Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1038/2021 27.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Vəliyev Elmar Valeh oğlunun katibliyi ilə, ilk iddia üzrə iddiaçının qanuni nümayəndəsi Qanuni nümayəndə və vəkili Vəkil1, ilk iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə iddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" MMC-ə qarşı alqı-satqı müqaviləsi üzrə avans kimi ödənilmiş pulun qaytarılması barədə ilk iddia ərizəsi, Cavabdeh "xxxx" MMC-ə qarşı dəymiş ziyanın, cərimənin tutulmasına dair iddiası kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin 05.07.2021-ci il tarixli, e-2-2(113)-2419/2021 saylı qətnaməsindən (hakim Zaur Pirverdiyev) "xxxx" MMC tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı cavabdehdən avans kimi ödənilmiş 37.150 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonradan Cavabdeh İddiaçınə qarşı qarşılıqlı iddia verərək, sonradan qarşılıqlı iddianın dəyişdirilməsi barədə ərizə verərək, cavabdehdən 78146,94 manat məbləğində dəymiş ziyanın, 26.743.80 manat məbləğində cərimə-dəbbə pulunun və 30 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İlk iddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" Star MMC ilə Cavabdeh MMC arasında 18 dekabr 2019-cu il tarixində malların və xidmətlərin alqı-satqısı haqqında müqavilə imzalanmışdır. Bu müqaviləyə əsasən satıcı Cavabdeh MMC alıcı İddiaçı MMCnin sifarişlərinə uyğun olaraq malları razılaşdırılmış şərtlərlə alıcıya verməyi, alıcı İddiaçı MMC isə öz növbəsində malları təhvil almaqla müqavilə ilə müəyyən edilmiş məbləği satıcıya verməyi öz öhdəsinə götürmüşdür. Sözügedən müqavilənin 4.3-cü bəndinə əsasən alıcı İddiaçı MMC müqavilə ilə müəyyən edilmiş 20% avans məbləğinin bir hissəsini - 37.150 manat məbləğində vəsaiti Cavabdeh MMC-nin hesabına köçürmüşdür. Lakin Cavabdeh MMC müqavilə öhdəliklərini yerinə yetirməmiş, alıcıya müqavilə və onun əlavəsinə uyğun çeşiddə və sayda mal təqdim etməmişdir. Buna görə də "Suvaran Azərbaycan” MMC müqavilənin 4-cü bəndinə əsasən müqaviləni xəbərdarlıq etməklə birtərəfli qaydada ləğv etmişdir. Qanunun müvafiq normasının tələbinə əsasən Cavabdeh MMC ilə məhkəməyə qədər həll qaydasına riayət edilmiş və ona rəsmi pretenziya məktubu ilə müraciət edilmişdir. Cavabdeh MMC-dən ödənilmiş avans məbləğinin İddiaçı MMC-nin bank hesabına qaytarılması xahiş edilmişdir. Lakin rəsmi xəbərdarlıq məktubunun təqdim edilməsindən xeyli müddət keçməsinə baxmayaraq Cavabdeh MMC ödənilmiş 37.150 manat məbləğini İddiaçı MMC-nin hesabına geri ödəməmişdir. Cavabdeh MMC öhdəliyini lazımi qaydada icra etmədiyindən ödənilmiş avans məbləğinin geri qaytarılması zərurəti yaranmışdır. Cavabdeh MMC ilə mübahisənin məhkəmədən kənar həllinə cəhd edilmiş, lakin müsbət nəticə əldə edilməmişdir. Buna görə də mübahisənin məhkəmə qaydasında həllinə zərurət yaranmışdır. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış müqavilənin 18 dekabr 2019-cu il tarixli, 01 saylı əlavəsinə əsasən cavabdeh ümumi dəyəri 267.438 manat təşkil edən 1 dəst 72.94 ha badam bağı üçün damlama suvarma sistemini (nasoslar, fıltrasiya sistemi, tənzimləyici klapanlar, filterlər, ana və paylayıcı pvc borular, damlama boruları və kranlar) sifariş vermişdir. Tərəflər arasında bağlanılmış müqavilənin tələblərinə uyğun olaraq Cavabdeh MMC tərəfindən sifariş edilmiş 72.94 ha badam bağı üçün damlama suvarma sistemi ölkəyə idxal edilmiş və cavabdehə təqdim edilmişdir. Lakin cavabdeh tərəfindən bugünədək sözügedən avadanlığın dəyəri ödənilməmiş, eləcə də əsassız şəkildə malı qəbul etməkdən imtina etmişdir. Hətta bunun əksi olaraq cavabdeh İddiaçı MMC Bakı Kommersiya Məhkəməsinə müraciət edərək Cavabdeh MMC tərəfindən sifarişdə qeyd edilən malların Əlavədə qeyd edilən çeşiddə və sayda təqdim edilmədiyini bildirərək Suvaran AzərbaycanMMC-yə ödədiyi 37.150 manat məbləğində pulu geri tələb etmişdir. Halbuki bununla bağlı Cavabdeh MMC-nə bugünədək Mülki Məcəllənin 595-ci maddəsinin və müqavilənin 3-cü bəndinin tələblərinə uyğun olaraq hər hansı bir məlumat verilməmişdir. Belə ki, cavabdeh “Orient Star" MMC-nin ilkin iddia tələbində qeyd etdiyi hallar ümumiyyətlə həqiqətə uyğun deyil. Cavabdeh MMC tərəfindən müqavilə üzrə sifariş verilmiş mallar razılaşdırılmış çeşiddə ölkəyə idxal edilmiş, bununla bağlı cavabdehə məlumat verilmiş, hətta suvarma avadanlıqlarının quraşdırılması məqsədilə dəfələrlə tərəflərin nümayəndələrinin iştirakı ilə görüşlər keçirilmiş, müqavilə üzrə ödənişlər həyata keçirildikdən sonra malların təqdim edilməsi müzakirə edilmiş, lakin cavabdeh malların dəyərini ödəməmişdir. Cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliklərini icra etmədiyindən Cavabdeh MMC tərəfindən cavabdehin sifarişi əsasında ölkəyə idxal edilmiş mallar saxlanc anbarına verilmişdir. Malların bugünədək həmin anbarda saxlanılması ilə bağlı xərclər cavabdehin Cavabdeh MMC-yə birbaşa vurduğu ziyandır ki, son 1 il ərzində bununla bağlı Cavabdeh MMC-yə 16.603.31 manat məbləğində zərər vurulmuşdur. Qeyd edilən zərər məbləği gündən günə artmaqdadır. Həmçinin, cavabdeh "xxxx" MMC üzərinə götürdüyü öhdəliklərini icra etmədiyindən müqavilənin 10-cu bəndi ilə müəyyən edilmiş maksimal 10% olmaqla, ümumilikdə 26.743.80 manat məbləğində cərimə sanksiyasını ödəməlidir. Bakı Kommersiya Məhkəməsinin 05 iyul 2021-ci il tarixli, 2-2(113)-2419/2021 saylı qətnaməsi ilə ilk iddia təmin edilmiş, Cavabdehndən avans kimi ödənilmiş 37.150 manat pul və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq Orient Star Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi, qarşılıqlı iddia rədd edilmiş, qarşılıqlı iddia üzrə ödənilmiş 30 manat dövlət rüsumu Suvaran AzərbaycanMəhdud Məsuliyyətli Cəmiyyətinə aid edilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh MMC apelyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2419/2021 saylı, 05.07.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və qarşılıqlı iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2419/2021 saylı, 05.07.2021-ci il tarixli qətnaməsi şəxsi mülahizələr əsasında və yoxlanılmamış dəlillər əsasında qurulduğundan, məhkəmənin gəldiyi nəticə həm faktiki hallarla bağlı, həm də tətbiq edilmiş hüquq normalara görə işin həqiqi hallarına uyğun deyil və tərəflərin qarşılıqlı münasibətlərini əks etdirmir. Məhkəmənin mövqeyinə əsasən cavabdehin hazırkı müqavilə üzrə niyyəti alğı-satqı müqaviləsini imzalayaraq qarşılıqlı iddia üzrə cavabdehdən pul almaq və müqavilə üzrə öhdəlikləri icra etməkdən yayınmaqdır. Halbuki həm iddia tələbində, həm ilkin iddia üzrə iddiaçının izahatlarında müqavilə üzrə öhdəliklərin satıcı tərəfindən icra edərək malın ölkəyə gətirildiyi öz təsdiqini tapmışdır. Tərəflər arasında bağlanmış 18 dekabr 2019-cu il tarixli SA010 saylı “Malların, iş və xidmətlərin alqı-satqısı haqqında” müqavilənin 4.3, 4.4 və 4.5-ci bəndlərinə əsasən alıcı bu Müqavilə üzrə materialların dəyərinin 20% (iyirmi faizi) məbləğini avans olaraq təqdim edilmiş hesab fakturaya əsasən satıcıya ödəyəcək. Tərəflərin qarşılıqlı razılığına əsasən avans ödənişindən sonra materialların dəyərinin 40%-i (qırx faizi) malların yükləmə sənədləri Alıcıya təqdim olunduqdan sonra 5 (beş) iş günü ərzində hesab fakturaya əsasən ödəniləcəkdir. Materialların dəyərinin 40%-i (qırx faizi) mallar sahədə Alıcı tərəfindən təhvil alındıqdan sonra 5 (beş) iş günü ərzində hesab fakturaya əsasən ödəniləcəkdir. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, qarşılıqlı iddia tələbinin rədd edilməsi üçün əsas satıcı tərəfindən "xxxx" MMC-yə vaxtında malların yüklənməsi ilə bağlı məlumat verilməməsi, həmçinin malların cavabdehə təqdim edilməməsidir. Halbuki bu hallar heç məhkəmə araşdırması zamanı tərəflərin müzakirə və mübahisə predmeti olmayıb. Maraqlısı odur ki, mallar artıq ölkədə olduğu təqdirdə məhkəmə onların yüklənməsi barədə məlumatın tərəfə verilmədiyini əsas gətirir və iddianı rədd edir, lakin qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən malların ölkədə olduğunu bilərək müqavilə üzrə ödənişini etmədiyini qanuni hesab edir. Həmçinin məhkəmə ilkin iddia üzrə iddiaçını təkrar olaraq müdafiə edərək bildirir ki, "xxxx" MMC müqavilə üzrə avans öhdəliyini icra etmişdir. Müqavilənin dəyəri 267.438 manat təşkil etdiyi zaman sadə riyazi hesablamalar əsasında avans məbləğinin 267.438*20%=53.487,6 manat olduğunu müəyyən edirik. İddiaçı MMC tərəfindən cəmiyyətə 37.150 manat məbləğində avans ödənişi etmişdir ki, bu da müqavilə üzrə müəyyən edilən əsl avans məbləğindən 16.337,6 manat qədər azdır. Qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İlk iddia üzrə cavabdehin qanuni nümayəndəsi Qanuni nümayəndə, vəkili Vəkil1 məhkəmə iclasında apelyasiya şikayətinə qarşı etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin 05.07.2021-ci il tarixli e-2-2(113)-2419/2021 sayl qətnaməsi qismənqarşılıqlı iddianın rədd edildiyi hissədə ləğv edilməli, qarşılıqlı iddia qismən təmin edilərək "xxxx" MMC-dən "xxxx" MMC-nin xeyrinə 10287,16 manat dəymiş ziyana görə pul, 26743,80 manat dəbbə pulu, cəmi 37030,96 manat pul və 500 manat ekspertiza xərc tutulmalı, qarşılıqlı iddia qalan hissədə təmin edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalı, apelyasiya instansiyası mərhələsi üçün ödənilmiş dövlət rüsumu "xxxx" MMC-yə aid edilməlidir. İş materiallarından görünür ki, tərəflər arasında 18 dekabr 2019-cu il tarixli SA010 saylı “Malların, iş və xidmətlərin alqı-satqısı haqqında” müqavilə bağlanmışdır. Müqaviləyə 1 saylı əlavədən görünür ki, "xxxx" MMC "xxxx" MMC-yə ƏDV-siz dəyəri 268412 manat olan 65,54 ha badam bağı üçün damlama suvarma sistemi dəsti (nasoslar, filtrasiya sistemi, tənzimləyici klapanlar, filterlər, ana və paylayıcı pvc borular, damlama boruları və kranlar) satmağı öhdəsinə götürmüşdür. Müqavilənin 3.2-ci bəndində malların müqavilə imzalandığı gündən 75-80 gün ərzində çatdırılması nəzərdə tutulmuşdur. 3.4-cü bənddə qeyd edilmişdir ki, satıcı malın çatdırılması barədə 3 gün ərzində alıcıya məlumat verməli, tərəflər yoxlamaların aparılması üçün vaxt təyin etməli, aparılan yoxlamalar zamanı aşkar edilmiş qüsurlar hər iki tərəfin birgə tərtib edəcəyi və imzalayacağı qüsur aktında əks olunmalıdır. Müqavilənin 4.3-cü bəndində qeyd edilmişdir ki, alıcı bu müqavilə üzrə malın dəyərinin 20%-ni (268412 manatın 20%-53682,4 manat) avans olaraq təqdim edilmiş hesab fakturaya əsasən satıcıya ödəyəcək. İşin məhkəmə tərəfindən müəyyən edilmiş mübahisəsiz hallarından görünür ki, "xxxx" MMC müqavilənin 4.-cü bəndindəki öhdəliyi lazımı qaydada icra etməyərək cəmi 37150 manat avans ödəmişdir. Buna baxmayaraq satıcı malı azərbaycana gətirmiş, 2020ci ilin iyun ayında mal yoxlanılması və qəbul edilməsi üçün alıcıya təqdim edilsə də alıcı malı qəbul etməkdən və dəyərini ödəməkdən imtina etmiş, satıcı mala görə ödəniş həyata keçirilmədiyindən 25 noyabr 2020-ci il tarixli məktubla müqaviləni birtərəfli qaydada ləğv etmişdir. Birinci instansiya məhkəməsi tərəflər arasında bağlanmış 18 dekabr 2019-cu il tarixli alqı-satqısı müqaviləsinin Cavabdeh MMC tərəfindən birtərəfli qaydada ləğv edilməsi əsası ilə Orient Star" MMC tərəfindən ödənilmiş 37.150 manat avans ödənişinin Cavabdeh MMC-dən tutulması barədə ilk iddia tələbini təmin etsə də, qarşılıqlı iddia üzrə təqdim edilmiş sübutlara hər hansı hüquqi qiymət verməmiş, alqı-satqı müqaviləsinin ləğv edilməsində və baş tutmamasında hansı tərəfin təqsirli olduğunu araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmiş, mübahisə üzrə tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etməməmiş, nəticədə qarşılıqlı iddia tələbinin rədd edilməli olduğuna dair düzgün olmayan nəticəyə gəlmişdir. İşə apelyasiya qaydasında baxılarkən “Orient Star" MMC-nin qanuni təmsilçisi Qanuni nümayəndə məhkəmə iclasında izahat verərək bildirmişdir ki, Cavabdeh MMC tərəfindən iyun ayında gətirilən suvarma sistemi sifarişə uyğun olmamış, təmizləyici filtrin tutumu uyğun olmamış, boruların diametri, filtrin kubu, motoru tələblərə uyğun olmamışdır. “Orient Star" MMC tərəfindən Cavabdeh MMC tərəfindən təqdim edilən suvarma sisteminin razılaşdırılmış texniki parametrləri və göstəriciləri barədə birinci instansiya məhkəməsinə hər hansı sübut təqdim edilməmişdir. Halbuki müqavilənin 3.4-cü bəndində təqdim edilmiş malda aşkar edilmi qüsurlarla bağlı qüsur aktı tərtib edilməli olduğu nəzərdə tutulmuşdur. Halbuki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 598.4-cü maddəsinə əsasən əgər alıcı alğı-satqı müqaviləsini pozmaqla əşyanı qəbul etməkdən və ödəməkdən imtina edirsə, satıcı öz seçimi ilə əşyanın ödənilməsini tələb edə bilər və ya müqavilənin icrasından imtina edə bilər. Həmin Məcəllənin 424.5ci maddəsinə əsasən əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. İşin araşdırılan hallarına əsasən məhkəmə tərəfindən müəyyən edilir ki, hazırkı halda Cavabdeh MMC tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi üzrə öz üzərinə düşən öhdəliyi icra etmiş və müqavilənin predmeti olan malı öz hesabına əldə edərək Azərbaycana gətirmiş, alıcı “Orient Star" MMC isə alqı-satqı müqaviləsinin tələblərini pozaraq razılaşdırılmış avans məbləğini qismən ödəmiş, o cümlədən gətirilmiş malı qəbul etməkdən və dəyərini ödəməkdən imtina edərək müqaviləni pozmuşdur. Müqavilə ləğv edildiyi üçün alıcı ödənilmiş avansı geri tələb etməkdə haqlı olsa da, məhkəmə hesab edir ki, yuxarıda sadalanan normaların tələblərinə əsasən Cavabdeh MMC-nin alıcı tərəfindən müqavilənin icrasından əsassız imtina edilməsi nəticəsində dəymiş ziyanı qarşı tərəfdən tələb etmək hüququ vardır. Məhkəmə kollegiyası hesab edir ki, qarşılıqlı iddia tələbi “Orient Star" MMC-dən 26743,80 manat dəbbə pulu tutulması hissəsində əsaslıdır. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin 10.5-ci bəndində nəzərdə tutulmuşdu ki, alıcı satıcı tərəfindən təqdim edilmiş malların müqavilə şərtlərinə uyğun olaraq dəyərinin ödənilməsində gecikməyə yol verdikdə yol verdiyi həh gecikmə gününə görə 0,01 % dəbbə pulu ödəməlidir. 10.6-cı bəndə əsasən cərimənin ümumi məbləği müqavilə dəyərinin 10 %-dən artıq ola bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 465.1-ci maddəsinə əsasən əgər borclu öhdəliyin icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd edirsə, kreditor müqavilənin icrası əvəzinə dəbbə pulu ödənilməsini tələb edə bilər. Əgər kreditor borcluya cərimə ödənilməsini tələb etdiyini elan edərsə, öhdəliyin icra edilməsi barədə tələb istisna olunur. Əgər kreditorun icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, o tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tələb edə bilər. Bununla kreditorun digər zərərin tutulması hüququ istisna edilmir. Cavabdeh MMC tərəfindən tələb edilən dəbbə pulu məbləği müqavilə dəyərinin 10%-dən çox olmadığından məhkəmə hesab edir ki, dəbbə pulu tələbi tam təmin edilərək "xxxx" MMC-dən "xxxx" MMC-nin xeyrinə 26743,80 manat dəbbə pulu tutulmalıdır. Cavabdeh MMC tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmiş "xxxx" MMC ilə bağlanmış alqı-satqı müqaviləsindən görünür ki, tərəflər arasında bağlanmış alqısatqı müqaviləsi ləğv edildikdən sonra suvarma sistemi müəyyən borular və nasoslar xaric 70163 ABŞ dollarına (119277,1 manata) həmin şirkətə satılmışdır. Satılmayan hissələrin dəyəri 51441,27 manat təşkil edir. Cavabdeh MMC alıcının sifarişi əsasında gətirilmiş və qəbul etməkdən imtina etdiyi malı digər alıcıya daha aşağı qiymətə satmağa məcbur olduğuna görə 60543,63 manat ziyanın tutulmasını tələb edir. Bu tələbin hüquqi əsasını Mülki Məcəllənin 645.2-ci maddəsi təşkil edir. Həmin normaya əsasən əgər alıcının öhdəliyi pozması nəticəsində müqavilə ləğv edildikdən sonra ağlabatan müddətdə satıcı malı müqavilədə nəzərdə tutulandan daha aşağı, lakin ağlabatan qiymətlə başqa şəxsə satarsa, müqavilədə müəyyənləşdirilmiş qiymətlə onun əvəzinə icra edilmiş əqd üzrə qiymət arasındakı fərq şəklində zərərin əvəzinin ödənilməsi tələbini alıcıya qarşı irəli sürə bilər. Məhkəmə hesab edir ki, qeyd edilən normanın tələbinə əsasən satıcının alıcı tərəfindən qəbul edilməmiş malı ağlabatan qiymətlə başqa şəxsə satdığı halda onun qiymət fərqini tələb etmək hüququ yarandığından, hazırkı halda isə Cavabdeh MMC malı müqavilə dəyərindən xeyli aşağı qiymətə satdığından qeyd edilən hissədə qarşılıqlı iddia təmin edilə bilməz. Qarşılıqlı iddia tələbində eyni zamanda alıcının qəbul etmədiyi malın anbar-icarə xərcləri və ekspertiza xərcinə görə 17603,31 manatın tutulması xahiş olunur. 28 fevral 2020-ci il tarixli 78/020 saylı İcarə müqaviləsindən görünür ki, X2” MMC Bakı şəhəri, Abşeron rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə sovxozu ünvanında yerləşən anbar təyinatlı qeyri-yaşayış binasını Cavabdeh MMC-yə icarəyə vermişdir. 12 ədəd elektron qaimədən görünür ki, Suvaran AzərbaycanMMC tərəfindən “X2” MMC-yə ümumilikdə 16603,31 manat məbləğində icarə haqqı ödənilmişdir. İşdəki “Məhkəmə Ekspertizası və X1” MMC-nin rəyindən görünür ki, Cavabdeh MMC-nin sifarişi əsasında suvarma avadanlığı tədqiq edilmiş, təqdim edilmiş malın tərəflər arasında bağlanmış müqavilənin təyinatına uyğun olduğu müəyyən edilmişdir. “Məhkəmə Ekspertizası və X1” MMC-nə 21.06.2021-ci il tarixdə ekspert rəyinə görə Cavabdeh MMC tərəfindən 1000 manat ödənilməsi barədə qəbzin əsli məhkəməyə təqdim edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinəmütənasibolaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edilən normanın tələbinə əsasən hesab edir ki, “Məhkəmə Ekspertizası və X1” MMC-nə Cavabdeh MMC tərəfindən ödənilmiş 1000 manat vəsaitin 500 manatı qarşılıqlı iddia üzrə iddiaçının xeyrinə "xxxx" MMC-dən tutulmalıdır. İşdəki 18.06.2020-ci il tarixli aktdan və qoşmasından görünür ki, suvarma sistemi olan avadanlığın saxlanılmasına görə Cavabdeh MMC tərəfindən icarəyə götürülmüş sahə Abşeron rayonu, 283-cü Hövsan küçəsi, 30-da yerləşən anbar kompleksinin 144 kv.m hissəsidir. Buna görə də məhkəmə hesab edir ki, Cavabdeh MMC tərəfindən yalnız həmin sahə ilə bağlı ödənilmiş icarə haqları qarşı tərəfdən dəymiş ziyan kimi tutula bilər. İşdəki elektron qaimələr əsasən həmin sahə ilə bağlı 2020-ci ilin iyun ayından sonra ödənilmiş icarə haqqı 10287,16 manat təşkil etdiyindən məhkəmə hesab edir ki, həmin məbləği "xxxx" MMC-dən "xxxx" MMC-nin xeyrinə tutulmalı, qarşılıqlı iddia qalan hissədə rədd edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin 05.07.2021-ci il tarixli e-2-2(113)- 2419/2021 sayl qətnaməsi qismən-qarşılıqlı iddianın rədd edildiyi hissədə ləğv edilməli, qarşılıqlı iddia qismən təmin edilərək "xxxx" MMC-dən "xxxx" MMC-nin xeyrinə 10287,16 manat dəymiş ziyana görə pul, 26743,80 manat dəbbə pulu, cəmi 37030,96 manat pul və 500 manat ekspertiza xərc tutulmalı, qarşılıqlı iddia qalan hissədə təmin edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalı, apelyasiya instansiyası mərhələsi üçün ödənilmiş dövlət rüsumu "xxxx" MMC-yə aid edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: "xxxx" MMC-nin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin 05.07.2021-ci il tarixli e-2-2(113)-2419/2021 saylı qətnaməsi qismən-qarşılıqlı iddianın rədd edildiyi hissədə ləğv edilsin. Qarşılıqlı iddiası qismən təmin edilərək "xxxx" MMC-dən "xxxx" MMC-nin xeyrinə 10287,16 manat dəymiş ziyana görə pul, 26743,80 manat dəbbə pulu, cəmi 37030,96 manat pul və 500 manat ekspertiza xərci tutulsun. Qarşılıqlı iddia qalan hissədə təmin edilməsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apelyasiya instansiyası mərhələsi üçün ödənilmiş dövlət rüsumu "xxxx" MMC-yə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasısı vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasısına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(103)-1038/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1038/2021
27.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver