvəyə minmə meyarı üzrə real və konsensual müqavilələrə bölünməsi nəzərdə tutulmuşdur.
32. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 19 dekabr tarixli Qərarında real və konsensual müqavilələrə aydınlıq gətirilmişdir. Həmin Qərarda göstərilmişdir ki, mülki qanunvericilikdə bağışlama müqaviləsinin real və konsensual formaları vardır. Hədiyyə verən hədiyyəni bağışlamaqla hədiyyə alanı zənginləşdirdikdə bağışlama müqaviləsi real müqavilə hesab olunur, yəni bu müqavilənin bağlanması barədə razılıq əldə olunmaqla yanaşı əmlak və ya əmlak hüquqları verilir (Mülki Məcəllənin 666.1-ci maddəsi). Hədiyyə verən hədiyyə alana gələcəkdə hədiyyəni bağışlamaq vədi verdiyi halda isə bağışlama müqaviləsinin konsensual forması mövcud olur (Mülki Məcəllənin 668.1.5-ci maddəsi).
33. Konstitusiya Məhkəməsi Plenumunun bu hüquqi mövqeyi bütün real müqavilələrə eyni qaydada tətbiq oluna bilər. Real müqavilələr üzrə hüquq və öhdəliklər müqavilə predmeti olan əmlakın (əşyanın) verilməsindən sonra əmələ gəlir. Konsensual müqavilələr üzrə hüquq və öhdəliklər isə bu müqavilənin bağlandığı (imzalandığı) andan əmələ gəlir.
34. Mübahisə predmeti olan müqavilə real müqavilə olduğundan və iddiaçı malın mövcudluğunu sübuta yetirə bilmədiyindən və nəticə etibarı ilə malı cavabdehə vermədiyin, eləcə də cavabdeh malı sifariş edərək götürmədiyindən müqavilə qüvvəyə minməmişdir. Odur ki, hazırkı müqavilənin icra edilməsi tələbi təmin edilə bilməz.
35. Apellyasiya şikayətində qeyd edilən dəlillər üzrə xüsusatlar öz təsdiqini tapmadığından əsassız hesab edilməlidir.
36. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
37. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
İddiaçı Firması tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 15 avqust 2024-cü il tarixli, 2-2(113)-2872/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.