Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1039/2021 27.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Yusifov Cahangir Afər oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Qululu Elvin Mikayıl oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair iddia ərizəsinin baxılmamış saxlanılması barədə Bakı Kommersiya Məhkəməsinin 02 iyul 2021-ci il tarixli e-2-2(113)-2365/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı Bakı Kommersiya Məhkəməsinə müraciət edərək iddiaçı ilə cavabdeh arasında 01 mart 2017-ci il tarixli, N 004 saylı “agent” müqaviləsi üzrə yaranmış 4500 manat məbləğində danışıq kartlarına görə ödənilmiş pulun, 559,91 manat xidmət haqqı pulunun və 30.40 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 5090,31 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 02.07.2021-ci il tarixli e-2-2(113)-2365/2021 saylı qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmışdır. İddiaçı şikayətlə məhkəməyə müraciət edərək qərardadın ləğv edilməsini və mahiyyəti üzrə baxılması üçün iclas təyin edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin qərardadında iş üzrə məhkəmə iclasının 02 iyul 2021-ci il tarixinə, saat 14:15-ə təyin edildiyi və eyni zamanda məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada və müddətdə xəbərdar olunmalarına baxmayaraq, tərəflərin məhkəmə iclasına gəlmədiyi, gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri qeyd edilmişdir. Məhkəmə iclasının vaxtı barədə məlumatı özündə əks etdirən məhkəmə bildirişi “elektron məhkəmə sistemi”nə yerləşdirilməsinə baxmayaraq bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılmamışdır. Nəticədə iddiaçıda təyin edilmiş iclas barədə məlumat olmamışdır. Göründüyü kimi, qanunvericilik, hüquqi şəxsə ünvanlanmış müvafiq məhkəmə sənədinin qəbulunu “elektron kabinet”də yerləşdirilməklə yanaşı ona bu barədə məlumatın həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılmasını nəzərdə tutmuşdur. Lakin iddiaçıya müvafiq bildiriş sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS) göndərilməmişdir. Təbii ki, iddiaçı müvafiq qaydada məlumatlandırılmış olsa idi, nümayəndəsi məhkəmə prosesində mütləq qaydada iştirak edərdi. Bakı Kommersiya Məhkəməsinin 29.07.2021-ci il tarixli e-2-2(113)-2365/2021 saylı qərardadı ilə şikayət təmin edilməmiş və iş baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətə apelyasiya qaydasında baxılması 27.08.2021-ci il tarixə təyin edilmiş, tərəflər məhkəmə iclasının vaxtı barədə lazımı qaydada xəbərdar edilsələr də məhkəmə iclasında iştirak etməmiş, məhkəmə MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti işin materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 02 iyul 2021-ci il tarixli e-2-2(113)- 2365/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İddiaçı şikayət ərizəsində qeyd edir ki, məhkəmə iclasının vaxtı barədə “Elektron məhkəmə” informasiya sistemində yerləşdirilmiş bildiriş barədə sistem vasitəsilə onun elektron poçtuna məlumat və ya SMS göndərilməmişdir. İddia ərizəsindən və ona əlavə olunmuş sənədlərdən görünür ki, tərəflər arasında yaranmış mübahisə kommersiya mübahisəsidir, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər məhkəməyə iddiaçı tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135.5-ci maddəsinə əsasən bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Həmin Məcəllənin 135.8-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Hazırda qeyd edilən normaya müvafiq olaraq kommersiya mübahisələri üzrə məhkəmə sənədləri, o cümlədən, məhkəmə bildirişləri işdə iştirak edən şəxslərə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilməklə təqdim edilir və bu halda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Şikayət üzrə araşdırma aparılaraq məhkəmə tərəfindən müəyyən edilmişdir ki, 02.07.2021-ci il tarixə olan məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmənin bildirişi 21 iyun 2021-ci il tarixdə iddiaçının “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”ində yerləşdirilmişdir. Belə olan halda bu barədə məlumatın iddiaçıya sistem vasitəsilə elektron qaydada göndərilməməsi texniki cəhətdən mümkün olmadığından şikayətin dəlilləri əsassız hesab edilir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 1 iyun tarixli 1043 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elektron məhkəmə” informasiya sistemi haqqında” Əsasnamənin 6.1.15ci bəndinə əsasən məhkəmə prosesində iştirak edən şəxslərə məlumatların elektron qaydada (elektron kabinet, elektron poçt və SMS məlumatlandırma) çatdırılması informasiya sistemi vasitəsilə təmin edilir. Əsasnamənin 9.2.3-cü bəndinə əsasən sahib tərəfindən İnformasiya sisteminə daxil edilən və iştirakçının bilavasitə fəaliyyəti ilə bağlı olan yeni məlumat və sənədləri daim izləmək İnformasiya sistemi iştirakçılarının vəzifəsidir. Göstərilənlərə əsasən iddiaçının iddia ərizəsinin baxılmamış saxlanıldığı məhkəmə iclasının vaxtı barədə məhkəmə tərəfindən rəsmi məlumat verilmədiyinə dair şikayət ərizəsində qeyd edilənlər əsassız hesab edilir. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 02 iyul 2021-ci il tarixli e-2-2(113)-2365/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.1, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İddiaçı şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 02 iyul 2021-ci il tarixli e-2-2(113)-2365/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(103)-1039/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-1039/2021
27.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver