Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1037/2025 07.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdehnə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Açar sözlər: mal göndərmə müqaviləsi, öhdəliyin icra edilməməsi, dəbbə pulu, iddianın həcminin artırılması, məhkəmə xərclərinin bölüşdürülməsi X2 sədrliyi ilə, hakimlər X3 və X4 ibarət tərkibdə, məhkəmə iclas katibi Bağırova Zenfira Qabil qızının katibliyi ilə, iddiaçı X1 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-4002/2025 saylı qətnaməsindən cavabdeh "Startruck Global” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları:
1. İddiaçı (satıcı) ilə Cavabdeh (alıcı) arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 01 saylı alqı-satqı müqaviləsinə görə satıcı razılaşmaya əsasən beton məhlulunu hazırlayaraq alıcının tikinti sahəsinə verməyi öhdəsinə götürür, alıcı, satıcı tərəfindən onun tikinti sahəsinə verilmiş beton məhlulunu qəbul edir və dəyərini vaxtında və tam şəkildə, müqavilə şərtlərində nəzərdə tutulmuş qaydada satıcının müvafiq bankda olan hesablaşma hesabına köçürür.
2. Müqavilənin 5.2-ci bəndinə görə beton məhlulunun dəyərinin ödənilməsi verilmiş malın sənədləşməsindən sonra (elektron qaimə qəbul edildikdən sonra) 5 gün ərzində satıcının bank hesabına köçürülməlidir.
3. Müqavilənin 6.1-ci bəndinə görə alıcı qəbul etmiş olduğu beton məhlulunun dəyərini müqavilədə nəzərdə tutulan müddət ərzində ödəməzsə ödənişin hər gecikdirilən günü üçün ödənilməmiş məbləğin 1 (bir) faizi miqdarında cərimə ödəyir. Bundan əlavə ödənilməmiş məbləğə görə satıcı tərəfindən alıcıya qarşı Azərbaycan Respublikasının qüvvədə olan mülki qanunvericiliyində nəzərdə tutulan cərimə növlərini tətbiq edə bilər.
4. Tərəflər arasında imzalanmış 07 yanvar 2024-cü il tarixli qiymətlərin razılaşdırılması protokolu (xx.xx.2024-cü il tarixli müqaviləyə 1 saylı əlavə) ilə bir reys daşınma xidməti 50 manat dəyərində razılaşdırılmışdır.
5. "xxxx" MMC (icraçı) ilə Cavabdeh MMC (sifarişçi) arasında imzalanmış 10 yanvar 2024-cü il tarixli, 02 nömrəli xidmət müqaviləsinə əsasən icraçı sifarişçinin sifarişi əsasında özünə məxsus texnikalarla sifarişçinin tikinti obyektində daşımaçılıq və avtopompa xidmətini həyata keçirir. Avtopompa xidmətinin dəyəri görülmüş iş əsasında, xidmət göstərilən əraziləri nəzərə alaraq yazılan qaimə və aktlar əsasında müəyyənləşdirilir.
6. "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə xx.xx.2024-cü il tarixli MT2408 10269561 nömrəli 9864,8 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT2411 10832083 nömrəli 6619,8 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT2411 10847414 nömrəli 590 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT2411 10845839 nömrəli 354 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT2411 10832182 nömrəli 5711,2 manat məbləğində, xx.xx.2024- cü il tarixli MT2411 12336675 nömrəli 5581,4 manat məbləğində, xx.xx.2024cü il tarixli MT2411 12336557 nömrəli 354 manat məbləğində elektron qaimələr təqdim olunmuşdur.
7. xx.xx.2025-ci il tarixli ödəniş tapşırığına əsasən Cavabdeh MMC tərəfindən iddiaçıya 4840 manat, xx.xx.2025-ci il tarixli ödəniş tapşırığına əsasən 1100 manat, xx.xx.2025-ci il tarixli ödəniş tapşırığına əsasən 1000 manat, xx.xx.2025-ci il tarixli ödəniş tapşırığına əsasən 3000 manat, xx.xx.2025-ci il tarixli ödəniş tapşırığına əsasən 1000 manat ödəniş edilmişdir.
8. 02.05.2025-ci il tarixli ödəniş tapşırığından və xx.xx.2025-ci il tarixli vəkil orderindən görünür ki, İddiaçı MMC tərəfindən Bakı şəhəri, 13 saylı Vəkil Bürosunun hesabına 320 manat pul döənilmiş və həmin büronun vəkili Vəkil ilə iddiaçı arasında Bakı Kommersiya Məhkəməsində iddiaçının hüquqlarının müdafiəsi üçün xx.xx.2025-ci il tarixdə 342 nömrəli müqavilə bağlanmışdır.
Birinci instansiya məhkəməsindəki icraat:
9. İddiaçı "xxxx" MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə əsas borc 24640 manat, faiz borcu 10.000 manat olmaqla, cəmi 34640 manat məbləğində vəsaitin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. İ ddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 01 saylı 07 yanvar 2024-cü il tarixli alqı-satqı müqaviləsinə uyğun olaraq, cavabdeh xx.xx.2024-xx.xx.2024-cü il tarixləri arası iddiaçıdan ƏDV xaric 23540,00 manat dəyərində beton məhlulu almışdır. Bu günə qədər göstərilən məbləğdən bir dəfə də olsun ödəniş edilməmişdir. Müqavilənin 5.2-ci maddəsinin tələblərinə əsasən, beton məhlulun dəyərinin ödənilməsi elektron qaimə təqdim edildikdən sonra 5 gün ərzində aparılmalı idi. Həmin müqavilənin 6.1-ci maddəsinin tələblərinə əsasən, hər gecikdirilmiş gün üçün gecikdirilmiş məbləği 1 faizi qədər cərimə ödəməyi cavabdeh öhdəsinə götürmüşdür. Müqavilə şərtlərinə görə son ödəniş tarixi xx.xx.2024-cü il olduğundan gecikdirmə 147 gün olmuşdur. 28 aprel 2025-ci il tarixə hesablanmış cərimə borcu 34.603,80 (235,4 X 147 = 34603,80) manat təşkil edir. Bu günə cavabdehin borcu ƏDV xaric əsas borc 23.540 manat, cərimə borcu 34.603,80 manat təşkil edir. Bundan əlavə, 10 yanvar 2024-cü il tarixli müqaviləyə əsasən iddiaçıya məxsus texnika ilə tikinti sahəsində daşımaçılıq və avtopompa xidmətləri göstərilməsinə görə borc ƏDV xaric 1100 manat təşkil edir. İki müqavilə üzrə cavabdehin iddiaçıya olan əsas borcu 24640 manat, faiz borcu isə 34.603,80 manat təşkil etsə də, iddiaçı cavabdehdən əsas borc 24640 manat olmaqla, faiz borcu ilə birlikdə cəmi 34640 manat tutulması barədə qətnamə qəbul edilməsini xahiş edir.
11. İddiaçı xx.xx.2025-ci il tarixdə iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək cavabdehdən iddiaçının xeyrinə 14.700 manat əsas borc, 10.000 manat faiz borcu olmaqla 24.700 manat pul vasəitinin, vəkil xidmətləri üçün ödənilmiş 320 manat, dövlət rüsumu kimi ödənilmiş 205 manat olmaqla, cəmi 25.525 manat pulun tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim edərək, iddia tələbinin qismən təmin olunmasını xahiş etmişdir.
13. Etiraz onunla əsaslandırılmışdır ki, "StarTruck Global” MMC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il 01 No-li alqı-satqı müqaviləsinə əsasən beton məhsulları xx.xx.2024- cü il tarixli «Makro 2000 Eğitim Teknolojilləri İnşaat Taahhüt İç və Dış Ticarət Anonim Şirkəti»-nin Azərbaycan Resublikasındakı Filialı ilə aramızda bağlanmış alqı-satqı müqaviləsinə əsasən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin və "xxxx" ASC-nin sifarişi əsasında sonuncu şirkətə satılmışdır. “Alıcı” məhsulun dəyərini “Satıcı” tərəfindən elektron qaimə-faktura təqdim edildiyi tarixdən 14 gün ərzində ödəməyərək müqavilə üzrə öhdəliyini icra etməmiş, borcun ödənilməsi ilə bağlı xəbərdarlıq məktubu ünvanlanmışdır. Cavabdeh təchizat şirkəti olduğundan qarşı tərəf ödənişi gecikdirdiyinə görə onlardan asılı olmayan səbəblərlə bağlı ödəniş edilməsi mümkün olmamışdır. "xxxx" MMC-nin 28 aprel 2025-ci il tarixli tələb etmə məktubuna cavab olaraq məktub ünvanlanmış, borcun ödənilməsi üçün vaxt verilməsi xahiş olunmuşdur. Lakin həmin müddət gözlənilmədən məhkəməyə müraciət olunmuşdur. xx.xx.2025-ci ildə 4840 manat, xx.xx.2025-ci ildə 1100 manat 4 qaimə üzrə borclar ödənilmişdir, hazırda 18700 manat əsas borc qalmışdır. Borcun ödənilməsi məhkəmə baxışı gedişində tam təmin olunacaqdır. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tələb olunan cərimə həddindən artıq hesablanmışdır. Hazırda borcun ödənilməsi təmin olunur. Tələb olunan dəbbə pulunun azaldılmasını xahiş edirlər.
14. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il e-2-2(113)-4002/2025 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh MMC-dən 13700 manat əsas borc, 600 manat dəbbə pulu, 320 manat hüquqi yardıma görə xərc, 132,90 manat dövlət rüsumu, ümumilikdə 14752,90 manat məbləğində pul tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi, iddia tələbi qalan hissədə təmin edilməməsi qət edilmişdir.
15. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehin iddiaçıya satın alınmış malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 01 saylı alqı-satqı müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya alqı-satqı müqaviləsi və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı həmin müqavilədən irəli gələrək üzərinə düşən öhdəlikləri icra etmiş, lakin cavabdeh tərəfindən öhdəliklər tam şəkildə icra edilməmişdir. İddiaçı xx.xx.2025-ci il tarixdə iddia tələbinin həcminin azalması barədə ərizə təqdim edərək cavabdehdən iddiaçının xeyrinə həmin tarixə olan 14.700 manat əsas borcun tutulmasını xahiş etmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli ödəniş tapşırığına əsasən onun tərəfindən iddiaçıya 1000 manat məbləğində ödəniş edilmişdir. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, iddia tələbi əsas borcun tutulması hissəsində qismən təmin edilməli, cavabdehdən müqavilə üzrə qalıq 13700 manat əsas borc (14700 manat – 1000 manat) tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa məhkəmə tələb olunan dəbbə pulu məbləğini tənasübsüz surətdə yüksək hesab edərək həmin məbləği 600 manatadək azaltmışdır. İddia qalan hissədə təmin edilməmişdir. Məhkəmə xərclərini tərəflər arasında bölüşdürərkən məhkəmə, vəkilin göstərdiyi hüquqi yardıma görə 320 manat pulun, habelə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunu 132,90 manat hissəsinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsini qət etmişdir.
16. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-4002/2025 saylı qətnaməsindən Cavabdeh MMC tərəfindən apellyasiya şikayət verilmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, alınmış beton məhsulları xx.xx.2024- cü il tarixdə “Makro 2000 Eğitim Teknolojilləri İnşaat Taahhüt İç və Dış Ticarət Anonim Şirkəti”nin Azərbaycan Resublikasındakı Filialı ilə aralarında bağlanmış alqı-satqı müqaviləsinə əsasən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin və "xxxx" ASC-nin sifarişi əsasında sonuncu şirkətə satılmışdır. “Alıcı” məhsulun dəyərini “Satıcı” tərəfindən elektron qaimə-faktura təqdimedildiyi tarixdən 14 gün ərzində ödəməyərək müqavilə üzrə öhdəliyini icra etməmiş, borcun ödənilməsi ilə bağlı xəbərdarlıq məktubu ünvanlanmışdır. Cavabdeh təchizat şirkəti olduğundan qarşı tərəf ödənişi gecikdirdiyinə görə onlardan asılı olmayan səbəblərlə bağlı tərəflərindən iddiaçı şirkətə ödəniş edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Hesab edir ki, məhkəmə prosessual huquq normalarının tələblərini pozmuşdur. Belə ki, mülki işin məhkəmədə baxılmağa hazırlanması mərhələsi xx.xx.2025-ci ildə yekunlaşmış, xx.xx.2025-ci il tarixə məhkəmə baxışı təyin edilmişdir. Məhkəmə baxışı gedişində onlar tərəfindən ödənişlər edildiyindən, iddiaçı tərəfindən məhkəməyə xx.xx.2025-ci il tarixli ərizə ünvanlanaraq əsas borc hissəsi azaldılmış, lakin vəkil xidmətləri üçün 13 saylı vəkil bürosuna ödənilmiş 320 manat, dövlət rüsumu olaraq 205 manatın tələb edilməsi ilə iddia həcmini artırmaqla prosessual hüquq normasını pozmuşdur. İddiaçı tərəf işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşandıqdan sonra iddia tələbinin həcmini artırmağa haqlı olmamış, birinci instansiya məhkəməsi tərəfindən həmin ərizə nəzərə alınmaqla prosessual hüquq normasının tələbi pozulmuşdur. Cavabdeh qətnamənin ləğv edilməsini, iddianın əsas borc hissəsində təmin edilməsini, qalan hissədə isə rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
17. İddiaçı MMC tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları:
18. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də tərəflər məhkəmə iclasına gəlməmişdir. İddiaçı məhkəmə iclasında iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir.
19. Cavabdehin qanuni təmsilçisi Elvin Məmmədov xx.xx.2025-ci il tarixdə məhkəməyə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə ərizə ünvanlayaraq xx.xx.2025-ci il tarixə təyin edilmiş məhkəmə iclasında nümayəndənin iştirak edə bilməyəcəyini nəzərə alaraq məhkəmə iclasının başqa vaxta təxirə salınmasını xahiş etmişdir.
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər.
21. Cavabdehin qanuni qanuni təmsilçisi məhkəmə iclasının təxirə salınmasını xahiş etsə də, nümayəndəsinin kim olması, hansı səbəblərdən məhkəmə iclasında iştirakının mümkün olmaması, eləcə də bu səbəblərin üzrlü hesab edilməsi ilə bağlı sübutlar təqdim etməmişdir. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə uyğun olaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
22. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. ... Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. ... Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi ... 443.10. Borclu icra predmetini başqa şəxsdən almalı olduqda və onu ala bilmədikdə də, əgər müqavilədən ayrı qayda irəli gəlmirsə, icra etməmək üçün məsuliyyət daşıyır.
Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. ... 448.4. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır. Maddə 462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 462.2. Əgər borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşımırsa, kreditor dəbbə pulunun ödənilməsini tələb edə bilməz. 462.3. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Maddə 627. Göndərmə müqaviləsi 627.1. Göndərmə müqaviləsinə görə mal göndərən - sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı istehsal etdiyi və ya satın aldığı malları sahibkarlıq fəaliyyətində və ya şəxsi, ailə, ev və digər bu cür istifadə ilə bağlı olmayan başqa məqsədlər üçün istifadə edilməkdən ötrü şərtləşdirilmiş müddətdə və ya müddətlərdə alıcıya verməyi öhdəsinə götürür. ... Maddə 631. Malların çatdırılması 631.1. Mal göndərən malları göndərmə müqaviləsində nəzərdə tutulan nəqliyyatla və müqavilədə müəyyənləşdirilmiş şərtlərlə çatdırır. ... Maddə 637. Göndərilən mallar üçün hesablaşmalar 637.1. Alıcı göndərilən malları göndərmə müqaviləsində nəzərdə tutulan hesablaşma qaydasını və formasını gözləməklə ödəyir. Əgər tərəflərin razılaşmasında hesablaşma qaydası və forması müəyyənləşdirilməyibsə, hesablaşmalar ödəniş tapşırıqları ilə həyata keçirilir. 637.2. Göndərmə müqaviləsində malların mal alan (ödəyici) tərəfindən ödənilməsi nəzərdə tutulduqda və o, ödənişdən əsassız imtina etdikdə və ya malları müqavilədə müəyyənləşdirilmiş müddətdə ödəmədikdə mal göndərən alıcıdan göndərilmiş malları ödəməyi tələb edə bilər. ... Maddə 642. Malların tam göndərilməməsi və ya göndərilməsinin gecikdirilməsi üçün dəbbə pulu Malların tam göndərilməməsi və ya göndərilməsinin gecikdirilməsi üçün qanunla və ya göndərmə müqaviləsi ilə müəyyənləşdirilmiş dəbbə pulu mal göndərəndən onun tam göndərilməmiş malların miqdarını göndərmənin sonrakı dövrlərində tamamlamaq vəzifəsinin hüdudları daxilində öhdəliyini faktik icra edənədək tutulur, bu şərtlə ki, qanunla və ya müqavilə ilə dəbbə pulunun ödənilməsinin ayrı qaydası nəzərdə tutulmasın.
23. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 53. İddianın dəyişdirilməsi İddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. … Maddə 107. Məhkəmə xərclərinin tərkibi Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
Maddə 115. İşə baxılması ilə əlaqədar məsrəflər 115.0. İşə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: ... 115.0.6. vəkillərə etdikləri kömək üçün ödənilən xərclər; ... Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. … 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. Maddə 121. Nümayəndəyə və vəkilə göstərdiyi yardıma görə xərclərin ödənilməsi 121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. … Apellyasiya baxışının hədləri:
24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
25. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
26. Mübahisələndirilən qətnamə ilə iddia qismən təmin edilərək cavabdehdən 13700 manat müqavilə üzrə borc və 600 manat dəbbə pulu tutulmuş, məhkəmə xərcləri bölüşdürülmüşdür. İddiaçı həmin qətnamədən şikayət verməmiş, cavabdeh isə apellyasiya şikayətində qətnamənin ləğv edilməsini tələb etsə də faktiki olaraq əsas borcun, yəni 13700 manat pulun tutulması hissəsində qətnamə ilə razı olduğunu, dəbbə pulunun və məhkəmə xərclərinin tutulması hissəsində qətnamə ilə razılaşmadığını göstərmişdir.
27. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə uyğun olaraq birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehdən dəbbə pulunun, həmçinin məhkəmə xərclərinin tutulması hissəsində yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
29. Tərəflər arasında beton məhlulunun alqı-satqısına dair müqavilə bağlanmışdır. Tərəflər sahibkarlıq fəaliyyəti ilə məşğul olan kommersiya hüquqi şəxsləri olduğundan və mal (beton məhlulu) cavabdehin sahibkarlıq fəaliyyətində istifadə etməkdən ötrü verildiyindən bu müqavilə alqı-satqı müqaviləsinin xüsusi növü olan göndərmə müqaviləsi hesab olunur. Müqavilə əlavə haqq müqabilində malın çatdırılması şərti ilə bağlanmışdır.
30. İşin mübahisəsiz halı kimi iddiaçı tərəfindən cavbadehdə müqavilədə nəzərdə tutulmuş malın çatdırıldığı və iddia ərizəsinin verildiyi tarixə həmin mala görə ödəniləcək pulun 34603,80 manat təşkil etdiyi müəyyən edilir. Eləcə də bu məbləğin ödənilməsinin xx.xx.2024-cü il tarixdən 147 gün müddətinə gecikdirildiyi müəyyən edilir. İddiaçı gecikmə müddətinə görə dəbbə pulu məbləğinin 34603,80 manat olduğunu bildirsə də özü dəbbə pulu məbləğini 10 000 manat həcmində tələb etmişdir.
31. Məhkəmə iddianı qismən təmin edərkən dəbbə pulu məbləğini azaldaraq 600 manat həcmində təmin etmişdir. Cavabdeh dəbbə pulunun tutulması ilə razılaşmamış və şikayətində bildirmişdir ki, öhdəliyin icrası onun təqsiri üzündən gecikməmişdir. Buna görə də ondan dəbbə pulu tutula bilməz.
32. Məhkəmə kollegiyası apellyasiya şikayətinin bu dəlili ilə razılaşmır və qeyd edir ki, borcluya digər şəxslərin icra edilməli olan öhdəliklərinin olması, hətta borclunun icra predmetini belə başqa şəxsdən almalı olması onu öhdəliyin icra edilməməsi üçün məsuliyyətdən azad etmir. Borclu digər şəxslərlə müqavilə bağlayarkən azad surətdə müqavilə tərəfini seçir və həmin şəxslərin öhdəliyini icra etməməsi riskini öz kreditoru qarşısında müstəqil olaraq daşıyır. Qeyd olunan yanaşma Mülki Məcəllənin yuxarıda istinad edilən 443 və 448-ci maddələrindən irəli gəlir.
33. Apellyasiya şikayətinin digər dəlili isə məhkəmə tərəfindən prosessual hüquq normasının pozularaq işin məhkəmədə baxılmağa hazırlanması mərhələsi yekunlaşdıqdan sonra iddiaçının iddia tələbinin həcminin artırılması barədə ərizəsini qəbul etməsi və həmin ərizəyə uyğun olaraq cavabdehdən vəkilin göstərdiyi hüquqi yardıma görə pulun və ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzinin tutulmasından ibarətdir.
34. Məhkəmə kollegiyası apellyasiya şikayətinin bu dəlilini də əsassız hesab edir. İddia tələbi dedikdə şəxsin öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etməklə cavabdehə qarşı yönəltdiyi tələbi başa düşülür. Məhkəməyə müraciət etmək üçün ödənilən dövlət rüsumu, vəkilin göstərdiyi hüquqi yardıma görə ona ödənilən məbləğ və s. bu kimi dairəsi Mülki Prosessual Məcəllənin 107 və 115-ci maddələri ilə müəyyən edilən məsrəflər məhkəmə xərcləri olmaqla Mülki Prosessual Məcəllənin 119-124-cü və 220.5-ci maddələrinə uyğun olaraq həmin xərclərin bölüşdürülməsi və bu barədə məhkəmənin gəldiyi nəticənin məhkəmə qətnaməsində göstərilməsi hakimin vəzifəsidir.
35. Qeyd edilənlər baxımından, iddiaçının xx.xx.2025-ci il tarixli ərizəsində iddianın həcmini azaltması ilə yanaşı, məhkəmə xərclərinin bölüşdürülməsinə dair mövqeyini ifadə etməsi iddianın həcminin artırılması hesab edilmir. Odur ki, bu ərizəni qəbul etməklə birinci instansiya məhkəməsi tərəfindən Mülki Prosessual Məcəllənin 53-cü maddəsinin tələbi pozulmamışdır.
36. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi vəkilin göstərdiyi hüquqi yardıma gör xərcin bütövlükdə cavabdehdən tutulması ilə bağlı da düzgün nəticəyə gəlmişdir. Belə ki, iddia qismən təmin edilsə də, bu iddianın bir hissəsinin əsassız olması ilə bağlı yox, cavabdehin məhkəmə icraatı dövründə ödənişlər etməsi və məhkəmənin Mülki Məcəllənin 467-ci maddəsində nəzərdə tutulmuş səlahiyyətinə əsaslanaraq dəbbə pulunun miqdarını azaltmasından irəli gəlmişdir. Vəkilə hüquqi yardıma görə ödənilmiş məbləğ isə hazırkı işin hallarına uyğun olaraq ağlabatan məbləğdir.
37. Beləliklə, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, apellyasiya şikayətində irəli sürülən dəlillər əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Odur ki, şikayət təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
38. Apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.
39. Hazırkı kommersiya mübahisəsi əmlak xarakterli mübahisə olduğuna və qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti on min manatdan az olduğuna görə bu qətnamədən kassasiya şikayəti verilməsinə yol verilmir.
40. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət e t d i :
Cavabdeh "Startruck Global” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 10 iyul 2025-ci il tarixli e-2-2(113)-4002/2025 saylı nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş rüsum cavabdehin özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Tural Qocayev
Hakimlər: Elnur Həsənov
Səməd Cəfərov