Məhkəmə qərarları › İş №2-2(103)-1039/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-1039/2025

29.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1039/2025 29.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 məruzəsi ilə, hakimlər X2 və X3 ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin 05 avqust 2025-ci il tarixli e-2-2(113)-723/2025 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı Kommersiya Məhkəməsinin 25 fevral 2025-ci il tarixli, e-2-2(113)-723/2025 saylı qətnaməsi ilə iddiaçı “ARD X5” MMC-nin Cavabdeh MMC-yə qarşı pulun tutulması tələbinə dair iddiası təmin edilərək, Cavabdeh MMC-dən 10947,41 ABŞ dolları məbləğində əsas borcun iddiaçı “ARD X5” MMC-nin xeyrinə tutulması, ödənilmiş 150,60 manat məbləğində dövlət rüsumunun cavabdehə aid edilməsi qət edilmişdir. Qətnamə xx.xx.2025-ci il tarixdə işdə iştirak edən şəxslərin, o cümlədən cavabdehin və onun nümayəndəsinin elektron kabinetlərinə yerləşdirilmişdir. Qeyd edilən qətnamədən xx.xx.2025-ci il tarixdə Cavabdeh MMC tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə apellyasiya şikayəti verilmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)- 723/2025 saylı qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin 25 fevral 2025-ci il tarixli, e2-2(113)- 723/2025 saylı qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti və ona əlavə olunmuş sənədlər geri qaytarılmışdır. Qərardad xx.xx.2025-ci il tarixdə cavabdehin və onun nümayəndəsinin elektron kabinetlərinə yerləşdirilmişdir. Qeyd edilən qətnamədən ikinci dəfə Cavabdeh MMC tərəfindən xx.xx.2025-ci il tarixdə apellyasiya şikayəti verilmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e2-2(113)-723/2025 saylı qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin 25 fevral 2025-ci il tarixli, e-2-2(113)- 723/2025 saylı qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti və ona əlavə olunmuş sənədlər geri qaytarılmışdır. Qərardad həmin tarixdə cavabdehin və onun nümayəndəsinin elektron kabinetlərinə yerləşdirilmişdir. Qeyd edilən qətnamədən cavabdeh tərəfindən üçüncü dəfə xx.xx.2025-ci il tarixdə apellyasiya şikayəti verilmiş, şikayətə həmçinin apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair ərizə əlavə edilmişdir. Ərizədə prosessual müddətin hansı səbəbdən buraxılması, bu səbəbin nəyə əsasən üzrlü hesab edilməsi barədə heç bir dəlil irəli sürülməmişdir. Ərizəyə baxılması ilə əlaqədar birinci instansiya məhkəməsində keçirilmiş 5 avqust 2025-ci il tarixli məhkəmə iclasında cavabdehin nümayəndəsi (vəkili) yaxın qohumunun vəfatı ilə bağlı rayonda olduğu üçün, habelə şikayətin hazır olmasına baxmayaraq elektron imzasında texniki problem olduğu üçün şikayət müddətinin ötürüldüyünü bildirmişdir. Bakı Kommersiya Məhkəməsinin 5 avqust 2025-ci il tarixli, e-2-2(113)-723/2025 saylı qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin 25 fevral 2025-ci il tarixli, e-2-2(113)- 723/2025 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə Cavabdeh MMC tərəfindən verilmiş ərizənin təmin edilməməsi, Bakı Kommersiya Məhkəməsinin 25 fevral 2025-ci il tarixli, e-2- 2(113)- 723/2025 saylı qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti və ona əlavə olunmuş sənədlərin geri qaytarılması qərara alınmışdır. Qərardad onunla əsaslandırılmışdır ki, cavabdeh qətnaməni əldə etdiyi vaxtdan sonra prosessual qanunvericiliyin tələblərinə uyğun apellyasiya şikayəti vermək üçün kifayət qədər vaxtı olmuş, lakin həmin müddət ərzində müvafiq hərəkətlər etməmişdir. Cavabdeh prosessual müddətin üzrlü səbəbdən buraxılması ilə bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Həmin qərardaddan Cavabdeh MMC tərəfindən şikayət verilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi Cavabdeh MMCnin məhkəməyə təqdim etdiyi apellyasiya şikayəti, həmin şikayət apellyasiya şikayətləri üçün MPM-ə əlavə kimi təsdiq edilmiş “Apellyasiya şikayətinin forması”na uyğun olmamasını göstərilmişdir. Bundan əlavə, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.6-cı maddəsinə əsasən apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Mülki Prosessual Məcəllənin 112.1.1-ci maddəsinə əsasən iddianın qiyməti pul vəsaiti alınması haqqındakı iddialarda alınan məbləğlə müəyyən edilir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddiaçının cavabdehdən tələb etdiyi yekun məbləğ, yəni iddianın qiymətinin 10947,41 ABŞ dolları (18609 manat) təşkil etdiyini nəzərə alaraq, elektron məhkəmə sistemi dövlət rüsumunun hesablanması kalkulyatoruna əsasən hesabladıqda müəyyən olunur ki, qətnamədən apellyasiya şikayətinin verilməsi üçün ödənilməli olan dövlət rüsumunun məbləği 72,91 manat təşkil edir. Məhkəmə istinad edir ki, iddiaçı apellyasiya şikayəti verərkən cavabdeh tərəfindən dövlət rüsumu ödənilməmişdir. Lakin qətiyyətlə bildirilir ki, dövlət rüsumu ödənilmiş, hətta 77 manat məbləğində ödənilmişdir. Bu faktı elektron kabinet vasitəsi ilə yerləşdirilmiş ********** nömrəli ödəmə qəbzi ilə təsdiq edilir. Məhkəmənin hansı səbəbdən belə qənaətə gəldiyi cavabdehə məlum deyildir. Hazırkı iş materiallarında olan xəbərnamədən göründüyü kimi, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsi cavabdehin elektron kabinetinə xx.xx.2025-ci il tarixində yerləşdirilsə də, cavabdeh hazırkı apellyasiya şikayətini ilk dəfə xx.xx.2025-ci il tarixdə, daha sonra isə xx.xx.2025-ci il tarixdə “Elektron Məhkəmə” informasiya sisteminə yerləşdirmişdir. Belə olan halda məhkəmə hesab edir ki, qətnamədən apellyasiya şikayəti qanunvericilikdə nəzərdə tutulmuş 1 aylıq prosessual müddət buraxılmaqla verilmişdir. Bununla bağlı bildirilir ki, 2 sutka ərzində məhkəmə elektron sistemi işləmədiyi səbəbindən şikayəti vaxtında verə bilməmişlər. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-16(113)-755/2025 saylı qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və Bakı Kommersiya Məhkəməsinin 29 avqust 2025-ci il tarixli, e-2-2(113)-723/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respblikası Mülki Prosessual Məcəlləsinin: 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. 133.2-ci maddəsinə əsasən buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir. 133.3-cü maddəsinə əsasən müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). 133.5-ci maddəsinə əsasən müddətin bərpasından imtina barədə qərardad çıxarılır. 133.6-cı maddəsinə əsasən prosessual müddətlərə dair məsələ üzrə qərardaddan işdə iştirak edən şəxslər şikayət verə bilər. Yuxarıda da qeyd edildiyi kimi cavabdehin nümayəndəsi (vəkili) buraxılmış prosessual müddətin bərpası barədə ərizəsində prosessual müddətin hansı səbəbdən buraxılması, bu səbəbin nəyə əsasən üzrlü hesab edilməsi barədə heç bir dəlil irəli sürülməmişdir. Məhkəmə iclasında isə prosessual müddətin buraxılmasını yaxın qohumunun vəfatı ilə əlaqədar rayonda olması və öz elektron imzasında texniki problemin olması ilə əlaqələndirmişdir. Qərardaddan verilmiş şikayətdə isə 2 gün ərzində “Elektron məhkəmə” informasiya sistemində yaranmış texniki problemdən dolayı apellyasiya şikayətini vaxtında verə bilmədiyini göstərmişdir. Göründüyü kimi, cavabdehin nümayəndəsinin gətirdiyi dəlillər bir-biri ilə ziddiyyətli olmaqla yanaşı, həmin dəlilləri təsdiq edən heç bir sübut da əlavə edilməmişdir. Hətta bu dəlillər təsdiqini tapsa belə, yenə də buraxılmış prosessual müddətin bərpası üçün əsas olmayacaqdı. Cavabdeh qətnaməni ilk dəfə aldığı vaxtdan (5 mart 2025) sonra apellyasiya şikayətinin verilməsi üçün müddəti bir gün ötürməklə (5 aprel 2025-ci il tarixi qeyri-iş günü olduğundan şikayətin verilməsi üçün son gün 6 aprel 2025-ci il tarixi olmuşdur) 7 aprel 2025-ci il tarixdə şikayət vermişdir. Apellyasiya şikayətinin geri qaytarılması barədə qərardadı 17 aprel 2025-ci il tarixdə əldə etmiş, növbəti şikayəti 1 ay 12 gün sonra təqdim etmişdir. İkinci apellyasiya şikayətinin geri qaytarılması barədə qərardadı xx.xx.2025-ci il tarixdə əldə etmiş, bundan 1 ay 20 gün sonra, xx.xx.2025-ci il tarixdə üçüncü dəfə apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmişdir. Göstərilən müddət pozuntularının yaxın qohumun vəfat etməsi, “Elektron məhkəmə” informasiya sistemində və ya elektron imzada baş verən texniki problemlərlə izah edilməsi mümkün deyildir. Apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə Cavabdeh MMC tərəfindən verilmiş ərizəni təmin etməməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Şikayət əsassızdır və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Hazırkı qərardad Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 400 və 402.2-ci maddələrinə uyğun olaraq kassasiya şikayəti verilə bilən qərardadlar sırasına aid olmadığından bu qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh MMC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 5 avqust 2025-ci il tarixli e-2-2(113)-723/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar